Tehran Əlişanoğlu. Tunc Mələyin Azərbaycan səfəri

Tehran Əlişanoğlu. Tunc Mələyin Azərbaycan səfəri

Belə bir ad-imza peyda olub ədəbiyyat müstəvisində: Vahid Məmmədli. "Kaspi”də və "Kultaz”da, "Azadlıq radiosu” və "Ulduz”da növbənöv yazılar qoyub, elə bil boşluqları sınayır; aya görüm, qələm əhli nə deyəcək, oxucular bəs nə deyəcək bu barədə: təzə, əvvəllər kiminsə diqqət eləmədiyi nöqtələrə. Lap mahir qəhrəmanı Tunc Mələk kimi.

Tunc Mələk – Dmitri Ağayev "Cəllad tələsməyi sevmir” əsərindəndir. Vahid Məmmədlinin rusca yazdığı "Palaç speşit ne lyubit” ("Cəllad tələsməyi sevmir”), "Qeksoqenevıy poputçik” ("Heksogenli yol yoldaşı”) əsərləri on min tirajlarla neçə dəfə oxucu auditoriyalarını dolaşıb; dediyinə görə: Tunc Mələyə yenə-yenə hacət var, eləcə oxucular istəyir gəlsin və qansız-qadasız, ağlının və son dərəcə həssas intuisiyası gücünə dolaşıq düyünləri açsın, nə qədər insanı ölümdən qurtarsın. İlk əsəri "Cəllad tələsməyi sevmir” elə orijinal bir: "qansız döyüş” janrıyla da işıq üzü görmüş. Bəli, cənablar, deyən, Çingiz Abdullayevdən sonra daha bir detektiv ustasına təzim etməli olasıymışıq.

Doğrusu, hələ üç il öncə Yaradıcılıq fakültəsindən olan tələbəm Bülbül mənə bu növbəti "təhlükə”dən danışanda bənd olmamışdım; bizlik deyil düşünmüşdüm, onlarda isə nə çox! Bizim gücümüz belə şeylərdə ya Mixaylonu uydurmağa, ya da cibgir Şantiklərə ancaq çatır. Amma insafən Tunc Mələk Dronqodan daha millidir; buna mən Vahid Məmmədlini oxuyandan sonra əmin oldum. Təkcə onunla yox ki, soyadı "Ağayev”dir qəhrəmanın və yeri gəldikcə də müəllif hadisələrin ağasının məhz azərbaycanlı olduğunu qəsdən vurğulayır. Başlıcası düşüncəsində, davranışında, hərəkətlərində və əxlaqında özgədir, yəni onların yox, bizimdir Tunc Mələk!

Və hətta "Cəllad tələsməyi sevmir” əsərində situasiya belədir ki, İraqda qaçırılıb girov alınmış işçini qurtarmaqçün rus şirkəti Rusiyadan tanınmış müstəqil detektiv Dmitri Ağayevi dəvət edir; ərəbcəni gözəl bilən, lakin ləhcəylə danışan detektiv dörd ətrafında müharibə getdiyi bir halda amerikan əsgərləri ilə üz-üzə özünü Kərkük türkü kimi qələmə verməli olur; böyük Azərbaycanlılıq duyğusundan bir vəcd duydunuzmu?! Sonrasına baxın, rus şirkətinin işçisini pul verib geri qaytarırlar; amma Ağayev ölümünü göz önünə alıb təhqiqatı dayandırmamaq qərarına gəlir, çünki bahəm bir italyan jurnalisti girov götürülüb, onu da qurtarmağı vicdani borc bilir. Təbii ki, detektiv qələbə ilə başa çatır, İtaliya xalqı mətbuatın müjdəsi ilə Ağayevi əzizləyir, əslində kim olduğunu bilmədən. Tunc Mələk adını da Ağayev italyan mətbuatında qazanır. Bir daha qürurlandıqmı, söhbət sadəcə azərbaycanlıdan gedir!

Bu da hələ hamısı deyil; növbəti əsərdə ("Heksogenli yol yoldaşı”) biz adlı-sanlı soydaşımızı ABŞ-dan, böyük bir əməliyyatı başa vurub-gələn görürük; indi o, Rusiyada adi bir insan, təqaüdçü-sürücünün qətli ilə bağlı çox dolaşıq bir işə girişəcək, həm də heç nədən, alicənablıq göstərərək dost sifarişini yerinə yetirəcək. Amma əsərdə Tunc Mələk hamını təkcə bir centlmenliyi, nazikliyi, daxili genişliyi ilə heyran eləmir ki; tezliklə, Dövlət üçün təhlükəli terrorçu dəstənin izinə düşdüyünü duyub, vaxtında həyəcan təbili çalır; nə qədər insan mənasız ölümdən xilas olur! Fəxarətdirmi? Təbii!
Bir sözlə, azərbaycanlılıq, Azərbaycan adına əməl! – Vahid Məmmədlinin əsərlərinin birbaşa ideya planında gizlənir. Ki, rus dilli ədəbiyyatımız haqqında çox vaxt bunu deyə bilmirik. Nə isə. Oxucu zənn etməsin deyə, Çingiz Abdullayevin bostanına daş atmaqdan vaz keçək; çünki Vahid Məmmədlinin özü də nədənsə, - bu mənimçün hələ ki bir sirdir, - ona böyük uğur vəd verən detektivdən vaz keçir. Hər halda bu yöndə mən onun üçüncü bir əsərini tapammadım. Əvəzində "Kaspi”dən Kultaza, Azadlq radiosundan "Ulduz”a doğma dildə qələmə aldığı hekayələrini oxumalı oldum.

Doğrudur, bu hekayələrdə də elə bil hardasa kənarda bir Tunc Mələk nəzəri gizlənib; bu və digər nöqtələrə həssas olmağı təlqin edir. Məsələn, "Qırmızı böyürtkən” hekayəsində sanki sərhəd kəndlərindən birində böyürtkən satıb-dolanmaqla sosial problemlərini həll etməyə çalışan bir ailədən söhbət gedir; gəl hadisələrin cərəyan elədiyi sakit-toxdaq fona baxın bir: bu narkotik alveri qara-qırmızı rəngləri ilə görən nə deyir bizə? Amma açığı, hekayələri daha çox Vahid Məmmədlinin Azərbaycan dilində yazmaq məşqləri kimi gəldi mənə. Həm İdeya dominantına görə, həm də Dil ideyanı publisistcəsinə alıb gərəyincə üslublaşdıra, üsluba otuzdura bilmir – deyin.

Bəlkə də buna görədir, "Buddanın qayıdışı”nın sorağı artıq Hindistandan gəlir, əsəri hindcəyə çevirmişlər; bizdə isə reaksiyası varsa da, az qala yox kimidir. Həyatı və ölümü fonunda İnsanın mənası ideyasına köklənən hekayədə, görünür, hind motivləridir hindləri titrədən. Amma digər hekayədə olduğu kimi, burda da sosialçılıq materialı qabararaq, əsas mətləbi görməyə əngəl olur. Məsələ burasındadır ki, son illər bizdə bomj həyatına ifrat diqqət mövzunu xeyli aşındırıb, az qala küllükdə eşələnmək təəssürü yaradır. Yenə də üslub İdeyanı tam həzm edə bilmir; Tunc Mələyin nəzərləri qalır bir yanda, hind motivləri o yanda...

***

Feys-buku (facebook) yaradanlardan allah razı olsun, Vahid Məmmədliylə Feys-də rastlaşdım və biz dost olduq. Son beş-yeddi illik ədəbi aləmin hər yerindən xəbər verir, həm də dürüst, nöqtəsinəcən, kim nə edir, necə edir, niyə edir, yazdığı nə, pozduğu nədir; sanki bu aləmlə nəfəs alır. Nə bilim, bəlkə də birbaşa peşəsiylə bağlıdır; hüquq doktorudur, analitikdir, beynəlxalq hüquqa dair əsərlər müəllifidir. Təbii ki, bu şeylər ədəbiyyatda məni çox da ilgiləndirməz; odur ki, əsas sirri öyrənməyə tələsirəm: necə olur ki, Vahid Məmmədli rus dilinin yaratdığı böyük şöhrət imkanlarını buraxıb dar, qapalı, özünə qapıldıqca da qapanıb qalan Azərbaycan dilli ədəbiyyata transfer edir, ağlasığanmıdır bu? İnandırıcı bir dəlil eşitmirəmsə də, əvəzində mənə yeni kitabını bağışlayır; üstü və içi müəllifin çəkdiyi özümlü boyakarlıq nümunələri ilə (– !!!) bəzəkli "Atropatena dastanı (epos-trilogiya)”. Dədə Qorqudu anıb: hə, bu artıq Kamal Abdullanın, yox, daha düzü, Anarın bostanına atılan daşdır, deyirəm; K.Abdulla dastanı romanlaşdırmaq yolunu tutmuş, Anar isə kino-dastan versiyasını yaratmış...

Burdaca vərəqləyib: birinci kitab "Albaner”, ikinci kitab "Qazaka”, üçüncü kitab "Atropat”, Musa Kalankatuklunun "Albaniya tarixi”ndən, İncil, Matveyin kitabından epiqraflar görüb, əsərin İdeya vurğusunu da çox tez tapıram. Əsər belə başlayır: "Zaman o zaman idi ki, Qafqaz Albaniyası çarlığı Kiçik Midiya dövlətinin tərkibində idi...” Bu isə sonluqdur: "Həmin vaxtdan etibarən bütün dünyada hamı bu ölkəni Atropatkan, Atropatena, Azərbaycan – deyə adlandırmağa başladı. Qüdrətli hökmdar Albaner və Atropatın bütün yer üzünə səpələnmiş nəvə və nəticələri, harada yaşamalarından asılı olmayaraq, daim fəxr və qürur hissi ilə deyirdilər: "Biz Azərbaycanlıyıq! Biz odlar yurdunun övladlarıyıq. Biz məğlubedilməzik...”

Belə. İdeya ilə hər şey bəlli. Sonrasına baxaq. Əslində, məzə olsa da, kino-dastan versiyasında çox da yanılmamışam. Məlum olur ki, Vahid Məmmədli epos-trilogiyası ilə daha bir yeniliyə imza atmağı düşünmüş: "Atropatena dastanı” dünya oxucularının maraq göstərdiyi fentezi janrının tələblərinə uyğun, ana dilində yazılan ilk əsərdir. Olsun. Rus dilli yazarlarımızın bir xidməti də elə bundan ibarətdir ki, milli dilə transferlərində ədəbiyyatımızın meydanını yeni janrlar hesabına genişləndirir, müasir normalara yaxınlaşdırırlar. Doğrudur, mən elə də yüngül janrlar həvəskarı deyiləm, amma 470 səhifəlik kitabı əməlli-başlı oxudum, nağıl oxuduğumuz çağların ləzzəti ilə oxudum. Və bir az da o məqama yer qoyaraqdan ki: elə-belə olmur, əsəri bəs sənə oxudan qələmin təpəri də yox deyildir burda.

Əvvəla bu ki: Vahid Məmmədli çox enerjili yazır; həm də adətən qəhrəmana, bu və ya digər personaja yüklədiyi enerjini o qədər əzmlə yönəldə bilir ki, istər-istəməz oxucuya da sirayət edir. Bəli, bu bir kinomatoqrafik xüsusiyyətdir; ümumən V.Məmmədlinin təhkiyə tərzində bu var; "Cəllad tələsməyi sevmir” əsərində qəhrəman minalanmış sahələrdə, başına yerdən və göydən atəş yağa-yağa irəlilərkən, sanki amerikan döyüş filmlərindəki səhnələri görürsən; bircə şeyə inanmalısan: nə olur olsun, qəhrəman sağ qalmalıdır!; və buna inanırsan. Bu, magik qüvvələrin, sehrli silahların işə qarışdığı "Atropatena dastanı”nda da belədir; Albanerin və Atropatın hər cür nəhənglərlə savaşa girdiyi, yerdə, göydə və suda davam edən kadrlar elə sürətlə əvəzlənir ki, elə bil ekranda film-fentezilərə tamaşa edirsən. Təbii, əhsən deyib, bu bəy tərifini elə burdaca saxlamalıyıq; istəsək belə, bizim həmin dastanı filmə çevirəsi kinomexanizmimiz yox.
Epos üslubu bu dəfə dəqiq seçilmişdir. Əslində, bu, bizə məlum dastançılığımızın üslubu deyildir; axı "Dədə Qorqud” da daxil olmaqla bizim dastançılıq 1300 il öncədən bu yana, yəni yetkin orta əsrlərə bağlıdır. "Atropatena dastanı”nın mövzu planı isə antikliyə və ilkin orta əsrlərə hesablanmışdır; odur ki, biz burda daha çox sehrli nağıllarımızda rastladığımız atmosferi görürük. Bir yanda əjdahalar, divlər, uçan-yeriyən-üzən nəhənglər, çoxbaşlılar, əfilər mühiti – məsələn, adlara diqqət edin: Falkona, Ksombard, tambukanlar, yırtıcı atlar, timsahbaşlılar; digər tərəfdən onları ram edən və yönəldən sehrbazlar, maqlar dəstəsi: qara magiyanın başçısı Nadovar və onun "Zülmət gecə” ordeni: İfritə, Nersun, Vazar, Səhlab və bir-birini əvəz edən bu qara sehrə qarşı duran ağ magiyanın ustadı Yelisey – yenə də bizə qərib adlardır. Eləcə də qəhrəmanların, obrazların adları: Albaner, çar Vaçe, Şamon, şah Artaban, İqlasion, Mehrican, Kəsirə, Oğuz, Harun, Çarxan, Ktaro, tacir Aqaband, Atropat, İsmayıl, Asmiralla, Asena, Valmon, Maktum və s. və i. – cüzi istisnaları çıxsaq, bu gün yad səsləndiyi qədər də qədim epos mühitinə yaraşanlardır.

Qədim eposun ərazisi, təbii ki, bizdə İslam tarixinə, deməli, həm də oğuznamələrimizə qədərki zamanlardadır. Amma axı bu dövrə dair yazı mənbələri var; məsələn, Musa Kalankatuklunun "Albaniya tarixi”. Və mənbəylə tanış olanlar (məsələn, bax: Bakı, 1993) bilir ki, bu – xristian dini kitabları üslubunda olan bir əsərdir; tarixlə yanaşı burda hələ kahinlər var, qəhrəmanlıqla bahəm magik qüvvələr var, xristianlıqla yanaşı bütpərəstlik var, islama qarşı aqressiya var, tarixi vətənpərvərliklə yanaşı ibrət qroteskləri var və s. Onsuz da erməni məxəzlərindən bizə gəlib çatmış "Alban tarixi”ndə "erməni izləri” açıq-aşkardır, halbuki burda Albaniya birmənalı olaraq Erməniyyəyə qarşı durur; xristian ya bütpərəst qədimlərə gömüb ermənilərin xeyrinə bu ərazilərdən büsbütün uzaqlaşmaqda haqlıyıqmı? Söhbət bu halda Ziya Bünyadov, Fəridə Məmmədova kimi tarixçilərimizin fədakarlıqla apardığı mübarizədən getmir; kütləvi vətənpərvərlik təbliğindən gedir. Koroğlu, Babək, indi bir az da üstünə gəlib Dədə Qorqud oğuznamələri; qəhrəmanlıq sərhədlərini daha da qədimlərə çəkmək zamanları çatmamışmı? Bu mənada "Atropatena dastanı” təkcə ideya-mövzusu ilə deyil, poetikasında da özünü doğruldur.

Bu, tarixi əsər deyil, antik tarixə sadəcə geniş-kütləvi maraq oyatmaq istəyən bir fentezidir, tarix mövzusunda fantaziyadır. "Albaniya tarixi”ndə hələ bugünkü anlamda Azərbaycan yoxdur ki; əvəzində Midiya var, Albaniya var, Atropatena var; Sünikin, Qəbələnin, Bərdənin adı keçir; Dərbəndin, Hun ölkəsinin, Xəzərlərin adı keçir; Parfiyanın, Sasanilərin, Xilafətin, Bizansın, İberiyanın, Erməniyyənin adı keçir. "Atropatena dastanı”nın coğrafiyası, təbii ki, müəllif tərəfindən daha dürüst düşünülmüşdür; burda Albaniya var, Dərbənd knyazlığı var, Qazaka var, "Alban tarixi”ndəki Bahiraya uyğun əfsanəvi Sahira var, gözəl Dilmun ölkəsi var... Obrazlardan vur-tut bir neçəsinin adını "Albaniya tarixi”ndə tapmaq olar: Vaçe, Yelisey, Artaban, Vaçaqan, Atropat... Hətta "Alban tarixi”nin tarixi qəhrəmanı Cavanşir belə burda yox; axı Albaner daha qədimliyi təmsil edir, onun hünərləri həqiqətən də əfsanəvidir, Məlikməmməd nağılları qiyafətinə girmişdir... Həmçinin qara və ağ magiyanın mübarizəsində müəllif  nağıl və dastanlarımızda gizlənmiş mifoloji motivlərdən uğurla bəhrələnir...
Doğrudur, əsərin dilində yenə də ümumi atmosferə yaraşmayan xam cümlələrə, redaktə istəyən passajlara rast gəlmək olur; hətta dil bəzən elə bil ki, azərbaycanca təzəcə yazmağa başlayan yazardan xəbər verir. Qəribə tələskənlik, müəyyən faktik uyuşmazlıqlar isə yalnız çaşqınlıq oyadır; amma o da var ki, kütləvi oxuya hesablanmış epos üslubu asanca islah olunası bu xətaları içində əridib-görünməz edir.

Bu da belə. Tunc Mələyin Atropatena səfəri, şəksiz ki, uğurla sonuclanmış; düşünürəm: azı ilkə imza atdığına görə. Bəs görən, Vətənə səfərini yaxını qoyub da Tunc Mələk niyə belə uzaqlardan başlamış, üstəlik də gerçək savaşlar yox, fentezi qanadlarında? Bunu Vahid Məmmədlidən sormağım gəlir də, amma ürək eləmirəm. Çün mənim qeydlərim burda bitir; sonrası nə olur, baxaq görək.

31 dekabr 2010 – 1 yanvar 2011