"Səhnədə çılpaq insanı göstərmək artıq çox gərəksizdir" (MÜSAHİBƏ)

Yarpaq.az Stanislavski Elektroteatrının direktoru İrina Zolinanın TeatrO.az-a verdiyi müsahibəni təqdim edir.

- İrina Vyaçeslavovna, siz Rusiyanın ən tanınmış teatrlarından birinin direktorusunuz və uzun müddətdir ki, teatr prodüserliyi ilə məşğul olursunuz. Rusiya teatrlarında menecment siyasəti hansı istiqamətdə aparılır?

Teatrların idarəetmə strategiyası konkret teatrın xüsusiyyətlərinə görə qurulur. Bütün Rusiya teatrlarının hamısını əhatə edən menecment siyasətinin dəqiq təyinini vermək mümkün deyil. Hətta ayrıca Moskva və əyalətlər haqqında danışsaq belə, bu, teatrların bədii məqsədlərindən, bədii rəhbərindən və onun teatrın inkişafı ilə bağlı bədii konsepsiyasından asılıdır. İdarəetmə strategiyası buna əsasən təyin olunur. Elektroteatr isə - rejissor teatrıdır, yəni, teatrda tamaşa quran hər bir rejissora istiqamətlənən teatrdır. Biz heç vaxt rejissorların yaradıcılıq prosesinə müdaxilə etmirik, fikirlərini sərbəst həyata keçirməsinə şərait yaradırıq və bu bizim teatr siyasətimizin önəmli hissəsidir. Digər önəmli məqam isə bütün şöbə və sexlərimizlə işləyərkən riayət etdiyimiz "üfiqi idarəetmə sistemi”dir.

- Rusiyada çox sayda teatr və böyük tamaşaçı kütləsi var. Bəs, sizin fikrinizcə teatr ənənəsi nisbətən az inkişaf etmiş ölkə və ya şəhərlərdə təbliğat, tanıtım və reklam işləri necə qurulmalıdır?

Təbliğat sözü məni qorxudur, çünki o qədər də uzaq olmayan keçmişimizə aparır. O vaxtlar vərəqələr, broşürlər paylamaq, müxtəlif ideyaları təbliğ etmək dəbdə idi. Ona görə də təbliğat sözünü sualdan çıxarmaq istərdim. O ki qaldı, tamaşaçını cəlb eləmək məsələsinə, mənə elə gəlir, teatr və rus xalqı bir-birindən ayrılmazdır. Hətta hansısa şəhərdə və ya bölgədə teatrların sayı az olsa da, teatr sözü gələndə insanlarda müəyyən həyəcan yaranır. İnkişafla məşğul olmaq lazımdır, amma bu o demək deyil ki, hər şəhərdə, kəndə teatr yaranmalıdır, vaxtı ilə bu kimi cəhdlər edildi, amma heç bir nəticə əldə olunmadı. Yəni, əgər bir nəfər teatra getmək istəyirsə, necə olur-olsun bunun yolunu tapacaq. Misal üçün, o, yaxınlığındakı daha böyük şəhərə gedə bilər. Bu, ildə bir dəfə də baş verə bilər, ancaq onda teatra getmək həmişə onun yaddaşında parlaq hadisə kimi qalacaq. Çünki məsələ izlədiyimiz tamaşaların sayında yox, istək və cəhdlərimizdədir. İkinci istiqamət böyük teatrların bölgələrə qastrola çıxaraq ən yaxşı tamaşalarını göstərdikləri teatr festivallarını inkişaf etdirməkdir. Bu zaman sizin dediyiniz teatr ənənəsi o qədər də güclü olmayan kiçik şəhərlərdə yaşayan insanlar böyük teatrların tamaşalarını görmək imkanı əldə edəcəklər. 

- "Stanislavskinin Elektroteatrı”nda direktor kimi işə başladıqdan sonra hansı əsas reformalar həyata keçirmisiz?

Reforma sözü, nədənsə, adətən, inqilabla, yaxud yenidənqurma ilə - köhnə hər şeyi məhv edib, yerində yeni bir şey tikmək cəhdi ilə asossiasiya olunur. Mənim dərin inancıma görə, köhnə şeyi dağıdaraq, yerinə yeni və maraqlı bir şey yaratmaq mümkün deyil. Teatrımız 85 il müddətində fərqli mərhələlərdən keçib, enişi də olub, yüksəlişi də. Amma bütün bunlar olmasaydı, teatr indiki vəziyyətinə gəlib çıxmazdı. Buna görə də yalnız tarixə həssas yanaşmaq, yaratmaq və yenidən yaratmağa imkan verə bilər.

- Teatr repertuarının tənzimlənməsində pyeslər xüsusi bir prinsiplə seçilir, yoxsa rejissorların müstəqil seçimləri ilə? 

Bu, rejissorların müstəqil seçimidir, pyes seçiminin qaydaları yoxdur. Seçim teatrın bədii ideyası və onun konsepsiyası ilə səsləşməlidir, lakin pyes bədii rəhbərin xoşuna gəlməyə də bilər. Rejissor özü pyeslə "xəstələnməlidir” ki, onunla işləyən aktyorları da "yoluxdura” bilsin. 

- Repertuara hər hansı bir senzura tətbiq olunurmu?

Heç bir daxili senzura yoxdur, amma bayaq da dediyim kimi, teatrın bəlli bir bədii konsepsiyası var. Əsas məsələ kobud və pis davranışlara yol verməkdədir. Səhnədə çılpaq insanı göstərmək artıq çox gərəksizdir və bununla insanların diqqətini cəlb edə bilməzsiniz. Çılpaqlıq və söyüş səhnədə yalnız bədii cəhətdən əsaslandırıldığı halda mümkündür. 

- Bu illər ərzində etdiyiniz müşahidələrə əsasən, deyə bilərsinizmi Rusiya tamaşaçısı nə istəyir? 

Son zamanlar rus tamaşaçısının zövqü daha da yüksəlib, çünki dünyanı gəzmək, çox görmək, müqayisə aparmaq imkanı olub. Ona görə, tamaşaçını aldatmaq işə yaramır. Tamaşalar rejissor üslubuna görə, dramaturji əsasa, bədii istiqamətə görə fərqli ola bilər, amma quruluşun keyfiyyəti və rejissorun ona marağı həmişə önəmlidir. Əgər rejissorun və digər sənətçilərin gördükləri işə marağı varsa, onların yaratdıqları tamaşaçı üçün də maraqlı olacaq. 

- Elektroteatrın daha fundamental və məşhur tamaşaları var. Lakin Bakıya iki az iştirakçısı olan tamaşa ilə gəlmisiniz. Buna səbəb nədir? 

Böyük tamaşalarımızın gətirilməsi üçün uzun hazırlıq mərhələsi lazımdır. Bundan başqa heç bir səbəb yoxdur. 100 nəfər, 5 maşın səhnə dekorasiyası və geyimi daşımaq asan deyil. Bu, həm də böyük maddi vəsait tələb edir. Amma qarşılıqlı anlaşma nəticəsində bu məsələni həll edə bilərik. Stanislavski Elektroteatrının böyük tamaşalarını da Bakıya gətirmək istəyi var və mən də ümid edirəm ki, kamera xarakterli tamaşaların Bakıda nümayişi Azərbaycan tamaşaçısının teatrımızla maraqlanmasına vəsilə olacaq. 

- Bildiyimiz qədər Elektroteatr özü-özünü maliyyələşdirir. Bəs, teatrın maliyyə balansı necə tənzimlənir və maliyyə sıxıntısı yaşayırsınızmı? 

Digər sənət növləri kimi teatr da tam şəkildə özü-özünü təmin edə bilməz. Yalnız kommersiya maraqları rəhbər tutulsa, sənət məhv ola bilər. Sirr deyil ki, teatrın əsas maliyyəsi büdcədən kənar mənbələrdən formalaşır. Məxsusi olaraq teatra dəstək fondu yaradılıb ki, onun sayəsində teatrın dövlətdən maliyyəsindən asılılıq dərəcəsi azalıb. Sözsüz ki, teatr üçün dövlət maliyyələşməsi də büdcədən kənar maliyələşmə qədər vacibdir. 

- Elektroteatr üslub baxımından digər teatrlardan nə ilə fərqlənir? 

Teatrımızın əsas və kiçik səhnəsində göstərilən tamaşalara tamamilə fərqli rejissorlar - Teodor Terzopulos, Hayner Gebbelsdən tutmuş, Klim Kozinski və ya Svetlana Proxorovaya kimi gənc rejissorlar quruluş verib. Bütün tamaşalar assorti qutusundakı konfetlər kimi özünəməxsusdur. Hər birinin bənzərsiz dadı, özünəməxsus ləzzəti var və onların hamısı birlikdə teatrın unikallığını təmin edirlər.

- Rusiya teatrının bu gün hansı problemi var? 

Yaradıcılıq baxımından rus teatrının heç bir problemi yoxdur, çünki hər istiqamətdə teatrlar mövcudur: Teatr.doc, "Qoqol-Mərkəzi”, Malıy Teatr, RAMT (Rusiya Akademik Gənclər Teatrı) və digərləri. Yəqin ki, problemlər varsa da bu, qanunvericilik səviyyəsindədir. Çünki, istər teatr olsun, istər muzey, kinoteatr, yaxud sərgi salonu, hər bir qurumun özünəxas xüsusiyyətləri var və onların hamısını bir qanun altında birləşdirmək mümkün deyil. Əgər teatrların həyat və yaradıcılığı, yeni tamaşaların qurulması, repertuardakı köhnə tamaşaların qorunub saxlanması və tenderlərin keçirilməsi ilə bağlı qanunvercilikdə dəyişikliklər edilsə, daha asan olar. 

Müsahibəni aldı: 

Emin Əliyev, 
Teatrşünas