Akşin Xəyal. Altıncı palata (HEKAYƏ)

Akşin Xəyal. Altıncı palata (HEKAYƏ)

   Ülvi gözlərini açanda özünü çarpayıda uzanmış halda gördü. Qalxıb oturmaq istədi, amma başıninı qaldıra bilmədi. Beynində küt ağrı, həm də ağırlıq hiss elədi. Başının içinə sanki qurğuşun doldurmuşdular. Elə uzanıqlı vəziyyətdə ətrafa göz gəzdirdi. O qədər də böyük olmayan, hər tərəf ağ rənglə boyanmış bir otaq idi. İçəridə onun çarpayısından başqa, daha üç çarpayı və hər çarpayının da yanında kiçik dolablar qoyulmuşdu. Sol tərəfdəki divarda iki yan – yana dəmir barmaqlıqları və çirkli şüşələri olan pəncərələr vardı. Müşahidə etdiyi mənzərədən xəstəxanada olduğu qənaətinə gəldi. Amma niyə? Yadına salmaq istədisə də beynindəki ağrı və ağırlıq imkan vermədi. Əliylə alnını ovuşdurub, gözlərini yumaraq, beynini xatırlamağa zorlayırdı ki, qapı açıldı və içəri əynində ağ qara zolaqlı pejamalı, qırx, əlli yaşlarında bir kişi girdi içəri. Ağzında dişləri tökülmüş, ovurdlaı batmış, saçları çallaşmış bu kişi Ülvinin çarpayısına yaxınlaşaraq, gözlərini qıyaraq, belini azca əyib ona tərəf diqqətlə baxdı və əlini yelləyərək dönüb otağın küncündəki çarpayıya tərəf getdi. Kişi çarpayıya çatıb, yaşına uyğun olmayan bir cəldliklə özünü göydən çarpayıya atdı. Ülvi güclə də olsa dirsəklənib, üzünü kişiyə tutaraq, zarıltılı bir səslə:

-  Bağışlayın, bura haradır? – dedi.

Kişi cəld bir hərəkətlə uzandığı yerdən qalxıb oturdu və yoğun bir səslə:

- Bura altıncı palatadır. – Dedi.

- Haranın, hansı xəstəxananın altıncı palatasıdır? – deyə, Ülvi soruşdu.

Kişi yenə eyni cəldliklə yerindən qalxaraq, əllərini belinə qoyub, belini acza önə əyərək, əsgər addımlarına oxşar, iri addımlarla ona tərəf addımladı. Ülvinin çarpayısının bir addımlığında ayaq saxlayıb, yenə onə tərəf əyildi və səs tonunu qaldıraraq, sağ əlinin şəhadət barmağıyla döşəməni göstərib:

- Bura altıncı palatadır, başa düşdün, altıncı palata, - deyib, - həmin şəhadət barmağıyla sinəsinə vuraraq davam etdi: - Və buranın da sahibi mənəm! Mən, Qulam kişi!

Qulam kişinin yoğun səsi onun beynindəki ağrını biraz da şiddətləndirdi. Odur ki, kişiyə çox da baş qoşmaq istəmədiyindən, başını yastığa qoyaraq:

- Başa düşdüm. – Dedi.

Qulam kişi gəldiyi kimi də qayıdıb, yenə özünü çarpayısına çırpdı. Elə bu an dəhlizdə bağırtı eşidildi və dərhal da qapı açılaraq, sanitar geyimində olan iki nəfər zolaqlı pejamalı elə Ülvi yaşlarda birini qollarından yapışaraq, sürüyə - sürüyə palataya saldılar. Onu çəkib çarpayıların birinə uzadaraq, əllərini xüsusi qayışla çarpayıya bağladılar. Ülvi gördüyü mənzərədən dəhşətə gələrək "İlahi mən hardayam” – deyə düşündü. Sanitarların biri ona yaxınlaşıb, üzünə baxıb, sonra digər sanitara:

- Doktora denən dünənki xəstə ayılıb. – Dedi.

- Bağışlayın, bura haradır? – Ülvi sanitardan soruşdu.

- Dispanser. – O, cavab verdi.

- Dispanser? Nə dispanseri?

- Nə dispanseri olacaq, psixi dispanser. – Deyib, sanitar üzünü çevirərək, qapıya tərəf getdi və qapıdan çıxarkən, - Dəli ki, dəli. Bir gündür burdadır hələ bilmir ki hardadır. – Deyə dodağının altında mızıldandı.

Ülvi hər iki əliylə başını tutub, saçlarını yoluşduraraq: "İlahi, mən dəlixanadayam” – deyə zarıldadı.

     Artıq üçüncü günüydü Ülvi psixi dispanserdə yatırdı. Bu üç gündə ona hər gün müxtəlif dərmanlar verilirdi, içmək istəməsə belə güclə içirdilirdi. Beynindəki ağrı sakitləşdikcə, son günlər nələrin baş verdiyini xatırlamağa çalışırdı. Hər şey Vəfanın onu tərk edib getməsindən sonra başlamışdı. İlk günlər içində bir sıxıntı yaranmışdı. Daha sonralar bu sıxıntı daha da kəskinləşərək, sinəsindən boğazına qalxmış, onu boğmağa başlamışdır. İnsanlardan uzaq qaçmağa başlamış, özünə qapanaraq təkliyə çəkilmişdir. İçindəki ağrını soyutmaq üçün bir neçə dəfə soyuq duşun altına girmiş, lakin orda da özüylə bacarmayıb, duşun altında dizləri üstə çökərək, başını əlləri arasına alaraq, hönkürərək ağlamışdı. Günlər keçdikcə onun vəziyyəti daha da ağırlaşaraq, epilepsiyaya çevrilmişdir. Çox güman ki, elə onu da bura növbəti epilepsiya tutması zamanı gətirmişdilər ki, heç nə xatırlaya bilmirdi. Vəfanı xatırlaması yenə də sinəsində ki, sıxıntının yaranmasına səbəb oldu. Nəfəs alması ağırlaşdığından üstündəki ədyalı ataraq, qalxıb oturdu. Elə bu vaxt qulağına hıçqırıq səsi gəldi. Qaranlıqda otağa göz gəzdirsə də bir şey görə bilmədi. Qalxıb işığı yandırdı. Çarpayıya bağlanmış oğlan dərmanın təsirindən yatmışdı. Ağlayan Qulam kişiydi. Çarpayısında bükülərək, dizlərini qucaqlamış, için – için ağlayırdı. Gözlərindən axan yaş onun batıq ovurduna dolaraq kiçik bir gölməçə yaratmışdı. Ülvinin kişiyə yazığı gəldi. Yaxınlaşıb ehtiyyatla onun çiyninə toxunaraq:

- Qulam dayı, nolub sizə? – Soruşdu.

Qulam kişi qalxıb oturdu və əliylə ona da oturmasını işarə etdi. Əlinin arxasıyla gözünün yaşını silib, dərindən nəfəs alaraq:

- Mən buralıq adam deyiləm ay oğul. Mən dəli deyiləm, amma gətirib atıblar məni bura. – Dedi və başını Ülvinin çiyninə qoyaraq, yenə hıçqıraraq ağlamağa başladı.

Ülvi onu sakitləşdirməyə çalışdı:

- Qulam dayı sakit ol. Sakit ol və danış mənə, niyə burdasan. Bölüş mənlə içini, rahatlaşacaqsan.

- Dərdim böyükdür ay oğul, - deyib, Qulam kişi danışmağa başladı, - Mən ailəmi itirmişəm. Arvadım, oğlum, gəlinim və beş yaşında nəvəm bir gündə avtomobil qəzasında həlak oldular. Onların qanı axan, parçalanmış meyitlərini öz əllərimlə qoymuşam qəbirə.

Əlləriylə üzünü tutub, bu dəfə daha içdən hönkürərək ağladı. Ülvi sakitcə onun ağlayıb, rahatlaşmasını gözlədi. Qulam kişi hıçqıra – hıçqıra:

- Mən ölməliydim onlar yox. Onlardan sonra mənə yaşamaq haram. Neçə dəfə intihara cəhd elədim, amma ona da cürətim, kişiliyim çatmadı. Canıma belə qıya bilməyəcək, qorxaq, cəsarətsiz adamam mən. – Dedi.

- Sakit ol Qulam dayı, həyatdır biz neyləyə bilərik ki. – Deyə Ülvi ona təsəlli verməyə çalışdı.

- Ehh ay oğul həyat bizim, yəni bu dəlixanadakı dəlilərin pejamaları kimi ağ – qara zolalardan ibarətdir, - deyib, Qulam kişi pejamasının yaxasından tutub, Ülviyyə göstərib yenə sözünə davam etdi. – Bax bu pejamaya, zolaqlar hamısı eyni ölçüdədir, amma mənim dərzim kim olubsa naşı adam olub. Çünki qara zolaqları daha qalın, ağ zolaqları isə bir barmaq naziklikdə tikib.
Qulam kişi qalxıb, iri addımlarla otaqda vargəl edib, gəlib Ülvinin qarşısında dayanaraq, pıçıltılı səslə:

- Biz dəli deyilik! Biz intihara gücümüz, cəsarətimiz çatmayan insanlarıq. Həyat bəzən insanı o qədər sıxır ki, insan yorulur, bezir hər şeydən. Cəsarəti olan intihar edib canını qurtarır, olmayan isə bizim kimi dəli olub düşür bura. – Dedi.

Ülvi başıyla digər çarpayıda yatmış oğlanı göstərərək:

- Bəs bu niyə burdadır? – Deyə soruşdu.

- Azadın da dərdi böyükdür, - deyə, Qulam kişi yatan oğlana baxaraq, sakit səsələ danışmağa başladı: - Onun sevdiyi qadın qan xərçəngiymiş və ölərkən də elə onun qolları arasında ölüb. O da tab gətirə bilməyib bu günə düşüb.

Qəfil Ülviyə tərəf çönüb:

- Bəs sən, sən niyə burdasan? – Deyə soruşdu.

Qəfil verilmiş sual ona yenə Vəfanı xatırlatdı. Sinəsindən bir ağrı qopdu. Sıxıldı, nəfəs alması çətinləşdi. Pejamasının yaxasın açıb, nəfəs almağa çalışdısa da bacarmadı. Sinəsindəki sıxıntı boğazına yığılaraq onu boğdu. Yerindən dik atılaraq pəncərəyə tərəf gedib, alnını soyuq şüşəyə dirəyib bir neçə dəfə dərindən nəfəs aldı. Beynindən elə bir ağrı tutdu ki, ağrıya dayan bilməyib, əlləriylə başını tutub yerə oturdu. Ağrıdan qışqırmaq istədi, səsi boğazında ilişib qalaraq zarıdı. Qulam kişi yaxınlaşıb, onun çiynlərindən tutaraq ayağa qaldırıb, aparıb çarpayısında oturtdu. Az kçemiş beynindəki ağrı sakitləşməyə başladı. Başını qaldırıb Qulam kişiyə baxdı. Gözlərindən qeyri ixtiyari yaş tökülərək:

- Mən bir sevdanın dəlisiyəm Qulam dayı. Sevdiyim qadın tərk edib getdi məni, dayana bilmədim onun həsrətinə. Getdikcə ağlımı itirib dəli oldum. – Dedi.

- Sən ağlını itirməmisən oğlum. Biz heç birimiz ağlımızı itirməmişik. Dəlilər əslində ağıllarını deyil, ümidlərini, hisslərini, duyğularını itirmiş insanlardır.

Qulam kişi əlini onun çiyninə qoyaraq sözünə davam etdi:

- Sənin halın mənimkindən də Azadınkindən də fərqlidir. Sənin sevdiyin həyatdadır, yaşayır. Nə vaxtsa onu görmək şansın var, qovuşmasan belə. Amma bizim sevdiklərimizn görmək şansımız yoxdur, onlar qara torpağın qucağında yatırlar. Tərk edib getmiş bir qadına görə də bu qədər əzab çəkməyə dəyməz.

- Mənim əzablarım o qadına görə deyil Qulam dayı, ona olan sevgimdəndir. Sevgimdir mənə bu əzabı verən, o qadın yox. Sevgim o qədər aşırı oldu ki, ağlımı üstələdi. İçim yanır Qulam dayı, ürəyim partlayır, dayana bilmirəm onsuzluğa. – Deyib, Ülvi hönkürdü.

Qulam kişi qalxıb dolabın üstündəki su dolu stəkanə götürüb, ona uzatdı:

- Al iç, toxta biraz. Sonra get həkimi çağır gəlib mənə bir iynə vursun yatım, daha gecdir, gecədən xeyli keçib.

Ülvi suyu içib, stəkanı dolabın üstünə qoyub, həkimi çağırmaq üçün dəhlizə çıxdı.

      İynədən sonra Qulam kişi xoruldamağa başladı. Azad da bərk yatmışdı. Palatada tək oyaq o qalmışdı. Yatmağa çalışsa da yata bilmədi. Sinəsindəki sıxıntı onu daha da sıxırdı. Qalxıb oturdu. Əlləriylə başını tutub: " Yox, mən dəli deyiləm. Mən dəli ola bilmərəm. Mən sadəcə aşiqəm. Hər aşiq olanı dəli adlnadırıb dəlixanaya salsaydılar onda gərək bütün dünyanın yarısı dəlixanada olardı indi. Qulam kişi düz deyirdi, dəlilər intihara gücü çatmayan insanlardır. Amma mənim gücüm çatacaq. Mən intihar edəcəm, amma dəli olmayacam” – Deyib yerindən qalxdı. Üstünə atdığı mələfəni götürüb ondan qalın bir şılıq cırdı. Kətili ayağının altına qoyub, üstünə çıxdı. Tavanda lambiri aralayıb mələfənin bir ucunu lambirin arxasınakı dəmirə bağlayıb, bir ucunu isə ilgək düzəldərək boynuna keçirdi. "Mən dəli deyiləm, mən dəli olmayacam” deyib, gözlərini yumdu. Hardasa uzaqlarda sübh namazının azanının səsi eşidildi. Bir mahnıda eşitdiyi sözləri təkrarlayıb, "heç kəs oyanmadan, sübh namazından öncə, azan dayanmadan...” (Okaber) kətili ayağının altından kənara itələdi.

    Ülvinin ölümündən səhər xəbər tutdular. Onu elə öz çarpayısına uzadıb, üzünə ağ mələfə örtdülər.

     Vəfa psixi dispanserin həyətinə çatanda səhər saat doqquza az qalırdı. Ortaq tanışlarından Ülvinin burda yatdığını eşidib, onu burdan çıxarmağa, bundan sonrakı həyatını onunla birgə yaşamağa qərar vermişdi. Odur ki, səhər açılan kimi Ülvini burdan çıxarıb aparmaq üçün gəlmişdi. O, içəri girərək məlumat şöbəsindəki qıza yaxınlaşaraq:

- Salam. Məmmədov Ülvi üçün gəlmişdim. – Dedi.

Qız başını qaldırıb ona təəccüblə baxaraq:

- Tək gəlmisiz? – Soruşdu.

- Hə tək gəlmişəm.

- Eybi yox, sanitarlar sizə kömək edər onu aşağı düşürüb maşına qoymağa.

- Bəs o hardadır?

- Altıncı palatada.

- Çox sağ olun. – Deyib, Vəfa iti addımlarla, az qala qaçaraq pillələri çıxıb, altıncı palatanın qarşısında dayanraq, dərindən nəfəs alıb qapını açdı.