
Stefan Sveyq. Bayronun sirri (Esse)
- 02.02.2020
- 0 Şərh
- 2876 Baxış
Onun həyatı sönüb - üzərindən əsrlər keçib. Yaradıcılıq nümunələrini
çoxları unudub. Yaddaşlarda "Çayld Harold” və "Don Juan”dan ölməz
misralar və bir neçə şeir qalıb.
Ölməz adlandırdığımız bu şeirlər belə şöhrətinin təsiri altında daşlaşmış vəziyyətdədir.
Mesalunqi obraz olaraq düşüncələrə təsir edə bilmir. Vaxtilə onun
yaradıcılıqının əsirinə çevrilmiş, romantik təsvirlərini əks etdirməyə çalışan
və "bayronçuluğu” öz obrazına çevirmiş Avropa indi ondan uzaqlaşıb.
Qeyri-adi insan, dövrünün yeganə şairi öz cazibəsini yalnız sirrin
arxasında gizlədib. Möhtəşəm Sfinks məğlub olaraq ölüb. Maraqlara səbəb olan
sirr, yaşanmış biabrçılığı əks etdirən obraza unudulmuş, gecikmiş şöhrəti
qaytarmağa xidmət etməlidir. Ya da bu tarixi fakt fədakarlığa və ya bütün
zamanların nümunəsinə çevrilməlidir.
SİRR
15 yanvar 1816-cı il. Xanım Arabella Bayron nikahlarının tam bir ilinin
tamamında qızının dünyaya gəlməsindən bir neçə ay sonra Leyçestrşirdə yaşayan
valideynlərinə baş çəkmək məqsədilə ərinin evini tərk edir. Yol boyu xanım
Bayron həyat yoldaşına səmimi hisslərini təcəssüm etdirən məktublar yazır.
Aralarında davam edən məktublaşma qısa vaxt ərzində kəsilir. Xanım Bayronun
gizlin olaraq vəkillə sövdələşməsi və xanımın tərbiyəçisinin Bayronun yazı
masasından oğurladığı məktubların təqdimatı əsasında protokolun tərtibi, bu
protokolun yüz il ərzində möhürlənərək saxlanılması və xanımın anasının
Bayrondan boşanmaq tələbini qəflətən irəli sürməsi sirrlərin ortaya çıxmasına səbəb
olur. Bayronun bacısının öz rəfiqəsi Arabella ilə anlaşılmamazlığı aradan
qaldırma cəhdləri boşa çıxır. Ağızdan-ağıza yayılan hədələr cəmiyyət üzvləri
arasında sensasiyaya səbəb olur. Və nəhayət Bayron boşanmağa razılıq verir.
Şair həyat yoldaşını və qızını bir daha görməmək üçün İngiltərəni tərk edir.
Nə baş verir? Qəzetlər istehzalı söz atmalarla nələrisə deməyə çalışır, cəmiyyətdə
pıçıldaşmalar və şayiələr yayılır. Bayron isə bu müddət ərzində həyat yoldaşına
sentimental şeirlər yazmaqla məşğuldur.
Həqiqəti heç kim bilmir. Məlum olan - oğurlanmış məktubların mövzusunun
qısqanclığa səbəb olmasıdır. Arabella barışıq əlini uzadan hər bir kəsi özündən
uzaqlaşdırır. Öz xalası Karolina Leminin sevgilisinə ərə gedən Arabellanı nə qəzəbləndirdiyi
məlum deyildi. Deməli məsələnin kökündə ciddi faktlar dayanır. Məhz bu dərin məsələlər
bioqraf və filoloqların axtarışa başlamasına rəvac vermişdi.
ÜÇ GÜNAHKAR
Günahın Bayronda olması heç kimdə şübhə yaratmır. Pıçıltılar, yayılan şayiələr
və ölkəni tərk etməsi buna əyani sübut idi.
Birinci günahkar onun arvadıdır. O susur. Bu susqunluqla gizli cinayətin əsasını
qoymuş olur. Ərinin məktublarını cavablandırmır. Hətta Bayronun dəfnində belə
iştirak etmir. Qızına atasının şəklini göstərmir, şeirləri ilə tanış etmir.
Qızı ilk dəfə - otuz yeddi yaşında ikən atasının lirik şeirini eşidərək qəribə
hisslər keçirir və bu, onun həyatına birbaşa təsir edir.
Xanım Bayron humanist xristian ideyalarını həyatına tətbir edən,
yoxsul uşaqlara əl tutan birisi idi. Hamıya humanistcəsinə yanaşan bu şəxs
böyük şairin bioqrafiyasını yazan nəşriyyatlara adının çəkilməsinə, şəklinin
belə ərinin yanında görünməsinə qadağa qoyur. Nəşriyyatın istəklərini sükutla
qarşılayır. Bəzən isə dəhşətli ittihamlar pıçıldayaraq cəmiyyətdə şayiələrin
yenidən alovlanmasına şərait yaradırdı.
İkinci günahkar İngiltərəydi. Bu cəmiyyət ikiüzlülərdən ibarət idi. Bayron
mübahisələrdən mübahisələrə keçid edirdi. Dini ehkamları məsxərəyə qoymaqla öz
ölkəsini Avropa qarşısında gülməli durumda təqdim edirdi.
Günlərin birində Bayron allahsız "Ateizmin vacibliyi” kitabçasının müəllifi
Şelli ilə görüşür, dostlaşırlar. Hər ikisi də həyat yoldaşından boşanmış
insanlar idi. Onlar atalarını tərk etmiş, qaçmış iki bacı ilə cinayətkar
münasibətdə olurlar. Həmyerliləri onları izləyərək biabırçı hərəkətlərinin
şahidinə çevrilirdilər. Villasının qonşuluğunda yerləşdirilən teleskoplar evdəkiləri
daima nəzarət altında saxlayırdı. O qadını ilə yaxın münasibətlər qurarkən cəmiyyət
yeni şayiələrin yayılması ilə məşğul olur, İngiltərədən uzaq düşdüyü müddət ərzində
obrazını şeytanlaşdırırdı.
Üçüncü günahkar - ən təhlükəli günahkar Bayronun özü idi. O, öz şeirlərində
və söhbətlərində həqiqətə eyham vururdu. Faciəvi maskanın arxasından öz ruhunu
bəlli etməyə başlayırdı. Bu ruhsal durum günahkar və cinayətkar Kaində ehtiras
düşkünü Juanda, cadugər Manfreddə özünü əks etdirirdi (obrazları).
Şöhrət düşkünü get-gedə şeytani oyunlarla məşğul olur gizli cinayətlərin
törədilməsində özünü günahkar bilirdi. Evini Mikena, arvadını Klitemnestra,
özünü isə Tantal nəslinin nümayəndəsi adlandırırdı. Həqiqətən də Manfredin
monoloqunda bu cinayətlər, yuxusuz gecələrin ağrısı açıq-aşkar görünür.
Əslində hər şey kənardan seziləcək qədər dəhşətli deyildi, bəlkə də. O,
Jenevada dostları və yeni sevgilisi ilə birgə rahat həyat sürürdü.
Pizadakı malikanəsində onlarla atı, tovuzquşuları, tutuquşuları, meymunları
olan Bayron kifayət qədər zəngin həyat tərzi keçirirdi. Öz şöhrətinin işığında
parlayırdı.
Əslində ortada cinayət yox idi. Sirrin yaranmasına və ağızlara düşməsinə
başlıca səbəb isə tərəflərin qəflətən ayrılması və Bayronun İngiltərədən
uzaqlaşması idi. Hər iki tərəfin bu mövzu ətrafında susması maraqların
aşıb-daşması və müasirlərinin bu mövzuya diqqət ayırması ilə nəticələnirdi.
Bir hadisə bu sirrin daha da dərinləşməsinə səbəb olur. Lord Bayron gündəlik
yazmağı qərara alır. Gündəlikdə onun daxili dünyası və yaşamı öz əksini
tapırdı. O, hamı tərəfindən şübhələrə səbəb olmasını açıq-aşkar hiss edirdi
amma, konkret kimə istiqamətlənməyi müəyyənləşdirməkdə çətinlik çəkirdi. Əslində
heç kimin nitqində aydınlıq yox idi. Yalnız qarşı tərəfdən tuşlanmış hədələr
diqqəti çəkirdi. O, xanım Bayrona söz azadlığı verir. Söz azadlığı qazanan
xanım nədənsə susmağı daha üstün bilirdi.
Böhtanı aydnlaşdırmaq mümkün deyildi. Bu səbəbdən Bayron özünü qorumağın, hətta
ölərsə cəsədinin təhqir olunmasının qarşısını almaq üçün yeni üsullar fikirləşirdi.
Məhz bu səbəbdən memuarlar yazmağı qərara alır. Ədaləti nümayiş etdirmək üçün
yazıları həyat yoldaşına oxumağı təklif edir. Qadın isə oxumaqdan imtina edir.
Sirr yazıda qəlibləşir.
Bayron əvəzsiz xəzinənin qoruyucusu kimi ən yaxşı dostu Tomas Moru seçir.
Bütün küllüyyatını ona etibar edir. O, bu yazıların yayımlanmasının
mümkünlüyünü bilirdi. Məhz bu səbəbdən də yazılı surətdə mətnin yayımlanmasına
görə Mura iki min funt məbləğində qonararın verilməsi tələbini də qeyd etmişdi.
1824-cü ilin bazar günlərinin birində Mesolunqi istehkamının qarşısında
qara bayraq asılır. Knyaz Mavrokordato, böyük şairin ölüm xəbərini bəyan edir.
Onun cəsədi İngiltərəyə yola salınır. Budur, Bayronun tabutu hələ torpağa
tapşırılmayıb, vətənində isə sirrin yenidən canlanması hiss olunur.
Hamı səfərbər olur – ledi Bayron, Mur və bacısı.
Mur, sirrin məhv edilməsi üçün daha böyük qonarar təklifini alır. Onlar bu
küllüyyatın yandırılaraq məhv olmasına qərar verirlər. Aralarında az da olsa
vicdanı olanlar, bəlkə hadisələrin bütün bəlli şahidləri həyatdan köçənə qədər
bu küllüyyat qalsın, deyirlər. Əfsus ki, acgözlük, şöhrət hərisliyi vicdanı üstələyir.
Qalanmış odun üzərində yeddi nəfərin şahidliyi ilə İngiltərənin ən böyük lirik
şairinin, bəlkədə hələ oxunmamış və ona şöhrət gətirə biləcək, demək istədiklərini
hamıya bəyan edə biləcək yazıları qəddarlıqla məhv olunur. İndi hamı sakitlik
nümayiş etdirir – nifrət hissi ilə yanan xanım Bayron və əlində böyük pul məbləği
yazılmış çeki tutan Mur alov üzərində yanan əlyazmalara baxırlar.
Açar itir, sirr torpağa gömülür, danışmaq istəyən əlyazmalar yanır.
"And sealed is now each lip that could have told”.
İndi dillənə bilən bütün dodaqlar möhürlənib.
Ölüm yavaş-yavaş şahidləri aradan götürürdü. Xanım Bayronun ərinin evini tərk
etməsindən əsrlər keçir, hadisələr indiyə kimi maraqlıdır.
Budur, uzaq Amerikadan ağır addımlarala gələn fil, həqiqəti ortaya
çıxarmaq, günahsızı xilas etmək məqsədilə gəlir. "Tom dayının koması”
filantropik romanın müəllifi xanım Qarriet Biçer-Stou xanım Bayrongilə bir
fincan çaya dəvət alır. Onun həsas, mülayim qəlbi "allahsız” varlıqla ərdə
olub, sonra da atılmış qadını gözləri önündə görüncə həyəcanlanır.
Olduqca səmimi görünən Biçer-Stou susmağı ilə dillərə düşən xanım Bayronu
dindirmək üçün eyhamlar vurur. Məlum məsələdir ki, sirr uzun müddət sirr olaraq
qala bilməz.
Xanım Bayron dünyanı tərk edir. Yüksək zümrə onun ölümünə etinasız yanaşır.
Bayron ölməmişdən öncə onun qalmaqalları diqqət çəkirdi və hamı bu marağın
arxasınca qaçmağa, sirri aydınlaşdırmağa çalışırdı. İndi isə vəziyyət əksinə dəyişib.
Şairin sentimental poeziyyasının günahkarı və səbəbkarı kimi keçmiş xanımını
görürdülər. Hətta ölümündə belə onu günahkar qismində təqdim edirdilər. Xanım
Bayron sirri uzun müddət özündə daşımış, nəhayət onu geniş ictimaiyyətə demək
fikrinə düşmüşdü. Bu sirr yer kürəsinin dörd tərəfinə yayılır. İngiltərə titrəyərək:
Lord Bayron... Lord Bayron...öz qan bir bacısı Avrora ilə münasibətdə olub,
söyləyir.
Avrora Ley
Budur, bu adın sahibəsi hamının dilindədir. Bu utancverici hərəkət haqqında
bütün dünya danışır. Hamı onu şeirlərdən, məktublardan tanıyır və bütün
misraları qardaş məhəbbəti ilə əhatələnib.
"The tower of strengh in the hour of need". "Dayaq qülləsi
ehtiyac içindədir”.
Bayron öz şeirlərində həyatının yeganə qadınını belə adlandırırdı. Uzaq ölkələrə
getməmişdən öncə yaratdığı himnlərin ünvanı, mehriban ürəyə malik olan bu qadın
idi. Bayron ona sonsuz minnətdarlıq hissi ilə yanaşır.
Biz bu qadın haqqında nələri bilirik? Çox az məlumatlıyıq. Onun surəti
daima kölgə arxasında gizlənirdi.
Bayronun atası - eyni zamanda Avroranın (Bayronun bacısı) atası həddindən
artıq zəngin bir xanımla İngiltərəni tərk edərək Fransaya yola düşür.
Kim idi o?
Oyunçu, fırıldaqçı və arvadbaz. Az bir müddətdə əri tərəfindən pulu göyə
sovrulan qadın heçnəsiz qalır. Ehtiyac içində rəhmətə gedir. Qızı Avroranı
qohumlarının yanına göndərirlər. Pulları tükənən ata Bayron, borclarını ödəmək
məqsədilə yenidən geri - İngiltərəyə qayıtmaq və başqa bir dövlətli qadını
toruna salmaq fikrinə düşür. İngiltərədə o, gombul və kifayət qədər həyasız
olan və ata Bayronu sevən miss Qordon ilə tanış olur. Dünyaya oğul Bayron gəlir.
Adətindən əl çəkməyən ata yenə də var-dövləti özü ilə götürüb Fransaya yola
düşür və ömrünü orada tamamlayır.
Bacı ilə qardaş bir-biri ilə tanış olanda Avroranın iyirmi bir, Bayronun isə
on altı yaşı var idi. Avrora qardaşına uşaq kimi yanaşır. Ömrünün sonuna qədər
onu "Körpə Bayron” adlandırırdı.
Avrora əmisi oğlu Ley ilə ailə həyatı qurur. Dünyaya dörd uşaq gətirir. Bu
izdivac onu ədəbiyyatdan uzaqlaşdırır, qadın daha əvvəlki kimi gözəl və baxımlı
deyildi. O qardaşına və onun həyat yoldaşına qarşı dostluq münasibətində idi.
Bal ayı müddətində gənc ailə onun Londondakı evinin qonağı olur, onlar orada
bir neçə müddət qalmaq fikrinə düşürlər. Hətta tərəflərin ayrılmağa qərar verməsinə
belə baxmayaraq həm qardaşı, həm də onun həyat yoldaşı Arabella ilə dostcasına
münasibət saxlayır. Kənardan heç kim ona şübhə ilə yanaşmır. Avrora çox
rahatdır. Bu o vaxta qədər davam edir ki, Biçer-Stou sirri açaraq onun üzərinə
sanki mürəkkəb tökmüş olur. Və bu ləkə onun üzərindən ömrünün sonuna kimi təzimlənmir.
Görünən tərəflər və həqiqət
Biçer-Stou sübut kimi nəyi göstərirdi? Ətrafı nə ilə özünə inandıra
bilmişdi?
Çox sadə bir süfrəyə çay və keksə dəvət alan Biçer-Stou masa arxasında
xanım Bayron ilə səmimi ünsiyyətdə olur. Arabellanın sözlərinə görə günlərin
birində o, öz həyat yoldaşını bacısı ilə bir yerdə tutub. Bir-birinə
ünvanlanmış məktublar bunu söyləyirdi. Bayron şeirlərində belə həyatının yeganə
sevimli qadınını cinayətkar münasibətdə olan adlandırır və bu bir daha iki şəxs
arasında münasibətin mövcudluğunu sübut edir. "Manfred”də sehrbaz - bacısı
Astartanı "öz məhəbbəti ilə məğlub edir”. Şelli bu hadisələrə köklənərək qan
qohumluğuna əsaslanın, günah sayılan münasibəti cəsarətlə "Çençi” faciəsində əks
etdirir.
Bayron "Kain” misteriyasında bacı və həyat yoldaşının eyni obrazda təcəssüm
olunmasına üstünlük verir. Çox güman ki, onun bütün düşüncələri yalnız buna
köklənmişdi.
Şeir –
I speak not - I trace not - I breath not they name
There is love in the sound - there is guilt in the
fame.
Nəfəsini, izini, adını söyləmək çətin,
Şöhrətimdə o günahdır, mənzilidir qeybətin.
Niyə Avroranın sağlığında hamı susmağa meyl edirdi? Dünyadan köçəndən sonra
onu niyə suçlamağa başlayırlar? Niyə xanım Bayron ərinin çağırışlarına rədd
cavabı verir? Niyə nitqini kilidləməyi daha üstün bilir?
Bayron çox aydın şəkildə məqalələrinin birində deyir: "Mənə dedilər ki,
xanım Bayronun və onun vəkilinin ciddi sübutları var, boşanmanın səbəbi
qarşısında susmağı üstün bilirlər”.
Bəlkə də, bu susqunluğun səbəbi utancdır?
1816-cı ilin fevralında Arabella həyat yoldaşının bacısı ilə cinayətkar
münasibətdə olmasından xəbər tutur. O nə edir? O cinayətkarı daha çox özünə
yaxınlaşmasına şərait yaradır. Baldızına qarşı məktublarda belə mülayim olan
Arabella, Bayronun ölümündən sonra da Avrora ilə dostluq münasibətində olur.
Etibarlı psixoloq Biçer-Stou özü belə iki şəxs arasındakı münasibətlərdə
boşluğun olmasını sezir. Və nəticədə Biçer-Stou bu mülayimliyi xristian düşüncəsinin,
xristian əxlaqının, rəhminin daxilindən gəldiyi ilə izah edir. O, sanki bu hərəkəti
ilə günah sahibinin günahlarını yumşaltmağa çalışırdı. Əsas məqsəddən yayınmaq
olmaz. Söhbətlərin hamısında qəribə bir uyğunsuzluq var idi. Bütün ailə məktubların
üzə çıxmasına qarşı müqavimət nümayiş etdirirdilər. Sirr, sirr içində gizlənməkdə
davam edir.
Astarta
Bir daha on beş illik susqunluq, qeybət və pıçıltılar. Bulanıq şayiələr
yayılır: "Xanım Bayronun nəvəsi lord Lovles sənədləri ictimaiyyətə çıxarmaq qərarını
verib”. Yazılacaq kitab xanım Bayronun sirri qədərdir və çox müammalıdır. Bu
kitab satış üçün deyil. Adı isə "Astarta”dır. Bircə ad artıq Bayronun
"Manfred”ini xatırladır.
"I loved her and destroyed her"- "Mən onu həm
sevdim, həm də məhv etdim”.
Arabella sağlığında "bu şayiələri mən yaymıram, bu sözlər məndən gəlməyib”
deməyi ilə, sanki Bayronun məktublarını üzə çıxarmaqdan qorxduğunu biruzə
verirdi. Lord Lovlesa "göstərilən faktlar kifayətdir ki, həqiqət öz yerini
tutsun”, deyə kitabında yazırdı. Qəribə bir çevrə əmələ gəlmişdi. Faktlar söylənilir,
məktublar isə hələ də sirr olaraq qalırdı.
Lord Lovlesin kitabı Bayron sirrinin üstünü açır. Bu vaxta qədər susmağa məhkum
olan kəslər rahatlıq tapırdılar.
Medora
Medora – Bayronun "Lara”sında məşuqənin adıdır. Qəribə deyil ki, Bayron
toyundan bir neçə müddət öncə, gələcək həyat yoldaşının xalası Karalina Lemə,
uşaqlıqdan sevdiyi bir qadından ata olacağını söyləyir. Əgər bu uşaq qız olarsa
adını Medora qoyacağını bildirir. Üç aydan sonra bacısı Avrora qız uşağı
dünyaya gətirir. Uşağı Medora adlandırırlar. Xanım Bayronun şübhələri öz
cavabını tapmış olur. Əgər o Bayronun ilk təklifini rədd etməsəydi sonrakı faciələr
yaşanmazdı. Bayronun "mən kiçik yaşlarımdan sevdiyim qadından olacaq uşağın
adını, qız olarsa Medora qoyacağam” deməsi artıq bütün sirrləri işıqlandırırdı.
Demək bu qadın Avrora idi. Təəccüblü deyil ki, xanım Bayronun əmri ilə
oğurlanmış məktublarda məhz bu uşaqdan söhbət gedirdi.
Hər şey aydın olduğu qədər də müəmmalıdır. Gül ləçəyinin altından, digər ləçək
görünür. Bu məsələni daha da dərinləşdirir. Tamamilə doğrudur, Lord Bayron
uşaqlıq dostundan uşaq gözləyir və onu Medora adlandırmaq istəyir. Bu zaman
onun bacısı Avrora Levin evində qız uşağı dünyaya gəlir. Medora adı onun
övladına verilir. Bacı özünü digər qadının şərəfini qorumaq üçün qurban verir.
Suyun üzərinə yeni surət çıxır. Sirrin səbəbkarı, odur. Yalnız əsrlər keçdikdən
sonra həqiqət öz yerini tutmuş olur.
Meri Çauors haqqında roman
1816-cı ilin iyulunda Bayron özünün elə də yaxşı olmayan şeirini yazır.
Şeirin adı "Yuxu” idi. Bioqrafların fikrincə bu həqiqəti özündə təcəssüm etdirən
ən gözəl şeirdir. Bu onun ən səmimi etirafıdır.
Bu hadisə onlar uşaq ikən baş verir.
Annsley təpəliyində iki uşaq oynayırdı... Onlar iki düşmən ailənin
uşaqlarıdır. Bayronun babası dueldə Meri Çauorsun nəslindən olan birisini qətlə
yetirmişdi. Hər iki uşağı isə dostluq birləşdirirdi. Xanımın qraf tacı mənsubluğu,
o isə Bayronlar nəslinin nümayəndəsiydir. Romeo və Culyettanın məhəbbətlərinin
qarşısını yalnız iki nəslin qan davası dayandıra bilərdi.
Romeo (Bayron) bədəncə zəif, axsaq birisidir. Culyettə (Meri) onun ailə
qurmaq sevdasına lağ edir. Meri başqasını - Con Mastersi seçib. "Handsom man”-
"Yaraşıqlı kişi”ni.
Bir neçə ildən sonra onlar görüşürlər. Xanım öz həyat yoldaşıyladır.
Yanında bir neçə övladı var. Qonaq çağırılan Bayron sevdiyi xanımı qayğıkeş həyat
yoldaşı və ana obrazında görür. Onun diqqəti Conun nəzərindən qaçmır və o, öz həyat
yoldaşına Bayronla görüşməyə qadağa qoyur. Bayron ölkəni tərk edir.
İngiltərəyə başqa Bayron qayıdır. Zəif, bacarıqsız adam yox, şair və kifayət
qədər tanınan Bayron. Xanımla yeni görüş zamanı Meri də əvvəlki deyildi. Onun
ailə, əri haqqında arzuları puç olmuşdu. Xanım öz həyat yoldaşından kənarda
yaşayırdı.
Vaxtilə Bayronu itələyən qollar, indi onu ağuşuna almağa çalışırdı.
Ən yaxın insanlar belə bu əlaqədən şübhələnmirdilər.
Bayron dostlarından hər şeyi gizli saxlayır, kənar məhəbbət əlaqələri ilə həqiqəti
ört-basdır edirdi. "Meri məni qonaq çağırmışdı, mən bu görüşü təxirə saldım”,
deyərək şübhələnməyə əsas vermirdi.
Xanım daha çox ərinin şübhələnəcəyindən, duelin olacağından qorxurdu. Bu
zaman bacısı Avrora qəhrəmanlıq edərək özünü hadisələrin üzərinə atır. Xanımın
şərəfli adını qorumağa çalışır.
Yalan baş tutur. Bayron rahat nəfəs ala bilər.
Our secret lies hidden
But never forgot.
Bizim sirrimiz gizlədildi,
Xatirələrimizdə yaşayacaq.
Meri Çauors evinə dönür və həyat yoldaşı heç nədən şübhələnmir. Bayronun
sevdiyi xanımı ömürlük əlində saxlama çabaları boşa çıxır.
Bütün həqiqətləri biləndən sonra Bayronun şeirlərini oxumaq insanı qəribə
hisslərə kökləyir.
"I loved her and destroyed her"- "Mən onu həm
sevdim, həm də məhv etdim”.
Siçan - pişik
Bayron qaçırdı, bacısı isə onun eyiblərinin üstünü örtməklə məşğul idi.
Xanım Bayron Avroranın əlində əsaslı dəlillərin olmasını duyurdu. İntiqam hissi
ilə aşıb-daşan qadın bu dəlillərə sahib olmağa çalışırdı. Çünki Bayrona
açıq-aşkar müharibə elan etmək mümkün deyildi.
Əslində o, qardaşından məktub alan Avroranı sığalının altına çəkərək
riyakarlıq edirdi. Həyat yoldaşının keçmişini öyrənmək istəyi ilə məktubları
oxumasını Avroradan xahiş edirdi. Bacıya gələn məktubların surəti bir-bir
çıxarılaraq üst-üstə yığılır, onların söhbətləri qapı arxasından dinlənilməyə
başlayır, xanım Bayron öz kinini mehrimbanlıq maskasının arxasında gizlədirdi.
Avrora şübhələrin Meri Çauorsun üzərinə tuşlanmaması üçün iradə nümayiş
etdirirdi. Qardaşının ona açdığı sirri qorumağa çalışırdı.
İllərlə ölüm-dirim mübarizəsi davam edir. Bəlkə də Xanım Bayron Avrora ilə
oynadığını güman edirdi, amma həqiqətdə sirri bilən Avrora özü, sirri gizlətməkdən
ötrü xanım Bayronla oynayırdı.
Dolaşıqlıq – Kələf
Zaman-zaman iki qadın arasındakı münasibətlər uzanmağa başlayır. Avrora dəqiq
bilirdi ki, xanım Bayronun mehribanlığının arxasında kin, nifrət gizlənir. Hər
iki tərəf sözü ehtiyatla ağzından çıxarırdı.
Budur, Avroranın qisasının zamanı yetişir. O öz qurbanını yalançı izlərin
yoluna aparmışdı.
Günlərin birində yalan söyləyərək qardaşı ilə münasibətdə olduğunu ona söyləyir.
O, xanım Bayrona bunu yazılı surətdə deyil şifahi olaraq etiraf edir.
Əslində Meri Çauorsa ünvanlanmış məktubları ona ünvanlayırmış kimi qələmə
verir. "Mən belə məktuba nə cavab verim?”, deyə xanım Bayrondan məsləhət istəyirdi.
O, xanım Bayronu artıq düyünə salmışdı və səhv cığırlara istiqamətləndirməkdə
davam edirdi.
Xanım Bayron isə lazımi sübutları əldə etmək üçün Avroranı ərinin məktublarına
cavab verməyə təhrik edirdi. Bir müddət Avrora çəkilir, sonra yenə də şübhələri
qidalandırırdı. Avrora qalib gəlir. Arabella ölənə qədər Meri Çauorsun adını
öyrənmir. Və ömrünün sonuna qədər əri ilə bacısının arasında münasibətlərin həqiqiliyinə
inanır.
1924-cü ildə Bayron ölür. İki qadın onun memuarlarını yandırmaq üçün bir
araya gəlir. Çılpaq nifrət, nifrətlə üz-üzə dayanır. Maskalar açılır.
Epiloq
Onlar bir daha görüşmürlər. Bir-birinə yazmırlar. Hər iki qadın qocalır və
ölümün gəlişini hiss edirdi. Nəsillər dəyişir. Bayronun adı şərəflə, şöhrətlə çəkilir.
Meri Çauors daha dünyada yoxdur. Onun ardınca Medora da dünyasını dəyişir.
Sonda belə xanım Bayron, Avroradan yaxşı əmlakın vəsiyyəti müqabilində
sirri satın almaq istəyir. O, hər şeyi aydınlaşdırmadan ölmək istəmirdi. Avrora
vaxtilə etdiyi etirafları soyuqqanlı şəkildə təkzib edirdi. Sonda xanım Bayron
həqiqəti bilmədən dünyasını dəyişir.
Onların birgə övladları məsələdən agah olmaq üçün dünyanı dolaşır. Budur, həqiqət
açılır. Oyun bitir. Sirr öz cəzb etmə gücünü itirir. Həmin sənədlər hələ də nəşrə
verilməyib. Bu sənədlər açılmış həqiqətin yalnız bəzi boşluqlarını doldura bilər.
Bayronun sirri açılıb. İndi bu sirr əvvəlki kimi cazibədar görünmür.
Yeni dünya isə yeni sullarla Bayrona müraciət edir.
Rus dilindən tərcümə etdi: Günel EYVAZLI