
Yapon teatr rejissoru Tadaşi Sudzuki ilə müsahibə
- 13.01.2020
- 0 Şərh
- 14711 Baxış
Yarpaq.az
Teatro.az sənət portalına istinadən yapon rejissor Tadasi Sudzukinin Rusiyanın
"Mədəniyyət” qəzetinə verdiyi müsahibəsini təqdim edir:
Qısa
arayış:
Tadasi
Sudzuki işləri dünya teatrına çox böyük təsir edən, dünyaca məşhur rejissor,
pedaqoq, filosof və teatr nəzəriyyəçisi, SCOT-un qurucusu və rəhbəri,
Yaponiyada birinci Beynəlxalq Teatr Festivalının təşkilatçısı (Toqa festivalı),
yeni aktyor sənəti metodunun yaradıcısıdır.
Rejissorun
"Dionis”, "Kral Lir”, "Sirano de Berjerak”, "Madam de Sad”
kimi tamaşaları məşhurdur.
T.Sudzuki
bir sıra beynəlxalq layihələrdə iştirak edib. Bunlara misal olaraq, ABŞ-ın 4
region teatrı ilə birlikdə hazırladığı "Lirin hekayəsi” layihəsini, Çexov
adına Moskva Bədaye Teatrında "Kral Lir” tamaşasını, Mədəniyyət
Olimpiadası və Düsseldorf Shcauspiel Haus təşkilatı ilə birgə həyata keçirilən
"Şah Edip” layihəsini, Ansan Arts Center/Arco Arts Theatre (Koreya) və
Taqanka Teatrının "Elektra” tamaşasını misal çəkmək olar.
X Beynəlxalq
Aleksandrinski Festivalında Tadasi Sudzukinin Evripidin mətnləri əsasında
hazırladığı "Troya qadınları”ı tamaşası nümayiş olunub.
Bu il Teatr Olimpiadası həm Rusiyada, həm də
Yaponiyada keçirilir. İki istiqamətin yaranması nə dərəcədə özünü
doğruldur?
- Fikrimcə, bu olimpiadanın həyatında önəmli mərhələdir.
Kino ilə müqayisə edin. Film, konkret bir ölkədə çəkilir, onu xaricə çıxarmaq və
geniş prokat şəbəkəsinə buraxmaq olar, qısa müddətdə ona milyonlarla insan baxa
bilər, hər kəs kinorejissor üçün aktual olan şeyə baxacaq. Söhbət teatrdan gedəndə
isə bu məntiq mümkünsüzdür. Olimpiada hərəkatımızın ideyası tamaşaçını eyni
vaxtda planetin müxtəlif bölgələrindən olan dünya teatrları ilə tanış etməkdir.
Qastrollar çox zəhmət tələb edəb aparan prosesdir. Əgər tamaşa hazırlanıbsa və
populyardısa, onu başqa ölkəyə aparmaq
ancaq 2 ildən sonra mümkün olur, bu isə o deməkdir ki, tamaşa köhnəlir. Belə
olduqda isə, tamaşa öz aktuallığını itirir. Biz olimpiadaçılar çalışırıq bu
zaman məsafəsini qısaldaq, indi məşhur olan tamaşaları eyni vaxtda həm
Rusiyada, həm də Yaponiyada görmək mümkün olsun.
Necə
fikirləşirsiniz olimpiadanın tamaşaçıları akkulturasiya problemi ilə üzləşirlərmi?
Aydın məsələdir ki, rus və yapon xalqlarının mədəni kodları fərqlidir.
- Sizinlə razı deyiləm. Yaponların müharibədən
sonrakı nəsilləri Rusiya mədəniyyəti ilə, o cümlədən rus teatrı ilə tərbiyə
olunublar. Biz Çexov və Dostoyevskinin əsərlərini çox gözəl bilirik. Mədəniyyətiniz
bizim üçün yad deyil. O ki qaldı, Rusiyaya, məndə elə təəssürat yarandı ki,
ruslar teatrı və onun bütün təzahürlərini sevir, sizin tamaşaçılar səmimidir və
onlar həmişə tamaşanı bəyənib-bəyənmədiklərini etiraf edə bilirlər.
Ümumiyyətlə,
elə hesab edirəm ki, əgər tamaşa maraqlıdırsa, tamaşaçı heyranlıqla baxırsa,
tamaşanın yarandığı ölkənin uzaqlığı, əcnəbi dildə olması önəmli deyil. Amma
indi mənim və aktyorlarımın anlaşılmamaq ehtimalı yoxdur, çünki "Sirano de
Berjerak”ı gətirmişəm. Hətta tamaşada səslənən musiqi - Cüzeppe Verdinin bəstəsi
ümumavropa mədəniyyətinin koduna uyğun gəlir.
Bu
fransız mətnin Yaponiyada çox məşhur olduğunu demisiniz. Siz Edmon Rostanın
uğurunun sirrini açmağı bacardınız?
-
Yaponlar üçün əsas olan insandır, bu yazıçı da ola bilər, döyüşçü də.
Razılaşın, maraqlı vəhdətdir. Biz uyumsuz məşğuliyyətləri, keyfiyyətləri və cəhdləri
özündə birləşdirə bilən qəhrəmanları qiymətləndiririk. Bununla belə, bu cür şəxslərə
xas olan istedad və bəxtə baxmayaraq, son nəticədə uğurun olması o qədər də
labüd deyil. Biz uğurlu olanları sevmirik. Bizim üçün hansısa qəribəlikləri olan və ya cəmiyyətin rədd etdiyi şəxsləri,
ümumiyyətlə hər hansı bir çatışmazlığı olan insanlar önəmlidir. Amma istənilən
halda, onlar ağıllı olmalıdırlar.
Bunların
hamısı sənət çərçivəsindədir?
- Təkcə bu deyil. Bilirsiz, bax, məsələn,
amerikalılar uğur əldə etmək üçün çalışırlar, həyatda və sənətdə bu onların əsas
yoludur, yaponlar, təkrar edirəm, əsas olan insandır, onlar uğur əldə etmək
üçün mübarizə aparırlar, ancaq əldə edə bilmirlər, bu vəziyyət isə onlara daha
cazibəli gəlir. Yeri gəlmişkən, yaponlar da yəqin ki, mənim haqqımda belə
düşünürlər: uğur əldə edə bilməyib və buna görə də Toqada dağlarda gizlənib.
Bəs, əsil
səbəb nədir?
- Mən
teatra münasibətin qiymətləndirmə şkalasını dəyişməyə çalışıram. Səhnə əsərinin
təkcə böyük şəhərlərdə deyil, balaca yerdə də var ola biləcəyini və dünya səviyyəsində
maraqlı ola biləcəyini göstərmək istəyirəm.
Uğur
qazanmayan qəhrəmanlara qayıdaq, belə çıxır ki, yapon tamaşaçısını, ilk növbədə,
bu proses və mübarizə maraqlandırır?
-
Fikrimcə, bu təkcə yaponlara aid deyil. Əgər dünya ədəbiyyatına baxsaq, pyes və
romanlarda ya dəli, ya uğursuz insanlar, ya bədbəxt sevgililər ya da qatillər
haqqında danışırlar. "Şah Edip” və
"Kral Lir” arasında onlarca əsr var, lakin onları əsərdə rahat həyatın
olmaması birləşdirir. Nəyə görə tamaşalar ən çox qədim yunan faciələrindən
yaradılıb? Ona görə ki, onlar keçmişdə olduğu kimi indi də ortaya aktual olan
problemi - güclü insanların ədalətsiz dünyaya qarşı çıxmasını qoyur.
Sizin
tamaşanıza baxan tamaşaçı hansı cavablarla tamaşaçı salonunu tərk etməlidir?
- Düzünü deyəcəm, cavab tapmış, teatrdan sakit
gedən tamaşaçılardan qorxuram. Sənət adamları həmişə pessimistliyə köklənir:
Biz ətrafda nə qədər anlaşılmazlıq olduğunu, zamanın çıxılmaz yollar
hazırladığını kəskin şəkildə hiss edirik. Bu bizim alın yazımızdır, ancaq rus
incəsənəti də bundan kənar deyil. "Nə etməli?” sualını məhz siz
soruşmusunuz. Tamaşaçı teatra gələndə isə rejissorun və aktyorun indiki, gələcək
və bugünkü dünya üçün keçirdiyi narahatlıqlar ona ötürülür. Ona görə narahat şəkildə
getmək daha düzgündür. Kimlərsə düşünür ki, guya teatr dünyanı dəyişə bilər. Məncə,
bu belə deyil, ancaq o hər bir insanın düşüncəsin dəyişə bilər, bizi daha
empatik və düşüncəli edə bilər.
Belə
bir təəssürat yaranır ki, sizin quruluşda pyesin mətni əsas deyil. Mən görürəm
ki, rus tamaşaçısı titlərə az fikir verir. Bəs, onda siz nəyin köməyilə
tamaşaçı zalı ilə kontakt qurursunuz?
-
Aktyorun enerjisi ilə. İfaçə enerji axınını tamaşaçıya verə bilməlidir, onda
onlar səhnədə nə baş verdiyini anlamağa başlayacaqlar. Əgər enerji yoxdursa,
istənilən ideya yox olacaq, itəcək.
Buna
sizin aktyor treninqləriniz kömək edir? Yeri gəlmişkən onun mahiyyəti nədir?
- Təbiət
insanı beş duyğu ilə mükafatlandırıb: görmək, eşitmək, hiss etmək, iy bilmək və
dad bilmək. Aktyorların heyvan kimi konsentrasiya yarada bilməsi çox vacibdir,
bu, onlara duyğularını azad şəkildə istifadə etməyə icazə verir. Müasir insana
baxın: o az gəzir, maşınlar onu aparır, canlı ünsiyyət telefonla əvəzlənir. Bir
tərəfdən də əgər biz internetdəyiksə, həm də görürük, maşının pəncərəsindən səslənən
musiqini də eşidə bilirik. Ancaq hərəkətə gəldikdə isə biz çox vaxt incə
deyilik. Görünür bizim təbii hisslərimiz zəifləməyə başlayıb. Amma heyvanlarda
hər şey əvvəlki kimidir, onlar müasir dünyaya öz bədənləri ilə əlaqəsini, hisslərini
itirmədən gəldilər. Onlar hər hansı bir təhlükədə yüksəklikdən tullanıb öz pəncələri
üstə düşə bilər, daha güclünü hiss edərsə, qaça bilər. Onların beş hissi eyni dərəcədə
reaksiya verir - bu onların bütün gücü ilə yaşadıqlarını göstərir. İnsanın isə
bu balansı pozulub.
Belə
çıxır ki, sizin treninqinizdən sonra aktyor "tam hüquqlu heyvan” olur?
- Mənim
sistem daxilində hətta belə bir terminim var. Mən aktyora "heyvan
enerjisini” əldə etməyi öyrətməyə çalışıram. Mənim metodumla çalışan aktyor
bütün hisslərin konsentrasiyasına malik olmalıdır ki, istənilən vəziyyətdə
rejissorun tələb etdiyini yerinə yetirə bilsin. Canlı enerji vacibdir, aktyorun
vəzifəsi tamaşaçını onunla yoluxdurmaqdır.
Yəqin
ki buna nail olmaq çox çətindir. Təlim zamanı siz truppa ilə diktator kimi
davranırsınız?
-
Diktator deyiləm. Bu ki sistemdir, mən əmrlər vermirəm, öyrədirəm. Bununla belə
hiss edirəm ki, biz eyni məqsəd üçün çalışırıq. Məsələn, klassik baletdəki kimi
tələbələr və müəllimlər arasında ünsiyyət olur.
Dediniz
teatrın vəzifəsi insanın düşüncəsini dəyişdirməkdir, bəs mədəniyyətlərin
toqquşması necə?
-"Körpülər
yaradaraq” - bu olimpiadamızın şüarıdır. Əlbəttə, fikrimcə teatr mədəni mübadiləni
yaradır, bir-biri ilə bənzərliyi və fərqləri duymaq imkanı toqquşmaları
anlaşmaya çevirir. Nəinki, milli mədəniyyətə görə narahat olmaq, həm də bəşəriyyətin
mədəniyyətini qorumaq mənim üçün çox vacibdir, bu daha çox qlobaldır. Yeri gəlmişkən
indi səhnədə Roksana rolundakı istedadlı Nana Tatişvilini gördünüz, mənim
quruluşumdakı tamaşada iştirak edən Rusiyalı aktrisadır. Bunu ona görə deyirəm
ki, sənət üçün ümumi bir açar yaranırsa, ünsiyyət qurmaq və birlikdə dünyanı
yenidən yaratmaq olar.
Tərcümə
edən:
Razimə
İsmayılova
Teatrşünas