
Yalçın Tələtoğlu. Elayya yarımadasından olan balaca küçük (HEKAYƏ)
Proza
- 30.01.2020
- 0 Şərh
- 2029 Baxış
O,ağır pəncəsini mənim başıma qoyaraq gözlənilmədən yuxuya getdi.Mən bütün bu vaxtı ona diqqətlə baxmaq arzumdan məhrum oldum.Mən yalnız onun burnunun ucunu görürdüm.Qapqara,selikli,zılıqlı.Həmin vaxt çox iyrənc görünən burun bütünlüklə gözlərimin qarşısında idi.Mən də yalnız onu görürdüm.Atam isə hələ də yatırdı…
Və görünürdü ki,məni burnu ile məcburi olaraq üzbəüz qoymasından çox məmnun idi.Sanki mən burunu diqqətlə gözdən keçirməli,ancaq onun haqqında daha çox məlumatlı olmalı idim…
Amma mən başa düşürdüm ki, bu uzun çəkməyəcək.Bir qədərdən sonra o,ayılıb özünə gəldi.Pəncəsini başımın üstündən çəkməyə çalışdı. Lakin çox zəiflədiyinə görə bunu etmək onun üçün çox çətin idi.Buna görə də ona kömək etmək qərarına gələrək başımı pəncənin altından çəkməyə başladım.O isə başını birtəhər qaldıraraq, artıq sönməkdə olan ve ölüm oxunan gözlərini mənə zillədi.Xırıltılı,xəstə,bir az da amiranə səslə soruşdu:
-Sən hələ buradasan,küçük?! Mən sənə nə tapşırmışdım? Yadında saxla ki,sən balaca, həm də çox balaca küçüksən.Amma bu sənə bəzi tapşırıqları yerinə yetirməyə qətiyyən mane olmayacaqdır.Sən o vaxt xoşbəxt,azad və firavan yaşaya bilərsən ki,itlərin rifahının yaxşılaşmasından ötrü yazılmış kitabı tapasan və onu qəsəbədəki itlərə qaytarasan.Möhtəşəm kitabdır.Mən onu oxumuşam.Onu hamı oxumalıdır.
O məni heç bir yerə göndərməmişdi.Görünür ki, sayıqlayırdı.Mən bir az kənara çəkilib,nə edəcəyimi bilməyərək ona tamaşa etməyə başladım.
Ona tamaşa etməyi bir nömrəli iş hesab edirdim.Yaxın zamanlarda məni tərk edəcəyini sövq təbii anlayırdım. Onun biz –biz dayanan tükləri tamamilə tökülmüşdü.Güclü əzələlərindən əsər- əlamət qalmamışdı. Qorxunc çənəsinin daha elə də qorxunc olmadıgı, həmişə onun qorxusundan ancaq agacların iri budaqlarında ve hasarların üstündə qəzən pişiklərin indi onun ətrafında istədikləri kimi gəzişməklərindən görünürdü. Mən bunu yalnız ən nanəcib pişiklərdən birinin lap onun yaxınlıgına gələrək , quyrugunu onun çənəsinə sürtdükdən sonra sezdim. Bu məni çox acıqlandırdı. Pişiklər hələ məni saya salmırdılar. Amma mən bərk mırıldadım. Pişik təəccüb dolu həqarətli baxışlarla mənə baxaraq əsəblə belini yuxarı qatladı. Beləcə bir neçə addım atıb yəqin ki, mənə yanıq vermək üçün, sevinclə və xırıltılı səslə miyolduyaraq yana sıçradı,sakit addımlarla və şəstlə yoluna davam etdi. Mən qəzəblə onu axıra kimi izləməkdə davam etdim.
-Bura bax,küçük! - birdən atamın səsini eşitdim.-Ona fikir vermə. O səfehin biridir. Bunu özü də bilir. Diqqətlə bax. Onun qulağının biri yoxdur. O çoxdandır ki, mənim qarnımdadır. Mən belə zəif halda onun digər qulagını da qoparardım. Mən elə indicə, o mənim yanımdan keçəndə bunu etmək istədim. Əla olardı. Sonra da doyunca gülərdik. Lakin mənim gücüm çox tükənib...Son gücümü sənə verməli oldugum tapşırıq üçün saxladım. İyrənc bir qulaq möhtəşəm tapşırıqla müqayisə oluna bilməz! Bunu deyərkən o, bərk titrədi və ayaqlarını qeyri təbii olaraq altına yığdı.Deyəsən o qıc olmağa başlamışdı. Mən onun üstünə atılıb dişimlə ayaqlarından birini dartmağa başladım. Lakin bir şey çıxmadı.
-Lazım deyil.-O, dedi.-Onlar artıq işləməyəcək…
-Sən nə danışırsan!? Necə yəni işləməyəcək! Onlara ancaq bir az kömək lazımdır.Mən bu saat…-
- Dayan, mən ölürəm. Bu zarafat deyil. Mənə qulaq asmalısan. Çox az vaxtım qalıb.Qulaq as.-
Mən tabe olub dayandım və ona qulaq asmağa başladım.O başını heç qaldırmayaraq və mənə baxmadan danışırdı.
-Sənin yəqin ki, yadındadır bizim qəsəbəmiz harda yerləşir. Mən səni, sən lap balaca olanda, ora bircə dəfə aparmışam. Ora sənin yadında qalmalıdır. Bütün agıllı və fərasətli küçüklər hər şeyi yadda saxlayırlar. Özu də bircə dəfə, lap körpə olsalar belə, gözləri yumulu olsa da yadda saxlayırlar. Sənin isə gözlərin açıq idi. Orda əminəm ki,məni hələ də xatırlayırlar. Ora çox gözəl bir yerdir.Heyif ki, orda ölmək mənə nəsib olmadı… Orda olan bütün itlər,köpəklər,hətta küçüklər belə mənə çox doğma və əzizdir.
Sən ora getməlisən. Onlara kömək etmək lazımdır. Mən sona yetirə bilmədiyim bir işi sən sona çatdırmalısan. Onlara kömək et. Onları ordan qacır! Yoxsa məhv olacaqlar… Sən bunu bacaracaqsan.Sən güclü küçüksən. Böyüyüb güclü köpək olacaqsan.Bütün köpəklərdən güclü.Yadında saxla. Sənin anan həmin qəsəbənin yuxarısında, amma lap yuxarısında olan bir təpənin başında uyuyur.O, çox güclü və qorxmaz idi. Mənim gözümün qabağında üç canavarı parça-parça etdi. Sən də edəcəksən. Sən hökmən, elə bu gün yola düşüb qəsəbəyə get. Onlar ,,uzun pəncə‘‘nin əsiridirlər…-
O, daha danışmadı. Bu onun son sözləri oldu. Gözlərim yaşarmış halda onun boynunu yaladım.Onun nə demək istədiyini, həmin qəsəbənin harda olduğunu bilmirdim. Mən kimlərə,necə, nəyə görə kömək etməli olduğumu bilməsəm də yola düzələrək hissiyyatımın məni aparacağı yerə getməyə başladım. Nəsə məna kəsb edəcək bir iş görməli olduğumu anlayanda qəhər məni boğmağa başladı. Deyəsən heyatın mənasını anlamağa başlamışdım. Atam düz deyir. Mən doğurdan da ağıllı küçüyəm. Amma bir az da fərasətli olmaq lazımdır. Atam yəqin ki,boş yerə danışmırdı…
Mən hey gedir gedirdim…Nə qabağda,nə də ətrafda heç bir qəsəbə görsənmirdi.Çox yorulmuşdum. Daha ayaqlarım getmirdi. Şəfəq qaralırdı. Ay çoxdan çıxmışdı.Göyün üzü sayrışan ulduzlarla dolu idi. Onlar gah böyüyür, gah da kiçilirdilər. Onlardan biri çox xoşuma gəldi. Yol boyu elə hey onu izləyərək getdim. Deyəsən ulduz get- gedə böyüyürdü. Bu ona görədir ki, mən ona yaxınlaşıram. Birdən o intəhasız böyüdü. Növbəti addımımı atıb düz onun içinə yumallandım.Ağ- appaq, pərqu kimi bir yer idi. Daha heç nədən xəbərim olmadı…
Yorğun olduğuma görə yamanca bərk yatmışdım. Yumşaq otların üstündə idim.Hər iki tərəfə uzanıb gedən ensiz, əyri- üyrü yarğanın düşdüyüm hissəsindən başqa heç bir tərəfində ot deyilən şey yox idi. Deyəsən yamanca bəxtim gətirib. Amma qarnımda olan küt ağrılar başlayanda bəxt haqqında danışmağına da dəyməz. Bəxtim qarnımla axır vaxtlar heç düz gəlmir.Atam sağ olan vaxtlarda o həmişə dolu olardı. Hər şey atamın yuvaya ağır yaralı halda gəldiyi gündən sonra baş verdi.Bəxt bizdən birdəfəlik üz döndərdi. Atama nə olduğunu heç bilə bilmədim.Məncə onu bərk döymüşdüler.O, uzandığı yerdən on gün tərpənmədi. Sonra birtəhər ayağa durub gəzişməyə,daha doğrusu, sürünməyə cəhd etdi. Nəhayət, biz ikimiz də başa düşdük ki,o,daha ov edə bilməyəcək. Biz olan qalan sümüklərimizlə dolanmağa başladıq. Cəmisi beş ədəd sümüyümüz var idi. İkisi çox iri olduğuna görə mənlik deyildi. Qalan üç sümük isə hər gün mən tərəfdən növbə ilə sümürülürdü…
Artıq atam bir aya yaxın idi ki, yerindən tərpənə bilmirdi. O da hərdən iri sümüklərə dişlərini batırırdı. Amma ölməyinə üç gün qalmış daha bunu da edə bilmədi. O,sümüklərə saatlarla,həm də kədərlə tamaşa edərdi. Yəqin keçmiş günlərini xatırlayırdı. Onsuz da sümüklərdə heç bir şey yox idi. Onlar çaydakı qəmbər daşları kimi tər-təmiz idilər…Açığını deyim ki, sümüklərdən sarı yaman darıxdım. Baxma,yenə başımızı qatırdılar. Bizim dolanışığımız elə də yaxşı keçmirdi.O sümükləri mən gözümü açandan görmüşəm. Onlar mənə çox əziz idilər. Eh, gərək birini özümlə götürəydim.
Yenə mədəm bərk ağrayır. Durum gedim. Daha oturmaq olmaz. Həm də tapşırığı yerinə yetirmək lazımdır. Qəsəbəni tapmalıyam. Heç bilmirəm necə tapacam. Amma daha belə olmaz. Əvvəlcə yemək lazımdır.Yarğandan çıxıb yola düzəldim. Bütün günü yol getdim. Heç bir hadisə baş vermədi. Yeməyə bircə tikə də bir şey tapa bilmədim. Artıq qaş qaralmaq üzrə idi. Uzaqdan ulduzlar kimi işıqlar görünməyə başladı. Çömbəlib bir az yorğunluğumu çıxarmaq istədimsə də özümlə bacarmadım. Birdən mənə yeni güc gəldi. Atılıb yerimdən götürüldüm. Bir başa işıqların çox olduğu yerə yüyürdüm.
Artıq işıqlar getdikcə yaxınlaşırdı. Birazdan birinci işığın sayrışdığı küçəyə daxil oldum. Rahat bir nəfəs alıb özümü ilk rast gəldiyim zibilliyə saldım. Nə qədər eşələndimsə heç bir şey tapa bilmədim. Gözlərimə inanmayaraq özümü bir də zibilliyin icinə atdım. Hər şeyi alt üst etdim.Yenə,yenə,yenə…Dişə dəyməli,heç olmasa çeynəyib içəri ötürməli heç bir şey tapa bilmədim. Daha burdan gedim. Zibillikdən çıxıb köhnə daş hasarların kənarı ilə qəsəbənin içərilərinə dogru irəliləməyə başladım. Bir iki tin burulduqdan sonra balaca, zibilliyə oxşar bir yer tapıb eşələnməyə başladım.Heç nə yox idi.Bu nədir belə?! Elə bil kimlərsə buralarda bütün zibilliklərin qeydinə qalırdı.
Ruhdan düşmək olmazdı. Yəqin bir qədər də axtarmaq lazımdır. Burnumu hər yerə soxmağa başladım.
-Heç nə tapa bilməyəcəksən.-kimsə dedi. Doğurdanmı səs eşitdim? Halımın belə pərişan vaxtında hətta bu cür incə səs belə az təsirli ola bilir.Lakin artıq o məndə nəsə başa düşə bilmədiyim, mənə tanış olmayan incə duyğular oyada bilmişdi. Hər halda cəld səs gələn tərəfə çevrildim. Bu, ağ rənqli gözəl bir samoyed idi. Amma bir gözü yox idi. Üst başı tamamilə çirkin içində idi. Çirkdən tükləri bir-birinə yapışmışdı. Burnunun üstündə hansısa yeni bir yara əmələ gəlmişdi.Belində üç yerdə tükləri dairəvi olaraq tökülmüşdü. Yerində isə nəsə iyrənc bir şey yaranmışdi. Onun gözlərində nigarançılıq və qorxu sezilsə də təmkinli görünürdü.Çox vüqarlı olduğunu bildirmək istədiyindən başını dik tutaraq amiranə bir görkəm almışdl.
-Heç nə tapa bilməyəcəksən.-O,yenə təkrar etdi.Amma o doğurdan da gözəl bir dişi Samoyed idi. Başa düşürdüm ki, nəsə deməliyəm. Amma sanki, dilim tutulmuşdu. Bu vaxt atamın əmr verməyə öyrəşmiş iddalı, zəhmli, inadkar sifəti gözlərimin önünə gəldi. O,mənə sanki,- ,,nə durmusan,danış!‘‘-deyə,əmr etdi.Tez özümü yığışdırıb :
-Deyəsən bu gün mənimki yaman gətirir.-deyə,-sözə başladım. –Sizin kimi gözəllə rastlaşa biləcəyimi qabaqcadan hiss etməli idim. Deməli buranın çox gözəl sahibəsi var imiş. Ərazinizə girdiyimə görə üzr diləyirəm. Məcburiyyət məni burda bir qədər eşələnməyə vadar etdi. Mən bu dəqiqə buranı tərk edəcəm.-
-Narahat olmayın.Elə fövqəladə bir iş baş verməyib.Siz orada istədiyiniz qədər eşələnə bilərsiniz.Bura çox kasıb bir zibillikdir. Cəmi dörd yerdən bura zibil atılır. Çox vaxt dişə dəyiləsi bir şey də olmur. Ət və ya qığırdaqlı sümüyə heç vaxt ümid etmə. Onlar onu bizdən də yaxşı sümürürlər. Lap onların yerinə utanıram. Sadəcə olaraq demek istəyirəm ki, ordan çox təəssüf ki, bir şey tapa bilməyəcəksən. Bu saatlardan sonra bura daha zibil atılmayacaq. Bir saat əvvəl mən buranı yoxlayıb ,,təmizləmişəm‘‘…-Sonra o mənə diqqətlə baxıb dedi:
-Görürəm yaman ac və yorğunsan. Bu günlük mənim qonağım ola bilərsən.
-Bu əla oldu.Təşəkkürlər.-
-Elə isə ardımca gəl. -deyə,-burnunu dik tutaraq geriyə çevrildi və yüngülcə yüyürməyə başladı. Mən də onun ardınca götürüldüm. Biz bir- iki dalan burulduqdan sonra içinde yəqin ki, kimsəsiz, yarı tikilmiş ev olan, bir həyətə daxil olduq. Burada hələlik heç bir həyat əlaməti görünmürdü.
-Bura sakitlikdir.-O dedi.-Bu ətrafda bircə dənə də köpəyə rast gələ bilməzsən.-
-Onlara rast gəlmək yaxşı əlamət deyil ki?-Soruşdum.
-Sən özgəsən. Buranın qanunlarını bilmirsən. Burada bəzi məsələlər sən fikirləşdiyin kimi deyil.-
-Necədir ki?-
-Bu haqda sonra.-
-Yaxşı.Bəs yeməyə heç bir şey yoxdur?-
-Var.Əlbəttə var.Özü də necə?!-O dodaqlarını yaladı ,-Arxamca gəl !-
Biz barının az hörülmüş hissəsindən həyətə daxil olmuşduq. Elə ordan da çölə çıxıb sola burulduq. Barının küncündə dayanıb yenə də sol tərəfi izləməyə başladıq.
-Biz nəyi pusuruq?-Soruşdum.
-Onları görmürsən bəyəm?-
-Nələri?-
-Balaca,ətli cücələri.-
Mən diqqət edib doğurdan da otların və kolların arasında beş on ədəd balaca cücə gördüm.
- Onları iyirmi günə yaxındır ki, izləyirəm. Hər gün səhərlər onları ta ki, axşamacan küçəyə buraxırlar. Heç bir nəzarət də yoxdur. Gün ərzində bir və ya iki dəfə ancaq onları yoxlayırlar. O da elə belə. Mən onları tək çırpışdırmaq niyyətindəydim. Amma indi ki,sən özünü yetirdin çox qonaqpərvər və mədəni olmağım bu işi tək görməyimə imkan verməz. Ancaq mütləq çırpışdırmalıyıq. Çünki mən onları düz iyirmi gündür ki, pişiklərdən qoruyuram. Heç kimə borcum olmaya olmaya.Onları yemək ləzzətini hiss etməyə haqqım var!-
Biz cücələrin hamısını çırpışdırdıq. Onları ləzzətlə yedik. Bu əsl keyf oldu. Sonra bu yeri təcili tərk etmək lazım gəldi. Çünki bir neçə nəfər oralarda yaman vurnuxurdu. Deysən cücələri axtarırdılar. Aradan çıxdıq. Mən yiyəsiz bir yer tapıb iki gün dincəldim. İki gündən sonra Samoyed gəldi. O qan- tərin içində idi. Elə tövşüyürdü ki, elə bil bu saat ürəyi partlayacaqdı. Dili ağzından bütünlüklə çıxıb sallanmışdı.
-Nə olub? Niyə belə tövşüyürsən?-Soruşdum.
-De görüm sən kimsən? Hardan gəlmisən?-
-Nə isə baş verib?-
-Sənin gəlməyindən xəbər tutublar.Mən gərək sənin gəlişin barədə onlara xəbər verəydim.,,Uzun pəncə‘‘ hər şey haqqında bilməlidir.-
-,,Uzun pəncə‘‘?-
-Bəli.-
-Deməli o burda yaşayır.-
-Sən onu tanıyırsan?-
-Haqqında eşitmişəm.Mən bura onunla haqq-hesab çürütməyə gəlmişəm.-
-Sən nə danışırsan?! Sən ki, hələ balaca küçüksən! Sən ona heç bir şey edə bilməzsən.O,çox güclüdür. Çox kökdür. Bilirsən onun nə qədər sümüyü var? Sayı hesabı yoxdur. Onların çoxu heç bircə dəfə de olsun sümürülməyib. Deyirlər ki, bütün sümüklərin üzəri ət və qığırdaqla doludur. Ətrafdakı köpəklər hamısı ondan qorxurlar. Hamısı da onun üçün işləyirlər. Bütün kök, güclü köpəkler ona qulluq edir. Onlar özlərindən çox razıdırlar. Onların da sümükləri həddən artıqdır. Hardan nə tapılırsa onlar üçün aparılır. Onlar hər gün ət yeyirlər.-
-Biz də yedik…-
-Onların bundan xəbərləri yoxdur. Gərək bunu bilməsinlər. Onlar razı deyillər ki, biz çox yeyək.Yoxsa…-
-Yoxsa nə?-
- Yoxsa bizi yox edərlər. Onlar hər şeyi öz əllərinə alıblar. Hər şey haqqında bir-birlərinə məlumat ötürürlər… Yaxşı,de görüm, sən hardan gəlmisən? Qorxuram ki, sən çıxıb getməli olacaqsan.-
-Mən,mən bir yarımadadan gəlmişəm.-
-Yarımadadan?-
-Hə,yarımadadan.-
-O nə cür yerdir? Harada yerləşir? Çox maraqlıdır. Adı nədir?-
-Adı ,, Elayya’’dır.,,Elayya’’.-deyə,-cavab verdim.-
-,,Elayya’’.-deyə, o, təkrar etdi.-Nəsə eşitməmişəm belə bir yer haqqında.-
Əlbəttə ki, eşitməmişdi. Çünki belə bir yer yox idi. Mən onu özümdən uydurdum.
-,,Elayya,Elayya,-deyə,-o yenə təkrar etdi. Yox, heç vaxt eşitməmişəm. Ora harada yerləşir? Buradan çoxmu uzaqdadır?-Soruşdu.
Mən bir az ürəkləndim.Nə uydurub danışacağımı bilmirdim.Amma bu dəqiq idi ki, nə isə danışmaq lazımdır.
-Doğurdanmı heç nə eşitməmisiniz? Çox təəccüblüdür.,,Elayya’’ çox məhşur yerdir. Çoxları oranı tanıyır. Füsnkar yerdir.Orda hamı azaddır. Hamı toxdur. Hər yer gül, çicəklərlə örtülüdür. Orda zibillik deyilən məkan yoxdur. Hər yer müxtəlif yeməklərlə doludur. Hamı bir-birilə dostdur.Hamı bir-birinə kömək edir.Heç kim razı olmaz ki, kimsə ondan az yesin.-deyə,-mən ağzıma gələni danışdım.
-Necə də gözəl yerdir! Bəs sən bura niyə gəlmisən? Kim sənin yerinə olsa ordan heç yerə getməzdi.-
-Hə elədir. Ancaq mən bunu etməliydim.-
-Sən məni Elayyaya apararsanmı?-
-Əlbəttə! Əgər sən oranı bircə dəfə görsən əsl həyatın nə olduğunu biləcəksən. Ümumiyyətlə hər yeri Elayya kimi etmək mümkündür. Bunun üçün gərək qorxmayasan.-
-Nə etmək lazımdır ki?..-
-Hamımız bir yerdə gedib onlara deyək ki, hal-hazırda onlarda olan sümükləri bizimlə yarı bölsünlər.-
-Bu mümkün deyil! Sən nə danışırsan! Bizi öldürərlər…-
-Bura bax, heç kim bizə heç nə edə bilməz!-
-Sən onları tanımırsan. Qəsəbədə bizim ,,kürən,, adlandırdığımız çox iri bir köpək var idi. Onlar kürənə də tapdığı bütün sümükləri və digər hər cür zir- zibili onlara verməli olduğunu bildirmişdilər.O isə razı olmadı. Onda bilirsənmi nə baş verdi? Onlar hər tərəfdən onun üstünə tökülüb onu parça-parça etdilər. Əvvəlcə qıçlarını sındırdılar. Qulağını tikələrə ayırıb kənara tulladılar. Bədənində dişləyib qoparmadıqları yer qalmadı. Sonra daha qorxunc bir iş etdilər.-
-Nə?-
- Onu sürüyüb qəsəbənin kənarına apardılar. Ordakı boş sahələrdə isə çoxlu çaqqallar yaşayır. Onlar həmişə acdırlar. Onu çaqqalların yaxınlığında bir yerə qoyub kənara çəkilib gözlədilər. Həmin vaxt biz hamımız orda idik. Hər şeyi öz gözümüzlə gördük. Çaqqallar yaralı kürənin onların yemi olduğunu bilirdilər. Çünki bu birinci dəfə deyildi. Onlar hamısı bir yerdə kürənin üstünə düşdülər. Kürən isə hec ayaq üstə dura da bilmirdi. O, yalniz bir qədər sürünə bildi. Lakin belə xilas olmaq mümkün deyildi…-
-Sən onları mənə göstərə bilərsənmi?-
-Bu, çox qorxuludur.-
-Heç nə olmaz. Elə indicə gedək.-
-Yaxşı.Amma mən gəlmişdim səni xəbərdar edəm ki…-
-Heç nə haqqında xəbərdar etmək lazim deyil. Hər şey aydındır. Əyər biz onlara heç bir şey edə bilməsək, mən səni və digərlərini burdan qaçırıb Elayyaya aparacağam. Orda siz gələcəkdə nə etmək lazım olduğunu öyrənəcəksiniz.-
-Sən doğrumu danışırsan?-
-Əlbəttə.-
- Sən bunu edə biləcəyinə inanırsan?-
- Əgər inanmıramsa burda nə gəzirem?-
Amma açığı öz dediklərimə özüm də inanmırdım. Bütün bunları necə deyə bildiyimə təəccüb etdim. Axı mənə nə olub? Mən dünənə kimi atasının əlinə baxan bir küçük idim. Baxıram ki, elə indi də küçüyəm. Birdən birə nə olduğunu deyə bilmərəm. Ürəyimin dərinliklərinde gizlənən iyrənc qorxaqlıq namərdcəsinə üzə çıxmağa can atırdı. Bu hər an baş verə bilərdi. Onun qarşısını nə cür alacağımı bilmirəm. Gözümün ucuyla qizlicə Samoyedin üzünə baxdım. O mənə elə inamla baxırdı ki,sanki mən iri bir gərgədanı təkcə ovlaya bilən bir şir idim. Mən hələ heç bir şey eləməmişdim.Bu qədər inamlı baxışlara layiq olmadığını bilmək nə qədər agırdır! Ah,mən gör necə həyasızam. Hər an üzə çıxa biləcək murdar və ləyaqətsiz olan,artıq ged-gedə monstra çevrilməkdə olan qorxaqlığım məni gülünc vəziyyətə qoyanda,rica edirəm həmin hissələri oxumayasınız…
Yəqin onlar üçün dəhşətli dərəcədə əzablı günlər keçir. Fikirləşdiyini mənim kimi dilinə gətirməyi bacarmaq da burda böyük bir şeydir. Deyəsən bu bədbəxtləri kimlərsə yaman bərk qorxudublar.Bunlar da əsl suda boğulanlardır və saman çöpündən,yəni ki, hətta məndən yapışmağı özlərinə sığışdıra bilirlər. Eh,qorxaqlıq nə pis şeydir! Bəlkə mən qorxmayım,nəsə bir iş görüm. Hansısa axmaq qüvvələrin təsiri altında bura,özü də atamın deyəsən tapşırdığı yerə gəlib çıxa bilmişəm.O da ölənə yaxın ağzına gələni danışırdı. Nəyi düz deyirdi nəyi yox heç bilmirəm. Hər halda sakit həyatımı buraxıb bura gəldim. Amma cücələr yaman dadlı idi. Axır zamanlar sür-sümük sümürməkdən başqa bir şey bilmirdik. Başqa yerlərə də baş çəkmək lazımdır. Amma doğrusu məni maraq da basır ki,bir elə sümüyü yığıb özündə saxlayan o qorxunc köpəklər necə sheydirler. Onsuz da mən istədiyim vaxt aradan çıxa bilərəm. Balaca küçüyəm.Kiçik bir deşik tapıb sivişməyə nə var. Bir az da cəsarət bildirən görkəm alıb dedim:
-Hə,ne oldu? Nə deyirsən,gedək?-
-Gedək.-deyə,-o,mənə elə məhəbbətlə baxdı ki,lap xəcalət çəkdim. Elə indicə ürəyimdən kecirdiklərimi yaxşı ki, bilmir. Çox qəribədir. Deməli bəxtin gətirsə oturduğun yerdə qəhrəman da olarsan.Ee,mənə belə baxma təkqöz gicbəsər Samoyed. Hələ bilmək olmaz.Bəlkə bu firildaqçıdır. Hər halda ehtiyatlı olmalıyam.
Biz dolanbac yollarla yüyürməyə başladıq.Acmış mədəm yenə başlamşıdı mənə dinclik verməməyə. Mədəm boş olanda məni elə günə qoyur ki, ancaq onun haqqında fikirləşirəm. Samoyed qabaqda , mən isə arxada yüyürürdük.Fikirləşirəm ki, bəlkə imkan tapan kimi elə indicə aradan cıxım.Axı orda mənim nə işim var!
-Budur onlar .-Samoyed dedi.
Başımı kolların arasına soxub irəli baxdım. Aşağıda çoxlu miqdarda heç vaxt görmədiyim, cürbəcür rənglərdə və növlərdə köpək görünürdü. Heç vaxt belələrini görməmişdim. Orda hər tərəf sür- sümüklə dolu idi. Onlar tənbəl-tənbəl oturur, gəzişir,özlərini günə verirdilər. O dəqiqə hiss olunurdu ki,yaxşı bəsləniblər. Hələ ömrümdə belə kök, güclü və laqeyid baxışlı itlərə rast gəlməmişdim. Onlardan hər hansı biri elə bircə həmləylə məni tikə parça edərdi.İkimizin də acından qarnımız quruldayırdı. Köpəklər məni elə qorxutdular ki, qurultunun səsinin onlara çatacağından ehtiyat edərək özümü sıxdım. Amma orda əla yeyib içmək var.Ezü də nə qədər!
-Bu qədər yemək görəsən onların nəyinə lazımdır. Axı hamısını onsuz da yeyə bilmirlər.-dedim.
-Bununla belə usanmırlar,daha çox ələ keçirmək istəyirlər.-
-,,Uzun pəncə‘‘ hansıdır?-soruşdum.
-Onu heç kim görməyib,ancaq adını eşitmişik.-
-Qulaq as.-dedim;-Cücələrin başına gətirdiyimiz oyunlardan bəlkə sümüklərin də başına gətirək.Onların üstündə o qədər ət var ki, bir neçəsi məni dəqiq doyurar.-
Samoyed heç bir cavab vermədi. O gözlərini sümüklərdən çəkə bilmirdi. Aşağıda, bir az arxa tərəfdə,xarabalıq başlayan yerdən solda da bir qalaq sümük və çoxlu ət parçaları görünürdü.Onların sahibi zorbalığından və harınlığından nifrət yaradan, növü məlüm olmayan eybəcər bir it idi. Uzaqdan da olsa yeyib möhkəm yatdığı sezilirdi.
Xarabalıq başlayan yerdən sağda köhnə dəmir boru uzanırdı. Onun bir ucu taxta hasarın arxasında idi. Digər ucu isə düz sümüklərin yanında nataraz və tərbiyəsiz şəkildə düşüb qalmışdı. Yan-yörəsi qurumuş kol-koslarla, cürbəcür dəmir qalaqları və digər zir-zibillə dolu idi. Birdən ağlıma dahiyanə bir fikir gəldi.Dönüb Samoyedə dedim:
-Bura bax dostum,məni burda gözlə,heç yerə getmə. Elə et ki, gözə dəyməyəsən. Mən bu saat deyərək-götürüldüm.
Bura qəsəbənin kənarı idi. Agac və kollardan başqa heç bir şey yox idi.Onların arası ilə şütüdüm.Yaxın məsafədən də fırlanmaq olardı. Arzu olunmadan kiməsə rast gələ bilərdim. Ona görə də daha uzaqdan fırlandım. Borunun hasardan kənarda olan hissəsini tapdım. Amma ora girmək elə də asan olmayacaqdı.Ağzı torpağa girərək tamamilə görünməz olmuşdu. Heç fikirləşmədən torpağı eşməyə başladım. Bu çox çətin iş oldu.Üstəlik məni görə bilərdilər.Eh nə olur olsun deyə davam etdim.Torpaq yaxşı ki,yumşaqdır. Balaca çınqıl daşlar da var.Burnumu yaralamışam. Bərk incidir. Deyəsən nəsə iti bir şey kəsdi burnumu. Diqqətli olmalıyam. Görəsən nə idi kesən? Ah! Şüşə…Özü də nə qədərir! Qoy bir az ehtiyatlı olum.Tələsmək lazım deyil. Hə, bax belə. Borunun içinə girəcək qədər torpağı eşdim.Borunun içi də torpaqla dolu idi. Amma onları çıxarmaq asan oldu.Yaxşı ki,balaca küçüyəm.Yoxsa borunun içinə sığışmaq çətin olacaqdı.
Başladım irəli sürünməyə. Bir qədər süründükdən sonra düz qarşımda bərk səs küy başladı. Elə bil kimsə mənə tərəf sürünürdü.Yerimdəcə dondum. Ayaqlarım tutuldu.Burada-,, axı bu necə ola biler?"-sualını verməyin yeri yoxdur.Çünki niyə də ola bilməsin.Içində ne ola biləcəyi haqqında heç bir məlümatın olmadığı naməlum bir borunun içinə girəndə belə olar. Birtəhər geriyə qayıtmaqdan başqa yol yoxdur. Geriyə qayıtmaq istəyəndə xəfif bir yel çiy ətin iyini burnuma soxdu.Deyəsən səs də kəsildi. Bu məni ürəkləndirdi.Bir az gözlədim.Səs gah peyda olur gah da yox olurdu.Sonra birdəfəlik yox oldu.Mən isə daha heç nəyə baxmadan irəli sürünməyə başladım. Daha nə qədər süründüyümü deyə bilmərəm.Birdən burnum yumşaq bir şeyə toxundu.Nə qədər gülməli də olsa onu o saat yeməyə başladım.Mən axtardığımı tapmışdım.Borunun içi ət və sümüklərlə dolu idi.Mən az qala bihuş olmuşdum.Yəqin harınlığından səfehləmiş it xoşuna gələn tikələri bura doldururmuş.Lap yaxşı! Sakitcə oturub yeməyə başladım.Ömrümdə belə kef eləməmişdim.Lap gülməyim gəlirdi. Mədəmi ağız- buğuz doldurdum.Daha gözləmədim. Bir iki ət parçası götürüb aradan çıxdım.
Samoyed ət parçalarını təəccübümə rəğmən bir anın içindəcə aşırdı.Baxışlarımızdan aydın oldu ki,bundan sonra necə hərəkət etməli olduğumuzu bilirik.
- Hamını qonaq etmək pis olmazdı.-Samoyed dedi.
-Sonra bunu həmişə etmək lazım gələcək.-mən dedim.
-Elədir.Bəs nə edək?-
-Hamını qonaq edək.-
-Sonra da bunu həmişə edək.-
-Onsuz da bu əvvəl axır baş verməlidir.-
-Elədir.-
-Yaxşı ki, mən sənə rast gəldim.-
-Mən də sənə.-
-Sənsiz bütün bunlar mümkün deyildi.-
-Həmçinin sənsiz də mümkün olmayacaqdı.-
Biz özümüzə yeni və rahat bir yuva tapdıq. Bu çox yaxşı oldu. Mən cox sevinirdim.Həyat gözəldir.Deyəsən o yenidən üzümə gülməyə başlayırdı…
Biz elə səhəri günü işə girişdik.Sehirli boru boşalmaq bilmirdi.Çox firavan yaşamağa başlamışdıq.Bütün itlər özlərinə gəlməyə başlamışdılar.Küçüklər oynaşır və görünürdü ki, tez böyümək istəyirlər.İtlər bir neçə həftənin içərisində əsl güclü köpəylərə oxşamağa başlamışdılar.Hətta onlardan bir neçəsinin hardansa nə vaxtsa dalaşqan olduqları da yadına düşməyə başladı.Biz onları güclə sakitləşdirdik.
Hər gün bir dəfə ət vaxtı idi.Az da olsa hamıya bölüşdürülürdü.Müntəzəm olaraq qidalanmaq yaxşı effekt verir.Biz onları güdürdük.Her şey qaydasında olanda içərimizdən seçdiyimiz ən çevik və qorxmaz olanlardan bir neçə nəfərimiz ət üçün gedirdi. Ət lazım olan qədər gətirilirdi.Bütün bu həngamə o vaxta qədər davam etdi ki, itlərdən biri özünü saxlaya bilməyib bərkdən,kişi kimi,qorxunc səslə hürdü.Bu o qədər gözlənilməz oldu ki, hamımız donub qaldıq.Təsəvvür edin həmişə zingildəyən, yeməzlikdən az qala küçüyə oxşayan,qarn qarına keçmiş bu it özü də özünə məəttəl qalmışdı.O dili dolaşa-dolaşa dedi:
-Mən,mən, inanın,heç özüm də gözləmirdim bunu.Bağışlayın…Amma doğrusu bu mənim çox xoşuma gəldi.Özünü əsl it kimi hiss etmək əladır.Hürməyi az qala yaddan çıxarmışdım.Açığı etiraf edirəm ki, mən yenə də hürmək istəyirəm.
-İstədiyin vaxt hürmək sənin hüququndur.-Mən dedim.-Axı sən itsən və sən istədiyin vaxt hürməlisən.İt qanununa görə hər bir itin istədiyi vaxt hürmək,yemək,qaçmaq,yatmaq və sair hüquqları var.Amma onlar bizim bu hüquqlarımızı əlimizdən alıblar.
-Hardan bilək ki,bizim belə qanunlarımız var?-Artıq çox yaşlanmış bir köpək soruşdu.-Mən əməllicə qocalmışam.Həyatda çox şeylər görmüşəm.Elə sümüklər sümürmüşəm ki,elələrini heç biriniz görməmisiniz.Amma mənim hürmək hüququmun olduğunu indi eşitdim.Axı mənim atam da heç bunu bilməyib.Yoxsa mənə öyrədərdi.Doğurdanmı belə bir şey mövcuddur?
-Əlbəttə.-Mən dedim.-Mövcuddur.Mən bunu dəqiq bilirəm.Onu bizdən gizlədirlər.Biz onu tapmalıyıq.Bizim xilas yolumuz İt qanunlarını bilməyimizdir.Onda heç nədən qorxmayacağıq.
Bu söhbət onlara fantastika kimi görünürdü.Heç cür anlaya bilmirdilər ki,onların bir başa həyatlarına aid ola biləcək bele bir sehirli qanunlar külliyyatı var.Belə bir kitabın var olduğunu mənə atam demişdi.O,bunun kiçik bir kitabça olduğunu və ,,Uzun Pəncə,,nin boynundan asıldığın demişdi.Hansısa bir itin hürməsini eşitmək onlar üçün təhlükə olduğunu göstərən bir siqnal ola bilərdi.İndi bərkdən hürmək nəinki tez idi,hətta səhv idi.
Artıq olan olmuşdu.Milyonlarla sümükləri olan milyonçu köpəklərin hamısı sakit dayanaraq qulaqlarını şəkləmişdilər.Təkcə bizim,, tədarükçümüz’’ borunu doldurmaqdan usanmırdı.O, ət özündə qurtaranda digərlərinin sərvətinə girişirdi. Onlar da heç bir söz demirdilər.Bu uzun muddət davam elədi. Biz də öz ,,işimizdə,, idik.Boru bir tərəfdən dolur bir tərəfdən də səliqə ilə boşalırdı.Artıq hamı özünə gəlmişdi.Daha heç kim gizlin gedib çırpışdırmaq istəmirdi. Birbaşa gedib onlardan tələb etmək istəyirdilər.Onlara güclə başa saldım ki, bunu etmək hələ tezdir.Biz azıq onlar isə çox.Həm də bizdən dəfələrlə güclüdürlər.Beş on küçüklə,artıq qocalmış bir neçə köpək və iyirmiyə yaxın arıqlıqdan ayaq üstündə birtəhər duruş gətirən,hətta bərkdən hürməyi belə bacarmayan itlərlə bir az oğurluq qidalanıb-bu birbaşa bizim haqqımız olsa da mən bunu oğurluq adlandırırdım,əksəriyyət mənimlə razı olmasa belə- cana gələn kimi bunu etmək olmaz.Biz burdan getməliyik.Güclənib qayıdarıq.Onlarla haqq hesabı çürüdərik.Onlara da zəhmətkeşliyin nə olduğunu öyrədərik. Sakit həyatımız bərqərar olar.Həmişə bu cür qidalanmaqla həyat qurmaq olmaz.Biz bunu müvəqqəti olaraq güc yığmaq üçün edirik.Samoyed də mənim dediklerimi təsdiqlədi.Biz yenicə razılığa gəlmişdik ki,aşağıda baş verən çaxnaşma mənim sözlərimi təsdiqlədi.
Tez onları izləməyə başladıq.Orda aləm dəymişdi bir-birinə.Deyəsən köpəklər borunu ət ilə doldurana öz narazılıqlarını bildirirdilər.Bir tərəfdən baxanda bədbəxtlərin daha heç nəyi qalmamışdı.Onlar bütün sərvətin borunun içinə doldurulmağının əleyhinə idilər.İndi istədikləri qədər yeyib içə bilməyəcəklərindən qorxuya düşmüşdülər.Onlar borunun ağzına doluşub bərk mırıltı qoparmışdılar.Deyəsən borunu dolduran ,,Uzun pəncə ‘’özü idi.O onlara nə isə başa salmaq istəyirdi.Amma onlar hamısı birləşib bərkdən hürməyə başladılar.Elə bir hürüşmə başladı ki, gəl görəsən.Yanımda olanlar qorxularından bir-birlərinə qısılıb durmuşdular.Birdən gözlənilməz bir hadisə baş verdi.Onlar hamısı birdən ,,Uzun pəncə’’nin üstünə atıldılar.,,Uzun pəncə,, görünür onların hamısından qüclü idi.O ,qətiyyən geri çəkilmədi.İlk üstünə hücum edən qara rənqli,eybəcər,artıq çoxdan vəhşiləşmiş və bəlkə də quduzlaşmış bir Rotveliyer oldu.Amma ,,Uzun pəncə’’şir kimi onun üstünə atıldı. Elə göydəcə başını əyərək çənəsini Rotveliyerin irəli uzanmış ayaqlarından birinə keçirərək yerində fırlandı. O, sanki it deyildi əsl timsah idi.
Toz aləmi bürümüşdü .Heç nə görmək olmurdu.Birdən elə bir zingilti eşidildi ki,ətim ürpəşdi.Hamımız qorxu və maraqla gözlərimizi döyüş gedən səhnəyə dikmişdik. Toz yavaş-yavaş çəkildi. Bərk zingilti isə səngimək bilmirdi.Hə r şey aydın görünməyə başladı.,,Uzun pəncə’’ağzında bir tüklü ayaq məğrurcasına dayanmışdı. Rotveliyer isə zinqildəyə-zinqildəyə üç ayaq üstündə gah yıxılır gah da dururdu.Daha hücum etmək fikri yox idi.Hamımız dəhşətə gəldik. Onlar bir qədər dayandılar.Öz aralarında ora- bura vurnuxdular.Deyəsən Rotveliyerin belə ani məhvi onları qorxuda bilməmişdi. Artıq hamısı çoxdan iddialı idilər.Belə şeylərin ola biləcəyini əvvəlcədən hesablayıb nəzərə alana oxşayırdılar. Yox, onlar qətiyyən qorxmurdular. Necə deyərlər lap dibinəcən qudurmuşdular.Onları bu qədər qudurtmaq lazım deyilmiş.Aralarından bir Doberman heç nədən qorxmayaraq vəhşicəsinə ,,Uzun pəncə’’nin üstünə atıldı. Amma o əsl usta döyüşçü kimi biclik etdi.,,Uzun pəncə’’yə çatmağa az qalmış ayaqlarını geriyə yığdı və onlar çənələrini bir-birlərinin boynuna keçirdilər.Qalanları elə o saat ,,Uzun pəncə ,,nin üstünə atıldılar.Toz duman yenidən hər yeri bürüdü. İyrənc,acıqlı və vəhşi mırıltıdan qulaq tutulurdu.Az müddət içərisində hər şey sakitləşdi. Yenə də tozun çəkilməsini səbirsizliklə gözlədik.Bir azdan hər şey aydın görünməyə başladı. ,,Uzun pəncə’’nin parça-parça olmuş cəsədi yerə sərilmişdi. Onlar öz işlərini görmüşdülər…
Bırdən məni dəhşət bürüdü.Daha bu alladıcı sakit həyat bitdi.Onlar axır ki, ,,Uzun pəncə’’ni məhv etdilər.İndi,, sehirli boru,, da nələr baş verdiyini bilsələr bizə aman verməyəcəklər.Biz hamımız dəhşətli ölümün ağuşundayıq.Deyəsən bunu hamı hiss etmişdi.Onlar nə etmək lazım gəldiyini bilməyərək gözlərini mənə zilləmişdilər.Guya mən bilirdim nə etmək lazımdır.,, Boru əməliyyatı,,na hamını cəlb etdiyimə görə bərk peşiman oldum.Gör necə səfehəm deyə ürəyimdə özümü danlamağa başladım. Gərək onları bu işə qoşmayaydım. Heç nə də bilinməyəcəkdi. Ac qalsalar da bir təhər kecinirdilər.Indi hamımız zibilin içindəyik. Onsuz da özümüzün olanı oğurlasaq da onlar bizə aman verməyəcəklər.
-Indi nə edəcəyik?-Samoyedin səsini eşitdim.
-Hamı hazırlaşsın. Hamımız qaçmalıyıq.-dedim.
-Hara qaçacağıq?-kimsə soruşdu.
Nə cavab verəcəyimi bilmirdim.Bu vaxt onlardan biri dedi.
-Qaçmağa burda heç bir yer yoxdur.Hara qaçsaq bizi taparlar.Təkcə qəsəbənin əks tərəfində ən hündür bir təpə yerləşir. O da bizi gizlədə bilməz. Onlar təpəyə bizdən də yaxşı dırmanırlar.-
-Bəs təpnin arxasında nə var?-mən soruşdum.-Həm də başa düşdüm ki,orda mənim anam uyuyur.
-Ordan bir az kenarda cox enli,coşqun bir çay axır.Hec kim qorxusundan ora girməyə cürət etməz.Deyirlər cox dərindir. Çayın o biri tərəfinə hələ heç kim keçə bilməyib. Oraların ne cür yer olduğunu bilmirik.-
Ağlıma elə bir fikir gəldi ki, sevincdən az qala qışqıracaqdım.
-Elayya ordadır.-dedim.-Biz gərək çayı keçək. Mən sizə bunu çoxdan demək istəyirdim. Amma bunun üçün xüsüsi bir gün seçərək həyata kecirmək istəyirdim. Çox təəssüf ki, işlər belə xarakter aldı. Daha gözləməyinə dəyməz. Onlar hər şeydən xəbərdar olmamış biz aradan çıxmalıyıq. Bir dəqiqə də vaxt itirmək olmaz. Mənə inanın. Elayya xoşbəxtlik yarımadasıdır. Biz orda hamımız xoşbəxt və firavan yaşayacağıq. Bir müddətdən sonra artıb, çoxalıb geri qayıtmaq olar. Gəlib hər işi yoluna qoyarıq.-
-Ay səni, balaca küçük! Sən bizim xilaskarımızsan!-onlar dedilər.-Sən bura gələn gündən hər şey dəyişdi.Sən bacarıqlısan.Eşq olsun Elayya yarımadasından gələn balaca küçüyə!Hamımız gedək oraya.Elayya çox gözəl yer olacaq.Biz xoşbəxt yaşayacağıq. Nə yaxşı ki , balaca küçük var! Nə yaxşı ki, Elayya yarımadası var!-
-Necə olub ki,biz, Elayya kimi bu cür ğözəl bir yarımadanın lap yaxınlığımzda olduğunu indiyə kimi bilməmişik.O ki,lap yaxında imiş! Əlini uzatsan çatar! Xoşbəxtlik yanımızda ola-ola illərlə zülm çəkmişik.Biz nə qədər axmaq imişik.Yaxşı ki sən gəldin balaca küçük.- onlardan biri dedi.
-Yaxşı, tez hazırlaşın.İşimiz çoxdur.Biz çayı keçmək üçün sal düzəltməliyik.Yoxsa onu qət etmək mümkün olmaz.Balaca küçüylər,qocalar,xəstələr çoxdur.Hamı təpəyə.-
Hamı bir başa təpəyə tərəf yüyürməyə başladı.Hərənin də ağzında bir necə sümük var idi.Kim nə qədər bacarırdısa götürmüşdü.
-Dayanın!-deyə,-qışqırdım.-Siz nə edirsiniz?! Hamınız sümükləri atın! Onlardan Elayyada çoxdur. Siz çalışın təpəyə taxta - şalban daşıyın ki,sal düzəldə biləsiniz.-
Onlar sümükləri qətiyyən tullamaq istəmirdilər.Amma görəndə ki, başqa çıxış yolu yoxdur hamısı sümüklərdən imtina edə bildi.Hamı ağzında müxtəlif taxta parçası, uzun ağac götürüb təpəyə dırmaşmağa başladı. Aşağıda isə kef məclisi qurulmuşdu. Onlar öz qələbələrini qeyd edərək doyunca yeməyə girişmişdilər. Hamısı borunun ağzına yığışıb bərk mırıltı salmışdılar. İri –iri ət tikələrini bir dəfəyə ötürürdülər. Mən bilirdim ki, bu belə davam etməyəcək. Bir azdan bu qurtaracaq. Çünki onlar artıq borunun içinə girərək əti dartıb ordan çıxarırdılar.
-Bir az cəld olun!-deyə,-qışqırdım.-Vaxt çox azdır.-
Özüm də onlara kömək edirdim. Biz axır ki,təpənin başına dırmaşdıq. Elə bir tərəfində dayandıq ki, görünməz ola bilək. Sərin meh əsirdi.Çay doğurdan da çox möhtəşəm idi. Ömrümdə bu qədər suyu bir yerdə görməmişdim. Sakitcə,qürurla axırdı. O biri sahil duman olduğuna görə güclə görsənirdi. Duman get-gedə biz tərəfə də irəliləyirdi. Əyər suya tez girə bilsəydik bu bizim xeyrimizə olacaqdı. Çünki o biri sahili tez müəyyənləşdirmək lazım idi. Duman hər yeri tez bürüsəydi biz hara üzdüyümüzü görməyə bilərdik. Suda bir neçə dəfə fırlandıqdan sonra istiqaməti itirər,əvvəlki sahilə çıxardıq ki, bu da bizim sonumuz olardı. Amma duman çayın ortasında bizi haqlasa bu bizim xeyrimizə olacaq. Həm gedcəyimiz sahili artıq müəyyənləşdirmiş olacağıq, həm də düşmən dumandan bizi görməyəcək.
ArtIq sal hazır idi. O qədər yaraşıqlı olmasa da möhkəm idi. Amma hamını götürə biləcəyinə şübhə edirdim.
- Hamı buradadırmı - soruşdum.-hamınız doluşun salın üstünə. Görək hamını götürəcəkmi.-Hamı salın üstünə doluşdu. Sal güclə davam gətirirdi. Amma bir-birinin üstündə də olsa yerləşə bildilər. Axırıncı mən qalmışdım. Hoppanıb Samoyedin yanında özümə yer elədim. Mənə elə məhəbbətlə baxdı ki, lap bağrım yarıldı. Nəhayət:
-Kəndiri aç!-deyə,-əmr etdim. Hamı kəndirin açılmasına tamaşa edirdi.Hamını qəribə qüssə bürümüşdü. Öz doğma yerindən ayrılmaq, bəlkə ömürlük, zarafat deyil. Kəndirin axırıncı ilgəyi açılmaq üzrə idi. Bu vaxt yanımızda olan bir köpək dedi:
-Dayanın.Bəs mənım ən sevimli küçüyüm hanı? –
-Mə..yər o burda deyil?-mən kəkələyərək soruşdum.
-Qoy bir də sayım.-O dedi və saymağa başladı.-Bir,iki,üç,dörd,beş…Bəs altıncı? Bəs mənim Zolaqlım? Mənim Zolaqlım yoxdur! O mənim ən sevimli küçüyümdür.Mən onu olduqca çox sevirəm.O ən çox mərhum atasına oxşayır. Atası çox yaxşı it idi. Mən onu on güclü itin içindən seçmişdim. Mən Zolaqlım burda olmasa heç yerə gedən deyiləm! Əyər kəndiri açsanız özümü çaya ataram.-
Kəndiri açmayıb dayandıq. Vaxt da heç yox idi. Mən bunu hiss edirdim.
-İndi nə edək?- Sevimli Samoyed məhəbbət dolu tək gözünü mənə zillədi. İki gözündə olan məhəbbət işığı bir gözünə toplanaraq onu daha çox atəşli etmişdi. Məhəbbətin alovu yeganə gözünü cazibədar etmişdi. Mən gözlərimi onun gözündən çəkməyə məcbur oldum.İçərimdən nəsə isti, alovlu bir gizilti keçdi. Deyəsən bu sevgi idi. Məni küçüyün dalınca göndərmək üçün Samoyedin tək gözündən çıxan qığılcım da bəs elədi. Bir də gördüm ki, artıq saldan düşmüşəm.
-Mən gedirəm Zolaqlının dalınca.Onu orda qoya bilmərik. Heç kim saldan düşməsin.Təkcə bir it düşüb mən ve Zolaqlı gələnədək kəşik çəkərək yola baxsın. Biz gələnə qədər gözləyin.Qaş qaralana kimi gəlməsək hökmən gedin. Daha bizi gözləməyin.-
-Bəs siz nə edərsiniz? Sizi öldürərlər.-sısqa bir köpək zingildədi.
-Bizdən sarı narahat olmaya bilərsiniz. Mən iki nəfər üçün uyğun olan başqa bir yol da tanıyıram.Axı mən bu yolu bir dəfə gəlmişəm.-Deyə,-təşəxxüslə və mənalı-mənalı Samoyedə baxdım və qəsəbəyə tərəf götürüldüm.
Qəsəbəyə çatanda günortadan xeyli keçirdi. Hər yeri ələk- vələk etməyə başladım. Küçük heç bir yerdə görünmürdü. Köpəklər olan tərəfdən bərk hürüşmə səsləri gəlirdi. Gizlincə ora baxdım. Onlardan biri borunun üstündə dayanmışdı. Yəqin onu başçı seçmişdilər. Deyəsən borunun sirrini anlamışdılar. Bir neçəsi borunun o biri tərəfindən çıxaraq hər yeri iyləyir və bərkdən hürürdü. Daha vaxt itirmək olmazdı. Mən yenə axtarmağa başladım. Heç cürə onu tapa bilmirdim. -,,Bəlkə köpək səhv salır. Elə onun beş küçüyü var.-‘’deyə,-fikirləşdim. O qədər küçüylüyürlər ki,sayını da itirirlər.Daha onu tapmağa ümidim qalmamışdı. Eh,daha gedim.Yox, bəlkə bir az da axtarım.Yenə başladım axtarmağa. Birdən çürümüş taxta qalaqlarının arasında gözümə boz zolağa bənzər nəsə dəydi. Başımı uzadıb ora diqqətlə baxdım. Qəşənq boz zolaqları olan lap balaca küçük başını özündən gözlə görünəcək qədər iri olan bir sümüyün üstünə qoyub şirin-şirin yatmışdı.
-Aha,ay səni dələduz! Demək sən buradasanmış! Mən də səni haralarda axtarmıram. Gəl,gəl bura görüm.-deyə onu dartmağa başladım. Balaca caynaqlarıyla sümükdən elə yapışmışdı ki, qətiyyən qopmaq istəmirdi.- Ay səni,acgöz! Burax, burax deyirəm sənə o lənətə gəlmiş sümüyü!- Axır ki, ayaqları sümükdən üzüldü. O hele oyanmamışdı.-Lap div kimi yatağansan! Yaxşı, sən yat.-
Onu dişlərimə tutub yüyürməyə başladım. Elə bu vaxt çoxlu it ayaqlarının səsini eşidərək geri qayıtdım. Ayaqlarım iri bir dəmirə ilişdiyindən səntirləyib yıxıldım. Balaca bir dərənin içinə sürüşdüm. Bura çirkli su və müxtəlif zir-zibillə dolu idi. Zibillərin içinə girib boğazıma qədər suyun içində gizləndim.Bu lap yaxşı oldu. Zolaqlını da əllərimlə bərk sıxaraq tutmuşdum.Yazıq nə baş verdiyini anlamadığından çaşmışdı.Bütün günahları yəqin ki,suda gördüyü üçün suyu dişləmək istəyirdi.
Bir dəqiqədən sonra bura köpəklərlə doldu. Zolaqlı səs çıxarmasın deyə mən onun ağzını tutmuşdum.
Köpəklər ora bura vurnuxur,dilxor-dilxor,mənasız yerə hürürdülər. Deyəsən bir-birlərilə də düz gəlmirdilər.
-Öz böyük it təcrübəmdən istifadə edərək yüz iri,ətli və qığırdaqlı sümükdən mərc gəlirəm ki,onlar bir az bundan əvvəl burda olublar.-şir kimi nəhəng olan birisi dedi.
-Özünü elə çəkirsən ki, guya buradakilar it deyillər, qoyundurlar! Biz də sən deyəni bilirik.Onları təcili tapmaq lazımdır.-
-Buralara bir fikir verin hər yer bizim var dövlətimizin acı nşanələrilə doludur.-
-Hər yer sümürülmüş sümüklərlə doludur.-
-Onlar bizi qarət ediblər. Buna görə də cavab verməil olacaqlar!-
-Lənətə gələsiniz! –deyə,-köpəklərdən ən iri və qorxuncu dedi.-Onlar heç sümüyün nə olduğunu da bilmirmişlər. Məyər sümüklə belə rəftar edərlər. Ağalar,siz mənimlə razı olarsınız, sümük sümürməyin də öz qaydası var. Sümüyü elə birinci dəfədən elə sümürmək lazımdır ki, üstündə bir qətrə də ət deyilən şey qalmasın. Mən bunu atamdan o da öz atasından öyrənib.-deyərək, sümüyün birini qabağına çəkərək onu yaladı və uc hissəsini bircə dəfəyə sındırıb ağzında xıncım-xıncım edərək uddu. Mən qorxumdan elə sakit dayanmışdım ki, sanki heç yox idim. Sümüyü belə sındıra bilən köpəyin nə demək olduğu göz qabağında idi.
-Yaxşı indi nə edək?- köpəklərdən biri dedi.-Hamımız müflis olmuşuq. Bunlar da sümükləri götürüb aradan çıxıblar. Bundan sonra nə edəcəyik?-
-Panikaya düşməyin.-seçdikləri yeni başçı dilləndi.- Əvvəlcə axtarıb onları tapmalıyıq. Öz yerlərinə qaytarmalıyıq. Sonra da hər birini növbə ilə cəzalandırarıq. Onlar hara gedəcəklər ki. Yəqin zibilliklərdə eşələnirlər. Tez zibillikləri axtarın. Hamı üç-üç, dörd-dörd bölünsün.-
Onlar çıxıb getdilər. Mən bir az da gözləyib yavaşca gizləndiyim yerdən çıxdım. Zolaqlını yerə qoyub bir az dincimi aldım. Çırpınıb üstümün suyunu dağıtdım. Yenidən Zolaqlını dişimə tutub getmək istəyirdim ki, birdən arxamda kimsə dedi:
-Bravo,bravo,bravo!- Bu birinci danışan qorxunc köpək idi.-Bravo!-deyə,-o daha bərk qışqırdı.-İndicə buranı tərk edən qoyun sürüsünü gördünmü? Yox ,mən onlara qoyun sürüsü deməzdim. Onlar daha çox dovşan sürüsünə oxşayırlar. Mən canavarları, kaftarları , çöl itlərini demirəm, hətta çaqqallar da onlardan ağıllıdırlar. Neçə illik it təcrübəmə inanaraq mərc gəlirəm ki,sən də onların hamısından ağıllısan. Amma bir dəqiqə. Mən səni heç vaxt görməmişəm. Yüz,yox min ən ətli və qığırdaqlı sümükdən mərc gəlirəm ki, sən buraların itinə oxşamırsan.-deyə,-o, yaxınlaşıb məni iylədi. Dili ilə qulaqlarımı yalayaraq;-hə buraların iti deyilsən.- dedi.-Də görüm onları harda gizlətmisən? Onu hara aparırsan? Mən bilirdim ki, burda nə isə var. Ona görə də getməyib gözlədim. Elə buna görə də iddialıyam. Bilirəm ki, onların hamısından ağıllıyam. Onlar isə yenə də başqasını seçdilər...- O, dilxor və əsəbi olduğu üçün var gəl etməyə başladı. Gəzişdikcə hərdən dönüb mənə diqqətlə baxırdı.
-Bir dəqiqə.-deyə,-o,birdən dayanaraq danışmağa başladı.-Bura dörd ya da beş ay bundan əvvəl də bir köpək gəlmişdi.O guya hamını xilas edəcəkdi. Mən öz üsullarımdan istifadə edib onun içini elə əzdim ki,yəqin ki, indiyə çoxdan gəbərmiş olar.İndi sən də onun kimi olacaqsan.-deyib üstümə atıldı. Mən zolaqlı ağzımda olduğu üçün heç yerə tərpənə bilmədim. O məni tutaraq zolaqlını ağzımdan qopardı və yerə tulladı. Məni isə dişlərilə tutub divara çırpdı. Az qala huşumu itirəcəkdim. Amma tez özümə gəlib növbəti hücumdan bir sıcrayışla xilas oldum.
-Ha,ha! Bax buna varam. Səy göstərirsən. Xilas olmaq üçün. Bu təbiidir.-
O yenidən üstümə şığıdı .Bu dəfə xilas ola bilmədim.O ,caynaqlarıyla hər iki böyrümə ağır zərbələr endirdi.Elə bil içərimdə nələrsə qırıldı. Qarnımdan ağzıma tökülən isti qanın tamından ürəyim bulandı. O,məni yenə divara çırpdı. Növbəti dəfə üstümə atılanda var gücümü toplayıb kənara sıçradım. Bunu əsl vaxtında edə bildim. Çünki köpək üstümə atılanda çürümüş bir dəmir parçasını yerindən oynatdı. Və göydən asılı qalan,hərəsi bəlkə də bir ton olan üç nataraz dəmir düz onun üstünə düşdü və yəqin ki,belini sındırdı. O, heç zingildəyə də bilmədi. Dəmirlərin altında ayaqları qabağa uzanılı şəkildə qaldı. Hər yerindən qan qəlirdi;gözlərindən,burnundan,qulaqlarından və ağzından da. Mən geri qayıdaraq onun qarşısında dayandım və dedim:
-Dörd ay bundan əvvəl rastlaşdığın mənim atam idi və məni bura o göndərib.Sən uduzdun.-Sonra onun boynundan zəncirlə asılmış,üzərində ,,Dünyadakı bütün itlər üçün yekdilliklə qəbul olunmuş demokratik qanunlar toplusu,,.yazılmış kitabçanı dartaraq qopartdım.
O,dəhşət andıran gözlərini mənə zilləmişdi. Mən onu heç vecimə də almayaraq zolaqlını götürdüm.Artıq qaş qaralmaq üzrə idi, gecikmək olmazdı. Amma mən yüyürə bilmirdim.Atamın mənimlə etdiyi axırıncı söhbətlər yadıma düşdü. Deməli bütün mənə danışdıqları onun üçün gör nə qədər çətin imiş.Amma o,öhdəsindən gəldi. Mən də öhdəsindən gələcəm. Mən bunu edəcəm. Darıxma,zolaqlı.Qorxma, mən səni anana çatdıracam. Biz bunun öhdəsindən gələcəyik.Mən bütün qüvvəmi səfərbər etdim. Var qüvvəmlə üzü yuxarı, təpəyə qalxmağa başladım. Mən qalxmalıyam. Hamı mənı gözləyir. Mən bacaracam!
Axır ki,təpənin başına qalxdım. Samoyedi gördüm.O,mənim qabağıma qaçıb üstümə atıldı. Məni elə qucaqladı ki..Bu elə mənə bəs idi. Bu sevginin özu idi. Heyatda elə şeylər olur ki,o baş verəndən sonra az, lap az ömür də mənalı olur. Zolaqlını anasına verdilər. Artıq şəfəq qaralırdı.
-Daha gecdir.Siz getməlisiniz.-Samoyedə dedim və kitabçanı ona uzatdım.
-Necə yəni getməlisiniz?! Məyər sən getmirsən bizimlə?-
-Yox.İndi bu mümkün deyil. İşi axıra kimi görmək lazımdır. Duman artıq çayın bu tərəfinə də keçib. Siz istiqaməti itirmədən o biri sahilə üzün. Yaxşı ki, duman var. Onlar gəlsələr sizi görə bilməyəcəklər.Mən istəmirəm ki,onlar Elayya yarımadası haqqında bilsinlər.-
-Bəs sən?-
-Gedin, orda yaxşı heyat var.-
-Bəs sən?-
- Qoy hamı sevsin.-
-Bəs sən?
-Orda yemək çoxdur.-
-Bəs sən?! Sən! Sən məyər məni eşitmirsən? Bəs mən nə edəcəm? Sənsiz nə edəcəm?-
- Gecdir,getməlisiniz.Bir az da keçsə hamını güdaza verərik. Mən axı demişəm. Mən başqa bir yol bilirəm. Birdən onlar görünsələr mən onları azdıracağam.Sonra isə həmin yolla da gələcəm. Bəlkə də sizdən də tez çatacam…-
Samoyed daha gözləyə bilməzdi.O,salın üstünə atıldı..Kəndiri kəsdilər.Sal çayın ortasına tərəf itələndi və yavaş-yavaş üzməyə başladı. Samoyedin səsi eşidild:
-Mən səni gözləyəcəyəm! Eşitdinmi,gözləyəcəyəm! Mən səni sevirəm. Həmişə də sevəcəm!-Sal bir qədər də getdikdən sonra dumanın içinə girdi.Duman salı sanki öz köksünə sıxdı və onu isti bir yorğana bürüyərək görünməz etdi…
Mən təpənin başında oturdum.Artıq qaranlıq çökmüşdü. Duman olmağına baxmayaraq göyün üzü ulduzla dolu idi. Uzaqdan çoxlu köpək hürüşməsi eşidilirdi. Səslər get-gedə daha yaxından eşidilməyə başlayırdı.Yəqin artıq təpəyə dırmaşırdılar. Hiss etdim ki,ayaqlarım qıc olmağa bashlayır.Bu vaxt ulduzlardan biri getdikcə böyüməyə başladı və mənə daha yxın oldu.Anam ağappaq ulduzun içindən mənə əl elədi. Sonra ulduz daha da yaxınlaşdı.O,ulduzun içindən çıxmadan əllərini uzadaraq məni öz ağuşuna aldı…
29 sentyabr 20016ci il