Simran Qədim. Yaddaş - bəhanə kimi (Esse)

Simran Qədim. Yaddaş - bəhanə kimi (Esse)

Hərdən elə olur ki, sakitcə oturduğu yerdə qəfil adamın beynini, zehnini nəsə qurcalayır, amma nə qədər fikirləşib dəqiq xatırlamağa çalışırsan, alınmır. Uzun zaman dibi görünməz uçuruma boylanmağın, göz qaraldan quyuya sürəkli baxmağın nə xeyri var? Elə boş yerə yaddaş labirintinin saysız dolanbaclarında nəfəs kəsilənədək hərlənib-fırlanırsan. Bu azmış kimi, bir xeyli vaxt gedir, saniyələr dəqiqələrə, hətta dəqiqələr saatlara çevrilir. Yada salmağa çalışdığın o "nəsə” şüurun dərinliklərində gizlənib özünü göstərmək istəmir. Hövsələdən çıxıb əsəbiləşirsən, sinirlərin pozulur, üstəgəl, bir də ayılırsan ki, beynin yorulub, başın ağırlaşaraq qazana dönüb. Belə olanda adamın ağlından təsvirəgəlməz sürətlə belə bir fikir şütüyüb keçir: Gör adi bir şeyi xatırlamaq nə çətindir. Zəhmət çəkib beynini son hüceyrəsinə qədər səfərbər edərək çalışdırmalı, yaddaşınla vuruşmalısan. Bəs buna nə ad vermək olar? Yaddaş bizimlə oyunmu oynayır, ya insan beynində nəsə daimi bir problem var, xəbərimiz yox? Ola da bilsin, yaddaşımız zəifdir, sadəcə. Amma səhvin kimdə, ya harda olduğunu tapmaq, axır-əvvəl bu problemi aradan qaldırmaq lazımdır. Yaxud həmin o "nəsə”ni "heç mənə lazım da deyil” tərzində büsbütün yaddan çıxarmaq...

Fərz edək ki, zehnimiz olan-olmaz hər şeyi özündə qoruyub saxlayır. Buludlara baş vuran göydələnin damından baxanda gördüyümüz şəhərin küçələrindəki maşınlar kimi, hər şey açıq-aydın ortalıqdadır. Bu zaman sonsuz fikirlər bolluğundan elə bir xaos yaranar ki, ondan baş çıxarmaq mümkünsüz olar. Əlbəttə, samanlıqda iynə axtarmaq daha asan işdir, nəinki belə bir qarışıqlığın arasından nəyisə yada salmaq.

Əslində yaddaşımızın hər şeyi haralardasa, lap elə ən dərin qatlarında belə, qoruyub saxlaması fikri ağlabatan deyil. İnsan beyni bircə saniyədə nə qədər informasiya qəbul edir: notbukun ekranında yazılan söz, bayırdakı sərçələrin cikkiltisi, otaqdakı dibçək gülünün ətri, az əvvəl çayla içilən konfetin şirin tamı. Bir də ki, qıraqdan gələn informasiyalarla yanaşı, hər an ağlımızdan keçən fikirlər var. Gün boyu təxminən 25-50 min arası. Bunların hamısı da eyni anda qeydə alınır. Bir saniyədəki bu şüur selini dəqiqələrə, saatlara, aylara, illərə vuranda haralara, hansı ənginliklərə gedib çıxarıq? Zənn etdiyimiz qədər də güclü olmayan beynimiz, sözsüz ki, bunların çoxunu kənarda qoyaraq, əsas lazım olanları, diqqət yetirilməliləri tutub saxlayır. Qısamüddətli hafizədən uzunmüddətli yaddaşa keçənlər də olur, fasiləsiz fikir fırtınasında sovrulub gedənlər də. 

Bəs uzunmüddətli yaddaşda özünə yer edənlərin aqibətindən nə xəbər? Gərək ki, onlar bir araya toplanıb çeşidlənir, səliqəylə yığılır. Rəfdəki kitablar kimi, istəyəndə əlimizi atıb götürmək, ordan-burdan vərəqləyib oxumaq üçün. Amma yenə də özümüzdən razı olmağa dəyməz. Məsələn, şimpanzelərin qısamüddətli yaddaş tutumunun insandakından artıq olduğu bildirilir.
 


Hərdən adam belə bir halla rastlaşır: illər öncə yaşanan çox önəmsiz bir məqam yaddaşda özünə elə möhkəm yer tapır ki, sanki heç vaxt ordan qopub çıxmayacaq. Əvəzində isə, əksinə, olduqca önəmli bir detal, heç olmayıbmış kimi, yerli-dibli zehindən silinir. Nəyin hafizədə qalıb, nəyin itəcəyini kəsdirə bilmirsən. Arabir heç gözlənilmədən, icazəsiz-filansız üzə çıxanlar da olur, tərsə düşərək "özümü göstərmərəm ki göstərmərəm” ədasıyla şüuraltında bir yerdə gizlənənlər də. Maraqlıdır, kainatın mürəkkəb sisteminə bənzəyən neyron şəbəkəsi lazım olanda niyə düz-əməlli aktivləşmir, axı? Beyindəki sinir hüceyrələrinin, sinapsların nə dərdi var? Ümumiyyətlə, bu yaddaş deyilən "qurğu” hansı mexanizmlə işləyir?!

Riyaziyyatda tam ədədlər istər mənfiyə, istərsə də müsbətə doğru sonsuz bir yoldadır. Hər şeyin isə bir əvvəli, bir də axırı olmalıdır, deyilənə görə. Əvvəli-axırı olmayanın nə mənası? Bəs hər addımbaşı məna axtarmağın özü də bir mənasızlıq deyilmi? Dünyadakı insanların, ağacların, lap bəlkə yarpaqların da sayını taparsan, amma məsələn, qum dənələrini heç cür sayıb-ölçə bilməzsən. Deməli, sonsuz olan şeylər də varmış. Görəsən, beyindəki fikirlərin sonu, ya əvvəli haralardadır? Hərçənd, yaddaş tutumunun bəlli sərhəddinin olduğu zənn edilir. Kompüterin sərt diskiylə götürsək, bir milyon giqabaytmış, sən demə.

Əsas mətləbə gəlincə: biz nəyisə xatırlamaq istəyəndə əlimizi yaddaş rəfinə atıb lazım olanı niyə götürə bilmirik? Bəlkə axtardığımız "nəsə” o biri kitabların arasına qarışaraq itib, ya üstünü toz basıb, görünməz olub? Ola bilər, təhtəlşüurun min oyunu var çünki. Beynimiz dənizin, okeanın dərin suları deyil ki, dalğıc paltarı geyinib enəsən dibə, heç ağlına da gəlməyən gərəkli şeylər tapıb çıxarasan üzə. Ola bilsin, bu məsələdə Freydin psixoanalizlərinə əsaslanmalıyıq: xatırlamaq istədiyimiz "nəsə”, ya da ona yaxın məqamla bağlı acı xatirəmiz var, yaddaş onu üzə çıxarmaqdan boyun qaçırır.

Belə bir fikir var: əcdadlarımızın oyaqlıqdakı halı indiki insanın yuxulu halına bərabərdir. Lap qədimlərə, hələ ibtidai insanın, mağaralarda, meşələrdə məskunlaşdığı dövrlərə bu günün gözündən boylananda söhbətin nədən getdiyini anlamaq çətin olmur. Biz yuxuda olanda da beynimiz işləyir. Nələrsə düşünürük, bir çox səbəbdən orada xaotik proseslər cərəyan edir, amma tam rasionallığa çatmır. Əcdadlarımızın oyaqlıq halının yuxudakı kimi olduğu fikri onların davranışlarındakı irrasionallığı göstərir. Fərz edək ki, yaxın gələcəkdə elm və texnologiyanın, tibbin tərəqqisi sayəsində əqlimiz indikindən dəfələrlə artıq inkişaf etdirilir. Daha mükəmməl insan yaranır. Onda yeni insan növü bizə baxıb davranışlarımızı yuxulu kimi qiymətləndirməzmi? Daha ağıllı olduğundan bizdəki irrasionallıqları gözüyumulu tutar, yəqin ki. Amma biz hələ də bir çox məntiqsiz davranışlarımızı görmürük, özümüzü son dərəcə ağıllı, qüsursuz sanırırq. Hələ bir buna qatı savadsızlığı, daş dövrünə xas düşüncə tərzini əlavə edəndə, lap faciəvi durum yaranır.

Bəs daha ağıllı olsaq, onda kompüterdə açılan fayl kimi, yada salmaq istədiyimizi dərhal tapa bilərikmi? Çətin! Çünki belədə yaddaşımıza yüklənən informasiyalar da həddən artıq çox olacaq. Problem ağılda, yaddaşda deyil. Ola bilsin, beyin yarımkürələri arasında məlumat axınını təmin edən "kabellər şəbəkəsi” – aksonlar yumağında nasazlıq var, elektrik axınları qaydasınca ötürülmür. Şüurumuzun qaranlıq dəhlizlərini axıracan dolaşıb öyrənməmiş, gizli qapılarına açar salıb açmamış, nədən danışmaq olar? Gərək məlumatların neyronlarda hansı üsulla kodlandığını, ümumiyyətlə, bu şəbəkənin necə çalışdığını tam dəqiqliklə müəyyən edə biləsən. Yəni, hər məlumat ayrı-ayrı hüceyrələrin içindəmi saxlanılır, ya onların başqa sirləri də var, biz bilmirik?
Yaddaş məsələsində bir cəhəti də unutmaq olmaz. Sən beynini nəylə, hansı informasiyalarla doldurursan? Zamanını boşa keçirib heç kəsə gərək olmayan məlumatlarla, ya zehninin imkanlarını daha da açan bilgilərləmi? Yaddaş elədir ki, orada nə varsa, hamısı, necə deyərlər, özünü qabağa atıb irəli çıxmaq istəyər. Kompüterdə bir kənara tulladığımız, illərlə açmadığımız qovluqdan fərqli olaraq, şüurdakı məlumatlar hər fürsətdəcə özünü göstərməyə çalışır. Xatırlamaq istədiyimizə yaxın məlumatlar nə qədər çox olarsa, o qədər də oxşar assosiasiyalar yaranar, axtardığımızı tez taparıq. Yaddaş bir zəncirdir, həlqələri sıx və möhkəm olsa, qırılması da müşkülə çevrilər.

Bir tərəfdən baxanda, yazmağın özü də belədir əslində, sonsuz fikirlər burulğanında nə varsa hamısı, bir andaca yaddaşın dərinliklərindən üzə çıxmağa, özünə qabaqda yer etməyə can atır. Ən önəmli saydığın işə – biliyi bölüşmək məsələsinə gələndə hardan başlayıb, hara gedəcəyini, səliqə-sahman məsələsini düzüb-qoşa bilmirsən. Yaddaş gah tutulub tısbağa kimi ləng davranır, xatırlamağa heç nə tapmır, gah da dağ çayı kimi coşub-daşır, yatağına sığmır. Bəlkə insanın şüuru, iradəsi o həddəcən güclənə ki, ağlını da, yaddaşını da maşın kimi idarə edə, istəyəndə sükanı gah sağa fırlaya, gah sola. 

Bilgiləri bölüşməyə qalanda, bu məsələdə yaddaş yalnız bəhanə sayıla bilər. Bilgiyə həvəssiz yanaşanlar, toz basmış kitaba toxunmaqdan çəkinənlər kimi, yaddaşına qarşı soyuq davrananlar, mütaliədən uzaq qaçanlar üçün də yaddaş qıtlığı adicə bəhanədir.