"Qara balığın nağılı" tamaşası təqdim olunub

Koronavirus pandemiyasının yayılmasına rəğmən yaradıcılıq planlarını təxirə salmayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti tamaşasını hazırlayıb.

 

Belə ki, aylar öncə məşqlərinə başlanılan "Qara balığın nağılı” teatrın bədii şurası tərəfindən qəbul edilərək cari repertuara daxil edilib.

 

Teatrın mətbuat xidmətindən verilən məlumata görə məşhur nasir-publisist, İran uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Səməd Behrənginin "Balaca qara balıq” mənzum nağılı əsasında hazırlanan bu  fərqli səhnə yozumlu tamaşa yeni teatr mövsümündə  teatrsevərlərin ixtiyarına veriləcək.

 

Əsərin quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyev, səhnələşdirəni Həmidə Rüstəmova olan musiqi tərtibatlı uşaq tamaşası üç aktyorun canlı plan və kukla oyunu toplusudur.

 

Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandırdıqları obrazlar (8-i kukla olmaqla) vasitəsilə uşaqlar dərin mənalar ehtiva edən səhnə əsərinin tamamlanmış vizual həllini görəcəklər. Çoxfunksiyalı kuklalar, plastik həll və  harmoniyalı oyun sayəsində dolğun səhnə nümunəsi ərsəyə gətirən Namiq Ağayev fərqli kukla texnikalarına müraciət edib.

 

O, bu yeni səhnələşdirmə vasitəsilə tamaşaçılara əzmkarlıq, cəsarət, mübarizlik və ən əsası nikbinlik aşılamaqla bütün savaşların sonundakı mütləq qələbəni göstərməyə çalışıb.

 

Beləcə bir çoxumuzun arzularında gizlənən azadlıq, hür yaşamaq istəyini "Qara balığın nağılı”nın timsalında həll edən peşəkar kuklaçı rejissor əsər müəllifinin əsas ideyasını saxlamaqla uşaqlar və böyüklər üçün maraqlı, yaddaqalan səhnə işi hazırlayıb.

 

Qeyd edək ki, tamaşanın istər məşq, istərsə də qəbulu prosesi sosial izolyasiya qaydalarına əməl olunaraq aparılıb.