
Seymur Baycan. Quş bazarı (Yeni hekayə)
- 11.01.2020
- 0 Şərh
- 3269 Baxış
…Hərdən,
Davisito, elə olur ki, çoxdan içində dəfn olunan təəssüratlar, epizodlar suvağı
tökülmüş divarın, qoxunun, sözün, baxışın, ya nəğmənin sayəsində üzə çıxır.
Davisito, belə xatirələrin böyük hissəsi bizimlə qəbirə gedəcək. Çünki həmin nəğmə,
həmin baxış, həmin söz, həmin qoxu rastımıza çıxmayıb ki, onları tərpədib
oyada.
Migel Delibes,
"Sərsəm” əsərindən...
İsani
metrostansiyasının lap yaxınlığında yerləşən balaca parkda hər həftənin şənbə
günü gül bazarı açılır. Əgər xüsüsi, vacib bir işim yoxdursa, şənbə günləri səhər
obaşdan (el dilində desəm qancıq it tayadan düşməmiş) parka gedib skamyada
otururam, bazarın açılmasına, canlanmasına baxıram, uzun müddət gül alanları,
gül satanları müşahidə edirəm. İnsanların xoş məramlı məşğuliyyətlərinin,
hobbilərinin olması nə qədər gözəldir.
Hər dəfə
gül bazarına baxanda yadıma tamam başqa bir bazar, quş bazarı düşür.
Hərbi məktəbdə
oxuyanda həftəsonları şəhərə gəzməyə gedirdik. Şəhərə gəzməyə gedirdik sözü
burda bir az təmtaraqlı səslənir. Şəhərə gəzməyə gedirdik deyəndə indi siz əsasən
bu əməlləri təsəvvür etməlisiniz. Şəhərə gedib o dövrün oyun avtomatlarında
oyunlar oynayırdıq, videozalda karate, döyüş filmlərinə baxırdıq, kakao içib,
buterbrod yeyib, üç-dörd siqaret çəkib, saqqızdan, konfetdən alıb geriyə
qayıdırdıq. Belə bir mənasızlıq. Xatırlayanda adam xəcalət çəkir.
90–cı
illərin əvvəllərində bir həftə sonu avtobusla Zığ qəsəbəsindən şəhər mərkəzinə
getdiyim vaxt "Qaqarin körpusü"nün sağ tərəfində, aşağıda, açıq
meydançada bir dəstə adamın qaynaşdığını gördüm.
O
vaxtlar mitinqlər, nümayişlər, fabrik və zavodlarda tətillər bütün ölkəni
bürümüşdü. Dünən haqqında poemalar, romanlar yazılan inqilabçıların heykəlləri
götürülür, uçurulur, küçələrin, rayonların adları dəyişdirilir, adamların ölkənin
gələcəyi ilə bağlı arzuları getdikcə daha çox pərvazlanır, bu arzular çox vaxt
reallığın sərhədlərini aşaraq absurdlaşırdı. Hər yerdə siyasi söhbətlər baş
alıb gedirdi. Adamlar səhər yeməyini tələsik yeyib təzə xəbərləri öyrənmək üçün
bir-birinin yanına qaçırdılar. Onlar hər eşitdiyi sözə, şayiəyə inanır,
eşitdiklərini öz quraşdırmaları ilə təkmilləşdirir və başqalarına ötürürdülər.
Hər kəs bir millət kimi birləşməyin, milli həmrəyliyə nail olmağın vacibliyindən
danışır, "Tarix şəxsiyyəti yetişdirir, yoxsa şəxsiyyət tarixi?” sualına elə hey
cavab axtarır, bu sual ətrafında hər yerdə qızğın, uzun-uzadı müzakirələr
aparırdılar. Sovetin az qala bütün mükafatlarını almış, ömür boyu
sanatoriyalarda, kurortlarda, yaradıcılıq evlərində kef çəkmiş şair və
yazıçılar utanmadan, qızarmadan, həyasızcasına özlərini dissident adlandırır,
dünənə qədər cibində kommunist partiyasının biletini daşıyanlar millətçilikdən,
milli qürurdan dəm vururdular.
Hadisələr
sürətlə bir-birini əvəz edirdi. Adamlar mövzu qıtlığı çəkmirdilər. Əksinə,
mövzu bolluğundan əziyyət çəkirdilər. Bir hadisəni düz-əməlli müzakirə etməyə
macal tapmamış başqa, daha maraqlı, daha əcaib hadisə baş verirdi. Adamlar
koma-koma toplanırdılar, sonra yenə də əriyib yox olurdular, təzədən
toplanırdılar, təzədən əriyirdilər. Danışırdılar, danışırdılar, danışırdılar… Hər
tərəfdə bir-birinin ardınca mitinqlər, piketlər, yığıncaqlar təşkil edilirdi.
İctimai-siyasi
motivli hadisələrlə maraqlanmağa (hər şeyi öz adı ilə çağırsaq, burnum girməyən
yerə başımı soxmağa) erkən yeniyetməlik dövrümdə başlamışam. Ona görə də açıq
meydançada adamların qaynaşmağı, burnu girməyən yerə başını soxmağa artıq
alışmış bir yeniyetmənin diqqətini cəlb etməyə bilməzdi. Avtobusun pəncərəsindən
açıq meydançada adamların qaynaşdığını gördükdə o dövrün ab-havasının təsiri ilə
istər-istəməz ağlıma gələn fikir bu oldu; kimsə başına adamları yığıb yığıncaq
təşkil edib.
Növbəti
həftə sonu avtobusla şəhər mərkəzinə gedərkən "Qaqarin körpüsü"nün
sağ tərəfində, aşağıda, açıq meydançada yenə də bir dəstə adamın qaynaşdığını
gördüm. Bir belə, iki belə, üç belə, dörd belə… Nəhayət, adamların hər həftənin
sonu körpünün sağ tərəfinə, açıq meydançaya piket, yığıncaq keçirmək üçün
yığışmadıqları necə oldusa mənə çatdı. Məsələylə maraqlananda məlum oldu ki,
açıq meydançaya yığışan adamlar quşbazdılar. Hər həftənin sonu yığışıb quş
alıb, quş satırlar. Ölkədə hər cürə hadisələr baş verirdi. Müharibə gedirdi,
hakimiyyətlər dəyişirdi, onların, quşbazların isə heç nə vecinə deyildi.
Onların öz balaca dünyaları vardı, orda yaşayırdılar. Hər həftənin sonu
avtobusla şəhər mərkəzinə gedərkən körpünün sağ tərəfində, aşağıda qaynaşan
adamları görəndə özümə söz verirdim ki, gələn həftənin sonu şəhər mərkəzinə
yox, mütləq birbaşa quş bazarına gedəcəm, gedib orda quş alan, quş satan
adamlara yaxından baxacam. Lakin nədənsə özümə verdiyim sözü unudurdum. Özümə
verdiyim sözü avtobusun pəncərəsindən quşbazları görəndə xatırlayırdım və özümə
verdiyim sözü unutduğuma görə kədərlənirdim. Avtobusdan düşüb geriyə, quş
bazarına qayıtmağa artıq həvəsim olmurdu. Bu isə kədərimi bir az da artırırdı.
Beləcə həftəni həftəyə satdım və öz günahım, tənbəlliyim üzündən o təlatümlü
günlərdə quş alıb, quş satan adamları yaxından görmək, onları yaxından müşahidə
etmək mənə qismət olmadı.
Kim idi
o adamlar? Onlar necə geyinirdilər? Onlar necə danışırdılar? Saçların necə
darıyırdılar? Niyə quş alıb, quş satmaq üçün məhz ora yıqışırdılar? Kim oranı
quş bazarına çevirmişdi? Bu ideya ilk dəfə onlardan hansının ağlına gəlmişdi?
Suallar çoxdur və belə sualların ağırlığından adamın beli bükülür. Pas dəmiri
yeyən kimi belə suallar da adamı yeyib bitirir.
Belə
başa düşülməsin ki, təlatümlü günlərdə quş alan, quş satan adamları siyasi
proseslərə töhfə vermədiklərinə, ictimai-siyasi hadisələrə baş qoşmadıqlarına
görə qınamaqdayam. Yox, bunu əsla ağlınıza gətirməyin. Bu haqqı özümə tanımaq
sırf qudurqanlıq olardı. Onu da iddia etmirəm ki, o təlatümlü günlərdə quş
alan, quş satan adamlar ictimai-siyasi motivli proseslərin belə biabırçı, mənasız
sonluqla bitəcəyini əvvəlcədən hiss etdiklərinə görə proseslərə baş
qoşmurdular. Xeyr, onlar bu qədər ağıllı ola bilməzdilər. Sadəcə o təlatümlü
günlərdə quş alıb, quş satan adamların ictimai-siyasi motivli hadisələrə qarşı
olimp etinasızlığı, olimp laqeydliyi, heç nəyə fikir verməyərək öz balaca
dünyalarında yaşamaqları məni indi dəhşətli dərəcədə heyrətləndirməkdədir və
bircə dəfə quş bazarına gedib o adamlara yaxından baxmadığıma görə dərin
peşmanlıq hissi keçirməkdəyəm. Niyə buraxdım bu səhvi? Axı işimin-gücümün adı nə
idi? Bax bunu özümə hec cürə bağışlaya bilmirəm.
***
İsani
metrostansiyasının yaxınlığında yerləşən balaca parka lap tezdən getmişdim.
Özümlə kiçik termosda kofe götürmüşdüm. Skamyada oturub qara şokoladla kofe
içirdim. Hava buludlu idi. Arada damcılar düşürdü, amma bu damcılardan narahat
olmurdum. Köhnə, yamaqlı-yumaqlı, rəngini müəyyən etməkdə çətinlik çəkdiyim,
arxa oturacaqları çıxarılmış bir "Jiquli” asqıra-asqıra, öskürə-öskürə parka
girdi. Bu artıq maşın deyildi, dəmir-dümür yığnağı idi. "Jiquli”dən köhnə dəblə,
amma təmiz, səliqəli geyinmiş, yaşlı, qırmızısifət bir kişi düşdü. Balaca
ağzının küncündən qara rəngli, uzun siqaret sallanmışdı. Kişi əvvəlcə
narazı-narazı göyə, sonra da maşının salonundakı bəzək kollarına baxdı. Dəyəsən
yağış yağacağından qorxurdu. Ona görə də maşındakı bəzək kollarını yerə
boşaldıb-boşaltmamaq qərarı verməkdə çətinlik çəkirdi.
Mən də
bayaqdan fikirləşirəm bu camaat hardadı belə. Görəsən niyə bazara gələn yoxdu.
Adətən artıq bu vaxtlar ən diribaş adamlar yavaş-yavaş parka gəlib gülləri, bəzək
kolların yerə düzməyə başlayırlar. Deməli havanın tutqun olması, yağış yağması
ehtimalı adamları qorxudub. Heç gör bu ağlıma gəlib?
"Jiquli”dən
düşən kişi başına qara rəngli panama qoymuşdu. Bu cürə qara rəngli panamaları mən
orta məktəbdə oxuyan zamanlarda müəllimlər başlarına qoyurdular. O müəllimlər
ki, onlarla məktəbdən kənarda istənilən yerdə qarşılaşanda adam çaşıb qalırdı.
Bilmirdin yaxınlaşıb salamlaşasan, yoxsa sakitcə sivişib aradan çıxasan.
Qonşu
skamyaya təxminən 55-60 yaşında bir dəri, bir sümükdən ibarət olan, qayçıya
oxşayan bir kişi yaxınlaşdı. Bel çantasından iri yamaqları, iri cibləri olan,
alabəzək kombinezon çıxarıb içinə girdi. Burnuna çəhrayı rəngli burun taxdı.
Bir neçə yerdən şişib formasını itirmiş başına da kamali-ehtiramla qotazlı,
ulduzlu papaq qoydu. Yaşlı bir adam üç-dörd dəqiqənin içində döndü oldu klassik
kloun. Bu çox maraqlı mənzərə idi. Razılaşaq ki, hər gün belə maraqlı mənzərələrlə
qarşılaşmırıq. Kimdir bu adam? Niyə bu adam üç-dörd dəqiqənin içində özünü
könüllü surətdə klassik klouna çevirdi? Ən əsası, bu adam özünü klouna çevirmək
əməliyyatını elə sakit yerinə yetirdi ki, sanki belə də olmalı idi. Onunla söhbət
etmək, bu suallara cavab tapmaq istəyirdim, amma bilmirdim söhbətə hardan, necə
başlayım. "Sən kimsən, niyə özünü könüllü surətdə klouna çevirdin?",
sualı versəydim, xətrinə dəyə bilərdim. Yaxşı ki, kişi özü söhbətə başladı.
Daha doğrusu məndən bıçaq istədi. Onun məndən bıçaq istəməsi heç xoşuma gəlmədi.
Nə gizlədim, açığı bir az da qorxdum.
– Məndən
niyə bıçaq istəyirsiz? Bəyəm mən cinayətkara oxşayıram?
Sualıma
cavab vermədi. Əynindəki alabəzək, iri yamaqları, iri cibləri olan kombinezona
çox maraqla baxdığımı görüb niyə kloun cildinə girməsinə aydınlıq gətirdi:
"Burda,
məktəbdə şənlik var. Məni də çağırıblar. Fikirləşdim gedib orda geyinmək yaxşı
olmaz. Burda geyinib hazır getsəm daha yaxşı olar. Uşaqlar sürprizi sevirlər”.
Onun
danışığında bir az lovğalıq hiss olunurdu. Elə bil sözlərini başa düşməyəcəyimdən
qorxurdu, ona görə də məcburən sadə formada danışmağa çalışırdı. O, bel
çantasından yumru, qıraqdan yumuşaq görünən çörək çıxartdı. Çörəyin arasına iki
ədəd balaca sosis dürtdü. Sosislər çörəyin arasında itdi. Sifətindəki ifadədən
onun öz işindən razı qaldığını başa düşdüm. Mənə də çörək təklif etdi. Ac
olmadığımı deyib ona təşəkkürümü bildirdim. Kloun çörəyin qırağından dişləyib,
boğazın hinduşka boğazı kimi irəli uzadıb dedi: "Putinin reytinqi yaman aşağı
düşüb. Mənə elə gəlir, Rusiya harasa hücüm edəcək…”
Beləliklə
biz beynalxalq siyasət haqqında söhbət etməyə başladıq. İrandan, Turandan
girib, Amerikadan, Avropadan çıxdıq. Birdən səhnənin səfehliyi, axmaqlığı mənə
çatdı. İki əhəmiyyətsiz adam beynəlxalq siyasətdən danışır. Biri daha səmimidi,
konkret kloun cildindədi. O birisi kloun paltarı geyinməsə də mahiyyətcə elə o
da kloun kimi bir şeydi. Nəyinə lazımdı bu iki adamın beynəlxalq siyasətdən
danışmaq? Onlar nəyə görə narahatdır? Bundan absurd səhnə olarmı? Lap günü
sabah üçüncü dünya müharibəsi başlasa, bunun bu iki əhəmiyyətsiz adama nə
istisi, nə soyuğu olacaq? Onlar nə itirəcəklər? Bu barədə düşünə-düşünə yenə də
klounla beynalxalq siyasət haqqında danışmağa davam edirdim.
Kloun
çörəyi yeyib qurtardı. Siqaret çəkdi. Sonra da sağollaşıb getdi məktəbdəki şənliyə.
Mən isə bəzi ərzaq məhsulları almaq üçün üz tutdum "Samqori" bazarı tərəfə.
Bazardan qayıdanda gördüm kloun dayanıb məktəbin qabağında. Məktəbə girib-çıxan
balaca uşaqlara bülbül, şeypur, burun, alabəzək şarlar satır. Uşaqlar
yaxınlaşıb onunla şəkil çəkdirirdilər. Bəzi valideynlər buna görə ona pul
verirdilər, bəziləri vermirdilər. Baxır adamın mərifətinə. Hara yozursansa yoz,
xeyri yoxdu, bu çox kədərli mənzərə idi. Klounun məni görməsini istəmədim. Ona
görə də yolun obiri tərəfinə keçməyə məcbur oldum və bunun nəticəsində yolum
bir qədər uzandı.