
Rauf Qaraişıq. "Söz" triptix (I yazı)
- 15.12.2019
- 0 Şərh
- 1049 Baxış
Söz - 1
Sözlər
də adamlar kimidir. Uzunu - qısası var, gözəli - eybəcəri, arığı - kökü var.
Uşaq vaxtından sözləri yadımda saxlamaq üçün hər sözü bir şəklə bağlıyıb
yaddaşıma atırdım. İndiki dillə desək assosiativ üsuldan istifadə edirdim.
Sonralar bu mənə xarici dilləri öyrənməkdə də kömək elədi.
Mənim
üçün ən arıq söz - un sözüydü.
"Kök”
sözü (sifət kimi) yadımda "Bir qalanın sirri” filmindəki Hadı kimi qalmışdı. O
sözü sevmirdim, gombul sözü ürəyimə yatırdı. Çünki gombul sözü toppuş
sözüydü, kök isə arıq sözüydü…
Ən gözəl
söz "ana” sözüydü. Simmetrik idi, həm də
soldan - sağa, sağdan- sola eyni cür yazılırdı. Dilimin əzbəriydi o söz. Əlifba
kitabındakı birinci sözüydü - yaddaşıma həkk olmuşdu. "Nənə” sözündən ötrü ürəyim
gedirdi. Hər dəfə görəndə nənəmi gətirirdim gözümün qabağına, sevinirdim, ağzım
sulanırdı. Nabat idi adı nənəmin. Nənəmdən ötrü çox darıxırdım. Uzaqda olurdu.
Az-az görürdüm.
Uşağıydım…
Ən
çirkin söz mənim üçün "sumbata” sözüydü. Erməni adına oxşayırdı, yəqin ona görə.
O sözü heç sevməzdim, həmişə "наждак” deyirdim. Çox sonralar Ankarada bir
dostumuzun fabrikasında onu mənə "zımpara” kimi təqdim etdilər. Qayıtdım dedim:
"yox bir, zonquldaq!”
Türk
dostum birtəhər oldu: "Zonquldaq - bizdə şəhər adıdır”.
Bəxtsizdir
bu zımpara, hansı dilə çevirsən də biədəb səslənir…
Eynilə
bəxti gətirməyən adamlar kimi, sözlər də bəxtsiz olurmuş.
Ən
qısa söz - an sözüydü.
Atamdan
soruşdum ki, an nə deməkdir, əliylə bir kök çırtıq çaldı. Budur - dedi.
Xoşum
gəldi…
Ən
uzun və çətin sözlərdən iki söz vardı. Müəllim və mühəndis. Tez-tez işlətməli
olurdum bu sözləri. Anam müəllim, atam mühəndis idi. Soruşurdular, deyirdim. O
sözləri deyəndə üzüm ağrıyırdı…
Sonra
"müsəllət” sözünü əzbərləməli oldum və bildim ki, nəsə bu "mü” ilə başlayan
sözlərin elə suyumu beləymiş… Bir az sonra "mükəlləfiyyət” sözünə qoşulub
getdik hərbi komissarlığa. "Mükəlləfiyyət” - gördüyüm ən uzun söz oldu.
Sözlər
də adamlar kimidir.
Canlıdırlar.
Cavan sözlər, qoca sözlər, unudulmuş sözlər, dustaq sözlər…
Bir
neçə il Sumqayıtda yasaq olunmuş bir söz vardı. "Şənlik” sözü.
Sovetin
vaxtıydı, şəhərin başçısının adı Şənlik olduğundan onu yazılarda başqa sözlə əvəz
etməyi tapşırmışdılar. Dustaq eləmişdilər o sözü.
Sözüm
onda deyil.
Eşitdim
ki, sözləri qayçılamaq, incitmək istəyirlər. Dedim mən də öz sözümü deyim.
Bu işi
ortalığa atan adamlara bir söz demək istəyirəm:
"-
Sizin əlinizin 10 barmağından 2-3 dənəsini kəsib atsalar, necə olar?
Qələmlə
yazı yazsanız 3, klaviaturada yazsanız 1 və ya 2 barmaq işlədirsiniz onsuz da, siqaret çəkib
çay içməyə, nərd oynamağa da kifayət edər. Başqa nə işiniz var ki…”
Sözümün
canı odur ki, sözlər canlıdır, işiniz olmasın onlarla. Lap elə "mü” ilə
başlayıb "ət”lə qurtarsa belə…
Rauf
Muradov
050818,
Sh.