
Rey Bredberi. Bitməyən yağış (hekayə)
- 01.06.2020
- 0 Şərh
- 3470 Baxış
Yağış hələ
də davam edirdi – amansız, bitməyən, zəhlətökən, cansıxıcı yağış. Gah çiskin, gah çəpəki yağan
narın yağış, gah da gözləri kor edən, çəkmələrin
içinə dolub şappıldayan leysan. Elə yağış ki, bu yağışda həm bütün başqa
yağışlar, həm də yağışların xatirələri
itib-batırdı. Milyonlarla yağış damlaları birləşib selə dönür, pöhrəlikləri
didib-tökürdü, ağacları yıxıb böyrü üstə qoyur, torpaqda dərin oyuqlar açır,
kolluqları yuyub aparırdı. Yağış adamların əllərini büzüşdürüb lap meymun pəncəsinə
döndərmişdi, şüşə qırıntıları kimi sərt damlalar göydən yerə dayanmadan səpələyir,
yağır, yağır, yağırdı.
- Hələ
çox qalıb, leytenant?
- Bilmirəm,
bir mil də qala bilər, on mil də, yüz mil də.
- Siz dəqiq
bilmirsiniz?
- Mən dəqiq
necə bilə bilərəm?
- Bu
yağış mənim heç xoşuma gəlmədi. Günəşli Günbəzə nə qədər yol qaldığını bilsəydik,
heç olmasa bir az yüngülləşərdik.
- Hələ
bir saatlıq yol qalıb, uzağı iki saat.
- Siz
doğrudan belə düşünürsünüz, leytenant?
- Əlbəttə.
- Bəlkə
də bizə ürək-dirək vermək üçün yalan deyirsiniz.
- Hə,
sizə ürək-dirək vermək üçün yalan deyirəm. Bəsdir çərənlədik!
İkisi
yanaşı oturmuşdular. İslanmış, yorğun, ayaq altına yapışıb qalan palçıq kimi əzgin
olan daha iki nəfər isə, onların arxasında oturmuşdu.
Leytenant
başını qaldırdı; nə vaxtsa qarayanız olan üzünün dərisi indi yağışdan
avazımışdı, elə bil ki, gözləri də solub dişləri və saçları kimi ağappaq
olmuşdu. O, tamamilə bəyazlaşmışdı, üzərini örtmüş yaşılımtıl kif ərpini nəzərə almasaq, mundiri də ağarmışdı. Leytenant
yanaqlarından suyun necə şırnaqla axdığını hiss edirdi.
- Çox
da zilə çıxmayın, - arxada oturmuş iki nəfərdən biri dilləndi. - Venerada həmişə
yağış yağır. Həmişə. Mən düz on il burda yaşamışam, hələ nəinki bir dəqiqəliyinə, hətta bircə saniyəliyinə
belə yağışın kəsdiyini görməmişəm.
- Suyun
altında yaşamaq kimi bir şeydir, - leytenant qalxaraq, silahını düzəltdi.
- Neynəmək
olar, gedək. Biz Günəşli Günbəzi tapacağıq.
- Ya da
tapmayacağıq, - arxadakı həyasızlıqla əlavə etdi.
- Hardasa
bir saat var.
- Siz məni
aldadırsınız, leytenant.
- Heç də
yox. Mən özümü aldadıram. Bəzi hallarda aldatmaq lazım gəlir. Mənim gücümün də
bir sərhəddi var.
Onlar
ot basmış cığırla hərəkət etməyə başladılar. Elə hey kompaslarına baxırdılar.
Ətrafda yolu təyin edən heç bir işarə yoxdu, istiqaməti yalnız kompasla bilmək
mümkün idi. Bomboz səma və yağış. Ot basmış cığır və hardasa uzaqda, içərisində
iki nəfərin cəsədinin olduğu raket. Onlar heç nə danışmadan bir-birinin ardınca
gedirdilər. Çay göründü - enli, dayaz, qonur çay. O, Böyük Dənizə tökülürdü. Yağışın
damlaları çaya çırpılaraq, suyun üzündə minlərlə krater əmələ gətirirdilər.
- Yaxınlaşın,
Simmons.
Leytenant
başını yellədi və Simmons çiyninə taxdığı çox da böyük olmayan bağlamanı yerə
qoyub açdı. Kimyəvi reaksiya o bağlamanı qayığa çevirdi. Leytenantın göstərişlərinə
əməl edərək, onlar nisbətən yoğun pöhrələri kəsdilər və cəld avar düzəltdilər,
sonra isə, yağışın altında tələsə-tələsə avar çəkərək axını keçdilər. Leytenant
üzündə, boynunda, əllərində soyuq sızqovlar hiss edirdi. Soyuq böyrəklərinə
sirayət etməyə başlayırdı. Yağış qulaqlarına, gözlərinə, hətta baldırlarına
vururdu.
- Mən
bu gecəni heç yatmamışam, - o dedi.
- Kim
yatıb ki? Kim? Haçan yatıb? Biz məgər yata bilmişik? Düz otuz gecə, bu da o deməkdir
ki, otuz gün! Yağış başına döyəclədiyi
halda necə yatmaq olar axı? Mən bircə şlyapa üçün hər şeyimi verərdim. Nə cür
olur-olsun, bircə başıma yağış yağmayaydı. Məndə başağrısı var, başımın dərisi
sanki tamamilə irinləyib, elə göynəyir ki.
- Məni
bu Çinə sanki şeytanın özü tolazlayıb, - o biri dedi.
- Veneranı Çin adlandıran adamı ilk dəfədir görürəm.
- Əlbəttə.
Qədim işgəncəni xatırlayın. Sizi divara mismarlayırlar. Hər yarım saatdan bir əmgəyinizə
bircə su damlası düşür. Beləliklə də siz, sadəcə gözləməkdən ağlınızı
itirirsiniz. Burada da eyni vəziyyətdir,
fərq bircə ondadır ki, burada miqyas böyükdür. Biz sudan ötrü yaranmamışıq. Yata
bilmirik, nəfəs ala bilmirik, fikirləşəndə ki, daim suyun içindəsən, həmişə
islaq halda gəzməlisən, insan başını itirə bilər. Heç olmasa qəzaya hazır
olsaydıq, özümüzlə ehtiyat yağışlıq və şlem götürərdik. Ən pisi odur ki, düz təpənin
ortasına yağış dayanmadan döyəcləyir.
Çox ağırdır, elə bil ki, qırmadır. Yox, mən çox davam gətirə bilməyəcəyəm.
- Eh,
görəsən hardadır bu Günəşli Günbəz! Onu yaratmaq kimin ideyasıdırsa, öz işini yaxşı bilir.
Çayı
keçdikləri müddət ərzində onlar hardasa uzaqda, pöhrəliklərin arasında gizlənən, yağışın altında par-par parıldayaraq onların
yolunu gözləyən Günəşli Günbəzi düşünürdülər. Bu, günəşin özü kimi parlaq,
sapsarı işıq saçan dairəvi tikili idi.
Hündürlüyü
on beş fut, eni isə yüz fut olan,
hüzurlu, isti, ən əsası da, quru bir yerdi. Burada həmişə isti yemək, çay tapmaq olardı. Günəşli
Gümbəzin tavanında, düz mərkəzdə aydın məsələdir ki, günəş var. Elə də böyük
olmayan, hərarət saçan sapsarı kürəcik düz günbəzin altındadır və onu istənilən
adam - istər masa arxasında əyləşib kitab oxuyan, istər siqaret çəkən, istərsə
də bir fincan üzü qaymaqlı isti şokolad içə-içə dincələn hər kəs görə bilər.
İndi o mülayim, daim yanan qızılı günəş onları gözləyirdi. Və Günəşli Günbəzdə
keçirəcəkləri zaman ərzində Veneranın heç kəsməyən yağışını unuda biləcəkdilər.
Leytenant
arxaya çevrildi, dişlərini qıcayaraq avar çəkən yoldaşlarına baxdı. Onlar da
leytenantın özü kimi ağ göbələyi xatırladırdılar. Venera bu bir neçə ay ərzində hər şeyi tamamən rəngsizləşdirmişdi.
Hətta meşənin özü belə nəhəng bir dəhşət mənzərəsini xatırladırdı. Axı günəşsiz,
əbədi bir toranlıqda, heç zaman kəsməyən yağışın altında yaşıl qalmaq mümkün idimi?
Ağappaq
pöhrəliklər, bəyaz pendiri xatırladan yarpaqlar, nəhəng anqutun ayaqlarına bənzəyən
gövdələr. Burada torpağın özü belə bəyaz kamamber pendirini xatırladırdı.
Yeri gəlmişkən,
əgər ayağının altında yalnız bataqlıq, gölməçə, qarşında isə, göl, nohur, çay və
nəhayət, dənizdən savayı heç nə yoxdursa, torpağı görmək kifayət qədər çətindir.
- Əla!
Onlar
suyu şappıldada-şappıldada sahilə çıxdılar. Qayığın havasını buraxıb onu
qutusuna qoydular.Sonra yağışın altında dayanaraq, siqaret çəkməyə cəhd etdilər.
Təxminən beş dəqiqə əsə-əsə alışqanla savaşdıqdan sonra nəhayət,
yandırdıqları siqaretlərini ovucları arasında gizlədərək bir neçə qullab ala
bildilər. Lakin dəqiqələr ərzində tütün nəm çəkərək zay oldu, çünki ağır
damlalar dodaqları arasında sıxdıqları siqareti tamamilə islatmışdı.
Onlar
yollarına davam etdilər.
- Bir dəqiqə
dayanın, - leytenant dedi. - Deyəsən, mən nə isə gördüm.
- Günəşli
Günbəzi?
- Əmin
deyiləm. Yağış imkan verir ki?
Simmons
irəli qaçdı.
- Günəşli
Günbəz!
- Simmons,
geriyə!
- Günəşli
Günbəz!
O, yağışın
altında gözdən itdi. Qalanlar da onun arxasınca götürüldülər.
Yoldaşları
Simmonsu talada haqladılar, onu və "tapıntısı”nı gördükləri zaman isə heyrətdən
yerlərindəcə donub qaldılar.
Raket.
Raket, onu tərk etdikləri yerdəcə qalmışdı. Belə çıxırdı ki, onlar fırlanaraq
yenə də eyni yerə gəlib çıxıblar və uzun-uzadı yola da elə burdan
başlayıblarmış. Raketin qalıqları arasında iki cəsəd vardı, cəsədlərin
ağızlarını yaşılımtıl kif basmışdı. Bunlar kosmonavtlardı, gözlərindəki kif hətta
çiçəkləmişdi də, lakin durmadan yağan yağış çiçəklərin ləçəklərini çürüdərək məhv
etmişdi.
- Bu,
necə ola bilər axı?!
- Gürünür,
yaxınlıqdan elektrik qasırğası keçib. O da bizim kompasları sıradan çıxardıb. Bütün
məsələ də elə bundadır.
- Doğrudur.
- Bəs
indi nə edək?
- Yola
davam etməliyik.
- Lənət
olsun, deməli, biz yerimizdə saymışıq!..
- Yaxşı,
Simmons, özünü ələ al.
- Özünü
ələ al, özünü ələ al! Bu yağış məni lap dəli edəcək!
- Əgər
qənaət etsək, ərzağımız iki günə çatar.
Yağış
onların üzlərində, yaş paltarlarında rəqs edirdi, burunlarınn, qulaqlarının
ucundan, barmaqlarından, dizlərindən su şırhaşır axırdı. Sanki cəngəlliklərin
atılmış, hər yerindən su axıdan qədim
daş hovuzları idilər.
Birdən uzaqdan
dəhşətli bağırtı eşidildi. Bunun ardınca da yağmurun pərdəsi altından bir bədheybət çıxdı. Bədheybətin
mavi elektrik məftillərindən ibarət minlərlə ayağı vardı. O, yeyin-yeyin və
geriyə dönmədən yaxınlaşırdı. Hər addım atanda adama elə gəlirdi ki, indicə
qolaylanaraq bir zərbə ilişdirəcək. Onu mavi məftil-ayaqlarının dəydiyi hər
yerdə ağaclar kökündən qoparaq yanıb külə dönürdülər. Nəm havanı güclü ozon
axını doldurmuşdu, tüstü hər tərəfə yayılırdı. Bədheybətin eni yarım mil,
hündürlüyü isə bir mil olardı, torpağı elə ayaqlayırdı ki, elə bil, kor
azmandı. Bəzən bir anlığa tamamilə ayaqsız olurdu, sonrakı an isə, qarnından
minlərlə qamçı çıxaraq ətrafdakı pöhrəlikləri amansızlıqla qırmanclayırdı.
- Elektrik
qasırğasıdır, - dörd nəfərdən biri dilləndi. - Kompasları sıradan çıxardan da
elə budur. İndə isə bizim üstümüzə gəlir.
- Uzan!
- Leytenant əmr etdi.
- Qaçın!
- Simmons da bağırdı.
- Səfehləməyin.
Uzanın. O, yalnız ən uca nöqtələri
vurur. Raketdən əlli fut məsafədə yerə uzanın. Görərsiniz, bütün enerjisini ona
sərf edəcək, bizdən yan keçəcək. Tez
olun!
Onlar
yerə sərildilər.
- Gəlir?
- elə həmin dəqiqə də sual səsləndi.
- Gəlir.
- Yaxınlaşıb?
- İki
yüz yard məsafə qalıb.
- Bəs
indi?
- Budur,
o!
Bədheybət
onların başının üstünü aldı. On mavi ildırım-oxu raketə tuşlayaraq atdı. Raket
zərbə dəyən qonq aləti kimi titrədi, boğuq metal səsi çıxardı. Bədheybət yenə
raketi nişan alıb bu dəfə on beş ox atdı. Oxlar möcüzəli pantomim hərəkətlərini
xatırladırdı; ağacları və nəm torpağı sığallayaraq rəqs edirdilər.
- A-a! -
kosmonavtlardan biri sıçrayıb ayağa qalxdı.
- Yerə
yat, səfeh! - leytenant qışqırdı.
- A-a!
Daha
onlarla ildırım raketi tamamilə məhv etdi. Leytenant qolu üzərinə qoyduğu
başını o tərəfə çevirərkən minlərlə gözqamaşdırıcı mavi qığılcım gördü. Ağaclar
parça-parça olaraq havaya uçdular, bədheybət isə, bir topa qara bulud kimi
onların başının üstünü almışdı və yerə yüzlərlə elektrik oxu atırdı. Ayağa
qalxan kosmonavt indi sanki nəhəng sütunlu zal uzunu qaçırdı.O, səndələyir, sütunların arasında vurnuxurdu,
lakin qəfildən o sütunlar darmadağın oldular və elə səs eşidildi ki, sanki milçək
qızğın məftilin üstünə qonmuşdu. Belə məftil-tələləri leytenant uşaqlıqda
fermadakı evlərində görmüşdü. Çox keçmədi ki, üç yoldaş külə dönmüş adam qoxusunu
hiss etdilər.
Leytenant
üzünü gizlətdi.
- Başınızı
qaldırmayın! - o, göstəriş verdi. Buna baxmayaraq, indicə özünün ayağa qalxıb qaçacağından
qorxurdu. Meşəni daha onlarla ildırımla
işıqlandıran qasırğa artıq irəliyə doğru hərəkət etməyə başlamışdı. Ətrafda yenə
yağış, yalnız yağış vardı. Yağış tezliklə yanıq qoxusunu apardı və üç yoldaş
oturaraq təlaşdan az qala yerindən oynayan ürəklərinin bir az sakitləşməsini
gözlədilər.
Sonra
isə, bəlkə həyata qaytara bilmək ümidilə meyitə yaxınlaşdılar. Artıq nə isə
etməyin əhəmiyyətsiz olması fikrilə heç
cür barışa bilmirdilər. Bu, ölümü qəbul etmək istəməyən insanın təbii
reaksiyası idi. Onlar ölümə toxunmamış ona əmin ola bilmirdilər, əmin olduqdan
sonra isə, bircə sual qalırdı - onu basdırsınlarmı,yoxsa sürətlə böyüyən pöhrəliklərin
ixtiyarınamı buraxsınlar...
Cəsəd dəri
üzlüyü yanmış əyri-üyrü polad məftili xatırladırdı. Sanki mum gəlinciyi sobaya
atmış, üzərində nazik mum təbəqəsi
qalana kimi yandıqdan sonra alovun içindən çıxartmışdılar. Qaralmayan yalnız
dişlərdi, onlar da qapqara biləyə taxılmış bəyaz bilərzik kimi bərq vururdular.
- Görəsən,
o niyə qəfildən sıçradı?
Onlar
bunu demək olar ki, üçü də birağızdan
dedilər. Cəsədi onların gözləri qarşısındaca sıx bitki örtüyü bürüyürdü.
Sarmaçıq, cürbəcür alaq otları, hətta arasında mərhum üçün çiçəklər də vardı.
Qasırğa
mavi dayaqlar üzərində yeriyərək uzaqlarda gözdən itdi.
Onlar
iri və xırda çayları, bataqlıqları, sonra yenə çayları, sonra yenə bataqlıqları
keçdilər. Gözləri önündə yeni çaylar doğulur,
köhnələri yatağını dəyişirdi, civə rəngli çaylardı bunlar, gümüşü rəngli, süd rəngli
çaylardı.
Onlar dənizə
çıxdılar.
Böyük Dəniz.
Venerada cəmisi bircə materik vardı. O, üç min mil uzununa və min mil eninə
doğru genişlənirdi, hər tərəfdən Böyük Dənizlə əhatə olunmuşdu. Bu dəniz həm də
yağmurlu planetin bütün qalan hissəsini tuturdu. Böyük Dənizin suları ölü
sahilləri tənbəl-tənbəl yalayırdı.
- Biz o
tərəfə getməliyik, - leytenant boynunu cənub istiqamətində uzatdı. - Əminəm ki,
orda iki Günəşli Günbəz var.
- Hazır
işə başlamışkən, niyə bu günbəzlərdən yüzünü tikməyiblər, görən?
- Adada
cəmi yüz iyirmi günbəzin olduğu doğrudur?
- Keçən
ayın sonuna olan məlumata görə yüz iyirmi altı idi. Bir il əvvəl Yerdəki
konqressdə daha iyirmi-otuz ədəd belə günbəzin tikilməsi barədə təklif irəli
sürülmüşdü, lakin, məncə siz də anlayırsınız ki, belə işlərə ayrılmış vəsaitlə
bağlı necə problemlər ortaya çıxır. Ondansa bir neçə adamın yağış altında
çürüyüb getməsi sərfəlidir.
Onlar cənuba
doğru addımlamağa davam etdilər.
Leytenant,
Simmons və üçüncü kosmonavt Pikar gah narın yağan, gah da şırhaşırla tökən
yağışın altında irəliləyirdilər. Leysan durmadan yağır, ətrafdakı hər şeyi
qırmanclayır, qurunu da, dənizi də, yol gedənləri də döyəcləyirdi.
Onu ilk
Simmons gördü.
- Budur!
- Nədir
orada?
- Günəşli
Günbəz!
Leytenant
gözlərini aramsız qırparaq kirpiklərindəki yağış damlalarını silkələdi, əlini
gözləri üzərinə qoyaraq yağışa mane olmağa çalışdı.
Uzaqda -
meşənin kənarında, dənizin yanında nə isə saralırdı.
- Hə,
bu odur, Günəşli Günbəz! - hamı gülümsədi.
- Deməli,
siz haqlı idiniz, leytenant!
- Uğur!
- Görünüşü
belə insana güc verir. İrəli! Görək,
birinci kim çatacaq? Axırıncı çatan it oğlu itdir!
Simmons
çəmənlik boyu qaçmağa başladı, qalanlar isə, mexaniki olaraq onu təqib edirdilər.
Onlar yorulub əldən düşmüş, qaçmaqdan
lap təngnəfəs olmuşdular, lakin heç birinin sürəti azaltmaq fikri yox idi.
- Bax,
mən elə indicə doyunca qəhvə içəcəyəm, - Simmons gülə-gülə dedi. - Kişmişli kökə
isə, lap qiyamətdir. Sonra isə yatacağam, qoy günəş lap bişirsin məni, razıyam.
Günəşli Gümbəzin icad edənə də orden vermək lazımdır.
Onlar
daha sürətlə qaçmağa başladılar, sarı rəng isə, getdikcə daha çox parıldayırdı.
- Allah
bilir, bu sığınacağa çatana qədər neçə adam
ağlını itirib burda. Aydın məsələdir, - Simmons coşmuşdu, hər hecada nəfəsini dərərək
danışırdı.
- Yağış,
yağış, elə hey yağış. Bir neçə il qabaq dostumu gördüm... Burda... Öz
dostumu... Meşədə gördüm... Yağışın altında... Eləcə avaralanır... Elə hey deyinir:
"Heç bilmirəm, bu yağışın əlindən hara qaçım! Heç bilmirəm, bu yağışın əlindən
hara qaçım! Heç bilmirəm, bu yağışın əlindən hara qaçım! Bilmirəm!” Zavallı,
görünür, ağlını itiribmiş.
- Nəfəsini
qoru!
Onlar
qaçmağa davam etdilər.
Qaça-qaça
gülürdülər, gülə-gülə də gəlib Günəşli Günbəzin qarşısına çıxdılar. Simmons irəli
atılaraq qapıları taybatay açdı.
- Ehey!
- o qışqırdı. - Kökələri və qəhvələri gətirin görək!
Cavab
verən olmadı. Onlar içəriyə daxil oldular.
Günəşli
Günbəz qaranlıqdı, içəridə kimsə yox idi. Nə mavi qübbənin altında alovlanan
süni sarı günəş vardı, nə də ki, süfrə. Bura lap zirzəmi kimi soyuqdu, günbəzdəki
minlərlə dəlikdən isə, içəri durmadan yağış suyu düşürdü. Su xalçalara və
yumşaq kreslolara tökülür, stulların şüşə söykənəcəklərinə çırpılırdı. Nəhəng
mamır topalarını xatırladan sıx alaq otları divarlardan sallanmış, kitab
şkafını, divanı bürümüşdü. İri damlalar isanların sifətini də döyəcləyirdi.
Pikar səssizcə
güldü.
- Bəsdir,
Pikar.
- İlahi,
siz bir işə baxın. Nə günəş var, nə də ki, yemək! Bu onların işidir, Venesklərin
işidir!
Simmons
alnındakı damcıları silə-silə başını yellədi, su onun ağ saçları və qaşları
uzunu süzülürdü.
- Zaman-zaman
Venesklər Böyük dənizdən çıxıb günəşli Günbəzə basqın təşkil edirlər. Onalr
bilirlər ki, Günəşli Günbəzi yerlə-yeksan etsələr, bizi də məhv edə bilərlər.
- Məgər
mühafizəçilərimiz silahlı deyil?
- Silahlıdırlar,
əlbəttə, - Simmons döşəmənin nisbətən quru hissəsinə tərəf addımlayaraq dedi. Ancaq
son hücümdan beş il ötür, mühafizəçilərin sayıqlığı azalıb, Venesklər də onları
rahatlıqla ələ keçiriblər.
- Bəs
onda cəsədlar hanı?
- Venesklər
onları özlərilə dənizə aparıblar. Deyirlər, onların əsirləri suda boğmaq üçün
özünəməxsus üsulları var. Proses ləng gedir, bütün prosedur səkkiz saata yaxın
vaxt aparır. Sadəcə, inanılmazdır.
- Mərc
gələrəm ki, bircə qram da yemək qalmayıb, - Pikar qımışdı.
Leytenant
narazılıqla ona baxdı, sonra isə əli ilə Simmonsa çoxmənalı bir işarə etdi. Simmons
başını yırğalayaraq Divarın yanındakı tikiliyə daxil oldu. Mətbəx orada idi.
Turşumuş kömbələr hər yerə səpələnmişdi. Əti isə zərif yaşılımtıl kif basmışdı.
Tavandakı çoxsaylı dəliklərdən içəriyə yağış düşürdü.
- Gözəl!
- leytenant bu dəliklərə baxdı.
- Çətin
ki, biz bu dəlikləri tutub burada bir səhman yarada bilək.
- Ərzaqsız?!
- Simmons üz-gözünü turşutdu.
- Həm də
günəş generatorunu parça-parça ediblər. Ən yaxşısı, növbəti Günəşli Günbəzə qədər
getməkdir. Burdan oraya nə qadər yol var?
- Elə də
uzaq deyil.
- Xatırlayıram,
məhz burdakı iki günbəzi bir-birinə çox yaxın məsafədə inşa etmişdilər.
- Burada
bir az gözləyə bilsək, xilasedici dəstə gələ bilər.
- Bəlkə
də, onlar artıq buradan keçiblər. Təmir briqadası altı ay sonra göndəriləcək,
konqressdən vəsaiti də elə o zaman göndərəcəklər. Gözləməyə dəyməz.
- Yaxşı,
öz yeməyimizin qalanını yeyib yola düzələk.
- Bircə
bu yağış artıq kəsəydi, başıma döyəcləməyəydi, - Pikar qeyd etdi. - Heç olmasa,
bir neçə dəqiqəliyinə, heç olmasa, rahatlığın nə olduğunu xatırlaya biləydim. -
O, hər iki əlilə başını sıxdı. - Xatırlayıram, məktəb vaxtı arxa partada
vecsizin biri oturardı. Hər beş dəqiqədən bir məni çimdikləyirdi. Bu, hər gün
beləcə davam edirdi. Mənim əllərim gömgöy olurdu, dərim şişirdi. Düşünürdüm ki,
məni məhz bu çimdiklər dəli edəcək. Axırda məni bezdirib özümdən çıxarmağı
bacardı. Mən həqiqətən ağrıdan dəli oldum, dəmir xətkeşi götürdüm və bu
yaramazı az qala ölənə qədər döydüm. Az qala başını kəsəcəkdim, gözlərini
çıxardacaqdım. Elə hey qışqırırdım: "Niyə o məni dəli edir?!” İlahi! - o, əsən əllərilə başını bir az da bərk
sıxdı, gözlərini yumdu. - Bəs indi mən nə edə bilərəm? Kimi vurum, kimə bağırım
ki, rədd olsun, məni rahat buraxsın?! Yağış, lənətə gəlmiş yağış, nəfəs çəkməyə
də imkan vermir, elə bircə onu görürük, bircə eşidirik ki, yağışdır, yağış,
yağış!
- Düz
dörd saata kimi biz növbəti Günəşli Günbəzdə olacağıq.
- Günəşli
Günbəzdə? Görəsən, o da bu gündədir? Bəlkə, onların hamısını darmadağın ediblər,
bəs onda necə olsun? Bəlkə, hamısı bunun kimi dəlik-deşikdir, hamısına da su
düşür? Hə?!
- Neynək,
bəxtimizi sınamalı olacağıq.
- Mən
artıq bəxtimi sınamaqdan təngə gəldim. Bircə şey istəyirəm, başımın üstündə bir
dam və bir az, lap azacıq sakitlik. Tək qalmaq istəyirəm.
- Bir
az tez-tez getsək, səkkiz saatlıq yoldur.
- Narahat
olmayın, geri qalmaram, - Pikar baxışlarını gizlədərək gülümsədi.
- Gəlin,
yeməyimizi yeyək, - bayaqdan onları diqqətlə izləyən Simmons təklif etdi.
Onlar
yenə sahil boyu cənuba tərəf getməyə üz qoydular. Beşinci saatda artıq yolu
dönmək lazım gəldi, çünki, çay yolu kəsmişdi, həm də bu çay elə geniş və bol sulu
idi ki, qayıqla onu üzüb keçmək heç cür mümkün deyildi. Onlar çayın kənarı boyu on kilometr gedəndən sonra gördülər ki, bu çay torpağın bətnindən çıxır;
sanki, ölümcül yaradan qan axırdı. Çayı keçərək, onlar bitib-tükənməyən yağışın
altında yenə dənizə girməli oldular.
- Mən
yatmalıyam, - Pikar yerə çökərək dedi. - Dörd həftədir ki, yatmıram. Heç bir dəqiqəliyinə
də olsun, gözümü yummamışam. Mən elə buradaca yatacağam.
Göyün
üzü qaralmışdı. Gecə düşürdü, Veneranın gecələri elə vahiməli bir qaranlığa qərq
olurdu ki, belə zülmətdə hərəkət etmək təhlükəli idi. Elə Simmons və leytenant
da ayaqlarını güclə sürüyürdülər. Leytenant dedi:
- Yaxşı,
bir yoxlayaq görək. Bəlkə, bu dəfə alındı. Hərçənd belə hava yatmaq üçün heç də
əlverişli deyil.
Onlar
uzandılar, əllərini başlarının altına qoydular ki, su ağızlarına və gözlərinə dolmasın. Leytenant tir-tir əsirdi. O, yata
bilmirdi. Üzərində nəyinsə süründüyünü hiss etdi. Sanki onu nə isə bir canlı, hərəkət
edən bir örtüyə bürüyürdülər. Damcılar süzülərək başqa damcılarla birləşir, axın
əmələ gətirirdilər, su paltarından içəri sızır, dərisini qıdıqlayırdı. Paltarın
üstünə düşən körpə bitkilər elə o dəqiqə kök atırdılar. Budur, sarmaşıq artıq
bütün bədəninə möhkəmcə sarılıb. Onun gözləri önündəcə xırdaca çiçəklər qönçələnir, sonra açılır, elə
o dəqiqə də ləçəklərini tökürdülər. Yağış isə, durmadan başına döyürdü. Kabus
bir işıqda - bitkilər qaranlıqda fosforik bir işıq saçırdılar - o, öz
yoldaşlarının siluetini görürdü, sanki onlar qopub yerə düşərək otların, çiçəklərin məxməri örtüyünə bürünmüş
ağac kötükləri idilər. Yağış onların boynunu, boğazını qırmanclayırdı. O, palçığın
içində çevrilərək, qarnı üstə uzandı. İndi də yağış kürəyini və ayaqlarını
qamçılayırdı. O, ayağa qalxıb, üzərindən şırnaqla axan suyu dəli kimi silkələdi.
Sanki, minlərlə əl ona toxunurdu, lakin artıq bu toxunuşlara dözmək iqtidarında
deyildi. Səndələdi və nəyisə tapdaladığını hiss tdi. Əlbəttə, Simmons. O, yağışın
altında titrəyir, əsnəyir və öskürürdü. Elə o dəqiqə Pikar sıçrayaraq ayağa
qalxdı və qışqıraraq onların ətrafında
fırlanmağa başladı.
- Dayanın,
Pikar!
- Kəsin
səsinizi, kəsin! Bəsdir! – Pikar bağırdı. Sonra tüfəngini qapdı və qaranlığa
ard-arda altı atəş açdı.
Açılan
hər atəş Havadakı yağmur damlalarını işıqlandırırdı; milyard- milyard,
milyard-milyard göz yaşı, milyard-milyard mirvari dənələri, yaxud piştaxtaların
bəyaz məxməri fonunda işıldayan xırdaca
brilyantlar... İşıq söndü. Sanki rəsmlərini çəkmək mümkün olsun deyə, bir anlıq
havadan asılı qalmış təsiri bağışlayan damlacıqlar soyuğun və əzabların mücəssəməsi
olaraq bir dəstə həşərat təki insanların üzərinə hücum çəkməyə davam etdilər.
- Bəsdir,
bəsdir!
- Pikar!
Lakin
Pikar, sanki lal olmuşdu. O, daha fırlanmırdı, eləcə heykəl kimi durmuşdu. Leytenant
gecə fənərilə onun sulu üzünə işıq saldı. Pikar ağzını geniş açaraq, yuxarıya
baxırdı, yağış onun dilinə və göz bəbəklərinə damcılayır, burun dəliklərində
köpük verib qabarırdı.
- Pikar!
O, nə
cavab verir, nə də ki, bir hərəkət edirdi. Su qabarcıqları onun ağ saçlarında
partlayır, boynu və biləkləri boyu isə, şəffaf almazlar kimi su damcıları
axırdı.
- Pikar,
biz artıq gedirik. Hə, yola davam! Getdik!
Onun
qulaqlarından iri damlalar sanki fışqırırdı.
- Eşidirsən,
Pikar?
O, deyəsən,
həqiqətən daşa dönmüşdü.
- Onu
rahat buraxın, - Simmons dedi.
- Biz
onsuz gedə bilmərik.
- İndi
neynəyək, onu qucağımızda daşıyası deyilik ki. O, artıq insan deyil. Sonra
bilirsiniz nə olacaq? O, boğulana qədər elə beləcə dayanacaq.
- Nə?
- Məgər
bu haqda heç eşitməmisiniz? Onda eşitməyin əsl vaxtıdır. O, başını göyə dikib
beləcə dayanacaq ki, su ağzına, burnuna dolsun. Suyu içinə çəkəcək.
- Ola
bilməz!..
- General
Mentin də axırı belə olmuşdu. Onu qayanın üstündə başını dik tutub yağışla nəfəs
alaraq oturmuş halda tapmışdıq, ciyərləri su ilə dolu idi.
Leytenant
kirpik çalmayan gözlərə yenə işıq saldı. Pikarın burun pərələri səssizcə
fışıldayırdı.
- Pikar!
- leytenant onun dəhşətdən dəli olmuş üzünə bir sillə çəkdi.
- O,
indi heç nə hiss etmir, - Simmons davam etdi. - Belə yağışın altında kim olsa, əl-ayağını
hiss etməkdən məhrum olar.
Leytenant
dəhşət içində öz əlinə baxdı, o keyimişdi.
- Axı
biz onu burada tərk edib necə gedə bilərik?
- Bircə
yol qalır, - Simmons atəş açdı. Pikar üzüqoylu bataqlıqlaşmış torpağa yıxıldı.
- Sakit
olun, leytenant. - Simmons dedi. Tapançada sizin üçün də güllə tapılar. Sakit.
Bir düşünün. O, onsuz da boğulana kimi beləcə dayanacaqdı. Mən sadəcə onun əzablarını
yüngülləşdirdim.
- Siz
onu öldürdünüz.
- Elədir,
lakin əks halda, o, ikimizi də məhv edəcəkdi. Üzünü ki gördünüz:onun ağlı çaşmışdı.
Leytenant
susaraq başını yellədi.
- Düzdür.
Onlar
leysan altında yollarına davam etdilər.
Qaranlıq
idi, fənərin işığı yağışın divarı boyunca yalnız bir neçə futluq məsafəni
aydınlandıra bilirdi. Yarım saat sonra onlar təngnəfəs oldular. Oturmaq, əzablı aclıq hissi ilə mübarizə
apararaq səhəri gözləmək lazım idi. Budur, hava artıq işıqlanırdı; bomboz bir səhər,
bitib-tükənməyən yağış. Onlar davam edirdilər.
- Deyəsən,
zamanın hesabını itirmişik, - Simmons dilləndi.
- Yox,
bir saat sonra ordayıq.
- Ucadan
danışın, sizi eşitmirəm. - Simmons dayandı, gülümsədi. – Qulaqlarım, - o, öz
qulaqlarına toxundu, - qulaqlarım eşitmir. Bu zəhrimara qalmış yağışın
ucbatından sümükləriməcən keyimişəm.
- Heç
bir şey eşitmirsiz? - leytenant soruşdu.
- Necə?
- Simmons çaşqın halda ona baxdı.
- Heç nə.
Gedək.
- Yaxşı
olar ki, mən elə burada gözləyim. Siz isə gedin.
- Heç
vaxt.
- Nə
dediyinizi eşitmirəm. Gedin. Yorulmuşam. Məncə, günəşli Günbəz bu tərəfdə
deyil. Lap bu tərəfdə olsa belə, yəqin ki, onun qübbəsi də dəlik-deşikdir,
bayaq gördüyümüz günbəzdəki kimi. Yaxşısı budur, mən elə burada oturum.
- Qalxın,
özü də bu dəqiqə!
- Hələlik,
leytenant.
- Təslim
olmamalısınız, daha lap az qalıb.
- Tapançanı
görürsünüz? O isə deyir ki, mən burda
qalacağam. Canım boğazıma yığılıb. Hələlik ağlım üstümdədir, amma bu gedişlə tezliklə dəli olacağam. Bunu isə istəmirəm.
Siz lazımi qədər uzaqlaşan kimi mən intihar edəcəyəm.
- Simmons!
- Siz mənim
soyadımı söylədiniz, dodaqlarınızın tərpənişindən bildim.
- Simmons...
- Başa
düşün, bu, sadəcə zaman məsələsidir. Vay indi öldüm, vay bir neçə saat sonra, nə
təfavütü var? Bir təsəvvür edin , siz artıq Günəşli Günbəzə çatmısınız, - əgər
oraya ümumiyyətlə çata bilsəniz - və qarşınızda dəlik-deşik olmuş bir günbəz
görürsünüz. Lap qiyamət olar.
Leytenant
bir az gözlədi, sonra palçığı şappıldada-şappıldada ordan aralandı. Bir az gedib
geri çevrildi, Simmonsu səslədi. Lakin o, əlində tapança ilə leytenantın gözdən
itməyini gözləyirdi. Narazılıq əlaməti
olaraq başını yırğaladı, əli ilə "gedin” işarəsi verdi.
Leytenant
açılan atəş səsini eşitmədi.
Yolu
gedə-gedə o, rastına çıxan böyük yarpaqları qopararaq özünə şlyapa düzəltməyə
çalışırdı. Hətta bir cəhd də etdi, lakin yağış elə o dəqiqə yarpaqları yuyub
apardı. Yarpaqlar çürüyüb amorf kütləyə dönməmiş onları qoparmaq lazım idi.
- Daha
beş dəqiqə, - o, özünə dedi. - Daha beşcə dəqiqə və mən dənizə girəcəyəm. Girəcəyəm
və yoluma davam edəcəyəm. Biz bu həyata alışmamışıq. Yer sakinlərinin heç biri
buna öyrəşə bilməz. Ah, əsəblərim, əsəblərim lap tarıma çəkilib...
O,
yarpaq və nəmişlik dənizini yararaq keçdi və çox da böyük olmayan təpəciyin
üstünə çıxdı. Qarşıda - soyuğun, nəmişliyin və dumanın əmələ gətirdiyi nazik
tülün arxasında sarımtıl işıltı sezilirdi.
Günəşli
Günbəz...
Uzaqda,
ağacların arxasında dairəvi sarı tikili. O, dayandı və səndirləyərək tikiliyə
baxdı.
Sonra
leytenant qaçmağa başladı və elə o an da
addımlarını yavaşıtdı. O, qorxurdu. Köməyə heç kəsi çağırmadı. Birdən bu elə bayaqkı
günbəz oldu, o günəşdən məhrum ölü günbəz, bəs onda necə ?
O,
sürüşüb yıxıldı. "Uzan, - o, düşündü. - Nə fərqi var ki, onsuz da yenə yanlış
ünvana gəlmisən. Uzan və doyunca iç, iç.”
Lakin
leytenant özünü toplayıb yerdən qalxdı, saysız-hesabsız çayları keçərək irəli
addımladı. Sarı rəng artıq lap parıldayırdı, o yenə qaçdı. Ayaqları ilə şüşə
qırıntılarını və güzgüləri əzərək qaçırdı, ovuclarına isə, iri brilyantlar
dolur, ətrafa səpələnirdi. O, sarı qapının qarşısında dayandı. Qapının üstündə
"Günəşli Günbəz” yazılmışdı. O, keyimiş əlilə qapıya toxundu, dəstəyi çevirərək
qapını açdı və ağır-ağır içəriyə doğru addımladı.
Kandarda
o, ətrafı seyr edərək bir müddət donub qaldı. Arxasındakı qapını yağış döyəcləyirdi,
qarşısındakı alçaq masanın üzərində gümüşü rəngdə qazança və üzü qatı qaymaqla
örtülü dolu bir fincan isti şokolad vardı. Yandakı məcməyiyə isə içərisi iri
cücə əti parçaları, təzə pomidor və yaşıl soğanla doldurunlmuş böyük
buterbrodlar qoyulmuşdu. Düz burnunun tuşundakı asılqandan böyük xovlu dəsmal
asılmış, ayaqlarının yanına isə yaş paltarları yığmaq üçün yeşik qoyulmuşdu.
Sağ tərəfdəki kabində qaynar şüalar altında bir göz qırpımındaca qurumaq
mümkündü. Kreslonun üstündə təsadüfi yolçular üçün təmiz dəyişək qoyulmuşdu. İrəlidə
isə, mis qəhvədanlarda qaynar qəhvə, patefon, sakit musiqi, qırmızı və qəhvəyi
cildli kitablar... Kitab şkafının yanına alçaq və yumşaq divan qoyulmuşdu, burada,
binanın ən vacib elementi olan parlaq şüaların altında rahatlıqla uzanmaq
olardı.
O, əllərilə
gözlərini örtdü. Adamların ona yaxınlaşdıını hiss edə bilmişdi, lakin heç nə demədi. Bir az gözləyib gözlərini
açdı və yenə baxmaşa başladı. Su onun paltarlarından axaraq, ayaqları altında
gölməçə əmələ gətirmişdi. O, saçlarının, üzünün, əl və ayaqlarının quruduğunu
hiss edirdi.
Günəşə
baxdı. Böyük, sarı, parlaq günəş günbəzin düz ortasından asılmışdı, işiq
saçırdı. Bütün binada mütləq səssizlik hökm sürürdü. Qapı bağlı idi, lakin hissiyyatı yenicə bərpa olmuş dərisi yağışı hələ
də hiss edirdi.
Mavi
qübbə altındakı qızılı, mülayim, möhtəşəm günəş hərarət saçırdı. O, üzərindəki paltarları bir-bir soyunub kənara
ataraq irələyi doğru addımladı.
Tərcümə:
Dinar Həmidova