
Vaqif Nəsib. Səs Mayılın şahlıq quşu (Hekayə)
- 29.01.2020
- 0 Şərh
- 2094 Baxış
Yasamal
dağlarının ətəklərində qoyun-quzu otaran, əlinə maya salıb bu həndəvərin
fermerlərinin birinə çevrilmək istəyən yetim Mayılın ağlına da gəlməzdi ki,
günlərin bir günü adının qabağına "səs" ayaması uçub qonacaq.
Ata-anasını avtomobil qəzasında itirmiş uşaq Yasamal ətəyindəki dədə-baba kəndində,
baba, nənə himayəsində böyüməli olmuşdu. Onları da növbəylə kənd qəbiristanlığında
torpağa tapşırandan sonra bir müddət nə edəcəyini bilməyib quzu kimi mələməyə
başlamışdı. Xeyli müddət bir tək özünün eşidə bildiyi həmin mələrti bəlkə də
Allah-taala vasitəsilə kəndin bir xeyirxahının da qulağına çata bilmişdi. Həmin
xeyirxah bəndə də Şəmkirdən kəndlərinə toya gəlmiş ət Əli olmuşdu. Yetim bir az
nəmər döşürsün deyə, tamada Süleyman onun ayağını kənd toylarına açıb hörmət və
savab qazanmaq istəmişdi. Xanəndələr yorulub tərini silməyə hazırlaşanda bığ
yeri tərləməmiş yeniyetməyə meydan verməyə başlamışdı. Uşağın mahnısının bu həndəvərin
varlı-karlı, çörəkli adamının xoşuna gəldiyini görəndə Əli Ocaqqulu oğlu vasitəsilə
ona çörək ağacı əkmək fikrinə düşmüşdü.
- Bu
uşağı toylarda mən mələdirəm. Əvvəl ata-anasını, sonra da baba-nənəsini itirib
yurdda tək qalıb...
Səhəri,
yetimin mələrtilərini kəsmək üçün Əli kişi yolunu onun nənə, baba ocağına
salmışdı. Özündən qabaq xeyli müddət bərəkətdən xapan qalmış həyətə bir xeyli
qoyun-quzu buraxmışdı.
Sözə xəsislik
eyləyən adam həyətdən gələn xeyirxahlığının mələrtilərinin müşayiətilə uşağa ürək-dirək
verməyə xəsislik eləməmişdi.
-
Qoyun-quzu bərəkətin ən artımlısındandı.
Çalışıb
onlara meylini salsan, hənirtini hiss elətdirə bilsən az zamanda sürü sahibi
olarsan. Amma həndəvərində eldən də, çöldən də canavarlar olduğunu yadında
saxla. Vaxtlı-vaxtında yalquzaq dişlərinin şaqqıltısını eşitsən zərər çəkməyəcəksən.
Sənə bir çoban iti də göndərəcəyəm, ətrafımızdakıların çoxundan vəfalı olan o
heyvanın qiymətini bilsən qiymətini bildirəcəksən. Hərəniz bir tərəfdən eldən-çöldən
sürüyə göz kəsiləcəksiniz. Bu tərəfin mal oğrularına təpinəcəyəm, sən tərəfə
xain gözlə baxmasınlar. Amma dünyanın işini bilmək olmaz. Heyvanının bir-ikisi
qayadan uçsa, bir-ikisi canavarın payına düşsə, damazlığın kəsilsə ayağını Şəmkirə
yanıma qoyarsan.
Əli
Ocaqqulu oğlunun bu həndəvərin halal ocaq adamlarından birinin əli də bərəkətliymiş.
Göndərdiyi balaca çoban itiylə bərabər, ərməğanı balaca sürü böyüməyə,
Yasamalın yaşıl yamaclarının bərəkət incisinə dönməyə başladı.
...Hələ
cavanlığından qaraşın, suyuşirin Yelmarın adının qabağına, mənasına uyğun,
ayama yapışdırmışdılar: qara gürzə. Gəncənin əsilli-nəsilli bir tayfasının əziz-xələfi
olan həmin oğlan barmağını uzatmağıyla arzularına çatmağa başlamışdı. Onuncu
sinifdə barmağını qızıl medala tərəf uzadıb qazanmışdı (ağzında qızıl dişləri
var-dövlətinin rəmzi kimi parlayan atasının qızıldan qiymətli dostlarının,
qızıla bərabər kəlmələri hesabına). Sonra həmin barmaq universitetin zirvəsi
sayılan Hüquq fakültəsinə tərəf uzanmış və həmin ilin payızında sahibini həmin
fakültənin birinci kursunda oturtmuşdu. Və nəhayət, barmaq sahibini müstəntiq
kürsüsündə əyləşdirmişdi. Həmin zaman atası Qara Camal gələcək ağ günləri naminə oğluna nəsihətini
lazım bilmişdi.
- A
bala, bilirsən ki, azdan-çoxdan hər şeyimiz var. Sənin tutduğun vəzifənin hökmdən
yeli, qazancdan seli də bəllidi. Amma hələlik inkişafını gözünün qabağına gətirib
tamaha tət de. Bir kimsəyə nə barmaq silkələ, nə də ovcunu qaşındırıb rüşvət
iştahasına düş.
Həmin nəsihət
sonrası cavan müstəntiq ədalət keşikçisinə dönməyə çalışmışdı. Qabağındakılara
hökmünün qılıncına bərabər barmağını silkələməmiş, onu demək olar ki, səsinin
içinə köçürmüşdü.
Düzlüyünə
arxayın adamın qabağındakılarının üstünə həmin barmaq, səs şəklində silkələnməyə
başlamışdı. Və səs şəklində qıvrıla da bildiyindən bir növ ədalətin qara gürzəsinə
də bənzəmişdi.
İş
yoldaşları da bunu yavaş-yavaş görməyə və hüquqi qiymətini verməyə başlamışdı.
- Düz
işləməyə düz işləyir. Amma təmənnasızlığını səsinin yelmar ilanına döndərib
qabağındakı yazıqları az qala boğub o dünyalıq eləyir.
Bu şəkildə
təmiz ad və ona uyğun oyama qazanmış gənc müstəntiq işlədiyi ucqar rayondan,
bir az Gəncəyə yaxınına dəyişib, bir az da hökmünü artırmışdır. Atası Qara
Camal da oğlunun ayağı dəyməmiş həmin rayondakı dostlarının birinə ayaqaçdı
etdirmək istəmişdi.
- On
beş yaşının tamamında, ad günündə qızıl tapança bağışlamışdın. İndi rayonunuza
baş müstəntiq gəlir. Top-tüfənginin qabağında dura bilin görüm.
- Bizlərə
dost gülləsi dəyməz, yan keçər. Amma dədəsi ayaq qoymasa, şəhərin girəcəyini
top-tüfənglə kəsib onu içəri buraxmayacağıq.
Dostunun
oğlunun şərəfinə Ocaqqulu oğlu, Yasamal həndəvərinin bulaqlarının üstündə ziyafət
təşkil elədi. Həmin məclisi də bir təsadüf bir az da şənləndirib, Əli kişinin əlinin
bərəkətinin tənənəsinə çevrildi. Yenicə qızışmağa başlayan məclis əhlinə məlahətli
bir səs əl saxlatdı. Məclisin lalələrinə bənzəyən badələr bir müddət havadan
asılı qaldı. Aşıqbaz Qara Camal üzünü dostuna tutdu.
- Bu
kimdi belə, Ocaqqulu oğlu, səsiylə dağı-daşı yandırır. Sizinkilər ki, qəlife
şalvarları belindən düşən aşıqlar olur. Qaşqalarına pul yapışdırana qədər gözlərini
yumub oxuyurlar.
- Mən də
birinci dəfə eşidirəm. Qulu gedib qarmalayıb gətirər, özüylə də, səsiylə də
yaxından tanış olarıq.
Qulunun
gətirdiyi cavan ən çox prokuror paltarındakı adamdan təşvişləndi. Canavar dişinə
keçəcəyi qorxusu rəngini-rufunu qaçırdı. Amma yaxsı ki, bu çox çəkmədi. Həyəcanından
tanımadığı xeyirxahı yaxınlaşıb alnından öpdü.
- Bu,
damazlıq verdiyin bir yetimçə idi. Maşallah olsun, özünə gəlib, dağlara,
daşlara səs salmağa başlayıb.
Əli
kişiylə görüşü, onun dağdan ağır sözləri Mayılın gözlərini yaşartdı. Özünə güc
gəlib, sözlərini güc-bəlayla ərsəyə gətirə bildi.
-
Dünyadan bezib özümü Qızılqayadan atmaq istədiyim zaman Əli əmimin xeyirxahlığı
çatıya dönüb məni həyatıma qaytardı. Onun verdiyi bu canım belə bir kişiyə həmişə
qurban ola bilər.
Kəcavələr
düzüm-düzüm düzüldü.
Talenin
müəllifi olduğu bir təbii tamaşa ovqatları Yasamal dağı zirvələrində qıy vuran
məclis əhlinin ürəyincə oldu, onun başına hələlik söz əsginasları yağmağa
başladı.
Qara
Camal: Bu yaşıma qədər belə yanıqlı səs eşitməmişəm.
Ocaqqulu
oğlu: Mən özüm də, bu başım haqqı...
Qara
gürzə: Belə səs buralarda itib-batmamalı, gedib xalqa çatmalıdı.
Mayılın
bir-iki havadan sonra mahnı saxlancı qurtardı. Başını aşağı dikib xəcalətini məclis
əhlinə güc-bəlayla çatdırdı.
- Hələlik
bildiyim bunlardı.
Qara
Camal dostu Əlinin qoyun-quzu bəxş etdiyi suyuşirin gəncə qayğı göstərməyə
çalışdı:
- Gəncəyə
ayaq qoyan kimi Behcəti göndərəcəyəm sənə yeni mahnılar öyrətsin. Az müddətdə nəğmələrdən
də bir sürü qoyun-quzun olacaq.
...Nəğmələrindən
sürü düzəltmək Behcətin yaylağa ayaqaçdısıyla başladı. Və həmin xanəndəliyi
hesabı tamahını yaraşıqlı sir-sifəti arxasında gizlədə bilmiş adam nəğmə
sürüsünün ilkinini Mayılı xeyli mələdə-mələdə ərsəyə gətirdi. Və uzun zəhmət
hesabına ərsəyə gətirdiyi sürüsünün qoyun-quzusundan birinin canavarına
çevrildi. Mayıl mehr saldığı qoyun-quzusundan birini qonağına qurban etmək məcburiyyətində
qaldı. (Bircə sürüsünün ilk qurbanlıq sırasındakına mərhəməti özünün əlinə
bıçaq alıb boğazlamaması, həmin "cəlladlığı" qonşu qara Məmmədə ötürməsi
oldu).
Behcət,
şəninə kəsilmiş toğludan qalanını maşınına yerləşdirəndən sonra, ürək-dirəyindən
gələcək müğənniyə yeni əlbisə biçməyə başladı. Həm də bunu ilk görüşünün bir
müşahidəsi üzərində qurdu. Mayılın şalvarının arxasına yapışmış qoyun qığı bu əyin-baş
məsələlərində vasfası adamın nəzərindən qaçmamışdı.
- Ayın
axırından məhərrəmlik başlayır. Baxtından toylarımız kəsildiyindən, sənin əyri-üyrünü
düzəltmək üçün vaxtımız bol olacaq. Bu dəfə sazəndələrin müşayiətilə əsl xanəndə
kimi oxutmağa çalışacağıq. Cunaya büküb bir cəmdəyin açılışını onların gözü
qabağında eləsən, ürəklə çalar, o qoyun hesabı musiqilərində xoruz buraxmazlar.
Qaldı
ki, tez müddətdə səni yetişdirib özümlə toylara aparacağım. Bundan sonra arxana
qığ yox, alnına nəmərlər yapışacaq.
Behcətin
sonrakı təklifi yetim üçün daha gözqamaşdırıcı oldu.
- Bu məlahətli
səs sahibinin canına mal-qara iyisi hopdurub incimə, get-gedə özünün də
qoyunlaşması ürək ağrıdır. Məndən olsa, bu sürünü bazarlayıb, Gəncəyə
daşınasan, ev kirələyib xanəndəliyinə hazırlaşarsan. Bir azdan üstündə şöhrətin,
altında maşının olmasa Behcət adımı dəyişib Höcət qoyaram.
Bu
gözqamaşdırıcı təklif Mayılın qoyun dələməsinə bənzər saqqızını oğurlamağa
başlamışdı. Amma qərarı üçün ikinci bir gözə də ehtiyac duyurdu. Odur ki,
ayağını, əlini çörəyə çatdırmış Ocaqqulu oğlunun yanına qoymağı qərarlaşdırdı.
...Mayılın
söylədikləri, onsuz da qaramtıl olan Əli Ocaqqulu oğlunun sifətini bir az da
tutqunlaşdırdı. Bir anlığa gözü üstə gəzdiyi zaman elə bil Mayılın alın
yazısını oxuya bildi. Və belə yazılardan dönüş olmadığını ömür-gün təcrübəsiylə
kəsdirdiyindən sözlərini kəsələdi. Yolayrıcında dönüküb qalmış oğlanın seçimini
öz üzərinə yüklədi.
- İki
yoluna da baxıb seçimini özün eləməlisən. Mən başına ağıl yox, cibinə bir az xərclik
qoya bilərəm. O da ona görə ki, qoyun-quzuna hələ əl vurmayasan, simsar birini tapıb tapşırasan. Oradan da
peşmanlaşan geriyə keçməyə körpün qalsın.
Əli
Ocaqqulu oğlunun məsləhətiylə sürünü bir yetimə tapşırdı (üstəlik, onun bir
toğlusuna da qıymadı. Ocaqqulu oğlunun başına sadağa cibinə basdığı xərclikdən
bir toğlu alıb, sazəndələrə sazlarını, tarlarını yaxşı kökləməkləri üçün
apardı).
Beləliklə
də sürünü canavara tapşırıb, özü də taleyinin yalquzağına doğru az və üz getməyə
başladı. (Sürünü tapşırdığı yetim onu satıb özünü Rusiyanın şəhərlərindən birinə
vermiş, geriyə Ocaqqulu oğlunun və Yasamal yaylağının körpüsünü yandırmışdı).
Mayılın ancaq və ancaq xanəndə ömrü sürməyi qalmışdı.
İkinci
dəfə də köməyinə Əli Ocaqquluoğlu yetişdi. Yaxın adamlarından biriylə, alın
yazısını oxuyub, ondan gizlətdiyi oğlana ismarıc göndərmişdi. Yazını gizlətdiyindən
Mayılın başına gələnlərdən özünü də günahkar bilirdi: - Yelmarı Respublika
Prokurorluğuna aparırlar. Turşsu üstə vida məclisimiz olacaq. Məclisi şənləndirməyi
hamımız səni məsləhət bilmişik. Özün təkbaşına gəl, burda çalğıçılar var.
Vəzifəsinin
böyüdülməsi kefini Yasamal dağının qaşqasına qaldırmış Yelmar, Mayılın durna
kimi qatarlaşdırdığı mahnılara heyran kəsildi. Əvvəl özü əlini cibinə salıb nəyi
varsa oğlanın başından tökdü. Sonra da sözlərini qızıl açara döndərib o biri
cibləri də Mayıl üçün açdırdı.
- Məni
istəyənlər, nəyi varsa xanəndəyə nəmər versin.
Məclisin
axırındasa (yəni kefinin ən kök vaxtı) oğlanı yeni ümidlər üstə köklədi.
- Bu
ildən keçib, qəbullar qurtarıb. Gələn ilin yayının əvvəlindən ayağını Bakıya
qoyarsan. Ona qədər mən də oralarda yerimi isitmiş olaram. Səni hökmən bir tərəfə
çıxardıb, bu Gəncənin qulaqkəsən xanəndələrinin əlindən qurtaracağam.
Əli müəllim
bəlkə də Mayılın şəhərə yolunu kəsəcəkdi. Ona yenidən damazlıq verib fermer
kimi yetişdirmək istəyəcəkdi. Və deyəcəkdi:
- Elə
bizim toy-düyünümüzdə oxusan bəsin olar. Amma cavan övladının vəfatı ona içində
də Mayıl olmaqla dünyanı unutdurdu. Yalquzağına doğru addımlayan Mayılı belə
bir tale qayğısından da yetim qoydu.
Mayıl bəlkə
də sərxoş söhbəti hesab edib Bakıya, Yelmarın hüzuruna getməyəcəkdi. Tale onun
timsalında öz elçisini bu həndəvərə göndərməsəydi. Baş Prokurorluqdan Yelmarı
bir zamanlar işlədiyi idarəni yoxlamağa göndərmişdilər. Yolunu Gəncədən salıb
atası və onun qol-qanadıyla həm də Əli Ocaqqulu oğluya baş çəkib onu yasdan
çıxarmağı qərarlaşdırmışdılar. (Məclisdən əvvəl Mayıla məsləhət də verilmişdi
ki, yüngül, dingiş mahnılar oxumasın).
Bu dəfə
artıq vəzifəsinin şirəsini çəkməyə başlamış Yelmar məclis əhlini hüquqi üsulla əlini
cibinə saldıra bildi.
-
Mayılı Bakıya oxumağa aparıram. Bütün xərclərini də öhdəmə götürürəm.
Gələcək
tələbənin üstünə bəri başdan təqaüdlər səpilməyə başladı.
...Yelmar
bir məclisdə şəhər həyatının bir neçə aylığını təmin elədiyi Mayılı yeni həyatının
alaqapılarına maşını ilə özü yetirdi. Tanış komendant vasitəsilə fəhlə
yataqxanasına yerləşdirdi. Üstəlik, böyük şəhərə gəlişini boynunu bükməsi ilə
başlayan oğlanın bürüşüyünü açmağa da çalışdı.
- Fəhlələrin
mükafatını aşırmış, yerlərinə, saxta qol çəkmiş müdirinə de ki, bunun adını bir
işə yazıb aylıq versin. Yoxsa işinin xitamına qol qoymayacağam.
Bir neçə
gündən sonra da yolunu Opera və Balet Teatrına saldı. Orda uzunmüddətli
rejissorluq eyləyən (varlı-karlı adamları mamlımatan qızlarla tanış eləməyi də
vəzifəsinin səhnə arxasına çevirən və bir məclisdə Yelmarı da şirnikləşdirən)
yerlilərinin kabinetinin qapısını açdı. Gəlişinə təəccüblənən adamın
"xeyir ola"sını gözləmədən birinci öz mənfəətindən başladı.
-
Yalançını mənzilinə kimi qovmağa gəlmişəm.
O da mənzilində
dürüstlüyünün sübutuna başladı. Daxili nömrə ilə kiməsə göstəriş verdi.
- Lətafət
xanımı yanıma göndər.
Gənclik
lətafəti ilə içəri girən qızdan Yelmar ilk baxışdan xoşlandı. Hələ, belə gənc və
gözəl xanımın kiminləsə yüngül həyat keçirmək istəməsindən də xoflandı.
- Lala,
bu gözəl oğlanla tanış ol. Prokurorluğun şöbə müdiridi. Üstəlik, hər ikimizin də
yerlisidi.
Bir
sözünü iki eyləyənə iki, yekə cinayət işi açır.
Yelmar
həyəcanla həmin sözlərə qızın əks-sədasını gözlədi. Onun qapını çırpıb getməsindən
ehtiyatlandı.
Lətafətin
sifətinə, varlığına yoğrulmuş işvə-naz qonub onu bir az da gözəlləşdirdi. Sifətində
belə təbəssümləri doğurmağa məşq etdiyi Yelmarın nəzərindən qaçmadı. Bundan
sonra dostlarının şəhərətrafı məclislərinə o da qonaq getməyə hazırlaşdı. Belə
bir gözəllə ortaya çıxmağa dəyərdi.
Lətafət
əlində hazır tutduğu vizit kağızını müstəntiqə verdi.
-
Tanışlığımıza şadam, zənginizi gözləyəcəyəm.
Yalançılıqdan
xilas olmuş yerlisinin kürəyinə təşəkkür əlini vurduqdan sonra o biri mətləbinə
keçdi.
- Qara
Camal da, Ocaqqulu oğluna hüzuruna hərarətli salamları ilə bərabər bir cavan
oğlan göndəriblər. Səsi adamın, canına, qanına işləyir.
-
Musiqi təhsili necə, varmı?
-
Qoyun-quzu mələrtisindən canını güclə qurtarıb...
- Hələlik
yanğından mühafizəyə işə götürərik. Yavaş-yavaş üzə çıxarmağa başlayarıq.
- Kimlərdən
nə asılıdı, xərcini mən çəkəcəyəm.
- Hələ
bir baxaq, lətafətdən cibində artıq pul-para qalsa...
Sonralar
o özü xudmani məclislərində Lətafəti, fürsət düşdükcə səhnə küncündə Mayılı
oxutmağa başladı. Bir tərəfdə eyş-işrət, bir yanda da sənət dərsləri beləcə
başladı.
Mayılın
səsini ən tələbkar mütəxəssislər də bəyənib, təhsili olmadığına təəssüfləndilər.
Onların köməyi və təşəbbüsüylə oğlanı Konservatoriya-opera studiyasının kursuna
yazdırdılar. Yavaş-yavaş şəhərdə özünə gələ bilən cavan işiylə yanğınsöndürmədən,
səsiylə yanğın salmağa başladı.
Münbit
torpağına düşdüyünü hiss eyləyən Mayıl özünü sənətə həsr etməyi qərarlaşdırmışdı.
Bütün operalara təkrar-təkrar baxır, özünün hansı rola girə biləcəyini müəyyənləşdirirdi.
Günlərin
bir günüsə bəxti gətirdi.
Qəflətən
xəstələnmiş ifaçının yerinə Zeyd rolunda səhnəyə çıxışı oldu. (Demək olar ki, gəldiyi
gündən bütün rolları ifa eləməyə çalışmışdı).
Məşhur
bəstəkar və dirijor yeni Zeydi heyrətlə qarşıladı. Tamaşa sonrası ətrafındakılardan
soruşası oldu:
- Bu
Zeyd kim idi, tanımadım. Həmin rola səsiylə yeni təravət gətirə bildi.
Tale, həmin
kəlmələrin qulaq şahidinə həmin gün, bir çoxunun pərdəarxası sevgilisinə dönmüş
Lətafəti də çevirmişdi. Baş rollara doğru ayaq döydüyü zamanlar həmin
yaşlı adamın da başına dönməli olmuşdu.
(Həmin başa dönmədə baş dirijorum kabinetində səsiylə yox gözəlliyi ilə həmin
adamın uyumuş hisslərini oyatmağından ibarət olmuşdu).
İlk dəfə
gördüyü zaman həmin cavan da Lətafətə, sanki dağ havası gətirmişdi. Həmin
havadan da ürəyinin dərinliyində bənövşə, nərgiz ətrinə bələnmiş rəğbət hissi
yaranmışdı.
Elə həmin
rəğbət də Lətafətə həmin kəlmələri söylətmişdi:
- Bizdə
yanğınsöndürən işləyir. Sənət üçün özünü yandırmaq istəyənlərdəndi.
Baş
dirijorda həmin "pərvanənin" ona baş çəkməsini istəmişdi.
- De
ki, şlanqını yana qoyub, boğazını yanıma gətirsin.
...Otağına
əyilə-əyilə girən qəddi-qamətli oğlanın həmin tövründən xoşlanmamışdı.
- Çıx,
yenidən otağıma şahanə şəkildə təşrif gətir.
Mayılın
şahanə gəlişi həmin sənət fədaisinin qəlbində bir arzu cücərtmişdi: deyəsən,
tale səhnəmizə yeni bir Şah İsmayıl göndərir.
-
"Şah İsmayıl" operasıyla tanışlığın varmı?
- Bütün
operaların bəyəndiyim rollarını...
- Həmin
operadan ən şah ariyanı səsləndir.
Və ilk
dəfə səsiylə baş dirijorun kabinetində bir yanğınsöndürən öz sənət atəşini
saçmağa başlamışdı...
- Kifayətdi.
Mənim çubuğum sənin şlanqından deyil, yanıb-eləsən su axıtmayacaq.
Həmin
zamandan tale Mayılı bir ağ, o biri qara iki qoça əyləşdirdi. Yəni həyatda biri
bəyaz, o birisi siyah iki rol oynamağa başladı. Gündüzlər ağ qoçu (köhləni demək
daha yaxşı olar) üstə ən məsuliyyətli sənət adamı önündə Şah İsmayıl rolunun məşqlərinə
başladı. Qaş qaralan zamanlar qara qoçunun (qatırının) üstə ən şərəfsiz səfərlərini
başladı. Bu da xeyirxahı Yelmara şərəf borcunu şərəfsizcə ödəməyindən ibarət
oldu. Hər zəngindən sonra Lətafəti onun kirayələdiyi otağa aparası oldu. Və hər
dəfə də həm özünə, həm Lətafətə baxıb görünməz bir atəşlə alışıb-yanır, qara
qoç üstə özü boyda qara kösövə dönürdü. Düşdüyü yola özü də obaşdanlar,
vicdanıyla üz-üzə qalanda lənətlər yağdıran Lətafət hər Mayılla görüşəndə
özünün məsum günləri içinə düşməyə çalışırdı. Taleyinin də ona rəhmi gəlib
qrimsiz günlərinin sir-sifətinə bənzər bir sima bəxş edirdi. Bütün bunlar da
qızın Mayıla biganə olmamasından irəli gəlirdi.
Əslində,
Mayıl qıza təəssüflə baxsa da, özündən asılı olmayaraq onun qayğısına qalmağa
çalışırdı. Həmin qayğı, düzdü, onun xam xəyallarından yaranırdı. Zümrüd quşları
həmin xəyalın qanadlarında qızı, qoyun-quzu otardığı bir yaylağın gülü, otu
qurşağa çıxan bir yaylağına aparırdı. Orda kənardan göz qoyub bir leysan gözləyirdi.
Yağmur
altda qoyduğu qıza rəhmi gəlmirdi. Buludlar çinədanını boşaldana qədər onun bu
sayaq çimməsini, bütün günahlarını yumasını, suç qrimlərindən xilas olmasını
gözləyirdi. Qızın özünün də bu yağış ürəyindən olurdu. Göyqurşağı doğana qədər,
özü də, sanki yenidən doğulmaq istəyirdi. Hətta qurşanmaq istədiyi zaman qızın
özü bəstələdiyi kiçicik arıyanı da eşidirdi:
Ağırlığım,
uğurluğum
Bu sərt,
qəlbi daşlara.
Bütün
xain gözlülərə,
Cümlə qəlbi
daşlara.
Hər dəfə
də ovçusuna, tazıvari şikarını təhvil verəndən sonra, özü Lətafətin gözlərinin
qapqara leysanına düşürdü. Hər dəfə də Yelmar cibinə pul basıb, özünün başqa
yağışını başladırdı. Bulaqbaşı məclislərdə tüpürcəklə alnına yapışdırılan
onluqları yada salırdı.
Bu dəfə
yazıq Mayılın üstə Yelmarın pulları sayısı tüpürcək yağırdı...
Günlərin
bir günü Allahının yazığı gəlib Mayılı dünyanın ən lənətli yağışından xilas eylədi.
Üstəlik, talesiz bir qız vasitəsilə üzündən tüpürcəkləri silməyə çalışdı. Həmin
gün, həmin bərədə onları ceyran ovçusu qarşılıyası olmadı. Demə, təcili ezamiyyətə
gedibmiş. Lətafət Mayılı içəri dəvət etdi. Miz üstü eyş-işrət öncəsi nemətlərlə
bəzənmişdi.
Qız
donub qalmış (daşlaşmış) Mayılı səsinin sehriylə xilas etməyə çalışırdı.
- Otur
görək, ay yetim.
Həmin
sehr oğlandan yan ötdü (qulağına "Yetim segahı" sədası gətirdi).
Bu dəfə
Yelmarı əvəz edib kişiləndi.
- Sənə
otur deyirəm.
Mayıl əlacsız
yanını stula qoydu və bunu başqasının paltarını geyinməyi hesab elədi. Lətafət
konyak açıb iki badəyə süzdü.
-
Qaldır içək, görək başımıza nə gələcək.
-
Yox-yox, dilimə vura bilmərəm.
- İçməsən
mən tək, sənin və özümün, iki zənənin sağlığına içəcəyəm...
Həmin kəlmələr
donub qalmış oğlana don geyindirdi. Özünü zənənlikdən xilas eləmək üçün içkini
başına çəkdi. Bir az hallanandan sonra qızın tikanlı kəlmələri eşidildi.
-
Eşitmişəm Bədəlbəy səni Şah İsmayıl roluna hazırlayır. Xəbərin var ki, tamaşada
Ərəbzəngini mən oynayıram.
-
Tamaşalarına baxmışam da, orda əsl kişi
qızısan.
Mayıl
özü də bilmədən Lətafətin yaralı yerinə toxunmuşdu. Qız da öz söz güləşinə
başladı.
- Məni
kişi qırığından mühit salıb, yıxıb. Bilmirəm sən necə bu gününlə şah rolunda
oynayacaqsan.
Sözünün
gerisini saxladı. Amma Mayıl eşidə bildi; Güləşəngi səhnəsində bir iki bacıdan
ibarət olmayacaqmı?
Həmin
gün xeyli içdilər. Ağrıları hesabı içki onlara, sanki təsir etmirdi. Onlar içlərinə
şəfa toxumu səpir, o da alınlarında xəcalət tərləri bitirirdi. Bədənlərindən
canları yox, günahları çıxır, yazıqları yüngülləşdirmək istəyirdi.
Nəhayət,
qız üst paltarını çıxardı. Bir cüt ağ döşə gedən yol görünüb şəhvət cığırına
çevrildi.
- Yaman
istiləşdim, bəlkə məni yelpikləyəsən.
İçki və
həya Mayılı yerinə yapışdırmışdı.
- Onda
mən Əsliyə dönüb, özümün də, sənin də cızdağını çıxardacağam.
Bu dəfə
qız üst paltarını çıxarıb iki döşdən şəhvət şəlaləsi yaratdı. Və bir cüt dodaq
Mayıla doğru uzanmağa başladı. Mayıl güclə söyləyə bildi:
- Deyəsən,
Yelmarla məni səhv salmısan.
Bu kəlmələr
oğlanın həmin sahədə naşılığından gəlsə də, qızı neştər kimi yaraladı. Cavabını
da gecikdirməyib şah olmağa çalışan gədəni yıxıb-sürümək istədi.
- İstəyirəm
sən də bir dəfə kişi olasan, yoxsa elə ömrü boyu kiməsə baş tutmaq istəyirsən?
Sonra
sözə ehtiyac qalmadı. Şüur və iradələr ağ bayraq qaldırdı. Bədənlərin cazibə
qüvvəsi işə düşdü. Hisslərin əsirinə çevrilib ibtidalarına dönəsi oldular. Həmin
an, sanki ilk bəndələrdən ikisi başlarını itirib ilk məhəbbət və şəhvət dərsi
keçirdi.
Yelmar
onların məhəbbətindən xəbər tutdu. Hər ikisinə yazığı gəldi. Üstəlik,
hüquqşünastək, soyuq baş sahibi kimi məsləhətini də verdi.
- Bizlərdə
belə xım qoyulan ailələrin baş tutmasına inanmıram. Sənəti buraxıb kəndə dönmək
istəyirsiniz. Amma nə bilirsiniz bir azdan oralardan bezməyəcəksiniz. Qından
çıxıb qına qayıtmaq mümkün olmur. Heç olmazsa oralarda keçmişinizi
bir-birinizin başına qaxmayın. Məhəbbətinizi yaşatmaq üçün hər əziyyətə, əzaba
qatlaşıb, hər cür ağrıya-acıya dözün. Nə bilmək olar, bəlkə o təmiz yerlərdə
belə bir məhəbbət də dağ gülləri, çiçəklərindən
əlac tapıb yaşaya bilər.
...Onlar
əl-ələ verib öncə Əli kişinin hüzuruna gəldilər. Ağsaqqal xeyir-duası və xeyli
damazlıq sahibi oldular.
Mayıl
sevgilisini xəyallarındakı taleyinə gətirdi. Və bu dəfə onu tək buraxmadı. Özgə
Lətafətlə bərabər ən dəli bir leysanın yolunu gözlədi.
...Yağış altda iki gəncin suyu süzülürdü. Onların buna ehtiyacı vardı. Dağlar döşündəki bir yaşıl səhnədə həmin an Şah İsmayılın Taclısı vardı...
"Ədəbiyyat qəzeti"