Siyasi kəlləri və kəllələri toqquşduran bulanıq dünyagörüşü yuvaları

Siyasi kəlləri və kəllələri toqquşduran bulanıq dünyagörüşü yuvaları

Rahid Ulusel
Fəlsəfə elmləri doktoru, professor

Son 20-30 ildə dünyada çap olunan saysız kitabların bir çox müəllifləri beynəlxalq həyatda baş verən prosesləri, xüsusilə mütərəqqi hadisələri bilərəkdən yanlış şərh edir, sanki müasir dünyanın mahiyyəti və gələcəyi haqqında səhv təsəvvürlərin törənməsinə və yayılmasına xüsusi səy göstərirlər. Halbuki həm Tarix, həm də Çağımız dünyanın belə olmadığını, onun bu şəkildə anladılaraq idarə edilməsinə zəmin hazırlanmasının mümkünsüzlüyünü sübut edir.  

Yeni dünya düzəninin yaradılması və mövcud dünyanın ziddiyyətlilik problemlərinin araşdırılması kontekstində ən çox diqqəti cəlb edən və sürəkli diskussiyalara səbəb olan ABŞ qlobal siyasətçisi, Harvard Universitetinin professoru, Amerika Siyasi Elmlər Akademiyasının prezidenti Samyuel Hantiqtonun nəzəriyyəsidir ki, burada "sivilizasiyaların toqquşması” dünya  ziddiyyətlərinin mərkəzinə gətirilir və bu ziddiyyətlərin başlıca motivi kimi əsaslandırılır (1)

S.Hantinqtonun nəzəriyyəsinə görə, müasir dünya tarixi mövcud sivilizasiyaların aralarındakı tarixi ziddiyyətlərin davam etməsi və daha da kəskinləşməsi ilə səciyyələnir. Sivilizasiyaların özgürlük kompleksi – onları daim toqquşdurur. Hər bir sivilizasiya onun sferasına daxil olan dövlətlərin mənafe birliyini yaradır ki, bu da beynəlxalq münasibətlərdə həlledici faktor olur. S.Hantinqtonun nəzəriyyəsi, hər şeydən öncə, problemin metodoloji qoyuluşuna görə yanlışdır: "Sivilizasiyaların toqquşması” – dünya ölkələrini "doğma” və "yad”, "dost” və "düşmən”, "sivil” və "barbar” parametrləri ilə fərqləndirməyin arxaik üsuluna gətirib çıxarır.

 S.Hantinqton nəzəriyyəsinin ən qəbuledilməz və zərərli cəhəti bundan ibarətdir ki, o, dünya sivilizasiyalarını iki qarşı duran tərəfə bölür: "Qərb və Qalanları” (the West and the Rest), "Qərb” – identikliyi olan sivilizasiyadır, "Qalanları”nın yeganə "identikliyi” isə bundan ibarətdir ki, onlar Qərb sivilizasiyasından fərqlənir. 

S.Hantinqton 1920-ci ildən 1990-cı illərin sonlarına qədər dünyada baş verən sivilizasiya dəyişmələrini izləyərək belə bir qənaətə gəlir ki, bu dövrdə planetdə Qərb sivilizasiyasının əhatə, nəzarət etdiyi ərazi və təsir dairəsi mərhələ-mərhələ azalmağa doğru getmişdir. Onun təsnifatına görə, hazırda "Qərb”dən fərqli "Qalanlar”na – Latın Amerikası, Afrika, islam, Çin, hind, pravoslav, buddist, yapon sivilizasiyaları daxildir ki, bunların özünütəsdiqi Qərb sivilizasiyasının məkanca daralması, təsircə qısılması ilə müşayiət olunur. 

S.Hantinqton təsdiq etməyə məcbur qalır ki, "qlobal siyasət – çoxqütblü və çoxsivilizasiyalı olur”. Bununla belə o, "universal sivilizasiya” anlayışını və onun bərqərar olması mümkünlüyünü qəbul etmir, Vaslav Havelin "biz indi vahid qlobal sivilizasiya məkanında yaşayırıq” arqumenti ilə razılaşmır. S.Hantinqton Şərq sivilizasiyalarının, xüsusilə islam sivilizasiyasının güclənməsindən Qərbin narahat və səfərbər olmağının "zərurətini” bəyan edir: "Beynəlxalq münasibətlərin realist tarixi diktə edir ki, qeyri-Qərb ("Non-Western”) sivilizasiyalarının özək dövlətləri qərb qüdrətinin dominantlığına qarşı balans yaratmaq üçün gərək birləşələr.” Bu isə Qərb üçün ən böyük problem yaradır. ABŞ strateqi göstərir ki, hazırda islam və Çin sivilizasiyaları din, mədəniyyət, sosial struktur, ənənə və siyasət baxımından nə qədər fərqlənsələr də, onların Qərbə qarşı birləşmək ehtimalı böyükdür: "Siyasətdə ümumi düşmən ümumi maraqları yaradır.” S.Hantinqton belə hesab edir ki, qarşı duran sivilizasiyaların qütbləşməsi dünyada getdikcə geopolitik məkanı daralan Qərb sivilizasiyasının çox ciddi şəkildə rekonstruksiya, özünümöhkəmləndirmə prosesi keçməsini zəruriləşdirir.

Onun fikrincə, Qərb sivilizasiyasının bir neçə əsr davam edən "Avropa fazası” ("European phase”) artıq başa çatmışdır, XX əsrdən isə bu sivilizasiyanın "Amerika fazası” ("American phase”) başlayır. Ona görə də Qərb sivilizasiyası öz liderliyini yalnız Avropa və Şimali Amerikanın mənafe ayrılmazlığı şərti ilə təmin edə bilər: "Əgər Şimali Amerika və Avropa özlərinin əxlaqi həyatını yenidən canlandırsalar, mədəni birliyini yaratsalar və NATO daxilində təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarını təmin etmək üçün iqtisadi və siyasi inteqrasiyanın yaxınlaşdırıcı formalarını inkişaf etdirsələr, onda onlar Qərbin iqtisadi firavanlıq və siyasi təsirinin üçüncü – Avramerika fazasını ("Euroamerican phase”) meydana gətirə biləcəklər.” S.Hantinqton "üçüncü fazada” ABŞ hegemonluğu ilə təmin oluna biləcək Qərb sivilizasiya dominantlığının "arqumentasiyasını” davam etdirərək yazır: "Əgər qeyri-Qərb cəmiyyətləri Qərb mədəniyyəti vasitəsilə bir daha yenidən formalaşdırılacaqlarsa, bu yalnız Qərb hökmranlığının ekspansiyası, genişlənməsi və güclü  təsirinin nəticəsi kimi baş verəcək. İmperializm – universalizmin zəruri məntiqi nəticəsidir. Eyni zamanda, kamil sivilizasiya kimi Qərb digər cəmiyyətlərə öz iradəsini tabe etdirmək üçün tələb olunan iqtisadi və demoqrafik dinamizmə daha malik deyil və bunun edilməsi üçün hər bir cəhd də öz müqəddəratını təyinetmə və demokratiyanın Qərb dəyərlərinə ziddir. Asiya və islam sivilizasiyaları öz mədəniyyətlərinin universal uyarlıqlarını təsdiq etməyə başladıqca, qərblilər universalizm və imperializm arasındakı bağlılığı daha çox qiymətləndirəcəklər. Qərb universalizmi dünya üçün təhlükəlidir, ona görə ki, o, özək dövlətlər arasında böyük sivilizasiyalararası müharibəyə yol açardı və bu – Qərbin özü üçün təhlükəlidir, ona görə ki, Qərbin məğlubiyyətinə gətirib çıxarardı. Sovet İttifaqının dağılması ilə qərblilər öz sivilizasiyasını qeyri-bərabər dominantlıq mövqeyində görür, halbuki eyni zamanda zəif Asiya, islam sivilizasiyaları və digər cəmiyyətlər də güc qazanmağa başlayırlar.” Qərb siyasi analitikası, Hantinqton nümunəsində göründüyü kimi, Kommunizmin iflasından sonra onun yerini İslamla doldurmağa, qlobal miqyasda Qərb – İslam qarşıdurması yaratmağa və bu konfliktdən bütün səviyyələrdə yararlanmağa çalışır. Bu yanaşma, nə qədər mümkünsüz və təhlükəli görünsə də, dünyanın idarə edilməsi vasitələri dəstinin vacib açarlarından sayılır. Təsadüfi deyil ki, "bu gün nüfuzlu siyasətçilər, o cümlədən ABŞ prezidenti Donald Tramp, İsrail baş naziri Binyamin Netanyahu, İngiltərə baş naziri Tereza Mey və s. sivilizasiyaların toqquşması dilində-diyircəyində danışırlar” (2).   

Qərb sivilizasiyasının neoimerializm istiqamətində dominantlıq iddiaları və onların bütün dünya üçün törətdiyi və törədəcəyi nəticələr bir çox Qərb tədqiqatçılarının özləri və xüsusilə qloballaşma proseslərinin görkəmli araşdırıcısı İmmanuil Uollerstayn tərəfindən əsaslı şəkildə tənqid edilsə də, S.Hantinqton Qərbin bu dominantlıq mövqeyini əldən verməməsini bütün vasitələrlə bəraətləndirməyə çalışır və əsas çıxış yolunu – Qərbin öz qlobal strategiyasını "Avropa – Amerika alyansının” möhkəmləndirilməsində (Zbiqnev Bjezinskidə olduğu kimi) görür.

Qərb böhran düşüncəsinin mahiyyəti S.Hantinqtonun bir-birini ardıcıl olaraq təkzib edən müddəalarının ziddiyyətliliyində öz tipik ifadəsini tapır. S.Hantinqton araşdırmalarının nümunəsində biz yəqin edirik ki, sivilizasiyanın siyasətdə öyrənilməsi daha çox ondakı konfliktlərin və xaotik proseslərin, fəlsəfədə öyrənilməsi isə harmonik proseslərin önə çəkilməsi ilə motivləşir. S.Hantinqtonun konstatasiya etdiyi kimi, universallıq – imperializmi törətmir, əksinə, qloballaşma epoxasında ayrı-ayrı sivilizasiyaların interaksiyasından sistemləşən universallığın – bu vəhdətin məntiqi nəticəsi olan qlobal sivilizasiyasının mövcudluq şərtinə çevrilməsi imkanları daha böyükdür. 

Qlobal sivilizasiya neoimperializmin əks paradiqması kimi ən böyük aktuallığını meydana çıxarmış olur. Qlobal siyasətin dünya inkişafının məntiqinə uyğun olan bu strategiyasını inkar etməyin qeyri-mümkünlüyünü görən S.Hantinqton nəzəriyyəsinin son tezislərində "böyük hərflə yazılmalı Sivilizasiyanın” ("vahid Sivilizasiyanın”) reallıq şərtlərindən də çıxış etməyə məcbur olur və "sivilizasiya birgəliyindən” (The Commonalites of Civilization) bəhs edir: "Çoxmədəniyyətli dünya labüddür, çünki qlobal imperiya qeyri-mümkündür. Amerika Birləşmiş Ştatlarının və Qərbin özünü qoruyub saxlaması Qərb idendikliyinin yenidən canlandırılmasını tələb edir… 

Dünyanın böyük dinləri – Qərb xristianlığı, pravoslavlıq, induizm, buddizm, islam, konfutsiçilik, daosizm, iudaizm – birgə qəbul edilən başlıca dəyərləri bölüşürlər. Əgər bəşəriyyət universal sivilizasiyanı inkişaf etdirmək məramındadırsa, bu tədriclə onların birgəliyinin araşdırılması və genişlənməsi ilə baş verəcəkdir. Belə ki, idarəetmənin saxlanılması və birgə vasitələrlə idarəetməyə əlavə olaraq, çoxsivilizasiyalı dünyada sülh naminə üçüncü idarəetmə forması – dünya birliyinin idarəçiliyidir: bütün sivilizasiyaların xalqları digər sivilizasiyaların xalqları ilə birgə malik olduqları dəyərləri, təsisatları və praktikanı yaymaq üçün axtarışlar aparmalı və çalışmalıdırlar. Bu çalışmalar təkcə sivilizasiyaların toqquşmasını məhdudlaşdırmağa deyil, eyni zamanda vahid Sivilizasiyanın da gücləndirilməsinə kömək edərdi. Vahid Sivilizasiya, yəqin ki, din, təhsil, incəsənət, fəlsəfə, texnologiya, maddi rifah və s.-in yüksək səviyyədə kompleks qarışığına əsaslanır… Sülh və Sivilizasiyanın gələcəyi dünyanın böyük sivilizasiyalarının siyasi, dini və intellektual  liderləri arasında anlaşma və əməkdaşlıqdan asılıdır. Sivilizasiyaların toqquşmasında Avropa və Amerika ya birlikdə olacaq, ya da ayrılıqda qalacaqlar.”

Deməli, Şərq və Qərb sivilizasiyalarının interaksiyasında da onların bir-birini sıxışdırması, sivilizasiya üstünlüyünə can atması, öz dəyərlərini digərinə məcburi olaraq təlqin və diktə etməsi nə ayrılıqda bu tərəflərin birinin, nə də qlobal sivilizasiyaya doğru dünya inkişafının məntiqinə uyğundur.

Vahid dünya sivilizasion, iqtisadi və sosial məkanının yaradılması bəşəriyyət üçün gələcəkdə ən səmərəli bir yol aça bilər. Ancaq hələlik müxtəlif sivilizasiyaların amansız mübarizəsi, terrorçuluqla manevretmə, maliyyə spekulyasiyaları və kriminalitet üçün, eyni zamanda narkotika ticarəti, müxtəlif sivilizasiyalar arasında və daxilində sosial qütbləşmə üçün əlverişli şəraitin yaranması davam edir. Buna görə də sivilizasiyalararası münasibətlərin qarşıdur-madan əməkdaşlıq durumuna gətirilməsi qlobal sivilizasiyaquruculuğunun, dünya düzəninin əsas strategiyalarından biri kimi təsbit olunmalıdır.

Son 20-30 ildə dünyada baş verən proseslərsə açıq şəkildə sübut edir ki, "sivilizasiyalar toqquşması” nəzəriyyəsi sadəcə bir alimin hipotezası kimi deyil, məhz strateji siyasi məqsədlərlə irəli sürülmüşmüş: qlobal hegemonluq özünə məhz bununla – əbədi münaqişələr zəminində daim üstünlüyə canatmanın labüdlüyü ilə haqq qazandırmağa çalışır. Samyuel Hantiqton özünün sonuncu polemik kitabında da (3) həmin mövqeyini "triumfa” çatdıraraq bəyan edir ki,   Amerika öz konservatizmi və liberalizmi ilə dilemma qarşısındadır: buna görə o, Amerika sosial, fəlsəfi, siyasi düşüncəsində hər iki kredonun – konservatizm və liberalizmin tutumunu müqayisə edərək, onlardan hansına əsaslanmaq üzərində fikir yürüdür. Professor konservatizm mövqeyindən "Amerika sağlam millətçiliyini” təqdir edərək göstərir ki, ABŞ artıq kosmopolit davranışı və liberal dəyərlərə sadiqliyi ilə milli dövlətlərin gücləndiyi müasir beynəlxalq şəraitdə üstünlüyünü qoruyub saxlaya bilməz. Çünki dünyanın bütün milli dövlətlərinin əsas istinad ideologiyası – millətçilikdir, "patriotizm isə – başlıca konservativ nəzəriyyədir… 

Amerikanın var-dövləti və qüdrəti öz zirvəsinə çatıb, ancaq milli vəhdəti, iqtisadi ədaləti və mədəni bütövlüyü yox. Geniş mənada, Amerika milli identikliyi onu aşağıdan qıran və yuxarıdan yuyan çoxmədəniyyətliliyin (multikulturalizm) meydana çıxması qarşısında dayanır. Patriotizm Amerika elitasının böyük əksəriyyəti arasında dəbdə deyil. Mümkündür ki, gələcəkdə Amerikaya qarşı ciddi xarici təhlükələr Çin, Rusiya, islam dünyası və ya hansısa düşmən ölkələrin koalisiyası tərəfindən baş verəcək… 

Klassik konservatizm və neokonservatizm üçün zəruri cavab bəzi mühüm həqiqətləri təsdiq etməli olan sağlam millətçiliyi birgə dəstəkləməkdən ibarətdir. Amerika – dini ölkədir. Patriotizm – ləyaqətdir, universalizm – amerikanizmdir. Millətçilik – ayırıcılıq deyil… 

Amerika əhəmiyyətli dərəcədə dini səbəblərə görə yaradılmışdır və bütün Amerika tarixi ərzində xarici müşahidəçilər dinə güclü bağlılığı və aktiv dini praktikanı Amerika xalqının fərqləndirici xarakteristikası kimi qeyd etmişlər. Yəqin ki, bu xüsusiyyətlər keçmişdə hər zaman olduğundan indi daha doğrudur. Bütün mümkün dəyərləndirmələrə görə, Amerika öz dindarlığının gücü etibarilə zəngin ölkələr arasında məxsusi yer tutur… Patriotizm və din amerikan identikliyinin mərkəzi elementləri olur.” Kifayət qədər subyektiv görünən və gizli platformasında radikal fəaliyyətləri təhrik edən bu mövqe ilə, çətin ki, Amerikanın özündə belə bütünlüklə razılaşsınlar. Xüsusilə, "Amerika – dini ölkədir” paradiqması və yeni Amerika millətçiliyinin apologiyası bu dövlətin özünü və dünyanı modernləşdirmək, demokratikləşdirmək yolu ilə bir araya sığmır.  

 ABŞ-da keçirilən müvafiq sorğuların nəticələrini ümumiləşdirərək, S.Hantinqton bu qənaətə gəlir: "İctimaiyyətin və elitanın böyük əksəriyyəti bu fikirdədir ki, nüvə silahının yayılmasının qarşısının alınması, terrorizmlə mübarizə və Amerikanın hərbi üstünlüyünün qorunub saxlanması amerikan xarici siyasətinin "ən mühüm” vəzifələri olmalıdır… Sağlam millətçilik ayırıcı çoxmədəniyyətliliyin, yaddançəkingən təcridçiliyin və universalizmin alternatividir. Bu – elə bir bünövrədir ki, onun əsasında konservatorlar Amerika maraqlarını irəlilətmək və Amerikada milli vəhdətə nail olmaq üçün birləşə bilərlər.” 

S.Hantiqtonun bu konsepsiyasında biz müasir dünyanın inkişaf məntiqinin tamamilə ziddinə olan bir mövqenin meydana çıxmasını görürük. Belə ki, millətçilik, adətən, bir ölkə, əksinə, beynəlmiləlçilik, kosmopolitizm ümumdünya paramentlərində meydana çıxır. S. Hantiqton isə burada özünəməxsus bir yerdəyişmə aparır: onun şərhinə görə, dünya – millətçiliyin, ABŞ isə – kosmopolitizmin məkanıdır, əgər dünya – indiyədək kosmopolit olmayıbsa və indi də deyilsə, demək, Amerika da saxta kosmopolitizmlə özünü aldatmamalı, öz millətçiliyi əsasında identikliyini təsdiq etməlidir. Ancaq etiraf etmək lazımdır ki, ABŞ-ın son yüz ildə qazandığı uğurlarda məhz onun liberal demokratiya, ümumbəşərilik, beynəlmiləlçilik ənənələrinə sadiqliyi xüsusi rol oynamış və bu cəhətlərinə görə ABŞ dünyada gedən yenilik proseslərini özündə və ətrafında konsentrasiya edə bilmiş, qlobal nüfuz dairəsi yaratmışdır. Ona görə də S. Hantiqtonun ABŞ millətçiliyi ideologiyası həm bu ölkənin özü, həm də bütün dünya, xüsusilə onun liberal-demokratik platforması üçün təhlükəlidir.

ABŞ strategiyasında bu tendensiya üstünləşməyə başladıqca, ümumdünya qloballaşma proseslərinin deqradasiyası, neqativ istiqamətlərə, hətta militarizmə və şovinizmə meyllənmələr yarana bilər və bu əks-reaksiya kimi beynəlxalq terrorizmin daha da qloballaşmasına əlverişli şərait yarada bilər. Artıq onun ilk simptomları ABŞ-ın İraqa, Əfqanıstana, Suriyaya və onların timsalında müsəlman dünyasına, ümumən "qeyri-Qərb” sivilizasiyalarına münasibətində sezilməkdədir. Deməli, Amerika planetar hegemonluğunu davam etdirib məqsədlərinə nail olsa, onda dünya "Amerika millətçiliyinin” diktəsi altında yaşamalı olacaq. Ancaq müstəqil milli dövlətlər dünya birliyinə ona görə inteqrasiya olunmurlar ki, yenidən suverenliklərini itirsinlər, yenidən qlobal neoimperializmdən asılı vəziyyətə düşsünlər, əksinə, onlar qloballaşma proseslərinə ona görə fəal şəkildə qoşulurlar ki, dünya birliyinin müstəqil milli dövlət subyekti kimi öz mövcudluğunu və fəaliyyətini davam etdirə bilsinlər. S. Hantiqtonun müəyyən etdiyi tipologiyada belə bir "millətçi hegemonluq” mövqeyi ilə artıq heç bir ölkəni – hətta İraqı, Əfqanıstanı, Suriyanı – antidemokratizm, dini konservatizm, millətçi konservatizm və s. geriçi tendensiyalarda günahlandırmaqda haqlı görünmür. Köhnə dünyaya qarşı köhnə (müstəmləkəçi) dünya meyarları, prinsipləri və texnologiyaları ilə mübarizə aparmaq – planeti qlobal yeniləşdirmə strategiyası ilə birbaşa ziddiyyət təşkil edir. Beynəlxalq sistemi "hegemonluq və militarlaşmış qlobalizm” (Hegemony and Militarized Globalizm) siyasəti ilə qaydaya salmaq mümkün deyil və müasir dünya inkişafının mütərəqqi tendensiyalarının ziddinədir. 

Bu məqamda qeyd etməliyik ki, Azərbaycan da Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşdır. Tarixi baxımdan islam və türk dünyasının bir hissəsidir. Demokratik-sivil dəyərlərə malik olan Qərblə və bütün dünya ilə intensiv inteqrasiyadadır. Azərbaycan müstəqilliyini və  identikliyini itirməmək şərti ilə ABŞ və digər tərəfdaş ölkələrlə, xüsusilə Türkiyə ilə birlikdə ölkənin bütün gələcək həyatı üçün həlledici əhəmiyyət daşıyan qlobal transatlantik – Avrasiya layihələrində iştirak edir və o, bu layihələri həyata keçirməkdə olan ən mühüm geopolitik mərkəzlərdəndir. Ona görə də Azərbaycan və digər region dövlətləri öz xarici siyasət strategiyasında tərəfdaşlıq etdikləri ABŞ-ın qlobal siyasi doktrinasını bütün kompleks xüsusiyyətləri ilə birgə nəzərə almalıdır.

Qlobal sivilizasiyaya doğru dünya inkişafının məntiqi, onun aparıcı tendensiyalarının bütövləşmə xarakteri göstərir ki, qərbyönlü deyil, müxtəlif yönlü ümumbəşəri-universalist dəyərlərin formalaşması Şərq və Qərb ölkələri xalqlarının marağını ifadə edir. Hazırda planetin heç bir sivilizasiyası ayrılıqda mütləq universallıq keyfiyyətləri qazanmaq, mütləq universallıq iddiasında çıxış etmək imkanında deyil. Qərb də təkliyində dünya potensiyasını əvəz edə, ona sahib ola bilməz. Sivilizasiyaların harmonik inkişafı – onların hər birinə məxsus dəyərlərin hibridləşdirilməsi, məcburən vahid bir müstəviyə gətirilməsi deyil, təbii vəhdətlənməni təşkil etməsi deməkdir. 

Bu əsasda – müxtəlif sivilizasiyaların orqanik quruluşlanmasında müasir qlobal sivilizasiyanın arxetipləri müəyyənləşir ki, buna da ən güclü impulsu Şərq-Qərb sivilizasiyalarının intensiv interaksiyası verir. Seçkinlik və harmoniya həyat məntiqinin universal qanunu kimi Şərq və Qərb sivilizasiyaları arasındakı münasibətlərin fenomenal əsaslarını təşkil edir. Qloballaşma – Qərbin Şərqə, Şərqin Qərbə ekspansiyası ilə yox, onların qarşılıqlı faydalılığa əsaslanan münasibətlərinin yeni rasional tendensiyalarının inkişafı ilə dünyada sivilizasion-geopolitik balansı saxlaya bilər.

_____________ 
1.   Hundington S.P. The Clash of Civilizations and the Remaking of World Order. N.Y.: A Touchstone Book, 1997 
2.   Oborne P. 25 Years on, Huntington's "Clash of Civilisations” Theory has been Refuted // https://www.middleeasteye.net/columns/twenty-five-years-huntington-s-clash-civilisations-theory-has-been-refuted-308271749
3. Hundington S.P. Who are We? The Challenges to America’s National Identity. N.Y.: Simon and  Schuster Paperbacks, 2004