Orxan Saffari. "Anar Baba"ya məktub
Köşə
- 14.09.2020
- 0 Şərh
- 15043 Baxış
Salam, əziz Anar baba.
Özüm bu məktubu "baba" müraciəti edərək yazıram ki, bir az səmimi olsun, sizə sən deyə bilim. Pis başa düşmə, tərbiyəsizlik etmirəm, sadəcə, səmimi olsun deyə. Həm də, sənə müəllim demək istəmirəm. Heç, bəy də demək istəmirəm. Ümumiyyətlə, baba da demək istəmirəm. Amma çarəsizəm. Məni bu duruma isə sənin ictimai kimliyin çatdırdı. Yazacaqlarımı siz ilə yazsam, yaxşı görsənməyəcək. Ona görə də, baba, mən bu məktubda xəbərdarlıq edib sən deyirəm ki, sonra düşünməyəsən, bəs, bu nə tərbiyəsizlikdir, dünənki uşaq mənə sən deyir? Bilirəm, ağsaqqal ədan artıq belə şeyləri götürmür.
Əgər əsəbiləşsəm, "o gözəl Allah sən, bəndəsinə sizmi deyim?" mənasız ifadəni də deyəcəm. Allah göstərməsin, yaman "nervinni" oğlanam.
*
Anar baba, mənə elə gəlir, daha doğrusu, artıq hamıya elə gəlir ki, sən çıxıb getməlisən. Sən o binanı 33 illik bir xatirə kimi sadəcə tərk eləməlisən. Tərk də yox, tərki-silah. Daha bəsdir, o bina səndən bezdi, ordakılar səndən bezdi, sən isə heç nədən bezmədin. Ümumiyyətlə, bəri-başdan onu da deyim ki, bu bina olmasa da olar. Yəni, olmağı da heç nəyi dəyişmir, mahiyyəti yoxdur. Bircə oradan çörək qazanan dostlara görə istəmirəm ki, ləğv olunsun. Görürsən, baba, necə də ürəyi yuxa oğlanam. Amma yenə də var deyə, tutmuşam elə həmin bu var tərəfindən. Varlıq və yoxluq, boşluq və heçlik fəlsəfəsinə keçməmiş, keçim sözümü deyim.
Bax, əziz baba, ad çəkməyəcəm, amma sənə yaxın adamlar da artıq səni söyürlər. Artıq deyəndə çoxdan söyürlər. Əvvəl 3-5 nəfərin yanında, indi isə hamının. Çünki, daha səndən qorxmurlar, əziz diktator baba. Mən bilirəm, eşitmişəm də, görmüşəm də-sən çox adama yaxşılıq etmisən, çoxuna kömək durmusan, amma vallah, bunların heç biri səmimi deyil. Sən özün də bilirsən ki, səmimi deyil. Səni inandırım ki, o yaltaqların da, kömək etdiklərin də səndən bezib. Sənə möhtac olduqları üçün dillənə bilmirlər. Birinin kitabına kömək edirsən, birinin özünə pul verirsən, hərə bir cür asılıdır səndən, babacan. Sən elə bilirsən ki, öləndən sonra hörmətin qalacaq ? Heç vaxt, baba, heç vaxt. Get. Xahiş edirəm, bir nəvən olaraq xahiş edirəm ki, get. O binada repressiyaya gedənlərin ruhuna and olsun, Natəvan klubunun o bürkü havası haqqı get, bezmişik.
İndi deyə bilərsən ki, sənə nə olub? Nə alıb verəcəyin var, pisliyim keçməyib, işin məndən keçməyib, məndən niyə bezmisən? Deyim də, baba. Mən artıq bu görüntüdən bezmişəm. Sənin adının orada hallanmağından, sədr olmağından, ədəbiyyatın başında durmağıdan bezmişəm. Sevmək üçün bəhanəm yoxdur e, baba, amma nifrət etməyə o qədər var ki.
Məsələn, indi durub desələr, Anar nə edir ki, belə deyirsiz?- əlli səbəb gətirmək olar. Şər də atmaq olar. Ümumiyyətlə, nə desələr sənin üstünə qutu kimi yapışır. Bu gün Azərbaycan ədəbiyyatının monopoliyası sənin əlindədir. Səni ordan xeyir görənlər də istəmir, görməyənlər də. Şəxsən mən əlimi hər şeydən üzmüşəm. Səndən də heç bir istəyim yoxdur. Nə yazıçı kimi, nə də "nəvə" kimi. Çünki, səndən bezmişəm. Bu görüntüdən bezmişəm. Mən özüm də bir az dəyişkən adamam, baba. Nə bir yerdə çox dura bilirəm, nə də bir adamı bir yerdə çox görmək istəyirəm. Xahiş edirəm, məni də başa düş, nə olar, mənim xətrimə get.
Anar baba, bir dəfə gənclərin görüşü idi. Sən də orada idin. Dedilər, durun şeir deyin. Nə qədər cavan uşaq durdu, şeir dedi, sən də fikir bildirdin. Mənə baxdılar. Təbii ki, durmadım. Məni bağışla, baba, mən bir az xeyirsiz nəvəyəm. Odur, səninki elə dövlətdə dəvə olsun. Nəysə. Mən sənin qarşında şeir deməyə utandım. Ar bildim üzümə. Məndən başqa bir neçə nəfər də.
Baba, həqiqətən bu qoca yaşında bu məsələlər səni narahat eləmir? Heçmi ətrafı, xalqı, sənə olan münasibəti düşünmürsən? Düşünmürsən ki, bunların hamısı saxtadır? Seyid Lazım ağa babamın cəddinə and olsun ki, mən bunları düşünəndə sənin yerinə pis oluram. Sən isə 33 illik diktofəaliyyətində qətiyyən narahat olmamısan. Yedin, taladın, içdin, öldün, bitdimi? O şeir deyənlərdən də sonra söyən oldu səni. Bilirsən niyə? Onlar da əlacsızdı. Bu cür təsəlli tapırlar. Özünüzdən asılı hala saldığınız hər kəs sizdən nifrət edir. İçində. Gizli şəkildə. Görəsən, həqiqətənmi bunları bilmirsən, baba? Axı, sən ağıllı adamsan, sən illərin Anarısan. Vallah, tam səmimi deyirəm. Sən çox böyük adamsan, ciddi adamsan. Amma təyinatı üzrə yox. Kaşki, bu xalqın yazıçısı ola biləydin. O rəsmi adla xalqın sevgisini heç vaxt qazana bilməyəcəksən.
Baba, heç olmasa, indi get. Get ki, bir-iki nəfər səmimi yaltaqlar öləndən sonra da səni xatırlasın, onsuz da qurban olum, məni bağışla, baba, goruna söyəcəklər. Çünki, artıq heç kimə lazım olmayacaqsan. Səndən ala biləcəkləri heç nə olmayacaq.
Mən artıq AYB deyəndə ağlıma
A-narın
Y-azıçılar
B-irliyi gəlir.
Ona görə də get. Uzaqdan baxanda yaxşı yazıçıya oxşayırsan. Xahiş edirəm, uzaq dur. Düzdü, indən belə heç nəyin faydası olmayacaq. Amma yenə də get. Bunları da sənə heç kim deməyəcək. Mənəm o səy nəvə. Amma ədəbi əcdadlarımın ruhuna and olsun ki, sənə olan hər şey saxtadır. Məndən demək. Arada uşaqlarında sözünə qulaq asmaq lazımdır.
İmza: Səni çox sevməyən nəvən.