Yuri Brezan. Gəlinlik fatası (hekayə)

Yuri Brezan. Gəlinlik fatası (hekayə)

Bacımın kiçik qızı sorb (1) qızlarına məxsus olan o möhtəşəm bayram paltarını yalnız xüsusi hallarda geyinir. Sinəsinə taxdığı ağ, açıq-çəhrayı və açıq-yaşıl ipəklərlə bəzədilmiş, rəngbərəng muncuqlarla işlənmiş boyunbağıya saman sarısı bir lent parçası ilə birləşdirilmiş iyirmi beş dənə gümüş və iki qızıl puldan ibarət olan ağır monistosunun tən ortasına qızıl suyuna çəkilmiş bir medalyon da əlavə olunub. Bu monistonun üzərindəki ən köhnə pul 1590-cı ildə buraxılmış, üstünə Saksoniya kürfürstlüyü hersoqları olan gənc Avqust Xristian və İohann Georqun şəkli həkk edilmiş ikiüzlü talerdir (2).

Belə monistolar o vaxtlar zəngin ailələrə məxsus gəlinlərin gəlinlik bər-bəzəyinə daxil idi və təhkimçilik hüququnun ləğvindən sonra ordakı pulların sayı  cəmi bir neçə xırda  gümüş puladək  azalmışdı. İki nəsil sonra bu monistolar artıq varlı kəndlilərin qızlarının bayram bər-bəzəyinin zəruri  bir hissəsinə çevrilmişdi və mənə belə gəlir ki, bu boyunbağıdakı pullar əyani olaraq göstərirdi ki, onun  sahibinə elçi düşmək üçün nə qədər sərvət yiyəsi olmaq lazımdır. Bizim ailədə  isə mis pullar güclə tapılırdı, məgər uşaq və qayğılar az idimi? Lakin ailəmizə gümüş və qızıl pullu ağır monistolar necə düşmüşdü – bax bu, lap qeyri-adi bir əhvalatdır.

Anam bəzən bu əhvalatı danışardı, hər dəfəsində də dünyanın qəribə gərdişinə, maraqlı işlərinə yenidən təəccüblənərdi. Və deyəsən, anam öz əsil-nəcabəti haqda hər şeyi yerli-yataqlı bilməsilə də fəxr edirdi.

Gəlinlik fatası haqda olan əhvalatı hələ də  kölgə kimi xatırlayırdı: kontur xətləri, içində də başdan-başa ağ ləkələr.

Onun nağıl etdiyi əhvalat bizim yüzilliyin əvvəllərində tərtib olunan Arktika xəritələrini xatırladırdı: sahil xətləri vardı bu hekayənin, amma o xətlərin ardındakı ölkəni görə bilmirdin.

Lakin orda (hadisənin ortasında və sonluğuna yaxın) həm də çoxlu etibarlı, sınanmış, aydınlaşdırılmış məqamlar da vardı və anam bu əhvalatını böyük ciddiyyətlə, dəqiqliklə, detallara istinad edərək danışıb axıra çıxardı:

"Məktəbin son sinfində idim. O zaman anam vəfat etmiş, paltar yumaq, atamın və qardaşlarımın qayğısına qalmaq mənim öhdəmə düşmüşdü, mən isə, balaca və çəlimsizdim, baxmayaraq ki, kəndimizin ən gözəl qızı olan Aqnesdən cəmi  üç yaş kiçik idim. O vaxtlar onu ilk dəfə xaç anası olmağa dəvət etmişdilər. Noyabr ayı idi. Hava çox soyuqdu. Xaç suyuna salma mərasimindən sonra hamı qızınmaq üçün kilsə yoxuşundakı mehmanxanaya getmişdi. Körpənin atası ortalığa zirə arağı qoymuşdu, varlı kəndli oğlu olan xaç atası isə özü ilə  istiot arağı gətirmişdi; Aqnesi qızındırmaq istəyirdi. Hamı içdi, sonra isə küçədə, atların yanında soyuqdan donaraq gözləyən  arabaçını da dəvət etdilər. Ona ürəyi istəyən qədər araq verdilər. Bu, cavan bir oğlandı, lakin atlardan əla baş çıxardırdı. O, bir neçə dəfə bayıra çıxıb içəri girdikdən sonra dedi ki, getməyin vaxtıdır, çünki atlar artıq narahatdırlar. Varlı kəndli oğlu təklif etdi ki, əgər onlara şnaps verilsə, yəqin ki, sakitləşərlər. Hamı qəhqəhə çəkdi, çünki bundan əvvəl də qundaqda qışqırıb ağlayan körpəni sakitləşdirmək üçün mamaça barmağını arağa batırıb onun ağzına qoymuş, ac körpə də barmağı yalayan kimi sakitləşmişdi.

Nəhayət, onlar yola düzəldilər. Qar yağırdı, əsl noyabr qarı. Lopa-lopa tökürdi, sanki yaş qoyun yunu idi, bir tərəfdən  də sərt qərb küləyi əsirdi. Atlar (deyilənlərə görə o ətrafda ən yaxşı qoşqu atları idilər) soyuqdan tir-tir əsir və tövləyə getmək istəyirdilər. Dəri yüyənlər islanmışdı, arabaçının əlləri  isə uyuşmuşdu və sözünə baxmırdı. Onlar hələ kilsə yoxuşunu enəndəcə lando (3) az qala çevriləcəkdi, amma o səfər hər şey yaxşı qurtarmışdı. Lakin yaxınlıqdakı kəndə girməzdən  əvvəlki  "İki körpü” adlanan  enişdə oğlan atlara nəzarəti əldən verdi. Lando o tərəf-bu tərəfə yırğalanaraq əvvəl yolun bir tərəfindəki, sonra isə o biri tərəfindəki daş  dayağa çırpıldı. Körpəni qucağında tutaraq oturduğuna görə  Aqnes əlini atıb heç yerdən yapışa bilmədi və  zərbə onu faytondan kənara atdı. O, sahil daşlarına çırpıldı, sürüşüb gölməçəyə düşdü və ombası  qırıldı. Düzdür, sonralar sınıq bitişsə də, üzü çox pis hala düşdü və daha heç vaxt əvvəlki görkəminə qayıda bilmədi”.

Uzun bir fasilədən sonra – bu fasilə ona görə idi ki,dinləyicilər bədbəxtliyin bütün dəhşətini  kifayət qədər aydın  təsəvvür edə və onun nəticələrini  müəyyənləşdirə bilsinlər – anam  bu sözləri elə tərzdə əlavə edirdi ki, sanki dediklərinin bu hadisə ilə heç bir əlaqəsi yoxdu:

 "Tanrıya şükürlər olsun ki, bu zərbələr körpəyə heç bir zərər vermədi. Mamaçanı isə adamlar daha heç yerə çağırmadılar, ən azından, o artıq xaç suyuna salınma mərasimlərinə dəvət olunmadı”. Görünür anam Aqnesin başına gələn bədbəxt hadisəni bizim ailəyə qismət olan gəlin bər-bəzəyi lə bağlı uzun əhvalatın kulminasiya nöqtəsi hesab edirmiş, bu əhvalatın özünün isə az qala yarım əsrlik keçmişi vardı. Bəlkə də o haqlı idi, lakin qraf Xristian Ştolberq  Arnim fon Brentanonun həm ruh əkizi, həm də yaxın dostu olmasaydı, bu əhvalatın sonluğu olmayacaqdı.

Qraf Xristian romantik adamdı, həm də xalqın dostu idi. O, kənddəki mehmanxananın, zirzəminin və süni gölməçənin arasında (bunlar hamısı onundu) ikimərtəbəli tikililər inşa etdirmişdi. Bunlar aşağıda geniş otaq, üst mərtəbədə isə iki maili divarlı hücrədən ibarətdi. Öz keçmiş lakeyini də kəndimizin ilk müəllimi təyin etmişdi.

Bu hadisədən cəmi bir neçə il əvvəl mənim ulu babamın bir sürü uşaqdan sonra bir oğlu da olmuşdu. Uşağın  adını Yan qoydular. Bəlkə Yan evin kiçiyi olduğundan, bəlkə də keçmiş qulluqçu və indiki müəllim olan adam onun atası Mixailin yaxın dostu olduğundan, bacı və qardaşlar arasında təkcə Yana bir neçə qış ard-arda o məktəbə getməyə icazə vermişdilər. O, saymağı, yazmağı, oxumağı, katexizis və qraf Ştolberqin sülaləsi barədə verilən suallara cavab verməyi öyrəndi. Həm məktəbdə, həm də onun sərhədləri xaricində Yan özünü hazırcavab uşaq kimi tanıtmağa başladı, sübut etdi ki, baş insana yalnız  üstündə papaq gəzdirmək üçün verilməyib.

On üç yaşında o artıq, yazıb-oxumağı bilən bir muzdura çevrilmişdi. Dörd il sonra – 1844-cü ilin müqəddəs cümə günü  Yan, haqqında həmkəndlilərinin gəldiyi qənaətləri doğruldaraq öz muzdur hücrəsini tərk etdi və Drezdenə yola düşdü. Ertəsi gün o artıq Saksoniyanın paytaxtında daimi iş axtaranların arasında növbəsini tutmuşdu. Onun yanında sözün həm həqiqi, həm də məcazi mənasında yaşlı olan qohum dayanmışdı, o qohumun məsləhətilə Yan, bir tacirin yanında arabaçı köməkçisi və mehtər olaraq işə düzəldi. O, həm də həyət-bacaya baxacaqdı. Bu tacirin Drezdenin yeni hissəsində, saray körpüsündən bir az aralıda ikimərtəbəli evi vardı. Bu evə bitişik olan bir neçə həyətyanı sahədə kareta tövlələri və mal anbarları yerləşirdi.

Yeni işi bu kəndli oğlana o qədər də yad deyildi, ətraf tez bir zamanda adamı ruhdan salan yabançılığını itirdi və bu təbiətcə şən, ağıllı olan gənc oğlan  hər asudə saatdan səmərəli istifadə edərək Drezdenin küçələrində, dalanlarında gəzir, gördüyü hər şeyə heyran olaraq, aldığı bütün təəssüratları ruhuna hopdururdu. Onun yaxşı görmə qabiliyyəti, ən əsası isə, əla duyumu və  anlaşıqlı dili vardı. Bir neçə aya kimi o, burda elə şeyləri öyrənə bilmişdi ki, özü kimi maaş dalınca ölkənin sorblar yaşayan hissəsindən ta buralara qədər gəlmiş  başqa birisi bunları öyrənmək üçün ömrünün düz yarısını sərf etməli olardı. Yan almanca, daha doğrusu sakson dilində elə yaxşı danışırdı ki – bu daha çətindir, – onun  sorb ləhcəsi güclə sezilirdi. Bəlkə də elə buna görə, lakin həm də çox zəkalı və hazırcavab olduğu üçün Yan bir il sonra artıq ev nökəri kimi çalışmağa başlamışdı. Bu, onun ev sahibinin ailəsilə daha sıx ünsiyyət qurmasına yol açmışdı. Özünün açıqtəbiətli olması sayəsində - o, heç də lakey düşüncəli biri deyildi, - Yan həm ev sahibəsinin, həm də ailənin kiçik qızının etimadını qazanmışdı. Onun hündür boyu, yaraşıqlı qədd-qamətli, tünd-şabalıdı rəngdə saçları, bəyaz dərisi, mavi gözləri vardı. Yan da heç nəyi gizlətmədən bu barədə öz doğmalarına söylədi.

O zamanlar Mərkəzi Avropaya çəkilən dəmiryolu səbəlilə tacirin cibinə pul su kimi axırdı. O, özünə Elbanın yüksək sahilində çoxmənzilli villa ucaltmış, Yanı nökərlər üçün nəzərdə tutulmuş  məktəbə vermişdi. Sonra isə onu özünün birinci nökəri elan etdi, hesabat kitabçasına da belə yazdı. Özünün ingilis şəriklərinin əhatəsində isə onu bəlkə də nökərbaşı deyə çağırırdı.

Deyirlər ki, karyera adamları korlayır, həm də, kökündən əyri bitən ağac boy atdıqca torpağa daha yaxın olur. Lakin Yan bu cinsdən deyildi. Vəziyyətinin indi əvvəlkindən qat-qat yaxşı olmasına baxmayaraq, kəndə, öz doğmalarının yanına indi daha tez-tez gedirdi. Qardaşı Nikolas gənc dülgərdi, bu illər  ərzində evlənib oğul-uşaq sahibi olmuşdu. Yan onun uşaqlarından birinin xaç atası idi. Xaç suyuna salma mərasimində qardaşı arvadının qohumu olan bir qızdan elə xoşu gəlmişdi  ki, sonralar Yan həmişə zarafatla sanki qızı hamamda görüb bəyəndiyini deyirdi. Onda qızın heç on altı yaşı da tamam olmamışdı, ona görə də düz iki il gözləməli oldular. Toya üç həftə qalmış o, nişanlısına kasıb bir oğlan üçün çox qeyri-adi görünən bir hədiyyə gətirmişdi. Bu, saman sarısı rəngdə lentə bərkidilmiş səkkiz ağır, qədimi dəmir pullardan ibarət bəzək əşyası idi. Birinci cərgədə dörd, ikincidə üç, ən sonda isə tamamlayıcı olaraq bir pul bərkidilmişdi. Bunlardan ən qədimisinə Sakson kürfürstlüyünün hersoqları Avqust Xristian və İohan Georqun rəsmləri həkk edilmişdi.

Gənc cütlük keçmiş fayton tövləsinə,  əlavə olaraq həm də böyük otaq və ondan da böyük mətbəxə sahib oldu: Yanın arvadı da ağanın evində qulluqçu işləməyə başladı. Onların birgə maaşı Yanın burda əvvəllər təkbaşına qazandığı puldan on dəfəyəcən çox idi. Həyat gənc qadına yaxşı, bəzən hətta  əla görünürdü, lakin onun əri elə hey artıq pulları hansısa bir işə yatırmaq barədə düşünürdü. Onun ağası yığın-yığın talerləri hansı işə yatırmışdısa, barı belə bir iş Yana da qismət olaydı, var-dövləti aşıb-daşmasa da, heç olmasa rahat dolanışıq olardı.

Bu cür fikirlər bir çoxları kimi Yanın da başının içində fırlanmaqda idi, albalı ağacının altında sakitcə oturduğun halda qəflətən albalılar necə tökülməyə başlayarsa, düşüncələr də onun ətrafına beləcə səpələnirdi. Məhz elə bu vaxtlar Yana məlum olmuşdu ki, onun ağası diqqətlə fikir verildiyi halda çox qəribə görünəcək bir üsulla külli miqdarda pul qazanıb. O, Hamburqda yüklə dolu gəmiləri alaraq kontorundan çıxmadan  onları Drezdenə satmaqla bir az da varlanıb. Lakin nə Hamburqu, nə gəmiləri, nə onların içindəki yükü, nə malları, nə də vaqonları gördüm deyən yox idi.

Və bununla onun var-dövləti də necə deyərlər, vaqonla artmışdı.

Nökərlər məktəbində Yana demişdilər ki, guya yaxşı nökər müəyyən hallarda görməməli, danışmamalı, eşitməməli və hətta yer düşərsə, insan olduğunu belə unutmalıdır. Ağanın bu pulu hansı yollarla qazanması məsələsi də deyəsən, elə o müəyyən  hallardan biri idi.

Uzun tərəddüddən sonra Yan ilk əvvəl özünə hər şeyi həm görməkdə, həm də eşitməkdə haqq qazandırdı, öz ağıllı başına isə gördüyü və eşitdiyi şeyləri səhmana salmağı  əmr etdi. Lakin eşidəndə ki, ağanın bu işləri həyata keçirməyində pul yox, onun nüfuzlu adı rol oynayıb, çətinliklə baş çıxartdığı hər şey yenə bir-birinə qarışdı. Nə qədər qulaq assa da, çalışsa da, bunları dərk edə bilmirdi. Burda onun ağlına bir müdrik deyim gəldi: səfeh bərəni  tanımadan çırmanıb  çaya atılan zaman ağıllı o çaydan susuz çıxır.

Hansı qızıl dukat mis şahıya hesabat verər ki, o ispan  qızıl pulunu necə həzm-rabedən keçirir?  Ən yaxşı halda o, adlı-sanlı əskinasın dilənçi pfenninqi səviyyəsinə düşdüyünü təsəvvür edib, yıxılanacan gülər. Amma əgər belə bir şey baş verərsə, - axı şahzadələr də bəzən adi ölümlülərdən uşaq dünyaya gətirir, -  onda bu əyriayaq, çəpgöz əbləhlər kimin nəyinə lazımdır?!

Xanımın və onun kiçik qızının etimadı, həmçinin Yanın hövsələsi və onun gizli məsələlərdən sadəlövhcəsinə hali olmaq bacarığı ona əvvəl-axır sudan quru çıxmağın yollarını tapmaqda kömək etdi. O, elə dəqiqliklə hərəkət edirdi ki, sanki  leylək öz payız köçünü planlaşdırırdı. 1861-ci ildə gənc nökər öz ağasının nüfuzudan istifadə edərək bir vaqon ingilis yunu aldı. Uğursuzluqla üzləşsəydi də, vur-tut bircə vaqona görə Yanı lap  elə də böyük itki gözləmirdi. O, bu yunu öz gözlərilə görməmişdi və onun pulunu da yalnız Kamentsdən olan bir parçaçı ilə müqavilə bağlayıb malı ona satdıqdan sonra ödədi. Gəlir onların arvadı ilə illik gəlirindən əhəmiyyətli dərəcədə  çox olsa da, Yan  bu iş üçün xeyli qorxmuşdu. Yanın yerində başqa, səfeh birisi olsaydı, sevincdən çırtıq çalıb oynayardı, məclislər təşkil edər, dostları, təsadüfi tanışları yığıb müflis olanacan kef edərdi. Ya da başqa sözlə desək, sahibinin əynindəki bahalı paltar gözə kül üfürərək yalnız özünə ziyan edərdi. Yan isə başqa cür hərəkət etdi. Arvadı və oğlu evdə olmayanda döşəmə taxtasını qaldıraraq pulları ora qoydu. Qərara gəldi ki, bu iş bitənə qədər pullar orda qalmalıdır.

Pullar və Yan düz iki il gözlədilər, Prussiya-Danimarka müharibəsinin başlanmasına bir neçə həftə qalmış Yan eyni üsulla bir gəmi Yeni Zellandiya yunu aldı, o zaman yunu daşıyan gəmi hələ La-Manş boyunca üzməkdə idi. Bir neçə gün (bəlkə də bir neçə saat) sonra birjada müharibənin qaçılmaz olduğu qənaətinə gəlindi və ehtimal olunan  hərbi cəhətdən aktiv ərazilərində dəniz mallarının qiyməti elə  bahalandı ki, əlaltdan ticarətlə məşğul olan sadiq nökər Yan külli miqdarda sərvət yiyəsi oldu. Pul o qədər çox idi ki, Yana hətta elə gəlirdi ki, bu pulları əyri yolla qazanıb. O, haqq-hesab eləyib bu qənaətə gəldi ki, arvadı ilə birlikdə bu pulu vicdanla qazanmaq üçün onlara bəlkə  on ömür də çatmazdı.

Bu vaxtlar Yan hələ bu və ya digər yollarla pul qazanmağın fərqini meşşancasına görürdü. O, öz böyük gəlirini təmiz hesab etmirdi – bu, səhər-axşam işləyən və yalnız əməyinin qarşılığını almaqla yaşamağa məhkum olan  hər kəsə qarşı ədalətsizlik idi. Daim Yanın başında bir fikir dolanırdı ki, məhz belə adamların pulunu mənimsəyir, onlara hansısa yolla ziyan vurur.

Nüfuzundan bu qədər uğurla istifadə etdiyi ağası haqda da Yanın tamamilə başqa qənaətləri  vardı. Ağlıyla o, yalanı dərk edirdi, lakin vicdanı bunu qətiyyətlə inkar edirdi.

Fəndinin üstünün bu dəfə də açılmadığı aydınlaşdıqda (şübəsiz, bu ona görə baş verirdi ki, müharibə və ondan sonra yaranmış ab-havanın sayəsində  ağanın əli artıq milyonla oynayırdı) Yan artıq mənəvi prinsiplərə xəyanət etdi və bu barədə daha dayanıqlı əxlaqi keyfiyyətlərə sahib olan  arvadına danışdı, ağanın böyük təəccübünə səbəb olaraq işdən ayrıldı və özünün elə də böyük olmayan kontorunu açdı. Əvvəlki ağası üçün artıq aztəminatlı hesab olunan kütlə sövq-təbii olaraq onun yanına axışmağa başladı. Yan nəinki məmnun idi, o bunu özü üçün – cibində həmişə mis pullar cingildəyən və yalnız nadir hallarda xırda gümüş pul görən bir insan üçün həm də ədalətli hesab edirdi və daim belə qalmasını arzulayırdı.

Firmanın açılışı  ərəfəsində qız övladı dünyaya gətirən arvadı da özünü tamamilə xoşbəxt hesab edirdi. Sevinc içində Yan, arvadının gəlinlik boyunbağısına daha dörd gümüş və üç qızıl pul da əlavə etdi. "Qızım vaxtı çatanda boynu çılpaq qalmasın,” – dedi. Lakin uşaq heç dörd yaşını bitirməmiş difteritdən vəfat etdi.

İllər təqvimin səhifələrini çevirməkdə idi. Təqvimsə öz növbəsində insanların yaddaşlarındakıları möhkəmləndirir (məsələn, Elzas-Lotaringiyanın zəbt olunması, Versalda kralın tacqoyma mərasimi şərəfinə təşkil olunmuş ziyafət), onlarda nələrəsə inam hissi aşılayırdı – bu inamın ünvanı  yeni möhtəşəm derjava da ola bilərdi, Şimal qütbünün kəşfi də, Afrika və digər ərazilərin xəritəsindəki ağ, amma qara-ağ-qırmızı olacağı istisna olunmayan ləkələr də. Və adamlar, heç olmasa mənim qohumlarım o təqvimlərdəki diqqətəlayiq nə varsa hamısını əyri-üyrü hərflərlə qeyd edirdilər. Məsələn, İbrahim günü,  doğma torpağının xiffətini çəkən və əvvəlki sevinclərindən əsər qalmayan xırda topdansatış ticarətçisi Yanın əlli illiyini. Həmin dövr kənddə məhsul yığımına təsadüf edirdi və məhz bu zaman kənddəki evlərin yarıdan çoxunu məhv edən böyük yanğın olmuşdu. Mənim babam – daşyonan Petr, atamla birlikdə (atam da dülgərdi) bizim evimizi və tövləmizi yenidən bərpa etdilər, həm də daha üç otağın bünövrəsini qoydular. Yan əmi istəsəydi, dərhal bu otaqları onun üçün tikib hazır edəcəkdilər. Zamanı gələndə bu otaqlar onun  ata ocağındakı payı olacaqdı. Lakin bu otaqlar tikilib başa çatmadı və nostalji hissindən əziyyət çəkən Yana qismət olmadı. O, hələ əlli beş yaşı bitməmiş, bütün işçi heyəti iki ahıl qadın, mühasib, üç nəfər işçi və firma sahibindən ibarət olan biznesini  oğlu Yakuba təhvil verərək dünyadan köçdü. Firmanın vəliəhdi olan Yakub təhsilini yenicə başa vurmuşdu. Əvvəlcə, 1844-cü ildə, Drezdenə gəlişinin ikinci günü atasını öz mehtəri kimi işə götürən  və onunla əl tutuşub başlanğıc üçün bir az pul verən adamın kontorunda ali ticarət məktəbi keçmiş, sonra burdan Londondakı ticarət şəriklərinin yanına göndərilmiş, daha sonra isə, anamın təbirincə desək, "lap Amerikaya qədər gedib çıxmışdı”.

"Görünür, atasının təkidilə tacir olmaq ona xoşbəxtlik gətirməyibmiş,” - anam deyərdi. Nağılın bu yerində o, özünə  ən müxtəlif mövzularda – ataların nəsihət etmək , övladların isə boyun əymək kimi bir mükəlləfiyyətləri olması,  bu zaman onları gözləyən bəlalar və təhlükələr barədə - mühakimələr yürütməyi rəva görürdü. O, yaxşı və pis sonluqlu hadisələr uydururdu. Məsələn, qonşu kənddən olan İohann Klaynmüller guya dülgər olmaq arzusunda imiş, amma atası onu döyə-döyə monastıra göndərirmiş. İohann da atasının öldüyü gün ordan qaçıbmış. Sonra da bir qadınla qeyri-rəsmi nikahda yaşayıb və həyatda heç nəyə nail ola bilməyibmiş (düzdür, bu nikahdan onların altı övladı vardı). Sonra anam Lulak adlı kəndlinin heç nəyə baxmayaraq musiqiçi olmaq istədiyini nağıl edirdi. Guya hələ uşaqkən o qarmonda elə ifa edirmiş ki, adamların ayaqları onlardan xəbərsiz başlayırdı rəqs etməyə. Lakin (ya dilə tutmaqla, ya da kim bilir necə təhdidlərlə, burası hələ heç kəsə məlum deyil) atası onu kənddə qalmağa məcbur edir. İndi hamı bilir ki, o nə qədər uğurlu və nümunəvi bir sahibkardır. Anam söhbətin bu yerində fasilə etdi. Yəqin ki,  otaqların birində pianosu olan və uzun qış axşamları bağlı qapılar arxasında oturaraq toppuş, döyənək olmuş barmaqları ilə piano çalan bu nümunəvi kəndlinin həyatda xoşbəxtliyi əldə edib-etmədiyini götür-qoy edirdi. Belə düşüncələrlə müşaiyət olunan fasilələrə anamın nağıllarında tez-tez rast gəlmək olardı. Və xatırladığım qədərilə, bu fasilələr heç vaxt məntiqi bir sonluqla nəticələnmirdi. Əgər belə olsaydı, onda belə olardı... kimi abstrakt mühakimələr də anama məzmundan doğmayan refleksiyalar qədər yersiz görünürdü. Doğrudan da, öz iradəsinin əleyhinə tacir olan Yakubun əslində nə ilə məşğul olmağı arzuladığı haqda fikirləşmək nəyə lazımdı axı?

Yakub insə, zərif bir gənc idi. O, tez-tez operaya gedər, iki-üç rəssamla dostluq edərdi, bəzən axşamları şeir yazar, həmən səhəri gün isə ucdantutma hamısını yandırardı. Gün işığında o şeirlər ona səfeh, gülməli gələrdi və anlayardı ki, bu cızma-qaralar əslində onun duyduqlarından və ifadə efmək istədiklərindən çox uzaq yazılardır. O, düşdüyü mühitə və ümumiyyətlə bu hay-küylü, ona lovğa və bəzən də quldur təsiri bağışlayan bu dünyanın özünə də  yad idi – Yakub bu dünya qarşısında qorxu hiss edirdi. Dostlarının yanında gördüyü naturşitsalar və xor ifaçıları onu nəcib, amma darıxdırıcı cənab hesab edirdilər.

Atası vəfat edən zaman Yakubun iyirmi altı yaşı vardı. Üstündən bir il keçəndən sonra o, anasıgilin  kəndlərindən olan bir qızla evləndi. Çox gənc və heç də kəndli görünüşü olmayan bu qız da doğuş zamanı öldü, onların bir qız övladı oldu. Yakub anası ölənə qədər onunla və qızı Aqneslə tək qaldı. Qızın on yaşı tamam olanda Yakub onu qızlar pansionuna verdi – Aqnes gündüzləri burda təhsil alırdı, axşam isə onu götürürdülər.

Aqnesin on beş yaşı tamam oldu (bu müddət ərzində atası qədimi  monistodakı pulların sayını otuzadək artırmışdı)  və o, həm zahirən, həm də xasiyyəti etibarilə gözəl bir gənc qıza çevrilirdi. Babası Yan kimi möhkəm bədən quruluşu, qədd-qaməti vardı və gözləri hiyləgər sevinclər  içərisində parıldayırdı. Həyat ona gözəl görünürdü - Aqnes hər gün pansiona aparan yolda qarşılaşdığı, amma tanımadığı bir cənaba vurulmuşdu. Çox böyük ehtimalla o, firmanın artıq iflas etdiyini anlayan atası ilə Drezdendən köçdükləri ilk zamanlarda bu adam üçün çox darıxırmış. Yakubun öz sərvətini yerləşdirdiyi iki gəmi də batdı – biri Afrikanın cənub qurtaracağında, ikincisi isə Sakit okean sularında.

Firmanın iflası zamanı Yakub mebelin bir hissəsini və bir neçə min taler məbləğində pulu xilas edə bildi və o pullara doğma kəndində kiçik bir torpaq sahəsi  aldı. O, ləngimədən buraya köçdü və deyəsən, itirdiklərinin də dərdini çəkmirdi, kəndçi olmaq qərarına gəlmişdi. Doğrudur, onu uğurlu və bacarıqlı kəndçi hesab etmək olmazdı, amma qızı indi artıq evin həm sahibəsi, həm də qulluqçusu  idi,  bəzən məhv olmuş sərvətin, bəlkə də yalnız bir zamanlar pansion yolunda hər gün qarşılaşdığı o naməlum cənabın xiffətini çəkər, səssiz-səssiz ağlayardı.

Bəlkə də, sinəsində o ağır monisto ilə möhtəşəm, bər-bəzəkli bir görünüşdə, lakin tamamilə donaraq  kilsədən mehmanxanaya gəldiyi gün – xaç atası olan varlı kəndli oğlunun onu qızındırmaq istədiyi həmin gün də məhz o cənab haqda düşünürmüş.

Onun sınmış ombası alayarımçıq da olsa bitişmişdi, başında, sol qulağının arxasındakı yara da sağalmışdı, uzanmış saçları isə üzündəki uzun və eybəcər çapığı gizlədirdi. Lakin Aqnes hələ xəstəxanada yatan zamanlarda bəzən ona elə gəlirdi ki, sol qulağı eşitmir, sol tərəfi isə bütövlükdə qıc olub və gicişir. Başının bu hissəsindəki bu davamlı gicişmə onu vahiməyə salırdı, amma həm həkim, həm də ətrafdakılar deyirdilər ki, o guya hələ sevinməlidir ki, yaxşı qurtarıb. Doğrudur, hər şey yaxşı qurtarmışdısa da, pisə doğru gedirdi. Sol qulağı artıq heç eşitmirdi, süzgün göz almacığının üstünü yarıya qədər sallanan əyilmiş göz qapağı örtürdü, ağzının sol küncü sallanmışdı, danışanda cırıldayırdı, ağzı sanki sıyıqla dolu idi, dediyindən heç nə anlamaq mümkün deyildi.

Qız daha heç vaxt bayramlara getmədi. Bəyaz, açıq-çəhrayı və açıq-yaşıl rəngli lentlərdən ibarət bayram bər-bəzəyini və alabəzək muncuq hörməsini kiməsə bağışladı. Beş ağır qızıl pul bərkidilmiş olan monistosunu isə, nə vaxtsa içərisində ilk və yeganə sevgi məktubu ilə - bu məktubu o, hələ pansiona gedən yolda o naməlum cənabla  qarşılaşdığı zamanlar almışdı, - babasının kontorunun bir küncündə duran dəmir sandığa gizlətdi. Yakub həmin sandıqda pullarının qalanını saxlayırdı. Öz kiçik həyətyanı sahələrində ata və qız təsərrüfatla məşğul idilər, lakin nə mal-qara barədə, nə də torpaqla əlaqədar  heç nə bilmədikləri üçün  hər növbəti il onların sandığından bir ovuc taler daha əskilirdi. Yeni iflas qaçınılmazdı.

Beləliklə,erkən gələn və bitməyə heç tələsməyən o nadir qışlardan biri başladı; hələ oktyabr ayı idi, lakin o qədər qar yağmışdı ki, hətta yerli ağalara məxsus sahələrdə də bir neçə hektar yığılmamış kartof qalırdı. Müflis olmuş tacir və bəxti gətirməyən kəndli olan Yakub sandığın dibində qalan son talerlərini verərək, o sahələrdə qalmış və dəyər-dəyməzinə satılan kartof köklərini  satın aldı. Bu hadisəyə qədər kəndlilər bu sakit adama və onun bədbəxt qızına təəssüf hissilə yanaşırdılar, bəzi məsləhətlər verirdilər, bir dəfə hətta yardım belə etmişdilər. Amma indi onları açıq-aydın məsxərəyə qoyub gülür, hətta  Maslenitsa günü kişilər mehmanxanada rişxəndlə "qar alverçisi Yakub” mahnısı oxuyurdular.

Bu erkən, amma çox da soyuq olmayan qışda  əkin sahələrinin qarı artıq mart ayından etibarən əriməyə başladı və "qar alverçisi” ən yaxşı, təzə-tər   məhsul götürdü - belə vaxtlar şəhərə bu cür məhsul aparmaq hələ heç kimə nəsib olmamışdı. Beləliklə, Yakub həmkəndlilərinin gözündə bəraət qazandı və onlar ömrünün sonuna kimi ona hörmətlə yanaşmalı oldular.

Bu ticarət əməliyyatı Yakuba təxminən otuz misillik gəlir gətirdi və qızı ilə bərabər  birinci dünya müharibəsinədək dolanmağa imkan yaratdı.

Sonra o, öz həyətyanı sahəsini icarəyə verdi, lakin icarə haqqı yeməyə güclə yetdiyindən, nəhayət, onu satdı, bunun müqabilində borclarını ödədi, həm də qışlıq kömür ehtiyatı əldə etdi. Bir müddət sonra o, qızının monistosundan ard-arda üç qızıl sikkə çıxardaraq satdı, bu sikkələrin hər biri bir neçə həftə və ya bir neçə ay yaşamağa kifayət edirdi – dəqiq bilmirəm. Mən böyüyüb kəndin bütün sakinlərini tanımağa başladığım zaman Yakub dayı (onu hamı belə çağırırdı) çalsaçlı, hörmətli bir cənabdı, həmişə qəhvəyi mahuddan tikilmiş dizəcən  sürtuk geyinər və eyni rəngdə cod velurdan olan dairəvi şlyapa qoyardı. O, heç nə ilə məşğul deyildi, çox ləng addımlarla küçə boyu gəzişər və məktub yazardı. Mən onu tez-tez poçtda görürdüm, o poçtun qonşuluğunda  yaşayan biri olaraq mənim, kağız üçün ayrılmış yeşiklərin içində nəsə yaxşı, məntiqli  bir şey axtarmaq hüququm vardı. Yakub paylanılması nəzərdə tutulan  qəzetlərə göz gəzdirərdi. Bəzən mənə xarici markalar hədiyyə edərdi. Yakubun Hollandiyada və İngiltərədə yaşayan köhnə dostları ona müntəzəm olaraq məktub yazır və arada bağlama də yollayırdılar. İki dəfə o, Bataviyadan da bağlama almışdı, hər birində iyirmi qutu çay vardı. Bir dəfə bu bağlamaları onun evinə aparanda, o qutuları özüm gördüm. Qutular "Min bir gecə nağılları”na çəkilmiş illüstrasiyalar kimi alabəzək idi və mən ondan xahiş etdim ki, içindəki çay qurtardığı zaman onlardan birini mənə versin. O, cavabında dedi ki, guya baxacaq və hər dəfə qarşılaşdığımız zaman bunu onun yadına salmağıma baxmayaraq, o qutulardan bircəciyini də vermədi. Onda heç qutu da yox idi, çünki onları şəhərə aparıb sataraq yenə bir-iki həftəlik azuqə və isveç siqarı – o, gündə iki ədəd isveç siqarı çəkirdi və bizim baqqal da  məxsusi olaraq onun üçün bu siqarlardan saxlayırdı – əldə edirdi.

Yakub dayı bu kəndə həmişəlik yabançı olaraq qaldı, daha doğrusu, hamı kimi deyildi o. Hamıya "siz” deyə müraciət edər, salamlaşarkən şlyapasını çıxarar, hətta bizi - uşaqları da bu tərzdə salamlayardı. Onun, ombası uzun illər sonra düzgün bitişmədiyi məlum olan əyrisifətli qızı o zamanlar atrıq tamamilə bir kəndliyə çevrilmişdi. O, şəhər dəbinə uyğun paltarlarını çoxdan  atmışdı, bizim kənd qadınlarının geyindiyi paltarlardan geyinirdi, amma bazar günləri və bayramlarda elə möhtəşəm bəzənirdi ki, bu tərəflərdə heç bir qadında eləsini tapmazdın. Aqnes ona bir qarın çörək və ya qəpik-quruş müqabilində təklif olunan bütün işlərdən yapışardı. Onlar lap elə də aclıq çəkmirdilər: kartof və çörəyi həmişə tapırdılar, təzə paltara isə ehtiyacları olmurdu. Bir dəfə mən onların evində oldum – Bataviyadan gələn çayları aparmışdım. Albalı ağacından düzəldilmiş dəyirmi stolun,  üstünə məxmər üzlük çəkilmiş və tünd-qırmızı qotazlarla bəzədilmiş  kresloların, bürünc üzlüklü, çoxsaylı çəkməcələri olan qırmızı-sarı, pardaqlı iş masasının qarşısında dayandığım zaman  təəccübdən ağzım açıq qaldı. Lakin ən qeyri-adi, eyni zamanda ən gözəli isə, divarın qarşısında qoyulmuş, içində üç sıra dolusu kitab olan pardaqlı stellaj idi ki, iş masası və stullarla eyni ağacdan düzəldilmişdi. Xatırladığım qədərilə kitabların hamısının olmasa da, böyük əksəriyyətinin kənarı qızılı hərflərlə işlənmişdi. Mən hələ görməmişdim ki, bir adamın evində bu qədər kitab olsun, hətta  iyirmi ildən bəri Ştolberq qəsrindəki otağında oturub kitabları özü yazan qoca keşiş Radlubinin evində də bu qədər kitab yox idi. O gündən etibarən də mən, "Amerikaya qədər gedib çıxmış” Yakub dayı, onun atası – yüz il əvvəl  bizim indi yaşadığımız evdə doğulan, dənizi  bircə dəfə olsun görmədən "malla dolu gəmiləri” satın alan Yan haqda anamın danışdığı rəvayətlərə inandım. Yakub dayı artıq adına layiq dəfn barədə düşündüyü zaman, albalı ağacından olan mebellərini və kitablarını satdı, dülgərə xudmani bir tabutun, daşyonana yaxşı bir qəbir daşının, mehmanxana sahibinə ehsan üçün nəzərdə tutulan piroq, qəhvə və iki şüşə şnapsın  pulunu  ödədi. Keşişi də unutmadı; normal dəfn üçün nə qədər lazımdırsa, o qədər  ödədi və tezliklə də vəfat etdi. Onun dəfnində iki şüşə şnaps içilməmiş qaldı, çünki, tabutu daşıyacaq altı nəfərdən, bir də mənim anamla əyrisifət Aqnesdən savayı orda heç kəs yox idi.

Aqnes atasının vəfatından sonra hələ iyirmi il də yaşadı, hər növbəti il də əvvəlkinə nisbətən bir az daha kasıbladı. Onun gündəlik geyimi nimdaşlaşmışdı, bayram paltarlarına güvə düşmüş, özü isə qocalıqdan tamam qurumuşdu. Doğrudur, Tanrı  bu qoca qarını aclıqla imtahana çəkmirdi, adamlar bir tikə çörəyi əsirgəmirdilər, soyuq havalarda ona özgə ocaqların ətrafında da yer tapılırdı. O, tez-tez bizə - özünün dediyi kimi, "evinə” gəlirdi. Biz uşaqlar onun başına hava gəldiyini fikirləşərək rişxəndlə gülərdik. Anam hirslənərdi və deyəsən elə o zamanlar da  Aqnesin babası Yan haqqında - bizim ailədən məktəbə getməyinə icazə verilən ilk insan haqqında olan ilk hekayələrini danışmağa başlamışdı. Biz məktəbi elə də təqdirəlayiq bir yenilik hesab etmirdik. Aqnes xala - indi onu bu cür çağırırdıq - sobanın yanındakı skamyada sakitcə oturardı. Getdikcə nitqi daha anlaşılmaz olurdu, biz uşaqlar daha heç onun nə dediyini anlamağa da çalışmırdıq. Nə qədər qəribə olsa da, anam onu anlamaqda heç çətinlik çəkmirdi. Düşünürəm ki, qoca qarının tək həmsöhbəti deyəsən elə anamdı, onunla gəlmiş-keçmiş günlər haqda, indi yaşayanlar haqda ömrünün sonuna kimi danışmışdı.

İkinci dünya müharibəsinin artıq geridə qaldığı və üçüncü dünya müharibəsinin xofu ilə yaşadığımız günlərin birində, Aqnes xala sandığı sonuncu dəfə açdı, artıq rəngi solmuş, heç nəyi xatırlatmayan məktubu yandırdı, monistonu isə anama gətirdi. "Qoy bunu nişanlandıqları və ya gəlinin rəfiqəsi olduqları zaman sənin qızların taxsın,” - dedi.

Aqnes xala  qəflətən öldü, heç xəstələnmədi də. Onu, insanların ürəklərində heç nəyə baxmayaraq hər şeyin nəhayətində yaxşı olacağına dair yeni ümidlərin cücərdiyi mart günlərinin birində dəfn elədik.

Bacımın kiçik qızı öz möhtəşəm bayram kostyumunu nə zaman geyinirsə, hörməli muncuqların altına bərkidilmiş qiymətli, ağır monistosunu da boynuna taxır və həyatda hər şeyin necə qəribəliklə bir-birini tamamladığını fikirləşmək heç ağlının ucundan da keçmir.

 

 

________________________________

(1) Sorb - Almaniyada yaşayan qərbi slavyan xalqları, serblər. Alman serbləri özlərini sorb və ya vend adlandırırlar.

(2) Taler - XVI-XIX əsrlərdə Avropa pul dövriyyəsində və beynəlxalq ticarətdə mühüm rol oynayan iri gümüş pul.

(3) Lando - atlar qoşulmuş  dördyerlik, üstü açılıb-örtülə bilən yüngül  minik vasitəsi.       

 

 

Tərcümə: Dinar Həmidova