
Rafiq Tağı. "Magistral xətlər keçə o torpağın üstündən..." (hekayə)
- 07.12.2019
- 0 Şərh
- 1363 Baxış
Professor
Rəşidin dilinə söz düşüb - Yer kürəsinin bir parçası onundur. Kvadrat formalı
torpağın yan xətlərindən Yerin mərkəzinəcən xəyali punktirlər çəksən, dörd yanı
sanki tüldən olan, konus yaranar ki, deməmişkən, bu da onundur.
Ta
konusun içində nələr var, nələr yox, orda hansı faydalı qazıntılar yatır, bunu
bir Allah bilir.
Konusu,
təqribən bir-birinə paralel, yeraltı çaylar kəsib keçmiş olar.
Daha
dərin qatlarda gizlin mənalara bənzər qədim şəhər qalıqları taparsan.
Ancaq
professor hələ o torpağın üzünü görməyib. Təkcə yuxuda - Ayla işıqlanan ayaz
bir gecədə, sağ ayağının baş barmağı ora toxunub. Qaratorpaqdı, sarıtorpaqdı -
bundan xəbəri yox.
Ömrü
boyu torpaqla maraqlanmağı ayıb bildi. İşlədiyi universitet çevrəsində torpaq həmişə
kiçik maraqlar sırasında olub. Xüsusiyyətçilik təzədən gələndə, "mexaniki”
adına yazılmış bu yeri, yatağa düşdüyü günəcən də, lüzumsuz sandı: təsadüfi
coğrafi genişlənmə, "qrıja” kimi bir şey.
Öz
dilindən çıxalı, bu saat onda iki "qrıja” var: biri bu təzə torpaq, biri də -
sol qasığından sallanan beşkiloluq köhnə torba.
Torpaq
işlərinə daim həqarətlə baxdı. Torpaqda əlləşənləri asanca təhqir edə bilərsən
- ona həmişə elə gəlib. Onları yerdə qurcuxan soxulcanlara bənzətsən belə, sənə
olan hörmət-izzətindən əl çəkməz, üzünə gülümsərlər.
Düz
beş aydı ki, maqnit bənzərli yataq onu balaca mismar kimi özünə çəkib.
Gün
boyu da gözü hansı dördbucaq cismə - divarlardı, televizor, ya kitablar -
sataşdısa, torpağı yadına düşəcək. "Pay torpağ”ı haqqında yeganə xatirəsi onun
kvadrat formalı həndəsi fiqur olması idi.
Mürgü
döyən vaxtlarında həmin kvadrat xəyalında yumrulaşır, səthinin ümumi sahəsi bir
hektar olan kiçicik "Yer kürəsi”nə çevrilir.
Paybəlli
torpağı haqqında barı başqa bir xatirəsi də ola... Əlacsızlıqdan, gəzib-dolaşdığı
kurort yerlərindəki Azərbaycan torpaqlarının, bir də qatar-maşın pəncərəsindən
gördüyü təsadüfi çöllərin ümumiləşmiş bədii obrazını ona tətbiq edir.
Rəşid
Azərbaycanı ancaq mənzərəli kurort rayonlarından tanıyır.
Yayda
od tutub yanan Ağsu və Kürdəmiri də Şuşa kimi görür.
O, Vətən
təəssüratını gözəlliyi olmayan torpaqlarla formalaşdırmayıb.
...Təzə
torpağı da, güman, il boyu rəngdən-rəngə düşür. Yaşılı - çəməndən: üstündə
xal-xal inək-camışı, sarısı - zəmidən: uçub-qaçan alabaxta və sərçələriylə.
Humanitar sahənin professoru kimi Rəşid bunları "kənd təsərrüfatı”na dair
bilikləri çərçivəsində xəyal edir.
O, kənddəki
dövlət idarələrini, hətta məktəb və tibb məntəqəsini də, "kənd təsərrüfatı
obyektləri” adlandırır.
Şirxan
bu saat oraları əkib-biçir: xəlvət yerdəcə onun göyçək torpağını yorub əldən
salır. Demişdilər gözü üstündə olsun, deməmişdilər ki... - Rəşid uzaqdanca
Şirxanın hərəkətlərində seksual xarakterli cinayətlər görməyə başlayıb.
Əcəb
gözəgörünməz bir qüvvə onu qanadlarına alıb göyə qaldıra (bədəninə yapışıq döşək
də buludlarda yellənir), aparıb öz yeri üstünə qoya... Onsuz bu yenə tanımaz
oraları, bilməz onundur. Guya bilsə, neyləyəcəkmiş - əlini ağdan-qaraya vurası
deyil. Torpaq üstə şikəst kimi qalar.
Ora
sağlam gedib, xəstə qayıdar.
Torpaq
işləri ona riyaziyyatdan çətin gəlirdi.
Bu
fikir beynində möhkəm yer edib: torpaq soyuqdəymələr və revmatizm mənbəyidir.
"Torpaqda lalələr də bitir, lalələr kimi al-qırmızı isitmələr də,” - hərdən
professor Rəşidin ağlından rəngli-bədii cümlələr ötüb keçir.
Xəstəliyinin
adı şəhərdə "insult”, kənddə "iflic”di.
Palıd
kimi qəflətən yerə gəlmişdi. Kaş magistral xətlər keçə o torpağın üstündən,
deyir, mən də yerə sancılıb onlara dayaq olam. "Allah mənə şalban olmaq xöşbəxtliyi
nəsib edə”.
Bir
gün də işdən ona dəyməyə gəlmiş, ağızdan pərtöv, çox da arası olmadığı "tupoy”
dosent onu görər-görməz nə desə yaxşıdır - "Həzərat, bu kişi vot-votdadı ki.
...Tədarük görübsüz?”
O
gün-bu gün, Rəşid xoflanır, perspektivsizlikdən sıxılırdı. Denən, gələcək
qurtarıb ki. Həyatını əvvəldən düz qurmadığını düşündükcə də, onu tər basırdı.
Nədənsə,
tər ona əsasən dizlərindən gəlir.
Gənclikdə
daddığı romantik duyğular təzədən onu qapsamağa başlayıb.
Qılıncının
dalı da, qabağı da kəsən çağlarda vız atmadığı, əfəllik və yetimlik əlaməti
saydığı, həyatın əvvəlində olmuş, budur, bir də sonunda üzə çıxan, romantika
ona yaman şirin gəlirdi.
Daim
çalışıb hamıdan fərqlənsin, işə bax, indi hamı kimi olmaqda idi. Fərqlənmək
yox, sən demə, elə hamı kimi olmaq daha maraqlı və sərfəli imiş.
Hamı
kimi olanda, insanlarla dərdləşmək imkanın artır.
Əcəb
qolundan tutmayalar, özü yataqdan durub yeriyə-yeriyə eyvana çıxa, ordan da
uçub kəndə gedə.
Azərbaycanda
sənin göydəki parlaq sevinclərini uçan naməlum obyektə bənzədələr.
Şirxan
onun yadına tutmalar şəklində düşür. Bəlkə də o, bir xəstəlik növü, xəstəliklərin
klassifikasiyasında nozoloji vahiddir. Dünənki uşaq olasan: yerin altını da
bilir, üstünü də. Boyu bir qarış, saqqalı iki qarışdı.
Çənənin-əngin
biri - şirin dillə ilanı yuvasından çıxardar. Kənddə də evləri - Rəşidgillə
dal-qabaq. Altdan-altdan incə siyasət yürüdürmüş: üzünə taxdığı təbəssümlərlə
onu qəflət yuxusuna verib.
Amma
professorun özündən əvvəl öləcəyi diaqnozunu düz qoyub.
Doxsanlarda
Rəşidin ağzı gen yerdəydi. Göylə gedərdi. 1 metr 85 sm hündürlükdə günəbaxan
kimi hərlənən başının haçansa torpaq altında yumruca bir daşa dönəcəyini güman
etməzdi.
"Torpaqdakı
bərəkət insan və heyvan möhtəviyyatındandı”, "Feodal atributudu torpaq, daim
kiminsə mülkiyyəti olur”, "Torpaqda əlləşənlər gec-tez meymun sifəti alır” -
onun ən ağıllı sözləri bunlardı. Guya kəndçilər uzaqdan pis qoxu saçır.
Kəndçi
ər-arvadın bir tək gənclikdə öpüşdükləri olur. Zifaf gecəsində onlar təcrübəsizcəsinə,
burunlarını bir-birinin ağzına soxa-soxa, beş-üç kərə öpüşür, bununla da hər
şey bitir.
Kəndçinin
gəncliyi tez qurtarır.
Maldarlıq-əkinçilik
sevginin düşmənidir.
İl
on iki ay Moskvaya-Kiyevə uçan birisi kimi professor torpaqda əlləşənləri dağ
başından diyirlənib dərə dibində qərar tutan bədbəxtlər sayıb. O - "Kənd təsərrüfatı
uğursuzların fəaliyyət sahəsidir,” deyərdi.
Rəşid
ölüm yatağında özü üçün əyləncə quraşdırıb: qütblərin çöllərə tətbiqi zamanı kəndi
çarx kimi dövrələyən çöldə sanki bir nizam yaranır - sağ-sol bilinir, məkan tənzimlənir.
Lakin
çöllərdə keçmiş-gələcək, an və əbədiyyət anlayışları itmiş olur.
Çöllər
fəlsəfi bulmacalar yeridir.
Şirxan
- bir ömür hesabdarı: özü dünyanı tutub gedəcəkmiş kimi, ürəyində vurdu-böldü,
topladı-çıxdı, əllisinə hələ yetməmiş Rəşidin ömürdən qalan illərini rəqəm şəklində
ortaya qoydu.
İndi
bacardıqca vaxtı uzatmaq, şəhərsevər bu insanda torpaq qeyrəti yaranmasının
qarşısını almaq.
Rəşid
hər kəndə gələndə də Şirxan üyüdüb-tökərdi: "ana torpaq atamızı yandırır”,
"axşamacan mancanaq kimi qalxıb-yatırıq”, "biz doğulandan radikulitik, bələkdəkilərimizdə
də yel xəstəliyi var,” - bu cür-bu sayaq sözlərlə onu torpaqdan çiyrindirərdi.
Onda
professor da ona dəm tuturdu: "Brüselloz xalqı şil edib”, "Lənət soxulcanlar məskəni
torpağa”, "Şəhər cənnətdir, kənd - cəhənnəm”.
Rəşidin
əsas düşməni soxulcanlaradı: cənnətə gedənlər belə onlardan qaça bilməz. Onda
daşları qaldırıb, altında qıvrılan qurdları dabanıyla əzmək mərəzi vardı.
Keçən
dəfə ayaqqabısının altından qurdun çəhrayı bir tikəsi sıçrayıb divara
yapışmışdı.
Rəşidi
artıq öz üzunömürlüyü yox, meyidinin uzunömürlüyü düşündürür.
Şirxan
uşaqlıqdan aşıq atıb, kart tutandı. Qırx dili var. Düz sözdən başqa nə desən
danışar. Bunlar sonradan daşınmaz əmlakın gələcəyini proqnozlaşdırmaq, öz
taleyini bu əmlakla uzlaşdırmaq qabiliyyətinə çevrildi.
Onun
fikrincə, daşınmaz əmlakın gələcəyi insanınkından daha işıqlı, daha uzun olur.
İnsanda
uzun gələcək bəxtəbəxtdir.
İstənilən
torpaq sahəsinin, vətən olmaq cəhəti bir yana, getdikcə artan pul dəyəri var.
Torpağın
vətən olmaq cəhəti nisyə söhbətdir.
Şirxan
həm də yumurtadan yun qırxan kimi tanınır. İtin ağzına sümük atmaz ki, ziyana
düşməsin. Arvada sümükləri saatlarca qaynatdırar: hayıfdır, qoy ilik suya
çıxsın. Qoyunu kəsib-soyub, nə dərisini, nə də bağırsağını tullayar.
Baş-dırnaq
- xaşlıqdı. Dəri - motallıqdı. Evlənəndən bəri onlarda Qurban bayramlarının
sayı qədər motal vardı.
Bəzən
dərini gündə qurudar, "qışda nalça edib, altımıza atarıq,” deyərdi.
Bazarda
ucuz gedəsi içalatı Prişib həyətlərində "babuşka”lara "yenə ucuz, ancaq bir az
baha” xırıd edərdi; çətin zəmanədir, ölməmək üçün alıb yeyəcəklər. Qoyun
bağırsaqlarınısa ət tədarükçüləri göydə qapır; bağırsaq kababı həmişə dəbdədir.
Bu,
Şirxandan başqa heç kəsin ağlına gəlməz: qoç buynuzlarını yeri deşib kvadrat
yuva üsulu ilə sarımsaq əkməyə saxlayır.
Hələ
ardı var. Külək içinə toz qatmış duzu niyə atasan, deyir, heyvanatın yeminə səpərlər.
Qazanan yox, qənaətcil varlı olar.
Ovcunu
açıb da - "belə yox”, sonra yumub - "bax, belə olmalı,” - uşaqlarına verdiyi tərbiyə
bu. Yatıb günorta duranlara inflyasiya təsir etmir.
Bir
öynə az yeyib, yeyəcəyindən bir qab sabaha saxlasan, xeyli qabağasan. Ona - "Həmişə
toyda!” - deyənlərə - "Allah eləməsin!” cavabı verər.
Əlacsız
qalıb da, toyda yediyi xörəklərin dəyərini yazdırdığı puldan çıxar; onda dəymiş
ziyan az-maz ödənmiş kimi olur. Onun ailə ideologiyası budur: çolpanın bədənini
bu axşam qarnına qaçırtdınsa, qanadlarını sabaha uçurt.
Balaca
qızına tapşırıb: atanın xətrinə, sabaha uçan bədənsiz toyuq qanadları şəkli çəksin.
Gələcəyə
uçan bu qanadlar bəşəriyyət üçün qənaət rəmzi ola bilər. Söhbət hələ
qurtarmayıb. Şirxan dişlərini yumaz ki, dibində qalan yeməklər çıxdaş olmasın,
sorulub bədəninəcə getsin.
Hər
qramın öz kalorisi var. Diş dibində yellənən ət liflərinin enerjisi bir-iki
adamla əngə verməyə çatar.
Bax,
belə. Şirxan hətta Novruz və Qurban bayramlarını da qənaət mənbəyinə çevirib.
Axır çərşənbədə evinə qurşaq atanlara qapı açmamaqla gör nə qədər irəli düşürsən.
Mal kəsən camaatla atışmaq əvəzinə,
Qurban
"fəlakət”ini bazardan aldığı bir kilo ətlə ötüşdürər. Arvadın illərcə sapa
düzdüyü: pirlərə, ziyarətgahlara boyun olduğu, qurbanları da ixtisara salıb.
Bu
cür "qurban”ların hesabı çoxdan itib; əvəzində qurbanlardan qat-qat artıq
davaları düşüb.
Şirxan
Rəşidin torpağını tezliklə özününkünə qatmaq niyyətindədir. Qanuni tərzdə, rüşvətlə.
Tez-tez
ürəyində "inşallah” deyir.
Əcəl
atını çapmada - ox kimi düz Rəşidin üstünə gəlirdi.
...Professor
eyvanda uzanıb. Gündən qorunacağı qəzetə baxır. Xidmətçi mətbəxdən dolu qabları
gətirib, boşları aparır.
Hərdən
onun, tuluğu boş olanda zəhləsi getdiyi, amma toxqarına təzədən gözü düşdüyü,
bu totuq-motuq qadını "dörd saatlıq arvadım” adlandırmağı var.
"24
saatlıq arvad”ı üç ildi ölüb.
Rəşid
"kənd xəstəlikləri”ndən ölməyəcək, "bu, tamam biabırçılıq olardı,” deyir.
O, kənd
xəstəliklərinə vərəmi, qoturluğu, hətta dizenteriyanı, qanqusmanı da, aid edir.
Ona ancaq və ancaq urbanistik "Bakı xəstəlikləri” yaraşar. "İnsult” - sən bir
sözə bax! "İnfarkt” - ah, nə gözəl! Şahları-prezidentləri də aparan bu xəstəliklər
güzgü kimi insandakı nəcibliyi göstərir.
Ölüm
şəhadətnaməsində padşahların-kralların diaqnozundan yazılacaq.
Soxulcanların
da gələcəyi olurmuş; onların yaxın gələcəyi Rəşidin nəşidir.
Sağlığında
vecinə almazdı, ölüb getmiş arvadını indi gör kimə qısqanır: qonşu qəbirlərdəki
naməhrəmlərə. Tərslikdən, sağında da biri uzanıb, solunda da. Sağdakı bığlıdır.
Professor
rəhmətliyi hətta soxulcanlara qısqanırdı. Arvadın papışına soxulası atom əsrinin
yarım metrlik soxulcanlarını təsəvvürə gətirəndə, az qalır havalansın.
Keçən
yay yaxşı plan qurmuşdu: gecələr gedib qəbri açmaq, onun dibini-divarlarını
soxulcanlardan təmizləmək. Bu işin hüquqi cəhəti əlini soyutdu. Özünün bu müqəddəs
ideyasını qanmaz müstəntiqlərə anlada bilməyəcəkdi.
Boğazacan
nifrətlə dolu xidmətçi gündəlik gəlib ona, bütün atributları ilə məhəbbətə
oxşar, işlər görər.
Qurdalasan,
nifrətə köklü bir səbəb yoxdu da. Həm də onu burda qolubağlı saxlamayıblar.
Kişinin qara qaşına, qara gözünə aşıq deyil ki - bura çörək dalınca gəlib.
Adama
deyərlər, sənin iş yerin zavod-fabrik yox, xəstə evidir, dözməlisən. Hıçqırığı
qalıb içində.
Guya
Rəşid ölsə, o, ağ günə çıxacaq. Başqa belə xəstəni bir də hardan tapasıdır? Çölə
tökülüb? Üz-gözü ona öyrəşib. Üstəlik, nəfəsi də gedib-gəlir, sayğac kimi pul
yazır.
Balalarının
çörəyi onun çirkli pal-paltarından, evində taxtabitilərlə mübarizədən, hətta
ifrazatından çıxır.
"Sən
mənim köndələn yıxılmış çörək ağacımsan,” - kefi saz olanda, zarafatla onu
sancır.
Kənddə
Şirxan torpaqdan ötrü marıqda, Moskvada oğlu - muzeyə bənzər Bakı mənzilindən
ötrü.
At
ölür, qarşıdan itlərin bayramı gəlir.
Öldür,
oğlu kənddəki torpağı istəməz. Qaranlığa bənzətdiyi torpaq ona qorxunc gəlirdi.
Guya bəzən torpaq gündüzə zülmət saçır.
Yuxularında
da onu, üstündə cin-şəyatin gəzən, bir məkan kimi görür. Fantasmaqorik dini
hadisələr də torpaq üzərində baş verir. ...
Torpaqdan
ibarətdi deyə, Vətəndən zəhləsi gedir. Gedən yerlərimizin artan faizinə o,
Moskvada sevinirmiş. "Qorxunc yerlərimiz azalır,” söyləyib. "Rayonlar çiynimizdən
ağır yük kimi götürülür”, "Vətən unudulduqca, məsuliyyətdən qurtuluruq”, - onun
ağlı-düşüncəsi, fikri-ideyası bu.
Guya
Vətən həm də yaşayışa təhlükə törədir - orda səni "bomj” gününə salarlar. Məhkəmə
çəkişmələri və əsəb gücünə belə nəyəsə çatmayacağın yerdə səndən şəhidlik tələb
edirlər.
Bircəcik
quru canın var, onu da əlindən alıb qəbrə soxmaq istəyirlər. Sən öləcəksən,
bunlara xoş olacaq.
Mən
şəhid olub Vətəni yaşadınca, qoy Vətən getsin, mən yaşayım. Niyə Vətən
yaşamalıdır, mən yox? Torpaq haçansa geri qayıda da bilər, mən getdimsə getdim.
Moskvadan
Vətənə dönmək təyyarə qəzasına uğramaq kimi bir şey olardı.
"Dünyada
sülh yalnız razılaşdırılmış işğallarla mümkündür”.
Bircə
Bakıdakı kvadratmetrləri "ata yurdu” adlandırır. Uca mərtəbədə yer almış, sanki
fəzada duran, torpağın bədiiləşmiş forması kimi üzə çıxan bu mənzildə -
balkonunda əlin buludlara çatası bu mifik vətəndə yaşamaq istər.
"Vətəndənsə
sülhə sədaqətli olmalı”.
Landşaftını
görmədiyindən, professor hələ də öz torpağını yaxşı təsəvvür etmir. Kimə şəklini
çəkdirib gətirdəsən. Hara və nəyə yaxındır? Kəndin arxasındakı çayın sağındadır,
ya solunda?
Şirxan
vaxtında ona heç nə demədi, bu da yarasa kimi kor qaldı.
Ordakı
istənilən torpaq parçası onun ola bilərdi.
Rəşid
bir gün yuxuda görəsi ki, çaydan balıqlar lağım atıb onun həyətindəki quyudan
fontan şəklində çıxır. Balıq fontanı ətrafa lüminissent lampaları təki şəfəq
saçırdı. Kimlərsə yuxuda ona deyirmiş də ki, çayın qıraqları lağımlardan
deşik-deşikdir.
Bunun
yozumunu kim tapar?
Xidmətçiyə
desən, it kimi qapacaq. O, yuxuyozmalara vaxt itirməz. Bekar deyil, deyər. Guya
o, qəpiyi qəpiyə calamaqla yaşayır.
Bəlkə
də Şirxan ot tayasına iynə kimi düşüb itib. Yer üzündə sanki bu adda adam yox
imiş.
Professor
Rəşid hələ ayağı dəymədiyi torpağını ölüm ayağındasa görmək istər. Yatağa bərk
yapışdıqca da, xəyalları iti uçurdu.
Əynində
pampers, arzuları geniş.
Bir
gün oralara gedər olsa, gərəkdi özüylə ilan zəhərinə qarşı polivalent zərdab
götürə. Torpaq üstə, ordakı zəmilərdə ilanlar yatmış olar.
Gözlənilən
ölümünün bircə saniyəliyində belə ilan sancmasından ölmək istəmir.
Nə
ola, dolablardakı "humanitariya” kitablarının yerinə həmin zərdabları düzəsən.
Kəlləni
yerə atan saatdaca vəhşətli yuxular onu altına alır. ...Günlərin bir günü yenə
görəsi ki, kənddə təpə formasında qəbri var. Hər il də üstündə bir şey əkirlər.
Orda yetişdirilən pomidorlar uşaq topu kimidir: yarısı qırmızı, yarısı göy.
Sarımsaqlar
- oraq kimi. Xiyarlar - yaşıl gəmiciklər sayağı. Ordan, çırtma vursan qanı
daman, qarpızlar yığırdılar.
Elə
yuxudaca söhbət gəzirdi ki, beş parça kənddə professorun qəbri ən gübrəli
yerdi.
Bu
yuxusu da yozulmamış qaldı. Xidmətçi qızıl vaxtını öz dərdlərini çalxalamağa sərf
edir. Açığı, yataq xəstələri, ağızlarından dürr tökülsə belə, ona maraq vermir.
Ələkləri ələnib, xəlbirləri göydə fırlanır. Onların bütün danışığı havaya
üfürülən havayı sözlərdir.
Yataq
xəstələrinin arzularından da boş şey yoxdu dünyada...
Torpaqda
ümümi Nyuton cazibə qüvvəsindən savayı, sahibini özünə çəkmək gücü də varmış.
Razıdır, onu çarpayısındaca, lap kuzovlu maşında, aparıb öz torpağı üstünə
atsınlar. Orda dava-dərmanı küləklər altında udardı.
Xəstə
küləklərə də bəh-bəhlə dərman atdırar.
Dünənki
yuxusunda isə öz torpağı üzərindəki otluqda ayaqyalın-başıaçıq, dəli-divanə gəzdiyini
görüb. Gələnə yoldaş idi, gedənə qardaş. Göz yaşları - qoşa navalçadan
şoruldayan su kimi. Axırda dənəvər torpaq əriyib palçığa döndü; oradaca
sarımtıl-mavi ləpəli, şor bir göl yarandı.
Professor
Rəşid həmin göldə böğulub ölməyini də öz gözləriylə gördü və ölən kimi yuxudan
hövlnak ayıldı.
Xidmətçi
ya ona qulaq asmır, ya da eşitdiklərini bu qulağından alıb, o birindən buraxır.
Hərdən altı-üstü təmiz professor birtərəfli qaydada, sanki öz-özünə, onunla
"şirin söhbətlər” edər.
Daimi
mövzusu ölüm-itimdi.
Bədənini
atəş yaxandasa, öz qəbrini güllü-bəzəkli sandıq kimi təsvir edəcək.
Dərdli
danışqan olar; Rəşidin sözü tükənmir ki. Pir mənimdi, kəramətinə bələdəm,
deyir, israfçılıq olmasın deyə, onu sal daşlı, qayalıq bir yerdə, ən ucuz qəbrə
soxacaqlar.
Belə
qəbirlərdə iti bucaqlı daşlar ölünün böyrünü deşir. "Neynək, buna da dözərəm, təki
yerim Bakı olsun”. Əlində tikiş, hərdən xidmətçini tərs gülüş tutur: "Bakıdan cənnətə
birbaşa yol var ki?” - ona cavabını gözləmədiyi bir sual verir.
Bəzən
də təsəlliyə oxşar sözlər işlədər: "Daş qəbirlərdə soxulcan olmur ha...”
Onda
professorun gözləri gülür: "Yəqin ona görə də Bakıdan əbədiyyətə sürü kimi
gedirlər”. Xidmətçi: "Ta orası sənlikdi”.
Kənddə
dəfn olunmaq professorun ayıbına gəlir.
Bu,
şöhrətinə xələl gətirərdi. İnşallah, Bakıda basdırılmağı onun kəndçilərdən
üstünlüyü olacaq. Onun alimliyinə yalnız şəhər qəbiristanlığı yaraşar.
Ağılları
ola, kəndçiləri onun şəhər qəbiristanlığında yatmasını qüdrət rəmzi sayar, vəsait
toplayıb başdaşı yerində büstünü qoydurarlar.
Yadlarına
kim salsın?
Xidmətçi
onun şöhrət haqqında sayıqlamalarını da qulaqardına vurur. Çünki şöhrəti başa
düşmür. Şöhrət onun üçün anlaşılmazdı. Nədir bu? Nəmənə şeydi?
Yeməlidirmi?
Rəşid
rayonda özü haqqında tez-tez yanıb-sönən, yaranıb-itən əfsanələrdən daim zövq
alıb. Kəndçilərinin ona qibtəli baxışlarından dünyanın heç yerində görməyib.
Ölüm ayağında da ümidi yenə ordakı şöhrətinədir.
Şəhər
onu yatağa düşən kimi unutdu. Bakıda şöhrət dayanıqsız imiş.
Elmdəki
"uğurlar”ı indi ancaq siçanlara bəllidir. Siçan quyruqları onun elmi işlərini sətirbəsətir
gəzir.
Göyəmi
siçanların dərisi onun çeynədikləri "uğur”larından parlaqdı.
...Kənddə
şöhrət təbii, romantik, hətta poetik olur.
Professor
Rəşid getdikcə də ənənəvi hikmətlər tutuquşusuna çevrilir. Guya Şirxan gələcəyi-gedəcəyi
düşünmür; dünyadan beşəlli yapışıb. Adına keçirmək istədiyi torpaq Rəşiddən
vur-tut 10-15 il artıq onun ola bilər.
Yer
kürəsi də - bəşəriyyətin deyil.
İnsanlıq
Yer kürəsini müvəqqəti icarəyə götürüb.
Rəşidin
özününkü saydığı torpaq Şirxanındı da, qarışqaların, ordakı adıbilinməz cücülərin
də. Hətta qonduğu sim naziklikdə budaqları belə əyməyən yüpyüngül kəpənəklərin
də. Lakin torpaq elə ən az kəpənəklərindi: bir neçə saatdan 3-4 günəcən.
Kəpənəklər
torpaqda insanın varlığına təəccüblənir də.
Quşlar,
cırcıramalar işğalları anlamır, müharibələrin ən qızğın çağında da xoşbəxt
olurlar. Onlar üçün yadelli və yerli yabı birdi.
Fatehlərin
qələbələri havaya sovrulmuş əmək, tarix yaradıcılığının boş yerləridir.
Qəfil
böyürdən çıxmış, bir növ, "siyasətdən doğulmuş torpaq”la adam bilmir neyləsin.
Rəşiddə ona dair heç bir vərdiş yoxdu.
İnsan
torpağa dövlətin xüsusi təbliğat və təşviqatından sonra alışır, xoş həyat səsləri
çıxaran traktor və kombaynlarla isnişir.
Masallını
kəsib keçən marşrutlarla o yan-bu yana çapdığı illərdə atüstü kəndə dəyməyi
vardı. Gəlib nə görərdi: evin dirəklərində incə bığlı qurdlar gəzişir.
Döşəmə
taxtaları üzərində barxanlara bənzər topa-topa ağac kəpəkləri durur. Otaqların
boğanaq fəzasında, yolları kəsişsə də, qanadları bir-birinə toxunmayan, ley
kimi həşəratlar uçuşur. Divar künclərində əsiri qara milçəklər olan hörümçəklər
tor qurub.
Tez-tez
ora-burasını dişləyib qanadan, ayaqlarında saf-islahat yer qoymayan
ağcaqanadlar anofeles cinsindən olmaya; "malyariyadan it kimi qorxuram,”
deyirdi.
Rəşid
qurğuşun kimi tökmə bədənini təbiətdən qorumaq ustası idi. Sataşqan gilavardan
da çəkinər. Ayaqları şeh, başı çisək görməyib. Ekskursiyalara bənzər beynəlxalq
simpoziumlara tez-tez getdiyindəndi ki, dünyanın bütün iqlim qurşaqları üçün
geyimi var.
Tropik
xəstəlikləri olan ölkələrə qəti getməz. Afrikada Bokassonun biri tutub onu yeməzmi?
Amma
bəzəkli-naxışlı kəpənəklər həyətlərini gümrah və qəşəng göstərərdi.
Professor
Rəşid ata yurdunu qurd-quş basmasında da, pay torpağının ondan gizlədilməsində
də cinayət izləri görməyə başlayıb.
Bütün
bəd əməllər bığı at qaşovuna bənzər Şirxandan keçir.
Əfsus,
seytnotdadır. Onda Şirxanın cinayətlərini açdırmağa nə vaxt, nə həvəs qalıb.
Bunu da romantik xəyalları sırasına qoşdu.
Əcəb
Şirxanın əlindəki torpaq öz reallığından çıxıb, incə bir poemaya çevrilə, bu da
köndələninə onu kitab rəfində yerləşdirə. Rəşid öz gözlərinin şahidididir:
bazar günü səhər yorğanı üstündəki iki lapar gül bir cüt əlvan misraya
çevrilib, çərpələng kimi havaya qalxdı.
Torpaq
üstə səni, qartal,
Görə
bilsəm, ömrüm artar...
Ancaq
heç orasını fikirləşməyib ki, düzəngahda qartal olmaz. Bu iki misra metodoloji
səhvlərlə dolu idi. Orada qartala praqmatik yanaşılır, ondan terapevtik effekt
güdülürdü.
Onda
hər şey tərsə-məzhəbdi; gecə-gündüzün də yeri dəyişik düşüb.
Güllə
kimi keçən günləri çatdırıb saya bilmir. Ayın tarixləri hər səhər bir az da
qabağa qaçmış olur. Ağzına bir qurtum su ala, yarısı mədəyə, yarısı ciyərlərinə
gedəcək. Ağ ciyərləri də sanki mədə olmaq istəyirdi. Sol yarısı adamdı, sağ
yarısı ağac. Sağına həkim iynə batıra, eyninə almaz.
Bir
dəfə biz boyda iynəsini az qaldı yarıyacan onun ətinə soxa, bu heç qıypınmadı.
Di gəl, sol ayağına iynənin ucunu göstərən kimi, "ay, neynirsən,” qışqırdı.
Belə
çıxırdı ki, o, soltərəfli qorxaq, sağtərəfli qorxmazdı. Yeyib doyub qarnı
xaşallananda: "Lazım gəlsə, mən cəbhədə sağtərəfli qəhrəman ola bilərəm,” deməyi
var.
Əfsus,
qəhrəmanlığa gedəndə, sol tərəfini də özüylə aparmalı olar. Onda qorxaq
qorxmazın boynunda yükə çevrilər.
Sağında
dərisi sarı-sarı, sim-sim tüklər gətirib. Tüklərin də dibində - alça-gavalı
boyda ziyillər.
Professor
get-gedə özü-özündən hürkür.
"Allahım,
səndə bu dərd-ələm yaratmaq həvəsi hardandı! Bu qabiliyyət adına layiq deyil, sənə
yaraşmır da, axı!”
Axır
sağ yarısındakı tüklər meşə kimi elə artıb-çoxaldı ki, orda quşlar civildəşməyə
başladı. Sağ çiyni üzərində bir qaranquş yuva qurmuşdu; onun ətcəbalaları
başını üstündə güclə saxlayırdı.
Keçən
həftə sağ budu üstündən dirsəyinə bir dovşan balası hoppananda, mat qalmışdı.
Dovşan balası gördü bu təhlükəli dirsəkdə çox duruş gətirməyəcək, atılıb onun
boynu arxasında gizləndi.
Rəşid
əvvəllər üşənərdi; artıq belə şeylərə vərdiş eləyib.
Hətta
bir sabah sağ qolunu agacdələn taqqıldadanda, təəccüblənmədi. Əksinə, ağacdələnin
dimdikləməyi ona xoş gəlirdi. Sanki onu nöqtəvi masaj edirdilər.
Həmişə
o, təbiətdən qaçıb; indi ot-ələfi, uçarı-qaçarıyla təbiət özü ona yaxınlaşırdı.
Ehtiram şəklində də qəlbinə girib.
Ömrü
boyu təbiətə qalib gəlmək yönündə industrial işlər, qlobal texnoloji uğurlar
ona ləzzət edib. "Təbiət olmasa yaxşıdır,” düşünüb. İnsanlığın gələcək xoşbəxtliyini
təbiətin yoxa çıxmasında, vəhşi heyvanların qırılmasında görərdi.
Sözə
bax: "Dünyadakı zorakılıqların mövcudluğu vəhşi heyvanların varlığındadır”. İncəvara,
qorxunc heyvanların yeri daralır, onlar get-gedə azalırdı.
O,
qırılan ilanların sayını təbiətdən dayanıqlı qorunmağın ölçüsü kimi götürmüşdü.
Təbiət
sağ tərəfini zəbt edib, demək, yarıbayarı ona qalib gəlib. Güman, üstündəki cəngəllikdə
sürünənlər gizlənir. Tez-tez də başını qovzayıb gözucu sağ qoluyla sağ qıçını
süzəcək. Uşaqlıqda atasıyla birgə başını əzdikləri qızıl ilanın yeddiqardaş
olduğunu unutmayıb.
Anbaan
gözləyir onları. Hətta Akademiyada, universitetdə də. Mühazirə oxuyan zaman
bir-bir ayaqlarını götürüb-qoyur; sanki ilanları ayağına dolaşmağa qoymur.
Təbiət
cinayət ərəfəsində - ondan intiqam almada...
Təsəllisi
yenə sol yarısıdır. Solda əmin-amanlıqdı. Bədəbəddə ora qısılıb, sağ qalar.
Yeri gəlmişkən, üzüyumşaq xidmətçilərlə erotik oyunlarını da soltərəfli icra
edir. Erotikanın insulta-infarkta xeyri var - bir tibb aliminin radioda
eşitdiyi sözündən sonra qocalıqda yorğa yeriməyə başlayıb.
Hə,
ürək tərəfdə - kişidi bu!
Öpüşlər
üçün də tük gətirməmiş, şümal dərili sol şaqqasını ayırıb. Onsuz soldan öpüşlər
bütün bədənini ehtizaza gətirəsidir. Açığı, "təbiət tərəfi” çoxdan bu cür işlərə
yaramır.
Sağda
hər hansı xanımın qaynar dodaqları tükdən dəriyə yapışmaz da; onun gəmirtlənəsi
şirin burnu "ot-ələf” içində görünməz olar. Tüklər incə burnuna soxulub onu
asqırdar.
Neçə
vaxtdı həkimdən soruşmağa üz gizlədir: sağdakı digər üzvləri kimi, bu nigaran
qaldığı sağ yumurtasını da iflic vurubmu? Ümumiyyətlə, xayalar da iflic olurmu?
Hər əyilib
baxanda, özünü vahimə basır - günbəgün kiçilən sağ yumurta get-gedə saqqal
bağlayırdı. Bu saat sağdakının ağ saqqalı az qalır dizinə çata.
O,
saqqalsızlıqda sol xayasını avropalıya, saqqalından sağdakını şərqliyə bənzədir.
Onlar dinc yanaşı yaşamağa məhkumdular.
Bu
da təzə növraq: sağındakı "bitki örtüyü” altında yerdombalanına bənzər ziyillər
görünməyə başlayıb.
Həkim
hər dəfə "alça-gavalı”lardan sonra çıxmış "yerdombalanı”lara baxıb başını
bulayır, onlara tamaşa etməklə işini bitmiş sayır. "Ziyildi dəə, kimdi səni
bununla tanıyan,” - son sözü bu. "Ziyil insanın təbii yaraşığıdır,” - bəzən tərifə
keçir.
Professor
Rəşid həkimi qınamır: bir ayağı gorda olan, həyat barəsində gündə-günaşırı zəhləsini
tökən, üstəlik, hər gəlişində onu sancan birisinə necə ürəklə baxsın.
Xəstələr
öldükcə, dövlətin humanizmə sürüklədiyi həkimlər asudə nəfəs alır.
Sol
yanı üstə uzandımı, sağdan tüklər sola sallanacaq. Bu sarı saçaqlar bədəninin
sol yarısının yarıdan çoxunu örtər, örtmədiyi yerlərə isə tor şəklində kölgə
salar. İndi o, gün altında da kölgədə uzanmış kimidir.
Kölgə
sarıdan arxayındır; ömrünün axırınacan bəsidir. Hərdənbir özüylə məzələnir də:
iridiş daraqla tükləri gah o səmtə yığır, gah bu səmtə.
Bəzən
onları saç kimi hörür, gülə-gülə də xidmətçisinə göstərir: "Gör necədir?”
"Hörüklər sənə çox yaraşır,” - o da nə desin.
Çimizdiriləndən
sonra tüklərindən çətirdəki kimi su damcılar; onda altına sərilmiş müşəmbədə su
xətləri cızılır. Bu su xətləri - sətirlər "çimmək” sözünün tərcüməsidir.
Ağrıları
şədd eləyəndə, Rəşid bir alimə yaraşmayacaq tərzdə xurafata qapılır: o,
yataqdaca çürüyəcək. Nəticədən səbəbə sarı getməli - çəkdiyi bu cəzaya görə
günahlarını araşdırmalı.
Doğrudan,
çürüyürdü də: sağrılarında göz-göz xoralar çıxıb. Sarğıları açılanda onlar vəhşi
qırmızı güllərə bənzəyir. Xoralardan nazik irin çayları axır. Şən yaşamaq şansı
ağrı olmayan vaxtlarla məhdudlaşıb.
Qadınlar
haqqında xülyalarını da, onları divara dirəyirmiş kimi, bu vaxta pərçimləyib.
Ağrı-acısı
olmaya, qartımış Rəşid yeniyetmə oğlan kimi, ona göz vuracaq, söz atacaq. Hərdən
boş böyürlərindən sallanan piy qatlarından tutub, rezin kimi dartır da.
Havayı
yaşamaq qabiliyyətini tamam itirib. Mal-heyvanlardakı kimi altının təmizlənmə dərəcəsi
də artıq ödənişin məbləğindən asılıdır. Altına yığdıqları - qurtarmaq üzrə.
Tezliklə
o, burun deşən qoxular içində, dalğasız-ləpəsiz qəhvəyi bir möhtəviyyat
qoynunda gəmi kimi üzməli olacaq.
Rəşid
göyümtül irin çeşmələrinin rəngli fotosunu aldırıb, hökumətə göndərmək istəyir.
Donuzdan bir tük də qənimətdir.
Bundan
sonra həyatda o, fotolarda göyçək düşən irinlərlə irəli getmək ümidindəydi.
"Sənə
bu da azdır, humanizmin varlığından yazdın-yazdın, axır gəlib onun yoxluğuna
dirəndin,” - hərdən özü özünü danlayır.
Humanizm
mövzusundakı doktorluq dissertasiyası üzərində indi parovoz şəkilli qurdlar, rəngbərəng
cücü və həşəratlar gəzişir. Qovluqları deşik-deşikdir. İnsafsız kağız qurdları
onun "humanizm”inin tən ortasınaca yeriməkdədir.
Qurdlar
humanizmin əsas postulatlarını çoxdan gəmirib toza çevirib. Gahdan xəzri həmin
tozu qaldırıb Rəşidin ciyərlərinə doldurmaqla nadinclik edirdi.
Bəlkə
də o qovluqlardan qurdlara humanizm sirayət edib: insanı dişləməzlər. Qol-qıçı
üzərində də sanki gəzintiyə çıxırlar.
Bir
gün o, "humanizm” qovluqlarını qurdlardan təmizləməyi tapşıranda, xidmətçi səsini
başına atıb, bomba kimi partlamadı bə: "Məni eşşək yerinə qoyubsan, nədi?
Makulaturaya baxmaq vəzifəmə daxildi ki?!”
Axır
bir ulaq yükü olan, vərəqləri bir-birinə yapışmış dissertasiyanın ortası
deşildi: bu yandan baxanda, çarx kimi o yanı görsənirdi. Ancaq sonradan bu
deşik Rəşid üçün etibarlı bir yerə çevrildi: ora qol saatını, "zaponka”ları və
üzüyünü, xırda pulları qoyurdu.
Dünyada
humanizm yox, yalnız bu nəzəri şeyə oxşarlıqlar mövcuddur.
Təzəlikcə
oğlu Moskvadan zəngləri artırıb. Mobil telefon şəbəkəsi onun ataya "sevgilər”inin
qəpiklərini yazırdı. Ancaq orda onu öldürsən də, ata ölməyincə Bakıya gəlməz. Gəlib,
ölmək bilməyən atanın yanında vaxtını öldürməz. Oğlan atasıyla üzbəsurət oturub
danışmaq fikrindən vaz keçib. Diz-dizə, göz-gözə - bu patriarxallıq ona ölümcül
darıxdırıcı gəlirdi.
Xəstə
ata təpədən-dırnağa problemdir.
O,
atasını bir daha diri görməməkdə ümidli idi.
***
Nəfs
davaları həmişə qaydasız olur.
Torpaqlar
bölüşdürüləndə, kəndçilər bir-birinə əl qaldırır, hətta yaba-dəryazı, balta-dəhrəni
işə salırdılar. Biri dərə istəmirdi, biri təpə. "Dərələr - nəğmələr bəzəyi, təpə
- dağın kiçik qardaşı,” - ağsaqqallar incik tərəfə guya tutarlı arqumentlər gətirir.
...
Biri
çayın dar yerini istəmir, biri - ğölə bənzər gen yerini. Lal-dinməz bir ailəyə
qanqallıq düşmüşdü. Bay, onların da dili qarnında imiş; ailə başçısı aləmi
bir-birinə qatdı.
İlan-qurbağa
xətti ilə yazdığı şikayət məktubunu idarə və təşkilatların başı üzərindən kağız
təyyarə kimi düz Prezident Aparatına uçurtdu.
Ordakılara
məktubun sonundakı bircəcik cümlə bərk yer eləmişdi - "Mən fəxr edirəm ki, "mən”
azərbaycanlıyam”, eşşək deyiləm. Ümidvaram ki, ailəmiz qanqallıq barəsində sizdən
müsbət cavab alacaq”.
Elə
məktub oxunan günü, şər vaxtı olsa da, Aparatdan rayona "molniya” teleqram
uçurtdular: şikayətə təcili baxılsın, təmin edilsin.
İnsanlar
o kənddə ancaq şikayətdən doğan ədalətlə yaşayırdılar.
Taqqanaq
torpaqlar, bataqlıq yerlər insanlığı-kəndçiliyi tapdayıb keçməyənlərə düşdü.
Rəşid
Şirxana tapşırmışdı: ək, biç, axırda məhsul sənin, torpaq mənim. Hanı bə?
Şirxan dilinə əziyyət verib, onu soruşmur da. Oğlunun qeyrətinə də yaxşı bələddi:
Moskvadan qaçaraq gəlib, ondan torpaq istəyəsi deyil.
Bütöv
Azərbaycan olsun, ya eni-uzunu beş qarış kiçicik bir yer - onun üçün bir gözdəydi.
Gözünü ancaq Bakının mərkəzindəki 120 kv.metrlik at min çap mənzilə dikib.
Miras
kimi bir onu tanıyır: torpaqdan azı on metr hündürlükdəki, pəncərəsi dəniz mənzərəli,
fəlsəfi anlamda qətiyyən Azərbaycan torpağı sayılmayası hava məkanı.
Torpaq
ona tarix kitablarında rastlaşdığı kəndçi üsyanlarını xatırladırdı.
Atom
müharibələri kəndçi üsyanları qədər qorxmc deyil.
Professorun
"Birja” qəzetindən tapdığı "gözəlçələr” işin bismillahını eləməmiş dabanqırdı
ordan qaçırdılar. "Verəcəyi pul görüm onun gözünə girsin!” "Ölməlidə şorgözlüyə
bax!” Bir qaçqın az qalmışdı onu tutdura da.
Ondan
cilov gəmirirdi: "Namusu itə atıblar, it yeməyib!” İntəhası, onda gərək bu
kişini türməyə xərəkdə aparaydılar. "Bə müsəlmançılığımız hardı qaldı,” - müstəntiq
professoru yağlı müştəri bilib, özü şikayətçini ram etdi.
Gör
neçə vaxtdı qoca şirlər kimi dişinə bir şey keçmir.
Ev
qulluqçuları, bu "həyasızka”lar yaman qeyrətli olurmuş. Ələlxüsus qaçqın
tayfası namus-qeyrəti çox qabardır. Əndamlarında ələgəlimli şeyləri ola, yenə dərd
yarıdır. Eh, qadının "qaval” dediyi dalı şişək quyruğu kimi yırğalanmadısa, at
getsin.
Hamısı
da ucdantutma arıq-turuq, avitaminozlu. Dəriləri - digir-digir, xəritə kimi
ala-bəzək. Üst-başlarından soğan-tər iyi gələr. Rəşidin lap əvvəldən "məkri-zənən”
sayılası qeyrətli arvadlarla arası yoxdu; onlar şər-xata olur.
Güman,
sevgi oyunlarını da bacarmazlar.
Üç-dörd
həftə əvvəl elə birisi, bunun dilindən mazaqlaşma təklifi üzülməmiş, çataçat
alnına bir "oğraş” sözü nalladı. Rəşid də ”pozğun” deyib, onu evdən qovdu.
"Onsuz
ərim ölüb”, ya "burda məni kimdi görən”, "hazır çörəkdən niyə qaçasan” - bu cür
düşünüb, ona "hə” deyənlər də az deyildi. Onların fikrincə, namus heç də sərfəli
şey deyil. İctimaiyyətin duyuq düşmədiyi gizlin işlər namusa xələl gətirməz.
Hə,
öpüşün bir qiyməti var, qalxıb onun üstündə oturmağın bir başqa qiyməti. 10 dəqiqə,
15, ya 20 - vaxt bitdisə, həzz də bitir.
Onsuz
bunun şoğəribi ördək kimi dimdiyini əbədən aşağı dikib - eşqdən yanğılı bu
yarımadamın üstündə deyə-gülə, həvəslə otururdular.
Belədə
həm namus əldən getmir, həm də əvəzində pul gəlir. Kim daş-başdan qaçar? Arada
çax-çux olmalıdır. Məvacibin başına daş düşsün, onunla dolanmaq olur ki.
Zırrama
barı əynindəki trusunusa özü aşağı çəkə. Barmaqlarını ilişdirib bir tərəfini
dartmaq istəyəndə, hökmən rezini qaçırdır.
Bununku
başqa şey yox ki - gözünün qurdunu öldürməkdi.
Nədənsə,
əsas da göbəkdən xoşu gəlir: barmağını hey onun içinə soxur. Dinməsən,
qıncanmasan, inan, deşə də bilər.
Amma
göbək can rahatlığıdır, bir növ, namusdan yan keçirsən.
***
Elə-belə
də iş deyil bu: Yer kürəsinin bir parçası onundur.
Xidmətçi
hər səhər onun çarpayısını tabut kimi dartıb eyvana çıxaracaq.
Gəzərgi,
çarxlı bir çarpayıdı bu. Kölgə kiçildikcə də, onu divarın dibinə çəkir.
Professor
yuxuya getdimi, binanın fasadı onun xorultusunu reproduktor kimi qarşı həyətlərə
ötürəcək. Xidmətçi hərdən onun qoluna toxunmaqla, xorultunu idarə edir. Xorultu
deyil bu - əcəlin addım səsləridir.
Üzdən
göyçək xidmətçi qulağının dibindəki bu əcaib səsləri hərdən özünə təhqir sayır.
Əvvəllər
gözəlliyinə qarşı bu cür etinasızlıqlara dözməzdi: zaman sıxdı, həyat suyunu
çıxardı, indi dözür.
"Sənin
çöhrəndən dəftərçəmə neçə şeir köçürmüşəm,” - qız vaxtı irigöz bir oğlanın ona
dediyi söz hələ də qulaqlarından getmir.
"Bircə
kölgə çəkilsəydi, bunun mitilini sürüyüb salardım içəri...”
Bay,
Rəşid xorultusunu kəsdi: dayan, bəlkə də oyanır.
-
Gördün sərçəni?! - birdən kişi gözüyumulu halda qışqırdı. Alnında tər
puçurlanırdı.
- Nə
sərçə?! Hanı?
- Bədənimdəki
cəngəllikdən uçub getmədimi?
- Elə
şey yoxdu! Sən yuxu görürsən.
-
...Sərçə özü mənə dedi: təzə yerimin üstündən uçub gəlmişdi.
- Sərçə
söz deyə bilər ki?
Professor,
üzü tavana, yaxın günlərdə sərçələrdən birini tutub, qarnını yırtmaq fikrində
olduğunu söylədi. Quşun çinədanındakı buğda dənələrini seyr etmək istəyir. Guya
dənələrdən öz torpağının ətrini alacaq.
Burda
xidmətçi dözə bilməyib, əl atdı üzünə, cırıb qoydu yerə.
-
Öllsənə öldüyün yerdəə!..
Qonşular
onun üstünə həkim çağırası oldu.
3 may - 29 oktyabr 2010-cu il