Rok musiqisi: stereotiplər və reallıqlar mübarizəsi

Rok musiqisi: stereotiplər və reallıqlar mübarizəsi

Milli rokun hazırkı vəziyyətinin araşdırılması və müzakirə edilməsi məqsədilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ölkəmizdə və onun xaricində fəaliyyət göstərən müxtəlif rok qrupları, həmçinin solo rok ifaçılarından ibarət "Rok musiqisi: stereotiplər və reallıqlar mübarizəsi” adlı vebinar təşkil edib.

Mərkəzdən bildirilib ki, vebinarda rok ifaçılarının (qruplarının) bu günə qədər əldə etdiyi uğurlar, həmçinin milli rokun cari vəziyyəti - müəyyən səbəbdən zəif fəaliyyəti və bununla bağlı mövcud problemlərin həlli üçün ifaçıların müvafiq təklifləri dinlənilməklə, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Həmçinin gələcəkdə Azərbaycan rok musiqisinin inkişafına xidmət edəcək müxtəlif üsulların tətbiqi də müzakirə mövzusu olub.

Metodiki iş şöbəsinin sektor müdiri Nadir Məmmədovun moderatorluğu ilə keçirilən tədbirin açılışında Azərbaycanlı rok musiqiçilərinin ifalarından ibarət videoçarx nümayiş olunub.

Mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə ilə yanaşı, vebinarda Joseph Abbas (Yusif Abbasov), Jeyhun Samedov ("Sirat” qrupunun yaradıcısı və keçmiş), "Dədə-baba” qrupu (Orxan Musayev), Elçin Emin ("Bəndə” və "Sirr” qrupu), "Mikope band” qrupu (Nərimanov Nərimanov), Şahin Əlizadə ("The feeling Band” qrupunun keçmiş üzvü), Elçin Elşad ("5.59” qrupunun yaradıcısı və keçmiş üzvü), "The etude band” (Şamxal Nuriyev, Vüqar Rəhimli, Rüstəm Nağdıyev), "Pyraweed” qrupu (Nijat Hasanzade, Murad Həsənov), "Diqqət” qrupu (Elvin Bağırov), "Fatal nation” qrupu (Ramin Sadıqov), Altun Zeynalov (ABŞ), "Jafarlinsky band” qrupu (Nurlan Jafarlinsky) və Rusiyadan əfsanəvi "Yuxu” qrupunun vokal ifaçısı Cəsur Nemətov çıxış ediblər. Beləliklə tədbirdə Azərbaycanda fəaliyyət göstərən ifaçılarla yanaşı, ölkə xaricindən də (ABŞ, Rusiya, Niderland) həmyerlilərimiz iştirak ediblər.

Çıxış edənlər sahədə mövcud vəziyyətdən danışaraq bildiriblər ki, Azərbaycanda rok qruplarının texniki təchizatı ilə təmin olunması və media məkanına konsert və festivallarla çıxması olduqca vacibdir. Vurğulanıb ki, rok janrı musiqinin özü kimi çox rəngarəngdir.

Qeyd edək ki, vebinar zamanı "Yuxu” və "Jafarlinski band” qruplarının ifasında bir neçə rok kompozisiyaları səslənib.

Tədbirin sonunda mərkəzinin direktoru Asif Usubəliyev bildirib ki, çıxış yolu kimi gənc və yeniyetmələrdə müstəqil və kreativ fikirləşmə qabiliyyətinin formalaşdırılması, stereotiplərin qırılması və rok qruplarının yaradıcılığında vətənpərvərlik və dövlətçilik mövzularına müraciət edilməsi məqsədəuyğundur. Rok musiqisinin inkişafı və təbliği məqsədilə, bu janrında gözəl ənənələrə malik məşhur xarici qruplarla əlaqə yaratmaq və təcrübə mübadiləsi həyata keçirmək arzuolunandır.