Allahverdi Məmmədli. Şeirlər

Allahverdi Məmmədli. Şeirlər

ANAM  ÜÇÜN  LAYLALAR

I

Yamyaşıl bir yaz səhəri
quru budaq kimi
ömürdən-gündən
üzüldü əlim.
Düşdün üzüqoylu qollarım üstə -
düşdün qırxarşınlıq «qış»ın dibinə.
O yaşıl zülmətin – qaragün günün
üzümə ağ olmuş ələmi, hüznü
bomboz bir payız axşamı
anamı ağlatdı, ana!
Bomboz bir payız axşamı
gömgöy göyərmiş göydən
qanqırmızı leysan yağdı
gözlərimin ağına...

II

Dedim, tanrının qəlbində
qazın qəbrimi, qəbrimi –
anam kimi qəfil ölsəm.
Dedim, anamın qəbrinə
qoyun qəlbimi, qəlbimi –
Tanrıtək
yalqız,
tək
yaşaya bilsəm...


III

...Günlərin bir günü
gəlib xəbər verən olsa
susmuş ürəyimin döyündüyünü –
Vallah,
bağrım çatlar, ana,
xatırlayıb
beş yaşımda,
səninlə bir öldüyümü...

IV

...Bağrı çatlayıb ölmüş
bir çimdik torpaq bilib,
anamın gözünə səpən yox məni –
görüm nəbzim vurur,
nəfəsim gəlir...

V

...Köşəyin düzülsün yollar boyunca,
Kövşəsin illəri gözü doyunca.
Quzuqırpımasa
yovşanın, yoncan;
bəsindi, ana torpaq,
bəsindi –
anamın torpağı sanı.

Adəmlərin Həvvasından dönməsin,
Dərdin, sərindil-dil ötüb dinməsin.
Ömür şamın,
bəxt çırağın sönməsin,
sönməsin, ana torpaq,
sönməsin –
anamın torpağı sanı.

Nurlu-nurlu ulduzların var olsun,
Ulu-ulu ulusların var olsun.
Adın bütün analara yar olsun,
yar olsun, ana torpaq,
yar olsun –
anamın torpağı sanı.

1977




ATA ƏLLƏRİ

Yeddi arxamızın adına arxa
o əllər heykəldi, zəhmət heykəli.
Yetənə deyərdi: “Bu çörək haqqı
torpağın belindən gəlibdi əlim”.

Əlləri iş deyib şam kimi yandı –
torpağın anası olardı atam.
Namaz qılmaq üçün su tapmayanda
torpaqla dəstəmaz alardı atam.

Yarandı bir ovuc torpaqdan yana,
alın təri ilə sulanan əli.
Bircə söz bilərdi – kəs, at o yana
it –qurd ətəyində sülənən əli.

Deyərdi: “Kəmfürsət yuxudu ömür,
bir göz qırpımında sönür bir ili.
Torpaq anamızın ruhudu ömür –
əkinçi əliylə ölüb-dirilir.

Yay ki, ocağından xatircəm oldu –
qış, qapı kəsməmiş düşər soyuqlar.
Əlin də alovu sətəlcəm oldu –
torpaq üstüaçıq yatıb soyuqlar”.

Əmək müəllimim o əllər özü,
əkin-biçin dərsi keçdi özümə.
“Holavar” nidalı “halal var” sözü,
analıq elədi ana dilimə.

O əlin səməni rəngli nəfəsi,
oyatdı torpağı əlimlə hər gün.
Bircə an gəlməsə o əlin səsi,
əllərim dönərdi əlilə bir gün.

Bir yaz qara geyən gördüm səsini;
o əllər torpağa ağı deyirdi.
O əllər torpağa: “Xoş gördük , səni,
gözümün qarası-ağı!” deyirdi.

…Əlinin gözünə torpaq tökdü vaxt,
yenə də doymadı torpaqdan gözü –
Əlinin gözünə ölüm əkdi baxt,
olum çiçəklədi əlinin izi.





ARAZVARİ

I

Kərəm baxtıyla üz-üzə
közərlənən ahdı bu çay...
Gözündəki odlu suyun
cidalından axdı bu çay...

Ağ gününə kim nahaqdan
qarğadı bu qarabaxtın?
Comərd vaxtla namərd vaxtın
cındırına çıxdı bu çay...

Batmış bildi o, yağını,
yatmış sandı oyağını –
Dönüb səkil ayağının
çidarına baxdı bu çay...

Əldən getmiş xanlığına,
taxtı itmiş xanlığına
«yalanpıçı» yandığını
başımıza qaxdı bu çay...

...Su, ottək od tutub, yanıb –
kül seli basıb dünyanı!
O tay bu taydan oyanıb,
gördük qanlı oxdu bu çay!

II

Sərhəd dirəyinə bənzər
qollarımdan asılıb yüyrüyü ilkimin.
Divar saatımızın
gümüş kəfkiriylə bir
yellənir ay kimi, il kimi...

Hərdən elə bilirəm
asma körpüdü yüyrük –
üzüb keçə bilmədiyim,
yansam içə bilmədiyim
bir çay üstən çəkilib;
yellənir gecə-gündüz.
...neçə gündür
bir qəmli lalə yuxlayır orda.
Bir qanlı layla ağlayır orda:


«Araz üstə, buz üstə,
kabab yanar köz üstə.
Qoy məni öldürsünlər
sabah bu vaxt Təbrizdə
deyəcəyim söz üstə...»



SƏN YOLSAN, MƏN YOLÇU

Bir əsim mehlə
eşidirsənsə məni –
niyə qışqırım, Vətən?

Bir damcı şehlə
sevincdən, ya qəhərdən
kövrəldirsənsə məni –
niyə hıçqırım, Vətən?

Bir qolca qövsü-qüzehlə
quca bilirsənsə məni –
niyə can qıymayım adına, Vətən?

Bir şülək şimşəklə
bir atəşgah yanında
alnıaçıq, üzüağ,
başıuca bilirsənsə məni –
niyə qalanmayım oduna, Vətən?

...Sən yolsan, mən yolçu –
Bələkdən kəfənəcən
andını, məsləkini
yoldaş bilirəm, Vətən?

Mən bir dənəm, sən zəmi –
yazdan payıza,
payızdan yaza kimi
«səndən bərəkət» deyib
əkir, biçir məni baxt.
Vaxt-bivaxt bir sıxma toxumluq
dən götürürsən ömrümdən.

Səpirsən təzədən bitim –
Qıymırsan sünbül ümidim
tükənə, bitə, Vətən...



SƏS MONOLOQU

Sükuta bir qamçı çəkdim,
ürgə kimi kişnədi.
Qulağını şəkləyib
dörd dövrəmi dinşədi.
Yəhərləyib çapdım onu,
çapdım, çapdım doyunca.
Çapdım bağrı çatlayınca,
gözündən od çırtlayınca.
Gördüm əldən-dildən düşüb;
çidarlayıb bir yamaca boşladım,
dirsəkləndim bir dağa.
Gəhgir ata döndü sükut –
Yan-yörəmə səmə-səmə.
Hərlənməyə başladı...


QARA ÇUXASI YATMIŞ BAXT

İstədim qonum bu gül-çiçək üstə,
Qonub arı olum – bal verim sizə.
Yollar ot yoldurdu əl-ətəksizə;
Hamı dəryaz çaldı məndən savayı.

Məni saymadılar «say» növbəsində,
Önə qoymadılar boy növbəsində.
Vay-şivən qurdular toy növbəsində -
Mənimlə kim öldü məndən savayı?

Söz dedim, başına ip salmadı vaxt,
Üzü mənə baxan dağ olmadı vaxt!
Baxtımın üzünə ağ olmadı vaxt –
Hamı «adam oldu» məndən savayı...



_____________________
TANITIM:
Allahverdi Əbdül oğlu Məmmədli  1947-ci ildə Lerikin Yuxarı Anburdərə kəndində anadan olub.
1975-ci ildə BDU-nu jurnalistika fakültəsini bitirib. 1973-cü ildə üçüncü kursda oxuyarkən Tələbə Elmi Cəmiyyətin xətti ilə Azərbaycandan yeganə şəxs olur ki, Qazaxstan Dövlət Universitetində elmi işlə çıxış etmək hüququ qazanır. O, “Məmməd Cəfərin publisistikasında ədəbi-bədii tənqid” mövzusunda müvəffəqiyyətlə çıxış edib xüsusi diplomla mükafatlandırılır. 1978-ci ildə AYB-yə işə dəvət olunur. 1988-ci ildə AYB-nin üzvlüyünə qəbul edilir. Uzun illər “Ulduz” jurnalı ilə əməkdaşlıq edən Allahverdi Məmmədli ömrünün son illərində jurnalda məsul katib kimi fəaliyyət göstərirdi.
“Ürəyimdə açan çiçək”, “Haçandır görüşmürük”, “Bizi ayrılıq gözləyir” şeirlər və poemalar, “Mərdlərə körpü oldum”  povest-şəhadətnamə kitabların müəllifidir. Əsərləri rus, ukrayna, gürcü, moldav, tuva, bolqar, türk və başqa dillərə tərcümə edilib. 1998-ci ildə vəfat edib.