Rauf Ra - Rəhman Mirzəlizadənin göz qırpma oyunları...
Esse
- 21.04.2021
- 0 Şərh
- 8023 Baxış
Məşriqdən qeydlər:
"Şüurun sükut halından birbaşa sentiment halına keçidi - su və yağ qarışımına bənzər, gözəçarpan ayrılmanın baş verməsi."
Poeziyada bu formada keçidlərin ifadəsi zamanı hökmverici ayrılmanın baş verməməsi çox zaman ustalığın (təcrübənin), bəzən isə sadəcə təsadüflərin sayəsində baş tutur.
Bu səhər Rəhman Mirzəlizadənin şeirlərini oxuyarkən "Gecə işıqları və sərçə" şeirinin başlığı diqqətimi çəkdi:
"Qaranlığı qurcalayan bir fənər
sərçə olub ovucunda gizlənər..."
Nabokov və Eliotluq olmasın, əvvəla "ümid edilən azlıqdan" həssaslıq və sentimentallığı, hiss və duyğunu qarışdırmamağı xahiş edirəm. Rəhmanın bu iki giriş misrası qarmaşanın düşməməsi üçün bizə yardımçı olacaq.
Fənərin qaranlığı qurcalaması pıçıltıdır - həssaslığın ifadəsidir (gözəldir), sərçə olub ovucunda gizlənməsi - sentimentallığa keçiddir. Bu arada təkrarçılıq olsa da, bir xahişim daha var. Bu sentimentallığı "periferiya sentimentallığı" ilə də səhv salmayıb ikrah hissi doğurmadığını desək, nə piyada fəda edərik, nə də şah həyəcanlanar.
Belə keçidetmələr qaranlıqda gözlərini qırpmağa bənzəyir. Gözlərini örtmək təcrübənin, açmaq isə təsadüfün (qeyri-ixtiyari) yaratdığı keçidlərdir.
"kimsəsiz küçəni işıqlandıran lampanın şüursuzluğu..
söndür işığı, anam...
qaytar məni bətnindəki qaranlığıma..."
Rəhmandan eyni stildə daha bir göz qırpma oyunu.
Bunun böyük bir zəhmətin də nəticəsi ola bilmə ehtimalını gözə alıb deməyə tərəddüd etsəm də, məncə, Rəhmanın şəffaf keçidetmə oyunlarının əsas səbəbinin təsadüf olduğunu deməliyəm. Amma ən gözəli müəllif səmimiliyinə üz tutmaqdır.
("Amma"ların bir işi gözəldir ki, tərəzi mərkəzindəki sabitləyici rolunu belə anlarda çox gözəl oynayır. )
Daha bir "amma" da var ki, o da Rəhmanın bəzən "əyalət sentimentalizmi"nin tam mərkəzinə getməsidir:
"özünü əynindən çıxarıb yuyası gəlir adamın,
sonra zivədən asmağı...
zivənin altına tutub ağzını
özündən damcı-damcı süzülən suyu içəsi gəlir adamın..."
Kəsəsi, monotonlaşan sentiment - qanundankənar misra təsiri...
Bir-birinə qarışmış şüur və ilham axını - alınmayan gedişat dəyişmələri.
Və ya dəyişilmiş formalizm köməyi və kontekst eyniliyi ilə təkrarlanan "hermetik poeziya" cəhdləri:
"necə də azadıq!
yerə çəkilmiş
quş şəkli kimi..."
Bəzən isə primitivizm saflığına qayıdaraq ibtidai düşüncənin, uşaq "şüşə intellekti"nin təsviri:
"Öləcəyik... bu gün, sabah...
Yenə axşam
örüşündən qayıdacaq naxırlar...
Yatağında düşünəcək bir uşaq:
görən, gecə sərçələr
hara yoxa çıxırlar?..."
Heç də ritorik olmayan bir sual yaranır. Sərçələr harda yoxa çıxırlar, uşağın şüurunda, yoxsa gecədə?
(Qeyd: Bu kiçik yazı səhər qeydləridir - səhər idmanıdır.)