
Sabir Əhmədli. Dənizdən gələn səda (20 yanvar hekayəsi)
- 20.01.2020
- 0 Şərh
- 2674 Baxış
"Əziz
ana!
Əvvəla,
salam. İkincisi əgər zəhmət çəkib, mənim əhvalımı xəbər almaq istəsən...
Mən
indi Dərbənd yaxınlığındayam. Çiskinli-dumanlı bir havadı. Əsla nigaran qalma,
bircə gilə üşümürəm.
Dənizə
qar yağır, amma vecimə deyil. Mən tək deyiləm, can ana.
Yaxşısı
budur, hər şeyi olduğu təki sənə söyləyim. Bilərəm, gecən-gündüzün yoxdur.
Bilirəm,
şəhərin bütün xəstəxanalarını, meyitxanaları dolaşmısan. Bircə saat gecikəndə,
gəlib görürdüm ayağından asılmış quş təki eyvandasan...
Heç bir
oğul öz anasına mənim danışacağım macəranı danışmaz.
Amma səni
intizarda qoymayacam. Hər şeyi bilməlisən...
Bir dəqiqə...
Huy, huy!
Yanvarın
on doqquzundan iyirmisinə keçən gecə, haman qaramat gecə məni evdən buraxmaq
istəmədin. Səni ovundurub inandırdım ki, heç nədən qorxma. Dostlarım oradadır,
getməsəm inciyərlər.
Biz
Tiflis prospektində, Biləcəri yoxuşunun şəhərə aşdığı yerdə dayanırdıq. Qoşun şəhərə
soxulanda birinci bizimlə qarşılaşdı.
Tanklar
yeridi üstümüzə. Heç birimiz inanmadıq. Dedik, bəs qorxudurlar, çatıb
dayanacaqlar.
Tankların
ardınca gələn soldatların avtomatdan atdığı güllələri fişəng sandıq...
Bir dəqiqə.
Huy-y-y! Dənizdə nə çox suiti varmış, ana... Ötdü getdi, başqa ovun üstünə yönəldi.
Hə, əziz
ana! Həndəvərimdə neçə oğlan yıxıldı, yenə inanmadım.
Onda
inandım ki, sinəmi gülləllər odladı.
...
Tanklar ötdü, avtomatlar xiyabanboyu gurladı. Biçib tökdülər. Ardınca yeni dəstələr,
maşınlar gəldi.
Küçə
fanarları söndürülmüşdü. Nə baş verdiyini, yoldaşlarımın başına nə gəldiyini
öyrənməkdən ötrü dikəlib, boylanmağa çalışdım.
Yaxında
bir neçə hərbi-sanitar maşını dayandı. Oradan soldatlar düşdülər. Yır-yığış
başlandı. Aralarında saqqallı, qarasifət cavanlar vardı. Bunlar lap
insafsızdılar.
Kolların
arasına cumur, küçəyə sərilmiş şəhidlərin üstünü alır, avtomatdan, tapançadan
atəş açır, can verəni yenidən gülləyə tutur, öləni bir də öldürürdülər.
Səslərini
eşidirdim: "Bıstro ubrat! Çtobı do utro niçeqo ne ostalos. Çisto!"
Kürüdülər,
topladılar. Ocaq çatıb yandırdılar...
Bizi
örtülü maşınlara mindirib, aradan çıxartdılar.
Şəhərin
bu yanlarına yaxşı bələd deyildim. Amma anladım, maşınlar dəniz körpülərinə
gedirdi.
Torpaqdan
çıxıb, taxta döşəmə ilə sürdülər.
Yaxınlıqda
bir neçə hərbi kater dolanmaqda idi. Köpüyə iki "Hidroqraf" gəmi
bağlanmışdı. Ardımızca "Ural" avtomobilləri, BMP sanitar - "təcili
yardım" gəlməkdə idi. Yükü tezcənək gəmilərə keçirib, arxadan çatanlara
yol verilməliydi.
Bir dəqiqə...
bu dənizdə nə çox suiti varmış. Pirşağıda bir kərə bir uşağı dişləmişdi. Demə,
qudurubmuş suiti. Uşaq dəli oldu...
Bizi
"Hidroqraf"ın göyərtəsinə götürdülər. Sahmanlı tərpənirdilər, xərək-salacaları
vardı. Düşürəndə dönə-dönə yoxlayırdılar. Fanarları üzümüzə saldılar, gözlərimizə
tuşladılar. Əyilib, nəfəsimizi imsədilər.
Tək-tək
tapançalar açıldı, baltalar, kumbullar işə düşdü; kambuzdan iri bıçaqlar,
kordalar götürmüşdülər.
Patrona
qənaət etdilər. Tam sakitlik olsun deyə, əl-ayağı tərpənəni oradaca bitirdilər.
Göyərtədə üstümüzə çadır çəkdilər. Xeylisini büküb, kəndirlə sarıyıb, türümlərə
endirdilər.
Gəmi
açıldı, körpüdən aralandı. Səhər açılmışdı.
Səfərə
yollanacağımızı, amma haraya aparılacağımızı bilmədiyimiz halda, göyərtədə təşvişə
düşdülər.
Demə, Xəzər
gəmiçilik idarəsi hərbi gəmilərin buxtadan çıxmağına icazə verməmişdi. Bizim
neftdaşıyan, quru yük aparan böyük gəmilərimiz limanın giriş-çıxışını,
kanalları tutub dayanmışdılar.
Körfəz
blokadaya alınmışdı. Radio-ratsiya ilə danışığa başlamışdılar.
Bumbuz
dəmir anbarlardan nə söyləndiyini eşidirdik: hərbi donanma Xəzər gəmiçiliyindən
tələb edirdi ki, yolu açsınlar. Bizimkilər qəti etiraz edib, bildirdilər:
"Sizin gəmilərə baxmalıyıq. Apardığınız nədir?" "Hərbçilərin ailəsini
köçürürük", - dedilər.
Xəzər gəmiçiləri
bildirdi ki, bizim adamlar sizin gəmiləri yoxlamalıdır. Əks halda, bircə hərbi
gəmi limandan çıxa bilməyəcək.
Üç gün
öcəşdilər. Xəzər gəmiçiləri hərbi gəmilərin yerləşdiyi "Sabit Orucov"
tankerinə keçdilər, qərargah orada idi. Deputat komissiyasının bütün səyinə
baxmayaraq, onları hərbi gəmilərə buraxmadılar.
Donanma
katerləri yaxınlaşdı. Bizim gəmiləri hədələdilər: "Yol verməsəniz, atəş
açacayıq". Xəzər gəmiçiləri dediklərində dayanıb, hərbi komandanlığa
bildirdilər: "Sizin gəmilərə meyit yüklənmişdir. Gecə, qoşun şəhərə
soxularkən, həlak olanlar körpülərə daşınmışdır. Siz törətdiyiniz cinayətin
izini itirmək istəyirsiniz".
Keşikçi
katerlərin top lülələri Xəzər gəmilərinə tuşlandı...
Yanvarın
iyirmi ikisi, səhər saat onda buxtanı tutmuş Xəzər gəmiləri fit verməyə
başladılar.
Əllidən
artıq gəminin göyərtəsindən qopan haray Bakı üzərində dalğalandı... Şəhidləri dəfn
edirdilər, ana! Mikrofonla yasin oxuyur, gəmilər ulartı qoparır, sədası zindan
türümlərə çatırdı.
Eşitmişdik,
şəhidləri Dağüstü parkda basdıracaqdılar. Bizimkilərdən kimsə qımıldandı:
"Bizə də ora qismət olsa idi, elə bilərdim, başımıza heç bu qəziyə gəlməyib".
Dördüncü
gün, axşam hərbi donanma Xəzər gəmilərinə atəş açdı. Bizimkilər cavab verdi.
Atışma düşdü. Dinc gəmilərimizin hərbi donanmanın top atəşlərinə dayanmağa gücü
çatmadı. Tankerlərin neçəsi deşildi, yanğın düşdü. Mühasirə yarıldı.
Donanmaya
qurudan kömək gəlmişdi, spesnaz soldatları gəmilərimizə doluşdular. Xəzər gəmiçilərinin
bir qismi qayıqlara minib Zığ burnu, Əhmədli səmtə üz tutdular...
"Hidroqraf"
açıq dənizə çıxdı... Bir dəqiqə, darıxma, ana. Bu dənizdə suiti nə çoxmuş. Ağ
suitilərdi, batıb çıxır, gəlirlər...
Səhərə
az qalırdı, bütün gecəni üzmüşdük.
Bakı
limanında bizimkilər yaxınlaşa bilsəydilər, göyərtədə, türümlərdə kimin nə kökdə
aparıldığını sezəcəkdilər.
Alatoranda
göyərtə kranları işə düşdü. Türümlərdəki bağlamaları çıxartmağa əl qatdılar. Bəlkə,
tonqal çatacaqdılar. Yox, bunların niyyəti özgə imiş. Brezent bağlamaları göyərtənin
qırağına sürüdülər.
"Raz!
Dva! Vzyali!" - meyit çatılmış mafraşlar dənizə quylandı.
Sonra...
sahibindən ayrı düşmüş qollar, qıçlar, başlar tolazlandı.
Bu, bir
məşəqqətdi. Bizi yandıran o idi ki, başımıza gətirdikləri bəs deyilmiş,
ardımızca söyüş yağdırır, təpiklə vurub bağırırdılar: "Vot vam Şaxidlyar
xiyabanı!"
Bir də
gördük ki, ana, üstümüzdə vertolyotlar dolanır.
Köməyimi
gəlmişdilər? Endi, az qaldı dalğalara toxunsun. Qapı açıldı, oradan dənizə
atılmağa başladılar.
Paraşütləri
yox idi, dalğaların arasına düşür, batır... çıxmırdılar. Hə, bunlar desant
deyilmiş, eləcə bizdənmişlər. Amma onları vertolyotla gətirmişdilər.
Beləcə,
başı Həştərxan, ayağı Lənkəran - dəniz oldu məzarımız, can ana.
İstəkli
anam! Gözümün işığı ana! Yadındamı, bir axşam bacılarım, sən, qonşu xala
oturmuşduq bizdə.
Yaz idi,
imtahanlarımız başlanmışdı. Mən sənə öz istəyimi söylədim. Dedim, Odessaya
gedib, Ali Dənizçilik Məktəbinə girmək istəyirəm.
Razı
olmadın: "Gözümün qabağında ol, balam mənim. Beş bacının bircə qardaşı,
evimizin kişisi sənsən" - dedin.
Taleyin
qismətinə bax, ana. Ömrümdə ilk dəfə sənin istəyinin əksinə çıxdım. Dənizçi
olmuşam, mənim anam. Üzürəm... Əzəlcə sualtı qayıqların görünməz, dərin yolları
ilə düz 5 gün dolandıq. Sonra hərəmiz bir diyara tuş olduq.
Kimi
Şah dilində üzə çıxdı, kimi Türkanda. Axı, dəniz ölü saxlamır; şaqqalayıb baş
bir yana, bədən özgə yana atmışdılar, itib bataq. Çıxansa vardı. Bullada
vertolyotlar alçaqdanca güllə yağdırır, dəlib deşirdi, getsin alta.
Türkan
balıqçıları gördü. Kənd duyuq düşdü. Balıqçılar qayığa minib gəldilər. Xəzərə
yiyələnmiş keşikçi katerlər pusquda imiş. Balıqçı da, onun gördüyü də yoxa
çıxdı...
Bir dəqiqə.
Ana, bircə dəqiqə. Bu dənizdə nə çox suiti varmış... Gör sənin dənizçi oğlun
bir qol, bir qıçla necə şütüyür!
Dənizə
qar yağır. Kiçik çillə girir bu gün. Kiçik çillə böyük çilləyə deyib: "Mən
sənin vaxtında gəlsə idim, gəlinlərin əlini sənəyin qulpunda dondurardım".
Qarşıdan
yaz gəlir.
Dənizə
qar yağır, başıma qar ələnir. Xəzər Dərbənd altında necə burulğanlı imiş. Bizə
daha nə qar əsər edər, nə külək. Nə dalğalar batırar, nə fırtına susdurar.
Yamacda
Dərbənd mayağı yanır. Dalğaların qucağında sahilə üzürəm. Allah üzümə baxar, qədim
Azərbaycan şəhərinin sakinləri görər məni. Görsələr, xilas edəcəklər.
Bacılarımı
öp, məni gözləmə.
Sənin dənizçi
oğlun.
1
fevral 1990-cı il"