Azərbaycan standartları
Köşə
- 19.06.2012
- 0 Şərh
- 885 Baxış
Və ya “sağlığında qiymət verək insanlara” nağılı
Səbuhi Rəhimli
Hələ uşaq ikən evimizdə olan bəzi nəsnələri qəbul edə bilmirdim. Kəndin əksər evlərində olduğu kimi bizdə də divar boyda şüşəli-güzgülü servant, onun da içində ən müxtəlif çeşiddə xrustal qablar, bahalı piyalələr, “madonna” servislər, satışda görmədiyim dəm çaynikləri və s. vardı. Qəribəsi budur ki, evimizdə onlardan heç vaxt istifadə edilmirdi. Bütün bunlar sanki mağaza vitrini kimi görüntü xatirinə təşkil olunmuşdu. Çox bahalı vazalar, güldanlar olmasına baxmayaraq, onlara bir dəfə olsun, toxunulmurdu. Hətta şahidi olmuşdum ki, qonağımız çox olanda servantdakılar yox imiş kimi bizi boşqab və stəkan dalınca qonşuya yollayırdılar. O vaxt bunun mahiyyət və məntiqini anlamadığım üçün qəbul etmirdim; qəbul etmədiyim üçün dilə gətirirdim; dilə gətirdiyim üçün də məzəmmətlərə, möhnətlərə tuş gəlirdim...
Az da olsa, Azərbaycandan kənarda olmuşam, ünsiyyətdə olduğum dostlarımın da hamısı demək olar ki, bütün qitələrdə, bütün sivilizasiyalarda olublar. Öz müşahidələrimi və onların söylədiklərini bir araya gətirəndə qəribə bir mənzərə yaranır: nə qədər ulu, nə qədər müdrik xalq olsaq da, bəzi xüsusiyyətlərimizi tərgitməliyik. Bizdə lazımsız və cəfəng şeylər o qədər çoxdur ki, onları aradan qaldırmağa onillər lazımdır. Məsələn, Qərb ölkələri ilə müqayisədə biz insan həyatı yaşamırıq. Onlar günün, ayın və ilin müvafiq dövrlərində çalışır, qalan vaxtlarda isə mədəni və ya aktiv istirahətə yollanırlar. Bizdə isə “soğan olsun, nəğd olsun!” deyibən gecə-gündüz işləyir, “bir az pul toplayım, filan-filan şeyləri edərəm, istirahətə gedərəm” düşünürlər. Və bir də görürlər ki, gənclikdən birbaşa qocalığa adlayıblar. Bəli, bizim məmləkətdə orta yaş dövrü ən qısa zamanı – bir göz qırpımını əhatə edir.
Əslən Naxçıvandan olan bir döyüş yoldaşım nağıl edirdi ki, müharibədən sonra muxtar respublikada yaşamaq çətin olduğu üçün əksər həmyerlilərim kimi mən də Türkiyəyə işləməyə getmişdim. “İstanbulda bir sexdə işə düzəldim. Orada metal stul hissələrini qaynaq vasitəsilə bir-birinə bitişdirirdik. Bir stula 5 avro verirdilər. Türkiyə türkləri gün ərzində normativə əməl edərək cəmi 6 stul düzəldib istirahətə, ailə-uşağının yanına gedirdilər. Nəğd pul verildiyi üçün mən hətta gecələr də qalıb gün ərzində 20-25 stul düzəldirdim. Bu fürsəti necə əldən buraxa bilərdim?” deyən döyüş yoldaşım bir gün görür ki, qaynaq qığılcımlarındanmı, yuxusuzluqdanmı, qidasızlıqdanmı, ya nədənsə gözləri yorulur, başı gizəllənir. Düşür xəstəxanaya, iki həftə yatır. Sonra ona belə ağır rejimli işdə çalışmaq yasaq edilir. Naxçıvana qəpik-quruşla qayıdan o gənc bu gün artıq 40 yaşı keçib və “Heç olmasa, bircə dəfə İstanbulu gəzə bilmədim” xiffətini çəkir.
Düzdür, burada ölkə idarəetməsindəki qüsurları, sosial ədalətsizliyi də nəzərə almalıyıq, amma hər bir fərdin öz istirahət hüququna hörmətsiz yanaşması daha böyük və əsas problemdir. Tanrının bizə verdiyi sağlam bədənə, bu dəyərli əmanətə laqeyd yanaşmağımız günahdır, ilk öncə ən yaxın əmanətimizin qədrini bilməliyik.
Yenə qayıdıram uşaqlığa. Evimizə qonaq gələndə hər şeyin yaxşısını ona verirdilər. Ailəvi qonaqlarımız olanda isə daha ağır olurdu. Onlara toyuğun ən yaxşı tikələrini yedizdirir, bizi isə içəri otağa yığıb yerdən otuzdurur, yeməyin kartofundan, suyundan verirdilər. Belə məqamlarda düşünürdüm: axı o qonağın, xüsusən də onunla gələn həmyaşıdımın nəyi məndən artıqdır ki, belə münasibət göstərilir? Nə məndən savadlıdır, nə ağıllıdır, nə sakitdir, nə də qəşəng (təbii ki, bu frazada bir qədər uşaq lovğalığı da olmamış deyil – S.R.). Nəyə görə bağımızdakı ən iri və dadlı meyvələri başqalarının uşaqları yeməliydi? Tez-tez “onlara dəyməyin, qonaq-zad gələr, saxlayaq onlara” ifadəsindən zəhləm gedirdi. Hələ məlum deyil kim gələcək (ümumiyyətlə gələcəkmi), amma biz məhrum olurduq. Bax budur, milli ədalətsizliyə aparan ilkin qığılcımlar.
Yadıma gəlir, mən kiçik olanda kəndimizdə ən kübar sovqatın içində mütləq şokalad qutusu (karobkası) olardı. Gəlin maşını gəlinciksiz pis göründüyü kimi, hədiyyə zənbili də şokaladsız kasıb görünürdü. Amma qutunun açılıb yeyildiyini heç vaxt görməmişdim. Bir dəfə 7-ci sinifdə oxuyanda Novruz münasibətilə Gəncədən bizə sovqat gətirmişdilər, təbii ki şokalad qutusu da. Tənbəllik etməyib qutunun bir küncünə flomastrla “1984” yazmışdım. Sonra anam o qutunu hansısa qız toyuna (biz tərəflərdə “parçabiçdi” deyirlər – S.R.) aparmışdı. İnanın ki, noyabr ayında kəndin uzaq bir ünvanında yaşayan qohumumuz bizə qonaq gələndə o qutu yenidən bizə gəldi. Bütün yayı “səyahətdə” olan şokaladlardan heç kim xəbər tutmamışdı. Təbii ki, bu dəfə də anam o qutunu kiməsə pay qoydu. Yəqin ki, bu sətirləri oxuyan orta və yaşlı nəslin nümayəndələri dediklərimi nəinki inkar etmədilər, hətta keçmişə səyahət də etdilər. Bunların mahiyyətini hələ də anlamıram, yaxşı ki, indi qutuların üstündə istehsal tarixi yazılır və hər kəs alan kimi açıb süfrəyə qoyur.
Millətimizin bəzi ünsürlərində başqa bir hal da var ki, bu yaşa çatmışam, hələ də anlaya bilmirəm. Onlar ətək-ətək pul xərcləyib özlərini biabır edirlər. Qərb dünyasında pulu o zaman xərcləyirlər ki, karyerada yüksəlsinlər, imic formalaşdırsınlar, ən başlıcası, qoyduqları pul artıqlaması ilə pul gətirsin. Bizdə isə məsələn, şeyriyyətdən xəbərsizlər, poetik janrdan heç bir anlayışı olmayanlar yumşaq ifadələri dal-dala düzüb bahalı “şeir” kitabları çıxartdırır, məcburi və ya naçar oxucuların ətini tökürlər. Yaxud da cır səsli bir “müğənni” zövqsüz, süjetsiz, motivsiz klip çəkdirir, “ən bahalı klip” titulunu yaxasından asıb qürrələnir. Görəsən, onlar o qədər bəsit təfəkkürlüdürlərmi ki, bu qədər eybəcərlikləri görmürlər? Nə bilim, vallah!
Avropada yaxşı şeylər çoxdur, öyrənməli nəsnələr kifayət qədərdir. Orada yekə-yekə kişilər heç bir zaman vaxtı fövtə verib “filankəs mənə salam vermədi”, “filankəs maşınımın görümünə gəlmədi”, “ev tikdim, kömək etmədi” və s. kimi gileylərlə həm öz orqanizmini, həm də vaxtını məhv etmir. Şəxsən mən görməmişəm ki, yardıma gəlməyən kiməsə “bəlkə doğrudan da imkanı olmayıb, bəlkə də alındıra bilmədiyindən utanıb gəlmir” desinlər, sanki hamı eyni avazı oxuyur: “Özü qəsdlə gəlmədi, bilə-bilə gəlmədi, istəmir ki, işim irəli getsin”. Hələ qadınların mənasız vaxt itkisini demirəm. Hansısa serialda qəddar arvadın ərinə qarşı amansızlığı səbəbindən həmin kişiyə acıyan, onun halına ağlayan qadın ərinin çay-çörək istəyinə daha betər reaksiya verir – axı seriala baxır. O qədər də xoşlamadığım gənc bir yazar bir dəfə “Reytinq” qəzetində yazmışdı ki, ömür boyu kənd eşşəyindən başqa bir şey minməyən qızlar nədən “Gəlingətirdiyə mütləq “Limuzin” gəlməlidir” deyirlər? Çox maraqlı sualdır!
Bir adətimizi də xoşlamıram. Bir ailədə, bir məclisdə ağsaqqal və ya ağbirçək haqsız olaraq kiminsə əleyhinə danışanda hamı bir ağızdan, fərqinə varmadan onun dediyini təsdiqləyir. Bəzən hətta vicdanları belə əzab çəkmir. Ənənə belə qoyulub çünki. Əgər deyilənlərin əleyhinə çıxsan, səni çıxdaş edəcəklər, “bizdən deyilsən”, “böyüyün üzünə ağ olursan” deyəcəklər. Bu ənənənin qarşısı alınmadığı üçün bu gün böyük çoxluq başbilənlərimizin hər türlü sözünü təsdiqləməkdə, təbliğ etməkdədir. Hətta o qədər insafsız bir mənzərə yaradılıb ki, 1993-cü ildə doğulan bir qızın mənə dediklərini bir gün də unuda bilmirəm: “Gördük də Xalq Cəbhəsini, küçəyə-bayıra çıxa bilmirdik, əli silahlılar dincliyimizi pozurdular”. Bilməyənlərin yadına salım ki, Xalq Cəbhəsi 1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər hakimiyyətdə olub.
Siyasətdən söz düşmüşkən, bizim siyasətdə də lazımsız nəsnələr, cəfəng şeylər çoxdur. Bəlkə də hamısından çox. Amma qəribəsi də bundadır ki, bu cəfəngiyyata inanmaq, qulaq asmaq istəyənlər, həyatını bununla quranlar da az deyil. Dünyamız da elədir ki, bir şeyə ehtiyacın oldumu, mütləq o şey yüksələn xətt üzrə inkişaf edir. Mənə elə gəlir, bizdə ya müxalifət lazımsızdır, ya da iqtidar – bəlkə də hər ikisi də. Nə qədər ki üçüncü bir qüvvə meydana gəlməyib, bu lazımsızlığın içində çabalayacağıq.
Rəhmətlik Viktor Soy belə məqamlarda xəyali xilaskarını çağırıb “Son Qəhrəman” hayqırırdı. Ona qismət olmadı. Biz kimi çağıraq? Bədbin Oqtay Eloğlunumu, ya ateist Kefli İsgəndərimi? Bilmirəm! Bildiyim odur ki, kimsə “Ömür gedir, Allahın verdiyi bəsit həyat tükənir eyy, insanlar! Bölüşə bilmədiyiniz nə var ki?” deməlidir – inanaraq, inandıraraq deməlidir...
14 iyun, 2012