
Roald Dahl. "Mənə oxşayan adam" (hekayə)
- 11.12.2019
- 0 Şərh
- 976 Baxış
"Nə istəyirsiniz?
Pivə gətirim? "- barmen soruşdu.
"Hə,
pivə ver!” - Mən sifarişimi verdim. Barmen iki şüşə pivə, iki də stəkan gətirdi.
Mən butulkadan stəkanlara pivə süzdüm.
"Sənin
sağlığına,” - mən stəkanı qaldırdım. Biz stəkanları bir-birinə çaqqıldadıb
içdik. Axırıncı dəfə onu beş il əvvəl görmüşdüm. Sonra müharibə başladı. Onu
bir daha görmədim, demə, beş il müharibədə olub. Başlayandan qurtarana qədər
pilot kimi vuruşub. İlahi, müharibə onu neçə dəyişdirmişdi…… Cavan, dəliqanlı
oğlan yetmiş yaşlı qoca, sakit bir adama çevrilmişdi. Yox, yox, ona sakit demək
olmazdı, yəni elə bil şikəst, boynubükük, yorğun, həyatından bezmiş bir adama
dönmüşdü.
Kişi
çox dəyişmişdi, çox. Mən onunla barda görüşəndə çaşıb qaldım, dəhşətə gəldim. Nə
deyəcəyimi, nədən başlayacağımı bilmədim.
Pilot
dostum Fransadan tutmuş bütün İngiltərə
boyu vuruşmuşdu. Onu gah (Western Desert) Qərbi Səhralarına, gah (Greece)
Yunanıstana, gah da Crete adalarına göndərirdilər. Təyyarəsi ilə Suriyadan
girib Habbaniyadan, Alameindən çıxırdı. O, Siciliyaya, İtaliyaya, ordan da
İngiltərəyə reydlər edirdi. Elə bir cəsur adamı müharibə sındırmışdı. İndi
qarşımda sönmüş bir adam oturmuşdu.
O,
alçaqboylu, solğun girdə sifətli bir kişi idi. Uzun çənəsi tez nəzərə çarpırdı.
Amma qara gözləri hələ də işıqlı idi.
Saçları qara və səliqəsiz idi. Bir çəngə tük alnına tökülürdü və o, tez-tez əli
ilə saçını arxaya darayırdı.
Bir
müddət ikimiz də özümüzü narahat hiss etdik. Masa arxasında sakitçilik idi, heç
birimiz söhbətə başlamaq istəmirdik. Pilot dostum mənimlə stolda üzbəüz
oturmuşdu. O, barmağı ilə soyuq pivədən tərləmiş stəkanın üstündə şəkil çəkirdi.
Özünü məşğul kimi göstərmək istəyirdi. Amma mən hiss edirdim ki, o bilmir nədən
başlasın, nə danışsın. Mən stolun üstündəki qabdan qoz-fındıq götürüb marçıltı
ilə yeyirdim. Guya ki, mənim də heç nə vecimə deyil.
Sonra
o, gözünü stəkandan ayırmayaraq sakitcə, asta-asta dedi: "Nə deyim, rəbbim kaş
ki, məni də ya barmen, ya da bir pozğun, yolunu azmış qadın yaradardı.”
O, stəkanı
doldurdu və bir nəfəsə içdi. Bilirdim ki, içi içini yeyir, söhbətə başlamaq
üçün özündə güc toplayır.
Mənim
ona yazığım gəldi. "Gəl birini də içək!” - mən təklif etdim.
"Hə,
düz deyirsən. Gəl, birini də içək, amma pivə zəifdi. Viski yaxşıdı. Viski içək.”
Mən
barmenə bir Scotch və mineral su sifariş etdim. Biz mineral suyu Scotchla
qarışdırıb içdik. O, azca qabağa əyilib söhbətə başladı.
"Bilirsən?”
- dedi, "Hər dəfə reydə çıxanda hədəfi vurmaq üçün bombaları buraxan zaman
ağlımdan keçırdi ki, mən neyləyirəm? Görən atdığım bombalar kimin başına düşəcək?
Bütün günü peşimançılıqla fikirləşirdim ki, atdığım bombalar kimi öldürəcək,
neçə nəfəri, 10, 20,100,1000 nəfəri öldürəcəm. İndi hər şey bitib, amma suallar
məni rahat buraxmır.” O, danışa danışa barmaqlarının arasında qoz-fındığı əzirdi.
Hiss olunurdu ki, danışdıqlarından əzab, xəcalət çəkir.
O, çox
yorğun yavaş səslə danışırdı. "Bilirsən, təyyarədə sükanın altındakı əyləcə
ayağımı xəfif basırdım, bombalar açılırdı. Təsəvvür edirsən, işim o qədər asan
idi ki, ayağını yavaşca basdın, nə qədər evlər, adamlar bombalanırdı. Oturduğun
yerdə ayağını tərpətdin, minlərlə adam, ev-eşik yerlə yeksan olurdu. Mənim də
işim-gücüm ayaq tərpətmək idi. Başa düşürsən nə qədər adamı aradan götürmüşəm?”
O, stəkanı
hələ də əlində tutmuşdu. "Həəəə,” - o, mızıldandı. - "Fikir məni yaşamağa,
yatmağa qoymur, məni dəli edir. O qədər rahat iş idi ki, ayağını basdın, bomba
açıldı, getdi. O anda işini görürsən. Heç ruhun da incimir. Amma sonra fikirləşirsən, "Bu belə olmalıydı, yoxsa
başqa cür? Hansı reyd daha dəhşətli idi? Bəlkə bir az sola versəydim, ev dolu
alman əsgərlərini bombalayardım. Azca sağa sürüşdürsəydim, çadırdakı uşaqların əvəzinə
kef çəkən alman əsgərini öldürərdim. Bütün bunları hesablamaq istedad tələb
edirdi.”
O,
davandı və boş stəkanı stolun ortasına itələdi. "Düzünü deyim, az hallarda səhv
edirdim, çox vaxt yanılmırdım.”
Mən
bilmirdim ona necə təskinlik verim. "Eybi yox, o qədər səhv etmişəm. Hamı səhv
edir. Gəl, bunu da içək.” - dedim.
"İçək də.”
- o dedi.
Mən
barmeni çağırdım, içki sifariş etdim. Artıq saat altı idi, bar yavaş-yavaş
adamlarla dolurdu. Biz onlara baxırdıq. Bəziləri ayaqüstə, bəziləri oturmuşdu,
bəziləri gülüb danışır, ya da içki sifariş edirdi.
"O
qadına bax.” - mən dedim. "Tək oturub.” Mən bilmirdim onun fikrini necə
dağıdım. Araya başqa söhbət salmaq istəyirdim. "Əla fiqurası var. Sinəsi elə
bil mərmərdi.” - dedim.
Barmen
yenə içki gətirdi.
Pilot hələ
də öz aləmində idi. "Sənə Stinkerdən danışmışam?” o soruşdu.
"Yox.
Stinker kimdir?”
"Stinker
dəə. Maltadakı Stinker Sullivan.”
"Yox.”
"Stinkerin
böyük Alsatian cinsindən bir iti var idi. O, iti atasından-anasından çox
sevirdi. İt onun üçün hər şey idi. İt də onu sevirdi. Stinker hara gedirdisə,
it də onunla bərabər olurdu. Stinker onu Smith çağırırdı. O, Smithi canından
çox istəyirdi. Bütün günü itlə danışırdı.”
"Viski
içək?” - soruşdum.
"içək,
içək.” - pilot dedi. Biz bir az da içdik.
"Həəə,
nə isə. Bir gün komandir ona Misirə uçmağı tapşırır. Əmri həmin dəqiqə yerinə
yetirmək lazım idi, bir saat, iki saat sonra yox. Stinker Smithi heç yerdə tapa
bilmir. Bütün aerodrom boyu "Smith, Smith” deyə vəhşi kimi çığıra-çığıra qaçır,
axtarır. Smith tapılmır.”
"Bəs
harda imiş?” - maraqla mən soruşdum.
"Qulaq
as da.. Həə, it tapılmadı və biz uçmalı olduq. Stinker ilk dəfə olaraq Smithsiz
uçdu. Təsəvvür edirsən, o, havalanmışdı. Uçuş boyu Stinker Maltadan radio ilə
soruşurdu ki, it tapıldı, ya yox. Qayıdanda da Misirə zəng vurub soruşurdu ki,
it tapıldı, ya yox. Malta da cavab verirdi ki, yox, tapılmayıb.”
Yenə də
içki sifariş verdik. "Hə, nə deyirdim? Yadıma düşdü, Stinkerdən danışırdım. Adətən,
hara gedirdiksə, Smith Stinkerin yanında olurdu. Stinker də itin başını
tumarlayıb deyərdi: "Afərin, oğlum, gəl, Smith.”
İndi
itini itirmişdi, amma Stinker yenə də dəli kimi gedə-gedə ətrafına baxa-baxa
danışırdı, guya iti yanındadı, "gəl, oğlum, gəl, Smith” deyirdi.
"Bəs it
harda imiş?” - mən soruşdum.
"Yəqin
ki, Maltada öldürmüşdülər, tapılmadı. Offf, necə də pis viskidi.”
"Heç
demə. Elə bil zəhərdi, zəhər. Neyniyək ki, iç getsin,” - mən dedim.
"Sənin
sağlığına.”
"Yox, sənin
sağlığına.”
"Barmen!
Barmen, içki gətir!”- qışqırdım.
"Həəə,
qardaş, Smith tapılmadı. Biz fikirləşdik ki, onu öldürüblər.”
"Vay,
vay, kişinin başı çönər ki..” - mən maraqla dedim.
"Çöndü
də, hara gedirdisə, iti çağırırdı. Qapını açırdı, guya əvvəl iti keçirdi, sonra
özü arxasıyca qapını örtürdü. Otağa daxil olanda yan-yörəsinə baxa-baxa guya
iti ilə danışırdı: "Gəl, gəl, Smith, oğlum,” deyirdi. Havada əli ilə guya itin
başını sığallayırdı. Bir dəfə barda iki kişi iki qadınla oturub içirdilər. Birdən
Stinker onların stolunun altına girdi. Onların dizlərindən yapışdı və qışqırdı:
"Gəl, gəl, çıx stolun altindan, Smith, ayıbdı, camaat istirahət edir, sən
onları narahat edirsən. Çıx, çıx stolun altından. Sonra guya itini stolun
altından çıxarmış kimi özünü göstərib, orda oturanlardan üzr istəyirdi. "Çox
nadinc itdi, çox üzr istəyirəm, heç sözümə baxmır. Bağışlayın.” Sən o
insanların üzündəki ifadəni görərdin. Sonra barın qapısını açdı, güya əvvəl itə
yol verdi, it çıxdı, sonra da özü çıxdı.
"Kişi
lap dəli imiş”- mən təssüflə dedim.
"Hə,
Stinkerin başı xarab olmuşdu. Hələ o bardakı camaatı görərdin. Onlar bir-birinə
təəccüblə baxır, iti görmək üçün ora-bura boylanırdılar. Hətta bir kişi
qorxudan əlindəki içkini dağıtdı.
"Yazıq,
dəhşət vəziyyətdə imiş.” - mən dedim.
"Hə, dəhşət,
çox dəhşət.”
Barmen
gəlib-gedirdi. Stəkanlar dolub-boşalırdı. Otaq adamlarla dolu idi. Əksəriyyəti
də hərbi geyimdə idi.
Pilot
stəkanına buz atdı.
"Hə,
başını itirmişdi. Gözü gəzirdi. Gözü yolda idi. Hər yerdə itini axtarırdı.”
Söhbəti
dəyişmək istəyirdim. Bilmirdim nə atım ortalığa, nədən danışım. "Bilirsən?”
dedim, "Mənim balaca bir maşınım var, işə
onunla gedib gəlirəm. Bilirsən, mənim özüməməxsus maşın sürmək qaydam var.”
"Nə
qaydası?” - pilotu maraqlandırdım deyəsən.
"Maşının
motorunu işə salıram, amma iyirmiyə qədər sayıb, sonra yerimdən tərpənirəm.”
"O nə
deməkdi? O necə olur? Sən Stinkerdən də dəli imişsən ki.” - o, dedi.
"Mənim
üsulum hər hansı acdidentdən qaçmaq üçündür. Hələ heç kimin maşınını
vurmamışam, ya da yungül zədə ilə canımı qurtarmışam.”
"Sən
deyəsən əməlli sərxoşsan.” - pilot donuq sifətlə mənə baxdı.
"Ciddi
deyirəm. Motoru işə salıram, amma sürmürəm. İyirmiyə qədər sayıram, sonra
yerimdən tərpənirəm. Yolu keçən piyadanı vura bilmirəm, çünki iyirmi saniyə
gecikirəm.”
"Nə
bilim, anlamadım. Amma yaxşı fikirdi,”- o, dedi.
"Əlbəttə
ki, yaxşı fikirdir. Bilirsən, nə qədər həyat xilas etmişəm? Mən rahatam, çünki
saydığım üçün vura biləcəyim adam yolu keçib gedir artıq.”
"Əladı.”
"Hə, əladı,
mən özüm fikirləşmişəm.”
Biz yenə
də içdik.
"Ona
bax eeee. Super qadındı. Yaman gözəldi.” - mən gözümlə qonşu stolda oturan
qadını göstərdim.
"Hansı
? Sinəsi mərmər olanı deyirsən?” - Pilot qəmli-qəmli soruşdu. "İnanırsan, nə qədər
bundan da gözəl qadın öldürmüşəm?”
"Yox əşşşi,
bunun kimisi olmaz. Almaniyada belə sinəli gözəl-göyçək qadın hardandı?” - mən
etiraz etdim.
"Var,
var, səninlə mərcə gələrəm ki var, çoxdu. Bu otaqdakı adamları görürsən?
Buradakılardan 100 dəfə çox barmenli, deyib gülən, sərxoş, kişili, qadınlı,
uşaqlı, qocalı adam öldürmüşəm.”
"Hə,
çox dəhşətli haldır.”
"Çox,
çox, elə bil cəhənnəmdi. Qana bulanmış kafelər, barlar, restoranlar. Bircə
ayağını basmağına bənddi, mərmilər düşür və yüzlərlə ölü insanlar…”
"Nə isə..
buralar çox səsli-küylü oldu, iç qurtar, başqa yerə gedək.” - dedim .
Biz
içdik, pulu vermək üçün xeyli əlbəyaxa olduq. Axırda mən qalib gəldim. Pilot da
iki dollar barmenə cib xərci verdi.
Biz
ayağa qalxdıq. Səndələyə-səndələyə qapıya tərəf getdik.
Barın
qarşısında durub taksi gözləyirdik. İkimiz də sərxoş idik. Maşınlar yanımızdan
sürətlə keçıb körpüyə tərəf gedirdi. Biz hələ də gözləyirdik.
İngiliscədən
çevirən
Rauf
Qaraişıq