...Yəni AZTV-də bu da olacaqmış?
TV
- 17.05.2021
- 0 Şərh
- 13722 Baxış
Yanından ötüb-keçən milyonlardan biri mən olmuşamsa da, hər dəfə "səni sevirəm, Allah qoysa qovuşarıq” demişəm ona...-pıçıldamışam qulağına ki, "bir gün gələcəm”. O bir gün bu günlər imiş. Bu illər ərzində məni yaxından tanıyanlar ara-sıra qınayıblar da...-"Ay bala, səni sevməyəni sən də sevmə”-deyiblər. Bu illər ərzində mən bir həqiqəti dərk etdim ki, göz yaşları ilə ayrıldığın sevgi heç vaxt bitmir, tükənmir. O sevgi, əksinə, hər gün bir az da böyüyür. Mənim böyük sevgim, ilk məhəbbətim Azərbaycan radiosuna qovuşmağım da gözlənilməz oldu. On il öncə mənə desəydilər ki, hər hansısa yazdığın bir yazıya görə AZTV rəhbərliyi sənə zəng edib, minnətdarlıq edəcək, Vallah, inanmazdım. Yenə günlərdən biri idi, şair könlüm ilk məhəbbətim-Azərbaycan radiosu haqqında bir yazı yazdırdı mənə. Yazar ənənələrimə sadiq qalaraq yazdım və dərc etdirdim. Adi bir yazıya qarşı bu qədər həssas davranmaq isə bu teleradionun taleyində ilk dəfə yəqin ki, rəhbər olaraq Rövşən Məmmədov tərəfindən olub. Bu səmimiyyəti gördükdən sonra bir az da ürəkləndim və qəbuluna yazıldım, məni qəbul etdi. Adam ilk cümləsindən mənimlə əsl həmkarı kimi danışırdı. İyirmi ilə yaxındır ki, mətbuatdayam və bir çox rəhbərliklərin qəbulunda olmuşam. Mən belə səmimiyyət, belə insanlıqla ilk dəfə idi rastlaşırdım. Beş il Azərbaycan radiosunda işləyərkən, iclaslarda nümunə göstərilsəm də o zamanki AZTV rəhbərliyinin qəbuluna düşə bilməmişdim. Dövran o dövran idi ki, kim isə (day-day) səni işlədiyin televiziyanın rəhbərinə tapşırmalı idi. Əgər sən kimsənin bir kimsəsi yox idisə, müqaviləsiz, bəzən də pulsuz-parasız işlədib, haqqını yeyirdilər. Bu isə mütləq Həqq tərəfindən görülürdü.
AZTV-nin binasında olanlar bilir, bir necə il öncə də radio ilə Teleradio Akademiyasının dəhlizləri elə indiki kimi yaxın idi və radio işçiləri demək olar ki, hər gün akademiyanın dəhlizindən keçməli olurdu. Bir neçə il bundan öncə Akademiyanın qapıları bağlı olardı. Gəldim və gördüm ki, Teleradio Akademiyasının da bütün qapıları eynən Azərbaycan radiosunun qapıları kimi açıq və dəhlizi də səs-küylüdür. Hətta artıq bu akademiya özündə iki nəsilin vəhdətini də təşkil edir. Gənclər gəlib, ustadlardan dərs alır, sonra isə olur AZTV işçisi. Allahım, yəni AZTV-də bu da olacaqmış?.. Axı, mən bəzi saytlardan oxuyurdum ki, yaşlı nəsli AZTV-dən uzaqlaşdırıblar. Binanı gəzdikcə yadıma Rövşən müəllimlə söhbətimizdən bir cümlə düşdü.
Televiziyadan yalnız rüşvət alanlar və qeyri-peşəkarlar uzaqlaşdırılıb. Adam ürək ağrısı ilə qeyd edir: "Mən bəzi işçilərimizə izah edə bilmirəm ki, jurnalist kiminsə qapısında pul dilənməməlidir”. Hər rəhbər öz idarəçiliyində rüşvətin qarşısını alsa, Vallah bu dövlət yüksələr. Bu xalq xoşbəxt və firavan yaşayar. Həzarat, dövlətin və dövlətçiliyin keşiyində namusla, vicdanla, şərəflə durmaq elə budur...
Yeri gəlmişkən, yaxın günlərdə "Yenə efirdəsən” adlı proqramla radio dinləyicilərinin görüşünə gələcəm.Yəni, mən yenə efirdəyəm...
Günay Novruz,
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü