Vidadi Babanlı: "Kimin əsl xalq yazıçısı olduğunu zaman göstərəcək"
Müsahibə
- 04.05.2019
- 0 Şərh
- 7552 Baxış
"Özümü sındıran adam deyiləm. Başqaları kimi hay-küy salıb, dava-dalaşla ad istəməmişəm"
Əməkdar incəsənət xadimi, yazıçı Vidadi Babanlının səhhətində ciddi problemlər var. 92 yaşı haqlayan yazıçının səsi yenə gümrahdır. Amma gözlərində problem var, çətinliklə yeriyir. Səhhətindəki problemlərə baxmayaraq yenə də yazır.
- Necəsiniz, səhhətiniz necədi?
- 92 yaşda adam necə olar? Evdən bir yana çıxa bilmirəm. 3 il öncə ayağım sındı. Ondan bəri evdən heç bir yerə çıxa bilmirəm. Çox çətinliklə yeriyirəm. Qocalıqdı da...
- Həkimlər nə deyir?
- Müalicəlik iş yoxdur. Ayağım əyri bitişib deyə gödəlib. Yerimək imkanım yoxdur. Evin içərisində dəmirlə hərlənirəm, həyətə düşə bilmirəm.
- Gözlərinizdə də problem vardı...
- Oxuyub yaza bilmirəm. Ancaq diktə ilə yazdırıram. Gözüm hərfləri seçmir.
- Nə yazırsınız və ya diktə edirsiniz?
- Məqalələr yazıram. Bir əsər üzərində işləyirəm. O da diktə ilə çətindi. Bir romanı da yarısına qədər yazmışam. Hələ qalıb, görək başa çatdıra bilirəmmi. "Vicdan susanda" ingilis dilində ayrıca kitab şəklində dərc olunub. Ondan sonra Mədəniyyət Nazirliyi seçilmiş əsərlərimin 2 cildliyini çap edib. Kitabxanalarda var. Yaradıcılığımdakı yeniliklər bunlardır.
- Üzərində işlədiyiniz romanın adı necədir?
- Adını deməyəcəm. Çünki tez-tez dəyişirəm. Roman üzərində işləyirəm. Yarıya qədər yazmışam, eləcə qalıb. Diktə edirəm, mənə qulluq edən xanım da yazır.
- Sizə kimlər baş çəkir?
- Dostlar sağ olsunlar, gəlirlər. Dünya şöhrətli alimimiz var, Rafiq Əliyev, gəlir yanıma. Sağ qalan dostlarım, tanışlarım vaxtları olanda gəlirlər.
- İndi hansı dostunuzun xiffətini çəkirsiniz? Daha çox kimi görmək istəyirsiniz?
- Dostlarımın əksəriyyəti həyatda yoxdur. Bircə Rafiq Əliyev qalıb. O hərdən gəlir söhbət edirik. "Vicdan susanda”nı ingilis dilində çap etdirib. Rafiq Əliyev həm gözəl insandı, həm də gözəl alim.
- Yazmaq istəyib, amma yaza bilmədiyiniz mövzu, məsələ varmı?
- Yox, istədiklərimi yazmışam. 6 romanım var: "Vicdan susanda", "Ömürlük əzab", "Müqəddəs ocaq”, "Bulanlıq dünya”, "Qəribə eşq” və "Zəmanə adamı”. "Zəmanə adamı” 2-3 il bundan öncə çıxıb, 5 povestim var: "Gəlin Bakı”, "Həyat bizi sınayır, "Ayazlı gecələr”, "Ana intiqamı”, "İnsaf nənə” və 3 pyesim var. "Həyat bizi sınayır” povestimin əsasına senari yazmışam, film çəkilib. 30 ildən çoxdur əsəri hər il müəyyən vaxtlarda göstərirlər. "Ömürlük əzab” romanıma serial çəkmək istəyirlər. Hazırlaşırlar, görək necə olacaq.
- Bəzən yerli və ya əcnəbi yazarlar ən çox bəyəndikləri bir əsərini özlərinin şah əsəri adlandırırlar. Sizin şah əsəriniz hansıdır?
- "Vicdan susanda”... Bu, mənim çox məşhur əsərimdir. 30-40 min tirajla çap olunub. Moskvada 1979-1980-ci illərdə iki dəfə 100 min tirajla dərc olunub. Çox qeyri-adi hadisədir. İki il ard-arda 100 min tirajla çap olunan əsər olmayıb. Olduqca böyük tirajdır. "Vicdan susanda”nı çox xoşlayıram, amma az istədiyim əsərim də var.
- Son zamanlar bəzi gənclər klassiklərimizi ciddi tənqid edirlər. Bəzən "qırmızı xətt”i keçərək təhqirə də yol verirlər. "Mən Sabirdən böyüyəm”, "mən Mirzə Cəlildən dahiyəm" kimi iddialarla çıxış edirlər. Buna münasibətiniz necədir?
- Vallah, bəzən o cavanlar "ağzı göyçək”lik edirlər. Özləri yazıb ortaya bir şey çıxarmayıblar. Amma klassikləri nədəsə günahlandırırlar. Bunlar lazım deyil. Yaramaz söhbətlərdir. Sən özün yaz, ortaya bir sanballı əsər qoy, sonra danış. Özü bir cümlənin yiyəsi deyil, lakin böyük iddia ilə çıxış edirlər. Bu günah işdir. Belə şey etmək olmaz. Yaza bilməyib başqalarını da günahlandırmaq doğru olmaz. Adamın gərək istedadı iddiasından böyük olsun. İddian istedadından böyükdürsə, onda heç bir sanballı iş ortaya qoya bilməzsən.
- Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əlaqələriniz varmı? Anar müəllimlə telefonla da olsa danışırsınızmı?
- Yox, AYB ilə əlaqəm yoxdur. Çoxdandır nə onlar məni soruşurlar, nə də mən onları. Onlar məni soraqlamırlar, hal-əhval tutmurlar. Münasibət bir az soyuqdu.
- Şair Musa Yaqub və Vaqif Bayatlı Odərin də səhhəti pisləşib. Onların da səhhətində problemlər var...
- Heç biri ilə münasibətim yoxdur. Əvvəldən də ünsiyyətim olmayıb.
- Ədəbiyyat, incəsənət və mədəniyyətimizə göstərdiyiniz xidmətə görə sizə layiqli qiymət verildimi?
- Xeyr. Mənə "Xalq yazıçısı” adı verilməyib. Mən heç nə ummamışam. Onun tamamilə əleyhinə olmuşam. Bu fəxri ad dünyanın heç bir yerində yoxdur. Nəyə lazımdır axı? Qürurlu adamam. Özümü sındıran adam deyiləm. Başqaları kimi hay-küy salıb, dava-dalaşla ad istəməmişəm. Belə şeyləri xoşlamıram. Bu düşüncəni özümə yaxın buraxmamışam. Bu fəxri adların çoxu unudulur gedir. Xalq yazıçıları və xalq şairlərinin çoxunu xalq unudub. Kimin əsl xalq yazıçısı olduğunu zaman göstərəcək. Zamanın sınağından çıxan əsl yazılar ədəbiyyatın və xalqın olur. Mən belə ad ummamışam, bu barədə düşünmürəm də. Mən həmişə belə şeylərə yuxarıdan baxıram. O qədər xalq yazıçıları var ki, onları heç xalq tanımır. Ona görə də bunu özümə heç zaman dərd eləməmişəm. Çoxlarının əsər və ya şeirlərini heç ölkədə tanımırlar. Amma mənim əsərlərim rus, ukrayn, fars, ingilis və türk dillərində çap olunub.
- Çox istərdik ki, sizi efirlərdə tez-tez görək. Keçilən şərəfli ömür yolunuzdan, zəngin yaradıcılığınızdan danışasınız. Təəssüf ki, bunun şahidi olmuruq. İntellektuallar kənarda qalıb, diletantlar efirləri "bəzəyir”...
- Bir az laqeydlik edirlər. Hər il ildönümümdə AzTV-də mənimlə bağlı çəkilən filmi verirlər. Digər telekanallar məni yada salmırlar, maraqlanmırlar. Qəribədir! Sənətə və sənətkara qiymət verənlərin sayı azalıb. Narazıyam! Amma neyləyək, belədir. Heç baş qoşmuram.
Söhbətləşdi: Ayyət Əhməd
Sherg.az