
Roald Dahl. Dəridən-qabıqdan çıxan adamlar (hekayə)
- 21.06.2020
- 0 Şərh
- 2726 Baxış
Min
doqquz yüz qırx altıncı ilin qışı çox uzun çəkdi. Aprel ayı olmasına
baxmayaraq, şaxtalı küləklər şəhərin küçələrində at oynadırdı. Göyüzü qarlı
buludlarla örtülmüşdü.
Drioli
adlı bir qoca kişi "Rue de Rivoli” küçəsində
büzüşüb oturmuşdu. O, çirkli qara paltosuna elə bürünmüşdü ki, ancaq gözləri görünürdü. Kirpi kimi yumrulanıb oturmuşdu.
Kafenin
qapısı açıldı, bihuşedici qızarmış toyuq ətinin iyindən onun mədəsi ağrımağa
başladı. O, zorla ayağa durdu və bir-birinin dalıyca sıralanmış ətriyyat, ipək
şərflər və köynəklər, qızıl, əntiq mebel dükanlarının pəncərələrindən baxa-baxa
addımlamağa başladı. Axırda şəkil qalereyasının qarşısında dayandı. O, şəkil qalereyalarını sevirdi. Pəncərəyə kətan üzərində çəkilmiş tək
bir şəkil söykəmişdilər. Kişi şəklə diqqətlə
baxdı. Sonra yoluna davam etmək istədi. Yenə arxaya çevrilib şəklə baxdı, baxdı
və birdən yadına nəsə düşdü. Hardasa bu şəkli görmüşdü. O, üzünü şüşəyə söykəyib bütün diqqətiylə şəklə bir də baxdı. Şəkildə
səmada qıvrılan güclü küləyin eyni səmtə əydiyi bir neçə ağac təsvir olunmuşdu. Şəklin çərçivəsinə kiçik
bir lövhə yapışdırılmışdı. Orada yazılmışdı: Chaim Soutine (1894- 1943).
Drioli
diqqətlə şəklə baxdı, baxdı və nəyisə yadına salmağa çalışdı. Bu mənzərəni
harda görmüşdü axı… Çox tanış şəkildi, çox... Dəhşət şəkildi, o, öz-özünə
fikirləşdi. Çox əcaib bir şəkildi - amma onda nəsə var, mənim xoşuma gəlir.
"Chaim Soutine…. Soutine…”
"Aman
Tanrım…” - o, birdən çığırdı. "Mənim balaca Kalmıkım, bu sənsən… Hə, hə, balaca
Kalmık… Yadıma düşdü, Parisin ən xod gedən dükanında bu şəkili satmaq istəyirdi…
Sən bir işə bax…”
Qoca
kişi üzünü pəncərəyə bir az da sıxdı. O
kalmık oğlan yadına düşdü. "Nə qədər vaxt keçib görən… iyirmi il - yox, yox, çox
olar, otuz il.. Dayan görüm… Həəə, birinci dünya müharibəsindən əvvəl. Düzdü,
min doqquz yüz on üçüncü ildən əvvəl olardı….”
"Hə, hə,
yadıma düşdü. Bu Soutine… ay səni…” Bu Soutine - çirkli balaca kalmık idi,
mısmırığını sallayıb gəzən qaradinməz bir oğlan idi. O vaxt, onu götürüb evinə
gətirdi, öz oğlu kimi baxdı ona. Heç bir səbəb olmadan oğlan kişinin xoşuna gəlmişdi.
Onun ağlına gəlməzdi ki, bu qaşqabaqlı oğlan da nə vaxtsa gözəl şəkillər çəkə
biləcək və məşhur olacaq.
Görürsənmi,
çəkirmiş, özü də necə… Kişi keçmişini yadına salmağa çalışdı - küçə uzunu
düzülmüş zibil qutuları, qaxsımış iylər, zibil qutularının ətrafında veyillənən
pişiklər, az qala küçənin daimi atributuna çevrilmiş - küçədə oturub ağzını göyə
əngəldən çirkli kök qadın… Hansı küçə
idi o? Oğlan harda yaşayırdı? Hə, hə, "The Cite Faiguere” küçəsi, hə, yadıma
düşdü.
Kişi
yadından çıxmasın deyə küçənin adını bir neçə dəfə bərkdən təkrar etdi. Sonra
gözünün qabağına tək çarpayılı otağı gəldi. Küncdə köhnə qırmızı bir divan var
idi. O qaradinməz oğlan orda yatırdı.
Sonra
bir-bir, içki məclisləri, ucuz ağ çaxır, hay-küylü mübahisələr…
O
qaşqabaqlı oğlan həmişə kişinin işlərini izləyirdi, həmişə…
Çox qəribədir,
Drioli fikirləşdi, hər şey kino lenti kimi bir andaca gözünün önündən keçdi. İrili-xırdalı hadısələrin
hamısını bir-bir xatırladı.
Tatu məsələsi
yadına düşdü. Nə məsələ idi o… Yadına salmağa çalışdı. Nə təhər oldu, necə
başladı o iş?... "Hə, hə yadıma düşdü” - deyə Drioli gözlərini qıydı. Günlərin
bir günü onun əlinə çoxlu pul gəldi və
o, işdən çıxıb evə çaxır aldı. Aha… Sonra nə oldu? Hə, əlbəttə ki, qucağında
çaxır butulkaları olan yeşik evə daxil olanda məəttəl qaldı. O qaradinməz oğlan
əlində fırça və boya otağın ortasında oturub poza verən bir qadının - Driolinin
arvadının şəklini çəkirdi.
"Bu
axşam bayramdı. Üçümüz də bunu qeyd etməliyik”. - Kişi dedi.
"Nəyi
bayram edəcəyik?” - oğlan kişiyə baxmadan soruşdu. - "Arvadından
boşanacaqsansa, mən onunla evlənirəm.” - oğlan dedi.
"Yoox.”
- Drioli dedi. "Bəxtim gətirib bu gün, qəşəng pul qazanmışam. Bunu mütləq qeyd etmək lazımdır. Gəlin bu münasibətlə içək.
"
"Mən də
bu gün heç nə eləməmişəm. Bunu da qeyd etmək lazımdır.” - oğlan narazı-narazı
dedi.
Drioli əlindəki
yeşiyi stolun üstünə qoydu. O, it kimi yorulmuşdu və içmək istəyirdi. Bu gun
kişinin doqquz nəfər müştərisi olmuşdu - doqquz sərxoş əsgər. Heç vaxt bir gün ərzində
bu qədər müştərisi olmamışdı. Təəccüblüsü orasındaydı ki, əsgərlərdən yeddi nəfəri
işin haqqını nəğd pulla ödədi. Drioli pulun çoxluğundan xoşbəxt olmuşdu. Amma
iş Driolinin gözlərini lap xarab etmişdi. Onun gözləri yorğunluqdan bağlanırdı.
Gözlərinin içi qıpqırmızı idi. Ağrıdan göz bəbəkləri elə bil böyümüşdü.
Amma
artıq iş vaxtı qurtarmışdı, o, evdə idi və varlı idi, donuz kimi içəcəkdi.
Yeşikdə üç çaxır butulkası vardı - biri arvadı üçün, biri dostu, o birisi isə
özü üçün. O, açarı əlinə alıb butulkaları açmağa başladı. Hər dəfə
butulkanı açanda mantar tıxacın xəfif səsindən xüsusi ləzzət alırdı. Oğlan əlindəki fırçanı yerə
qoydu: "Bu səs-küydə işləmək olar?!” - dedi.
Driolinin
arvadı oğlanın çəkdiyi şəklə boylandı. Drioli də bir əlində butulka, bir əlində
badə stola yaxınlaşdı. "Yox, yox, xahiş edirəm, baxmayın. Hələ hazır deyil, baxmayın.”
- deyib oğlan şəkli qamarladı və üzünü divara söykədi. Amma Drioli şəkli görə
bilmişdi.
"Yox, çox
xoşuma gəldi. Oxşayır.”
"Pis çəkmişəm,
heç xoşuma gəlmir.”
"Yox, əntiqədi,
düz sözümdü. Sənin bütün işlərini bəyənirəm.” - Drioli oğlanı təriflədi.
"Əşşşi,
nə olsun eeeee…”- oğlan məyus-məyus dedi, – "heç bir xeyri yoxdu. Bu çəkdiklərim
mənə pul qazandırmır. Neyniyim, yemək üçün pul lazımdır, bunları yeyə bilmərəm.”
- O, yarızarafat dedi.
"Amma
çox möhtəşəmdi, and içirəm, çox xoşuma gəldi.”
Drioli ağ
çaxırı badəyə süzüb oğlana uzatdı. - "İç, vecinə də alma, içki sənin kefini
açacaq. " Kişi oğlanı yeddi ay əvvəl bir kafedə, təkbaşına oturub içdiyi yerdə
görmüşdü. Oğlan rusa ya da Asiya xalqlarından birinə oxşayırdı. Drioli oğlanın
oturduğu stola yaxınlaşdı və stulda oturdu.
"Russan?”
"Hə.”
"Hardansan?
"
"Minskdən.
"
Driolini
elə bil ilan çaldı, dik atıldı və qışqıra - qışqıra dedi ki, o da Minskdə
doğulub.
"Hə, nə
yaxşı. Amma mən Minskdən deyiləm. O şəhərə yaxın yerdənəm. "- oğlan dedi.
"Haradı
ora? "- kişi maraqlandı.
"Smiloviçi,
Minskdən iyirmi mil uzaq. "
Drioli
dəhşətə gəldi.
"İnanırsan,
uşaq vaxtı oraları nə qədər gəzmişəm. "
Kişi
yerini rahatladı. Gözünü oğlanın üzünə zillədi.
"Amma sən
qərbi Rusiyalıya oxşamırsan. Sən ya tatar, ya da kalmıksan. Eynilə kalmıksan. "
Həə,
indi də Drioli öz otağında çaxırı başına
çəkib birnəfəsə içən oğlana baxırdı. Oğlanın girdə sifəti, enli yanaqları,
qaba, iri burnu və şəlpə qulaqları vardı. Oğlanın qıyıq gözləri, qara saçları,
qalın və ciddi dodaqları onun əsil kalmık olduğunu göstərirdi. Əlləri… Əlləri çox qəribə idi, qadın əlləri kimi ağappaq
idi. İncə, uzun barmaqları var idi.
"Bir az
da süz. Qeyd ediriksə əməlli-başlı qeyd edək. "- oğlan dedi.
Drioli
hamıya çaxır süzdü. Butulkalar boşalmışdı.
"Bu gecə
qəşəngcə içmək lazımdır. Bu gün mən səxavətliyəm. Çoxlu pulum var. Bəlkə gedim
yenə çaxır alım? Neçə dənə çaxır alım? "- Drioli soruşdu.
"Altı
şüşə. Hərəmizə iki şüşə. Gedək mən də sənə kömək edim. "- oğlan dedi.
Onlar
yaxınlıqdakı kafeyə getdilər . Drioli altı ağ çaxır aldı. Onlar çaxır
butulkalarını cərgə ilə döşəmənin üstünə düzdülər.
"Ancaq
milyonerlər bizim kimi kef edə bilər. "- Drioli yavaş yavaş sərxoş olurdu.
"Hə,
düzdü. Jozi, sən nə fikirləşirsən? Jozi, neynirsən bu kişini? Boşa onu, mənə ərə
gəl. "- oğlanın da kefi durulmuşdu.
"Hə, əla
çaxırdı. Amma mən Driolidən ayrılmaram. "- Jozi güldü.
"Əla
çaxırdı. İçməyə dəyər. "
Onlar hər
dəfə içməmişdən əvvəl tost deyir, badələri birbirinə çaqqıldadıb içirdilər.
Üçünçü badədən sonra Drioli artıq ayaqlarını hiss etmirdi.
Bir
azdan o, ləngər vura-vura, divardan tuta-tuta gedib otağın işığını yandırdı.
"Qulas
as! Bir fikrim var. "- kişi oğlanın qarşısında dayandı. - "Balaca kalmık, əla
bir ideyam var. "
"Nə
ideya? "
"Heç kəsin
ağlına gələ bilməyəcək bir ideya. Deyim nə ideyadı, qulaq asırsan? "
"Yox,
Jozi ilə söhbət edirəm, mane olma. "
"Xahiş
edirəm, qulaq as! Sən mənim ən əziz dostumsan, mənim Minskdən olan kalmık
dostum. Sən mənim gözümdə dahi rəssamsan, ona görə də mənə bir şəkil bağışlamalısan.
"
"Mane
olma! Hansı şəkli istəyirsən götür. İstəyirsən hamısını götür. "
"Yooox,
yox, qulaq as mənə! Mən elə şəkil istəyirəm ki, həmişəlik mənimlə olsun… həmişə…başa
düşürsən… nə olursa-olsun, yanımda olsun. Anladın məni? " O, oğlanın çiyinlərindən
tutub silkələdi. - "Sən belə et. Mənim kürəyimə bir şəkil çək. Sonra da çəkdiyin
şəkili tatu edək. Şəkil də ömrüm boyu həmişə mənimlə qalsın. " Oğlan məəttəl -
məəttəl kişiyə baxdı. - "Çox axmaq fikirdi. "
"Mən sənə
tatu etməyi öyrədərəm. Asandı. Uşaq da bacarar. "
"Mən
uşaq deyiləm. "- oğlan hirsləndi.
"Xahiş
edirəm. "
"Tanrı
xatirinə əl çək məndən. Dəli olmusan sən?!. "
Rəssam
oğlan kişinin içkidən xoşallanmış gözlərinə baxdı.
"Nə istəyirsən
axı məndən? "
"Qulaq
as! Sən istedadlısan. Tez öyrənəcəksən. Bacaracaqsan. "
"Nəyi
bacaracam?”
"Tatu
vurmağı. İki dəqiqəyə tatu vurmağı sənə öyrədəcəm. "
"Mümkün
deyil. Tanrı xatirinə, mən rəssamam, tatuçu deyiləm. "
"Mən
bilirəm nə deyirəm, kalmık”.
Drioli
bilirdi nə istəyirdi. O, tatunun atası idi. Keçən ay bir kişinin qarnını rəngbərəng
gül çələngi ilə bəzəyən kim idi bəs? Əlbəttə, Drioli.. Bəs sinəsi meşə kimi tük
olan kişini hələ demirəm. Drioli onun sinəsində nərildəyən ayı şəkli çəkmişdi.
Kişinin sinəsinin tükləri elə bil ayının xəzi idi. Əntiqə iş idi. Bu günkü sərxoş
əsgərin əzələli qoluna sarılmış su pərisinə hamı valeh olmuşdu.
"Yox, əşşi,
sən dəmsən. Nə danışdığını bilmirsən. Get yat, Drioli, get yıxıl yat! "
"Qulaq
as, kalmık ! Model kimi Jozini götürə bilərik. Mənim kürəyimə Jozinin şəklini çək.
Kürəyimə öz arvadımın şəklini həkk etdirə bilmərəm? "
"Yox,
gic - gic danışma! "- arvadı hirsləndi.
"Jozini?
"- oğlan maraqlandı.
"Hə. "-
Drioli bilirdi ki, arvadının adını çəkən kimi oğlan yumşalacaq.
"Əzizim,
xahiş edirəm. Al, bu badəni də iç, cəsarətin artsın. Razı ol. Həyatımda ağlıma
bundan gözəl bir fikir gəlməmişdi. "
"Yaxşı
razıyam. "- oğlan həvəsləndi. - "Bir şərtlə ki, Jozinin çılpaq şəklini çəkəcəm.
"
"Yooox,
mən razı deyiləm. Başı xarablar. "- Jozi özündən çıxdı.
"Əla
fikirdi, əla. "- Drioli badələri yenə də doldurdu. Boşalmış butulkalar otağın
döşəməsinə dağılmışdı.
"Drioli,
amma qulaq as, mən şəkli çəkəcəm. Tatu etməyi isə söz vermirəm. Çünki o iş mənlik
deyil. Gəl, Jozinin şəklini kürəyinə çəkim. Amma çimən kimi, yəni su dəyən kimi
rənglər yuyulub gedəcək. Bütün əziyyətim puç olacaq. Mən də səndən inciyəcəm
ki, işimi qiymətləndirmədin, dəyər vermədin
. Yooox, bəlkə heç çimməyəsən… " - oğlan
Joziyə göz vurdu: "bir ay, bir il, həə,
onda şəkil həmişə yanında olar.
"Yoox,
lazım deyil. Sən çəkdiyin şəkil silinməsin deyə, aylarla çımməyəcək, sonra da
iy basacaq hər yanı. Yaxşısı budur ki, tatu edək. Amma lüt yox. "- Jozi qəhqəhə
çəkdi.
"Yaxşı,
danışdıq. Jozinin başını çək!.. Başqa
heç nə! "- Drioli sakitləşdi.
"Çox
asandı, özün görəcəksən. İki dəqiqəyə öyrənəcəksən. Qoy alətləri gətirim. Tatu
üçün elektrikli iynə və müxtəlif rəngli mürəkkəblərim var. Yadında saxla, tatu
nə qədər rəngarəng olsa, o qədər gözəl görünəcək”
Drioli
səndələyə-səndələyə getdi. Yarım saatdan sonra ləvazimatlarla dolu olan boz çantanı gətirib stolun üstünə qoydu. O,
çantanı açdı, içindəki elektrikli iynəni, balaca şüşə butulkalardakı mürəkkəbləri
çıxartdı. Drioli iynəni elektrikə qoşdu. İynəni əlinə alıb işə salanda cızıltı səsi ətrafı bürüdü. İynənin ucu vibrasiya etməyə başladı.
Drioli
tez jaketini çıxartdı. Köynəyinin sol qolunu yuxarı çirmələdi. "Bax indi, gör,
necə asandı. Qoluma naxış vuracam. "- dedi. Qolunun yuxarı hissəsi mavi rəngli
işarələrlə dolu idi. Axır ki, qolunda balaca, tatusuz bir yer tapdı.
"Ən
birinci, uyğun rəngi seçməlisən- məsələn, mən mavi rəng götürürəm . İynənin
ucunu mürəkkəbə batırıram… sonra.. iynəni düz tutursan, incəliklə dərinin üzərində
aşağı yuxarı…. görürsən…. belə… Bu kicik motorun köməyilə iynə dərini deşib mürəkkəbi
dərinin altına yeridir. Görürsənmi? Səliqə ilə. Görürsən, necə asandır? Bax,
bax qolumda kiçik mavi gəmi çəkdim. "
Rəssam
oğlan maraqla Driolinin əl işinə baxırdı. "Olar mən də sənin
qolunda məşq edim.”- dedi.
Oğlan
cızıldayan iynə ilə kişinin qolunda mavi xətlər çəkməyə başladı. "Nə asandı.
"- dedi. "Elə bil, yazı yazanda istifadə
etdiyim mürəkkəbli qələmə oxşayır. Fərqi odur ki, bu işi yavaş-yavaş diqqətlə
görmək lazımdır. "
"Mən nə
dedim? Dedim axı,sən istedadlısan, tez öyrənəcəksən. Nə deyirsən ? Hazırsan? Başlayaq?
"
"Qorxuram.
Özümə əmin deyiləm. "
"Model!
"- Drioli arvadını səslədi. "Gəl əzizim. Gəl, Jozi! ”
Drioli
balaca uşaq kimi sevinçək otaqda Jozi üçün münasib yer axtarırdi.
"Jozini
harda oturdaq? "- dedi.
"Qoy dursun bu masanın yanında.Saçlarını da
darayıb atsın kürəyinə. Mən onu o cür çəkəcəm. "
"Əla!..
Sən dahisən. "
Jozi əlində
badə könülsüz - könülsüz masaya yaxınlaşdı.
Drioli
köynəyini və şalvarını çıxartdı. Əynində alt paltarı, corab və ayaqqabıdan başqa heç nə qalmadı. Drioli
ayaqüstə durmuşdu. Ağappaq, cüssəli bədəni, demək olar ki, tüksüz idi. "Hə, mən
sənin hüzurunda hazıram. Hardan başlayacaqsan? İndi sənin kətanın mənəm. "
"Gəl
otur üzü pəncərəyə tərəf. Bax, bu stulda otur! Sərxoş başını da sal aşağı. Elə elə ki, kürəyini görə bilim."
"Mən
hazır”- deyib kişi stulda oturdu.
"Əvvəl
boya ilə çəkəcəm. Sonra üstündən tatu edəcəm.
"- deyib flrça ilə kişinin cılpaq kürəyində Josinin şəklini çəkməyə başladı.
"Ay,
ay”- Drioli çığırdı. Kürəyimdə qırxayaq gəzir, elə bil. Qıdığım gəlir… "
"Tərpənmə,
tərpənmə! "- oğlan çəld hərəkətlə fırçanı boyaya batırıb çəkməyə başladı. O sərxoş
oğlandan əsər- əlamət qalmamışdı. Gördüyü işin məsuliyyəti tam ayıltmışdı onu, bütün diqqətini şəkil çəkməyə
yönəltmişdi.Yarım saat keçdi. Rəssam, qadına baxa- baxa sonuncu ştrixləri vurdu.
"Bitdi,
Jozi. Gedə bilərsən. "- oğlan dedi. Jozi elə bu sözə bənd idi. Özünü divana
atdı və o saat da yuxuya getdi.
Drioli
də ayılmışdı. İynə ilk dəfə dərisinə batanda qəribə bir ağrı hiss etdi, və
sərxoşluğu bir anda yox oldu. Bu onun ilk işi idi. Lakin buna baxmayaraq çox ustalıqla işləyirdi, rəngbərəng mürəkkəblərdən
istifadə edirdi.
O, səhərə
qədər işlədi. Çox çalışdı, çox əziyyət çəkdi.
Nəhatət,
rəssam geri çəkildi, dərindən nəfəs aldı : ”Qurtardım, axır ki, bitirdim. "
Artıq səhər
açılmışdı. Küçədən keçən adamların səs-küyü
eşidilirdi.
"Görmək
istəyirəm! Göstər, göstər görüm.” " Oğlan güzgünü bucaq altında tutdu və Drioli
kürəyini görmək üçün elə çevrildi ki, az qala boynunu qıracaqdı.
"Aman
Tanrım!!! "- Drioli çığırdı. Kürəyi büsbütün rəngarəng bir kompozisiyadan ibarət
idi. Al qırmızı, qara, qızılı - rənglər o qədər gözəl idi… Tatu o qədər möhtəşəm
idi ki… Bir sözlə oğlan bir şedevr
yaratmışdı. Portret o qədər canlı idi ki… Bu şəkil də onun başqa şəkilləri kimi
əla alınmışdı. Şəkil valehedici idi. Modelin üzündə heç bir ifadə olmasa da
gözləri məst-xumar idi. Arxa plandakı tünd yaşıl rəngli spiralvari cizgilər, elə bil şəklin çəkildiyi
mühitdən xəbər verirdi - şəklə baxan biləcəkdi ki, çəkən də çəkilən də babat
içiblərmiş…
"Möhtəşəmdir.
"
"Nə
bilim. Deyəsən pis alınmayıb. Məncə axırda öz imzamı qoysam daha yaxşı olar. "-
oğlan dedi. Motor yenə işə düşdü, oğlan Driolinin sağ böyrəyi olan yerdə qırmızı rənglə öz adını
yazdı.
Həəə,
Drioli adlı qoca bir kişi indi qalereyanın pəncərəsindən içəri baxırdı, gözləri
yol çəkirdi. Elə bil yadına düşən bütün bu hadisələr çoxdan, lap çoxdan, bundan
əvvəlki həyatında baş vermişdi.
"Oğlan…
Kalmık… Necə oldu bəs? Harda qaldı? "
Driolinin
yadına düşdü ki, müharibədən qayıdan kimi arvadına verdiyi ilk sual bu oldu.
"Mənim
balaca kalmıkım hardadır? "
"O,
getdi. ”- arvadı dedi. "Bilmirəm hara getdi. Amma eşitdim ki, bir şəkil
alverçisi onu götürüb Italiyaya aparıb.
Orda ona çoxlu şəkillər çəkdirəcəkmiş, çoxlu sifarişləri varmış.
"Yəqin
ki, qayıdar. "
"Nə
bilim, bəlkə də qayıtdı. Kim bilir? "
Bu söhbətdən
sonra, o kalmık oğlanı bir də xatırlamadılar. Çünki tezliklə onlar "La Havre”
deyilən yerə köçdülər. Ora dənizçilərin
məskəni idi , ona görə də tatu biznesi orda əla gedirdi. Həəə, iki dünya
müharibəsi arasındakı dönəm yaşamalı vaxtlar idi. Bərə keçidinə yaxın bir yerdə
kişinin dükanı vardı. Dükanın rahat,
gen-bol otaqları vardı, və kişinin işi başından aşırdı. Hər gün dörd-
beş dənizçi gəlib müxtəlif tatular çəkdirirdi. Həqiqətən də gözəl
vaxtlar idi.
Sonra lənətə
gəlmiş ikinci dünya müharibəsi başladı,və…
Josini öldürdülər. Almanlar hər yeri zəbt eləmişdi, və beləliklə, Driolinin
biznesi batdı. Bundan sonra heç kəs qoluna tatu etdirmək istəmədi. Düzünə
qalsa, Drioli bu iş üçün artıq qoca idi.
Nəhayət,
Drioli Parisə getmək qərarına gəldi. Güman edirdi ki, böyük şəhərlərdə iş
tapmaq daha asan olar. Amma ümidləri puç oldu.
Müharibə
qurtarıb artıq, ancaq onun yenidən bir iş qurmaq üçün nə həvəsi vardı, nə də
enerjisi… Dilənməyi bacarmayan bir adam üçün işsiz qalmaq cəhənnəm əzabı idi. Həyatda
diri qalmaq üçün nəsə eləməliydi…
Həə,
Drioli yenə də şəklə baxdı:
"Bu mənim balaca kalmıkımın işidir. "
Xatirələr
yaman tərpətmişdi onu. Bu şəkli görməsəydi, kürəyindəki tatu da yadına düşməyəcəkdi.
İşə bir bax.
Drioli
üzünü pəncərəyə yapışdırıb baxmağa başladı. Divarlar başdan başa şəkillərlə dolu idi, və hamısı da elə bil bir adamın fırçasından
çıxmışdı. İçəridə adamdan çox adam
vardı. Deyəsən, bu gün məxsusi bir gün idi və bu sərginin bu gün açılması heç də
təsadüfi deyildi.
Birdən
Drioli nəsə fikirləşdi və qalereyanın qapısını açıb içəri girdi. Geniş otağın
döşəməsinə boyaboy al qırmızı xalça sərilmişdi. Otaq çox gözəl idi və ən əsası
da, isti idi. Hamının əlində kataloq var idi. Zövqlə geyinmiş adamlar tablolara baxa-baxa gəzişirdilər. Driolini həyəcandan
isti basmışdı. Özünü itirmişdi, ora -
bura baxırdı. Birdən arxadan kimsə ona yaxınlaşdı: "Sənə nə lazımdır? "
Deyəsən,
qalereyanın sahibi idi. O, balaca boy, şişman bir kişi idi. Ağappaq sifətindən
yağ damırdı.
O, bir
az da Drioliyə yaxınlaşdı. "Eşitmirsən? A kişi, sənə nə lazımdır? Nə istəyirsən? "
Drioli
key-key kişinin üzünə baxdı.
"Xahiş
edirəm, mənim dükanımdan çıx. "
"Şəkillərə
baxmaq istəyirdim. Baxmaq olmaz ki, bəyəm? "
"Dedim
ki, rədd ol burdan!”
Drioli
yerindən tərpənmədi. Birdən-birə o, özünü təhqir olunmuş kimi hiss etdi.
"Problem
istəmirsənsə, itil burdan. "- qalereyanın sahibi dedi və şişman əlləri ilə
Driolinin qolundan yapışıb zorla qapıya
tərəf itələməyə başladı.
"Çək əlini
məndən! "- Drioli çığırdı.
Onun səsi otaqda əks- səda verdi və hamı bir nəfər kimi
qapıya tərəf döndü . Camaat nə baş verdiyini bilmək istəyirdi. İçəri otaqdan
qaça-qaça gələn bir işçi müdirinin köməyinə
yetdi. İkisi birləşib Driolini çolə atmağa çalışırdılar. Adamlar qəribə bir
soyuqqanlıqla bu təəccüb və təəssüf dolu
mənzərəyə tamaşa edirdilər.
" Məndə
də var… "- Drioli var- gücü ilə qışqırdı.
"Məndə də by rəssamın çəkdiyi şəkil var... O,
mənim dostum idi, ən yaxın dostum. O, mənə şəkil bağışlayıb. "
"Bu
kişi dəlidi, başdan xarabdı. "
"Ordan
polis çağırın! "- kimsə dedi.
Birdən
elə bil Drioliyə güc gəldi, sivişib o iki nəfərin əlindən çıxdı. Otaq boyu qaça qaça qışqırırdı. "Mən şəkli göstərə
bilərəm. O, şəkli mənə bağışlayıb. Göstərə bilərəm.”
Drioli
tez gödəkçəsini yerə tulladı , jaketini və köynəyini çıxartdı. O, çılpaq kürəyini
açıb adamlara göstərdi. - "Baxın, baxın, görürsüz!!! "
Birdən-birə
otağa dəli bir sükut çökdü. Hamı şokda idi. Adamlar heyranlıqla tatuya dönmüş
ilahi bir şəklə baxırdı. Şəkildəki rənglər hələ də öz parlaqlığını,təravətini
itirməmişdi. Doğrudan da bu möhtəşəm bir əsər idi.
Kimsə həyəcanla
çığırdı. - "Aman Tanrım, yazıq kişi düz deyirmiş!.. "
Hamı
kişini əhatəyə aldı, hər tərəfdən suallar verməyə başladılar.
"Bu, təkrarolunmaz
bir şəkildir. "
"Bu, yəqin
ki, rəssamın ilk işidir, eləmi? "
"Fantastikadır.
"
"Bax,
bax, hələ imzasını da qoyub. "
"Kürəyini əy, dostum, şəkli daha aydın görək. "
"Çoxdankı
şəklə oxşayır. Neçənci ildə çəkilib bi şəkil? "
"Min
doqquz yüz on üçüncü ildə. "- Drioli dedi. - "Min doqquz yüz on üçüncü ilin
payızında. "
"Soutinə
kim tatu etməyi öyrədib? "
"Mən. Mən
öyrətmişəm. "
"Qadın
kimdir? "
"Mənim
arvadım idi. "
Qalereyanın
sahıbı camaatı itələyib Drioliyə yaxınlaşdı. İndi o, sakit, nəzakətli idi. O,
irişə-irişə Drioliyə dedi. - "Üzr istəyirəm, cənab. Mən bu şəkli alıram. "
Kişi
danışdıqca yağlı sifəti bərq vururdu.
"Deyirəm
ki, cənab, mən bu şəkli sizdən aliram.
Driolini
gülmək tutdu.- " Başa düşmədim. Şəkli necə alacaqsan ki? "
"Mən sənə
iki yüz min frank verirəm!"
Dükan
sahibinin bir cüt qara muncuğa oxşar xırda gözləri piyli sifətinin içində itib batmışdı.
"Vermə
ona. Bu şəklin qiyməti o dediyi qiymətdən iyirmi dəfə bahadır. "- deyə kimsə qışqırdı.
Drioli
nəsə demək istədi, amma bacarmadı. Başını aşağı salıb sakitcə pıçıldadı:
"Bu şəkli
sizə necə sata bilərəm axı? "
Bütün
dünyanın dərdi - qəmi birdən - birə Driolinin səsinə hopdu. - "Cənab, bu şəkli
sizə necə sata bilərəm axı? "
"Kişi
düz deyir də. Necə sata bilər. Şəkil onun bədəninin bir hissəsidir. "- kimsə dedi.
"Qulaq
as. "- Müdir Drioliyə bir az da yaxın gəldi. "Mən sənə kömək edərəm. Səni
milyonçu edərəm. Gəl, bu məsələdən ötrü
ayrı bir vaxt görüşək,bir qərara gələk.”
Drioli
başını qaldırıb tülküsifət müdirin qansız üzünə baxdı. "Cənab, səkli sizə necə satım? Mümkün deyil axı. Alıb
hara qoyacaqsız? Yox, bu mümkün deyil! "
"Hə,
düz deyirsən, fikirləşmək lazımdır, bir az. "- deyə müdir burnunun üstünü qaşımağa başladı.
"Şəkili
götürmək istəsəm gərək səni də götürəm. Bu da ki, mümkün deyil. "
Müdir
yenə də burnunu qaşıdı.
"Onsuz
da bu şəkil sən ölənə qədər lazımsız, artıq bir şey kimi sənin üstündə qalacaq.
Onu nə sata biləcəksən, nə ata biləcəksən... Yaxşı… Sənin neçə yaşın var,
dostum?. . "
"Altmış
bir. "
"Neçə
hiss edirsən özünü? Xəstələnmisən elə-bil? ”
Müdir
elə bil mal-heyvan alverçisi idi, Driolini müştəri gözü ilə altdan-yuxarı
süzürdü.
"Yox,
yox, bu söhbət mənim xoşuma gəlmədi. "- Drioli təşvişə düşdü.
Yaşıl rəngli
zərif dəridən tikilmiş əlcək taxmış bir kişi arxadan Drioliyə yaxınlaşıb, onun
çiynindən tutdu və gülə-gülə dedi. - "Bura bax, dostum, okean sahilində dincəlmək
istəmirsən? Qızmar günəş…? "
Drioli şübhə ilə yaşıl əlcəkli adama baxırdı.
"Ən
bahalı restoranda qəşəng yemək yeyəcəksən, qırmızı çaxır sel kimi axacaq… "
Əlcəkli
kişi hələ də hırıldayırdı. Ağzını elə ayırmışdı ki, arxadakı qızıl dişləri bərq
vururdu . Əlləri hələ də Driolinin çiynində idi.
"İstəyirsən?
"
"İstəyirəm,
əlbəttə, istəyirəm. "
"Hələ
gözəl qadınları demirəm. İstəyirsən?
"İstəyirəm,
niyə istəmirəm? "
"Əyninə
tikilmiş cürbəcür kostyumlar, köynəklər,
gödəkçələr… Nə deyirsən? "
Drioli
çaşıb qalmışdı.
"Düzünü
denən,heç ömründə ancaq sənin üçün, məxsusi sənin ayağına tikilmiş ayaqqabı geyinmisən? "
"Yox. "
"İstəyirsən?
"
"Nə
bilim. "
"Səhərlər
ancaq sənin saçını və üzünü qırxan özəl
bərbər… İstəyirsən? "
Drioli
ağzıayırıq qalmışdı, bilmirdi nə desin.
"Və ancaq
sənin dırnaqlarını manikür edən füsunkar bir xanım…Necədi səninçün? "
Camaatın
arasında kimsə möhkəm pıqqıldadı.
"Hoteldə,
yuxudan ayılan kimi səhər yeməyini düz yatağa gətirən qəşəng bir qız, necədi,
istəyirsən? "
Driolinin
dili - dodağı qurumuşdu. Sakitcə durub qulaq asırdı.
"Bura
bax, mən Kanndakı " Bristol Hotel”in sahibiyəm. Sən ömrünün qalan hissəsini
hotelimin luks nömrəsində yaşaya bilərsən.
"
Yaşıl əlcəkli
kişi söhbətinə bir az ara verdi - ağlasığmaz təkliflərini yazıq Driolinin beyninə yeritmək üçün bir qədər
gözləməli idi…
"Xahiş
edirəm, gəl, günü bu gündən hotelin həyətindəki
hovuzda çim, hoteldəki insanlarla tanış ol, özünü günəşə ver, üz, spirtli
kokteyllərdən iç, keyf elə!!! Şellən özünçün. Necə fikirdi? "
Cavab gəlmədi.
"Necə
fikirdi? Bütün qonaqlar Soutine adlı rəssamın pərəstişkarıdır. Sən məşhur
olacaqsan. Hamı səni barmaqla göstərib deyəcək : " baxın, kürəyində on milyon
franklıq şəkil gəzdirən bəxtəvər budur!”
”Fikirləş,
çox gözəl və sənə uyğun ideyadır. Nə deyirsən, cənab?”.
Drioliyə
birdən elə gəldi ki, yaşıl əlcəkli kişi onu sadəcə ələ salır.
"Çox
gülməli ideyadır. Başa düşmədim, siz yəqin mənimlə zarafat edirsiniz? "
"Əsla, çənab. Əsla, düz sözümdür, nə zarafat.
"
"Sən
ona qulaq asma, kişi. "- Qalereyanın sahibi əlcəkli kişinin sözünü kəsdi .
” Sən məni
eşit! Mən bu şəkli aliram və mənim çox məşhur bir cərrah tanışım var. O, sənin
kürəyinin dərisini soyacaq. Sən də mənim verdiyim pulları götür, qalan ömrünü
harda, kimlə istəyirsən keçirt. Kef elə, danışdıq? "
"Necə
kef edim, soyulmuş vəziyyətdə?
"Yox,
yox. Məni səhv başa düşdün. Cərrah köhnə dərini yenisi ilə əvəz edəcək.
Problemi çox asan yolla həll edə bilərik . "
"Bu
işi bacarar o, yəni? "
"Əlbəttə,
bacarar, tanışım professionaldır. "
"Boş
söhbətdir. "- Əlcəkli kişi etiraz etdi. "Bu kişi o cür mürəkkəb dəri dəyişmə əməliyyatı
ücün çox qocadır. O cür ağır əməliyyata dözə bilməz. Cənab, sən o cərrahın əlinin
altından çətin sağ çıxasan. Ölərsən…. "
"Ölərəm…?
"
"Əlbəttə,
şəkili soyub götürəcəklər, amma sən çətin sağ çıxasan bu əməliyyatdan "
" Tanrı
xatirinə!!!"- Drioli dəli oldu. Hamı
sakitcə ona baxır, işin necə qurtaracağıni maraqla izləyirdi. Camaatın
arasından kimsə sarkastik bir tərzdə mırıldadı:
"Babat
pul verin getsin bir az yesin - içsin. Bəlkə də özünü öldürməyə razı sala
bildiz.”
Bir neçə
nəfər ləzzətlə qaqqıldadı.
Yaşıl əlcəkli
adam yenə də əli ilə Driolinin çiynini
şappıldatdı. "Hə, gəl, gəl, çox fikirləşmə"- həyasızcasına güldü.
"Gəl,
gedək səni gözəl bir restorana aparım. Nahar edə-edə söhbətimizi davam etdirək.
Necə fikirdi? Yəqin ki, acından ölürsən. "
Drioli
bilmirdi nə desin…
Birdən
Drioliyə elə gəldi ki, yaşıl əlcəkli adam bir əfi ilana dönüb onun bədəninə
sarılıb və onu sıxıb, sıxıb o dünyalıq
edəcək.
"Qızarmış
ördək və şampan. "- əlcəkli adam dil-boğaza qoymurdu. Ağzını əyə - əyə, sözləri
xüsusi bir aksentlə vurğulaya-vurğulaya əldən
- ayaqdan gedirdi.
"Vəəə,
üstündən də desert- şokoladlı dondurma,
ya qozlu-fındıqlı tort,daha nələr, nələr… "
Driolinin
başı fırlandı, ağzı sulandı, mədəsi göynədi. Hamı durub bu yazıq kişinin ağzını
necə marçıldatdığına tamaşa edirdi.
"Qızarmış
ördək xoşlayırsan? "- əlcəkli adam əl çəkmirdi.
"İstiotlu,
dərisi xırt-xırtlı, qıpqırmızı qızarmış ördək yoxsa ballı ördək? Hansını istəyirsən?
Bəlkə başqa şey…? "
"Gedək.
"- Drioli tələsik cavab verdi. O, yerə düşmüş köynəyini götürüb əyninə
keçirtdi.
"Cənab,
razıyam. Gedirəm sizinlə. "
Drioli
yeni patronu ilə birlikdə qalereyadan çıxıb gözdən itdi.
Bir
aydan sonra Buenos Ayresdə mükəmməl bir
çərçivədə Soutine adlı rəssamın qeyri-adi məharətlə çəkdiyi bir şəkil - gözəl
bir qadının başı təsvir olunmuş rəngarəng bir şəkli- satışa çıxarıldı.
Məsələ
burasındaydı ki, Kannda, yarandığı gündən bu vaxta kimi, heç vaxt Bristol adında hotel olmayıb .
Ancaq,
nə bilmək olar, bəlkə də bu saat, hardasa cazibədar bir xanım o qoca kişinin
barmaqlarını manikür edirdi, və ya bir
gözəl qız hansısa hoteldə ona səhər yeməyi gətirirdi…
Ümid-
iynənin ucu boyda olsa da, yenə ümiddir.
Bizə
ümid etmək qalır.
Bizə o
kişinin sağ qalmağı üçün dua etmək qalır...
İngiliscədən
çevirən
Rauf
Qaraişıq