"Təhminə və Zaur"un rejissorundan yazıçı Anara cavab
TV
- 10.11.2018
- 0 Şərh
- 7228 Baxış
"Təhminə və Zaur" serialının rejissoru Sain Qəhrəman Xalq yazıçısı Anarın "Serialı "Təhminə və Zaur” yox, "Tahir və Zöhrə” adlandırardılar" iradına cavab verib.
Rejissor "Ölkə.Az"-a bildirib ki, sözgedən ekran işi öncədən yazıçıyla razılaşdırılıb:
"Anar müəlim böyük sənətkarımızdır, hamımızın hörməti var. Biz onun povestinin motivləri əsasında serial çəkirik. Serialdan anlayışı olan şəxs bilir ki, bu necə çəkilir, necə yazılır. Türklər də, dünyanın digər ölkələrinin rejissoru da serialı belə çəkirlər. Sözün açığı, onun əsərlərinə qoyulan tamaşalardan da xoşu gəlmir".
Əməkdaşımızın ""Təhminə və Zaur" serialın populyarlıq qazanması naminə seçilmiş addırmı" sualına rejissor belə cavab verib:
"Populyarlıq boş şeydir. İndi filan adla reytinq qazanacağam, populyarlıq əldə edəcəyəm kimi şey yoxdur. Sabah yerindən duran hansısa ssenarist elə bir şey yazar ki, bütün əsərləri əzib keçər. Serial gündəlik tələbatdır, insanların baxa biləcəyi bir şeydir. Ssenari müəlliflərinin təklifiylə ortaq qərara gəlib, bu adı seçmişik. Mənim də iştirakımla Anar müəllimlə görüşümüz oldu, tretmantı ona göstərdik, xeyir-dua verdi. Ona hörmətsizlik etməmişik və etmərik də. Qarşıda iki yüz bölüm var. Təbii ki, iki yüz bölüm davam etməsi üçün orada nəsə baş verməlidir. Onun yazdığı isə cəmi bir bölümlükdür. Özünə də demişdik ki, hadisələri genişləndirəcəyik. Serialda Təhminə və Zaur problemiylə yanaşı, bir neçə problem də qoymuşuq. Biz əgər serialda Anar bəyin yazdıqlarının motivlərini çəkib, adını "Tahir və Zöhrə" qoysaydıq, bu, hörmətsizlik olardı. Görüşümüzdə də qonorar söhbəti olmayıb. Hətta qonorar tələbi olarsa, bu işlə mən məşğul olmuram. Mənim işim seriala quruluş verməkdir".
Qeyd edək ki, Xalq yazıçısı Anar "525-ci qəzet"ə açıqlamasında müəllifi olduğu "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında lentə alınan ekran işini tənqid edib. O bildirib ki, serialın ssenarisi ona göstərilməyib:
"Ssenarini (əgər o doğrudan da vardırsa) mənə göstərmədilər. Bir müddət sonra eşitdim ki, hazır filmi TV kanalı nümayiş etdirir. Bir seriyasına baxdım və bu mənə bəs elədi. Tam məsuliyyətlə bəyan edirəm ki, bu serialın mənə, mənim əsərimə heç bir dəxli yoxdur. Serialın adı, dediyim kimi, pyesimdən alınıbdırsa da, personajlar romanın qəhrəmanlarının adlarını daşıyırlarsa da, bu serialda tamamilə başqa hadisələr cərəyan edir, tamam başqa süjet qurulub (əgər buna süjet demək olarsa), xarakterlər bambaşqadır, mənim obrazlarıma qardaş-bacılar, qohum-əqraba uydurublar, bir sözlə, təlqin olunan fikirlər, ideya, məzmun, davranış və danışıq tərzi mənim mətnlərimdən yer-göy qədər fərqlidirlər. Odur ki, bir daha təkrar etməyə məcburam, "Təhminə və Zaur” adıyla teleekrana çıxarılanların çırpışdırılmış adlardan başqa mənim əsərimə heç bir aidiyyatı yoxdur. Bu əsəri, məsələn, "Tahir və Zöhrə” də adlandırmaq olardı. Bəzi tanışlarım məsləhət görürdülər ki, müəllifləri bu pirat hərəkətlərinə görə məkəməyə verim. Razı olmadım, bunu etsəydim, dolayı yolla bu əsərin nə şəkildəsə mənə aid olduğunu etiraf etmiş olardım. Filmin bədii səviyyəsinə gəlincə, yalnız bir seriyasına baxmaqla özgələrin işinə qiymət vermək istəmirəm. Serialın başqa bölümlərinə baxmamışam və baxmağa da nə niyyətim, nə həvəsim var".
Xatırladaq ki, quruluşçu rejissoru Sain Qəhrəman olan serialda Təhminə obrazını Natavan Ələkbərova, Zaur rolunu Cövdət Şükürov, Spartakı isə Cavidan Novruz oynayır.