Xoşbəxt olmağı yadırğamışıq...

Xoşbəxt olmağı yadırğamışıq...

Günel Mövlud

Yadıma gəlir, bizim kənddə heç kimin həyətində zibil qutusu yox idi. Zibil daşıyan maşınlar da yox idi. Ümumiyyətlə, kəndlərdə belə bir xidmət olmurdu. Çünki zibil yox idi.

Sovet vaxtı plastik qablaşdırmadan, plastik torbalardan demək olar ki, istifadə edilmirdi. Dükan-bazarda kağız torbalar işlədirdilər. Camaat özü ilə parçadan, tordan bazarlıq torbası gəzdirirdi. Paltarlar cırılanda tikilir, corablar cırılanda yamanırdı. Bir palto, bir gödəkçə onilliklər boyu geyinilirdi. Böyüyən uşaqların paltarları özlərindən balacalara çatırdı. Süzülüb, əldən düşmüş paltarları döşəmə silmək, toyuq-cücənin altına sərmək üçün istifadə edirdilər, axırda o paltardan çürüntü qalırdı. 

Meyvə-tərəvəzin qabıqlarını mal-qara yeyirdi. Yumurta qabıqlarını ovudub, gübrə edirdilər. Mal-qoyunun, toyuq-cücənin altından çıxan peyin ya gübrə, ya yanacaq kimi istifadə olunurdu. 
Qalan xırda-para zibil də hər evin yanındakı balaca "küllük" deyilən yerə atılır, ayda bir dəfə yandırırdılar, külündə də toyuq-cücə eşələnirdi. 

İnsanlar təbiətlə dərin bir harmoniya içində yaşayırdılar. Meyvə-tərəvəz öz mövsümündə yeyilirdi. Ağacda, koldan yığılan nə varsa, ya qurudulur, ya duzlanır, ya da bişirilib, qışa saxlanırdı. İnsanlar dükan-bazarda ancaq qənd-çay, pal-paltar almaq üçün bazarlıq edirdi. Qışda nənələr uşaqlara, gənc qızlara corab, jaket toxumağı, tikiş tikməyi öyrədirdi. 

Hansı bitkinin çiçəyi, hansının yarpağı, hansının kökü boyaq üçün, dərman üçün, ədviyyat üçün yararlıdır, uşaqlıqdan öyrənirdik. Ay görəndə salavat çəkir, günəşə çıxanda şükr edir, agacdan meyvə dərib yeyəndə bərəkətinə təşəkkür edirdik. Bağ-bostandan, agacdan, təbiətdən, quşdan, itdən-pişikdən özümüz də bilmədən enerji alırdıq, əsəblərimiz sakit qalırdı.

Yay uzunu, qış tətillərində qohum-əqraba bir yerə yığışırdı. Yerə döçəklər sərib, yatağımızın içində zarafatlaşa-zarafatlaşa, gülüşə-gülüşə yuxuya gedirdik. Analarımız, nənələrimiz təndir, sac qoyanda çəyirtkə sürüsü kimi uçuşub, hərəmiz bir dürmək alıb, qaçırdıq. Gözümüz də doyurdu, könlümüz də, özümüz də...

Son on beş-iyirmi ildə biz, insanlıq olaraq, əməlli-başlı qudurduq. Təbiətlə düşmən olduq, təbiətə laqeyd olduq. Görməmiş kimi plastik istifadə elədik, görməmiş kimi paltarlar aldıq, evimizi əşyalarla doldurduq. Cırılana tikiş vurmadıq, torpağa bir toxum atmaz olduq, agacdan meyvə dərməz olduq, ay-günəşə şükr etmədik, agacdan meyvə dərib yeməyin gözəlliyini unutduq. 

Əsəbi olduq. Aqressiv olduq. Bir-birimizi yeməyə başladıq. Bir-birimizin evinə gedib-gəlməz olduq. Dükanlara yüz cür çörək gəldi, amma gözümüz doymaz oldu. Gözəllik standartları, daha çox zinət, telefon, ev, əşya almaq ehtirasına qul olduq. 

Bəşəriyyət olaraq, çox pis yerdəyik, çox. Torpaq da bizdən bezib, bitkilər də, heyvanlar da. Hamısının başına bəla olmuşuq. Pisi də odur ki, özümüzə də xeyrimiz yoxdu. Xoşbəxtlik hormonlarını enerji içkilərindən, yüksək şəkərli şirniyatlardan, narkotik vasitələrdən, içkidən alası oluruq. Çünki təbii yolla, sadə şeylərlə, sevgiylə, təbiətlə, doğmalarımızla xoşbəxt olmağı yadırğamışıq. 

Təbiət bizdən çox pis qisas almağa başlayır. Yaxın onilliklərdə iqlim qaçqınları, zəlzələ, sel, quraqlıq qaçqınları kütləvi halda çxalacaq. İnsanlıq total depressiyadan əziyyyət çəkəcək. Başımıza daha nələr gələcək, təsəvvür etmək belə istəmirəm...