Əlibala Əhmədovdan yeni şeir...
Poeziya
- 25.02.2021
- 0 Şərh
- 12371 Baxış
Hava ətrinin
suyun toxunuşunu üzərindən ata bilməmiş
qarmaqlar üçün bir vaxtlar ən yaxşı qurdlara sahib olmuş
arx palçığının
üşüyən ayağını ovuşdurmaqla, palitrası dağılmış televizorla izlədiyin kovboy kinosunun
tamamladığı xatirələri
və nə vaxtsa var olmuş günləri, yaşamı düşünürsən.
Odun peçinin yanında
beynində qaynayan nevrozla yaşamağa çalışmısan.
Sıxıntılar sabahına səndən əvvəl daşınırdı.
Nigaranlıq və duyduğun,
pendir dəlikləri kimi beynində açılmış sevginin kədərində
ağrıyırdın.
Yuxu saxlanılan evləri talan edib qurtarmışdın, əzabın oyaqlıqda dirildiyini anlayarkən....
Bir vaxtlar qüssəni başlatdığın,
qüssəni ona danışaraq birlikdə daşlamaq istədiyin qadın vardı,
qovuşmayacağını hər gün daha artıq, hissə - hissə dərk etməklə,
acizliyin verdiyi saxta, xəyali qollarla
tutmağa, onu saxlamağa çalışırdın..
Məktəbli çantasının su üçün ayrılmış yerini,
sıxıntı və nigaranlıq ilə
üzərində oturduğum
sementi yaş olarkən üzərinə toyuq caynağının
izi düşüb qalmış
pilləkanı xatırlayıram.
Yaşıl rəngdə - sənin köynəyin kimi
tükənməyən damcılar halında canlanır xəyalımda, sənin üçün duyduğum həsrət....
Böyük uğurla mənasız etdiyim yaşam....
Hər kəsdən qaçmaq, qurtulmağa çalışıram
Və qüssəni balaca bir çaydanın ağzına yığıb
səndən başqa kimlərinsə qulağının onu eşitməsini
səndən başqa kimlərinsə ağzının ondan danışmasını mümkünsüz edirəm....
Köhnəliyində dəyərli olmuş bütün əşyalar kimi
mənim də varlığım yalnız bu cür - sənin eşqinlə,
səndə keçmiş, yox olmuş eşqimlə
birazca qiymət tapır...