Yusif Nəğməkarın uşaq şeirlərinin “bal dadı”

Yusif Nəğməkarın uşaq şeirlərinin “bal dadı”

GÜLNAR QƏMBƏROVA
filologiya üzrə fəlsəfə doktoru
AMEA Uşaq ədəbiyyatı şöbəsi, Elmi işçi

Azərbaycan uşaq ədəbiyyatının Sovet dövrü ədəbiyyat tariximizdə uzun bir zamanı əhatə edir. Təbii ki, yetmiş ildən artıq əsarətində olduğumuz dövlətin qayda-qanunları, adət-ənənələri ilə yanaşı idealogiyası da soydaşlarımızın təhtəlşüuruna təsir etmək məqsədilə aşılanır, bu da xalqımızın düşüncə tərzinə öz təsirini göstərirdi. Ədəbiyyat kimi, onun ayrılmaz tərkib hissəsi olan uşaq ədəbiyyatında da dövrün inikasını görmək mümükündür. Belə ki, uşaqlar üçün yazılan əsərlərin bədii keyfiyyətinin yüksəldilməsini həyata keçirmək üçün partiya müəyyən qərarlar vermişdir. Amma bununla belə, kollektivçilik, beynəlmiləlçilik kimi anlayışlar uşaqlara təlqin olunur, o dövr üçün müasir hesab olunan mövzuların işıqlandırılması vacib hesab edilirdi. 

Bizim məqalədə Sovet dövründən bəhs etməyimiz təsadüfi deyildir. Yusif Nəğməkarın Sovet dövründə yazılmış uşaq şeirlərini təhlilə cəlb etmişik. Ancaq Uşaq ədəbiyyatının tarixini yazan bir çox müəlliflərin-Zahid Xəlil və Füzuli Əsgərlinin müştərək hazırladığı kitabda, Qara Namazovun, Xanım Mustafayevanın və bir çoxunun əsərlərində biz əsasən adları tez-tez çəkilən, hamıya məlum olan müəlliflərin yaradıcılığından bəhs edən yazılara rast gəldik. Həmin dövrə geniş aspektdən, müasir metodologiyadan yanaşsaq uşaq ədəbiyyatı nümunələri yazıb-yaradan çox yazarların adının qeyd olunmadığını görə bilərik. Belə şairlərdən biri də  ədəbiyyat aləmində Nəğməkar təxəllüsü ilə tanınan Yusif Mədətovdur. 

Yusif  Nəğməkarın 2014-cü ildə çapdan çıxmış "Qələm səsi” kitabında "Bal dadı” başlığı altında toplanan şeirlər şairin qeydinə əsasən, 1984-cü ilə qədər qələmə alınıb. 
Yusif  Nəğməkarın uşaqlar üçün qələmə aldığı şeirlərinin mövzusu zəngindir: Vətənə və anaya məhəbbət, ətraf aləmə, təbiət gözəlliklərinə qarşı həssaslıq,onun hər bir xırda detalının incəliklərinə qədər təsviri, dostluğa sədaqət, insanlara qarşı doğru, dürüst, humanist mövqe və sair.

Ümumiyyətlə, ədəbiyyatımızda öz imzalarını qoyan bir çox yazıçı və şairlərimizin yaradıcılığında vətən mövzusu aparıcı mövqedə olub. Gənc nəslə millilik anlayışını, vətən sevgisi ideyalarını aşılamaq baxımından bu mövzuda şeirlərin yazılması aktuallıq kəsb edir. Vətənpərvərlik  insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət nümunəsi olaraq heç bir çətinliklərdən qorxmayıb vətəndaşlıq vəzifəsini ləyaqətlə yerinə yetirmək vətənpərvərliyin bariz nümunəsidir. Yusif Nəğməkar Vətən haqqında ayzdığı şeirlərində bu şərəfli missiyanı uğurla həyata keçirməyə nail olur. Şairin "Vətən” şeirində vətənpərvərlik hissləri, doğma yurda bağlılıq anlayışı vəsf olunur. Y.Nəğməkar balaca oxucularına vətənpərvərlik ideyalarını sxematik şəkildə çatdırmır, doğma yurdun hər qarışını, torpağını, suyunu, çayını, hətta salam belə verdiyimiz kəsləri Vətən adlandırır: 

Yatdığın beşik,
Gəzdiyin eşik,
Sənə vətəndir.
Necə ki quşun isti yuvası,
Ona vətəndir. 
Vətən-anadır,
Ana-vətəndir. ("Vətən” s. 431, Yusif Nəğməkar. Qələm səsi. Bakı, "Yazıçı” nəşriyyatı, 2014, 632 s. )

Şairin bir qrup şeirləri vardır ki, onlarda vətən məhfumu işlənmir, ancaq bu şeirlər də doğma Vətənin gözəlliyini özündə ehtiva edir. "Suqovuşan” şeiri belələrindəndir. Uca-uca dağların möhtəşəmliyini,  qarpapaqlı zirvələrin əzmini, sonaların qaqqıldamasını, çiçəklərin gözəlliyini, Mil və Muğan düzünün sosuzluğunu duymamamaq mümükünsüzdür. Burada şair maraqlı kompozisiya qurur. Şeir kiçik həcmdə olsa da müəyyən süjet xəttinə malikdir. Araz və Kür çayını əsərin əsas obrazı kimi təsvir edən müəllif bolluca məcazlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edərək şeirin poetik təsir gücünü artırmağa nail olur. Şeirin sonunda bu iki çayın bir məcrada birləşməsini bir-birindən ecazkar kəlmələr vasitəsilə dolğun, təbii ifadə edir. Düşünürük ki, bu əslində maraqlı üsuldur. Belə ki, şeiri oxuyan uşaqda həm estetik zövq formalaşır, həm də bu çayların birləşdiyi məkan haqqında müəyyən məlumat əldə etmiş olur:

Ayrı təbli ləpələr,
Bir yataqda cəm oldu.
İki könül birləşib
Daha möhtəşəm oldu.
İnsanlar Kürə Dəli,
Araza xan dedilər.
Onlar qovuşan yerə,
Suqovuşan dedilər.
 
Akademik Nizami Cəfərov şairin yaradıcılığını şərh edərkən onun Vətən haqqında yazdığı şeirlərə yüksək dəyər verərək yazır ki,  "hər bir böyük şairdə daxildən, içdən, ruhdan gələn bir Vətən sevgisi olur... Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə kimi böyük sələflərindən dərs almış Yusif Nəğməkar da vətənpərvər və bu mənada böyük, nəcib ideallarla yaşayan, həm də narahat bir şairdir. Və onun poeziyasının baş qəhrəmanı Vətəndir desək səhv etmərik”.

Məqalənin əvvəlində qeyd etdiyimiz kimi Yusif Nəğməkarın şeirləri mövzu və ideya baxımından rəngarəngdir. Təbiət təsvirlərini özündə cəmləşdirən uşaq şeirləri şairin yaradıcılığında üstünlük təşkil edir. 

Ətraf aləmə, onun gözəlliklərinə həsr olunan şeirlər kiçikyaşlı oxucular üçün olduqca əhəmiyyətlidir.  Uşaqlığının erkən çağından hər bir uşaq ətrafındakı dünyanı kəşf edir, gözəl, canlı bir məkana çatır, nağıllarda, şeirlərdə öz poetik obrazı ilə təbiətlə ünsiyyət sevincini yaşayır, dünyanı müxtəlif rəng və səslərlə qavrayır, hiss edir. Bu qədər cazibədar, parlaq, gözəl və açıq dünyanın onun üçün naməlum qalmamasına nail olmaq üçün təbiətin təsvirini mümükün qədər elə yaratmaq lazımdır ki, o, uşağın kiçik qəlbində dərin iz buraxsın. Yusif Nəğməkar şeirlərini məhz dediyimiz prinsiplər əsasında, uşaq dünyasının incəliklərini düşünərək qələmə almışdır. "Çəmən”, "Yağışda”, "Şimşək”, "Yarğan”, "Yelə bax, yelə”, "Bulaq”, "Meşələrin yuxusu” və sair belə şeirlərdəndir. "Çəmən” şeirində müəllif yazır:
 
Bura yaşıl çəməndir, 
Yağış altda çiməndir. 
Lalə, nərgiz, xalıdır,
Günəş qızıl şalıdır,
Bulud baş çalmasıdır, 
Şırran əl çalmasıdır. ("Çəmən”, s.431)

Qısaca nümunə gətirdiyimiz bu şeirdə yalnız çəmənin gözəlliyi təsvir olunmur, eyni zamanda, bu gözəlliyə bir gözəllik qatan, onu rövnəqləndirən digər təbiət hadisələri-bulud, yağış, külək, al şəfəq bir cəm halında, bütöv şəkildə, dolğun, real çalarda  oxucuya təqdim olunur. Bu gözəllikdən zövq alan insanın qəlbi sanki riqqətə gəlir. 

Yusif  Nəğməkarın təbiətin bir hissəsi olan heyvanlar, bitkilər haqqında da şeirləri çoxdur. "Siçan”, "Kirpi”, "Kəpənəyim”, "Quzu məni çağırdı”, "Quşəppəyi”, "Göbələk”, "Üzüm” və s. şeirlər bu qəbildəndir. Şairin bu şeirlərinin əksəriyyətində təbiətə məxsus bu canlılara qarşı dərin sevgi, qayğı hissinin olduğunu müşahidə edirik. Şair "Siçan” şeirində əslində ziyanverici kimi tanıdığımız siçanı bizə müsbət biçimdə, fərqli obrazda təqdim edir. Siçanın pişikdən qorxmasını xüsusi vurğu ilə diqqətə çəkir ki, bu da uşaqda mərhəmət hissinin yaranmasına imkan yaradır. Şair "Quzuqulaq” bitkisinin adının yaranması haqqında maraqlı bir hekayə uydurur və bu vasitə ilə həm uşaqlara o bitkini tanıtdırır, həm də onlarda təxəyyül gücünün formalaşmasına yardımçı olur:

Əyiləndə,
Çaya salmış
Quzu qulaq. 
Onunçün də
Su içəndə
Bitib qalxmış 
Quzuqulaq. 

Müəllif uşaqlarımız üçün qiymətli söz xəzinəsi olan şifahi xalq ədəbiyyatı nümunələrinin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini anladığından yaradıcılığında bu nümunələrə də çox yer verir. Holavar, yanıltmac kimi janr formasına oxşar tərzdə yazdığı şeirlər söylədiyimizə sübutdur: 

Örüşdən qayıt daha,
Hoha, inəyim, hoha!
Yol uzaqdır, yal uca, 
Naxırı çək arxaca ("Holavar”, s.453)

"Kirpi” şeirində isə Yusif Nəğməkar şifahi xalq ədəbiyyatından hamımıza məlum olan kirpi haqqında yanıltmacdan istifadə edərək maraqlı poeziya nümunəsi yaradır. Şeirin dili sadədir, poetik quruluşu isə fərqli biçimdədir. Nümunəyə nəzər yetirək:

Tükü-
iynə,
Yükü-
iynə.
Beli 
körpü,
Bala kirpi ("Kirpi” , s.436)

Misralarda hecaların sayının ikidən artıq olmaması onun asanlıqla əzbərlənməsinə və qavranılmasına vəsilə olur.

Yusif Nəğməkarın bir sıra şeirləri sual-cavab əsasında, dialoq formasında qurulmuşdur. Nənə və nəvənin mükaliməsindən ibarət olan bu nümunədə uşağın aldığı cavablar vasitəsilə ağacların torpaq üstdə, yol qırağında, keçiddə, dağlarda, dərələrdə, göllərin sahilində və s. ərazilərdə bitdiyini öyrənirik. Ümumiyyətlə, şairin bu formada şeirləri çoxluq təşkil edir. Bunlar öyrədici funksiya yerinə yetirərək məlumatın tez mənimsənilməsinə imkan yaradır. 

V.Q.Bеlinski yаzırdı: "Uşаq yаzıçısının yаrаnmаsı üçün çох, оlduqcа çох şərtlər vаrdır: nəcib, sеvən, diqqətli, sаkit, körpəcə-sаdədil bir qəlb, yüksək məlumаtlı bir idrаk, prеdmеtlərə аydın bir bахış, yаlnız cаnlı bir təsəvvür dеyil, həm də cаnlı, şаirаnə bir хəyаl, hər şеyi cаnlı, zəngin surətlər hаlındа təsəvvür еtməyə qаbil bir хəyаl lаzımdır. Аydındır ki, uşаqlаrа qаrşı məhəbbət, uşаq yаşının tələb, хüsusiyyət və təfərrüаtını dərindən bilmək də ən mühüm şərtlərdəndir”. Yusif Nəğməkarın uşaqlar üçün qələmə aldığı şeirləri nəzərdən keçirərkən məşhur tənqidçinin vacib bildiyi keyfiyyətlərin demək olar ki, hamısını şairin yaradıb ərsəyə gətirdiyi nümunələrdə gördük. Çoxşaxəli yaradıcılığıa malik olan şairin balalarımızı unutmaması, onlar üçün bir-birindən rəngarəng pooeziya nümunələri yaratması olduqca təqdirəlayiq hal hesab olunmalıdır.