Niyazi Mehdi. İslamla ilgili yeni düşüncələrdən

Niyazi Mehdi. İslamla ilgili yeni düşüncələrdən

Müsəlman olan kəs nədən din azadlığının tərəfində dura bilər?

Fərabidə, Nəsirəddin Tusidə belə bir ideya var ki, gəlişmiş dinləri «gerçək-yalan», «üstün-aşağı» kateqoriyalarında bölmək yaxşı deyil və güman ki, Allah-tala onları özünə doğru müxtəlif yollar kimi qoyub. Daha sonra onlar artırırdılar ki, Tanrı hər xalqa bu xalqın ruhuna uyğun yolu vermişdir.

Boğazı daralmış çay daralmaqdan fışqırtı gücü qazanır. Bu, şiddətin gücüdür. Ancaq millət azman genişliyə yayılmış çay kimi də güclü ola bilər. Biz millət gücünü genişlik planında anlamaq istəyirik. Dini azadlıq və dini tolerantlıq millətin dini mədəniyyətdə genişliyidir. Bunun tərsi olan şiddətdir ki, İraqda, Pakistanda müsəlmanların bir-birini qırmasına gətirib çıxarır. Başqa dinlərə dözüm və sayğı, yəni din azadlığı belə şeylərə yol vermir və öyünməliyik ki, Azərbaycan tarixində belənçi dözüm və sayğı heç də az olmayıb.

İndi biz Fərabi və Tusinin dediklərini bəyənəndə sual çıxır, dini müxtəlifliyin səbəbi (və ya məqsədi) nədir? Bir cavabı Fərabigil veriblər. Tanrının Özünə doğru hər ulusda bu ulusun mentalitetinə uyğun yol qoymasından müxtəliflik alınıb. O biri cavabı isə mən belə verərdim: Allah hər dində insana başqalarında olanlarla yanaşı başqalarında olmayan özəl mənəvi öhdəliklər, vəzifələr qoyur və sonra da bütün bunların öhdəsindən gəlmək yollarını əta edir. Deməli, hər gəlişmiş dininin dünya üçün önəmi başqa dinlərin qoymadığı mənəvi vəzifələri qoymaq və həmin vəzifələri yerinə yetirmək yollarını açmaqdır. Belədirsə, gərək öz dinimizlə bağlı özəllik suallarını verib sonra da cavablar tapaq.



İslama yönəlik suallardan


Beləliklə, nədir Allahın İslam vasitəsi ilə bizə qoyduğu vəzifələr və nədir Allahın İslam vasitəsi ilə həmin vəzifələrin öhdəsindən gəlmək üçün verdiyi yol (və ya yollar)?

Yazıqlar olsun ki, bu sorunun cavabı baxımından müsəlman intellektuallarının tapdıqlarının çoxu az heyran edir.  Görünüşcə İslamın başqalarından fərqi aydın bilinir. Donuz əti yeməməkdə, oğlan uşaqlarını sünnət etməkdə yəhudilərlə fərqimiz az olsa da xristianlarla böyükdür. Necə oruc tutmağımıza, necə yas keçirməyimizə, necə zəkat verməyimizə görə isə hamıdan fərqlənirik. Di gəl ki, bu fərqlərin çoxu formal yasaqlara oxşayır, mənəviyyat qatına çıxmır. Ona görə də İslamla bağlı düşüncəmizin böyük çatışmazlığı «bizim dinimizin mənəvi unikallığı nədədir?» sorusu ilə bağlı tapılanların çoxunun maraqsız olmasıdır. Halbuki bu yönümdə nə qədər maraqlı, ilginc cavab tapsaq, o qədər çox İslamın genişliyinə çıxarıq və ona görə də İslama qayıtmamız genişliyə çıxmağa bərabər olar. Bu yöndə balaca bir cəhd edək.



Dinlərdə tanrı ilə olmaq problemi



Hər bir dində böyük önəm verilən məsələ budur: necə etməli ki, insana Tanrı ilə olmaq dünya ilə olmaqdan maraqlı olsun? İnsanların çoxunun ibadətdə hövsələsizliyi, Allahı zikr etmək, yadında saxlamaq, Onu düşünmək məsələsində psixoloji problemləri yaman çoxdur. Allah-tala sanki özü elə yapıb ki, insan psixolojisi onu Allahdan itməyə, itilməyə itələyir və bəlkə də ona görə əski türklər ibadətə «tapınmaq» deyirdilər. Yəni əsl ibadətdə insan itirilmişlikdən Tanrı üçün tapılmağa qayıdır.

İnsanın Allahdan uzaq düşməsinin bir səbəbi də dünyanın ona daha rəngarəng, maraqlı görünməsidir. Bax, bu duruma görə də ortaya MƏNƏVİ vəzifə çıxır: necə etməli ki, insana Tanrı dünyadan daha maraqlı olsun? Hinduizm, Xristianlıq və Buddizm bu problemi çözmək üçün Dünyanı dadsızlaşdıran, maraqsızlaşdıran dürlü zahidlik yolları, dürlü psixoloji treninqlər ixtira etmişdilər ki, insana bu qədər ləzzətli dünyadan qopmaq asan olsun. Məhəmməd peyğəmbər isə soruşulanda demişdi ki, İslamda zahidlik yoxdur. Peyğəmbərlə bağlı başqa bir hədis də məşhurdur: mənə bu dünyada üç şeydən ləzzət verilib, qadından, gözəl ətirlərdən və…namazdan.

İslam dünyasının bütün tarixi göstərir ki, dinimiz gözəl dadlı, gözəl qoxulu yeməkləri, ətirli məişətləri, qadın gözəlliklərindən həzzi hətta möminliyə də yasaqlamamış, bəsləyib gəlişdirmişdir (Ortaçağ Avropasının gözəl yaşamağı müsəlmanlardan öyrənməsi bəlli faktdır). Bütün yerdə qalan dinlər insana mənəvi öhdəlik qoyanda bu dünyadan üz döndərməyə və onun üçün də bu dünyanın olmasına yol verməməyə çağırmışdır. İslam isə mömini elə bir yaşayış rejimində sınağa çəkir ki, orada gözəl dünyaya yasaq yoxdur və insana buyurulur ki, bax, belə bir dünyada yaşaya-yaşaya sən elə olmalısan ki, Allahla olmaq həmin dünya ilə olmaqdan sənə maraqlı olsun. İslamın bir mənəvi özəlliyi, məncə budur. Ancaq maraqlıdır ki, çağdaş Batı (Qərb) sanki İslam mədəniyyəti yolunu seçərək bolluq, rəngarənglik dünyasını yaratdı. Müsəlman ölkələrindən bəziləri isə əyləncəli, rəngarəng dünyaya yasaq qoymaqla özləri də bilmədən Ortaçağ xristianlığının yolunu tutdular. Əslində biz deyə bilmərik ki, İslamın qoyduğu mənəvi vəzifənin öhdəsindən müsəlmanların çoxu uğurla və tez-tez gəlir. Çünki Allahın naminə əyləncəli, bolluqla dolu yaşamda ola-ola belə dünyadan güclü olmaq çox çətin məsələdir. Ancaq möminliyin həmişə müxtəlif çətinlikləri olur.



Dinimizdə necəliyimiz məsələsinə



Çağımızda İslamla bağlı doqmatik olmayan düşüncələri söyləməyə gərək var. Doqmatizm hansısa düşüncə başlanğıclarını aksioma kimi danılmaz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə ilgili bütün doğruların yalnız onların üstündə durmasına inanmaqdır. Doqmatizm çox pis xəstəlikdir. Teksti doqmatizm üstündə qurmaq rahatdır, ona görə də hamıya yoluxur, indi qorxuram mənə də yoluxsun.

Bir görüşdə məndən soruşuldu ki, insanlar nədən falçılara üz tuturlar? Cavabında Şopenhauerin yaşamla, həyatla bağlı düşüncəsini söylədim: Həyat anın qırnığı içində durub. Biz isə çox vaxt həyat deyəndə nəsə lent kimi uzanan prosesi görürük. Halbuki Avqustin adi bir nəsnəni açıb ağartmışdı: gələcək hələ yoxdur, keçmiş, artıq, yoxdur. İndi isə bır qırnıq andır ki, gələn kimi də gedir. Şopenhauerin dediyi yaşam, həyat, bax, bu anın üstündə «barmaq ucunda» durmaq kimidir. Verilişdə mənim əlavəm: bu yoxluqdan gəlib hər an yoxluğa axan həyata görün nə qədər viruslar, nə qədər mikroblar, kiflər, xəstəliklər, gözlənməz qəzalar, təhlükələr qənim kəsilib?! Onun üçün də həyatın efemerliyinə, kövrəkliyinə dözməyən insanların nəsə söykənc qazanmaq üçün falçıya üz tutması anlaşılandır.

Dalınca sual gəldi: fal və cadu fırıldaqdır, yoxsa gerçək əsası var?


Fal və caduya inamın paradoksları


Suala doqmatik cavabın guya elmi və guya dini variantları var. Dini cavab söyləyir ki, İslamda (və Xristianlıqda da elədir) qara magiya pislənir, şeytan əməli sayılır.

Mən isə söylədim ki, elə məsələlər var ki, onların rasional, ağıla söykənən doğru cavabı yoxdur. Fal, cadu, pirlərin, qutsal qayaların möcüzəli təsiri də o cürdür. Onları elmi anlamaq mümkün olmadığı üçün «doğru/yalan» kateqoriyasında düşünmək də mümkün deyil. Elə buna görə də o sahədə çoxlu fırıldaqçılar var, ancaq Nostradamus və Vanqa da var.

Düzdür, sonra doqmatik olmamaq üçün mən söylədim ki, ancaq falı düşüncə qaydalarında müdafiə edənlər belə bir suala cavabı tapmalıdırlar, onu mən tapa bilmirəm. Fal, öncəgörüm faktı ona söykənir ki, gələcəkdə olanların ssenarisi, proyekti, planı var və orada, tutalım, yazılıb ki, filankəs filan yerdə qəzaya düşməlidir, bunun üstündə ailəsi başsız qalmalıdır, başsız qaldığı üçün də kimsə onları aldadıb evlərini ələ keçirməlidir və daha sonra məhz buna görə el içində biabır olmalıdır. Anlayışına görə falçılıq Tanrının (ya hansısa Uca varlığın) bu ssenarisindən xəbər tutmaqdır, ona görə də öncədən bilməkdir. Belə ssenari olmasa olacağı haradan «oxumaq» olar?! Ancaq əgər falçı adamı xəbərdar edirsə, o, qəzadan yayınır, bununla da filankəsin el içində biabır olması ssenarisi dağılır. Deməli, Tanrı həməncə elə «dönüş» etməlidir ki, o filankəs başqa ssenari zənciri ilə biabır olsun. Ancaq dünyanın, axı, min yerində falçılar xəbərdarlıq edirlər (yəqin Onun razılığı ilə) və Tanrı hər an öz ssenarisinə düzəlişlər etməli olur. Hər nöqtəsində min cür redaktəyə məruz qalan isə, artıq, ssenari deyil. Belə isə ssenari yoxdur, yoxdursa, falçılığın da öncəgörüm əsası yoxdur.


Duanın paradoksu

Oxşar olaraq, biz dua edib Allahdan nəyisə istəyəndə ümid edirik ki, O öz ssenarisini dəyişib bizə planlaşdırmadığı yaxşılığı edəcək. Ancaq dünyada görün nə qədər Allaha yalvaran var və onların hansı kəsiminə isə Allah rəhm edir. Edirsə, deməli, yenə planlarını hər an dəyişməli olur. Bu necə palandır ki, hər nöqtəsində düzəlişlər edilir?! Əgər bu söylədiyim doğrudursa, o zaman necə Allaha yalvarıb Ondan nəsə istəmək olar?! Bax, mənim bilmədiyim bunlardır, ancaq bu bilmədiklərimə görə doqmatizmə yol verib falı, duanı şübhə altına almıram. Hərçənd hansı falçısa məndə gülüş doğura bilər.

Dini doqmatik düşünənlərə və bundan çıxış edərək başqalarına İslama xəyanət etmiş və ya kafir kimi baxanlara belənçi hallar ibrətdir: heç vaxt səndəki inamı, İslama sevgini «yalnız mən düzəm» düşüncəsi ilə bağlama. Başqalarının ibadət və ya ateist işinə qarışma. Sevgin varsa, bu sevginin xoşbəxtliyində bulunmaqla yetərlən. Hər sahədə olduğu kimi İslamda da doqma, ideya monopoliyası qorxuludur. Monopoliyanın tərsi plyuralizm, çoxculluqdur. Ona görə də mən İslamda nə qədər çox qruplaşmalar, təriqətlər olursa, bunu o qədər yaxşı sayıram. Təki hamısı «yalnız mən düzəm» xəstəliyinə tutulmasın, tutulub qan tökməsin. Hər dini dəstənin iki məsələyə ixtiyarı olmalıdır, birincisi özünü çəkimli edib yeni üzvləri toplamağa, ikincisi, başqa dəstələrdə və özündə təhlükələr görəndə, xəbərdarlıq etməyə, özünü sağaltmağa.

Kultaz.com