Bertold Brext. Kafirin plaşı (hekayə)
- 27.01.2021
- 0 Şərh
- 13701 Baxış
Əslən Noladan olan, Roma inkvizisiyasının 1600-cü
ildə kafir kimi tonqalda yandırılmağa məhkum etdiyi Cordano Bruno bəşəriyyətin
yaddaşında yalnız səma cisimlərinin hərəkəti haqqında irəli sürdüyü və sonda öz
təsdiqini tapmış hipotezləri ilə deyil, həm də inkvizisiya hakimlərinə qarşı cəsarətli
dirənişi ilə qalmışdır, belə ki, o, hakimlərə demişdi: "Mənə hökm oxuyarkən siz,
mənim o hökmü dinlədiyim zaman qorxduğumdan daha çox qorxursunuz”. Brunonun ona
verilən dahi adına nə qədər layiq olduğunu anlamaq üçün onun kitablarını oxumaq
və elmi disputlardakı çıxışları barəsində olan hekayələrlə tanış olmaq kifayətdir;
lakin bu günümüzə qədər gəlib çatan bir əhvalat var ki, bizim ona daha dərin ehtiram bəsləməyimizə səbəb ola bilər.
Bu əhvalat onun plaşı barəsindədir.
Brunonun necə inkvizisiya məhkəməsinin əlinə keçməsi
haqqında danışacağıq.
Moçeniqo adlı bir Venesiyalı patrisi fizika və
mnemonikanın sirlərinə bələd olmaq üçün alimi öz evinə dəvət edir. Bir neçə ay ərzində
Bruno, onun evində bəslənir, qarşılığını isə ona verdiyidərslərlə ödəyir. Lakin
Moçeniqonun yiyələnməyə ümid etdiyi qara
magiyanın əvəzinə ona yalnız fizikanı öyrədir ki, Moçeniqo bundan heç də məmnun
deyildi, çünki bu məşğələlərdə heç bir fayda görmürdü. Öz qonağına havayı xərc
çəkdiyi barəsindəki fikirlər onu təngə gətirmişdi. Ona öyrətməli olduğu gizli və gəlir gətirən o
biliklərlə nəhayət, bölüşməsi üçün onu dəfələrlə yanına çağırmışdı.Bu qədər məşhur
olan insan şübhəsiz ki, o biliklərdən hali idi.Bunun kömək etmədiyini görəndə
isə o, Brunonu inkvizisiya məhkəməsinin əlinə verdi. O, bu ləyaqətsiz, nanəcib adamın onun yanında
guya İsanı danmasını, rahibləri uzunqulaq adlandırmasını, onların xalqı səfeh
yerinə qoyduğunu, bundan başqa, İncildə yazıldığı kimi bir Günəşin yox,
saysız-hesabsız Günəşin olduğunu israr etdiyini və s.və i.a. bildirmişdi.
Bu əsnada da Moçeniqo Brunonu evinin çardağına
salıb qapını bağlayır və onu aparmaq üçün mühafizə dəstəsinin mümkün qədər tez
göndərilməsini xahiş edir. Və doğrudan da bazar günündən bazar ertəsinə keçən
gecə mühafizə dəstəsi peyda olur və onu inkvizisiyanın zindanına aparırlar.
Bu, 1592-ci il, mayın 25-i səhər saat üçdə baş
vermişdi. Və o gündən 1600-cü il, fevralın 17-nə- tonqala atılan günədək nolalı
Bruno məhbəsdə qalmışdı.
Məşəqqətli proses səkkiz il davam etdi və Bruno öz həyatı üçün qəhrəmanlıqla
mübarizə apardı, lakin Romaya təhvil verilməsi əleyhinə Venesiyada birinci il
apardığı mübarizə bu mücadilənin ən gərgin tərəfi idi.
Plaşla əlaqəli əhvalat da elə bu zamanlara aiddir.
1592-ci ilin qışında, hələ mehmanxanada yaşayarkən
o, Qabriel Tsunto adlı dərzidə özünə isti plaş tikdirmişdi. Həbs edilərkən
Bruno dərzinin pulunu ödəməyə imkan tapmamışdı. Sifarişçisinin həbs edilməsi xəbəri
yayıldığı zaman dərzi öz zəhməthaqqısını tələb etmək üçün cənabMoçeniqonun müqəddəs Samuil kilsəsində yerləşən evinə soxulur, lakin artıq gec
idi. Moçeniqonun qulluqçusu ona qapını göstərir.
-Biz bu fırıldaqçının ucbatından kifayət qədər
soyulmuşuq-o, kandarda dayanaraq elə bağırırdı ki, yoldan keçənlər çevrilib ona
baxırdılar-Müqəddəs tribunala gedin və bu kafirlə haqq-hesabınız olduğunu
deyin.
Dərzi eləcə ölü kimi durub baxırdı. Düşən
hay-küyündiqqətini cəlb etdiyi küçə uşaqlarından ibarət bir dəstə onu dövrəyə
aldı və sir-sifətində alabəzək yara-xoranın sanki çiçək açdığı küçə avaralarından biri ona bir daş
tolazladı. Hərçənd, qonşuluqdakı evdən miskin geyimli qadın özünü yetirərək o uşağı bir şapalaqla mükafatlandırdı, amma buna
baxmayaraq qoca dərhal başa düşdü ki, "bu dinsizlə hər hansı bir münasibətdə olmaq” nə qədər təhlükəli ola bilər.
Qorxa-qorxa ətrafına boylanaraq o, küçəni döndü və arxa yollarla öz evinə tərəf
qaçmağa üz qoydu. Öz uğursuzluğu barəsindəarvadına heç nə demədiyi üçün arvadı onun bütün həftə ərzində davam edən əzgin
əhval-ruhiyyəsinə təəccüb qaldı.
Lakin bir iyun günü, hesab qəbzlərini yazarkən o, aşkar etdi ki, bir plaşın pulu ödənməyib
və bu məhz o adamdır ki, adı dillər əzbəridir, çünki nolalı haqqında bütün şəhər
danışırdı. Hər tərəfdə ən dəhşətli şaiyələr dolaşırdı. O adam yalnız kitablarında izdivacın mübhəm tərəfinə
rişxənd etmir, İsanın özünü də şarlatan
adlandırır, günəş haqqında da ağzına gələni sayıqlayırdı.
Belə bir adamın plaşın pulunu ödəməməsi təəccüblü deyildi.
Lakin xeyirxah qadın ziyana düşmək istəmirdi. Ərilə mübahisə edən yetmiş yaşlı bu qarı
bayram libasını geyinərək müqəddəs tribunala yollandı və çox əsəbi halda, həbs
edilmiş kafirdən onlara borclu olduğu otuz iki skudonu qaytarmağı tələb etdi.
Onunla söhbət edən məmur onun şikayətini
yazdı və məsələni aydınlaşdıracağına dair söz verdi.
Tezlklə Tsunto bildiriş aldı və qorxudan tir-tir əsə-əsə bu vahimə saçan yerə getməli
oldu. Heç kimin onu sual-cavab etmədiyini,
sadəcə, məhkumun maliyyə məsələlərilə məşğul olacaqları zaman bu tələbin də
diqqətə alınacağı barədə məlumat verdiklərini görüb
mat qaldı. Bir sözlə, məmur əhəmiyyətli bir məbləğə ümid etməməyi ona sarı simdə anlatmişdi. Qoca bu işdən yaxasını
yüngül qurtara bildiyi üçün xoşbəxt
idi və yalnız aşağılanmış halda minnətdarlıq edə bildi.
Amma arvadı heç cür ovuna bilmirdi. Ziyanı
ört-basdır etmək üçün ərinin hər axşam içdiyi bircə qədəh şərabdan imtina etməsi
və iş masası arxasında gecəyarısına qədər oturması onun üçün kifayət deyildi.
Onlar mahudu borcla almışdılar,tacir isə gözləməyəcək. Qarı mətbəxdə,həyətdə səsini
başına atıb qışqırır, deyirdi ki, borclarını ödəmədən bir cinayətkarı tutub
zindana salmaq sadəcə abırsızlıq və utanmazlıqdır. Öz otuz iki skudosunu almaq
üçün o, lazım gəlrsə Romaya, müqəddəs atanın qəbuluna da getməyə hazırdır. –"
Tonqalda kafirə plaş heç lazım da olmayacaq”-o, bağırırdı.
Qadın düçar olduqları bədbəxtlik barədə keşişə də
danışdı. Keşiş ona məsləhət gördü ki, heç olmasa plaşı onlara qaytarmağı tələb
etsinlər. Hətta kilsənin də onun tələbini ədalətli hesab etməsindən şad olan
qarı elan etdi ki, plaşla kifayətlənməyəcəkdir, çox güman ki, o artıq geyilmişdir, bundan əlavə həm də
plaşın ölçüyə uyğun tikilmiş olması məsələsi də var. O, pulunu nəqd olaraq istəyəcəkdir. Amma
qara-qışqırıq salıb səsini qaldırdığı üçün müqəddəs ata onu qovdu. Qarı bu
hadisədən sonra bir qədər ağıllandı və onun səsi bir neçə həftəlik səsi kəsildi.
Bu arada, inkvizisiya məhkəməsinin divarları
arasından həbs olunmuş kafir barəsində
yeni söz-söhbətlər artıq sızmırdı. Hərçənd, hər tərəfdə sorğu-sual zamanı daha
dəhşətli cinayətlərin aşkara çıxması barəsində pıçıldaşırdılar. Qarı bu şaiyələrə
acgözlüklə qulaq kəsilmişdi. Kafirin işlərinin
bu qədər pis getməsini
eşitmək onun üçün əsl işgəncə idi. O, heç vaxt
azadlığa çıxmayacaq və borcunu da ödəməyəcəkdir. O, yuxusunu itirdi və avqust
ayında, isti onun əhdini tamam kəsdiyi bir vaxtda artıq dözə bilməyərək, ürəyini
açaraq öz dərdini alış-veriş etdiyi bütün baqqal dükanlarında və paltar biçdirməyə gələn bütün sifarişçilərlə
bölüşməyə başladı. Qarı eyhamla bildirirdi ki, müqəddəs atalar xırda sənətkarın
haqlı tələbindən bu qədər etinasızlıqla
yayınmaqla günah edirlər. Həm də vergilərin hazırki səviyyəsi və çörəyin yenidən bahalaşdığı bir vaxtda.
Bir günorta inkvizisiyanın qorxusu onu çəkib müqəddəs tribunala gətirdi. Burada
israrla qarıya yersiz çərənləməni qurtarmağı məsləhət gördülər. Bir neçə miskin
skodoya görə bu qədər əhəmiyyətli proses barəsində məsuliyyətsiz nitqlər söyləmək
ayıb deyilmi,-ona dedilər. Sözarası həm də öz başına böyük iş açacağı barəsində də xəbərdarlıq etdilər.
Xəbərdarlıq bir müddətlik işə yaradı, hərçənd
"zavallı skudolar” yadına düşəndə- bu bəslənmiş rahib o pulların ucbatından
qarının üz-gözünü az danlamamışdı-
hirsindən qan qarının beyninə vururdu.
Lakin sentyabrda söz-söhbət gəzməyə başladı ki, Romadakı Böyük Inkvizitor nolalının təhvil-təslimini
tələb edir və Sinyoriya ilə danışıqlar
aparılacaqdır.
Şəhərlilər can-dildən təvhil tələbini müzakirə
edirdilər və hamı hiddətlənmişdi.
Sexlər roma məhkəməsin tabe olmaq istəmirdilər.Qarı
özündə-sözündə deyildi. Doğrudanmı bu kafiri borclarını ödəmədən öncə Romaya
buraxacaqlar? Bircə bu çatmırdı! Bu xəbəri eşidər-eşitməz, heç əynini
belə dəyişməyi özünə rəva görmədən dərhal müqəddəs
tribunalı binasına tərəf götürüldü.Bu dəfə
onu daha mötəbər məmur qəbul etdi və qəribə
də olsa, bu məmur onun əvvəllər münasibətdə olduğu bütün
məmurlarından daha anlayışlı idi. O, demək olar ki,
bu qarı ilə yaşıddı, onun bütün şikayətlərini sakit bir diqqətlə dinlədi. Qarı
sözünü qurtardığı zaman isə kiçik fasilədən sonra soruşdu ki, Bruno ilə danışmaq
istəyərdimi. O, dərhal razılaşdı. Görüşü ertəsi günə təyin etdilər. Səhəri gün
pəncərələrində dəmir barmaqlıqların olduğu darısqal kamerada seyrək qara
saqqallı arıq, balaca bir adam onu qarşılayaraq
nəzakətlə nə lazım olduğunu soruşdu. Qarı bu adamı əvvəllər
də görmüşdü, xatirində də qalmşdı, amma indi onu tanıya bilmədi. Aydın məsələdir
ki, onu sorğu-sual prosesi belə dəyişmişdi.
Qarı tələskənliklə dilləndi:
-Plaş. Siz onun pulunu ödəməmisiniz.
Adam bir neçə saniyə təəccüblə qarının üzünə baxdı.
Sonra xatırladı və sakit səslə soruşdu:
Mən sizə nə qədər borcluyam?
-Otuz iki skudo. Siz ki, hesabı almısınız.
O, görüşdə iştirak edən ucaboy,kök məmura tərəf
döndü, onda əşyaları ilə birlikdə müqəddəs məhkəməyə pullarının da təhvil
verilib- verilmədiyi barəsində məlumatı olub-olmadığını soruşdu. Məmur dedi ki,
bilmir, lakin söz verdi ki, aydınlaşdıracaqdır.
-Əriniz necədir?-məhbus yenidən qarıya müraciət edərək,
sanki heç hər şey aydınlaşmış və indi də ev sahibəsi ilə qonaq arasında normal
münasibətlər qüvvəyə minməli imiş kimi
soruşdu. Bu bu çəlimsiz
adamın xoşməramlılığından pərt olaraq mızıldandı
ki, hər şey qaydasındadır. Ərinin sağlam
olduğunu dedi və hətta onun revmatizmi haqqında da bir-iki kəlmə də əlavə etdi.
Nəzakət qaydalarına görə məhbusa məsələni aşkara
çıxarması üçün zamanın tələb olunduğunu nəzərə aldığından, qarı müqəddəs
tribunala bir də iki gün keçdikdən sonra getdi.
Və doğrudan da ona Bruno bir də danışmaq üçün izn
verdilər. O, sorğuda olduğundan, qarı onu dəmir məhəccərli pəncərəsi olan kiçik
otaqda bir saatdan artıq gözləməli oldu.
O, gəldi, çox üzgün olduğu görünürdü. Otaqda stul
olmadığı üçün yüngülcə divara söykənməli oldu. Elə o dəqidə də iş barəsində
danışmağa başladı. O, qarıya çox zəif bir səslə, plaşın pulunu ödəyə bilməyəcəyini
söylədi-buna təəssüf edirdi. Onun əşyaları arasında pul yoxdu. Lakin ümidi üzməyə
dəyməzdi: düşünərək o, birdən bir zaman Frankfurtda onun kitablarını nəşr edən
bir adamdan ona çatacaq pullar barədə xatırladı. Əgər ona icazə verilərsə, Frankfurta yazar. O, günü sabah bu
barədə xahiş edəcəkdir. Bu gün sorğu zamanı əhval-ruhiyyə elə də ürəkaçan
olmayıb və o, işlər korlanmasın deyə, bu
barədə rica etmək istəməyib.
Brunonun danışdığı müddət ərzində qarı ona iti, kəskin
gözlərlə baxırdı. Intizamsız borcluların hiylələri və dil tökmək cəhdləri ona
tanış idi. O adamlar öz məsuliyyətlərini bir quruşluq da olsa, dərk etmirdiər,
bir balaca sıxma-boğmaya aldığınız zaman isə özlərini elə göstərirdilər ki,
sanki yeri-göyü çevirməyə hazırdırlar.
-Əgər ödəməyə pulunuz yox idisə, o zaman niyə plaş
sifariş edirdiniz? –qarı sərt bir tərzdə soruşdu.
Məhbus başını yelləyərək onun sözlərinin mənasını
anladığını bildirdi. O, cavab verdi:
-Mən kitab yazmaqla və dərslər verməklə həmişə
kifayət qədər qazanmışam və düşünürdüm ki, yenə də qazanacağam. Plaş isə mənə
lazım idi, mən ki, zindana düşməyə hazırlaşmırdım.- O, bu sözləri sadəcə cavab
üçün, bircə damcı belə acımadan söylədi.
Qarı onu qəzəbli baxışlarla aşağıdan-yuxarıyacan
süzdü, lakin nə isə onu yeni həmlələrdən çəkindirirdi.
Heç bir söz söyləmədən o, kameradan çıxıb
qaçdı.İnkvizisiyanın təqib etdiyi adama pulu axı kim göndərəcək?-axşam yataqda
uzandıqları zaman qarı qəzəblə ərinə dedi.
O isə, hakim dini dairələrdən artıq ehtiyat etməsə də, arvadının pulları
geri qaytarmaq üçün etdiyi bu ciddi-cəhdləri də bəyənmirdi.
-Onun indi başqa qayğıları vardır-o, dedi.
Qarı heç nə demədi.
Növbəti aylar bu xoşagəlməz hadisəyə yeni heç nə
qatmadı. Yanvarın əvvəlində məlum oldu ki, Sinyoriya papanın arzusunu yerinə
yetirməkdən yayınır və kafiri təhvil vermək istəmir. Elə o zaman da Tsunta
çütlüyü müqəddəs məhkəməyə çağrılmaq barədə növbəti dəvət aldı.
Dəqiq vaxt göstərilmədiyi üçün Tsunta qarı bir dəfəsində
oraya gün əyilən zaman getmiş, bu gediş isə yerinə düşməmişdi. Məhbus, Sinyoriyanın
onun Romaya təhvil verilməsi məsələsi barəsində hökm hazırlamağı tapşırdığı respublika prokurorunu gözləməkdə idi.
Qarını nolalı ilə birinci dəfə görüşməsinə icazə vermiş həmin o mötəbər məmur qarşıladı.
Qoca dedi ki, məhbus onunla görüşmək istədiyini dilə gətirib, lakin yaxşı
olmazdımı ki, bu görüş başqa zamanadək təxirə salına? Məhbusu indi çox həddindən
ziyadə vacib bir söhbət gözləyir.
Qarı cavabında qısaca olaraq qeyd etdi ki, bu barədə
onun özündən soruşmaq daha yaxşıdır.
Qulluqçulardan biri elə məhbusun özü ilə qayıtdı.
Söhbət mötəbər məmurun iştirakı ilə baş tutdu. Nolalı artıq qapıda olarkən ona
gülümsəməzdən və ona nə isə söyləməzdən öncə qarı haray çəkdi:
-Əgər zindana düşməyə hazırlaşmırdınızsa, özünüzü
niyə o cür aparırdınız?
Bir anlığa bakaca adam çaşıb qaldı. Bu üç ay ərzində o qədər suala cavab verməli olmuşdu ki, dərzinin
arvadı ilə olan söhbətin sonluğu çətin xatirində qalardı.
-Mən pullarımı almamışam-nəhayət, o dedi.-iki dəfə
yazmışam, amma pul ala bilməmişəm. Düşündüm ki, bəlkə plaşı geri götürəsiniz, hə?
-Bunun belə qurtaracağını da bilirdim-qarı nifrətlə
dilləndi.-Plaş sizin ölçülərinizədir və başqasına çox-çox kiçik olar.
Nolalı qarıya əzabkeş baxışlarla baxdı.
-Mən bu haqda düşünməmişəm-o, dedi və rahibə tərəf
döndü.
-Mənim varidatımı satıb pulunu bu adamlara vermək
olmazmı?
-Bu, mümkün deyil- onu buraya gətirən ucaboy,
gombul məmur söhbətə qarışdı. Sizin varidatınıza sinyor Moçeniqo iddia edir. Uzun
müddət onun hesabına yaşamısınız.
-Mən onun evində onun öz dəvətinə əsasən
yaşamışam-nolalı usanmış halda cavab verdi.
Qoca əlini qaldırdı.
-Bunun işə aidiyyatı yoxdur. Mən belə güman edirəm
ki, plaşı qaytarmaq lazımdır.
-Bəs o bizim nəyimizə lazımdır?-qarı inadla dedi.
Qocanın üzü qızardı. O, ağır-ağır dilləndi:
-Əziz qadın, bir qədər xristian mərhəməti nümayiş
etdirməyin sizə bir ziyanı olmazdı. Təqsirləndirilən şəxsi vacib sorğu gözləyir,
bu , onun müqəddəratını həll edəcək qədər əhəmiyyətlidir. Sizin plaşınızla
xüsusi maraqlanmağı ondan tələb etməyə haqqınız olduğunu sanmıram.
Qarı inamsızlıqla ona baxdı. Birdən o, harada
olduğunu xatırladı. Artıq burdan getməyin yaxşı olub olmadığını düşünürdü ki,
birdən arxasında məhbusun sakit səsini eşitdi:
-Mən hesab edirəm ki, onun tələb etməyə haqqı
var.-Və qarı ona tərəf çevrildiyi zaman əlavə etdi:- Siz gərək olanlara görə məni
əfv edəsiniz. Sizə dəyən zərərə etinasız qaldığımı düşünməyin. İşin gedişatı
zamanı mən bu barədə elan edəcəyəm.
Qocanın işarəsilə ucaboy gönbul otağı tərk etmişdi.
İndi isə o qayıtmış və əllərini yellədərək deyirdi:
-Plaş ümumiyyətlə heç bizə təhvil verilməyib. Çox
güman ki, Moçeniqo onu özünə saxlayıb.
Nolalının qorxduğu hiss olunurdu və o, qətiyyətlə
dedi:
-Bu ədalətli deyil. Mən şikayət edəcəyəm.
Qoca başını yırğaladı.
-Yaxşısı budur ki, siz bir neçə dəqiqə sonra sizi
gözləyən söhbət barəsində düşünəsiniz. Mən daha yol verə bilmərəm ki, bir-iki miskin
skudo üçün burada əlbəyaxa olsunlar.
Qan qarının beyninə vurdu.
Nolalının danışdığı zaman ərzində o, susur və
dodaqlarını gəmirə-gəmirə otağın küncünə baxırdı. Amma indi yenidən hövsələsini
itirmişdi.
-Miskin skudo!-O, bağırdı.-Bu, bizim bir aylıq
qazancımızdır! Mərhəmətli olmaq sizə asandır. Siz ki, heç nə itirmirsiniz. Bu dəmdə
kandarda uca boylu rahib peyda oldu.
-Prokuror gəlib-Qara-qışqırıq salan qarıya təəccüblə
baxaraq o, alçaq səslə dilləndi. Gombul nolalının qolundan tutaraq onu otaqdan
apardı. Məhbus kandara doğru getdiyi zaman elə hey çiyni üzərindən dönüb qarıya
boylanırdı. Onun arıq sifəti çox solğun idi.
Qarı daş pilləkanları təlaş içində endi. O, heç
bilmirdi ki, nə düşünsün.Nəhayətində bu adam bacardığının hamısını etmişdi.
Bir həftə sonra gombul rahib plaşı onlara qaytarmaq
üçün gəldiyi zaman qarı iş otağına keçmədi. Lakin o, qapının arxasında
dayanaraq rahibin dediklərini eşitdi:
-Məhbus həqiqətən də son zamanlar elə hey bu plaş
üçün əndişələnirdi. Həm istintaq zamanı, həm də şəhərin hakim dairələrinin onunla apardığı danışıqlar
arası iki dəfə o bildiriş yayaraq
nunsiyalarla danışmağa nail olmaq üçün cəhdlər etdi. Və dediyinin üzərində
durdu. Moçeniqo plaşı qaytarmalı oldu. Hərçənd doğrusunu desək, o plaş indi məhbusa
çox gərək ola bilərdi; təhvil məsələsi də artıq həll olundu və onu bu həftə
Romaya aparacaqlar.
Həqiqətən də, yanvar ayının son günləri idi.
Tərcümə: Dinar Həmidova