Səfa Rəşidin qürbət tərəzisi

Səfa Rəşidin qürbət tərəzisi

VAQİF OSMANOV

"Dodağının isinməyən sözü", "açılmayan ləçəklər" kimi dodağı qaçıb sevinməyən, sevinə bilməyən sevincin "əlvida"sı ayrılığa" həmdəm olan Səfa Rəşid qəribə müraciətlə sevdiyinə tapşırıq verir:

Ayrılığı sal yadıma, darıxım,
Sən özün də darıxmağı sevirsən.

Ayrılıq zalım səni unudur ki, yadından da çıxa, Səfa Rəşid?!

Bir - birinə həmdəm olan, anlayan iki eyni xislətli insanın birgə darıxmağı sonda mütləq görüşə geniş açılan qolların arasında can verir. Lap elə eyni qütblü varlıqlar bir - birini dəf etsə belə... Fizikanın bu qanununun sevgiyə heç dəxli yoxdu. Sevginin eyni qütbləri bir - birinin yarı (yarısı) olanları qovuşdurur. Sevinc sevincdən, vüsal vüsaldan doyduğunu kim görüb? Ayrılıq da ayrılqdan doymadığı kimi...

"Sənsizliyin yorğanına bükülən" aşiq yayın cırhacır istisində də üşüyür. "Təkliyin küncündə oturub" gözləri vüsalın yollarında qalan sevən bütün gecələri darıxır. Mən darıxmağın belə müqəddəs olduğunu Səfa bəyin poeziyasındakı qədər yaxından görməmişdim. Şairin özü də, sözü də dəniz kimidir. O, sevgilisini dənizə qısqanmır:

Gəl qucaqla bu dənizi,
Əvəz edər məni əlbət.

Darıxmaq Səfa bəyin poetik duyğularının ana xəttidir. Çünkü taleyin hökmü ilə əzizlərindən - ailəsindən, iki gül balasından çox - çox uzaqlarda yaşayıb - işləyən, qürbət havası ilə nəfəs alan şair qədər qürbətin dadsız dadını kim hiss edər ki?

Şairin "külək aparacaq "yun dağı" olmayan ürəyi "çəkilib bir qərib eldə qalmağa, yuvasızlığa öyrəşməyə" məhkum olsa da ürəyininin gözünün nigaran baxışları Vətənə sarıdır.
 


Səfa Rəşidin şeirlərində bir təmiz, mavi, mehriban ləpəli, həzin nəğməli bir dəniz var. Bu onun dəniz sahilində - Lənkəranda doğulub boya - başa çatmasından, uzaq Atlantik okeanının Biskay körfəzi sahillərində yaşamasından irəli gəlmir.  Unutmayaq ki, dənizlə birbaşa əlaqəsi olanların hamısı dənizi bu qədər doğma bilmir. Bunu onun dənizlə söhbətlərində, intizarını dənizə söyləyəndə hiss etməmək olmur. Uzaq diyardakı Səfa bəyin orada ən yaxın həmdəmi dənizdir. O, sevdiyinə  "şeir kimisən" deyəndə dəniz kimi mülayim və təlatümlüdür:

Sahilim bəlli deyil, 
İçində vurnuxuram.. .
*
Mənə dəniz sevgisi ver, 
Bir də sənli küçələr...
*
Bulud, mənlə oynama,
Daha get evinizə.
Dəniz də səndən küsüb,
Baxmaq olmur dənizə...

Dəniz şairin müəllimidir:

Yenə gəldim bu yerlərə,
Dənizin sahil dərsinə.
Sahildə balıqqulağı,
Girib qumun sinəsinə.

"Haylı - küylü dənizin səssizliyində yosunları çiçəyə bənzədən", küləksiz sahildə "dalğaları yonulan" dənizə "ürək açan"  dənizin qulağına  sevgilisinə eşqini açan sevgili  kimi pıçıldayır:

Mən bilirdim ağ günümün işığı,
Gözlərinin qarasında gizlənib...

Səfa Rəşid nə qədər ayrılıqdan, qürbət acısından yazsa da  həmişə işığa doğru yol gedən söz adamıdır. O işıq ayrılığın, darıxmağın içindən boylanıb Günəş kimi, Ay kimi ilıq ümid yaradır. O işıq onun yol yoldaşıdır. Qürbətdən Vətənə boylanan işıq qürbətdəkindən daha hərarətlidir. Bu işıq onun Vətən, torpaq eşqidir, ömür - gün yoldaşı sevgisidir, övlad məhəbbətidir. Məhz buna görə də o, sevir, "sevmək üçün ürəyi var", sevmək və sevilmək üçün yaranıb. Qürbəti də taleyin sınağı bilir:

Düşünmə ki, taleyimiz pis oldu,
Bu Tanrıdan növbəti bir yoxlama...

Bir də vurğulayıram ki, Səfa Rəşid ayrılıq və qürbət şairidir. Onun üçün "ayrılığın ən betəri, qürbətdəki qəmin ətri"dir:

Qürbət elin havası,
Zəhərdimi ilahi!

Amma onun "yollarında bir ümid var "mən" adlı, onu özünə qaytaran". Çünki qəfildən ərköyün Vətən "küləyi yarın dodaqlarını öpüb" şairi qısqandırsa da, Vətən güllərinin ağ rəngi onun saçlarını bəyazlandırsa" da, Şəfa bəy, heç küsməyin yeridirmi? Qürbətdən Vətənə sarı əsən xəfif külək sənsən, Vətənin bəyaz güllərinə sığal çəkən sənin nəfəsindir, ümidindir, yarın könlünü alır, saçlarını tumarlayır. "İri çemodanlar ömrümüzə yük olub böyük şəhərlərdə itsək də, şəhərdən şəhərə qatar - qatar ötsək də, neçə qadın əli", övladların başı sığalsız qalsa da, ağlaya - ağlaya "gözümüzün yükünü" boşaltsaq da qibləgahımız Vətəndir.

Səfa bəyin misralarında "şeir kimi bir qadın" görünür, ona yazılan şeirlər "dodaqdəyməz" kimidir:

Son baharda yazdığım o şeirlər,
Oxuyanda dodağına toxunmaz.

Bu "nağılvari sevgi"də yağan narın yağış da aşiqin ürəyinə toxunur. Axı sevənlərin ürəyi həssasdır, o "ürəyin içindən bir qız keçir qarış - qarış" xatirəsi qalır, o, ürəyinə sevgi həbi kimi dərmandı. Bu həb şipşirindi, doğmadır, yaddançıxmazdır.

Səfa bəyin təkliyinin limiti nə qədərdir görəsən ? Bunu şair özü də bilmir. Çünki:

Bu təkliyi çəkənim yox,
Düz işləmir tərəzim...

Şair "kimsəsizlik havası"nda sevdiyinin "qəlb evinin hündür hasarı"ndan boylanıb "işığı yandır!" hökmü ilə  qəti qərar versə də, o işığın qarşısında mülayimləşir, özü özünə arzulayır:

Bir vüsal həvəsi qayıda, gələ,
Qopara köksümdən qəmli günləri.
Mən heç qaşqabaqlı ömür sürmədim,
Dörd fəsil ömrümün sənli günləri...

Bu sevginin qüdrətidir!..

"Vurulmaqdan canı çıxıb, sir - sifəti bir eşq yeri"nə bənzəyən şairin kövrək həzinliyə köklənmiş sevgisinin qürbətdən boylandığını anlamaq çətin deyil. Onun "ürəyi eşq havasında hər gözəllə oynamaz, süzülən göz yaşlarından eşqinə şərab çəksə də, həsrəti bir ayrı gözəl olsa da" şair vüsal təşnəsidir:

Əllərim buz geyir sən olmayanda,
Öyrəşib əlinin istiliyinə.

Qovuşsaydı sevənlər

Payızda da yaz havası dolardı evimizə,
Onda qürbət havası da dəyişərdi bəlkə də...

Səfa Rəşidin bəzi misralarını şərhsiz sizlərə təqdim edirəm. Söz sərrafları dəyər versinlər:

Tanrıdan xəbərsiz alın yazımı,
Yazıb göndəriblər mələklər mənə.
*
Qucaqla ki, məni hərdən,
Ölüm mənlə yatmasın...
*
Nə rahat yatıram, İlahi, daha,
Çıxıbdı yaramın duzu deyəsən...
*
Dünyaya baxıram, məzarlıq qutu,
Vallah bir mismarlıq taxtası yoxdur...
*
Sənlə bir yarımçıq ömür yaşadım,
İndi ayılmışam, ömür tən gedib...

Ulu şair babamız Füzuli demişkən, sevgi bir bəladır ki,atəşi əbədidir,  yanır və yandırır:

Cəmi bir gün sevdim səni, illər boyu darıxdım...

Səfa Rəşidin "Ayrılığı sal yadıma" şeirlər kitabında müəllifin mənsur şeirləri də qəribliyin, qürbətin qeyri - adi dadından, rəngindən, ətrindən, ovqatından xəbər verir. Lirik və epik janrların sintezindən yaranan bu müxtəlif mövzulu, əhval - ruhiyyəli mənsur şeirlər kövrək və həzin hisslər dəryası kimi cəlbedicidir, ora baş vurduqca oxucunu həyəcanlandırır,  artıq o burulğandan çıxmaq olmur, İstəyirsən sözün dərinliyində boğulasan. Çünki şairin təxəyyülü səmimidir.

Səfa bəy "xəstə" imiş. Onun xəstəliyinin adı da, elə xəstəliyin özü də qəribədir: "Qəriblik xəstəliyi". Bu qəriblik "Günəşin qəribin üzünə qeyri - adi baxışından başladı, bax onda başqa şəhərdə olduğunu anladı" şair:

İlk dəfə təyyarə qanadlarını yüksəkliyə qadıranda anlamışdım 
başqa şəhərin sakinləri olduğumuzu              
və bir gün Şeksna çayının sahillərində boş,
yellənmiş əllərimin boşluğundan tutmuşdu ayrılığın...
Sonralar daha uzaqları sevdi qismətim...

Qəribliyin yeddi rəngin çalarları kimi nə qədər rənglər dünyası varmış. Ağrıl, duyğulu, qəmli qəribliyin "vəsf"i isə məni məndən aldı. Bunu Səfa Rəşid qədər anlayan çətin tapılar. O qəriblikdə "nağıllar kimidir insanların yaşama sevdası, Günəşlə sevişməkdir sevdaları, sevgiləri Günəş şüaları qədər tələskəndir, anidir". Qürbət Günəşi kimi  soyuqdur ayrılığın üzü:

Bizim evdən palıd ağacının kölgəsinə
qədər yol qalıb ölməyimə...
Bizim evdə hamı o yol qədər yaşadı ömrünü...
Cəhənnəmdən qorunmaqçün kölgəsi var, ən azından...
İstilər düşən kimi yadıma düşür
o kölgəli, pəncərəsiz, qapısız evim...
"Andalus" elində o palıdın sərinliyi kimi üşüyür yatağım...

*

Gün bitdi...
Günəş getdiyi yolu bitirdi,
gözlərimsə uzaq yolları...

Səfa Rəşidin "Bir ovuc mirvari suyu" məni analı - atalı dünyama qaytardı.  Bu "mirvari suyu" nə dürrdür, nə də okeanın dibindən tapılan inci. Hamımız atamızı, anamızı itirəndə məncə, eyni hisslər keçirmişik. Çünki əzizlərini itirənlər başqa cür düşünə bilməz axı. Bu itkilərin bədəlini axtarmışıq, amma tapa bilməmişik. Ona görə də belə ağrı, acı, kədər hamı üçün göynədicidir. Səfa bəyin anasının  tapdığı "mirvari"yə münasibəti oxucunun ürəyini dağlayır:

Mən anamın göz yaşlarında boğulmaq öyrənmişdim
atamızı itirəndə...
...Atam anama mirvari boyunbağı almışdı bir dəfə...
Anam o boyunbağını hardasa salıb itirdi çox sonralar...
Dənizin bir addımlığında 
həmişə balıqların sevimli oyuncağı zənn etmişdim
ağ mirvari dənəciklərini...
Yenə gözlərində işıq yansın deyə mirvari dənəcikləri
gəzirdim anamın boynuna...
Göz həkiminin diaqnozunda həsrəti bitdi anamın...
Gələn daşqın sularında tapıldı bir ovuc mirvari suyu...

"Qürurlu müəllim uşaqlarıydıq..." mənsur şeirində əslində hələ gəncliyini yaşayan şairin ötən günlərə fərqli baxışında  ahıllığını görməmək olmur. Bir də şirin xatirələr, nostalji hisslər ilğım kimidir, özünə çəkir ömür yolçusunu:

Uşaqlığımız ,
Anamın bişirdiyi təndir çörəyinin dadında xoşbəxliyini tapırdı...
... Biz - sovet uşaqları, göz yaşları tökmədən 
ən xırda şeylərdən sevinərdik...
... Geyindiyimiz rənglər əynimizdə dəyişməzdi il boyu...
Pencəyimiz qış gödəkcəsini biz tələbə bileti alanda dəyişdi...
... Bizim həyat dərsindən kəsirimiz heç vaxt olmadı...
... Sovetlər ölkəsi bizi ümidlərinə pərçimləyib
atamızın təmiz, heç vaxt kirlənməyən 
əllərinin zəhmətiylə böyüdürdü...

Biz - Odlar diyarının övladları Günəşi, ilahi işığı sevən, odu qoruyan Prometeylərik, Səfa bəy. "Yağışı sevənlər Günəşi yağış qədər sevə" bilməzlər. Bizsə həm Günəşi, həm də göylərdən Günəşin nurunu əmə - əmə gələn inci - inci nur damcıları da sevənlərik. Təki sevən ürəyimizin odu tükənməsin... 

Ay "kədəri bəxtəvər edən", Səfa Rəşid, "ayrılığı sal yadıma..." deyirsən. Onsuz da nə sən ayrılığın, nə də ayrılıq sənin yadından çıxır ki, yadına da kimsə sala. Hər misranda ayrılığın boz üzünü mən gördüm, sən məndən də yaxşı görürsən, bilirəm. Hələ bir bir "bir ayrılıq böyüt" də deyirsən. Ayrılığın üzü dönsün. Sən ki, ayrılığın limitini keçmisən...
Sənə vüsal arzusuyla 

oktyabr  2019.