"Xoşbəxt dilənçi" - Vaqif Osmanov yazır...
Tənqid
- 10.04.2020
- 0 Şərh
- 9710 Baxış
Düz bir il əvvəl Aida Adıgözəlin "Məmləkət yarası" şeirini oxuyanda heyrətlənmişdim. Elə bilməyin Aida xanımın əsl poeziya nümunəsi yaratdığına şübhə etdiyimə görə heyrətlənmişdim. Yox, onun sözünün dəyərinə bələdəm. Hər qələm adamı "Sükutun səsi"nin bütün oktavalarına bələd ola bilməz.
Həqiqi poeziyanın heyrətləndirmək qüdrəti var. Duyğulu insan nələrə heyrət edə bilər? Məncə, birinci növbədə möhtəşəm ilahi gözəlliyə. Gözəllik önündə baş əyməyin özü ucalıqdır. Poeziya da möhtəşəm gözəllikdir. "Məmləkət yarası"nı bir dəfə oxuyan Aida Asıgözəlin istedadına şübhə eləməz. Amma deyə bilərlər ki, bu ağrı-acısı misralara hopan şeirin nəyi gözəldi ki? Ağrı-acının gözəl təqdimatı həm gözəldir, həm də möhtəşəm... Gözəl ağrı, möhtəşəm ağrı bənzətmələri ədəbi tənqiddə varmı, yoxmu, bilmirəm. Yoxdursa, artıq bu gündən var...
Poeziyasevərlər bilirlər ki, dilənçi qadın obrazının ən mükəmməlini xalq şairi ustad Ramiz Rövşən yaradıb. Aida Adıgözəlin dilənçi qadınını Ramiz Rövşənin "Dilənçi qadın" şüdevri ilə müqayisə etməkdən uzağam. Ədəbiyyatda inhisar ola bilməz. Varsa orada tərəqqidən danışmağa dəyməz. Bir də, gəlin haqqın meyarını itirməyək. Aida xanımın şeiri də möhtəşəmdir:
Üzün mənə tanış gəlir dilənçi qadın,
Məmləkətimin üzünə bənzəyir qaralmış, yoxsul üzün...
"Qaralmış" sözü Qarabağ sözüylə son 30 ildə qohum olub. Ən azı bu iki sözün birinci yarısı adaşdır. Beşdə birinin xain düşmənin əyləncə, yaylaq, əkin, hətta qəbristan yerinə çevrilən, ATƏT-in insafına qalan məmləkətin sakinlərinin üzü qara olmalı deyilmi? Qaradır, əlbəttə:
Bu məmləkətin qarışqası, arısı, qarğası bizdən xoşbəxtdir...
çünki onlar əsir qalan yürdumuzu
heç olmasa görə bilir istədikləri vaxt!
Baılığ da xoşbəxt!
Araz keçir, Kürü dolaşır...
O tay, bu tay doğma torpaqlara
bizim kimi viza lazım olmur,
kömrüklərdə gözləmir...
Gürürsənmi, dilənçi qadın,
sən bizdən qat-qat xoşbəxt, varlı, dərdsizsən...
Səkkiz misradakı kədərin ağırlığını nəylə ölçmək olar? Belə ölçü vahidinin adı nədir? Bu səkkiz misra 200 il əvvəldən bərinin Vətən tarixidir. Bu tarixin möhtəşəm poetik təsviridir. Ağrılı olsa da...
"Şair olmaq-poetik obrazlarla düşünməkdir" (V.Q.Belinski). İndi bildinizmi, Aida xanımın bir poetik obrazı - dilənçi qadın haqqında yazmağa məni vadar edən nədir? Onun Vətən və azadlıq sevgisi, vətəndaşlıq ləyaqəti...
Dilənçi qadının "zibil qutularını eşən cadar-cadar, qapqara, çirkli əllərini Vətənin şırımlanmış üzünə" bənzədən Aida xanım görüb, götürüb, düşünüb bu günümüzün adi bildiyimiz acı həqiqətlərini bütün çılpaqlığı ilə, həm də cəsarətlə bəyan edir. Dilənçi qadının "xoşbəxtliyinə" qibtə edir, "bilmirsən yediyin halaldır, yoxsa haram?" Aida xanıma "üzü tanış gələn dilənçi qadın" bilsə ki, zibil qabından tapdıqları haramdır, ona əl uzatmaz, bir çox nüfuz və sərvət sahiblərindən fərqli olaraq. Əslində sərvəti kalanların əksəriyyəti də dilənçi qadın kimidir, halal və haramı ayıra bilmirlər. Bəlkə də bilirlər. Amma harama əl uzatmamağa tamahları "icazə" vermir, qamarladıqlarının hamısını halal hesab edirlər, təbiətdəki yırtıcılar kimi:
Bax o boz paketdə
tapdığın mal baş-ayağı,
qonşu kənddən oğurlanan pinəçi Mahmudun danasınındı...
Dünən sevincək tapıb yediyin
kolbasa qırıqları
bir ay əvvəl itən keçəl Bayramın
boz eşşəyinin ətindən hazırlandı...
O tapdığın qara paketdəki kiçik qız paltarları
Sara xalanın talassemeyadan ölən nəvəsinin paltarı idi..
Uff!... Ürəyim dözmədi... Nə qədər kədər, ağrı dolaşarmış misraların, sözlərin arasında...
Dilənçi qadın doğrudan da xoşbəxtdir, "məhbəsə atılmır, üzünə duran yox"... Ən əsası fikirləşib beynini yormur...