
Rauf Qaraişıq. "Söz" triptix (III yazı)
- 21.12.2019
- 0 Şərh
- 2313 Baxış
Söz-3
Bu dəfə
də təsəvvürünüzə gətirin ki, hər bir söz bir düymədir - bütün dünyaya sığışan nəhəng kompüter
klaviaturasının bir düyməsidir.
Və biz
danışdıqca görünməz bir əl o klaviaturada nəsə yazır…
Və
doğulandan bu ana qədər nə demişiksə, hamısını bitdə-bitdə yazıblar.
Və
oxuyublar.
Və hər
şeyi yadlarında saxlayıblar.
Və
bizim sabahımızın ssenarisini yazanda əvvəlki cızmaqaralara baxıb ordakı sözlərdən
istifadə edəcəklər. Ordakı deyimlərin üstündə quracaqlar olacaqları.
Srağagün
- dünən - bugün dediyimiz, yazdığımız, sadəcə düşündüyümüz, hətta köçəri meteorit kimi ağlımızdan uçub keçən ötəri
fikirləri təşkil edən sözlərdən yazılacaq bizim gələcəyimiz…
Deyirlər,
adamlar həyatı boyu işlətdiyi sözlərin 80 faizini dörd yaşına kimi öyrənir!
Deyirlər…
Sözüm
ondadır ki, "extiyatlı" olun! Üzürlü sayın, Bakıdan yenicə gəlmişəm,
orda elə deyirlər. "Xara qedirsənsə, oranın dilini qötürürsən"…
Sözümün
canı odur ki, hər zaman ehtiyatlı olun, hər dəfə ağzınızdan, barmaqlarınızın
arasından sözü azad etməmişdən əvvəl onu qəlbinizin "elektron" tərəzisində
çəkin, 5-10 saniyə gec olsun, ama güc olsun, nə təhər deyərlər. Nə deyəcəklər,
desinlər.
Uzaqbaşı
deyəcəklər ki, kütdür, astagəl adamdır, ya da sadəcə, deyəcəklər ki, ləngdir,
ağır adamdır. Nə deyirlər desinlər, "zato", (yenə getdim düşdüm
Bakıya), sabahkı günün triller yox, psixoloji drama yox, qəşəng bir ailə filmi,
nəbilim, sevgi filmi, həyatın ən dadlı duyğuları ilə dolu olan bir film kimi çəkiləcək…
Hər
şeyə qulp (mız da deyirlər, biləsiz, amma mən bilmirəm mız nə deməkdir, biləsiz)
qoyan ölkədaşım deyə bilər ki, bir sözlə nə olandır ki?
Yaradanın
"Ol" kəlməsindən sonra nə baş verdiyini demirəm.
Bircə
"Atəş", yəni "Огонь", yainki "Fire" kəlməsi nələr törədə bilər, onu da demirəm.
Sözüm
odur ki, əgər həqiqətən də bir sözün qüdrəti bir kompüter düyməsinin gücü qədərdirsə;
və o düymənin basılması ilə yer üzünün basılması mümkündürsə, onda deməli, mütləqa
ehtiyatlı olmalıyıq, həzərat!
Qılıncdan
iti, güllədən sürətli, lazer şüasındansa həm iti, həm sürətli, həm də güclü
olan sözü "kullananda" ehtiyatlı ol, mənim ölkədaşım,
şəhərdaşım, qardaşım!..
Deyirlər,
çiynimizdə oturan mələklər savabı da, günahı da yazır. Həm də deyirlər, günahı
nə qədər ki, etməmisən yazmazlar. Amma savabı, hətta ürəyindən keçibsə belə, dəftərə
qeyd edərlər.
Düz
deyirlər!
Günahı
da, savabı da dəftərə sözlə yazırlar.
Sözlə.
Belə
ki, sözə baxın!..
Ehtiyatlı
olun!
27112019
Southampton