“Adəmdən Xatəmə yol gedən alma...”

“Adəmdən Xatəmə yol gedən alma...”

Qardaşxan Əzizxanlıya özünü yeddinci qatda hiss etdirən yaradıcılıq gecəsinin yeddi məqamı

(Do–Dominus–Allah; Re–rerum–materiya; Mi–miraculum–möcüzə; Fa–familias planetarium–yeddi planet; Sol–Solis–Günəş; La–Lactea via–Kəhkəşan; Si–siderae–səma). 


Düzü, uzun illərdi Lənkəranda bu cür yaradıcılıq gecəsinin keçirilib-keçirilmədiyi yadımda deyil. Əslində, yaşımdan,–canınıza sağlıq, yaşım da az deyil,– analoji məclisin şahidi olmamışdım. Amma, nə ola, daha belə tədbirlərin keçirilməsi, İlqar Fəhminin sözü olsun, ənənə ola. 

Qardaşxan Əzizxanlının 60 illik yubileyi münasibətilə Heydər Əliyev mərkəzində keçirilən yaradıcılıq gecəsinə və eyni zamanda,"İlkiim də sən, indim də sən, sonum sən" adlı son şeirlər kitabının təqdimatına müxtəlif yaş təbəqələrindən olan poeziya həvəskarları qatılmışdı.

Əvvəlcə şairin müəllifi, layihə rəhbəri olduğu kitablar və mətbuat materiallarından ibarət "Qardaşxan Əzizxanlı-60” adlı sərgiyə baxdıq, sonra onun sözlərinə Asif Kərimovun bəstələdiyi və müğənni İlqar Muradovunun ifasında proyektor ekranına verilən "Yaşayırıq” mahnısını dinlədik. Bunlardan və AzTV-nin "Qaşla göz arasında" adlı qısametrajlı filmindən fraqmentdən, habelə Xalq Şairi Məmməd Arazın səbəbkarla bağlı dediyi: "O, görüm, duyum şairidir... Sözünü öz ürəyindən alan şairdir... Qardaşxan dəmirçidir. Körpü inadı döyən dəmirçi... Döşünü yaman sellərə verən dəmirçi...” kimi dəyərli sözlər səsləndiriləndən sonra bir şair kimi Qardaşxan haqqında onu yaxşı tanımayan görüş iştirakçılarında belə artıq müəyyən təəssürat yarandı.
Bu tədbir, fikrimcə, Qardaşxanın, təkcə kitabının yox, həm də, bir vətəndaş, insan olaraq, öz təqdimatı oldu və o məqamda, nədənsə, ağlıma "Vətən kiminə isti qucaqdır, kiminə soyuq bucaq” deyimi gəldi,–həmin gün, vətən Qardaşxan üçün, şübhəsiz, isti qucaq idi.

Onu da deyim ki, tədbir "Dilimiz sərvətimizdir” və "Azərbaycan poeziyası və dilimizin safliğinın qorunması” devizi ilə keçirilirdi. 

I not

Allah, şükür birliyinə,
Bu yolu mənə vermisən;
Bu qanada layiq bilib,
Bu qolu mənə vermisən.
Qardaşxan

I təqdimat

Azərbaycan Yazıçılar BirliyininYaradıcılıq məsələləri üzrə katibi şair–kinodramaturq İlqar Fəhmi məclisi: "Əslində, Qardaşxan müəllimlə 60 yaş bir az düz gəlmir, çünki ruhən cavandır və onun tədbirlərində həmişə fərqli bir aura olur. Ümumiyyətlə, Qardaşxan müəllim fərqli formatları sevir. Onun görüşləri həmişə bir ideya, ümumiləşdirici bir motiv altında keçirilir. Enerjililiyi, çevikliyi də diqqətdən qaçmır. Yeri gəlmişkən, şairlər içində elə bir adam tanımıram ki, əlbəyaxa döyüş növü üzrə qara kəmər sahibi olsun” sözləri ilə açarkən mən artıq öz-özlüyümdə fərqli bir törənlə qarşılaşacağımı kəsdirdim.

İ.Fəhmi çıxışına davam edərək dedi: "Azərbaycan Yazıçılar Birliyi və M.F.Axundzadə adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə Qardaşxan Əzizxanlının Bakıda düzənlənən yubiley tədbiri və bu son kitabının təqdimat mərasimi "Bu gün gərək hər anımız vətən desin!” devizi altında keçirilirdi. Bugünkü tədbiri də Qardaşxan müəllim Azərbaycan dili ilə bağlayıb. Başqa sözlə, bugünkü oxunacaq şeirlərin, olacaq söhbətlərin, bir sözlə, təqdimatımızın, obrazlı desək,–gerbi, bayrağı, sərhədi ana dilimizdir. Yəni Qardaşxan müəllim tədbiri öz yubileyindən əlavə, həm də, Azərbaycan dilinin gözəlliyinin təqdimi, təbliğatı fonunda təsəvvür eləyib. Doğrudan da, poeziya dildən kənarda dərk edilən bir şey deyil. Poeziya müstəvisindəki hər hansı poetik detal, maraqlı obraz–bütün poetik gözəlliklər, xüsusən də, ədəbi dil üçün bəzən, hətta arxetipləşən yeni tapıntıdır. Poeziyanın yeniləşməsinə çalışan şairlər öz növbəsində öz ana dilinə xidmət edirlər. Qardaşxan da şeirlərini, sadəcə, öz düşüncələrini çılpaq şəkildə üzə çıxartmaq üçün yazmır. Poeziyamızı və ana dilimizi qoşa qanad kimi inkişaf etdirmək istəyi onun şeirlərində açıq-aşkar özünü hiss etdirir”. 

İ.Fəhmi sonra Qardaşxandan son kitabını təqdim etməsini xahiş etdi və əsasən gənclərdən ibarət olan auditoriyaya üzünü tutub: "Qoy kitab haqqında özü danışsın, çünki orada bir çox elementlər, simvollar var ki, onun öz dilindən eşitmək maraqlı olar,–”dedi.

II təqdimat

Qardaşxan görüşə gələnlərlə ünsiyyətə ilkin olaraq bu fikirlərlə başladı: "Mən sizin iştirakçısı olduğunuz bu məclisdə indiki anlarda göyün yeddinci qatındayam və bu qatdan içimdəki Təbriz də, Xankəndi də əl içi kimi görünür. Bugünkü auditoriya sanki mənə dünyaları bağışlayıb.

Poeziya ilk növbədə dil hadisəsidir və dilimizin ən etibarlı gen daşıyıcısıdır. Hansı dildə düşünürsənsə, poetik təfəkkür həmin dildə obrazlara çevrilir. Yeni üslubun, obrazlılığın əsasında dil "materialı” dayanır. Həyat və insan barədə düşünərkən dərin mənalar məhz dilin qatları hesabına üzə çıxır. 

...Dilin lüğət fonduna müəyyən mənada bank hesabı kimi baxmalıyıq. 

...Nəcib məqsədlərə xidmət edən şeir dili süni, saxta olmur. Əsl şeir də, eləcə, rahat nəfəs alıb-verdiyin kimi oxunur,-sadə, qatqısız, amma poetik yüklü... Belədə, nə biz dili aldadırıq, nə dil bizi...

"İlkim də sən, indim də sən, sonum sən”–bu poetik müraciət təkcə ilk məhəbbətə, doğma yurda, böyük sənətə ünvanlanmayıb, eyzən ana dilə yönəli anddır...”

Bunlar isə mənim müşahidələrimdir; poetik toplunun orijinal xüsusiyyətlərindən biri də onun, eyni zamanda, məzmunca fərqlənməyən iki adla nəşr olunmasıdır: kitab üz qabığında: "İlkim də sən, indim də sən, sonum sən”, arxa cilddə: "İlkimdəsən, indimdəsən, sonumsan” adı ilə oxuculara təqdim edilib. Burada üç kitabdan–"Gözlə qaş arasında”, "Otuz yeddini keçəndə”, "Ürəyin baxdığı yerdən” nəşrlərindən seçmələr toplanıb. Son kitabın ikinci adı da üç sözdən ibarətdir,–simmetriya pozulmayıb və kitaba müəllifin üç dilə tərcümə edilmiş şeirlərindən nümunələr salınıb...

Qardaşxan butaşəkilli "İn-Yan”da, kitabın üz qabığındakı "Koroğlunun Nigarı” rəsmində (burada qadının üzü– vətənin, saçları sərhədlərin rəmzidir və bu saç içi–sərhəd boyu çapan atlılar yurdu qoruyur) və "Poeziya”sözünün alındığı oval cizgidə, cildin içindəki bu dəfə ürəkşəkilli "İn-Yan”da 60 rəqəminin əks olunduğunu göstərdi və əlavə etdi ki, 60-ın güzgü əksi isə 90-dır, bu da altmışımda üç övladımın yaşının cəmidir. İnsanın tərbiyə verdiyi övladı həyatda onun güzgüsüdür. 

Bütün bunlar gənc rəssam Gilanın qrafik fırçasında öz təcəssümünü tapmışdı...

Kitabın ilk bölümü türk qızına, ikinci hissəsi təbrizli qıza yazılmış misralarla süslənib. Bu isə birmənalı olaraq genetik türk və Cənub sevgimizə bir işarətdir. ...Qardaşxan son kitabının daha bir neçə fəlsəfi-simvolik xassəsindən danışdı...

II və III notlar

İ.Fəhmi sonra qeyd etdi ki, bir neçə ildir Qardaşxanın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə "Məmməd Araz Poeziya günü” layihəsi çərçivəsində Azərbaycanın rayonlarında, eləcə də, Bakıda unudulmaz şairimizə həsr olunmuş silsilə tədbirlər–xatirə gecələri, poeziya axşamları keçirilir. Bu tədbirlərin ağırlığının əsas hissəsi Qardaşxanın üzərinə düşür və əmin olduğunu bildirdi ki, Məmməd Araz Poeziya günləri bundan sonra da davam edəcək, çünki Qardaşxanın o böyük şəxsiyyətə sevgisi sonsuzdur. 

Qardaşxan məşhur fransız düşünəri G.Le Bonun "Xalq çox şeyi itirə bilər, bütün mümkün faciələrə məruz qala bilər, amma yenə ayaq üstə qalxmağı bacarar. Əgər o öz ruhunu itirsə, demək hər şeyini itirib və o bir də heç vaxt ayaq üstə dura bilməz” fikrini misal çəkərək, niyə "Məmməd Araz Poeziya günü” keçirmək qərarına gəlməsinin səbəbini açıqladı: ”Məmməd Araz xalqın ruhunu itməyə qoymayan sənətkardır. "Vətən yolunda birinci ölmək” düşüncəsinin aliliyini Məmməd Araz ön plana çəkib. Bu mənada Məmməd Araz yaradıcılığı, həm də bir Qarabağ simfoniyasıdır”.

O, isveçrəli filosof Karl Yunqun: "Madam ki, əksliklər heç vaxt özünün şəxsi səviyyəsində birləşmirlər, demək həmişə daha yüksək "üçüncü” müstəvi tələb olunur ki, hissələr orada birləşsin” fikrini də misal gətirərək, həmin yüksək "üçüncü” müstəvi rolunu ədəbiyyatımızda ən çox Məmməd Araz poeziyasının oynadığını bildirdi: "Bölünmüş Azərbaycan "3-cü müstəvidə”–Məmməd Araz yaradıcılığında birləşir. Bu poetik müstəvidə Quzeyli Güneyli vətən bütövləşir”.

III təqdimat

Unudulmaz şairimiz Məmməd Arazın qızı "Ədalət” qəzetinin Baş redaktoru, əməkdar jurnalist İradə Tuncay tribunaya dəvət olundu. İradə xanım: "Mən tədbirlərdə iştirak etməyə meyilli deyiləm,–dedi,–amma söz adamlarının tədbirlərinə həvəslə gedirəm. Qardaşxanın tədbirinə gələndə də, təbii ki, yenə həmən həvəs vardı, üstəlik burada bir Qardaşxan amili də var idi. Mən Qardaşxanı, nə bilim, vallah, yəqin bir qırx ilə yaxındır tanıyıram. Biz universitetdə bir yerdə oxumuşuq. O, bir kurs bizdən yuxarıda oxuyub. Ancaq mən onu ən çox atamın gənc dostu kimi tanımışam, həmişə atamın yanında görmüşəm. O, həmişə atama dəstək olub. Bilirsiniz, Qardaşxanın atama münasibəti "dəstək olmaq” sözündən də böyükdür. Onun atama münasibətində, hardasa, bir mənəvi övladlıq hissi var. Atamın ehtiyacı olan günlərində, redaktə məsələlərində, daha, nələrdəsə, Qardaşxanı həmişə atamın yanında görmüşəm. Görünür, bu münasibət də aramızda olan ünsiyyətə təsir edib, sirayət eləyib. 

Mənim Qardaşxanda ən qiymətləndirdiyim keyfiyyəti nədir? Qardaşxan bu gün hər cür əl uzatmalardan, dil uzatmalardan qorumağa çalışdığımız bütöv Azərbaycan anlayışının bariz nümunəsidir .Yəni Azərbaycançılıq ideyasının... Bu müstəvidə hamını birləşdirə bilən obrazdır Qardaşxan. O, bütöv Azərbaycanın, o itirdiyimiz sərhədləriynən, torpaqlarıynan və yaxud da yenidən birləşdirməyə çalışdığımız torpaqlarımızın bir obrazıdır məndən ötrü. Ona görə də mənə elə gəlir ki, Qardaşxanın adı çəkilən yerdə mütləq bir Azərbaycan obrazı yaranır, mütləq! Mən belə fikirləşirəm... İnsanların ona münasibəti də bu müstəvidən, bu rakursdandır. Bu mənada Qardaşxan kimdənsə, nəyi isə xahiş edəndə, mütləq hamı canla-başla yerinə yetirməyə çalışır. İndi 60 yaşı olub, deyirik... Amma Qardaşxan ruhən, elə fiziki cəhətdən də, o yaşını göstərməyən adamdır. Mənə elə gəlir hələ indən belə çox illər, sağlıq olsun, onun varlığını, güclü nəfəsini ədəbiyyatımızda da, xalqın ruhunda da hiss eləyəcəyik.

IV təqdimat

Millət vəkili, yazıçı Aqil Abbas Lənkəranla bağlılığından danışdı: "Təsadüfi deyil ki, "Dolu” romanında yalnız Lənkəranın adını çəkmişəm. "Dolu” romanı bədii əsərdir. Bildiyiniz kimi bədii əsər sənədli olmur, real adamlar, həyatda olanlar öz adları ilə orada iştirak etmir. Amma mən həm romanda, həm filmdə məkan olaraq yalnız Lənkəranın və Lənkərandan olan bir yeniyetmə gəncin adını olduğu kimi saxladım. Təsəvvür edin, 17 yaşında bir yeniyetmə uşaq Lənkərandan könüllü gəlib, Ağdamda vuruşurdu. Sonra o, şəhid oldu. Atası gəldi... çox təəssüf ki, sonrakı taleyini bilmədim bu adamın,–müharibə gedirdi, baş qarışıq idi. Hamı elə bildi, ata oğlunun cənazəsini aparacaq öz rayonuna. Amma atası məsciddə dedi ki, oğlum harada ölübsə, orada da dəfn olunmalıdı, o, bu torpaq uğrunda canını verib, Lənkərana niyə aparmalıyam?! Ağdamda bir şəhid qəbiristanlığı var idi, orada dəfn elədilər həmin uşağı. Ata oğlunun silahını istədi. Gətirib verdilər. Soruşdu: "Mənim oğlum harada vuruşurdu?” Dedilər, filan taburda, filan səngərdə... Getdi girdi o səngərdə vuruşmağa... Bu hadisə mənə o qədər güclü təsir elədi ki, dedim, bunu romana olduğu kimi, öz adı ilə salacağam. Romanda bundan başqa gerçək şəhər, qəhrəman adı yoxdu. Kinoya da saldıq o hadisəni. Dedim yəni, qoy görsünlər vətənini, xalqını, millətini sevən belə insanlar var burada, başqalarına da görk olsun. Lənkəran, həm də, qohumdu bizə, qohumluğumuz da çoxdu.

Deyirlər 60... amma mən, vallah, Qardaşxanı elə bil 200–300 ildi tanıyıram. Qardaşxanın bir qardaşı da var–Məmmədxan o da şair təbiətli bir insandı əslində, intəhası o getdi hüquq-mühafizə orqanlarında işlədi. Vaqif Bəhmənlinin dostuydu. Üzr istəyirəm, bayaq İradə xanım dedi, Qardaşxan bütöv bir Azərbaycan simvoludu... Şairliyin də gözəl ola, dostluğun da gözəl ola, insanlığın da gözəl ola... Bu adamın ürəyində kiməsə bir damcı kin olsun, kiminsə paxıllığını çəksin, kiməsə badalaq vurmaq istəsin... mümkün deyil. Bu adamı allah o qədər saf, təmiz yaradıb ki... onu da o verib poeziyaya, dostluğa. Başqasının yolunda daha çox əziyyət çəkir, nənki öz yolunda. Qardaşxan, düzdü, Məmməd Araz üçün özünü çox əsir-yesir eləyir, sevir onu... Mən də şairlər var ki, sevirəm... Vaqif Cəbrayılzadəni sevirəm, amma özümü onunçün əsir-yesir eləmirəm. Amma Qardaşxan sevdiyi adamın yolunda özünü fəda eləyir. Yəni mürid kimi... belə bir insandı. Mən Qardaşxanı bir saf insan kimi sevmişəm. İndi də baxıram ki, nə qədər rəmzlərdən istifadə edib kitabında, kitab başdan-ayağa simvoldu, rəmzdi. O da onun, görünür, fəlsəfəni gözəl bilməyindəndir. 

Qardaşxanın çox gözəl övladları var. Gözəl bir nəsildəndir... Burada başqa gözəl qələm adamları da yetişib. Şəkər Aslan, Yaşar Rzayev... yaxşı yadımdadır. Qardaşxanın hesabına gəlib burada adını eşidib, üzünü görmədiyim, imzasını sevdiyim adamlarla–Tərlan Əbilovla, Etibar müəllimlə tanış oldum. 

...Bir Vidadi Məmmədov vardı,–Bərdəliydi. Bir dəfə Ağdamda toyda bir sağlıq dedi. Vaqif Cəbrayılzadə, Əbülfəz Elçibəy də ordaydılar. Dedi, Bərdədən keçəndə, maşında gizləndim, məni görməsinlər. Utandım Bərdə torpağından, yəni ki, mən bu Bərdəyə nə vermişəm?! Heç nə! 40 ildi getmişəm bu yerdən... Mənim qohumum... o da məşhur şairdi maşın sürürdü şəstlə... əslində, o da gizlənməliydi, çünki o da heç nə verməmişdi Bərdə torpağına. Vaqif Cəbrayılzadə Cəbrayılda dik gəzə bilər, Əbülfəz bəy də türk dünyasında. Belə bir ifadə işlətdi. İndi sən, Qardaşxan, bu torpaqda, tək bu cənub bölgəsində yox, bütün Azərbaycanda başını dik tutub gəzə bilən oğulsan və dik də gəzirsən. Yəni sən bu torpağı yüksəltmisən, Lənkəranı, bu cənub bölgəsini çiyninə almısan. Bayaq deyirsən Nizamidən yuxarıda kimsə yoxdu, məndən də aşağıda. Sən aşağıda deyilsən, sən bu torpağı çiyninə almısan deyən aşağıdasan. Sən doğulduğun torpağı qiymətə mindirən oğulsan. 

Bir də bu görüşü təşkil eləyənlərə minnətdarlığımı bildirirəm. Bura elə-belə bir yer deyil, müqəddəs ocaqdı, Heydər Əliyev mərkəzidi. Bu ocağı sənə bağışlayıb, burada sənin tədbirini keçirənlərə təşəkkür eləyirəm. 

Burada tələbələri görürəm. Onlara da bir-iki söz deyim. Tələbə görəndə adam istəyir ki, onları danlasın... Dördcə ildi, dörd il... O dörd ili adam kimi oxusanız, 50–60 il onu xərcləyəcəksiniz. Elə bil əmanət kassasına qoymusunuz, 50–60 il ordan pul çəkəcəksiniz. Ona görə də oxuyun, Qardaşxan kimi bu millətə xeyir verin! 

IV not

İ.Fəhmi: "Əslində, ssenari üzrə sözü məktəblilərə verməliyəm, amma mən ssenarini pozacağam,–dedi,–çünki, mənim Qardaşxan müəllimə çoxdan ürəyimdə dolandırdığım suallar var. Bu müddət ərzində o sualları vermirdim. Bilirdim tədbir olacaq. Burada çoxlu poeziya həvəsliləri var, düşünürəm onlar üçün də maraqlı olar. Sırf poetik bir məqamdı. Qardaşxan müəllimin şeirlərinə diqqət yetirən insan hiss eləyir ki, bu şeirlərdə bir incə, zərif məqama təkrar-təkrar qayıdılır. Bu da nədən ibarətdir; bizim məşhur bir xalq mahnımız var: "Pəncərədən daş gəlir, Ay bəri bax, bəri bax...” Bu ifadə onun müxtəlif şeirlərindən bir obraz olaraq çeşidli formada keçir. Mən başqa bir şairdə belə bir şeyə rast gəlməmişəm ki, bir motiv, bir melodiya,–kinoda sauntrek (soundtrack) deyirlər ona, –bu çür təkrar olunsun. Qardaşxan müəllimin, istər qoşmalarında, gəraylılarında, ya da başqa formalı şeirlərində sauntrek rolunu "Pəncərədən daş gəlir” oynayır və bu poetik şifrə, açar, bəzən bir zərbə, ağrı.., obrazın mahiyyəti tək ortaya çıxır. Müəyyən mənada aydındır bu,– xalqımızın çəkdiyi iztirablar, başına gələn faciələr var... Bu təhtəlşüurdan gələn bir məqamdımı, yoxsa bu bir simvoldu... Qardaşxan müəllimin yaradıcılığını tədqiq edənlər hökmən bu sistemi araşdıracaqlar. Çünki bu sistem, bu obraz Qardaşxan şeirinin ana xəttidir. İstərdim özü buna aydınlıq gətirsin.
 


V not

Qardaşxan: Yaman yerdə axşamladıq... Deyə bilərəm ki, "Pəncərədən gələn daş” orta məktəb illərindən bir "sevgi daşı” kimi "gəlməyə” başlayıb, sonradan, ictimailəşib, fəlsəfiləşib, belə demək mümkünsə, gah "ictimai daş”a, gah "fəlsəfi daş”a çevrilib məndən ötrü. Təkdən cəmə, fərddən çoxa doğru gedib. Əvvəli belə başlayıb:

"Pəncərədən daş gəlir,
Ay bəri bax, bəri bax..."
Gör bu səs tanış gəlir:
"Ay bəri bax, bəri bax..." 

Pəncərədən daş gəlir...
Gəlsəm yəqin görərəm
Xumar gözdən yaş gəlib.
Səni yada veriblər,
Hamıya da xoş gəlib.

Pəncərədən gələn daş
dəydi bəxtimə, dəydi,
Sındırdı onu, qardaş!

Bəxtimə dəyən daşı
gərək vaxtlı görəydim.
Sinəmdəki atəşi
pəncərəyə hörəydim,
Çatlayaydı o daş da,
Pəncərəyə baxanda
özgə göz də, baxış da!

Gəlsəm yəqin görərəm
xumar gözü yaşlı qız
Xısın-xısın ağlayır.
Bir "Vağzalı” zənciri
qollarımı bağlayır.
Bəlkə elə görərəm
yetib payız hədəsi,
Çatıb vaxtı, vədəsi,
Ayrılıb gəlin köçür
pəncərəsi daşlı qız...

Son dəfə o küçədə
xumar gözdən yaş gələr.
Son dəfə o gecədə
pəncərədən daş gələr...

Sonralar, dediyim kimi, rəngdən rəngə düşüb, göyqurşağı tək çeşidli rəng çalarları alıb. Məsələn, "Bir anadil olsaydım” şeirindəki:

Anasız anamın anası dilim!..
Adəmdən Xatəmə yol gedən alma,
Dünyaya Nyuton bəxş edən alma,–
Mənə Pəncərədən daş kimi gəlib...

Lalın da dilini anası bilir,
Hanı mənim dilim? Onu tap, ana!
Ağzımda alışıb yanası dilim,–
Xəzinə qalmadı onu tapana.

Xəzinə talayıb- çapana qaldı,
Oxunmaz Qubanın ağ alması da.
Yəqin ki, qiyamət qopana qaldı
Mənim bu yaramın sağalması da!

ya da, sonrakı şeirlərdəki kimi:

 

Çiçəklənib alça, göyəm,
Qarşı duran dağ təzə-tər.
Arx üstündə mən köhnəyəm,
Arx kənarı bağ təzə-tər.

Gecənin göy üzünə də
bağdan güllər aşıb-daşıb.
Əsli də göy üzündədi
pəncərədən gələn daşın.

Qızın yaz çağı, yaz çağı
qar qalanıb hara gör bir!
Qışın oğlan çağı deyil!

Oğlanın qış çağıdı, bil,
Yazın qız çağı, qız çağı
buz qəlbə dov gələ bilmir!

 

Bu qapısız dünyada
pəncərədən daş gələr,
Pəncərəyə hər baxan
öz daşına tuş gələr.

Dünyamızı dəyişər
pəncərədən gələn daş,–
Göz yaşı tək yaşayan,
Baş daşı tək ölən daş.

Bu qapısız dünyadan
gələrik biz dünyaya.
Gedərik bu dünyadan
pəncərəsiz dünyaya.

 

Bir tale ki, pəncərədən daş kimi gəlsin,
Bir ömür ki, xumar gözdən yaş kimi gəlsin,
Kim görüb hər "Bəri bax”dan bir geri baxıb, 
Allaha xoş gəlməyənin xoş günü gəlsin?!

Bir Yazı ki, eşq nağılı    "Min bir gecə”lik,
Bir şeir ki, dua kimi deyib, dincələk.
Uzun sözün qısasını yazan bir şeir,
Yazan sözün qısasına yazıb hər şeyi!

Qırx incəbel qızla bağda süzən bir şeir,
Sərv boyu tül yelkəndə üzən bir şeir,
İki daşın arasından sızan bir şeir,
Çay əli dağ ətəyindən uzun bir şeir...

Bu da sənə uzun sürən qaranlıq gecə,
Sanki qurdla qiyamətə qalan bir qoca,
Arxasınca ayağını sürüyən küçə,
Günəşli gündüzdən, aylı gecədən keçə!

Ay mərcanı çaya düşən göy bəndə düşə,
Ay könüldən çay adlı bir kəməndə düşə.
Ay sayrışan burulğan su sal daşda çaşa,
Çay məcranı dəyişə, sel-su daşdan daşa!..

Dağ çilleyi- kamanına mindirib çayı,
Əldən çıxan misra çəkib sözbəsöz yayı.
Dağdakı kef düzdə çayın burnundan gəlib,
Kim qaytarıb gözəl Tanrı göndərən payı?!

İ.Fəhmi: Qoy birini də mən oxuyum: 
 

Gündüzlər ağ pərdədir,
Gecələr qara pərdə.
Bu dünya bir səhnədir
tale oynayan yerdə.

Ulduzlar ağ yalandır,
Günəş– qırmızı yalan.
Hamıdan yalançıdır,
Hamıdan doğru olan.

"Pəncərədən daş gəlir,”
"Bəri bax” dünyasıdır.
Ən haqsız adamın da
yeri haqq dünyasıdır.

V təqdimat (fraqment)

Ağamir Cavad: Ulu Nizami də deyib:

Sözün qanadları var quş kimi incə- incə,
Dünyada söz olmasa, nəyə lazım düşüncə.

Həqiqətən də, dilimizin saflığını qoruyan gözəl şairlərimizdən biri Qardaşxan Əzizxanlıdır. Qardaşxanı biz ilk kitabından sevmişik. İlk kitabı 1990-cı ildə çıxan "Qaşla göz arasında” idi. O vaxt Qardaşxanı şəxsən tanımırdım. Amma o kitabı oxuyanda oradakı şeirlər yaddaşıma həkk olundu. "Ay bəxtim ay bədirlənə” misrası ilə başlayan bir şeiri də vardı, elə bil xalqın ruhu ona hopmuşdu, onu çox məclisdə demişəm. Bayaq İlqar Fəhmi Qardaşxan şeirinin ana xəttini təşkil edən bir obrazdan– "Pəncərədən daş gəlir”dən söz açdı. Bu mənim də diqqətimi cəlb etmişdi. Ümumiyyətlə, bu "daş” məsələsi Qardaşxanın çox şeirində var: "Allahın əlində daş Bu millətin başına Bilmir salsın-salmasın” və s.
 
Son kitabındakı "Bu millət”, "Bilin” adlı və başqa bu kimi şeirləri onun vətəndaşlıq yanğısından doğur. Qardaşxan ehtiyatda olan zabitdir və: "Bu qurban vətənin Qardaşxan adda, Bir qurbanlığı da var ehtiyatda” deyir. Biz də hər birimiz özümüzü bir qurban sayırıq, çünki belədə millət də yaşayar, xalq da.
 


VI təqdimat (fraqment)

Ağacəfər Fətullayev: Mən şair deyiləm. Amma poeziyaya marağı məndə Qardaşxan oyadıb. Onu da qeyd edim ki, Qardaşxan qardaşımızın çox qeyri-adi yaddaşı var, bir şeiri, kitabı bir dəfə oxumaqla yadda saxlar. Qardaşxan hamıya göründüyü kimi deyil. İndi mən ikili Qardaşxanı iki dəqiqə vaxtınızı almaqla təqdim eləməyə çalışacam. 

Qardaşxan mənim məktəb yoldaşımdı, 5 saylı orta məktəbdə oxuyub. 1973-cü ildə səkkizinci sinifdə ikən o, məktəbdə bir ədəbi məclis yaratdı. Ədəbiyyata həvəsi olan uşaqları yığdı, özü də rəhbərlik eləyirdi. Hamı–müəllim, şagird ona hörmətlə yanaşırdı.., şairdi, istedadlıdı... sağ olsun, həftədə üç dəfə dərnək aparır, uşaqlara şeirlər öyrədir... Özü də qeyd eləyim ki, ilk dəfə bizə Məmməd Arazın yaradıcılığından danışdı. İndi də yadımdadır:

Mənli də, mənsiz də bu dünya vardı,
Göy belə göy idi, qar belə ağdı.
Bu dünya elə bir nəğməli valdı
Mənli də, mənsiz də oxuyacaqdı. 

Sonra Hüseyn Arifdən və başqalarından... Sonra məlum oldu ki, sən demə, Qardaşxan, həm də, sevdiyi qıza görə bu dərnəyi təşkil eləyib; onu evdən çıxartsın, o da dərnəyə gəlsin... 
Üzdə gördüyümüz sadə Qardaşxandan başqa ikinci bir Qardaşxan da var ki, o özünə yaxın olan adamlar, doğmalar üçün qardaş, onu bəyənməyənlər, yadlar üçünsə xandır.

VII təqdimat əvəzi

İ. Fəhmi:  Doğrudan da, Qardaşxan müəllim bizə göründüyü kimi sadə, birtərəfli deyil. Bir detalı da qeyd edim ki, onun mənəvi dünyasının böyük bir hissəsini dünya fəlsəfəsi, yaradıcılığının böyük bir hissəsini də dünya fəlsəfəsindən etdiyi tərcümələr təşkil edir. Bəlkə buna görədir ki, Qardaşxan şeirindəki fəlsəfi çalarlar həmişə diqqəti çəkir və təsadüfi deyil ki, Qardaşxan şeirində dünya dərkinə yönəli poetik suallar az deyil.  

Dünyanın məşhur fəlsəfi əsərləri var ki, onların Azərbaycanda ilk dəfə nəşri məhz Qardaşxan müəllimin adı ilə bağlıdır. Siz təsəvvür edin ki, bir zabit olaraq xidmətdə ola-ola,–orada çalışanlar bilir ki, orada hər dəqiqənin dəyəri var... böyük- böyük, qalın- qalın kitabları tərcümə edəsən, özü də təkrar qeyd edim, ələlxüsus da, bu kitablar fəlsəfi əsərlər ola... bu o deməkdi ki, bu adamın illər uzunu nə gecəsi olub, nə gündüzü... Gündüz gərgin iş, işdən də sonra evə gəlib, fəlsəfi kitabları tərcümə edib. Bu artıq başqa bir zəhmət, zəhmətdən də çox əsl əziyyətdi. Həm də, fədakarlıqdı... Bilirsiniz, o fəlsəfi kitabları başqa dillərdə oxuyanda düşünürsən ki, bu fəlsəfi kitabları mənim millətim, gənclərimiz niyə öz dilində oxuya bilməsin və Qardaşxan müəllim də dizini qatlayıb,–300, 500, 800 səhifəlik fəlsəfi kitabları dilimizə tərcümə edib...

Mənim yadımdadır ki, çox böyük həvəslə qarşılanmışdı o tərcümə seriyası–"Fikir antologiyası”, biz axtarırdıq, sevə-sevə oxuyurduq o kitabları. Gənclər arasında çox populyar idi. Keyfiyyətinə də söz yoxdur. Çox yüksək keyfiyyətli kitablar idi tərcümə baxımından.

VI not

Məktəblilər Qardaşxanın "Əllərimlə gözlərimi tutmuşam”, "Hər səhər beləcə”, "Bu qapısız dünyada”, "Gündüzlər ağ pərdədir”, "Dualar” silsiləsi və müəllifin başqa dilə yatımlı, yaddaqalan şeirləri ilə ana dilimizin gözəlliyinə, onun poetik imkanlarına ayna tutdular. Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı Uşaq musiqi məktəbinin müəllimləri Əlirza Yuniszadə, Təranə Şərifovanın müşayiətilə xanəndə İmanverdi Ağayev Qardaşxanın "Dağların üstünü duman alıbdı” və "Yayla payız, yazla qışdı bu dünya” misraları ilə başlayan şeirlərini "Zabul” və "Mahur” muğamları üstə oxudu. 

İ.Fəhmi: Tədbirimizin yekunu gəlib çatıb. Bu tədbiri keçirməyə şərait yaratdığına görə Lənkəran şəhər İcra Hakimiyyətinin Başçısına, məclisimizi şərəfləndirdikləri üçün gələn qonaqlara, gözəl vaxtını bizimlə keçirən bütün iştirakçılara minnətdarlıq edirəm. Əgər Qardaşxan müəllimin sözü varsa, buyursun və bu gözəl görüşü yekunlaşdıraq.

Qardaşxan:

Kiçik çillə deyil, hava sazaqdı,
Hələ fevrala var, mart da uzaqdı.
Onda türkün sözü, bu nə tuzakdı,
Yaz ətri burnuma haradan gəlir?!

Ya mən havalıyam, ya hava xəstə,
Ya da məzə könlüm təzə həvəsdə.
Böyük çillə ilə nəfəs-nəfəsdə
yaz ətri burnuma haradan gəlir?!

Deyirəm yazdığım hər misra elə
bir yaz havasına bürünüb gələ.
Bəlkə "Pəncərədən daş gəlir” belə?
Yaz ətri burnuma haradan gəlir?!

Yaz ətri burnuma sizlərdən, sizin doğma torpağa bağlılığınızın, ana dilimizə, poeziyaya sevginizin yaratdığı təmiz havadan gəlir. Hər birinizə min möhtəşəm təşəkkür!

Tədbirin son ladı: VII not

Ən sonda İlham Əsgəroğlunun ifasında "İncəgülü” saz havası üzərində Qardaşxanın "Gömgöy” qoşmasının səsləndirilməsi törənə gözəllik gətirdi.

Qələmə aldı: Əli AĞAZADƏ

VIII (Oktava).  Tədbirin əvvəlindən sonunadək ən qabaqkı sırada iki yer boş qaldı. Adamın diqqətini istər-istəməz cəlb edən o yerlərin təsadüfənmi boş qaldıqlarını, ya o yerləri kimdən ötrüsə saxladıqlarını Qardaşxandan soruşduqda cavabı ikibaşlı, bir az da müəmmalı alındı: "İki qardaşım var, onların yeriydi...” Mən isə Qardaşxanın Qarabağ döyüşçüsünə yazılmış "Hanı sənin qardaşların?” və "Yanımda boş qaldı yerin” şeirlərini xatırladım. Özünə bir söz demədim.