
Sait Faiq Əbasıyanıq. Dörd hekayə (Əjdər Olun uyğunlaşdırmasında)
- 29.01.2020
- 0 Şərh
- 1952 Baxış
Uzun Ömər
Ən
uzunumuzdan bir metr daha uzun, ən enlimizdən yarım metr daha enli, ən
şişmanımızdan 150 kilo daha ağır bir adam yaşayır aramızda. Şükür, ən pisimizdən
daha pis, ən nankorumuzdan daha nankor, ən ağıllımızdan daha ağıllı deyil.
Yoxsa halımız necə olardı? Ancaq ən yaxşımızdan, səndən, məndən beş dəfə artıq
daha yaxşı, daha üzüyoladır.
Bu
adamın özünə kostyum tikdirməsi üçün səkkiz metr qumaşa ehtiyacı var.
Evitikilmişin ayaqqabıları yüz əlli lirəyə başa gəlir, əlbisəsi beş yüz lirəyə.
Bizim
bu Qalata körpüsündən harda var? Çindəmi deyirsiniz? Bərbərləri, pinəçiləri,
meyvə, su, simit satanları, aşçıları, kazinoları, başmaqçıları, əsnafları
qarışıq, hətta evsiz-eşiksizlərə havadarlıq edən otelləri aləmdir körpümüzün.
Doğrusu, şairanə, ələdüşməz bir matahdır. Dünyada tayı-bərabəri olmayan bu
körpünun altında, tavanı bizə görə hündür, yuxarıda sözü keçən adama görə alcaq
bir dükan var. Ömər Özkan orda lotereya biletləri satır. Özkan soyadından çox
Uzun Ömər adı ilə tanınan bu gənc adama hər istanbullu, hər İstanbula gələn
yolçu Heydərpaşa vapurundan körpüyə ayaq basar-basmaz durub heyrətlə tamaşa edər.
Balaca uşaqlar saatlarca, qovuluncaya qədər onun önündə dayanıb özlərindən,
atalarından, qardaşlarından iki, üç, dörd dəfə böyük, möhtəşəm adama baxarlar.
Doğrusu, tamaşaya durmağa dəyər. Amma baxışlar altında canı üzülür Ömərin.
Sanki yalvarır: "Baxın, baxın, amma tez keçib gedin, nə olar!".
Ancaq ayaq saxlayıb heyran-heyran onu
süzməmək də mümkün deyil. Biz qəzetçilər uşaq kimiyik. Təkcə uşaq kimi olsaq, dərd
yarıdır. Daha betərik. Təkcə baxmaqla ürəyimiz soyumur, hələ maraq üçün
yaxasından yapışıb sorğu-suala da tuturuq:
- Neçə
kilosan?
-
Çoxdan özümü çəkdirməmişəm, amma 170 qara okkamı1, kilomu, elə bir şey.
-
Maşallah!
Hər
halda küçədə bizim kimi fani bəni-adəmləri çəkən tərəzilər ona tab gətirməz.
Çünki adi tərəzilər 150 kilonu keçmir.
- Ömər əfəndi,
çox yeyirsən?
- Sizə
baxanda çox yeyirəm, amma çəkimə görə az. İştahım yerindədir. Üç qab yemək, üç
çörək bəsimdir. Amma çox su içirəm.
-
Boyunun uzunluğu...
- İki
metr iyirmi beş santimetrdir. Daha böyümürəm. Üç ildir böyüməm dayanıb.
Uzundurazlıq da bir şey deyil.
- Əlbəttə,
Ömər əfəndi! Allah eləməsin, bir az da böyüsəydin, bir öküz dərisindən
ayaqqabı, bir top qumaşdan paltar geyəcəkdin. Neçə yaşın var?
-
1909-da doğulmuşam. Özün hesabla!
-
Haralısan?
- Biləcikin
Abbaslı köyündən.
-
Haçandan böyümən başladı?
-
Xatırlamıram. Bizimkilərdən kimisi beş yaşından başladı deyirlər, kimisi on
iki-on üç yaşından. Köylü nə bilsin yaşını?
- Ən
çox nədən xoşun gəlir, Ömər?
-
Köylünün nədən xoşu gələr? Heç bu barədə düşünmədim.
- Ən
çox nəyə acığın tutur?
Gözlərini
mənə zillədi. Elə doğma, elə saf, duru gözləri var ki... Qəhvəyi, parlaq gözlər
adamı dostluğa, rahatlığa, sükuta, təvəkkülə çağırır.
- Özünü
unudub məni seyr edən uşaq-muşağa qızıram ha, bu qızmaq deyil, cırnamaqdır.
Barışmadığım şey haqsızlıqdır.
- Heç
haqsızlıq gördünmü?
-
Haqsızlıq görməyən insan varmı? Bütün Anadolunu, İzmir vilayətini
dolandırdılar. Pullarımı yedilər.
Ömərin
gur, boyu qədər olmasa da, hündür səsi var. Alnında və üzündə qırışları dərin
deyil. Tərləmiş bığları təzətərdir. Xəfif gülümsəyən, urkək gözlərilə insana
baxıb ürəkdən, şirin-şirin güldüyü zaman adamın ona "Təbiət səni niyə bu
gülünc oyuna saldı?" deməyi gəlir. O qədər mənəmlik davası eləyənlər var
ki dünyada. Böyüklük davası döyənlərlə bu oyunu oynamalı idi təbiət. Elində,
obasında oraqla ot biçəni, qoyunlarını örüşə aparan adama niyə ilişirdi?
- Həkimlər
belə uzanmanı necə izah edirlər?
-
Deyirlər, başımda hormonlar çox işləyir, ondandır. Ana nənəm deyir, babam da
beləydi. Səndən də uca idi. 200 qara okka gəlirdi. Tarladan dönəndə bir səhəng
su içərdi. Yeriyəndə yer titrəyirdi. Bizim köydə qabaqlar da mənim kimi adamlar
çoxmuş. Demək, belə çıxır ki, keçmişdə Biləcikin Abbaslı köyündə olsaydıq,
bağ-bağçalı qəhvəxanada oturarkən qorxudan dilimizi qarnımıza soxardıq. Əcinnələr,
divlər oylağı imiş Abbaslı köyü.
- Atan
nəçidir?
- Budur
atam! - 1,65 - 1,68 metr boyunda çal bığlı, sağlam, dinc bir adamı göstərdi -
bir bacım, bir qardaşım da var. Onlar sizlər kimidir.
- Ömər
ağa, bir şey də soracağam, amma...
- Bilirəm
nə soracaqsan. Qadınlar... - Önünə baxdı. Öküzə bir yumruq vursa çökdürəcək qədər
böyük, iri çəkic kimi əlləri, uzun biryaşlıq tut ağacı qalınlığında barmaqları
ilə lotereyaları qarışdırdı. Bir müştəriyə bilet uzadıb "Xeyirli
olsun!", - dedi - Sonra mənə üz
tutdu - Qadınlar məndən qorxmaqda haqsızlıq edirlər. Biri ilə evlənmək istəyirəm.
Həkimlər icazə verir. Mən də başqa kişilər kimiyəm. Boyun uzanması xəstəliksə,
artıq o da dayandı. Qazancım da pis deyil. Bir qadını xoşbəxt edə bilərəm.
-
Gözaltın varmı?
-
Yoxdur hələ. Qadınların üzünə baxmıram. Çoxu məni ələ salır, "Gəlib, nə
zaman evlənəcəksən, Ömər ağa?" soruşurlar. Belə sual verənə könlü olsa da,
yaxın dura bilərəmmi?
Bu
zaman bir xanım əlində torba içəri girdi və dedi:
- Ömər əfəndi,
torba bir az dursun burda, qayıdanda götürərəm.
Ömər
bir xanıma, bir də mənə baxdı. Qıpqırmızı qızardı. Xanım da xanım idi ha. Ömərin
üzündən, oğrun baxan gözlərindən həsrətə bənzər bir şey keçdi.
- Ömər əfəndi
- dedim - səndən yazacağam. Bəlkə bir halal süd əmmiş insafa gələ.
Üzü
güldü. Gülüş onunla hələ uzun-uzun söhbətlər
edəcəyimi vəd edirdi.
Axşam
olunca Ömər əfəndi dükanını bağlayar, körpünün pilləkənlərini dalğın-dalğın
çıxar. Özündən altmış, yetmiş, səksən santimetr qısa insanlara rəğbət dolu, həsrət
dolu, xeyirxahlıq dolu gözlərlə baxaraq tramvay duracağının yaxınlığına qonşu,
Beşikdaşdakı yastı-yapalaq evinə dönər. Atası ilə yeməyini yeyər. Sonra
taxtadan xüsusi düzəldilmiş çarpayısı sındığı üçün yerdəki şiltəsinə uzanar,
gözlərini yumar, halal süd əmmiş bir arvad barədə düşünər...
Uzun Ömərin
lotereyalarının çoxunda böyük uduş olmaz, amma yüzdə doxsan doqquzuna kiçik hədiyyələr
düşər. Hələ ondan lotereya bileti almış xanımlardan əli boşa çıxanı olmayıb
deyirlər. Doğrudurmu? Bilmirəm.
İpək dəsmal
İpək
fabrikinin enli giriş qapısının qarşısına Ay işığı düşmüşdü. Qapının önündən
bir neçə adam tələsik keçdi. Mən həvəssiz, hara gedəcəyimi bilmədən qapıdan
çıxarkən qapıçı arxamdan səsləndi:
- Hara
belə?
- Bir
az gəzişim - dedim.
- Kəndirbaza
tamaşa etməyə gedirsən?
Cavab
vermədiyimi görüb əlavə etdi:
- Hamı
gedir. Bursaya beləsi gəlməyib.
- Heç həvəsim
yoxdu, - dedim.
Yalvardı,
yaxardı, məni fabrikə qaravul çəkməyə razı saldı. Bir az oturdum, siqaret çəkdim,
zümzümə elədim. Sonra ürəyim sıxıldı. Nə edəcəkdim, qalxdım, qapıçı otağındakı
manşırlı dəyənəyi götürüb fabrikin həyətində dolaşmağa başladım.
Qızların
çalışdığı qoza açan sexin qarşısından keçər-keçməz şıqqıltı eşitdim. Cibimdən fənəri
çıxardıb yandırdım. Ətrafa boylandım. Fənərin
uzanan gur işığında qaçan iki çılpaq ayaq göründü. Yüyürüb qaçanı yaxaladım.
Qapıçı
otağına oğru ilə birgə girdik. İşığı yandırdım.
Bərk-bərk
yapışdığım əl uşaq əli imiş. Gözləri par-par yanırdı. Öz-özümə güldüm, əllərini
buraxdım.
Uşaq əlindəki
kiçik qələm ilə üstümə cumdu və çeçələ barmağımı yaraladı. Yaramazı qamarladım.
Ciblərindən azacıq qaçaq tütün, bir-iki papirosluq kağız, təmiz bir dəsmal
çıxdı. Qanamış barmağıma onun qaçaq tütünündən basdım, dəsmalı cırıb yaramı
bağladım. Tütündən iki qalın papiros bükdük, dostcasına söhbətə başladıq.
On beş
yaşı vardı. Oğru deyilmiş, cavanlıq
edirmiş. Biri ondan ipək dəsmal istəmişdi, özünüz başa düşürsünüz də, sevdiyi
qonşu qız. Pulu da yox ki, gedib bazardan alsın. Düşünüb-daşınmış, ağlına
fabrik gəlmiş.
Mən:
- Yaxşı
- dedim - emalatxana bu tərəfdə, sən o biri tərəfdə nə gəzirdin?
Güldü,
emalatxananın yerini hardan bilirdi.
Yenə
bir papiros büküb yandırdıq. İsinişmişdik.
Xalis
bursalı idi, köklü-köməcli...
İstanbulda
olmamışdı. Mudanyanı isə heç olmasa - bunu deyəndə üzümü görəydiniz - bircə dəfə
görmüşdü.
Əmir
Sultanda, Ay işığında, dəli-dolu vaxtımda mənim də belə tay-tuşlarım olmuşdu.
Yəqin
ki, bunun da onlar kimi uzaqdan səsini eşitdiyim Çöydərənin hovuzlarında dərisini
Günəş qaraldıb. Mövsümdən-mövsümə meyvələrin qabığının rəngini alıb. Üzü qoz
qabığı kimi qaralsa da, dişləri təzə qoz ləpəsi kimi ağappaq olub. Mən bilirəm,
yayın başlanğıcından qoz yetişənə qədər Bursa uşaqlarının əlləri ərik və
şaftalı, düymələrdən ucları görünən fındıqların naxışlı yarpaqların ətrini verər.
Divar
saatı on ikini çaldı. İndilərdə kəndirbazın tamaşası bitməli idi.
-
Aradan çıxım! - dedi.
Onu ipək
dəsmalsız yola saldığımdan məyus olmuşdum. Eşikdən gələn səsə diksindim. Qapıçı
deyinə-deyinə içəri girdi. Arxasında da balaca oğru...
Oğrunun
qulağını çəkdi. "Bu yaşda uşaq oğrudur! Əfəndim, həbsxanada yatıb
ağıllanar!" deyərək qapıçı çılpaq dabanlarını nazik bir söyüd budağı ilə
qaşıdı. Yaxşı ki, müdir işdə yoxdu, yoxsa onu polisə verərdi.
Çox
qorxutdu, ağlamadı. Gözləri ağlamağa hazır uşaqların gözlərinə döndü, amma
dodaqları titrəmədi, qaşları düyünlənmədi. Yalnız bir az tutqundu.
Buraxılınca
azad edilmiş göyərçinə döndü. Ay işığını və qarğıdalı tarlasını yarıb keçirmiş
kimi qaçıb getdi.
***
Mən o
zaman malların yığıldığı anbarın üstündəki otaqda yatırdım. Yerim rahatdı, hələ
Aylı gecələrdə necə gözəl olurdu. Pəncərəmə yaxın, lap yaxın tut ağacı vardı.
Ay işığı tut yarpaqlarından süzülür, otağıma ələnirdi. Yay-qış pəncərəmi açıq
saxlayırdım. Nə sərin, nə xoş mehlər, yellər əsirdi. Bir vaxt gəmidə çalışdığımdan küləklərin hardan əsdiyini
qoxusundan tanıyırdım.
Yuxum
yüngüldür. Səhərə yaxındı. Eşikdən xışıltı səsi gəlirdi. Kimsə tut ağacına
çıxmışdı. Qorxudan yerimdən qalxa bilmədim, qışqırmadım. Pəncərədə bir kölgə
gördüm.
O idi,
yavaşca içəri girdi. Önümdən keçərkən gözlərimi yumdum. Dolabları qarışdırdı. Rəfləri
əlləşdirdi. Susurdum. Doğrusu, onun cəsarətinə heyran qalmışdım, malların
hamısını qoltuğuna vurub aparsaydı, mane olmayacaqdım. Sabah müdir:
"Ölmüşdün?" deyə məni şallaqlayacağını, işdən qovacağını bildiyim
halda səsimi çıxartmırdım.
Oğlan gəldiyi
kimi bomboş, səssiz-sədasız pəncərədən çıxıb getdi. Bu anda budağın sındığını
duydum. Yıxılmışdı. Aşağıya endiyim zaman başına xeyli adam yığılmışdı. Qapıçı
da ordaydı.
Can
verirdi. Yumulmuş əlini qapıçı açdı. Ovcunun içindən bir ipək dəsmal köpürdü.
Xalis ipək dəsmal belədir, nə qədər əzsən, bürüşdürsən, əlin açılan kimi
ovcundan su kimi fışqırar.
Atamın
ikinci evi
Mətbəxində
qızarmış ördək, ördəyin suyunda irmik və bulqur halvası bişirilmiş köy evinə
niyə getdiyimizi onda bilmirdim. Bu gün
dərdli və kimsəsiz, otelin pəncərəsi önündən keçən tramvaylara baxarkən nədən
ötrü bu köy evinə bir axşamüstü səssiz-səmirsiz, gözlənirmiş kimi düşməyimizin
səbəbini söyləməyəcəyəm.
Axşam
azanı keçdiyimiz köydə oxunmuşdu. Atlarımıza bir az su vermişdik. Atam şəhərdən
çıxandan mısmırığını sallamışdı. Bir yandan buludlu hava, o biri yandan yolun
tozu, çala-çuxuru hövsələsini daraltmışdı, yəqin. Narazı bir kəlməmə bəlkə də
geri dönəcəkdik. Qəsəbənin köpək səsləri bürüyən küçələrini təkrar dördnalla
keçəcəkdik, atlarımızı tövləyə bağlayacaq, o bələdiyyə kitabxanasına
yollanacaqdı, mən otağıma qapanacaqdım. Səsimi çıxartmırdım. Ağzıma su
almışdım. Dalğınlığımdan atım bir-iki dəfə büdrədi. Atamın kirpiklərinin titrədiyini
gördüm. O mənə sarı heç baxmırdı. Çünki göz-gözə gəldiyimiz zaman özünü itirər,
dodaqlarına süni və aldadıcı bir təbəssüm qondurardı. Dediyim köy evinə
çatdığımız zaman atlarımızın cilovunu balaca, sısqa bir uşaq aldı. Papağına
sancılmış qərənfilə nəzər yetirdiyim üçün çiçəyi mənə verdi. Halbuki, onun
islaq saman rəngli gözlərinə, üzünün dərisinə baxmışdım. Atamın arxası bizə tərəf
idi. Verilən çiçəyi iylədim, sonra papağımla qulağımın arxasına taxanda atamın
məni süzdüyünü gördüm. Gülmədi, ciddi də deyildi. Üzü ifadəsiz, donuq və
sakitdi. Qızardım. Bir hindtoyuğuna gözlərimi dikmişdim. Qırmızı və tüksüz
boynu ilə alatoranda nə qədər cüssəli, iri şeydi. Necə qüvvətli görünürdü.
Atam
"Haydı, sərsəm!", - deyə mızıldandı.
Biz evə
girərkən uşaq həyətdə atlarımızın tərini soyudurdu.
Köy
evinə ayaq basar-basmaz, əlbəttə, saman və xəfif təzək qoxusu duyulur. Bir az
içəri keçincə nehrənin qoyulduğu yerdən gələn ayran qoxusu da burnumuzu
qıcıqlandıracaq. Dörd-beş ayaq nərdivan çıxdıq. Taxt üstündə, daha doğrusu, müəllim
üçün və ya bayramlarda nitq söyləyən natiqlərdən ötrü qurulmuş kürsülərə bənzəyən
yerdə bir qadın namaz qılırdı. Atamla bir müddət gözlədik. Ayaqqabılarımızı
qapıda soyunduğumuz üçün yun corablarımızın evin içində səs çıxarmadığından əmin
idim. Qadın son rəkəti bitirib salamımızı alınca bizi gördü və salamımızı aldı.
Yarıqaranlıqda atamın həyula kimi keçdiyi köyü yuxudan oyadacağını sanmışdım.
Heç də belə olmadı. Mən əvvəlcə yaşlı qadının dodaqlarına baxdım. Sakit kirpik
çalan gözlərini gördüm. Üzünün sümükləri çıxmışdı. Başını yana çevirərkən qəlbimdən
bir istilik keçdi. Baş örtüyünü iyləyə bilsəydim, dedim. Bəyaz tülbənddi. Nənəminki
kimi. Bu səfər qadın şəfqət dolu gözlərini təkrar bizə tərəf çevirdi. Qarşıdakı
qapıya işarə ilə:
- Ömər
ağa, - dedi - Fatma içəridədir, girsəniz!
Qadın
başını aşağı saldı, biz qarşı otağa keçdik. Orda bir gənc qadın vardı.
Dodaqaltı zümzümə edirdi. Bizi görüncə ayağa qalxdı, gülümsədi.
Otağı
çürük meyvə qoxusu bürümüşdü.
Yerdəki
tünd-qırmızı rəngli Kocaili kilimi neft lampasının işığında qəribə bir qatışıq
kimi qaynayırdı.
Bu əsrarəngiz
görünüş məni heyran etdiyi üçün hər şeyə göz qoymağa çalışırdım. Gənc qadın
salamımızı almamış atam birdən mənə sarı dönüb:
-
Haydı, oğul, get - dedi - Eminə kömək elə. Atları işətmədən tövləyə salmayın
ha...
Atlar
tövləyə salınmışdı. Qabaqlarına quru ot atılmışdı. Emin tövlənin qarşısında
oturmuşdu. Qəmə ilə budaq yonurdu. Böyründə əyləşdim. Üzümə baxmadı. Mənə bir
söz tapıb deməkdən ötrü vaxt qazanmaq üçün qəzəbli-qəzəbli əlindəki budaqla əlləşirdi.
Gözlərim
budaqda qalmışdı...
- Nə
budağıdır? - soruşdum.
Bir
müddət cavab vermədi. Əlini kəsmişdi. Pişik dili kimi iti, əyri, yumşaq dililə
barmağını uzun-uzun yaladı. Sonra qızarmış dodaqları arasından:
-
Qızılağac - dedi.
Susduq.
Bu yay istisinin ilıq suyu qədər saf uşaq mənə göstərdiyi ilkin mehribanlıqdan
çoxdan peşman olmuşdu. Evdən yoğun bir qadın səsi bizi çağırdı. Qızarmış ördək,
ördəyin suyunda bişmiş irmik, bulqur halvası yedik. Süfrə taxtadandı. Əl dəsmalları
qalın bezdəndi. Taxta qaşıqlar vardı. Atama və mənə çəngəllər də qoyulmuşdu.
Bir
vaxt Ay işığında qarğıdalı tarlasında otlayan
donuzlarla bağlı qorxulu bir əhvalat baş vermişdi. Emin boyda bir uşağın donuzlar qarnını yırtmışdı.
Qoca qadın bu hekayəti ağır-ağır, uzun-uzun söylədi. Hadisənin kimin tarlasında
baş verdiyini, uşağın kim olduğunu, ovçuların adlarını bir-bir xatırlayırdı.
Atam üzünün ifadəsi ilə qadının dediklərini tam anlamadığını nümayiş etdirirdi.
Emin hey mənə baxırdı. Biz üç kişi və bir qadın yemək yeyirdik. Gənc qadın xidmət
edirdi. Ovuclarındakı xınanı tavaları süfrəyə qoyarkən gördüm. Yeməyi yaşlı
qadının namaz qıldığı otaqda yeyirdik. Yeməkdən sonra üst qatda buxarısı olan
bir otağa qalxdıq. Emin ocağı qaladı. Bir qara qoyun dərisinin üstündə dizlərini
yerə qoyub oturdu. Sonra uzandı. Boyu dəridən azca uzundu.
Yaşlı
qadın da döşəkcənin üstündə mürgüləyirdi. Mən onun yanındaydım. Əlim əlindəydi.
Yuxu yoluxucu xəstəlik kimi qadından mənə keçir, gözlərim qapanırdı. Əlimi
qadının quzu kimi məzlum əlindən çəkdim. Yana, Eminin üstündə qıvrılıb yatdığı
dəriyə doğru uzatdım.
Atamla
gənc qadın divanda oturmuşdular. Atamın siqareti əsrarəngiz közərti ilə işıq saçıb tüstülənirdi. Toylardan, cavan
qızlardan, dəliqanlılardan danışırdılar. Eminin üzündə köz salmış bir odunun
işığı bərq vururdu. Yuxuya getdim.
Oyadıldığım
zaman dan yeri ağarırdı.
Qəsəbəyə,
atamın rahat, zəngin evinə doğru yol alarkən təzə manda südünün isti buxarı
kimi səhər mehi üzümə qonmuş halda, hələ yaşlı qadının dodaqları alnımda, qardaşım
Eminin qalın barmaqları əllərimin içində
idi.
Bu
hissi uzun müddət fotoqrafların tələm-tələsik çıxartdığı şəkillər kimi qoruyub
saxladım. Sonra saraldılar, soldular.
Kraliça
Kim
özü-özündən "Gözəllik nədir?" sorsa, qafasında hazır cavabı vardır.
"Gözəllik-gənclikdir!" deyənin qarşısına elə nəcib, elə sevimli, elə
şirindil, elə təpərli və istiqanlı xanım-xatın birisi çıxar, düşünər ki, yox
dili dolaşıb. Gözəllik boy-buxundur, gen sinədir, baldırdır, deyəsən, çaşmısan.
"Bu
Fatma nə gözəl qızdır. O nə qaş-göz, o nə yeriş?" deyincə başqası dillənir:
- Amma
çox soyuqdur.
Dərhal
gözəldə qaş-göz, boy-buxunla bərabər,
ehtirasın da lazım olduğu yadına düşür. Bir də görərsən, alababat bir nazənin
elə işvə-naz satar, elə qılığına girər, deyərsən bəs cəmi gözəllər bunun
yanında yalandır. O zaman "Könül sevən göyçək olar!" pıçıldarsan.
Yenə də
yanılmısan. Sərxoşluq ağlını başdan alıb. Ayılırsan ki, cilvəli dilbərin nazı-qəmzəsi
uçub gedib, boyası pozulub, ehtirası sönüb. "Bu idimi hayıl-mayıl olduğum
gözəlçə? Aman, ya Rəbbim!" deyib durursan.
Nə
deyirsiniz, deyin gözəllik məchul bir şey də deyil, həqiqətdir. Gənclikdən,
boy-buxundan, qaşdan, gözdən, coşqudan, qaynar qandan pay alıb insanı sevgiyə,
həyata çağıran bir möcüzədir.
On
yeddisindən on yeddisi də gözəl seçilən qızlardan birinə otuz kişi "Sən
gözəlsən!" deyincə, artıq İnci xanımın gözəlliyi haqqında danışmağa bizə
söz qalmaz. Amma ağzımıza su almalıyıqmı? Çox da bu müşkül məsələdir. Keçmişdə
hazır təşbehlər vardı: qoşa badam sığmayan darağızlı, qələmqaşlı, ceyrangözlü,
sərvboylu, incidişli. Sədəf dırnaqlar, alma yanaqlar, topuğa düşən saçlar da öz
yerində...
Şeiri
oxuyan heyran olurmuş: "Əsl gözəlmiş!".
Bu gün
gözlərimizlə sözlərimiz təsbehlərdən qaçır, amma yenə onların təsvirindən
qurtulmamışıq. Gözlərin rəngi (onu sonra söyləyəcəyəm) şəffaf bədən, saçlarının
biçimindən uzun görünən yuvarlaq, bəyaz üz, gur, sarıya çalan qumral saçlar, təmiz,
parlaq alın və boyun, zərif sinə, uzun, pambıq kimi ağ ayaqlar, içindən bir yaz
günü Boğaziçi axırmış kimi incə, damarlı, oynaq, şıltaq əllər... Güləndə gözəldir,
acıqlananda da gözəl görünər sanıram İnci xanım. Nəyə qızar bilmirəm, ağlıma nə
sual gəlsə, ona verəcəyəm.
Doğramacı
Şakir küçəsi Tarlabaşındadır. Səssiz, baxımsız bir yerdir. Axşamdan yağan, bu gün də kəsməyən yağış
Doğramacı Şakir küçəsinin arnavut1 səkilərinin toz-torpağını palçığa döndərib.
İnci
xanımın oturduğu ev dördqatlı bir apartmandır. Onun otağının yerində adam
pambıq kimi ağa çalan incilər arayır. Əlbəttə, inci tapmazsan. Kiçik bacısının
kuklalarını, meynununu, maşınını görərsən. Bir də piano, şkaf, güzgü, iki kilim
və yarım adamlıq dar balkon gözünə dəyər. Balkonda reyhan dibçəkləri qoyulub,
güzgünün və pianonun üstündə şəkillər asılıb.
Bu
kiçik, mehriban ailənin gözəl qızının xəyalları varmış. Səhnəyə çıxıb şərqi
oxumaq arzusu çin olub. Hansı qadın gözəl olmaq istəməz? Gözəllik kimi bir özəlliyi
var. "Ah, mən də bir ulduz olsam!" deyirmiş. Ulduz olmağına az
qalıb. Kim bilir, İstanbulun hər məhəlləsində
nə qədər qızlar var ki, belə taleyi qısqanıb gecələr yuxularını qaçırırlar. Yenə
də qızlar vardır ki, kinoulduz olmaq həvəsi onları kino dəlisinə çevirib.
Hə!
Tale quşu belədir! Bir də gördün göydə uçarkən
küçəyə nə üçün bir Doğramacı Şakir adının verildiyini bilmədən enib İnci
xanımın evinin damına qonar. Tale quşu da gözəlləri sevir. Bax, beləcə İnci
xanım da adlı-sanlı şərqiçilərin arasında gəncliyi və gözəlliyi şöhrət
tapıncaya qədər neçə illərdir gözləməkdə, səsini qoruyaraq bir məslək uğrunda
çarpışmaqdadır. Hər tərəfdən filmə çəkilmək üçün dəvətlər alır. Onun cazibəsi,
məlahəti, boyu-buxunu, gözü-qaşı, ağlı, səsinin zərif tonu, bacarığı, rejissoru
kömək edərsə, kino ulduzu olmasına imkan verir. Tərifləmək, reportaj yazmaq da
bizdən! Avand olsun!
Gölməçələrlə
dolu Doğramacı Şakir küçəsinə girərkən dəftərçəmə suallar yazmaqdayam.
Aşağı-yuxarı Mükərrəm Kamil Su1 ilə Kərimə
Nadirin romanlarını sevən bir kraliça ilə qarşılaşacağımı güman edirəm. Bəlkə də
suallarımdan biri olan "Hansı romanları sevirsiniz?" deyər-deməz,
Hüseyn Rəhmini, Osman Camalı, Orxan Kamalı deyəcəyini də düşünmüşdüm.
- Roman
oxumağı sevirsinizmi, İnci xanım?
- Çox
sevirəm.
- Hansı
romanları?
-
Vallah, adlarını xatırlamıram. Tərcümə əsərlərini sevmirəm. Məsələn, Kərimə
Nadirin romanlarını, Mükərrəm Kamil Sunun romanlarını.
Doğrudan
da gözəl gözləri var. İçində tək bir rəng yox gözlərinin. Yaşıl var, mor var,
mavi var, qəhvəyi var, şabalıdı var, Günəş işıqları var... Parıltıdan və rənglərdən
payını almış gözlər, gözəl deyilmi? Əlvan rəngli daşları həvəngdəstəkdə döyün.
İçində mis də, qızıl da, dəmir də, gümüş
də, platin də, qranit də, zəbərcət də, zümrüd də, inci də, qum da olsun.
Bunların üstünə Günəş işığı düşsün, sonra Ay işığı. İnci xanımın gözlərini təsəvvür
etdinizmi?
- Siz
acıqlı olanda da gözəl görünürsünüz.
-
Qonşuda bir xanım vardı, o da elə deyirdi.
Nə
şirin danışır. İnsan ürəyində "Danış, gözəlim, danış!", - deyir.
- Artıq
səhnədə oxumaq istəmirəm. Heç olmasa bir qədər istirahət edəcəyəm.
Sonra
var gücümlə filmdə çəkiləcəyəm.
- Ərə
getmək istəyirsinizmi?
- İstəmərəmmi?
- O bəxtəvər
necə birisi olmalıdır?
- Gözəl
olmasa da olar.
-
Çirkinmi olsun?
- Yox,
çirkin də istəmirəm.
- İşi nə
olsun?
- Nə işə
baxır, baxsın.
- Yenə
də.
- Həkim
olsun, vəkil olsun.
Geyiminə
görə üzr istədi:
- Qiyafəmi
üzrlü sayın... özüm tikmişəm.
- Biz
evə girərkən nə bişirirdiniz?
- Tort
bişirirdim.
-
Əlinizdə bıçaq vardı. Soğan soyurdunuzmu?
- Soğan
da soyuram. Ancaq bayaq şaftalı
doğrayırdım.
- Hansı
yeməkləri sevirsiniz?
- Siz
Allah, yemək adı çəkməyin!
- İlk dəfə
haçan, harda, hansı şərqini oxudunuz?
- İlk
öncə İzmirdə, Çamlıq Senar kazinosunda oxudum. On dörd yaşım tamam olmamışdı.
Kazino sahibi məni oxutmaq üçün nələr etmədi? Mənə "Sənin xətrinə səhnənin
hər tərəfini bayraqlarla və şəkillərlə dolduracağam" dedi. Səhnəyə çıxanda
gördüm nə bayraq var, nə şəkil. Mən də dodaqlarımı büzə-büzə "Ey türk gənci,
qanadlan!"ı oxudum.
- Neçə
kilosunuz, İnci xanım? Necə incəsiniz.
- Əlli
dörd kilo.
- Az
deyilmi?
- Yeyirəm
ki?..
-
Köklükdənmi qorxursunuz?
- Yox,
vallah, yeyimcil deyiləm.
- Nəyi
sevirsiniz?
- Yeməkdən
başqa hər şey.
- Məsələn,
hansı quşu?
Otağındakı
tutuquşunun adını çəkəcəyini düşündüm. Tovuzquşunun da adını çəkə bilərdi.
Utancaq İnci xanım pıçıldadı:
- Sərçəni.
- Bəs
çiçəklərdən?
Qızılgülü,
nərgizi, yasəməni bəyəndiyini sanırdım. O isə:
-
Reyhan - dedi.
Reyhanı
mən də sevirəm. Çiçək olmasa da, gözəl qoxuyur. Yaşasın reyhan! Yaşasın sərçə!
Yaşasın İnci xanım!
Türkiyə türkcəsindən uyğunlaşdıran: Əjdər OL
"Ədəbiyyat qəzeti"