
Nilufər Gül. İsmayılın böyük istəyi (hekayə)
- 17.01.2020
- 0 Şərh
- 2977 Baxış
...Ucqar dağ kəndlərinin birində İsmayıl
adında bir uşaq yaşayırdı. Onun 10 yaşı
olsa da, bu vaxta qədər məktəbə getməmiş və oxuyub-yazma öyrənə bilməmişdi.
Çünki, atası Məmməd kişi odunçuluqla məşğul olur və ailəsini güclə dolandırırdı.
O, hər gün səhər tezdən meşəyə gedər, qurumuş ağaclardan iki şələ odun düzəldər
və şəhərə gedərək, onları satardı. Qazandığı qəpik-quruşla isə gündəlik lazım
olan ərzaq alaraq evinə gətirərdi. Beləcə, ailə baş-başa verərək dolanardı.
İsmayıl isə atası getdikdən sonra keçiləri
qarşısına qataraq meşə kənarına aparar və orada günortaya qədər otarardı.
Günorta isə onları evə gətirər, həyət-bacanı təmizləməkdə anasına kömək edər və
ya atasının kiçik bağda əkdiyi bostan bitkilərinə qulluq edərdi. Ancaq içindəki
oxuyub-yazmaq eşqi heç zaman sönmür, əksinə günü- gündən daha daha da
alovlanırdı. Uzun müddət fikirləşdikdən sonra oxumaq istəyini atası ilə
bölüşdürmək qərarına gəlir, ancaq bu qərarı atasına necə deyəcəyini bilmir. Nəhayət,
günlərin birində qərarını qətiləşdirir və
səbrlə atası ilə aparacağı söhbət üçün məqam gözləməyə başlayır.
Aradan bir neçə gün keçir. Günorta vaxtıdır. Məmməd
kişi bazardan çox yorğun qayıdıb. O, evinin qarşısında qoyulmuş köhnə masanın
arxasında əyləşərək çay içir. Həyat yoldaşı Səkinə arvad isə həyəti silib-təmizləməklə
məşğuldur. Bu vaxt həyətin qapısı açılır və keçilər içəri girirlər. Onların
ardınca isə İsmayıl həyətə daxil olur. Əvvəlcə heyvanları pəyəyə salır, evin
yanından axan arxdan əl-üzünü yuyur və dəsmalla qurulanaraq masanın arxasında
oturur. Masanın üstünə qoyulmuş çörəkdən bir tikə kəsib yeməyə başlayır. Bir
anlıq gözünü uzağa zilləyir və dərin düşüncələrə dalır. Atası onun qaşlarını
çatdığını görüb əlindəki stəkanı masaya qoyur, diqqətlə onun üzünə baxır və sağ
əlini onun çiyninə qoyur. İsmayıl diksinən kimi olur. Atası maraqla soruşur:
- Oğlum, de görək, nə baş verib? Nə haqda düşünürsən?
- Ata, yeni bir qərar qəbul etmişəm. – deyə İsmayıl
cavab verir: - Ancaq bunu sənə deyəcəyimi bilmirəm.
- Sən hələ qərarını mənə de görək?
- Ata, mən kənddən getmək istəyirəm. – deyə oğlu qəfildən
deyir.
Məmməd kişi bu qəfil sözdən təccüblənir:
- Niyə? Hara getmək istəyirsən? – deyə soruşur.
- Ata, mən də
digər həmyaşıdlarım kimi təhsil almaq istəyirəm. – İsmayıl bu dəfə qətiyyətlə
cavab verir: - Ancaq bizim kənddə məktəb olmadığı üçün şəhərə getmək və orada
oxumaq fikrindəyəm.
Bu zaman Səkinə xala oğlunun son sözlərini eşidir.
Süpürgəni yerə qoyub onlara yaxınlaşır və üzünü oğluna tutub soruşur:
- Oğlum, de görək, sənə nə olub? Niyə kənddən getmək
istəyirsən?
Heç nə olmayıb! – deyə İsmayıl cavab verir: - Sadəcə
oxumaq istəyirəm.
Məmməd kişi oğlunun sözlərin əsəbiləşsə də, heç nə
demir və bir anlıq susur. Səkinə xala diqqətlə ərinin üzünə baxır. Kişi handan-hana
dillənir:
- Yaxşı, ay oğul! Sən indi get dincəl. Sabah səhər
danışarıq.
İsmayıl heç nə demir və ayağa qalxaraq masadan
ayrılır. Ayaqqabısını çıxararaq evə keçir. Məmməd kişi isə stuldan qalxaraq
bostana tərəf gedir. Bütün günü orada işləyir.
...Səhər açılır. Stol süfrəsi arxasında Məmməd kişi
yoldaşından soruşur:
- De görək, biz bu uşaqla nə edək?
Səkinə xala bir qədər fikirləşdikdən sonra cavab verir:
- Düşünürəm ki, oğlumuz haqlıdır. Onun bütün
yaşıdları oxuyur. Gəl, qəlbini qırmayaq, o da gedib oxusun. Bəlkə gələcəkdə bizə
də xeyri dəyər.
- Əslində, haqlısan! – deyə kişi onun sözünü təsdiq
edir: - Oğlumuz oxusa, yaxşıdır. Ən azından bizim kimi bisavad və cahil
olmayacaq. Sən get uşağı çağır, onunla bir də söhbət edək.
Səkinə xala oğlunun otağına keçir. İsmayıl onu
görüb, yatağından qalxır. Anası yanında əyləşir və əlini onun əlinin üstünə
qoyaraq deyir:
- Oğlum, atanla sənin qərarın barəsində söhbət
etdik. İndi isə səni çağırır. Sənə deyiləsi sözü var.
- Yaxşı, ay ana! – deyə oğlu cavab verir: - Sən
get, mən də indi gəlirəm.
Anası otaqdan çıxır. İsmayıl yataqdan qalxır və əynini
geyinir, sonra böyük otağa keçir. Atası boş stulu yanına çəkir və üzünü oğlumu
tutaraq deyir:
- Gəl, ay oğul, yanımda əyləş. Sənin ətraflı söhbət
etmək istəyirəm.
Oğlu keçib yanında əyləşir və maraqla üzünə baxır.
Atası yenidən dillənir:
- Bayaqdan ananla sənin qərarın barədə danışırıq.
İkimizdə sənin fikrinlə razıyıq. Ancaq bizim də şərtimiz var.
İsmayıl təəccüblə soruşur:
- Nə şərtdir elə, ay ata?
- Birinci şərtimiz odur ki, sən heç hara getməyəsən
və əvvəlcə kəndimizdəki Mirzə dayının yanında yazıb - oxumaq öyrənəsən. İkincisi, mənə meşəyə getməkdə,
odun yığıb bazarda satmaqda mənə kömək
edəcəksən. Bu gündən sənə kitab, qələm, dəftər və normal əyin-baş lazımdır.
Gündüz mənə kömək edəcək, axşam isə Mirzə dayının dayının yanına gedəcəksən.
Üçüncüsü, tam yazıb-oxumaq öyrənəndən
sonra, sənin hara gedəcəyin və oxuyacağın barədə birlikdə qərar qəbul edəcəyik.
Son şərtimiz isə odur ki, şəhərlərin birində oxuyub yüksək təhsil aldıqdan
sonra kəndə, yanımıza qayıdacaqsan, burada məktəb açıb, kəndimizin uşaqlarına və
gənclərinə də təhsil verəcəksən. Çünki, kəndimizin savadlı gənclərə ehtiyacı
var. Razısanmı?
Atasının sözlərindən sevinən İsmayıl tez cavab verir:
- Hə, ata, razıyam! Sən nə desən, o da olacaq.
Məmməd kişi ayağa qalxır və oğlunun alnından öpür.
Sonra əlini onun çiyninə qoyaraq deyir:
- Elə isə, dur mənimlə meşəyə gedək. Birlikdə çoxlu
odun yığaq və bazara gedib onları sataq.
...Həmin gündən etibarən İsmayıl səhər tezdən
günortaya qədər atasına odunları satmaqda kömək edir, axşamlar isə Mirzə
dayının yanın gedərək yazıb-oxumaq öyrənirdi. O, bütün diqqətini dərslərinə yönəltdi
və hər gün yüksək nəticələr əldə edirdi. Bir neçə ildən sonra isə böyük şəhərə
gedərək imtahan verdi və əldə etdiyi yüksək nəticə ilə istədiyi universitetə qəbul
oldu. Ancaq heç bir vaxt atasının şərtlərini unutmadı.
Zaman keçdi. İsmayıl universiteti uğurla bitirdi və
kəndə qayıtdı. Burada məktəb açaraq uşaqları və gəncləri oxumağa cəlb etdi.