Ukrayna yazıçısının romanı Bakıda yayımlandı - Qəhrəmanı azərbaycanlıdır
YENİ KİTABLAR
- 10.09.2021
- 0 Şərh
- 10334 Baxış
Tanınmış Ukrayna yazıçısı Viktoriya Qranetskanın "Xoşbəxt” romanı nəşr olunmuşdur. "Nurlar” nəşriyyatında yayınlanan romanı Ukrayna dilindən Azərbaycan türkcəsinə gənc ədəbiyyatşünas və tərcüməçi Qumru Şəhriyar çevirmişdir.
Yarpaq.Az-ın verdiyi xəbərə görə, gerçək olaylar əsasında qələmə alınmış "Xoşbəxt” romanı Viktoriya Qranetskanın 2015-ci ildə "Sözün taclandırılması” Beynəlxalq ədəbi müsabiqə-sinin özəl mükafatına layiq görülən üçüncü romanıdır.
Müəllif müsahibələrinin birində bildirir ki: "Çağdaş Ukrayna ədəbiyyatında prinsipial olaraq yeni bir şey yaratmaq istədim – başqalarının və daha əvvəl yazdıqlarımın fonunda fərqlənəcək yeni bir şey. Məncə, Ukrayna müsəlmanları mövzusu gərgin, mürəkkəb və hər zamankındən daha aktualdır...”
Qeyd edək ki, Viktoriya Qranetskanın "Xoşbəxt” romanının süjet hörüyü Azərbaycanla bağlı məqamları ilə səciyyəvidir və müəllifin belə bir mövzuya müraciəti təsadüfi deyildir. Belə ki, əsərdə hadisələr ukraynalı pravoslav qız (Olesya) və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan, köçkünlük səbəbindən ailəliklə Vinnitsaya sığınan türk-müsəlman oğlanın (Yusif) sevgi münasibətləri ilə bağlı real, gerçək olaylara söykənən süjet hörüyü üzərində qu-rulmuşdur. Romanda təsvir olunan hadisələrin dramatizmini ukraynalı qızın sevgisi naminə dinini dəyişərək islamı qəbul etməsi gücləndirir. Onların evlili-yindən doğulan oğlana qoyulan Səid adı ukraynacaya tərcümədə "xoşbəxt” mənasını verir – romanın adı da burdan qaynaqlanır. Lakin uşaq sağalmaz xəs-tə kimi doğulur və onun sağlamlığı uğrunda mücadilə süjetdə əhəmiyyətli yer tutur. Əsərin qəhrəmanları qarşılaşdıqları anlaşılmazlığa və yaşadıqları çevrənin ciddi müqavimətlərinə baxmayaraq bütün çətinliklərin dəf etməyi bacarır və roman xoşbəxt sonluqla bitir.
Yazıçının yaradıcılığında önəmli yer tutan "Xoşbəxt” romanı sevgi mövzusundadır. Eyni zamanda, "Tanrı, ümumiyyətlə din və xüsusilə islam dininin hakim olmadığı toplumda islamın qavranılması, Ukraynadakı müsəlmanlar haqqında stereotiplərlə mübarizənin əhəmiyyəti” kimi o qədər də sadə qavranılmayan problemlərdən bəhs edir.
Romanın Azərbaycan nəşrinə "Sevgi – xoşbəxtliyin açarı” adlı geniş ön söz yazmış yazıçı Vaqif Sultanlının qənaətincə, "...istər dünya, istərsə də Azərbaycan ədəbiyyatında fərqli dinlərin, inancların yaratdığı maneələri aşaraq biri-birinə qovuşan, vüsalla (bəzən də faciəyə aparan vüsalla) bitən sevgilər barədə xeyli əsər yazılmışdır. Yaranan hər bir mükəmməl mətndə sevginin tanrısallığı önə sürülmüş, toplumların qutsallaşdırdığı dəyərlərin və insanlığa xas bütün digər yanaşım və münasibətlərin ondan sonra gəldiyi qənaətinə tapınılmışdır. "Xoşbəxt” romanında isə mövzunun fərqli çalarlarına baş vurulması, burada qaldırılan problemin təməlində dini inanclardan qaynaq-lanan yasaqlardan çox, mənəvi-əxlaqi fərqliliklərin sevgiyə – xoşbəxtliyə aparan ortaq məqamlarının qabardılması diqqəti çəkir”.
İnanırıq ki, Viktoriya Qranetskanın "Xoşbəxt” romanı geniş oxucu auditoriyasının diqqət və marağını çəkəcək, ədəbi tənqid tərəfindən layiqincə dəyərləndiriləcək, Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.