Nizami Bayramlı - "Tolerant xatirələr" (esse)
Esse
- 11.01.2021
- 0 Şərh
- 13468 Baxış
Ya var idi, ya yox idi. Yoxu niyə deyirik? Deməyək? Yoxluğu demək mənasızlıqdır? Yaxşı, yoxluğu mənasızlıq adlandırırıqsa, bəs bu dünyada olmayan yaxınların haqqında danışmaq da mənasızlıqdır? Axı onlar da yoxluqdur. Bax buna deyirlər xatirələrin tolerantlığı, Vaqif Səmədoğlu demiş "Yaddaşın kişiliyi". Nə bilim, buna başqa nə ad vermək olar? Məncə də yaxşıdır. Yox, yaxşıdır deyib keçmək daha yaxşıdır. Sənə kimlərdən danışım? İçimdəki səsi hansı dildə tərcümə edim? Bəlkə bir xatirəmi danışım? Danışım? Gözlə, yaxşı, kimə danışım? Niyə danışım? Nə vaxt danışım? Mənim danışdıqlarım boşboğazlıqdır? Mən nə qədər sual verirəm axı? Bu da sual kimi çıxdı? Bu da? Eh... Noldu e, mən də ancaq sual verirəm. Belə et, gör nə deyirəm, xatirələrindən birini danış, danış...Danış...Çəkinmə, niyə utanırsan? Hə, fon musiqi lazımdır? Ağlayacam da, bundan gözəl fon musiqi? Danışırsan, yoxsa suallara başlayım? Niyə susursan? Yadda qalan xatirələrindən biri yoxdur? Uşaqlığında atan evə gələndə anana əsəbləşmədi?, serialın maraqlı məqamında işıq sönmədi?, təndirdə çörək bişəndə ana mənə kökə düzəltməyi unutma demədin? Sizin kənddə hər şey ispansayağıdır? Başla da...
Görürəm danışmaq istəmirsən, mən danışaram. Bizim bir qonşumuz var idi. Bilirəm indi deyəcəksən ki, sizin cəmi bir qonşunuz var idi? Yox, üç qonşumuz var idi. Amma əhvalat danışıram da, qulaq as da. Guya indi bu zarafat edir də. Bəlkə də heç deməyəcəkdin e, mən niyə belə aqressivəm axı. Keçirəm əsas məsələyə. Adı Allahyar idi. Allahyar kişi. Hə... Allahın yarı idi. Niyə belə şeyləri fikirləşirsən ki, ağlında? Çox aqressivəm hə? Ya da danışmayım e, qadası. Bayaq başlayanda yoxluğun məsənasız olduğunu dedik hə? Bir də bir söz soruşum, sən bilməmiş olmazsan, mən bayaqdan kimlə danışıram?