
Rövşən Yerfi. Qeyri-adi "köç" (Hekayə)
- 02.02.2020
- 0 Şərh
- 3404 Baxış
Şəmil
iki-üç il idi evlənmişdi, təzə-təzə xoş həyat görürdü, kəndlərindəki sovxozun fəaliyyəti
dayandırılıb ləğv edildi. Ömrünün çətinlik dolu günləri də, elə o vaxtdan – sovxoz dağılandan başladı. Daha sovxozun fəhləsi
işləyə bilmədi. Bir müddət işsiz qaldı. Həmin vaxt yaşı otuzu keçmişdi. Ən pisi
də əlindən fəhləlikdən savayı bir iş gəlməməsi idi. Otuz yaşdan sonra hansı sənət
dalınca getsin, qərarlaşdıra bilmirdi.
Evlənəndən
sonra qonşuluqdakı boş qalmış evlərdən birinə köçmüşdü. Ev ona görə boş qalmışdı ki, yiyəsi qocalıb rəhmətə
getmişdi, övladları da şəhərdə məskunlaşmışdılar.
Şəmil tənbəllik
etdi torpaq alıb təzə ev tikməyə. Ev tikmək elə də asan iş deyildi. Əzab-əziyyətindən
çox, ətək-ətək xərci vardı. O qədər xərci ona kim verəcəkdi, bir halda ki, gündəlik
çörək pulunu güclə tapırdı.
Bu evdə
çoxdandı kimsə yaşamırdı. Damının qalın ağacdan yan-yana düzülən pərdiləri, pərdilərin
arasındakı ensiz taxta zabaqları,
divarlarının suvağı baxımsızlıqdan, insan əli, nəfəsi dəymədiyindən öz-özünə
uçub sökülürdü. O, burada yaşamaqla əslində evə yenidən həyat verirdi, abad
edirdi, xarabaya dönməsinin qarşısını alırdı.
Amma
anlaqsızlıq edərək nə evi öz adına keçirmədi, nə də rəhmətlik ev yiyəsinin
övladını, nəvəsini axtarıb evin halallığını almağa çalışmadı. Eləcə "torpaq əkənin,
ev yaşayanındı” ağlı ilə evin uçuq-sökük yerini düzəldib yaşamağa başladı.
Bir
müddət işsiz qalandan sonra Şəmil kənd məktəbində gözətçi işinə düzəldi. Bir
neçə il işləmişdi işi ixtisara düşdü. Sonra da klubda, mağazada, orda-burda gözətçilik
etdi. Əlindən başqa bir iş gəlmirdi, bəxtindən harada işləsəydi bir qədər
vaxtdan sonra orada işi ixtisara düşərdi.
Bunun
bir səbəbi kəndin əhalisinin il-ildən azalması idi. İşi olmayan və kiçik təsərrüfatlarından
qazanc görməyən adamlar yavaş-yavaş dağdan arana, şəhər ətrafına köçürdülər. Kənddə
evləri boş qalan məhəllələr yaranırdı. Məktəbdə şagirdlərin sayı, mağazada
alıcıların sayı hər il azalırdı. Cavan qalmadığından klub tamam unudulmuşdu. Şəhər
ətrafında özünə ev almış ailələrin əksəriyyəti kənddəki evinə yaydan-yaya
iki-üç aylıq gəlirdilər. Sovet dövründə hər gün "evlərində top atılan”, mərkəzi
meydanı adamla dolu kənd, indi, xüsusilə qış aylarında ölü sükunətə qapılırdı.
Mərkəzi meydan isə ayaq dəymədiyindən toyuqların, qazların otladığı çəmənliyə
çevrilmişdi.
Başqa
bir səbəbi də, Şəmilin heç kimin xoşu gəlməyən gərəksiz təkəbbürü, özündənrazılığı
idi. Qəti zarafatla arası yox idi. Söz soruşanda qayda-qanuna əsaslanan ötkəm
cavablar verirdi. Əlindən gözətçilikdən qeyri iş gəlməyən adamın bu sayaq, yəni
özünü olduğundan artıq aparması yaxşı halda gülüşə səbəb olur, lağa qoyulması
ilə nəticələnirdi. Ona görə də Şəmil küçədə, xeyirdə-şərdə yalnız ciddi
adamlarla, ən çox da müəllimlər olan yerlərdə görsənərdi. Yenə sözlə ilişəcəklərindən ehtiyatlanıb həmyaşıdlarının yanında
dayanmazdı.
Gözətçilikdən
əlavə Şəmilin məşğuliyyəti xırda şəxsi təsərrüfatı idi. Evlənib ayrılanda atası
ona bir inək, iyirmi qoyun, beş qutu da arı pətəyi vermişdi. Atası və anası rəhmətə
gedəndən sonra böyüdüyü evin ixtiyarını kiçik qardaşına vermişdi. Şəmil ona
verilənləri hər il artıra bilməsə də, azalmamasına da çalışırdı. Bundan ötrü məcbur
olub mal naxırına da gedir, ot biçir, heyvanlarına yem tədarükü görürdü. Əlavə
olaraq həyətindəki üç sotluq torpaqda dolanacağı üçün kartof, kələm, tərəvəz əkirdi.
Məqsədi ailəsini, iki oğlu və iki qızını yavan qoymamaq idi. Ancaq nə qədər səy
etsə də, kasıblıqdan yaxa qurtara bilmirdi. Güman edirdi ki, uşaqları böyüyüb
kömək olanda, çətinliyi azalacaq.
Lakin
gözlədiyi alınmadı, əksinə oldu. Uşaqları böyüdükcə tələbatları, xərcləri də
artdı. Heç birisinin özü sayaq dərs oxumağa həvəsi yox idi. Lazım idi ki, gələcəkdə
onun kimi əzab çəkməmələri üçün hərəsini bir sənət almasına xərc çəksin. Bu
haqda söhbət düşəndə arvadı Tükəzin sözləri tikanları ilə qulağında ilişib
qalmışdı:
–Ay Şəmil,
deyəsən bu uşaqlar da sənin sayaq aciz-avara olacaqlar...
Ailə
qurduğu gündən Tükəzin atmacaları onu tez-tez hövsələdən çıxarırdı. Zalımın
qızının elə bil dədə-babası kənddə yaşamamışdı, ömrünü çobançılıqda keçirməmişdi.
Əslini-nəslini unutmuşdu. Ağzını açıb danışan kimi şəhərdən söz salırdı:
–Bax,
ay Şəmil, bu kənddən şəhərə köçənlərin nəyi məndən artıqdır? Qoy uşaqlar
böyüsün, qocalığımda da olsa köçəcəyəm şəhərə. Belə acığın gəlsə də deyəcəyəm,
sən əfəlsən, acizsən. Sənin taylarının çoxunun şəhərdə evi, işi, şəraiti var.
Zamanında sən də şəhərə getsəydin, indi mən də o adamlar kimi qazın, işığın,
isti suyun rahatlığında yaşayardım. Bu qədər dərd-sərimiz də olmazdı. Elə
durdun dedin ki, mən gedib nə işləyəcəyəm, harda yaşayacağam? Gedənlər nə işləyir,
necə yaşayır, biz də eləcə. Nə çoxdu bazar, mağaza. Biz də bir yer tapıb
onun-bunun malını satmaqla, alverlə dolanacağımızı çıxardacaqdıq. Qulaq asmadın
mənə...
Belə
olanda Şəmil qəzəblənib əlinə keçəni Tükəzin başına çırpırdı:
–Köpək
qızı, köpək, sənə yüz dəfə demişəm ki, mən getmirəm, haçan istəsən özün get,
yol açıqdır...
Məsələnin
pis cəhəti o idi ki, illər keçdikcə Tükəzin həmfikirləri, tərəfdarları artırdı.
Uşaqlar da böyüdükcə analarına haqq qazandırırdılar. Belə çıxırdı ki, onların şəhərə
köçməyini əngəlləyən yeganə səbəb vardısa, o da Şəmil idi.
Şəmil
Tükəzi və uşaqlarını anlada bilmirdi ki, heç bir sənətimiz olmaya-olmaya şəhərdə
hansı işi görəcəyik? Alver uzaqdan asan görünür, bilirsiz ki, alverin də nə qədər
çətinlikləri, əziyyətləri var? Yox, əgər adi fəhləlik, hamballıq edəcəyəmsə
bunu elə öz kəndimdə edim də, şəhərdə niyə edim? Burda rahat evimi atıb, gedib
ömürboyu kirayələrdə yaşayım? Mən getmirəm, məndən əlinizi üzün.
Tükəz də
Şəmilin tərsliyini görüb inadından əl çəkmiş, ümidini orta məktəbin yeddinci
sinfində oxuyan oğluna bağlamışdı. Məktəbi qurtaran kimi oğlunu mütləq şəhərə
göndərib ev alacaq, sonra da onun yanına köçəcəkdi.
***
Ötən yayın
əvvəlində yaşadığı evin yiyəsinin nəvələrindən birinin kənddəki qohumlarına
qonaq gəlməsindən sonra Şəmilin sakit axarı ilə gedən həyatı pozuldu. Bir axşam
gün əyilən vaxtı Nihad adlanan, yaşca Şəmildən kiçik bu kəs son markadan olan
"Mersedes”ini evin qabağında saxlayıb onunla görüşdü.
Şəmillə
görüşərkən lovğa-lovğa bu evin yiyəsi olduğunu deməsi, ardınca isti günlərdə gəlib
qalacağını qeyd etməsi Şəmili birdən-birə havalandırmışdı. Necə əsəbiləşmişdisə
acıqlı danışmaqdan özünü saxlaya bilməmişdi:
–Alə, sən
nə danışdığını bilirsən? Necə evim? Hardan oldu bu ev sənin?
–Ev
babamın olub. Bir nəvə kimi ixtiyarım çatır ki, evimiz deyəm.
–Bəs bu
vaxtacan hardaydın? On altı ildən artıqdır evi qoruyub saxlayıram. Uçulub
tökülürdü damı-divarı, mən baxmasaydım çoxdan xarabalığa dönmüşdü...
–Baxmısan,
xeyrini də görmüsən, yaşamısan...
–İndi yəqin
ki, bir az pullaşmısan kənd, baba evi düşüb yadına. Olmaya evi əlimdən almaq
istəyirsən? Yadında qalsın, bu ev mənimdir, nəvəsi olmursan, kim olursan ol, mən
evimi heç kəsə vermərəm.
–Ay
kişi, sən nə qədər kobud, yöndəmsiz adamsan! Mən istəyirdim səninlə razılaşım
otaqların birində hər yay gəlim on-on beş gün qalım. İndi ki, sən belə danışdın, evi səndən bütövlüklə
alacağam, köçürəcəyəm səni evdən!
–Bacarmazsan...
–Baxarıq...
–Get, əlindən
gələni beş qaba çək!
–Elə də
edəcəyəm, – deyən "Mersedes”in sahibi hirsli-hirsli maşınına əyləşib sürüb
getmişdi.
Çox
keçmədi xəbər gəldi ki, özünü varisi hesab edən həmin şəxs evin Şəmil tərəfindən
zəbt olunmasına dair məhkəməyə şikayət edib evin boşaldılmasını tələb edir.
İşin
belə alındığını görən yaxınları Şəmili qınadılar:
–Bu
yaşa gəlib çıxdınsa da köntöylüyündən əl çəkmədin. Görürsən ki evinin qabağına
gəlib, hörmətlə qarşıla. Hər nəçidir, yaşadığın evin yiyəsinin nəvəsidir, illərdir
babasının mülkündə yaşayırsan, yalan
demir ki... Demir yayda gəlib on gün qalmaq istəyirəm, deynə on gün azdı, bir
ay qonağım ol. Deməyinə inanırsan? Boş sözdür də danışır. Üç gündən artıq nə
özü, nə ailəsi tab gətirməyəcəklər. Yox gəlib səninlə gecələr işıq sönəndə
hisli ləmpənin işığında göydə ulduz sayacaqlar... Axır ki, ağlın olmadı. Hə,
indi get yalvar məhkəməyə. Məhkəmə də haqqını alıb hökm verəcək ki, evi
boşaldasan.
–Yox,
ola bilməz, – etdiyi hərəkətə özü də peşman olan Şəmil dodaqaltı deyinirdi, –
elə də haqsızlıqmı olar, çəkdiyim zəhmətlərin üstündən xətt çəkib ailəmi çöllərə
atsınlar...
Məhkəmə
günü Şəmilin yaxınları iddiaçıya ərizəsini geri götürməyi xahiş etdilər. O, bir
şərt irəli sürdü: Şəmil gəlib hamının qarşısında üzr istəsə ərizəsini geri
götürər.
Şəmil
razılaşmadı: axı, o, nə günah etmişdi ki, hamının qarşısında üzr də istəsin. Əgər
hakimdə bir qram vicdan varsa, onun ailəsinin vəziyyətini nəzərə almalı, çölə
çıxarılmasına qərar verməməlidi...
Olmadı
hakimdə Şəmilin ümid etdiyi o bir qram vicdan. Məhkəmə qərara aldı ki, Şəmilə
vaxt verilsin və yaxın bir neçə ay ərzində evi boşaltsın.
Məhkəmə
iclasından sonra Şəmil öz aləmində tam yəqin etdi ki, bu dünyada düzgünlüyə məhəl
qoyan yoxdur, xüsusilə də şəhərdə, insanların gur yaşadığı yerdə. Kimin pulu
çoxdu, o da güclüdü, haqlıdı.
Yaxınları
Şəmilə təklif etdilər ki, qərardan şıkayət etsin, şikayətinə başqa məhkəmədə
baxılsın. O, istəmədi, bilirdi ki, əhəmiyyəti olmayacaq. Bizneslə məşğul olan
iddiaçı varis yenə pulunun hesabına məhkəməni udacaqdı, ona isə artıq əziyyət
qalacaqdı. Bu əziyyətdənsə boş məhəllədəki evlərdən birinə köçmək daha sərfəli
idi. Yenə növbəti qanqaraçılığa tuş gəlməmək üçün boş evlərdən bir neçəsinin şəhərdə
yaşayan yiyələrinə soraq göndərdi ki,evi almaq istəyir. Ya da müvəqqəti
yaşamağa icazə versinlər.
Amma nə
etsin ki, onun xoşagəlməz xasiyyətini bildikləri üçün xahiş etdiklərindən heç
kim ona evini vermək istəmədi.
Məhkəmənin
qərarından və üstəlik ev yiyələrindən boş evlərini Şəmilə vermək istəməmələrindən
ən çox sevinən Tükəz və uşaqları olmuşdu. Çünki belə halda illərdir
arzuladıqları şəhərə köçmək söhbətinə Şəmil üçün etiraz yeri qalmırdı.
Bu
hadisələrdən sonra Şəmil sanki başını itirmişdi. Kənddə heç kimlə durub
oturmur, küçəyə çıxmır, guşənişin kimi evdə oturub içinə qapılmşdı. Əlindən təkcə
papirosu papirosa calamaq gəlirdi. Bilmirdi neynəsin.
O,
ömürboyu yaşadığı kənddən heç cürə ayrılmaq istəmirdi. Məhkəmənin evi boşaltmaq üçün verdiyi vaxt bitəndən
sonra haraya köçəcəyini də qərarlaşdırmamışdı. Doğrudur, bu yaşınadək kənddə
bir firavan gün görməmişdi. Yediyi-içdiyi, əyninə geydiyi əksərən nisyə
hesabına başa gəlirdi. Adı kənd mağazasının nisyə dəftərindən əskik olmaz, daim
borclu qalardı. Şəhərdə yel əsib qoz tökülmüşdümü? Bilirdi ki, orada da xoş gün
olmayacaqdı. Kasıb elə hər yerdə kasıbdır.
Onun ürəyini
daraldan, az qala dəhşətləndirən isə öz doğma kəndində yaşamağa yer tapa bilməməsi
idi. Atasının kiçik, dar üç otaqlı evində isə kiçik qardaşı beş uşağı ilə birtəhər
ömrünü keçirirdi. İndi gedib onlara sığınıb yerlərini daha da daraltsınmı? İş
burasındaydı ki, müvəqqəti olsa belə qardaşının evinə köçməsinə Tükəz və
uşaqları dünyasında razılaşmazdılar. "Kənddən
çıxmaq, yalnız şəhərə köçmək, vəssalam”, – evdə ondan başqa hamı belə qərara gəlmişdi.
Şəmil isə
axır günlər həmişəkindən fərqli olaraq susur, etiraz etməyə söz tapmırdı. Artıq
onu kəndə bağlayan nə bir işi, nə də evi vardı. Vaxtsa günü-gündən azalır, məhkəmənin təyin etdiyi
müddət sona yaxınlaşırdı.
Əlacı
qalmayan Şəmil məcbur olub şəhərdəki qohumlarından birinin cib telefonuna zəng vurub ona iş və kirayə ev tapmaqda kömək
etməsini xahiş etdi. Qohumu kirayə ev axtaracağına söz versə də, ona uyğun iş məsələsinin
bir qədər çətin tapılacağını söylədi:
–Bilirsən,
sən həm yaşlısan, həm də əməlli bir sənət yiyəsi deyilsən. İndi ən çox
cavanları və iş təcrübəsi olanları işə götürürlər. Görək də, bəlkə baxtına bir
babat iş tapılır...
Şəmil
bir neçə dəfə ümidlə şəhərə gəldi-qayıtdı. Kirayə ev, puluna minnət – şəraitindən
asılı olaraq hər qiymətdən tapmaq mümkün idi. Amma onun bacaracağı və əmək
haqqısı yaxşı olan iş tapmaq müşkül məsələ idi.
Bir gün
ona qohumu zəng edib bildirdi ki, tez gəl sənin üçün bir iş tapmışam. Şəmil
yubanmadan şəhərə gəlib qohumu ilə görüşdü. Məlum oldu ki, tapılan iş bir yüksək
vəzifəli məmurun bağ evində eşik ağası olmaq imiş. Demək onlara ayrılan iki
otaqda yaşamaqla vəzifələri evin və həyətin bütün işlərini görmək idi. Bağ evi
şəhərdən aralı böyük qəsəbələrin birində yerləşirdi.
Bağın
yiyəsi əksər sahibkarlar kimi sərt və tələbkar idi. Onun üçün başlıca şərt
bağını etibar etdiyi adamın işgüzarlığı ilə yanaşı xain və yalançı olmamasıydı.
Qohumu bilirdi ki, Şəmilin özündən çox ailəsi işgüzardı və bu ailədə
yalançılıq, xainlik yoxdur. Ona görə də vəzifəli dostuna yaxşı qulluq üçün
münasib ailəni tapdığını söyləmiş və onun razılığını almışdı.
Şəmilin
razılaşmaqdan qeyri başqa çarəsi qalmamışdı. Nə olsun ki, gəlib bir vəzifəli
ağanın bağ evinin hər işini görməklə yaşayacaqdılar, amma bütün kənd görəcəkdi
ki, Şəmil ailəsi ilə şəhər ətrafına köçür. Çoxları həsədini çəkib paxıllıqdan
yanacaqdı. Tükəzə və uşaqlarına elə bu gərək deyildimi?!
Tükəzin
uçmağa qanadı çatmırdı, nəhayət bu "xaraba qamış” kənddən canları qurtaracaqdı.
Axır ki, o da digər arvadlar kimi bəzənib-düzənib istədiyi vaxt dükana-bazara
çıxacaqdı, gününü yollarda, tıxaclarda keçirəcəkdi...
Bağ yiyəsi
Şəmillə görüşüb ona köçmək üçün iki həftə vaxt verdi: "Get, iki həftə ərzində
vacib işlərini gör. Sonra da yığış gəl.”
İki həftə
Şəmilə artıqlaması ilə bəs edirdi. Nəyi vardı axı, bir həftəyə inəyini,
qoyununu, arılarını dəyər-dəyməzinə satdı, vəssalam. Şəhərə mebel, soyuducu
daşımayacaqdı ha? (Heç fərli nəyisə də yox idi aparmağa.) Onsuz da bağ evində hər
şey vardı, özü də bahalısından. Əyinlərinə paltar götürəcəkdilər, bir də
yorğan-döşəklərini. Hə, bir də uşaqlar şəhərdəki məktəbdə təhsillərini davam
etdirmək üçün məktəbdən arayış alınmalı idi.
Şəmilgilin
köçü balaca yük maşınına sığışardı ki, çox olmazdı. Maşını da bir həftə əvvəldən
sifariş etmişdilər.
Şəmilin
köçməyə hazırlaşması xəbəri kənddə adi qarşılanmamışdı. Şəhər üçün əldən gedənlər
həsəd aparmışdı, kimisi qınayırdı, kimisi də "neynəsin, evdən çıxardırlar,
yazıq dolana bilmədi kənddə” deyib haqq qazandırırdı. Ona həmişə lağ edən
yaşıdlarından biri isə belə demişdi: "Əgər Şəmil də kənddə qalmırsa, demək kəndin
sonu çatıb.”
Tükəzin
və uşaqlarının həyəcanla, səbirsizliklə gözlədikləri on dörd günün on üçü ötdü. Sonuncu gün qonşuları və
yaxınları ilə bir-bir görüşüb sağollaşdılar. Tükəz üç gün əvvəldən hər bir
hazırlığı görmüşdü. Məktəbdən uşaqlar üçün arayış da alınmışdı. Təkcə
aparacaqları əşyaların yola düşən gün səhər tezdən gələcək balaca yük maşınına
yüklənməsi qalmışdı...
***
Arvadının
və uşaqlarının əhvalları yüksək olsa da, Şəmilin əhvalı özündə deyildi.
Ömürboyu yaşadığı kəndi həmişəlik atıb gedəcəyi ona heç cürə çatmırdı, elə bil
bu pis yuxudan ayılmağa çalışırdı ayıla bilmirdi. Bəs nə etsin? Şəhərə getmək
istəmirdi, kənddə qalıb işsiz, evsiz də yaşamaq olmurdu. Bir yandan da Tükəz...
Axşamtərəfi
pencəyini əyninə geyinib, papirosunu götürüb boş qalmış küçələrdən birinə
çıxdı. Çoxdandı kədərini kimsəyə göstərməmək üçün küçəyə çıxmırdı. Amma daha
bir də bu küçələrə ayaq basmayacaqdı. Bu gecə onun kənddə sakin kimi yaşayacağı
son gecəsi olacaqdı. Odur ki, yatana qədər vaxtını küçədə keçirməyi, hər qarışı
əziz olan bu küçədən doyumluğunu almağı üçün divarın dibi ilə yanaşı düzülmüş
iri sal daşlardan birində oturdu.
Papirosunu
yandırıb xəyallara daldı. Uşaqlığından bəri yaşadığı illəri xatırladı.
Dünyasını dəyişmiş atası, anası, itirdiyi əzizləri yadına düşdü. "Heyf o günlərdən,”
– düşündü. Keçmişləri düşündükcə ürəyi sıxıldı, sinəsinə çökmüş ağırlıq ona
sanki, hər şeyin bitməsindən, yaxşı heç nə olmayacağından xəbər verirdi. Nə qədər
papiros çəksə də içindəki ağırlıqdan yayına bilmirdi.
Hava
qaranlıqlaşana yaxın günlərlə susan cib telefonuna qəfildən zəng gəldi.
–Şəmil,
salam, mənəm, – şəhərdəki qohumu idi zəng vuran.
–Salam,
eşidirəm...
–Sən
köçməyə hazırlaşmısan, eləmi?
–Bəli,
sabah köçüb gəlirəm.
–Yox, hələ
köçmə.
–Niyə?
–Bilirsən,
o iş alınmadı. Kişini korrupsiyaya görə
vəzifəsindən çıxarıblar, ola bilsin həbs etsinlər. Ona görə də həmin bağ evini
də yaxın günlərdə satmalı olacaq.
–Bəs
indi mən neyniyim? Mən həyətimdə nəyin var idi satmışam, inəyi, qoyunları...
–Ay
kişinin oğlu, camaat canının hayındadı, sən də inəkdən, qoyundan danışırsan.
Gözlə, bir müddət gözlə, görək nə olur...
Şəmil
danışmaq, narazılığını bildirmək istəsə də donub qalmışdı. Heysiz vəziyyətdə
telefonu qapayıb cibinə atdı.
Sinəsini
göynədən ağrı ilə fikirləşdi: indi Tükəzə, uşaqlara necə xəbər versin ki, köçmək
alınmır, köçməyə yerləri yoxdur. Deməyəcəkdi... Bəs neyləməli? İstər kənddə,
istərsə şəhərdə onun üçün nə iş var idi, nə də ev. Həyətindəkiləri satandan
sonra aylardı kənd mağazasına olan borcunu təzəcə ödəmiş, adını "qara dəftər”dən
sildirmişdi. Mağazaçı ona bir də nisyə mal verməyəcəyinə and içmişdi...
İlahi,
o, nə qədər bədbəxt adam imiş!..
Lap desəydi,
Tükəz onu anlayacaqdımı? Yenə başlayacaqdı ki, "dünyada səndən aciz, fərsiz
adam yoxdur, adını kişi qoymusan, əlindən heç bir iş gəlmir, heç nəyə
yaramırsan, öl də, nöş yaşayırsan?”
"Düz
deyirdi Tükəz, o niyə yaşayır? Məgər bu yaşamaqdı?..”
Gecə
düşənədək daşın üstündə oturub fikirləşməkdən Şəmilin başı şişmişdi. Tükəz
uşaqları bir neçə dəfə arxasınca göndərsə
də yerindən tərpənməmişdi.
–Ata,
ana deyir səhər tez duracayıq, yola çıxacağıq, gəlsin yatsın, bəsdi küçədə
oturdu.
–Gedin
siz yatın, bir az da oturub gələcəyəm.
Gecə
yarısından xeyli keçmiş yaşadığı sarsıntıdan halsızlaşmış Şəmil evə qayıtdı.
Tükəz də, uşaqlar da yatmış, şirin yuxudaydılar. Ev boyu yorğan-döşəkdən savayı
hər şey səliqə ilə bağlanıb qablaşdırılmışdı. Çox güman ki, Tükəzin kənddə
sağollaşmadığı adam qalmamışdı.
"Yox..,
aldığı xəbər haqqında Tükəzə nə olur-olsun, heç nə deməyəcəkdi,” – o, ürəyindəki
qərarını təkrar təsdiqlədi...
***
Sifariş
edilən balaca yük maşını deyilən vaxtda – səhər tezdən darvazanın ağzını kəsdirmişdi.
Tükəz hamıdan əvvəl yuxudan ayılmış, sonra da yan-yörəsində yatan uşaqları
oyanmağa səsləmişdi:
–Durun,
ay uşaqlar durmaq vaxtıdır. Durun geyinin, əlüzünüzü yuyun, hazırlaşın.
O, təəccüblə
otağa göz gəzdirdi:
–Boy..,
bə Şəmil hanı? Mən bu gecə onu yatan görmədim, deyəsən heç gözünə yuxu getməyib.
Görən neynir həyətdə?
Tükəz eyvandan həyətə göz gəzdirdi, Şəmil
görünmürdü. Pilləkənlərdən enib darvazaya sarı getdi, küçəyə boylandı. Köçü
aparmağa gəlmiş balaca yük maşınının sürücüsü kabinədə sakitcə oturub onları
gözləyirdi. "Sübh tezdən Şəmil hara getmiş olar?” – təlaşlandı, dönüb diqqətlə
yenə evə tərəf baxdı:
–Ay Şəmil,
huy... Hardasan? Maşın gəlib küçədə bizi gözləyir...
Tükəz
özündən asılı olmayaraq dəqiqələr keçdikcə həyəcanlanmağa, əsəbiləşməyə
başladı. Otaqları, eyvanı bir də nəzərdən keçirdi, zirzəmiyə, həyətdəki
damaltıya baxdı. "Bəs hardadır, bu? İynə deyil ki, itsin?” – söyləndi. Uşaqlara
səsləndi:
–Ay
uşaqlar, durun gedin gəzin axtarın, görün başıbatmış atanız hara çıxıb, hara
yox olub? Maşın səhərdən gəlib bizi gözləyir..
–Ana,
biz də axtaraq? –qızları da soruşdular.
–Hə,
gedin siz də axtarın...
Tək
qalan Tükəz yanını həyətdəki köhnə kötüyün üstünə qoyub nəfəsini dərdi, yenə
xeyli düşündü. Birdən daxilində bir hiss ona bayaqdan bəri tövləyə baxmadığını
xatırlatdı. "Yəni tövlədə olar? Boş tövlədə nə azarı qalmış olar?” – fikirləşdi.
Tükəz
çox da böyük olmayan, kiçik tövlənin qapısını açmışdı gözləri alatoranlıq gətirdi,
çox baxa bilmədi:
–Şə -
mil!.. – Tükəz tükürpədici səslə qıyya çəkib gördüyü mənzərənin ağırlığından
bayılıb tövlənin qapısı qarşısında yerə sərildi.
Qapının
bir addımlığında tövlənin damına dayaq duran dəmir trubadan asılmış Şəmilin cəsədi
havada hərəkətsiz sallanmışdı. Asılmaq üçün ayağının altına qoymuş olduğu arı pətəyinin
boş qutusu isə zərblə itələndiyindən az aralıda diyirlənib qalmışdı.
O, məhkəmənin
"ədalətli” qərarına əməl edərək səhər açılana yaxın səssizcə onun olmayan evdən
"köç” etmişdi... Və özünə şəhəri yox, könüllü əbədiyyəti seçmişdi...
11.2015