ŞvartsMan - Evdən  qaçan  oğlan (hekayə)

ŞvartsMan - Evdən qaçan oğlan (hekayə)

Sizə evdən bir neçə dəfə qaçmağımdan danışmışam? Yox? Aha, ondan danışım siz də qulaq asın, maraqlı və gülməlidir.

Elə bil evdən yox, türmədən qaçırdım. Artıq bir neçə dəfə tutulmuşdum, bəzi hallarda özüm qayıtmışdım evə. Amma bu dəfə qaçmaq əvvəlkilərdən çətin olsa da (nəzarət gücləndirilmişdi) qaçmaq üçün artıq planım var. Qaçaq? Qaçdıq ey!

Evdən qaçmaq nə deməkdir? Bu sualın cavabını yaxşı bilirəm. 16 yaşımdan 18 yaşıma qədər ev dustağı idim. Məhbus azadlığa necə can atırsa, mən də evdən bayıra elə can atırdım. Qorxu və tərəddüd həmişə olub. Qaçmaq heç vaxt asan olmayıb. Hardan və hara qaçırsan? –bu vacibdir. Hardan qaçırdım? Evdən. Niyə? Çünki evdəkilərdən, valideynlərimdən, məni sıxan hər şeydən qurtulub qaçmaq istəyirdim. Bilirdim ki, mən bu dörd divarın və bu insancıqların adamı deyiləm. Bəs haraya qaçırdım? Bax, bunu özüm də bilmirdim.

Amma sözün düzü, özüm bilməsəm də, harayasa qaçırdım. Qaçmaqda azadlıq qoxusu vardı. İstəyib edə bilmədiklərini eləmək və bunlar üçün yaşamaq və qaçmaq. Bəzən hər şeydən qaçış xilasdır. Dözmək və səbir eləmək isə, dinin uydurmalarıdır ki, sizin itaətdə çürüməyinizi istəyir. Qaçmaq-cəsarətdir və riskdir. Bir dəfə yaşayırsan. Risk elə, qaç.Bu əsl həyəcandır. Həyatına rəng qat. Dayanma, qaç!

Təsəvvür elə qaçdın, hamı səni axtaracaq. Xüsusən doğma anan. O qadın az qala sənin şıltaqlıqlarından və sənin dərdindən dəli olacaq. Axırıncı qaçışım möhtəşəm və qüsursuz idi. Anam məni axtarırdı, mən də özümü. Nəhayət, bir-birimizi tapdıq: Anam məni, mən də özümü.

Qaçış planım üçün məşq edirdim. Necə qaçmaq lazımdı? Hərəkətləri və zamanı düzgün qurmalıydım. Qaçanda heç vaxt atam evdə olmurdu. Qaçdım, anam küçələrdə məni axtardı və sözsüz ki, tapmadı. Dostlarımdan soruşmaq istəyirdi, amma dostlarımı tanımırdı –nə adlarını nə ünvanlarını. Heç nə. Belə baxanda yaxın dostum da yoxuydu. Polisə getdi. Polis yaşımı soruşdu və dedi ki, cavan oğlandı , bəlkə sevgilisi ilə görüşməyə gedib? Anam dedi: " Nə sevgili? Onun sevgilisi yoxdu, evdən çölə çıxmayan uşaqdı!” Sonra anam atama zəng elədi. Dedi ki, uşaq yenə evdən qaçıb. Atam hirslə dedi: "Bir uşağa sahib çıxa bilmirsən. Bu oğraşı da keçən dəfə döydüm, gözünün yaşını tökə-tökə söz verdi ki, bir də qaçmayacaq. Məni oğul qatili eləyəcək,bu əclaf! Sizin gicliyinizdən infarkt olacam!” Burdan da atam məni axtarmağa başladı.

Bilirsiz, insanları əsəbləşdirmək, narahat eləmək xoşuma gəlir. Çünki insanlar ciddidirlər. Çox ciddidirlər. Bilmirəm niyə. Belə bir söz var, təxmini yadımda qalıb: Həyatı azca dərk edən adam ona yumorla yanaşır. Əzizlərim, sizlər çox ciddisiniz!

Hə, axı sizə möhtəşəm və uğurlu qaçışımdan danışmadım. Əsas bunu danışmalıyam. Deməli belə. Bir müddət qaçış üçün hazırlıq gördüm. Hazırlıq bitəndə -hər şey hazırdı, sadəcə, vaxtında qaçmaq lazımdır-təkcə hərəkətə keçmək üçün cəsarət, güç lazım olur. İdman çantası kitablarla doludur. Neynirəm kitabları? Nə bilim, bəlkə lazım oldu. Və kitablar qarışıq çantanı yaşadığım 8-ci mərtəbədən ətrafa ehtiyatla baxıb aşağı atıram ki, heç kim görməsin və birinin başına düşməsin. Onsuz da qonşular elə biləcəklər yuxarıdan zibil atırlar. Yəni təəccüblü heç nə yoxdur –yəqin başa düşürsüz harda yaşayıram.

Nə isə, sözüm onda deyil. Anam və bacımla bazarlığa çıxıram. Atılası zibillər var əlimdə. Heç kimin heç nədən xəbəri yoxdur. Əvvəlki qaçışlarım elə - belə idi və üstündən çox vaxt keçmişdi, az qala unudulmuşdu. Ona görə, bir az səhlənkar yanaşdılar mənim bir az qabaqda getməyimə. Səkidən aşağı düşüb hündür divarın arxasında görünməz olan kimi zibil atıb uçdum. Necə? Qaçmağa hazırlaşanda bir anlıq Özümə dedim: Kişisən, qaç! Hə, kişisən, qaç da! Qaçaram ha!Qaç, görək də! Alə, mən neynirəm? –çaş-baş qalmışam. -Qaçdım eee!..

Evdən qaçıram deyə dəli-zad deyiləm. Belə fikirləşməyin. Ya da necə istəyirsiz fikirləşin. Guya siz ömür boyu ağıllı hərəkət etdiniz nə oldu?! Həyatınız boz və maraqsızdır. Xasiyyətiniz tünd, sifətiniz turşuyub, baxışlarınız kinli və soyuq, ağzınızdan zəhər tökülür. Bir az, heç olmasa bir az mənim kimi ağılsız olsaydız, belə olmazdız.

Davam eləyək. Anam görəndə ki, mən gözünün qabağında yoxa çıxdım, məni səslədi və axtardı, axtardı. Mən isə o vaxt evin arxa tərəfinə atdığım çantamla evdən və yaxınlarımdan çox uzaqlardaydm. Hətta səslərini eşitməyəcək qədər. Təlaş və həyəcan vardı, etiraf edək də...

Yaxşı, mən haraya qaçdım? Haraya qaçmağın mənası yox idi mənim üçün. Əsas odur ki, qaçmışdım. Hər şeydən uzaqlaşmaq və özümlə tək qalmaq –bu idi istəyim. Kitablarım yanımdaydı. Daha nə istəyə bilərdim. O vaxt heç mobil telefonum da yox idi. Tam rahatlıq. Şəhəri məqsədsiz gəzirəm, bir azdan küləkli yağış başladı, bir çardağın altına sığınıb sevdiyim kitabları oxumağa başladım... Mən öz azadlığımı yaratmışdım. Qısa müddətli də olsa. Mənə bu da bəsiydi.

Səmimi olsaq, evdən qaçanda ürəyimdən keçirmişdim ki, kaş bir sevgilim olardı, onun yanına qaçardım. Amma yox idi. Yeniyetməlik dövrümdə çox tənhalaşmışdım. Amma belə də pis deyildi mənimçün. Hər şeyə qarışan və öz həyatlarını tam yaşamamış anam və atam məni bezdirirdi və onlardan qısa müddətli də olsa uzaqdaydım. Həyatda adamı ən yaxşı borclu çıxarmağı bacaran valideynlərdir. Elə bil uşaqları üçün elədikləri nə vaxtsa onlara faizlə qayıdacaq. Burda ata-ana sələmçi kimi davranır.

Sözsüz, valideynlərimi özüməməxsus tərzdə sevirdim. Lakin bu sevgi mənim azadlığımı əlimdən almamalıydı. Mənim həyatım qurbanlıq qoyun deyil ki, kimsə kəsib-parçalasın, doğrasın, bişirsin, pay versin, yesin. Mənim yenə evdən qaçdığımı bilən anam, bir qadının itirmiş olduğu ailə xatirəsi bir bilərzik və ya boyunmağı kimi dəyərli bir şeyi axtardığı kimi məni axtarırdı. Nəhayət, axşam çağı evə qayıtdım.

İnsanlar dəyərli bir şeyin dəyərini itirəndə anlayır. Mən də valideynim üçün dəyərliydim, amma onlar məni itirməmiş bunu anlamırdılar. Məni söyürdülər, döyürdülər və sonra qabağıma ləziz yeməklər qoyub yedizdirirdilər. Və buydu qaçmağın nəticəsi.

Evə qayıdanda qonşuluqdakı birinci mərtəbədə yaşayan ər-arvad təəccüblə mənə baxırdılar. Kişi ağ maykada və əlində siqaret, soruşdu:

-A bala, haralardasan? Bayaqdan səni axtarırlar, xəbərin var?

Mən də sağ əlimi cibimdən çıxarıb ürək tərəfə, sinəmə vurub "Sağ ol, dayday, sağ ol”-dedim. Kefli cavab verməyimdən elə bildi bir az içmişəm.

Binaya daxil olub liftlə yuxarı çıxıram. Liftin düymələri də qəribədir. 5-i basırsan, 8-ə çıxır. Özü də gərək lazım olan düyməni liftin qapısı bağlanandan sonra basaydın. Əhmədlidə belə qəribə, tərsəməzhəb liftimiz var idi. Evdə məni səbirsizliklə gözləyirlər, buna yüz faiz əmin ola bilərsiz. Qapının zəngini basıram və qapını bacım açır. Anam əlində telefon nömrələri yazılmış bloknot ora-bura zəng eləyirdi. Məni görüb ikisi də təəccüblə mənə baxdılar. Səssizlik. Hiss edirdim ki, yüz faiz nəsə olmalıdır. Ayaqqabılarımı təzəcə soyunub evin kandarında dayanmışdım ki, qonaq otağında kresloda əyləşmiş kiminsə ayağını gördüm. Bu, atam idi. Gözlərimi yumub ofladım. İndi neyləyim? Bəlkə qaçım? Yaxşı fikirdi. Qaçdıq eee!

 

ŞvartsMan

30.06.2014