Qəşəm Nəcəfzadə.  “PƏRVANƏ” HAQQINDA QISA TARİX

Qəşəm Nəcəfzadə. “PƏRVANƏ” HAQQINDA QISA TARİX

Ədəbi dərnəklər, məclislər bütün zamanlarda ədəbiyyatın inkişafına təkan verib. Bakıda, Şamaxıda, Şuşada, Gəncədə və başqa bölgələrdə yaradılan poetik məclislər şairləri həmişə yeni poetik ovqata kökləyib, onları dünya şeirindən və  elmindən halı eləyib.Bir közərən siqarətdən başqa bir siqareti yandırmaq mümkün olduğu kimi bir şairin istedadı, şeirinin havası başqa bir şairin ilhamını daha da genişləndirib, onun daha yüksəklərə və dərinliklə işləməsi üçün ona orjinal stimullar verib. Belə məçlislərdən  biri, 2010-cu ilin may ayında 91 yaşı tamam olan "Pərvanə”ədəbi məçlisi haqqında "tarix” yazmağımı nədənsə birdən-birə vacib bildim və bu faktların həm  gələcək nəsillər üçün, həm də ədəbiyyatımız üçün önəmli olduğunu düşündüm.

M.Ə. Sabir adına Mərkəzi Şəhər Kitabxanasının pilləkənləri çox sərtdi. Aşıq  söyləmiş "gələnlər yüngül gəlib ağır gedib bu yerdən”. Bəlkə də bu pilləkənlər addım səslərini yazan diktafondu, bəlkə də daş kitabədi. Oxumaq, dinləmək istəyirəm  bura yazılan addım səslərini.

1919-cu ildə  M.S.Sabirin adının əbədiləşdirilməsi haqqında  Bakıda bir neçə tədbir həyata keçirilir, şairə heykəl qoyulur, adına pedoqoji texnikum və kitabxana yaradılır.  Bu kitabxana mədəniyyət mərkəzi kimi milli məfkurəli azərbaycanlı ziyalıları öz ətrafında sıx birləşdirir. Həmin ildə böyük demokrat yazıçı Cəfər Cəbbarlının təşəbbüsü ilə kitabxanın nəzdində "Pərvanə” ədəbiyyat  məçlisi yaradıldı. Cəfər Cəbbarlı hər şeydən əvvəl türkçülük və turançılıq ideyalarına söykənən və oradan boy atan bir sənətkar idi. Ədəbi məçlis yarandığı gündən öz ətrafına çöxlu sayda yaradıcı simalar topladı. M. S. Ordubadi, H. Cavid kimi tanınmış sənətkarlar vaxtaşırı  bura gəlir, ədəbi müzakirələrdə tez-tez iştirak edirdilər. Həm "Pərvanə”, həm də kitabxana o vaxtlar milli qəhrəman kimi qırmızı Rusiyanın "adam yeyən” maşınına qarşı daim döyüşmüş, sonralar "Yaşıl qələm”lə (Əhməd Cavad) əl-ələ vermiş, "Qızıl qələm”lə üz-üzə dayanmış, dəfələrlə 37-ci il represiyasının nişangahına gətirilmiş, ona atılan güllələr divarından kərpiçlər qopartmış, "Pərvanə”nin üzvlərini əksəriyyətini yaşıl yarpaq kimi yerə sərmişdir. Kiçicik bir xatırlama: yaşlı insanlardan eşitdiyimə görə partiya rəhbəri Səmədağa Ağamalıoğlu   30-cu illərin əvvəllərində milli şeirlərinə görə bu məclisdə Almas İldırımı döymüşdür.

M.Ə.Sabir adına kitabxana bu illərdə milli ruhun qorunub saxlanmasında mühüm rol oynayırdı.
Təsadüfü deyil ki,   kitabxananın  yaxınlığında  Lenin kitabxanası yaradılmış, bir növ ona nəzarət, göz qoymaq missiyasını həyata keçirmişdir. Sonralar Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Mikayıl Müşfiq, Abdulla Şaiq, Salman Mümtaz, Mikayıl Rəfili, Cəfər Xandan, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Seyid Hüseyin  və başqa görkəmli ədiblər  "Pərvanə”yə gəlmiş, şeir və hekayələrini oxumuş, buradan böyük sənət yollarına parvazlanmışlar. Adlarını çəkdiyimiz sənətkarların çoxu ayrı-ayrı illərdə bu məçlisə rəhbərlik etmişlər. 30 –cu illərin represiyasından qanadları sınan "Pərvanə” Böyük Vətən Müharibəsi zamanı xeyli zəifləmiş, daha sonralar müharibədən sonrakı quruculuq illərində  Bəxtiyar Vahabzadə, Hüseyn Arif,  Kələntər Kələntərli, Bəkir Nəbiyev, Aqşin Babayev, Fikrət Qoca, Fikrət Sadıq, Hüseyn Abbaszadə, Gülhüseyn Hüseynoğlu, Qabil, Nəbi Xəzri, 60-cı illərdə Əli Kərim, İsa İsmayılzadə, Əkrəm Əylisli, Anar, Ələkbər Salahzadə, 70-ci illərdə, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Səyavuş Sərxanlı, Ramiz Rövşən, 80-ci illərdə Vaqif Bayatlı, Musa Ələkbərli və başqaları həm məclisin  sıravi üzvü kimi, həm də rəhbəri kimi ədəbiyyatımızın, müasir ədəbi prosesin canlanması üçün əllərindən gələni əsirgəmimişlər.

Elə burdaca kiçicik bir qeydi deməyi  vacib  bilirəm. Bu məclisə çoxlu sayda qələm asdamları gəlmiş, amma çoxları onun adının "Pərvanə” olduğunu bilməmişlər.Kimdən soruşsan deyər ki, mən həmin kitabxanada ədəbiyyat dərnəyində olmuşam. Amma adını xatırlamır.

"Pərvanə” 90-ci illərdə Qarabağ hadisələri ilə bağlı  öz fəaliyyətini dayandırır. Oxucularla ünsüyyət azalır. Milli azdlıq ideyaları daha otaqlara sığmır, küçələrdə meydanlarda, trubinlarda səslənir. Milli şüur fiziki hərəkətə keçir. Mili müstəqilliyimizi bərpa etdikdən sonra, acılıramızla bərabər daxili zənginliyə, milli düşüncəyə meyillər get-gedə artır. Qəzetlər siyasi səhifələrini bir az azaldaraq, poeziya səhifələrinə yer ayırır. Yenidən sözə, şairlərlə ünsüyyətə ehtiyac yaranır.

1999-cu ildə biz- mən (Qəşəm Nəcəfzadə), Faiq Balabəyli "Pərvanə”ni yenidən bərpa etmək qərarına gəldik. Ona görə əvvəlcədən 40 il kitabxanada can qoymuş, kitabxananın direktoru böyük şairimiz M.Ə.Sabirin ən yaxın qohumu Solmaz xanımla məsləhətləşdik. Solmaz xanım o qədər sevindi ki, bizdən sevinc yaşlarını belə gizlətmədi.

Solmaz xanım məsləhət bildi ki, məclisə rəhbərliyi mən edim. Get-gedə  məçlis  canlanmağa başlayan bütün ədəbi prosesi öz ətrafında sıx birləşdirdi. O zaman məclisə kimlər gəlirdi? Adlarınını çəkmək məncə yerinə düşər. Çünki  bu, tarixdi. Onların çoxunun adı ədəbi mühütə yaxşı tanışdı. Budur onlar: Böyükxan Pərviz, Əlislam Bilal, Məlahət Yusifqızı, Şərqiyə Süleymanlı, Səxavət Talıblı, Dayandur Sevgin, Sərvaz Hüseynoğlu, Şərif Ağayar, Faiq Balabəyli, Rövşən Naziroğlu, Molla Əbülfəz, Heydərəli Nural, Xanlar Qutqaşınlı, Şahin Fazil, Həkim Qəni (Hərdənbir gəlirdi), Fərqanə Mehdiyeva, Mübariz Məsimoğlu,Eyyub Sabiroğlu, Həyat Şəmi, Rəsmiyyə Sabir, Şəlalə Əbil, Valeh Bahaduroğlu, Nurəddin Nur, Zahir Əzəmət, Aqşin, Samir Sədaqətoğlu, Sadiq Elyar, Xalid Şürük, Aləmzər Sadiqqızı, Zeynəb Bəhmənli, Narıngül, Şəfəq  Sahibli, Xatirə, Ay Nur, Mina Rəşid, Xatirə Əzizqızı, İlham Qəhrəman, Sabir Şirvan, Furidin Şahbuzlu, Məmməd Məcidoğlu, Güləmail, Bənövşə Daşdılı, Əsəd Cahangir, Yafəs Türkəs, Lətifə Nuran, Ənvər Nəzərli (Hərdənbir gəlirdi), Ədalət Əsgəroğlu, Arzu Nehrəmli, Gövhər Məcidqızı, Nemət Pənahlı, Sədaqət Əliqızı, Şəhla Əsgərli, İlqar Fəhmi, Hacı Arif Buzovnalı, Kamil Novruz, Fərhad Zəfər, Sevinc Pərvanə, Aliyə, Günel Mövlud, Fikrət Əsəd, Nəzmiyyə Hicran, Fazulə Yəhya, Səhər Gecəgözlü, Aygün Bünyadzadə, Sevinc Nuruqızı, Sevinc Cılğın, Hikmət Məlikzadə, Qalibə Gültəkin, Səadət Kamilqızı, Səyyaf, Mahir Cürət, Əvəz Qurbanlı, Şəbnəm Rəşaidqızı, Sona Xəyal, Şəlalə Ana, İmarət Cəmilli, Mövlud Mövlud, Vasif Süleyman, 2000-ci illərin sonlarında Balayar Sadiq, Xalid Mahmud, Nuranə Nur, Kəmalə Nəsrin, Reyhan Kənan, Sevinc Arzulu, Mənsurə Qaçayqızı, Dəstəgül Elçin  və bu məclisə tez-tez qonaq gələnlər Paşa Qəlbunur, Fikrət Sadıq, Nəriman Həsənzadə, Musa Ələkbərli, Əjdər Ol, Səlim Babullaoğlu, Tehran Əlişanoğlu (bir dəfə),Aqil Abbas, Kələntər Kələntərli, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Seyran Səxavət, Elza Kərimova, Xanəmir  və başqaları.

İndi bu insanların çoxu ədəbiyyatda öz imzasını təsdiq edib, bir hissəsi təsdiq etməkdədir və bir hissəsi isə artıq  haqq dünyasına qovuşub. XX srdə ədəbiyyata gələnlərin demək olar ki, əksəriyyəti ədəbi mühütlə tanışlığı "Pərvanə” ilə başladı. Mən gənclərin əsərlərinin çap olunması üçün əlimdən gələni əsirgəmirdim. Onların əsərlərini "Azərbaycan”, "Ulduz” jurnallarınada, "Ədəbiyyat” qəzeti”ndə və digər ədəbi-bədii qəzetlərdə  çap etdirir, onların ədəbi orqanların, Gənçlər və İdman Nazirliyinin illik müklafatlarının almalarına kömək edirdim.  O zaman həm dövrü mətbuatda çap olunmaq, həm də bu mükafatları almaq olduqca çətin idi. Tez-tez  Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar müəllimlə pərvanəçilərin görüşü olurdu. Həm bu görüşlərin, həm də mənim səyim nəticəsində  üzvlərimiz Azərbaycan Yazıçılar Birliyinə üzv, ondan sonra da Prezident taqaüdü almaq kimi ən böyük bir şansa nail olurdular. Anar müəllim görüşlərin birində  "Ədəbiyyat qəzeti”nin ayda bir sayını çıxarmağı bizə havalə etdi.  Bu sahədə bizə mane olan ciddi qüvvələr ortaya çıxdı, nəticədə  qəzetin bir səhifəsini çıxarmaq bizə tapşırıldı. Beləliklə, iki ay müddətində 8 səhifə çıxara bildik. Sonra isə "Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı  səhifənin getməsinin qarşısını böyük iradə ilə ala bildi.

Demək olar ki, pərvanəçilər bütün ədəbi mühüti tutmuşdular. Bizə hər cür mane olmaq istəyənlər çox idi. Ədəbi orqanlar şeir götürəndə, xüsusən "Ulduz” (Ə. Salahzadə) müəllifin pərvanəçi olub- olmadığını xüsusilə dəqiqləşdirirdi. Şübhəsiz  pərvanəçi çıxırdı Ən çox mane olanlardan biri Ə.Salahzadə idi. Mən ki, Ə. Salahzadənin 60 –cı illərdə çap olunmuş "Beş yarpaq” kitabını  uşaqlara oxutdurmuşdum. Bu, niyə belə olurdu? Görünür, bəlkə də istedadı Ələkbər özü tapmaq istəyirdi, onun tərcümeyi halına öz adını yazmaq istəyirdi. Bir də mənə elə  gəlirdi  ki, Anar müəllimin bizə olan diqqətini qısqanırdılar.

Kitabxananın direktoru Solmaz xanım  hər şənbə günü saat 14-dən, 17- dək kitabxananın oxu zalını bizə vermişdi. Tədbirdə həm müəlliflərin əsərləri, həm də bütövlükdə müasir ədəbi  proses ciddi təhlil edilirdi.Hər şənbə bir müəllifin günü olurdu, o 15-20 şeir oxumalı, qalanlar isə öz istəklərinə üyğun 4-5 şeir oxuyurdular. Sonra isə ciddi mübahisələr, müzakirələr başlayırdı.

Məclisə o qədər adam gəlirdi ki, heç ayaq üstə dayanmağa belə yer yox idi.

2001-ci ildə  ”Pərvanə” ədəbi  məclisin üzvlərinin yazılarından ibarət 300 səhifədən ibarət bir antologiya çap etdirdik.

Məclisdəki mübahisələr şirin-acılı  bir xatirə kimi indi ürəklərdə yaşayır. Əvvəl gənclərdən məclisə Samir Sədaqətoğlu gəldi, Sonra Zahir Əzəmət, sonra Aqşin Göycə (sonra Aqşin Yenisey oldu). Sevinc Pərvanə, Sevinc Çılğın, Aliyə, Xatirə, Ay Nur, Xalid Şürük, Sadiq Elyar, Mina Rəşid, Şəbnəm Rəçaidqızı, Mövlud və başqa gənçlər gəldi. Bura gələnə kimi bu gənçlər heç bir yerdə çap olunmamışdılar. Onlarin ilk addımları "Pərvanə”dən başladı. Onu da qeyd edim ki, başda Zahir Əzəmət olmaqla bu gənclərin "Pərvanə”nin formalaşmasında xidmətləri böyükdü. Hamımızın zövqündən  formalaşan yüksək bir ədəbi proses vardı. Özümüz yaratdığımıza özümüz çatmaq istəyirdik. Bu proses bizi, bütün ədəbi mühüti idarə eləyirdi. O dövürdə bu çox vacib bir məsələ idi. Ola bilər ki, bu gün bu məsələnin əhəmiyyəti bəzi adamlar tərəfindən düzgün anlaşılmasın. Bilənlər bilir ki, bu, son dərcədə əhəmiyyətli məsələ idi.

Mən  gənçləri ədəbi mühitin adamlarıyla, yaşlı yazıçılarla, hətta bir-biriləri ilə tanış edirdim.
Sonrada mənim bu xeyirxahlığım mənim özümə, pərvanəyə qarşı mənfi bir hiss kimi yönəldi. Yaşıdım olan əleyhdarlarım o gənçlərin bəzilərini mənə qarşı qoydular. Bir məsələni də qeyd edim. Biz bir məçlis olaraq istiqamətimiz, meylimiz Azərbaycan Yazıçılar Birliyi tərəf idi. Bu bir günah kimi (əgər bu günahsa) bizim adımıza yazılırdı. Anarın əleyhinə olanlar bizim, xüsusən də mənim əleyhimə dayanmışdılar. "Pərvanə” mövcud olanda nə Azad Yazarlar Ocağı var idi, nə onun mətbu orqanı oıan "Alatoran”. Bu ocaq sonra yarandı. Hərəkətləri AYB-nin əleyhinə idi. Əslində bu  təkçə ədəbiyyat davası deyil, həm də AYB-dən iş istəmək idi. Mən danmıram (onlardan fərqli olaraq), orada da istedadlı insanlarar az deyildi.

Bu vaxtlar"Pərvanə”nin içində qruplar yaranırdı. Bu yaxşı hal idi. Həmin qruplardan biri Zahirin, Aqşinin yaratdığı "Nəfəs” ədəbi qrupu idi. Sonradan  bu qrup Azad Yazarlar Ocağına meyilləndi. Burda pis bir iş yoxdu. Hər şey böyüyür, dəyişir, inkişaf edir. Bu, olmalıdı. Amma harada olursansa ol, istedadı, ədəbi-bədii faktı danmaq bağışlanmazdı.

"Pərvanə”nin əleyhinə Mədəniyyət Nazirliyinə, xüsəsən də nazirə -Polad Bülbüloğluna məktublar yazırdılar. Guya biz oxucula mane oluruq. Şair –şikayətçilər artıq oxucu cildinə girmişdilər. Guya bunlar şənbə gün saat 14-17 arası kitabxanaya kitab oxumağa gedirlər və görürlər ki, oxu zalında tədbir, yəni məçlis keçirilir, nəticədə kitab oxuya bilmirlər.

Bizi kitabxanadan çıxartdılar. Heç kim bilmirdi bunu. Bir kitabxananın direktoru bilirdi, bir də mən. Bir şey məni çox düşündürdü, niyə bu adamlar həftənin başqa günündə yox (kitabxana bütün günü işləyir) məhz şənbə günündə məhz saat14-17 arası kitab oxumaq istəyirlər. Mən sonralar öyrəndim ki, o məktubu yazanlar "Pərvanə”nin içində olanlardanmış, mənim yaxın "dostlarımmış.”

Anar müəllimdən xahiş etdim ki, məni Polad Bülbüloğlu ilə görüşdürsün. Bir saatdan sonra  Anar müəllim mənə zəng elədi ki, Polad Bülbüloğlu məni qəbul edir və gözləyir. Mən nazurlə görüşdüm, "Pərvanə”nin qısa tarixçəsini ona danışdım. Sevindi. Dedi ki, bizim kitabxanalarda bu çür məclislərin olması işimizin xeyrinədi. Sonra o mənə "Kino” qəzetinin baş redaktorluğunu təklif etdi. (sonralar Şərif Ağayar bu qəzetə baş redaktor oldu). Bacara bilmədiyim şərtlər vardı. Gücüm şatmaz- dedim. Nəticədə  Polad Bülbüloğlu mənim  Nazirliyin mətbu orqanı olan "Mədəniyyət” qəzetinə Məsul katib vəzifəsinə təyin olunmağım üçün baş redaktor Nemət Veysəlliyə göstəriş verdi. Və "Pərvanə”ni kitabxanaya buraxılmasını aidiyyatı orqana tapşırdı.  Bu məsələlər 3 günün içində oldu. Dırnaqarası dostlarım səbirlə və sevinclə nöbəti həftəni gözləyirdilər ki, görəsən tədbiri harada keçirəcəklər? Özü də saat 14-dən tez (məclisin başlamasına 20 dəqiqə qalmış) olaraq kitabxananın qabağına gəlmişdilər. Üzümə baxıb qımışırdılar. Sonra bildlər ki, mən bütün məsələləri yoluna qoymuşam. Daha da  hücuma keçdilər, sonda isə uğursuzluğa düçar oldular. Ona görə ki, mən insan psixologiyasını və ədəbiyyatı, xüsusən şeiri gözəl bilirəm. Və yaxşı şeiri də yüksək qiymətləndirirəm. Müəlliməm, təcrübələyiəm, həyatı bilrəm, hər kəsin yerini bilirəm və hər şeyi başa düşürəm. İstedadlı və istedadsız adamı yüz ağacdan tanıyıram.

Biz pərvanəçilər o vaxtlar yay aylarında tez-tez Altıağaca, Qubaya istirahətə gedirdik. Bu görüşlər çox maraqlı keçirdi.

Haşiyə: Biz pərvanəçilərin çoxu 1998-ci ildə  məşhur qəzəlxan Həkim Qəninin rəhbərlik etdiyi "Vahid” məçlisinə gedirdik. Burada əsas əruz vəzni idi, qəzələ geniş yer verilirdi, heca şeirinə ogey münasibət hökm sürürdü. Ona görə heca yazan şairlər məçilisdə məsələ qaldırdılar ki, Qəşəm Nəcəfzadə heca şeiri üzrə Həkim Qəninin müavini olsun. Təklif  zorla qəbul edildi. Ona görə mən müavin kimi başda Həkim Qəni ilə əyləşirdim. Birdən necə oldusa Həkim Qəni heca şairlərinin üstünə qışqırdı, daha doğrusu acıqlandı. Gördü ki, mən pis oldum. Yavaşca əyilib qulağıma həyacanlı bir səslə dedi:
-Qəşəm, ürəyinə başqa fikir gəlməsin, mən heca ilə əruz arasında kontakt yaradıram.
Həmin vaxtlar Aqil Abbas "Ədalət” qəzetində "Pərvanə”yə 8 səhifədən ibarət yer ayırdı və ayda da 40 manat qanoror verdi. Bu cür səhifələr təkcə bizə yox, beş qrupa, deyək ki 1-ci gün "Turan”( Ə. Qoşalı), 2-cü gün "3-cü ədəbi hərakat” (S. Sədaqətoğlu), 3-cü gün "Körpü” (Ə. Çahangir) 4-cü gün "Pərvanə” (Q. Nəcəfzadə), 5-cü gün "Alatoran” (R. Qaraca), və  6-cü gün "Karvan” (V. Yusifli)  çıxırdı. Aqil Abbas səhifələrdə gedən yazıları əvvəlcə oxumurdu, səhərisi onları qəzetdən oxuyurdu.
Demək olar ki,  əlavələr o zaman ədəbi prosesə böyük bir təkan verdi, ola bilsin ki, faktı dananlar tapılar, amma mən həqiqəti  deyirəm, əlavələr "Pərvanə” kimi ədəbi məçlislərin, diskusyaların qəzetlərə köçməsinin təzahürü idi. Sonra  bu müzakirələr burdan da televiziya səhnəsinə keçməliydi. Televiziyalar qapılarını üzümüzə bağladılar.

"Pərvanə”də əsas xətt yeni şeir və onun müzakirəsi üstünlük təşkil edirdi. Şeirin özündən də maraqlı həmin  şeirlər haqqında üzvlərin yürütdüyü fikirlər idi. Beləliklə, şeirlə bərabər mıəclisdə ədəbi tənqid də inkişaf edirdi. Mən istəyirdim hamı şeir haqqında mühakimə yürütməyi bacarsın. Sonralar bunun böyük,uğurlu nəticələrini gördük.

Haşiyə. "Pərvanə”yə bəzi şairə qadınların kiçik yaşlı övladları da gəlirdi. Şəlalə Əbil beş yaşlı qızı Nərgizlə gəlirdi. Şəlalə xanım danışırdı ki, bir dəfə Nərgiz gecə yuxudan durub mürəbbə istəyir. Nə qədər mürəbbə verdim dedi onu yox, başasını istəyirəm. Adı da yadına düşmür. Axırda Nərgiz deyir, Qəşəm əminin məçlisinə bir kişi gəlir eey. Nə qədər eləyir kişinin adı da yadına düşmür. Axırda kollektiv şəkli gətirdim.

-Kim?
-Bu
-Böyükxan?
-Hə, böyürtkən mürəbbəsi.
Haşiyə. Bir dəfə "Vahid” məçlisində Böyükxan Pərviz Həkim Qəni ilə bərk mübahisə etdi. Şairə Nəcibə Nəcib Böyükxana dedi:
-Ayıb deyil, atan yaşında ağsaqqal kişidi, nə düşmüsən onun üstünə?
Həmişə zarafat etməyi xoşlayan Böyükxan dedi:
-Nəcibə xanım, mən onun üstünə düşməsəm, altına düşə bilərəm.
Allah hər ikisinə rəhmət eləsin.
"Pərvanə” ədəbi məclisi get-gedə  daha da güclənirdi. O ədəbi mühütün  ağırlığını bütünlüklə öz üzərinə götürmüşdü. Bunu ədəbi içtimaiyyət yaxşı bilirdi.

2002-ci ildə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov jurnalıstlərin, televiziyanın  iştirakı olmaqla  bizi qəbul etdi. Ədəbiyyat, partiya və hakimiyyət, Azərbaycan ədəbiyyatının hazırkı durumu haqqında xeyli müzakirələr apardıq. Görüşdə 20 nəfərə yaxın şair və yazıçı, qarşı tərəfdən Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Səyavuş Novruzov iştirək edirdi. İki saata yaxın davam edən görüş həm bizdə, həm də Yeni Azərbaycan Partiyasının rəhbərliyində xöş təssürat yaratdı.
Bu gün  "Pərvanə” öz məşğələlərini böyük şövqlə davam etdirir. Məşğələlər hər bazar günü M.Ə. Sabir adına Mərkəzi Şəhər kitabxanasında saat 14.00-da başlayır. Bu kitabxananın oxu zalı dəfələrlə yeni-yeni üzvlərlə dolub boşalır. Pərvazlanıb gedənlərin yerinə tezliklə yeniləri gəlir. Onlar da pərvazlanır, sonra da başqaları qapını döyür.

Bu gün şeirə münasibət yeni bir aspektə keçib. Oxucular  qələm adamları ilə  televiziya, mətbuatla deyil,  canlı ünsütyyət qurmaq istəyir. Onun səsində, jestində, hərəkətində şeiri dinləmək istəyir. Bəlkə şeiri bir az da şouya, estradaya  çevirməyin tələbatı və ehtiyacı yaranmış artıq. Şairlər şeirlərinin dizaynına, oxunuşuna, səhnəsinə indi daha çox fikir verməlidi məncə. Bu isə canlı ünsüyyətdə yaranır.

19-20 yanvar 2010