
Rövşən Yerfi. SOVET DÖVRÜNÜN SON İLİ – PAYIZDAN PAYIZADƏK ("Mənim gündəliklərim" memuarından parça)
- 18.12.2019
- 0 Şərh
- 1740 Baxış
1990-ci
il, oktyabr. Cəmiyyətdə ciddi dəyişikliklər hiss olunmaqda idi. Yenidənqurma,
aşkarlıq siyasəti ölkədə hər bir sahəyə təsirini göstərməyə başlamışdı. Yeni müəssisələr,
kooperativlər, qəzetlər açılırdı, planlar, ideyalar irəli sürülürdü.
10
noyabrda şair Tofiq Nurəli mənə zəng etdi, görüşməyi qərarlaşdırdıq. 11
noyabrda günorta çağı Azneft meydanında görüşdük. Buna qədər bir çox qəzetlərdə
yeni yaradılacaq səhiyyə qəzetinin gələn il üçün abunə elanlarını görmüşdüm.
Bilirdim ki, Tofiq bəy bu qəzetin baş redaktoru olmağa hazırlaşır. Onun qəzetdə
işləmək dəvətinə böyük məmnuniyyətlə razılaşdm. Çoxdan arzulayırdım ki, ən geci
ali təhsilimi bitirdikdən sonra mətbuat sahəsində işləyim. Daim rabitə sahəsində
çalışmaq fikrim yox idi. O vaxtkı düşüncəmlə yazıçı olmaq istəyən kəs ilk növbədə
mətbuatda işləməli idi.
Az keçmədi
şairlər – Allahverdi Məmmədli və Əmrah Xanməmmədli də bizim yanımıza gəldilər,
onlarla da tanış oldum. Birlikdə Azneftin o biri səmtində qala divarlarına
bitişik iki mərtəbəli qədim binada yerləşən Tibb işçilərinin mədəniyyət evi
deyilən (sonralar sökülüb yerində mehmanxana tikildi) yerə getdik. İkinci mərtəbədə
səhiyyə nazirliyinin bir çox təşkilatları, o cümlədən "Şəfqət və Sağlamlıq
Fondu” ilə bağlı adamların da kabinetləri vardı. Burada, fondun sədri akademik
Böyükkişi Ağayevin otağında yeni qəzetin məramı barədə müzakirələr, məsləhətləşmələr
apardıq. Belə ki, yeni yaradılacaq qəzetin himayəçisi hələlik bu fond olacaqdı.
13
noyabrda "Şəfqət” qəzetinin yaradılması və əməkdaşlarının işə götürülməsi
haqqında əmrlər verildi. O dövrdə Neft-Kimya İnstitutu adlanan təhsil müəssisəsinin
önündəki binanın ikinci mərtəbəsində bizim üçün bir neçə otaq ayırdılar. Bu
binanın üçüncü mərtəbəsində isə yazıçı Bayram Bayramovun rəhbərlik etdiyi
Qarabağa Xalq Yardımı Komitəsi yerləşirdi. Eyni zamanda həmin komitənin qəzeti
kimi fəaliyyət göstərən dövrün ən oxunaqlı qəzetlərdən biri – "Azərbaycan” da
(redaktoru Sabir Rüstəmxanlı) qonşuluğumuzda idi.
Qəzetin
ilk nömrəsi ilin birinci şənbə günü - 5 yanvar 1991-ci ildə çap olundu. Bu, Azərbaycan
mətbuat tarixində ilk kütləvi səhiyyə qəzeti idi. Növbəti ildən təsisçiliyi Səhiyyə
Nazirliyinin orqanı kimi rəsmiləşdirilən "Şəfqət” qəzetinin adı on altı il
sonra, yəni 2007-ci ildən dəyişdirilib "Tibb qəzeti” adlandırıldı.
Şair
Maarif Soltan, nasir Rafiq Tağı, ekoloq Yusif Dirili və adlarını unutduğum bir
çox məşhur qələm adamları, jurnalistlər, alimlər qəzetdə mütəmadi olaraq
yazılarını, tərcümələrini dərc etdirirdilər. Fəxr hissi keçirirəm ki, "Şəfqət”in
ilk məsul katibi mən olmuşam. Hazırda mətbuat sahəsində imzasını tanıdan Aygün Muradxanlı və Ləman Əliəşrəfqızı
əmək fəaliyyətlərinə bu qəzetdən başlamışdılar. Doxsan üçüncü ilədək 25 min
tirajla, həftəlik çap olunan qəzetin ünvanına elə gün olmurdu ki, oxuculardan məktub
gəlməsin. 1993-cü ildə səhiyyə naziri Rahim Hüseynovun vəzifəsindən çıxmağı və
onun yerinə Əli İnsanovun gəlməyi ilə başlanan maliyyə çətinliklərimiz 1995-ci
ilin sonlarında yaradıcı kollektivimizin dağılmasıyla nəticələndi.
Dekabr
ayının əvvəllərində Bayıldakı işimdən – 1982-ci ilin oktyabr ayından bəri
çalışdığım rabitə sahəsindən tamamilə ayrılıb gündəlik redaksiyada işləməyə
başladım. Amma, hər otağında üç-dörd nəfər olan yataqxana şəraitində qəzetə
yazılar hazırlamaq mənim üçün çətin idi. Məcbur olub kirayə ev tutmaq istəyirdim.
Köhnə iş yoldaşlarım bu məsələdə mənə kömək etdilər. Uşaqları Murmanska köçmüş
bir rus qadını Ukrayna meydanına yaxın binaların birindəki iki otaqlı mənzilində
heçnəsiz il yarımadək yaşamağa mənə icazə verdi. Bunu etməkdə tək istəyi o idi
ki, mənzili boş görüb məcburi köçkünlər oranı zəbt etməsinlər.
Yeni
yaşayış ünvanında, yeni işimlə 1991-ci ili böyük ruh yüksəkliyi, arzular və
sonsuz ümidlərlə qarşılayırdım. Bu yeni il - SSRİ-nin son Yeni ili idi...
20
yanvarda bütün respublikada xalq tərəfindən şəhidlərin il mərasimləri
keçirildi.
5 fevral
- Azərbaycan SSR-in adı dəyişilərək Azərbaycan Respublikası adlandırıldı. O gün
həm də, Xalq Cümhuriyyətinin üç rəngli bayrağı Dövlət Bayrağı kimi təsdiq
edildi.
17 mart
– SSRİ-də ittifaqın saxlanması məqsədi ilə referendum keçirildi. Təkcə Naxşıvan
ərazisində referendum baş tutmadı, respublikanın qalan ərazisində guya xalq 98
faiz səslə ittifaqda yaşamasına səs
verdi.
Mart
ayında Rafiq Tağı hekayələrimdən birini, o zaman Masallıda hazırlanan "Qala”
adlı ədəbi qəzetdə dərc etdirdi. Bu onun ürəyinin genişliyindən idi.
İşlədiyim
"Şəfqət” qəzetində məsul katib işini aparmaqla yanaşı hər ay bir-iki məqalə
yazmağa çalışırdım. İmzamın qəzetdə görünməsi, az da olsa onu tanıyanların əmələ
gəlməsi mənim üçün hədsiz sevinc idi.
19
aprel – 1990-cı ilin yanvarından bəri 15 ay davam edən qadağan saatı rejimi nəhayət
ki, ləğv edildi. Moskva daha Mütəllibovu yerində möhkəmlənmiş hesab etdi.
İlin ən
yaddaqalan və hadisələrlə zəngin ayı avqust ayı oldu. Ayın 19-da eşitdik ki,
Moskvada fövqaladə vəziyyət üzrə dövlət komissiysı yaradılıb, ölkədə fövqaladə
vəziyyət elan edilib. Söz gəzirdi ki, yaxın saatlarda istirahətdə olan
Qorbaçovu həbs edəcəklər, ölkə Stalin dövrünə qayıdacaq, ciddi qayda-qanun
yaradılacaq, beləliklə də, sovet dövlətinin dağıdılmasının qarşısı alınacaqdı.
Ətrafımdakı
əksər insanlar şok vəziyyətində idilər, sabah nə baş verəcəyini heç kim
bilmirdi. Hamı hadisələrin gedişatını gözləyir, susur və gözləmə mövqeyi
tuturdular. Elə bil danışmağa ehtiyatlanmağa başlamışdılar. Əksəriyyət güman
edirdi ki, vəssalam, qara günlərimiz gəlir. Hər kəs ürəyində öz fəalyyətinin gələcəyini
götür-qoy edirdi. Buqələmunlar yenə öz sadiqliklərini nümayiş etdirmək əzmindəydilər.
Camaat sadəlövhcəsinə "QKÇP”- nin yaranması ilə tezliklə Qarabağ probleminin həll
olunacağına sevinirdi. Amma bu sevinclə yanaşı başa düşürdü ki, onu yenə təzə
"silis”lər, sürgünlər, qırğınlar gözləyir və özü də qardaşlıq ailəsində yenə
birincilik, "vətənə raport” səviyyəsində...
Yuxarı
dairələrdə isə toy-bayram idi. Səfərləri, görüləsi işləri yarımçıq qoyub böyük
təmtəraqla qeyd edirdilər. Hətta bəzi yerlərdə pulsuz pivə verilirdi...
O gün
"Kommunist” nəşriyyatının (indiki "Azərbaycan”) mətbəəsində sevincəklər bizə
deyirdilər:
-Az
qalıb, sizinlə qurtarmağa...
Heç
yadımdan çıxmaz, "Kommunist”in əməkdaşlarından biri yanıq verə-verə söyləyirdi:
-Demokratiya
bitdi. Bu gündən bizim dövran başlayır. Çoxdan gözləyirdik bu günü. Axır ki, gəlib
çatdı. Qurtardıq sizinlə...
Mən
dözmədim:
-Haqsızlıq
eləmə, nə vaxt sizin bostanınıza daş atmışıq?
-Nə fərqi,
daş atmasanız da arada xoruz buraxırdınız.
Bütün rəhbərlər
tam yəqin etmişdilər ki, fövqəladə vəziyyət komitəsinin qələbəsi şəkksizdir.
Alma-ata, Tiflis, Bakı, Vilnüs hadisələrindəki müvəffəqiyyətlər onlara ümid
verirdi. Yeltsinin tutulması xəbərini də səbirsizliklə gözləyirdilər. Xeyr,
yalnız şadlıq etmirdilər, həm də hazırlıq görürdülər: tapşırılmışdı özlərini
demokrat sayanların siyahları tutulsun, haqq-hesab çürütmək üçün...
Stalin
dövrünə həsrət qalan veteranlar da sevinirdilər. Yenə hörmətlərinin güzəştlərinin,
medallarının artacağına ümidli idilər, yığışıb dəstəkləmək –"odobryat” etmək
istəyirdilər. Pensiyaçılar da sevinirdilər – pensiyalar artmalı idi. Malların
ucuzlaşacağına, maaşların artacağına xalq inanıb sevinirdi. Zavodlardan "zəhmətkeşlər
adından” "odobryat” teleqramları gedirdi Moskvaya. Deyilənə görə Ayaz Mütəllibov
da rusca "QKÇP” adlanan bu komissiyaya təbrik teleqramı göndərmiş, dəstəyini
bildirmişdi. Amma sonralar, o, dəstəyi boynuna almayıb, and-aman edirdi ki,
yalandı.
Üç
gün... Sonra hər şey dəyişdi birdən. Hətta yüz səksən dərəcəlik... Avqustun
iyirni ikisi günortadan bir az
keçmiş mətbəədə təcili surətdə hazır bəyənatlar,
çıxışlar yığışdırılıb məhv edildi. Riyakarlıq edib: olmayıb, yalandır, demək
üçün... Bir-neçə saat əvvəl isə gülən gözlərə bulud çökdü. Göz qırpımında hamı
dönüb oldu "anadangəlmə” demokrat. Nəşriyyat "Azərbaycan”a, "Kommunist” "Xalq qəzeti”nə
çevrildi. "Azərinform” dil-dil ötdü ki, bizdə hamı demokratdı. Teleqramlar öz
istiqamətini Yeltsinə tərəf dəyişdi...
Bir
ayın tamamında yaşadığım bu qeyri- adi günlərdən bəhs edən "Tarixə yazılan üç
gün” adlı məqalə yazdım. Çox oxunan qəzetlərin birində çıxmasına istədim. Nəşriyyatda
tələbəlikdən tanıdığım jurnalist Mikayıl Nərimanoğlu ilə rastlaşarkən ona
verdim. Səhəri gün məqalə o zamanın seçilən qəzetlərindən biri olan "7 GÜN”-də
dərc edildi.
"QKÇP”-nin
süqutu ilə şəhərdə yenidən mitinq dalğası başlandı. Azadlıq meydanı yenə
dolub-daşmağa başladı. 28 avqustda olan mitinqdə qərara alındı ki, meydanda
ucalan Leninin abidəsi sökülsün. Yanvar faciəsindən sonra Kirovun heykəli
götürülsə də, Leninə hələlik dəyməmişdilər.
Bir gün
sonra Leninin dayandığı yerdə böyük ölçülü üç rəngli bayrağımız dalğalanırdı.
30
avqustda izdihamlı mitinq Ali Sovetin qarşısında idi. Həmin gün o dövrdəki Ali
Sovetin növbədənkənar sesiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpası haqqında” Bəyannamə qəbul edilərək Azərbaycan Respublikası 1918-ci ildə
qurulmuş Xalq Cümhuriyyətinin varisi elan olundu. Əslində bu müstəqilliyin elan
edilməsi demək idi. Hesab edirəm
ki, indiki müstəqilliyimiz məhz Bəyannamə
günündən – 30 avqust 1991-ci ildən başlayır.
Keçmiş
SSRİ-də sovet respublikalarının müstəqillik "paradı” qəbul edilmiş bəyannamədən
on gün əvvəl, 1991-ci ilin 19-22 avqustunda baş vermiş QKÇP "tamaşası” ilə
başlanmışdı. Avqustun 20-də Estoniya, 24-də Ukrayna, 27-də Moldova öz müstəqilliklərini
elan etdilər. Buna qədər isə ilk dəfə Litva respublikası (11.03.1990), sonra
Rusiya (12.07.1990), Gürcüstan (09.04.1991) suveren dövlət olmalarını dünyaya bildirmişdilər.
Mitinqlər
sonrakı günlər – 1,2, 4, 6 sentyabrda da davam etmişdi. 2 sentyabrdakı mitinqdə
Rafiq Tağı ilə birlikdə idim.
3
sentyabrda xəbər tutduq ki, ötən ilin 30 sentyabrında deputat olan Heydər
Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilmişdir.
Doxsanıncı
ilin mayında Ali Sovetdə özünü prezident seçdirən Ayaz Mütəllibov 8 senytabrda
- bu dəfə prezident seçkisi keçirib xalq adından vəzifəsini qanuniləşdirdi.
Sovet
İttifaqının dağıldığını dünyanın hər yerində dərk etsələr də, o vaxtkı
respublika rəhbərliyimiz müstəqilliyi nədənsə həzm edə bilmirdi. Yetmiş il
Kremlin göstərişi ilə işləyənlər baş verənlərə daxilən inana bilmirdilər, daha
pisi o idi ki, inanmaq istəmirdilər. Ona görə də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktının hazırlanıb qəbul edilməsi 14 günə nəzərdə tutulsa
da, məsələni müxtəlif bəhanələrlə 48 günədək
– 18 oktyabradək uzatdılar. Artıq Türkmənistan, Qazaxıstan və Belorusiyadan
başqa bütün respublikalar müstəqilliyin elan etmişdilər.
Bütün
bunlar azmış kimi iki ay sonra, 29 dekabrda müstəqilliklə bağlı referendum da təşkil
edildi. Martda SSRİ-nin saxlanmasına səs verməyə məcbur edilən xalqı eyni qayda
ilə müstəqilliyə səs verdirdilər. Sadəcə gülünc idi, sovet dövləti yox olsa da,
ürəklərində məhəbbəti qalan hakimiyyət müstəqillik üçün sübut-dəlil toplamaqla
başlarını qatırdılar. Çünki, dildə desələr də, qəlblərində müstəqillik hissi
yox idi.
Böyük
bir era – sovet zamanı bitmiş, fəlakətlərlə dolu müstəqillik dövrü
başlanmışdı...
03.2018