
Stefan Sveyq. "Səbirsiz ürək" romanından parça
- 06.12.2019
- 0 Şərh
- 1175 Baxış
Hər şey
adicə anlaşılmazlıqdan başladı, fransızlar demişkən, gaffe`dən (gaffe – axmaq hərəkət. fr.). Düzdür, səhvimi düzəltməyə
çalışdım, amma adətən saatın hansısa hissəsini düzəltmək üçün tələsəndə bütün mexanizmi
korlayırsan. Aradan bu qədər il keçməyinə baxmayaraq, mən hələ də harda səhv elədiyimi,
harda günah elədiyimi başa düşə bilmirəm. Yəqin ki, heç vaxt da bilməyəcəyəm.
Onda
iyirmi beş yaşım vardı. Leytenant rütbəsində N. ulan polkunda xidmət edirdim. Hərbi
işə xüsusi məhəbbətim olduğunu deyə bilmərəm. Amma əgər avstriyalı müfəttişin
stolu arxasında iki qız və həmişə ac olan dörd oğlan uşağı oturursa, onda
onlardan nəyə maraqları olduğunu soruşmurlar, onları tezliklə hansısa məktəbə
yazdırmağa çalışırlar ki, ata evində çox qalmasınlar. Hələ məktəbdə əzbərçiliklə
gözlərini korlayan qardaşım Ulrixi seminariyaya verdilər. Qardaşlarımdan sağlam
olduğum üçün məni hərbi məktəbə göndərdilər. Orda rahatdır, hökumət hər şeyi öz
üstünə götürür. Orda bir neçə il ərzində arıq, çəlimsiz uşaqdan bığsız gizir
hazırlayıb istismara yararlı şəkildə orduya verirlər. Bizim buraxılış günümüz
olanda – adətə görə buraxılış günümüz imperatorun doğum gününə salınırdı, - mənim
hələ on səkkiz yaşım olmamışdı, tezliklə yaxalığımda ulduz parıldamağa başladı.
Birinci mərhələni artıq keçmişdim, indi eləməli olduğum tək şey, işimdə pillə-pillə
yüksəlib təqaüd yaşına çatmaq idi. Kavaleriyaya öz istəyimlə yox, Dezi xalanın
istəyiylə getdim. Dezi xala böyük əmimin ikinci arvadı idi, əmim Maliyyə
nazirliyindəki işdən çıxıb bank müdiri işləməyə başlayanda evlənmişdilər.
Aristokrat olan bu varlı qadın heç razı ola bilməzdi ki, qohumlarından kimsə
piyada alayında xidmət eləməklə Qofmiller soyadına "ləkə gətirə” bilər. Üstəlik,
o sırf öz kaprizi ucbatından hər ay mənə yüz kron verdiyi üçün hər görüşdə ona
minnətdarlığımı bildirməliydim. Süvari alayında xidmət etmək, ümumiyyətlə
orduda xidmət xoşuma gəlirdi, ya yox – bu haqda heç kim fikirləşmirdi, heç özüm
də. Atın belinə minən kimi hər şey yadımdan çıxırdı və atımın qulaqlarından o
yana heç nə görmürdüm.
1913-cü
ildə qəfildən əmr gəldi və bizim eskadronu Yaroslavitsadan Macarıstan sərhəddindəki
balaca sərhəd şəhərciyinə köçürtdülər. Şəhərciyin adını deməyə ehtiyac yoxdur,
onsuz da Avstriyadakı sərhəd şəhərcikləri bir-birindən az fərqlənir, hamısı
bostan müqəvvaları kimi bir-birinin eynidir. Hər yerdə eyni dekorasiyadır:
kazarma, cıdır, məşq meydançası, zabit kazinosu və əlavə kimi də üç mehmanxana,
iki kafe, şirniyyatçı, pivəxana və ucuz müğənni qızların çıxış etdiyi varyete.
Hərb işi yeknəsəqdir, orda hər şey planlaşdırılıb və əsrlərdir belə davam edir.
Asudə vaxtda da maraqlı heç nə baş vermir. Zabit kazinosunda eyni adamlar və
eyni söhbətlər, kafedə də eyni kartlar və eyni bilyard. Arada hətta təəccüblənirsən
ki, yeddi yüz, səkkiz yüz evlik belə şəhərciklərin ətrafında müxtəlif peyzajlar
çəkmək Tanrının ağlına hardan gəlib.
Amma bu
şəhərciyin xüsusi özəlliyi vardı, o Vyanaya da, Budapeştə də yaxın idi və burda
poçt qatarları dayanırdı. Pulu olanlar – süvari alayındasa bir qayda olaraq
imkanlı ailələrin uşaqları xidmət edirdi, - aradan çıxıb günorta Vyanaya gedə
bilərdi və gecə qayıda bilərdi. Beləliklə, Vyanada teatra gedə bilərdin, sevgi
macərası yaşaya bilərdin, gəzə bilərdin. Hətta bəziləri Vyanada daimi və ya müvəqqəti
mənzil kirayələyirdi. Təəssüf ki, bu cür gəzintilər büdcəmə uyğun gəlmirdi. Mən
kafe və şirniyyatçı ilə kifayətlənməli olurdum, orda ya bilyard, ya da şahmat
oynamaqla vaxt keçirdirdim (kart oyunu da imkanım xaricində idi).
Bir dəfə
- səhv eləmirəmsə 1914-cü ilin mayı idi – şirniyyatçıda oturub şahmat
oynayırdım. Tərəf müqabilim həmişəki kimi yerli əczaçı idi. Adəti üzrə üç
partiyanı qurtarıb oturmuşduq, elə-belə söhbət edirdik. Artıq danışmalı
mövzumuz qalmamışdı, elə bu vaxt qapı açıldı, təmiz hava axını enli ətək
geyinmiş gözəl bir qızı içəri gətirdi, qızın badamı gözləri, xoşagələn siması
vardı, zövqlə geyinmişdi, əyalət adamına oxşamırdı, ən əsası, darıxdırıcı yeknəsəqlik
içində tamamilə yeni sima idi. Amma - əfsus ki! – o bizim heyrətli
baxışlarımıza fikir vermədi, yanımızdan düz keçib piştaxtaya yaxınlaşdı və
tort, şirniyyat, içkilər sifariş verdi. Hələ şirniyyatçının kiminsə qabağında
belə devotissime (hörmətlə - it.)
dayandığını görməmişdim. Cənab Qrossmeyer sifarişləri yazdığı vaxt qız frau
Qrossmeyerlə söhbət edirdi. Başımızı ədəbsiz şəkildə ona tərəf uzatsaq da, o
bizə fikir vermirdi. Əlbəttə ki, cavan xanım sifarişləri aparmaq üçün əllərini
yormadı. Frau Qrossmeyer sifarişlərin evə çatdırılacağına söz verdi. Pulu nəqd ödəmək
xanımın heç ağlına da gəlmədi, o bizim kimi sadə ölümlülərə oxşamırdı.
Beləliklə,
o sifarişi verib qapıya tərəf getməyə başladı. Cənab Qrossmeyer qapını açmaq
üçün özünü qabağa atdı, bizim əczaçı da yerindən durub təzim etdi. Xanım ilahi
təbəssümüylə qarşılıq verdi. Lənətə gələsən! Necə gözəl gözləri var! Xanımın
küçəyə çıxmağını güclə gözləyə bildim, o çıxan kimi əczaçıya suallar yağdırmağa
başladım. Bizim toyuq hinində bu durna hardan peyda oldu?
"Necə,
siz hələ onu görməmisiniz? Bu ki cənab fon Kekeşfalvanın bacısı qızıdır.
(Əslində adı başqadır.) Siz onları tanıyırsınız.”
Fon
Kekeşfalva! Adı elə deyir ki, elə bil: "Həə, fon Kekşfalva! Yaxşı tanıyıram.” –
deməyimi gözləyir. Mənsə bura bir neçə aydır gəlmişəm, demək olar ki, heç kimi
tanımıram, buna görə də onun haqqında ətraflı məlumat verməyini xahiş etdim. O
isə əyakət sadəlövhlüyü və dostcanlığı ilə danışmağa başladı.
Kekeşfalva
buraların ən varlı adamıdır. Buralarda az qala hər şey onundur. Sadəcə malikanə
yox, - "Siz onu tanıyırsınız,o elə təlim meydançasından da görünür, şosedən bir
az aralı, qədim parkın içindəki qalaya oxşayan malikanəni deyirəm,” – R.
yolundakı şəkər zavodu, Brukedəki meşəqıran və at zavodu. Hamısı onundur,
bundan başqa Budapeştdə və Vyanada da altı-yeddi evi var. "Hə, bizim şəhərciyimizdə
belə varlı adamın olmağı təəccüblüdür.
Bir görəsiniz o necə yaşayır! Əsil aristokratdır. Qışı Jakinqassdakı malikanəsində
keçirdir, burasa ancaq yayda gəlir, iki-üç aylıq. Amma o necə yaşayır! Hər
şeyin yaxşısı onun evindədir!” Əgər istəsəniz, əczaçı dedi, sizi fon
Kekeşfalvaya təqdim eləyərəm, biz axı onunla dostuq - əvzaçı burda bir az yekəxanalıq
etdi. Əvvəllər o tez-tez malikanəyə gedirdi və ev sahibinin evində zabitləri
görməyə həmişə şad olduğunu bilir. Bircə kəlməsi kifayətdir ki, məni dəvət
etsinlər.
Nə üçün
də yox? Qarnizon həyatı adamı sıxır. Şəhərcikdə artıq bütün qadınları üzdən
tanıyırsan, hamısının yay və qış şlyapalarının rəngini bilirsən, qulluqçularını
və itlərini tanıyırsan, haçan hansı paltarı geyindiklərini bilirsən – burda heç
nə dəyişmir. Kazinodakı çex qadının mətbəx möcüzələri artıq səni boğaza yığıb,
mehmanxanadakı menyu isə ürəyini bulandırır. Hansı tində hansı afişanın
asıldığını, hansı evdə nə dükanının olduğunu, vitrinə nələr yığıldığını əzbər
bilirsən. Hakimin saat üçdə kafeyə gəlib pəncərənin yanındakı stolda
oturacağını, yarım saatdan sonra südlü kofe sifariş verəcəyini, ondan on dəqiqə
sonra notariusun gələcəyini, mədəsi yaxşı həzm eləmədiyi üçün limonlu çay içəcəyini
və həmişəki lətifələri danışacağını kafe sahibindən pis bilmirsən. İlahi, ətrafda
nələr olduğunu bilirsən, burdakı bütün adamları, bütün atları tanıyırsan, ən əsası
özünü tanıyırsan! Bəs nə üçün bircə dəfə məhvərdən çıxmayasan? Üstəlik o qızın
gözlərini də unuda bilmirəm. Beləliklə, mən həmsöhbətimə bir az etinasızlıqla
dedim ki (bu təklifə necə sevindiyimi biruzə verə bilməzdim), fon Kekeşfalvanın
evində qonaq olmaqdan qürur duyaram.
Və təsəvvür
eləyin ki, əczaçı sözünün üstündə dayandı! İki gündən sonra əczaçı kafeyə girib
özündənrazı halda dəvətnaməni mənə uzatdı. Dəvətnamədə yazılmışdı ki, cənab
Layoş fon Kekeşfalva cənab leytenant Anton Qofmilleri gələn həftənin çərşənbə
günündə, axşam saat səkkizdə nahara dəvət edir. Xoşbəxtlikdən, belə dəvətlərdə
özümü necə aparmaq lazım olduğunu bilirəm. Səhər üzümü qırxdım, təzə mundirimi
və laklı çəkmələrimi geyindim, ağ əlcəklərimi taxıb dəvət üçün təşəkkür etməyə
getdim. Qoca qulluqçu mənim vizit kartımı alıb üzrxahlıqla dedi: "Cənab siz gələndə
evdə olmadığı üçün çox təəssüflənəcək, amma o indi kilsədədir.” "Belə daha
yaxşıdır, - öz-özlüyümdə fikirləşdim, - evdə olmamaqları yaxşı oldu, təşəkkür
etməyi çox xoşlamıram.” Hər halda öz borcumu yerinə yetirdim. Çərşənbə günü ora
gedəcəyəm və ümid edirəm ki, peşman olmayacağam. Çərşənbə gününə qədər gözləmək
qalır. İki gündən sonra, yəni çərşənbə axşamı, otağıma girəndə fon
Kekeşfalvadan gələn qırağı qatlanmış vizit kartını gördüm. Əcəb aristokrat
adamdır, deyə fikirləşdim, bu mənim üçün böyük şərəfdir. Xoş əhvalla sabahkı
günü gözləməyə başladım.
Amma
deyəsən taleyim mənimlə oyun oynamaq qərarına gəlmişdi. Çərşənbə günü axşam səkkizin
yarısında artıq hazır idim. Ən yaxşı paltarımla laklı çəkmələrimi geyinmişdim,
ağ əlcəklərimi taxmışdım. Denşikm şinelimi geyindirib başdan-ayağa mənə baxdı
görsün ki, hər şey qaydasındadır, ya yox. Bu da onun vəzifəsinə daxil idi,
çünki mənim otağımda balaca əl güzgüsündən başqa güzgü yox idi. Elə bu vaxt
çapar gəlib dedi ki, növbətçi zabit, mənim dostum rotmistr qraf Şteynxübel məni
təcili kazarmaya çağırır. İki ulan, çox güman sərxoş olduqları üçün dava ediblər,
biri o birisini başından vurub. Vurulan ulan huşsuz halda, qan içində uzanıb
qalıb. Kəllə sümüyünün salmaat olub-olmadığını heç kim bilmir. Polk həkimi icazə
alıb Vyanaya gedib. Polk komandirini heç yerdə tapa bilmirlər. Mehriban
Şteynxübel – lənətə gəlsin! – çaş-baş qalıb, məni, məhz məni çağırtdırır, özü zərərçəkənlə
məşğul olan vaxt ona kömək etməimi xahiş edir. Mən protokol yazmalı və
çaparları göndərməliyəm ki, hardansa həkim tapıb gətirsinlər. Artıq səkkizə on
beş dəqiqə qalıb, burdansa yarım saatdan tez çıxa bilməyəcəyəm. Lənətə gələsən,
bu gərək elə bu gün olaydı! Məhz mənim qonaq çağırıldığım gün. Dəqiqədə saata
baxırdım, yox, artıq gecikmişəm. Xidmət – bunu bizim beynimizə yeritmişdilər –
hər cür şəxsi münasibətdən daha üstündür. Burdan tez çıxa bilməyəcəyimə görə,
fiakr tutub (bu mənə dörd krona başa gəldi) denşikmu göndərdim ki, gözlənilməz
xidməti işlərə görə gecikdiyim üçün fon Kekeşfalvadan üzr istəsin. Xoşbəxtlikdən
kazarmadakı qatmaqarışıqlıq tez qurtardı, polkovnik gəlib çıxdı, hardansa həkim
tapıb gətirdilər. İndi mən aradan çıxa bilərəm.
Yenə bəxtim
gətirmədi. Tərslikdən Ratuşi meydanında bircə dənə də fiakr yox idi, burda da
gözləməli oldum. Nəhayət gedib malikanənin möhtəşəm dəhlizinə ayaq qoyanda saat
artıq doqquzun yarısı idi və asılqan dolmuşdu. Gecikdiyimə görə çox utandım.
Heyif, çox heyif, gərək elə birinci dəvətdə gecikəydim!
Qoca
lakey yarım saat qabaq denşikmun gəlib gecikəcəyimi xəbər verdiyini dedi və məni
qonaq otağına ötürdü. Bura dörd dənə iri pəncərəsi olan qonaq otağı idi, pəncərələrdən
çəhrayı ipək pərdələr asılmışdı, böyük büllur çilçıraq bərq vururdu. İndiyə qədər
belə aristokratik qonaq otağı görməmişdim. Amma qonaq otağı boş idi, o biri
otaqdan çəngəl-bıçaq səsi gəlirdi. Artıq yeməyə oturmuşdular.
Yaxşı,
özümü ələ alıb lakeyin qabağımda açdığı qapıdan içəri girdim, bir addım atan
kimi kandarda dayandım, dabanlarımı bir-birinə vurub təzim etdim. Hamı mənə tərəf
baxdı, on, iyirmi cüt göz gecikən və indi kandarda dayanan qonağa dikildi. Çox güman
ev sahibi olan yaşlı cənab yerindən durub salfeti çıxartdı, mənə tərəf gəlib əlini
uzatdı. Fon Kekeşfalvanı başqa cür təsəvvür edirdim, amma o heç də fikirləşdiyim
kimi dolu bədənli, bahalı şərab içməkdən yanaqları allanmış cənab deyildi. Eynəyinin
dalından yorğun gözləri mənə baxırdı, gözlərinin altı torbalanmışdı, çiyinləri
çökmüşdü, tez-tez astadan öskürürdü. Bu çal saqqallı kişini sahibkardan çox
alimə oxşatmaq olardı. Yox, yox, əksinə, o məndən üzr istəməlidir, mən nəsə deməyə
macal tapmamış onun sözlərini eşitdim. Axı o xidmətdə hər şeyin baş verə biləcəyini
yaxşı bilir, mən isə o qədər mədəni adamam ki, gecikəcəyimi xəbər vermişəm. O
isə gələcəyimdən əmin olmadığı üçün başqa qonaqları nahara dəvət edib. İndisə
stol arxasına. Nahardan sonra o məni bütün qonaqlarla tanış edəcək, indisə təkcə
qızının yanına aparıb məni təqdim etdi. Arıq, xəstəhal, hələ uşağa oxşayan qız
qonşusuyla söhbətini kəsib mənə baxdı. O atasına oxşayırdı. Onun boz gözlərinə,
əsəbi simasına ötəri nəzər salıb əvvəl qıza, sonra isə bütün qonaqlara təzim
etdim. Hər halda çəngəl-bıçağı qoyub darıxdırıcı tanışlıq mərasiminə vaxt itirməyəcəklərinə
görə hamı şad idi.
Birinci
iki-üç dəqiqədə özümü narahat hiss edirdim. Burda polkumuzdan olan, dostum,
tanışım, ümumiyyətlə tanıdığım heç kim yoxdur. Burda heç şəhər camaatından da
heç kimi görmədim, hamı yad idi, tamam yad simalar. Məncə bunlar yaxın ətrafdakı
varlılar, zadəganlar və müfəttişlər idi, hamısı arvadı və qızıyla gəlmişdi.
Hamı da mülki şəxslər, məndən başqa heç kim mundirdə deyil! Aman tanrı, mən
bunlarla nə danışacağam? Xoşbəxtlikdən ev yiyəsinin bacısı qızı, şirniyyatçıda
gördüyüm ilahi qız yanımda oturmuşdu, deyəsən yadında qalmışdım, çünki məni görəndə
tanış adamı salamlayırmış kimi gülümsədi. Tanrım, o necə gözəldir! Əlləri yəqin
ki, soyulmuş ərik kimi yumşaq və sürüşkəndir, bircə onlara toxuna bilsəydim!
Bu cür
gözəl qızla yan-yana oturmaq çox xoşdur, təkcə səsinə görə ona vurulmaq olar.
Bu cür dəbdəbəli zalda nahar etmək də olduqca xoşdur. Süfrədən danışmağa dəyməz!
Növbənöv yeməklər, növbənöv içkilər... Əczaçı yalan demirmiş, burda qonaqlara
knyaz kimi qulluq edirlər. Heç vaxt belə dadlı yeməklər yeməmişdim, heç belə
nemətlərin olduğu ağlıma da gəlməzdi. Yeməkdən sonrasa rəngbərəng likörlar,
kofe və ətirli siqar.
Elə bil
nağıllar aləminə düşmüşdüm! Əczaçıya dua edirdim. Bu biri yanımda da gözəl bir
qadın oturmuşdu. O da, İlona da – ev sahibinin bacısı qızının adı İlona idi –
deyəsən sıxıldığımı hiss etdi, məni danışdırmağa başladılar, tezliklə onların
istiqanlığı və şərab utancaqlığımı, çəkingənliyimi aradan qaldırdı. Deyib-gülməyə
başladım, zarafat edirdim, hər iki xanıma qulluq edirdim, hərdən də guya təsadüfən
İlonanın incə əlinə toxunurdum, o isə inciməyi ağlına da gətirmirdi.
Hər şey
əla idi. Şərabın təsirindən artıq beynim dumanlanmağa başlamışdı. Amma bu möhtəşəm
gecədə bir şey çatmırdı – musiqi! Hə, hə, bircə musiqi də olsaydı. Elə bunu
fikirləşirdim ki, lakey qapıları açdı və qonaq otağının yanındakı başqa otaqdan
həzin vals sədaları otağa süzüldü. Kekeşfalvanın evi sehirli qaladır! Nəsə istəyən
kimi gerçəkləşir. Biz yerimizdən durub cüt-cüt qonaq otağına getdik, mən
İlonaya əlimi təklif etdim və onun incə dərisini yenə hiss etdim. Qonaq
otağında aralıq yığışdırılmış, stullar və kreslolar divar boyu düzülmüşdü.
Hamar parket işıldayırdı, qonşu otaqdasa vals davam edirdi.
Mən
İlonaya baxdım. Nə demək istədiyimi başa düşdü, gözləri güldü. Bu "hə” demək
idi. Biz işıldayan parketin üstündə oynamağa başladıq, beş cütlük idik,
qalanları ya qıraqda dayanıb bizə baxırdı, ya da aralarında söhbət edirdi. Mən
oynamağı sevirəm, mən hətta yaxşı oynayıram. Amma indi biz oynamırıq, uçuruq, mənə
elə gəlirdi ki, heç vaxt belə oynamamışam. Növbəti valsda bu biri yanımda
oturan xanımı dəvət etdim, o da çox yaxşı oynayırdı, mən isə bir az ona qısılıb
saçlarının ətrini burnuma çəkirdim. Ah, o möhtəşəm oynayırdı, burda hər şey
möhtəşəm idi, mən xoşbəxt idim! Gah bu qadınla oynayırdım, dag o biri qadınla,
deyirdim, gülürdüm, zafaratlaşırdım.
Birdən
gözüm saata sataşdı – on birin yarısı idi. Dəhşət içində özümü danladım. Yaman
axmağam! Bir saatdır oynayıram, amma ev sahibinin qızını dəvət etmək heç ağlıma
gəlməyib! Hamıyla oynamışam, bircə o qalıb. Mən tərbiyəsizlik etmişəm! Tez səhvi
düzəltmək lazımdır!
Amma
birdən yadıma düşdü ki, onun necə göründüyünü xatırlamıram. Onu ancaq stola
yaxınlaşanda, bir neçə saniyəlik görmüşdüm. İncə və zərif olduğu yadımda qalıb,
bir də boz gözlərinin maraq dolu baxışı. Bəs o hara getdi? Axı ev sahibinin
qızı çıxıb gedə bilməzdi. Narahatlıq içində zaldakı bütün qadınlara və qızlara
baxdım, heç biri ona oxşamırdı. Nəhayət tül pərdə dalında kvartetin çaldığı
üçüncü otağa girdim və dərindən nəfəs aldım, o burda idi. O küncdə, balaca,
yumru stolun dalında iki yaşlı qadının arasında oturmuşdu, əynində açıq-mavi
paltar vardı, stolun üstündəki vazdan güllər ətir saçırdı. Qızın bayaq fikir
verdiyimdən daha çox xəstəyə oxşadığını, qəhvəyi saçlarının altından görünən
alnının ağappaq olduğunu gördüm. Amma belə təfərrüatlara vaxtım yox idi.
Mən ona
yaxınlaşıb təzim etdim və onu rəqsə dəvət etdiyimi bildirdim. Heç nə başa
düşmürmüş kimi mənə baxmağa başladı, sözləri dodaqlarında öldü. Kvartet lap
yaxınlıqda çalırdı, elə bildim ki, məni eşitmədi. Buna görə də bir də təzim
edib əlimi uzatdım: "Sizi rəqsə dəvət edə bilərəm, freyleyn?”
Və
burda dəhşətli bir şey baş verdi. Qızın bədənindən elə bil cərəyan keçdi, gözləri
bərəldi, əvvəlcə dodaqları, sonra bütün bədəni əsməyə başladı. Hər iki əlini
stola dayaq verib ayağa durmaq istədi, amma bacarmadı. Bədəninin titrətməsi
stola keçdi, stolun üstündəki vaz da silkələndi, eyni zamanda onun oturduğu
kreslodan nəsə ağır bir şey döşəməyə düşdü. Qız hələ də stola söykənib
dayanmışdı, bütün bədəni əsirdi. Sonra bərkdən qışqırdı və bərkdən ağlamağa
başladı.
Hər iki
qadın onu qucaqlayıb sığallamağa başladı, nəhayət əllərini stoldan ayırıb
kresloda oturda bildilər. Qızın ağlamağı getdikcə möhkəmlənirdi. Əgər musiqi
dayansaydı – o qızın səsini eşidilməz edirdi, – onda qızın səsini hamı eşidəcəkdi.
Qorxudan
quruyub qalmışdım. Bu nədir axı? Nə edəcəyimi bilmirdim, hər iki qadının başını
stola söykədib bərkdən ağlayan qızı sakitləşdirməyinə baxırdım. Qız hər dəfə
hıçqıranda bütün bədəni titrəyirdi və bədəninin titrətməsi stola keçib balaca
vazı da silkələyirdi. Mənsə bayaqkı kimi dayanmışdım, ayaqlarımın buzladığını,
yaxalığımın boğazımı sıxdığını hiss edirdim.
-
Bağışlayın, - güclə eşidiləcək səslə dedim.
Hər iki
qadın qızla məşğul idi və heç biri mənə baxmırdı, buna görə də sərxoş adam
yerişiylə qonaq otağına qayıtdım. Deyəsən hələ heç kimin heç nədən xəbəri yox
idi. Vals davam edirdi, cütlüklər oynayırdı. Başım fırlanmağa başladı, qapıdan
tutub dayandım. Aman tanrı, mən nə etdim? Deyəsən hara vaxtı çox içmişdim, sərxoş
başla hansısa axmaqlıq eləmişəm. Vals qurtardı, tərəf müqabili İlonadan
ayrıldı. Tez qızı qırağa çəkib dedim:
- Xahiş
edirəm, mənə kömək edin! Bütün müqəddəslərin xatirinə, deyin görüm nə olub!
Çox
güman İlona ona iltifat edəcəyimi gözləyirdi. Amma bunu deyən kimi bir az
qorxdu, siması dəyişdi. Həyəcandan boğula-boğula hər şeyi danışdım. İlonanın da
gözləri o qızın gözləri kimi böyüdü, hirslə üstümə düşdü:
- Siz
ağlınızı itirmisiniz? Bəyəm bilmirsiniz?.. Bəyəm siz hiss eləmədiniz?..
- Yox,
- daha da qorxmuş halda pıçıldadım. – Nəyi hiss eləməliydim? Mən heç nə bilmirəm.
Mən axı birinci dəfədir bura gəlirəm.
- Siz
Editin... şikəst olduğunu görmədiniz?.. Onun ayaqları şikəstdir, qoltuq ağacı
olmasa bir addım da ata bilmir... Amma siz... siz... kob... – O sözü dilinin
ucundan qaytardı. – Sizsə onu rəqsə dəvət etmisiniz! Dəhşət!.. Gedim onun yanına!
- Yox,
yox! – Mən İlonanın əlindən tutdum. – Bircə dəqiqə gözləyin, bircə dəqiqə.
Dayanın... Tanrı xatirinə, məni bağışlayın. Mənim ağlıma gəlməzdi ki... Mən axı
onu ancaq oturan yerdə görmüşəm, gəzəndə görməmişəm. Ona deyin, xahiş edirəm,
bunu ona deyin!..
İlona
hirslə üzünü çevirib Edit olan otağa qaçdı. Nəfəsim kəsilməyə başladı. Qonaq
otağının qapısında dayanıb danışan, gülən adamlara baxırdım, onların hamısı mənim
üçün dözülməz olmuşdu. Başım fırlanırdı, bu fikirsə ağlımdan çıxmırdı: "Beş dəqiqə...
Beş dəqiqə sonra hamı necə sarsaq olduğumu öyrənəcək.” Beş dəqiqə sonra
qonaqlar xəbər tutacaq, sonra qulluqçular mətbəxdə danışacaq, mətbəxdən şəhərciyin
evlərinə, ordan da kafeyə, ictimai yerlərə ötürəcəklər. Sabah hamı bundan xəbər
tutacaq, polkda da biləcəklər.
Dumanlı
şəkildə qızın atasını gördüm. O bir az qəmgin idi (görəsən artıq xəbər tutub?).
Kekeşalva mənə tərəf gəlir? Yox, nə olur olsun, amma indi onunla görüşmək istəmirəm!
Nə edəcəyimi bilməyərək qapıdan dəhlizə çıxdım. Bu evdən tez çıxıb getmək istəyirdim.
- Cənab
leytenant artıq gedir? – Lakeyin səsini eşitdim.
- Hə. –
dedim.
Doğrudan
getmək istəyirdim? Lakey şinelimi mənə verəndə başa düşdüm ki, getməklə daha
bir, bəlkə də bayaqkından daha böyük axmaqlıq edirəm. Amma daha dayana bilməzdim.
Lakey artıq təzim edib qapını açdı, şineli qaytarıb qonaq otağına qayıda bilmərəm.
Bayıra çıxıb bu yad, lənətəgəlmiş evin qabağında dayandım və ağzımı açıb soyuq
havanı udmağa başladım.
Tərcümə:
Həmid P.