Türkiyəli məşhur ədibin məzarının yeri müəyyən edilib

Türkiyəli məşhur ədibin məzarının yeri müəyyən edilib

Türkiyənin məşhur şair, dramaturq, jurnalist və naşirlərindən olan İbrahim Şinasinin məzarının İstanbulun Beyoğlu rayonunun Gümüşsuyu prospektində yerləşən "Ayaspaşa Palas” binasının altında olduğu müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, İ.Şinasinin məzarının burada olması tarix tədqiqatçısı Mehmet Dilbaz tərəfindən aparılan bir sıra araşdırmalar nəticəsində aşkarlanıb. Belə ki, adıgedən ərazi XVI-XX əsrlər arasında "Ayaspaşa” qəbiristanlığı olub. XX əsrin əvvəllərindən etibarən buradakı məzarlar hissə-hissə yox edilməyə, üzərlərində binalar inşa olunmağa başlayıb. Bu, 1890-1920-ci illər arasındakı İstanbulun fotoşəkillərində də öz əksini tapır. Bölgədəki məzarlardan biri də 1871-ci ildə vəfat edən İ.Şinasiyə aiddir. Ədibin məzarının yerləşdiyi ərazi 1934-cü ildə dövlət balansına daxil edilib və buradakı qəbirlər başqa bir yerə köçürülmədən üzərlərində binalar inşa olunub. Tikinti prosesi etirazlara səbəb olsa da qarşısını almaq mümkün olmayıb.

Ədibin məzarının yerləşdiyi ərazidə inşa olunan binanın üzərində onun xatirə lövhəsinin vurulması təklif edilib.

Türk ədəbiyyatında xüsusi və özünəməxsus yeri olan şair, eyni zamanda, türkcə nəşr olunan ilk özəl qəzetin naşiridir. Osmanlı padşahlarından olan Əbdülməcidin göstərişi ilə Parisdə təhsil alan İbrahim Şinasi sonralar öz mətbəəsini yaradıb.

Qeyd edək ki, İ.Şinasinin məzarının olduğu Beyoğlu rayonu İstanbulun ən tarixi və mərkəzi hissəsidir. Bu ərazidə "Taksim” meydanı, "Qalata” qülləsi, İstiqlal prospekti kimi tarixi və turistik yerlər var.