Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında
Tənqid
- 29.07.2019
- 0 Şərh
- 7076 Baxış
1
Müstəqillik dövründə Birinci Türkoloji qurultay türkoloqların çox maraqlandığı mövzuya çevrilib. 1926-cı ildə baş tutmuş qurultayın 80 və 90 illik yubileyləri az qala bayram kimi qeyd edildi, stenoqram və müxtəlif məqalələr məcmuəsi buraxıldı. Özlüyündə bu müsbət bir haldır, dilçilər arasında millətçi düşüncənin daha da artdığını göstərir.
Bəzi tarixçi və jurnalistlər Türkoloji qurultayı az qala millətçi ziyalıların fəaliyyətinin və təşkilatçılığının nəticəsi kimi təqdim edirlər. Lakin belə təşəbbüslər tarixi həqiqətə ziddir. Birincisi, bu qurultay türkoloqların yox, SSRİ Millətlər Komissarlığının planı əsasında baş tutub. İkincisi isə, bu qurultayın yaxşı nəticələri ilə yanaşı pis nəticələri, türk xalqlarının maarifinə və tərəqqisinə ziyan vermiş nəticələri də olmuşdur. Biz bunlardan ikisi: ərəb əlifbasının dəyişilməsi və orfoqrafiya haqqında qərarlar barədə danışmaq istəyirik. Bunların hər ikisi ziddiyyətli idi, birmənalı deyildi.
Birinci, əlifba dəyşməsi anlayışı haqqında. Mədəni xalqların heç birində əlifba dəyişdirilməsi faktı olmayıb, olanda da ancaq dinin dəyişməsi ilə bağlı olub. Bunun da sadə bir səbəbi var: hər bir xalqın mədəniyyəti, ilk növbədə, onun öz dilində yazılmış mətnlərdən ibarətdir. Xalqlar öz birliyini ortaya qoyub sübut etmək üçün ən çox bu mətnlərin vahid bir mədəniyyət olması və eyni bir dildə, onun ləhcəsində yazılması ilə sübut edir. Hər bir xalqın birliyi onun tarixən yaratdığı mətnlərdə və bunlarda sabitləşən ədəbi dildə, milli birlik şüurundadır. Biz xalq kimi öz birliyimizi və qədimliyimizi, ilk növbədə XIII-XIV əsrlərdə təşəkkül edən türkdilli mətnlərimiz vasitəsi ilə əsaslandırırıq və deyirik ki, biz də qədim xalqıq. Hər bir xalqın tarixi öz dilində ortaya gələn mətnlər və bunlarda istifadə edilən yazı mədəniyyəti ilə bağlıdır. Ona görə 1949-cu ildə Fələstində İsrail dövləti yaranan kimi onlar yəhudilərin əksəriyyətinin çoxdan unutduğu ivrit dilini dövlət dili elan etdilər. Əslində ivrit qədim arami ədəbi dilinin yazılı ləhcəsi idi. Amma yəhudilərin ağıllı başları bilirdi ki, dövlətin tarixi xəritədə yeri olmalıdır, bunsuz onu heç kim qəbul etməz. Ona görə də İsrail dövləti özünü iki min əvvəl Fələstində olmuş yarımif dövlət qurumunun və onun ərazisində istifadə edilmiş qədim yazı ləhcəsinin varisi elan etdi. Bütün İsrailə köçən yəhudiləri də məcbur etdilər ki, ivriti öyrənsinlər. Bu dil milyon sözdən ibarət deyildi, qədim mətnlər cəmi 1200-1600 söz və birləşmədən ibarət idi və hövsələli yəhudilər bunu öyrəndi.
Rusiya türklərinin əlifbasını dəyişmək məsələsi rus çarlarının fanatik və mistik ideyası idi. Əslən ruhanı köklü olan Romanovlar bütpərəst Sibir xalqıarını xristianlığa gətirdilər və bununla özlərini Allah qarşısında ən böyük savab sahibi hesab etdilər. Çünki kimsə çarlara sərsəm bir ideya təlqin etmişdi: Rusiya müsəlmanlarını da pravoslav kilsəsinə gətirmək olar, amma bunun üçün əvvəlcə onları Quranın əlifbasından ayırmaq lazımdır. Ruslar necə xristian olduqlarını yaxşı bilirdilər. Onların yazısı vizantiyalı hakim qeysərin əmri ilə Kiril və Mifodinin qədim slavyanlar üçün yaratdığı əlifba ilə başlayırdı. İndi bu cür müsəlman türklər (tatarlar) üçün də yeni dinin yaranması təzə əlifba ilə, yəni ərəb əlifbasının kiril əlifbası ilə dəyişməsi ilə başlamalı idi. M. F. Axundzadə bunun mənasını yəqin ki bilirdi və erməni Mirzə Melkum xan kimi ruspərəst ziyalılar da buna kömək edirdilər.
XIX əsrdə bu iş baş tutmadı. XX əsrdə Romanovlar yıxıldı. Onların yerinə gələn bolşeviklər də Romanovlar kimi mistikaya meyilli idilər. Ona görə xristianlığı yaymaq yerinə dünya sosialist inqilabı ideyası gəldi. Birinci Türkiyə, İran, Əfqanıstan kimi müsəlman ölkələrində "dünya inqilabı” etmək istədilər. Lakin əvvəlcə islam dinini aradan götürmək lazım idi, çünki ictimai rəyi ruhanilər formalaşdırırdı və onlarsız müsəlman ölkələrində "dünya sosialist inqilabı” eləmək mümkün deyildi. Bolşeviklər müsəlman ölkələrində ruhaniliyin hakimiyyətini sarsıtmaq üçün çarların əlifba layihəsini yada saldılar. Onlara belə gəlirdi ki, müsəlman xalqların əlifbasını dəyişmək onları sosialist inqilabına gətirmək üçün yaşıl işiq yandıracaq.
Artıq 1921-cı ildə – oyuncaq qurultaydan beş il əvvəl – Moskvada bolşeviklər Ümumittifaq Sovetləri Mərkəzi Şurası yanında Ümumittifaq Yeni Türk Əlifbası Komitəsini yaratdılar. Onun sədri Nərimanovun Bakı hakimiyyətində varisi Əliyev Səmədağa Ağamalıoğlu (1867-1930) oldu. O, N. Nərimanovdan qat-qat dayaz adam idi, Moskvanın bütün əmrlərini sözsüz icra edirdi. Ona görə Nərimanovun yerinə-vəzifəsinə qoyuldu, İnqilab Komitəsi sözünü Mərkəzi İcraiyyə Komitəsi termini ilə əvəz etdilər. Yeni əlifba Komissiyasının sədrliyinə namizəd ona görə bizdən oldu ki, o zaman Azərbaycandan başqa heç yerdə türk kökənli ruspərəst bolşevik ziyalılar yox idi. Ağamalıoğlu isə, əslində, ziyalı yox, vəzifəpərəst müstəmləkə məmuru idi. Əlbəttə, N. Nərimanov bu işdə iştirakçı olmaq istəmədi, çünki əsərləri ərəb əlifbasında yayılmışdı və başa düşürdü ki, əlifba dəyişikliyinin milli tərəqqi ilə heç bir bağlılığı yoxdur, bəlkə əksinədir. Daha doğrusu, müsəlman türklərin siyası yönünü dəyişməyə xidmət edir.
Ağamalıoğlu Qori Seminariyasını bitirmişdi, amma bilik və savadından böyük mövzulara girişir, əsərlərində bütün türk xalqlarının mədəni "qayğı və problemlərindən” danışırdı. Əslində isə, türklərin qayğılarından yox, Moskvanın Rusiya türklərini islam köklərindən ayırmaq planlarına xidmət edirdi. Onun kitablarının adlarına baxın:
"Azərbaycanın siyasi vəziyyəti" (1919)
"Bizim yolumuz hayanadır?" (1924)
"Türk aləmində mədəni məsələlər" (1924)
"Türk-tatar xalqlarının təxirəsalınmaz mədəni ehtiyacları" (1925)
"Elmdən və tarixdən", "Yeni türk əlifbasının müdafiəsində" (1927)
"Oktyabr inqilabı və yeni əlifba" (1927)
"İki mədəniyyət"(1929) və s.
Ağamalıoğlunun bioqrafiyasında yazırlar ki, Leninlə görüşüb, əslində isə, belə bir görüş olmayıb. N. Nərimanovun yerinə onun namizədliyi irəli sürüləndə nomenklatur qaydada V. Lenin onu qəbul edib. O, Leninə Millətlər Komissralığının qarşısına qoyulan vəzifələri can-başla yerinə yetirəcəyini vəd edib. Bunlardan biri də türklərin özünün xəbəri olmadan onların əlifbasının dəyişilməsi söhbəti olub. Moskva əlifba layihəsini icra üçün xırda adamlardan istifadə edirdi.
1926-ci ildə bolşeviklər Türkoloji qurultayı Bakıda təşkil etdilər. Daha doğrusu, Rusiya büdcəsi hesabına hər türk tayfasından 1-3 adam yığıb, adını qurultay qoydular. Qurultay nümayəndələri kimi təmsil edirdilər? Ancaq özlərini, çünki mənsub olduqları tayfalardan mandat, etimadnamə almamışdılar. Hamısı da marksist və ya marksizmə meyilli adamlar idi. Üçdə biri isə heç qurultaya niyə gəldiyini bilmirdi, partiya orqanları onları ezamiyyətə yollamışdı. Cəmi yüz ona yaxın adam idi, saysan türk ləhcələrinin sayı bu rəqəmdən çoxdur.
Bizim tərəfdən bu işi Moskvanın təsiri ilə dəsrəkləyənlər cavan və az savadlı bolşeviklər idi. Azərbaycan ziyalı və müəllimlərinin böyük əksəriyyəti isə latın əlifbasının əleyhinə olub. Amma bolşeviklər bu mövqedə olanlara mətbuatda çıxış etməyə imkan verməyiblər. İndiki "qurultayşünaslar” da buraxılan kitablarda əlifbanın dəyişilməsi əleyhinə olanların mövqeyi barədə bir kəlmə belə yazmır.
Çünki latın əlifbasını tərifləyənlər, bunun Azərbaycana tərəqqi gətirəcəyini deyənlər elə Ağamalıoğlu kimi sadəlövh idilər. Növbəti əlifba dəyişikliyi haqda da bunu demək olar: tarix ikinci dəfə təkrar olunanda məzhəkə kimi təkrar olunur. Bu bizim millətçi ziyalıların başındakı cəhalətin törətdiyi hadisə oldu.
1930-cu ildə rəsmən latına keçiddən cəmi on il sonra artıq "türklərdən” heç nə soruşulmadan Moskvanın fərmanı ilə Azərbaycan əlifbası kirilə çevrildi. Bu əlifba islahatının siyasi mənasını və hədəflərini ortaya qoydu: ruslaşdırma.
Moskva istədiyi qərarların qəbuluna nail oldu. Qurultay heç bir səlahiyyəti olmasa da, əlifbanın dəyişməsi haqda "qərar " qəbul etdi. Moskvadan bəri bütün bolşevik mətbuatı Birinci Türkoloji Qurultayın keçirilməsi və türk xalqlarının latın əlifbasına keçməsi barədə qərarını yaydı. Halbuki türk xalqlarının, o sıradan Azərbaycan xalqının bu qərardan xəbəri yox idi. Üstəlik, o zaman savadlı adamların və ruhanilərin əksəriyyətinin buna qarşı olduğu nəzərə alınmadı və heç xatırlanmadı.
İndi biz Birinci Türkoloji Qurultayı tariximizdə və dərsliklərdə necə qeyd etməliyik? Əlbəttə, obyektiv şəkildə desək, şüurumuza və milli yaddaşımıza nəhəng ziyan vurmuş bir hadisə kimi! Bayram kimi yox. Çünki latına keçiddən sonra Azərbaycanda təhsilin səviyyəsi aşağı düşüb, əmək məhsuldarlığı da bir zərrə artmayıb, çoxsaylı fabrik və zavodlarımız bağlanıb. Çünki əlifba tərəqqi aləti deyil, savad və məlumat almaq alətidir. Bu isə fərdi zəhmətlə olur, rusdan qalan təhsil sistemini dağıdıb sadələşdirməklə yox. Bir də əlifba dəyişməsi Azərbaycan xalqını 1940-cı ilə qədər yaranan azı 600 illik mədəniyyətə yad edib, yəni yaddaşsız topluma çevirib.
2
Birinci Türkoloji qurultayın mübahisəli qəraralarından biri orfoqrafiya haqqında idi. Bu qərarda göstərilirdi ki, yeni əlifba üçün opfoqrafiya qaydaları fonetik və morfoloji principə əsaslanır. Məsələnin özünün qoyuluşu doğru deyildir. Qurultaya qədər Azərbaycan ləhcəsində 600 illik tarixi olan yazılı mətn və yazı təcrübəsi vardı, yəni yaxşı-pis orfoqrafiya formalaşmışdı. Amma bu qərardan belə çıxırdı ki, kimlərsə yeni orfoqrafiya yatatmalıdır. Halbuki təkrar edirik, 600 illik anadilli mətnlərdə müəyyən yazı qaydaları ənənəsi var idi. Bu qaydalar o qədər sabit idi ki, əksər türk tayfalarında Nəsimi, Füzuli, Yunis Əmrə kimi şairlərin şeir divanlarını oxuyub başa düşürdü. Heç kimin təsdiq etmədiyi, tərtib etmədiyi "natamam” ərəb əlifbasına əsaslanan yazı qaydaları, əslində, kortəbii ümumtürk dili idi. Və bu ümumtürk dili haqqında söhbətlər də ümumtürk şairlərinin mövcudluğundan doğmuşdu, onların bütün məkanlarda və bölgələrdə rahat oxunmasından doğmuşdu.
Bu mənada, yeni orfoqrafiya yaratmaq bəyanatı savadsız bir iddia idi, çünki olan şeyi yenidən yaratmaq olmaz. Söhbət anacaq tədris niyyəti ilə orfoqrafiya lüğətləri tərtib etməkdən gedə bilərdı. Böyük dolaşıqlıq yaradan məsələ fonetik prinsipin bizim orfoqrafiyanın əsası kimi irəli sürülməsi idi.
Ərəb əlifbasında yazılan divan ədəbiyyatının mətnlərində müəyyən özünəməxsus orfoqrafik qaydalar var idi. Bütün hallarda yazanın özünün savad və vərdiş səviyyəsi mühüm rol oynayırdı, klassiklərin, Füzuli qarışıq, savadsız katibləri qınaması da burdan gəlirdi. Lakin tarixilik prinsipi sadə bir şeyə əsaslanırdı: sözü düz yazdığına şübhələnəndə əlinə düşən birinci kitaba baxmaq kifayət idi, yəni əvvəl yazılan kimi yazmaq kifayət idi. Sual doğa bilər: orfoqrafiyada tarixilik prinsipi necə yaranıb, birinci kitab hansı olub?
Yeni eradan əvvəl ikinci əsrə qədər sözləri tələffüz olunan şəkildə yazırdılar. Daha doğrusu, orfoqrafiya anlayışı olmayıb. Nəzərə almalıyıq ki, müasir maarifin yaranmasının ən mürəkkəb məsələsi elə əvvəl yazılan mətnləri düz oxumaq problemi idi. İndi hər məktəblinin evdə orfoqrafiya lüğəti olduğu bir şəraitdə bunu başa düşmək asan deyil. Amma orfoqrafiya anlayışı yaranana qədər 150 min il insanlar yazı yazıblar. Amma onlar itib batıb, bizə çatanları isə indiki alimlər tapmaca kimi oxuyur. Niyə? Ona görə ki, orfoqrafiyasız yazılan yazı fərdi istifadə üçün olur, çünki ümumi oxunuş kodu olmayan, yəni orfoqrafiyasız yazılan şeyi oxumaq, daha doğrusu, identik, eyni cür oxumaq qeyri-mümkündür. Ona görə yazı-pozu öyrənməyin ən çətin yeri yazmaq yox, əvvəlkiləri düzgün oxumaq olub. İndi də eşidirik ki, filan məktəbdə 7-ci sinifdə şagirdlər höccələyə-höccələyə kitab oxuyurlar, əslində kitab oxumağı öyrənməyiblər. Nəyə görə oxumaq yazmaqdan vacibdir və çətindir ? Ona görə ki, yazı informasiyanı maddiləşdirmək di. Oxumaq isə informasiyadan istifadə di. Mətn oxunmursa, yazı istidadəyə yaramır, lazımsız olur, tərəqqiyə xidmət edə bilmir və mədəni dövriyyədən çıxdaş olur.
Orfoqrafiya həm də savad öyrənən adamın özündən əvvəlki mətnlər və informasiya bazasından istifadə etmək məsələsidir. Bunsuz min illər sivilizasiya yerində sayıb. Ona görə ki, əvvəlki informasiya daşıyıcılarına, kitablara yol tapmaq, onları mənimsəmək üçün universal və sabit kod yox idi, yəni orfoqrafiya mövcud deyildi. Hətta orfoqrafiya epoxasına can atmaq danışığa, qulaqla eşidilənə mümkün qədər yaxın olmaq kimi başa düşülürdü. Belə də yazırdılar. Amma sonraki nəsil bu yazları oxuya bilmirdi, daha doğrusu, hərə bir cür oxyurdu. Yəni keçmişlə informasiya əlaqəsi, keçmiş biliklərlə varislik əlaqəsi yarana bilmirdi, adamlar öləndə bilikləri də onlarla ölürdü, sonraki nəsillərin malı olmurdu. Nəyə görə? İndi sadə görünən orfoqrafiya kodunun yoxluğuna görə! Bu kodun yoxluğu qədim zamanlarda dini kitabların avazla, ritmlə oxunub əzbərlənməsi ilə doldurulurdu. "İlliada” və "Oddiseya”, Tövrat və Quran ritmik şeirlə yazılıb. Nə üçün? Ona görə ki, qədimlərdə bu kitabların oxunuşu xorla oxu şəklində öyrədilirdi. Müsəlman-türk ordularında mollalar əsgərlərə dini qoşma dilində, yəni ritmikadan stifadə etməklə təbliğ edirdilər. Bütün dinlərdə ruhanilər müqəddəs kitabları ritmlə oxuyur və təbliğ edirlər. Bizim mollaxanalarda da dünənəcən belə idi. Məhz tədris məqsədi ilə orta əsrlərdə elmi kitablar ritmik nəzm kimi yazılırdı, şagirdlərin bu kitabları düz və başlıcası, asan oxuması və yadda saxlanması üçün belə edilirdi.
Bəs orfoqrafiya necə yarandı?
Orfoqrafiya da bəşərin əksər kəşfləri kimi təsadüfən yaranıb. Yeni eradan əvvəl ikinci əsrdə Fələstində ruhanilər Tövrata 60 fəsillik (cildlik) şərh yazdılar və bu şərhlər tarixdə Talmud adı ilə qalıb. Bu şərhlərə qədər allahlar haqqında kitablar peyğəmbərlərə (kahinlərə, katiblərə) aid edilirdi. Talmudda ilk dəfə Tövratın müəllifliyi Allaha aid edildi və onun Allah yazısı olduğu irəli sürüldü. Yazdılar ki, Tövratı Allah Musaya şifahi şəkildə verib, sonralar isə onu yazıya alıblar. Bu ehkamın sivilizasiya üçün çox böyük nəticələri oldu:
1. Tövratın tarixilik prinsipi ilə əvvəlki əlyazmalarla mütləq eyniyyət şəklində köçürmək tələbi meydana çıxdı, Allahın kitabını səhv köçürmək ağır günah elan edildi. Yəni əslində Tövratın Allahın sözü elan edilməsindən orfoqrafiya anlayışı ortaya gəldi və Tövratın özü ilk orfoqrafiya kitabı oldu. Sonra İncil, Quran da bu vəzifəni yerinə yetirirdi.
2. Kitabxana və kitabın müqəddəsliyi anlayışı yarandı. Allahın sözünü atmaq, yandırmaq günah elan edildi. Köhnə kitablar üçün kitabxanalar yarandı və onlar qorunmağa başlandı. Yalnız bundan sonra yazılı mətnlər universal informasiya daşıyıcısı oldu.
3. Allah kəlamını səhv yazıb, oxumaq günahından qaçmaq üçün Allah yazısı olan Tövratı (oxu: İncil, Quran) düzgün köçürmək və düzgün oxumaq məqsədi ilə ana dilində təhsil və məktəb yarandı. Bu, indiki icbari orta təhsillə və vahid ümümbəşəri informasiya bazasının yaranması ilə bitdi. Bircə Quran tərcümə olunmadığı üçün müsəlman xalqlar bu dinə gəlməklə anadilli məktəb sahibi olmadılar. Yalnız İranda yunan əlifbasına əsaslanan yazı və məktəb qaldı. Amma o da islamlaşıb ərəb əlifbasına keçdi.
4. Növbə ilə bütün xalqların yazısında tarixilik prinsipinə əsaslanan orfoqrafiya anlayışı yarandı. Orfoqrafiya sivilizasiyanın tərəqqi sürətini 100 dəfə artırdı. Çünki orfoqrafiya sayəsində heç bir informasıya, hətta söz belə yazıya düşəndən sonra itmədi. Yəni, sözün, yazının əbədiliyi bərqərar oldu və s.
Həqiqət budur ki, bizim 600 illik divan yazısı və divan ədəbi dilinin orfoqrafiyası tarixilik prinsipinə əsaslanırdı. Bu nə deməkdir?
1. Quranda olan və bizim dilimizdə işlənən sözlər Quranda yazıldığı kimi yazılırdı.
2. Hər bir söz qələm əhlinin həmin sözü oxuduğu əvvəlki kitabda, divanda olduğu kimi yazılmalı idi.
3. Fars sözləri (lüğətimizin yarısı saydadır) fars dilində yazldığı şəkildə, yəni Firdösidə, Hafizdə, Sədidə və c. olduğu kimi yazılırdı. XIV əsrdən 1920-ci ilin sentyabrına qədər mollaxanalar əsas məktəbimiz olub və onların ana dili farsca olub.
Osmanlı imperiyasının 1911-cı ildə Birinci Balkan müharibəsində məğlubiyyəti və böyük ərazilər itirməsundən sonra türk millətçiliyi ideyaları Azərbaycanda və digər müsəlman türklər arasında sürətlə yayılmağa başladı. Müsəlman türkləri qorxdular: Osmanlı dövləti xristian dövlətləri tərəfindən aradan götürülərdisə, türklərin yeganə dövləti yox olardı. Bu qorxu türk həmrəyliyi və türk mədəniyyətini bərpa etmək hərəkatı yaratdı. Birinci qurultaya yığılmış əsas dilçilər bu ovqatda idilər. Onlar türk mədəniyyətinin ərəb və fars mədəniyyətindən ayrı köklərini axtarırdılar. Bu ifrat sadəlövh ovqatlar idi, çünki türk mədəniyyətini fars-ərəb mədəniyyətindən ayırmaq mümkün deyildi, bu, müəyyən mənada bir mədəniyyət idi. Necə ki, fransız və ingilis mədəniyyətlərini xristian mədəniyyətindən ayırmaq mümkün deyil və bu, heç kəsin ağlına gəlmir.
Qurultayın orfoqrafiya ilə bağlı reallığı görməməzliyə vuran qərarı həm də bu ovqatlarla bağlı idi. Avropa dilçiliyindən məlumdur ki, türk dilləri aqlitunativ tipə aiddir. Ona görə qərara gəldilər ki, morfoloji prinsipi əsas tutmaq lazımdır. Şəkilçilər, köməkçi sözlər hamısı sözün arxasına süni olaraq yapışdırıldı.
1. Hətta sual mənası yaradan mi-nı da şəkilçi kimi sözə qoşdular. Halbuki "mi” şəkilçi deyil. Necə ki, "görən gəlib?”, "ola gəlib?” – ifadələrində sual mənası müstəqil sözlərlə yaranır.
2. Şərt mənası yaradan "sə” də şəkilçi deyil və ayrı yazılmalıdır, danışıqda da ayrı vurğu ilə deyilir.
3. Gələcək zamanı bildirən "acey/acax,/ acağ”-ı da şəkilçiyə aid edib, süni olaraq "acaq” şəkilçisi yaratdılar. Heç kəs indi də "acaq”, yəni "q” səsi ilə tələffüz etmir.
4. Dilimizin ən doğma bağlayıcısı olan nan sözünü yazıdan qovdular. Yerinə və, ilə yazdılar. Rəhmətlik Səlim Cəfərov mühazirədə dedi ki, nan hal şəkilçisi qəbul olunmadı, çünki ismin yeddinci halını istəmədilər. Amma nan şəkilci seyil, müstəqil sözdü və ayrı yazılmalıdı.
5. Miş/biş keçmiş zaman bildirən sözü də şəkilçi elədilər. Azərbaycan dilinin xəbər formaları içində mişdi, mişmiş, ibdi kimi tavtaloji və səhv xəbər formaları norma sayıldı. Biz məktəbdə oxuyanda dərslikdə olub, edib, yeyib, gəlib formaları feli bağlama adlanırdı. Amma mən bu bağlamanın nə olduğunu indi də anlamıram. Ib/ib şəkilçisi keçmiş zamanda hərəkət və hadisənin bitdiyini bildirir. Atam gəlib. Qonşu ölüb və s. Çörəyimi yeyib, işə getdim, – cümləsi tabeli mürəkkəb cümlə sayılır, əlbəttə, səhvdir. Çörəyimi yeyib, getdim işə. Tabesiz mürəkkəb çümlədir. İb də müstəqil xəbər şəkilçisidir. Türk tayfaları iç-içə yaşayıblar. Ona görə bir tayfada işlək olan xəbər şəkilçisi o biri tayfada kafi sayılmayıb. Yazıb: gəl+miş+dir. Səhv formadı. Ya gəldi olmalıdı, ya da gəlmiş. Cənub ləhcəsində miş çox vaxt di-siz işlənir.
Dünya dillərində zaman mənası yaradan sözlər adətən ayrı yazılır. Amma kor-koruna hər şeyi şəkilçi etmək pis bir ehkamçılıq əlamətidir. Bəzi dilçilər orfoqradiyanın morfoloji prinsipə əsaslammasını hər şeyi şəkilçiləşdirmək kimi başa düşdülər. Bunu edənlərə elə gəldi ki, türkcənin spesifikasına yaxınlaşırlar. Amma əslində dilin canlı və işlək faktlarını orfoqrafik normadan kənar elan edirdilər. Hansı ki – sözü düz deyil. Ki nən cümlədə bir budaq cüməsi işlənə bilər. Canlı dildə axı belə deyil. Belə süni normalar dilin elastik ifadə imkanlarını, xüsusilə, bədii dili şikəst edir.
Hər şeyi süni şəkildə şəkilçiləşdirmək, xüsusilə, mənsubiyyəti ancaq şəkilçi ilə bildirmək, yazı dilini ağırlaşdırır. Aydındir ki, biz hər yazı işarəsini həm yazmağa, həm oxumağa fiziki enerji, diqqət sərf edirik. Ona görə bilməliyik ki, uzun şəkilçilərdən istifadə ana dilimizi ağırlaşdırır. Bu o deməkdir ki, biz müəyyən həcm informasiyanı yazmaq və ya oxumaq üçün tutaq ki, ingiılisdən və rusdan artıq enerji sərf edirik. Yeri gəlmişkən, bizim hələ milli klaviatura düzümümüz də yoxdur. Başqa dilə xas klaviaturadan istifadə bizdən, məsələn ingilisə nisbətən eyni işarə sayını yazmağa daha artıq enerji aparır. Bizim itkilərimiz belə xırdalıqlardadır, əlifbanin yaxşı-pisliyində deyil.
Bizim şəkilçi ilə yazmağa aludəliyimizdən bir neçə misal gətirək. Elə öz mətnimizin əvvəlki hissəsindən:
1. fəaliyyətinin və təşkilatçılığının nəticəsi – ifadəsini götürək. Burada qara ilə seçdiyimiz iki şəkilçi artıqdır ( diqqət edin, biz "səhvdir” demirik). Əgər ifadəni "fəaliyyət və təşkilatçılıq nəticəsi” kimi yazsaq altı işarə qənaət olur, yəni oxuma və yazma asanlaşır.
2. İşlə+ yir+ ik – xəbər formasını götürək. Burada tavtalogiya var, yəni bir xəbərə həm üçüncü şəxs məncubiyyəti (yir), həm də ikinci şəxs cəm mənsubiyyət (ik) şəkilçisi qoşuruq. Bu daşlaşmış deyimdi, amma səhvdi. Olmalıdı: işlirik ( istirik, gözlürük və s.)
3. Aradan götürülərdisə – ifadəsini: aradan götürül sə iydi – şəklində yazmaq və oxumaq daha rahatdır.
4. Şəxs əvəzlikləri təyin kimi işlənəndə ikinci sözdə məncubiyyət şəkilçisi tavtologiyadır. Məsələn, bizim xalqımız, bizim ordumuz ifadələri daşlaşıb. Amma bilməliyik ki, üslubi səhvdir və bizim xalq, bizim ordu şəklində yazımalıdır. Və ya bizim hələ milli klaviatura düzümümüz də yoxdur – ifadəsi də səhvdir, burda da tavtologiya var. Əgər ifadənin əvvəlində bizim mənsibiyyət əvəzliyi varsa, "düzümümüz” tamalığında müz forması artıqdır. İfadənin düzgün forması belə yazılmalıdır: bizim hələ milli klaviatura düzümü də yoxdur. İşarələrin sayını azaldan hər şey düzdür, çünki yığcamlıq və qısalıq danışığın və yazının təsir gücünü artırır.
5. Cənublu yazıçı və dilçu Nasir Mənzuri türkcə nəsr əsərlərində dır xəbər şəlilçisini ismi xəbərlrə aid olanda ayrı yazır. Sayırıq ki, bu düzgündür. Çünki Quba dialektində və bəzi dialektlərdə Gələ dü, ala du, apara di – formaları ayrı vurğu ilə işlənir. Diqqət etsək, bizim şifahi ədəbi danişiq dilimizdə də "dır” xəbər şəkilçisi müstəqil xəbər bildirən söz kimi işlənir. Amma yazıda bu yoxdur. Məsələn, "kitab yaz dı, ailə dağıl di, ürək daşdan di – kimi ifadələrdə müstəqil xəbər bildirən di sözü işlənir və sayıram ki, onun hələlik heç olmasa bədii dildə işlənməsi məqbuldur. Di -- müstəqil xəbər sözü Füzuli dilində və başqa klassiklərdə də vardır.
Fonetik prinsipin tətbiiqində də eybəcərliklər və səhvlər yaratdılar. Bütün qaydalarda istisna var, bütün dillərdə belə di.
1. Ahəng qanunu da universal orfoqrafik prinsip edildi. Amma unutduq ki, Sösür demiş, dil müstəqil orqanizm di, savadlı və savadsız dilçilərin müdaxiləsini qəbul etmir. Ahəng qanununa görə orfoqrafik norma kimi atanı yazdılar. Amma adamlar ateyin, atoun deyir və deyəcək. Əlli qurultay da bunu dəyişə bilməz.
2. Dilimizdə dan/ nan çıxışlıq hal şəkilçiləri paralel işlənir. İkinci variant orfoqrafiyadan kənar qaldı. Indi atandan yazırıq, amma danışıqda atannan/ atonnan, əlünnən, cibünnən şəklində deyirik.
3. Dərsliklərdə yazırlar ki, dilimizdə sağır nun səsi var. Amma bu da doğru deyil. Dilimizdə ou/oun diftonqu var (O və qısa U), bu diftonq n foneminə yaxın məxrəcdə tələffüz olunur. Sana sözündəki sağır nun səsi əslində A hərifinin dialekt təəffüzüdür. Bizim dialektlərdə bu A-nın daha üç variantı var. Lənkəran A-sı, Məsələn haa? –sual sözündə Lənkəranlılar A-nı az qala burunda tələffüz edirlər. Naxçıvanda A-nı burunda amma cingiltili tələffüz edirlər. Məsələn, maaa. Səlyanda isə uo diftonqonu A-ya yaxınlaşdırıb udlağa yaxın məxrəcdə tələffüz edirlər. Məsələn: Oa dedi. Bu oa-da N səsinin məxrəcinə yaxın bir şey də tələffüz olunur. Bunları nəzərə alsaq, onda biz Azərbaycan dilində sağır nun dan başqa daha üç nun variantından bəhs aça bilərik. Amma bunu etmək olmaz, çünki dildə bütün normalar variantlıdır və mütləq fərdi və dialekt variantlarında olur. N-nun bu variantları da bir fonem kimi qəbul edilib, kitablarda da belə yazılmalıdır.
Amma təəssüf ki, ou difqonqu da orfoqrafiyada əksini tapmayıb, halbuki bu difqonqla tələffüz olunan onlarla əsas lüğət fonduna aid sözlər var. Məsələn:
Dou, qırou, birouz, çarhovuz, souğ, qouğ, Murou, Touz, Qouvlyar, nouhur, girou, bizou, tilou, zınqırou, qourma, sourma, soura, toulama, qoulama, qouzama, çoumaq, soumaq, timou, hırnou, firoun, sincou, Şirou, Şamou, Safou, qoun, pilou, gour, mişoul, qaroul, Kintou, piştou, siçoul və c.
Bu sözlərin əksəriyyəti ən qədim hind-Avropa kökündən olan sözlərdir. Ou diftonqu Avropa dillərinin çoxunda, o sıradan ingilis dilində də var. Pişto sözü rus dilindən gəlmədir. Əsli piston di və göstərir ki, bu diftonq hətta əcnəbi sözlərin tələfüzünü də özünə uyğunlaşdırır. Bu diftonqun dilə doğmalığının göstəricisidir.
Əbəttə, biz demirik ki, Türkoloji qurultay xatırlanmasın. Tarixi yox etmək komiklikdir, gülüncdür. Amma tarixi çəhrayı boyalarda vermək də komikdi. Biz tariximizi obyektiv işiqlandıraq. Belə olmayanda indi də dilimizdə reformalat təklif edn adamlar ictimai rəyi şaşdırır. Dilin taleyi və inkişafı incə, mürəkkəb bir məsələdir. Onu doğru işiqlandırmaq və cavan nəsillərə çtdırmaq lazımdır. İkinci tərəfdən bizdə getmiş ziyanlı dil reformatorluğunun təsitri ilə indi cənubda da həmvətənlərimiz fəallaşıb. Orda da hey orfoqrafiya müzakirələri gedir.
Biz apastrofu orfoqrafiyadan çıxardıq. Firudin Cəlilovin bu bu barədə məqaləni "Əbəbiyyat və incəsənət” qəzetində çap etdirəndə mən şöbə müdiri kimi bu işə tərəfdar olmuşam. Amma indi etiraf edirəm ki, səhv mövqe tutmuşam. On beş il sonra Qazi Bürhanəddin və Nəsimi haqqında monoqrafiya yazanda mən divan mətnərinə daha dərindən nüfuz edəsi oldum və anladım ki, apostrofsuz divan ədəbiyyatı mətnlərini dürüst çap etmək olmaz, çünki onlarla sözün məna çalarları qarışır. İndi ürəklə deyirəm: ərəb əlifbasında Y-la yazılan sözləri, məsələn "Hüsyin”i y-sız yazmaq səhvdir. Ərəbcədən gələn "iyyət” çəkilçisini bir y-la yazmaq səhvdir və s. Ümumiyyətlə, orfoqrafiyanı sadələşdirmək iddiası həmişə prinsipin pozulmasına, səhvlərə aparır. Orfoqrafiyanı öyrənmək lazımdır, mədəniyyət zəhmətlə mənimsənilir və bunun ayrı yolu yoxdur.
Hamı bilməlidir ki, orfoqrafiyaya edilən heç bir dəyişiklik 600 illik yazı mədəniyyətimizin normalarını ləğv edə bilməz. Fizulidə, "Molla Nəsrəddin” jurnalındakı orfoqrafik normaları köhnəlmiş sayıb onları dəyişmək təhlükəli və səhv bir yoldur. Yaddaşsızlığa aparan bir yoldur. Biz yeni bir orfoqrafik norma qəbul edəndə, bu Fizuli orfoqrafiyasına uyğn deyilsə, yeniliyi paralel norma kimi qəbul etməliyik. Əvvəlki hər şeyi səhv elan etmək olmaz. Bütün qabaqcıl xalqların orfoqrafiyası bu cür təkmilləşir.
Dekabr, 2016
Bakı