sənin dodaqlarını bir alışqan kimi görə bilmirəmsə - Əlibaladan yeni şeir

sənin dodaqlarını bir alışqan kimi görə bilmirəmsə - Əlibaladan yeni şeir

Əgər dağların
gecənin qaranlığında azca görünən
köynəklərimizin rəngi və həmin dağları bürümüş yaşıllıqla
daşların
daşların üstündəki soyuğun yanında ikimiz yoxuqsa,
sənin dodaqlarını bir alışqan kimi görə bilmirəmsə,  növbəti işıq üçün

onda bütün bu gözəlliklər dağılmış tütün külünün, ağzımdakı siqaretin ölüsünə layiqdir.

Dünyanın ən gözəl mebellərini
onları yaratmaq üçün burunlarına gələn qoxudan gələcəyi duyub gülümsəyən
finlərin səsini, varlığını düşünürəm.
Amma xoşbəxt deyiləm.
Əgər içimdəki bərkiməni
içimdəki həyat məhrumluğunu və sevgisizliyini
sənin rənglərinə bürünmüş
yumruqla vurursa içimə yaşam.
Necə xoşbəxt ola bilərdim.

Buzların üzərindən sürüşən fransız mahnılarını
gecələr mətbəxlərə atılan 
qüssəyə bürünmüş çörək qabları kimi tərk etdim.
Əgər sevdiyim qadın əgər sən mənimlə deyilsənsə
Əgər bircə dağ daşı üstündə
yanaqlarına qonaq apara bilməmişəmsə şəhvətimi

əgər sən mənlə yoxsansa
həyat nə qədər var olur olsun

mən onunla olmayacam...