Bəxtiyar Hidayət . Dembl cinsi (Hekayə)

Bəxtiyar Hidayət . Dembl cinsi (Hekayə)

(1 yaş doqquz aylığında ölən Puma adlı itimə sayğılarla)

Bircə bu çatmırdı- torpaq davası, atəşkəs davası, dolma davası, "Sarı gəlin” davası, zurna davası- indi də it davası. Bu gedişlə bu iki xalq bir itin üstündə yeni müharibə başlayası idi və dünya tarixinə "it müharibəsi” adlı qəribə bir müharibə əlavə olunası idi. O QHT qalmamışdı, o vətənpərvər təşkilat qalmamışdı, o vətənsevər müğənni, o vətəndaş cəmiyyəti nümayəndəsi qalmamışdı işə münasibət bildirməsin. Hətta mən deyərdim taleyüklü bir yarış başlamışdı. El bir olmuşdu- hər iki tərəfdə vəziyyət belə idi. El gücü, sel gücü, hamısı milli it üçün. Bu gün itindən keçən sabah Vətənindən də keçər, zurnasından da, hələ torpağından, suyundan da.

Yutubda Dembl adlı bir itin üstündə söyüşün biri bir mərmi qiymətinə idi. Çəkilişin primitivliyindən bilinirdi ki, bu kadrlar hələ Yutub meydana gəlməmişdən əvvəl çəkilib. Sanki 90-cı illərin toy kasetlərində dava səhnəsinə baxırdın. Hər iki tərəfin də əlində tutarlı sübutlar vardı- erməni  tərəf həmin Dembl adlı itin davasını qoymuşdu Yutuba və görürdün it davasında it səsi beynəlxalq səs kimi qəbul edilsə də erməni səsi, hay-küyü, həyacanı elə ermənilərə məxsusdu. Eyni zamanda Azərbaycan tərəfin də Yutuba yüklədiyi  it davasında vəziyyət belə idi- Ha dərdin alım, ayağından gir, boğazından yapış, nağayırdığındı.... 

İt həmin it, dava fəndləri həmin fəndlər, səs həmin səs. Bəs necə olmuşdu bu məsələ gəlib bu həddə çatmışdı? Iki qonşu xalqın bir iti olmazdı ki- heç iki qonşu adamın şərikli iti olmur. Hər iki tərəfin atalar sözü var- şərikli malın olunca şərikli arvadın olsun.

Erməni tərəfdən Yutuba  Deblin davasını Vardanyan adlı istifadəçi yükləmişdi. Azərbaycan tərəfdən Cənab Axmedov adlı istifadəçi. Bizim Cənab Axmedov əvvəllər çox ilə məğul olmudu- suvaqçı da iləmidi, restoran da ilətmidi, kombi sistemi də yığmıdı, hamam da montaj eləmidi. Amma rahat bir iş atarışında idi daim- bu işi də tapdı- Rasım deyilən adamdan bir xeyli kaset alıb kadrları montaj edib yüklədi yutuba. Bir sözlə hamam montajından keçdi kadr montajına. Və onda alındı- Yutubdan pul qazanmağa başladı.  Yaxşı fikirləşmişdi- ya it davası qoymalıydı, ya müğənni davası- yoxsa şair, şeir kimi şeylərə kim idi vaxt ayıran? 

Hələ ki baxış sayı 500 mini kemiş bu videolara görə yeganə qazanc sahibi onlar idi. Hər iki yutuberin videolarının altında şərhlər rekord sayda iti. Yeri gəlmişkən, həmin Demblin dava fəndləri tamam ayrı cürə idi- dünyanın heç bir dava itində olmayan fəndlər. Vay olaydı ki rəqib itin biləyini ağzına keçirəydi- o dəqiqə Demb güləşdəki qayçı fəndi kimi bir fənd edirdi: yerə yıxılıb timsah kimi firlanırdı və yazıq rəqib də bununla bərabər. Bilək bir də ələ gələsi olmurdu. Və yaxud iki it döş- döşə gəlib at kimi şahə qalxdımı, Dembl anidən yana çəkilir, yerə düşən rəqibin çənəsini ağzına keçirib bir qədər sıxdıqdan sonra çənəni buraxıb keçirdi sifətə- sanki sifətində mixi yazılar yazırdı. Neçə itin üst çənəsini, neçəsinin alt çənəsini xurd- xəşil eləmişdi. Heç bir itə aman yox idi. Dembl tarixin qaniçən fatehləri kimi idi- müqavimət göstərənə aman vermirdi, könüllü təslim olana toxunmurdu. Ləzzət alırdı başqa itin ona quyruq bulamasından. Nə qədər adlı- sanlı itlər olmuşdu- Dembli görən kimi döyüşdən yayınmışdı- fərarilik etmişdi.

Bir xeyli bir- birindən xəbərsiz eyniyönlü kəşflər kimi bu dava  tirajlanmışdı. Nəhayət həqiqət çıxmışdı ortaya- hər iki tərəfin eyniadlı iti varmış və bu it çox dəhşətli bir döyüş itiymiş. Hətta itin çəkisi də hər iki tərəfdə eyni idi- 99 kq.

Məsələ tv ekranlarına çıxdı, hər iki dövlətin gündəmini dəfələrlə dəyişdi. Hər iki tərəfdən itin sahibini çağırıb söhbət elədilər- amma xeyri olmadı, dava səngimədi. Işə ATƏT qarışası oldu, BMT müzakirəyə cəlb olunası oldu. Guya  bu təşkilatlar elan olunmamış bu uzunsürən müharibəyə əncam çəkməkdə idilər, rus demiş "uje vovt-vot”dur, amma it məsələsi hər şeyi alt- üst etdi.

Hər iki tərəfdə bu məhşur it haqda şeir müsabiqəsi təşkil edildi, məktəblərdə esse yazıldı. Qaliblər mükafatlandırıldı. Amma əsl həqiqət üzə çıxmadı.  Hər iki tərəf bir- birini oğurluqda ittiham etməyə başladı. Guya bu it bunların milli it cinsi imiş, guya öz dövrlərinin şairinin, yazıçısının qədrini bilmişdilər, bircə qalmışdı it.

Məsələ böyüyüb dünya  mediasına sızdı. Az qala dünya möcüzəsi səviyyəsinə çatdı- iki düşmən ölkənin ortaq itimi olmalıydı, nəydi axı bu məsələ? Hətta deyirdilər erməni gözəl Kim Qardaşyan Amerika prezidenti ilə görüşündə bu məsələdən də bəhs edibmiş.

Axırda Azərbaycan tərəf itin sümüklərini də ortaya qoydu- siz də sübut çıxardın, sizin itin sümüyü niyə bizdə olmalıdı? Baş sizindirsə, tük niyə bizdə olmalıdı? Hətta itin xüsusi bir hörmətlə basdırıldığı məlum oldu- Rasim bu iti öz bağında basdırmışdı- başdaşı əvəzi də bir kubik qoymuşdu.  Düzdü, ermənilər də it sümüyü çıxartdılar ortaya, amma bu yalançı sümüklər idi, başqa itə məxsus sümüklər idi. Ermənilər həqiqəti deməyə ürək etməmişdilər. Deyə bilməmişdilər ki, Dembl onlar tərəfdən bir növ zülmə məruz qalmış əsgər kimi düşmən tərəfə qaçıb.  Bəlkə də bu sirri bir- iki erməni bilirdi və canlarının qorxusundan əsl həqiqəti deyə bilməmişdilər.

Əslində Dembl əvvəlcə biz tərəfdən onlar tərəfə gedib çıxmışdı. Bu uzun məsələ idi. Bu uzun məsələni rəhmətlik Səmərxan müəllim  ucundan- qulağından bilirdi- Əskidərə kəndinin qaçqını Səmərxan müəllim. Döyüşdə yaralansa da veteran adından imtina edən, mən məğlub ölkənin veteranı ola bilmərəm deyən Səmərxan müəllim. Əskidərə dərdindən ürəyi partlayan Səmərxan müəllim. Hələ cavanlığında nə qədər çalışsa da Kommunist partiyasına üzv ola bilməyən Səmərxan müəllim. Ona bu mərdiməzarlığı edən Cavad müəllimin payını yaxşı versə də özünə kənddə dəli kimi baxmışdılar bu hadisədən sonra.

Əfqanıstandan Sovet qoşunları çıxan günlərdə kəndin Ortalıq deyilən mərkəzində Cavad müəllimi yaxaladı:

- Ay qocaman kommunist, niyə durursan? Kommunist partiyası can verir axı! Ömründə bir gün döyüşdə olub biləyindən yaralanıb 50 ildi havayı pensiya alırsan o partiyadan. Indi dar gündə dayaq olsana? Bir dəfə də partiya yolunda demaqoqluq elə. Kənddə danos yazmadığın adam qalmadı- filankəs araq çəkir, filankəs fermadan yem oğurlayır... 

- Aralan ay adam yaxamdan, mənim nə işim var? 

- Tez teleqramma vur, etiraz elə. Yoxsa dövlət dağılmağa gedir. Yenə pis günlərə qalacaq bu kənd. Iki dəfə qırğın olub, Sovet məsələni həll edib. Indi Sovetin özü can verir.

- Əşşi aralan başımdan. Siyasət bilənimə bax. Mən Sovet hökuməti üçün vuruşanda sənin dədən aşırmalı şalvar geyinirdi. Nooldu əə, sənin babaların hammısı vraqnarod olub, sən oldun kommunist? O zaman elə babalarına görə qoymadım partiyaya girəsən.

- Onların da üzünə duranlar sənin kimi troykalar olub. Yoxsa çoban adam idilər, nə bilirdilər palitika nədi. Sənin nə vecinə, bu müharibədən də o kəmsavad, o kamsavat oğlunu veteran kimi çıxardıb ona pensiya düzəldərsən. Nə Sovet hökuməti vecinədi, nə Əskidərə.

Hə, onda Səmərxan müəllimə dəli kimi baxmışdılar- Cavad müəllim Əfqanıstandan çıxarılan Sovet ordusunu necə geri qaytara bilərdi axı. Amma illər sübut etdi ki, Səmərxan müəllim düz deyirmiş. Hətta Cavad müəllimin oğlu 8-ci sinfi zorla bitirib peşə məktəbindən zorla traktorist sənədi alan Alxan sonra Sovet ordusundan "komsovat” olub pensiyaya çıxdı. Amma Qarabağ müharibəsi zamanı guya könüllü döyüşçü olduğu zaman səngərdə ciyərinə su yığıldı və adam  yüksək məbləğdə pensiya almağa başladı. Sonra da əlillər üçün verilən maşınlardan birini alıb şelləndi özüyçün.

Lakin bizim məsələmiz Alxanın pensiyasının miqdarı deyil. Biz Səmərxan müəllimin uzaqgörənliyindən danışırdıq. Amma Əskidərəlilər Səmərxan müəllimi həm də burnundan uzağı görməyən kimi tanıyırlar- çünki adam faktiki döyüşsə də, yaralansa da nə Qarabağ əlili adı almışdı, nə də veteran adı. Məğlub ordunun veteranı olmur, qəhrəmanı olmur- deyirdi.

Yaşlaşdıqca uşaqlığı yaxasından əl çəkmirdi. O uşaqlıq illərinin Əskidərəsi isə işğal altında idi və ora qayıtmağa heç bir ümid yeri qalmayan Səmərxan müəllim o yerlərin havasını, nəfəsini o yerlərin ən pis adamından da ala bilirdi. Hər dəfə bir əskidərəli öləndə Səmərxan müəllim onun  Əskidərədəki diri vaxtını xatırlayar, hansısa bir hadisəni yada salar və guya o hadisənin davamını da yaşayardı. O yerlərin ətrini o yerlərin  mal- heyvanının indiyə qalmış damazılığından da ala bilirdi- Ayə, bu filan inəyin damazdığıdı... Amma bunlar da bir yerə qədər. Nəsə çatmırdı- sanki nəfəsi çatmayan kimi. Adətən belə vaxtlarda axşamüstü qaçqın şəhərciyindən bir qədər aralıda yerləşən ucuzxanaya   gedib bir-iki pivə içib çatmayan nəfəsinə yeni güc verərdi sanki. Və günlərin bir günündə çatmayan nəsə tapıldı- it səsi idi bu. Gerasimin Mumusunun səsi. Hərçənd ki, itin əsl adı Qaplan idi. Gerasimin də əsl adı Rasim. Amma kənd sakinlərinin də, qonşu  erməni kəndi-Askidaranın adamlarının da yaddaşında belə qalmışdı-Gerasim və Mumu. Gerasim bir- iki dəfə döyüş üzü görmüşdü ki, indi taleyinə lənət yağdırırdı- axı nə üçün onun da bir yeri yaralanmayıb. Nə üçün o da müharibə əlili deyil- bir ətək pul alardı. Daha fəhləlik eləməzdi. Xeyri olsun yarıyanların- eşşəkdən yıxılan da veteran oldu, əlil oldu. Hətta Rusiyada ölən qardaşı üçün vaysınırdı- rəhmətlik kaş müharibədə öləydi, biz də şəhid ailəsi kimi bir gün görərdik. Onsuz da döyüşlərdə çox olmuşdu. Getdi öldü Ərəseyin düzündə, meyidini bura gətirincə bir ətək pulumuz getdi. Elə o batan batdıq. Amma şəhid ailələri yaxşı qazanırlar- biri ölüb o biriləri də onun səbəbinə yaşayır.

 ...Bu həqiqətən də Mumunun səsi idi. Bəli, Mumu idi hürən. Və o hürən kimi ətrafda hürüşən, vəngilləşən itlərin hamısının səsi batdı- səsdə bir amiranəlik, bir qəddarlıq, bir vəhşilik  vardı. Hətta yaxınlıqdakı çayqaranın zibilliyinə yığışmış çaqqallar da səslərini kəsdilər. O zaman da beləydi- yalnız Səmərxan müəllimin iti ilə dostluq edərdi Mumu. Ikisi də çöllərə düşmüşdü. Erməninin donuzlarına divan tuturdular. Sonda Səmərxan müəllimin Bənək itini ermənilər vurdular. Mumunu isə vura bilmirdilər. 

Axırda Gerasimin atası Vəlyəddin müəllim iti verdi Ayrım Yoloğluya. Yoxsa ermənilər şikayət edəcəkdilər. It xeyli ziyan vurmuşdu onlara. Sanki canavar idi. 

 ... Pivəsini qoyub səsə getdi Səmərxan müəllim- sanki uça- uça gedirdi. Bu işıqları bərq vuran yeməkxanadan ithürənə doğru yol almışdı. Sanki Əkidərəyə gedirdi. Sanki özünə gedirdi. Amma qaytardılar onu. Hətta ayağına su da tökdülər- guya lunatik idi.

... Və o səs Səmərxan müəllimi xeyli cavanlaşdırdı, gümrahlaşdırdı. Həkim içki içməsinə icazə verməsə də hər gün o səsə qulaq asmağa başladı- qabağında pivə. Amma yenə nəsə çatmırdı.  
Sonrakı günlərdə it demək ola r ki heç hürmədi- Səmərxan müəllim deyəsən gecə də o itin səsini eşidəcəyinə inanıb yatırdı. Inanırdı ki, o it asta səslə hürsə də səsini eşidib ayılar. Amma bir- iki gün it heç hürmədi. Səmərxan müəllim yoxsa səsə gedib o iti tapardı. Həə, axı Mumu boş yerə hürmürdü. Demək yenə hürəcəkdi. Mütləq hürməli idi.

Gerasimə tapıb məsələni ona danışdı.

- Müəllim, aradan 12-13 il keib, biz iti Ayrım Yoloğluya vermişdik. O da kənddə qoyub gedib. Ordan da it gedib çıxmışdı...

- Hə, onda sən qaçmışdın,amma mən gördüm, o it rusun saldatlarının yanında idi. Adını Dembl qoymuşdular.

- Cəhənnəmə olsun, nəyimə lazım. Bircə itim çatmırdı elə.  Onsuz da özüm it günündəyəm. Gözləyirik görək dövlətin ehtiyat fondundan 109-cu maddəylə nə vaxt abadlıq üçün pul ayrıla, günəmuzd işləyib yetimləri saxlayaq.

- Əvvəl sovetin vaxtında 109-cu maddə ən pis maddə idi- zorlama. Indi ən yaxşı maddə olub, pul ayırma maddəsi. Gör dünya necə dəyişdi.

- Əşi mənim zorlamayla, nə işim, 109-la nə işim. Fəhlə babayıq biz.

Amma Səmərxam müəllim onun qəlbini ələ ala bildi. Səhəri gün axşamüstü ikisi də həmin yeməkxanada idilər. Hesab Səmərxanlıq idi- müftə yemək Gerasimin aynını- şaynını əməlli- başlı açmışdı. Artıq ikinci arağa keçmişdilər. Xatirələr araqdan betər sərxoş edirdi onları. Əskidərəli xatirələr.

Sonra söhbət dolanma, yaşayış barədə oldu:

-  Müəllim, hökumət kasıb olduğumu guya nəzərə alıb bir inək verib mənə. Hələ kasıb olduğumu sübut edincə anamdan əmdiyimin burnumdan gəldiyini demirəm . Görünür burnumdan gələn südün əvəzinə inək südü vermək istədilər. Amma inəyin ağzında diş yoxdu- heç kolbasaya da götürməzlər. Burda da bəxtim gətirmədi.

-  Amma Sovetin vaxtında məsələ ayrı cür idi- futbolda (rayon komandasının oyunlarını deyirdi) stadiona uduşa  inək qoyurdular. Kimə o inəkdən düşsə həyatı dəyişərdi. Dağ boyda Ruset inəkləri- gündə 20 litr süd verən inəklər. Balası 6 aylığında 140 kilo ət verən inəklər. Gör dövran necə dəyişdi. 

-  Hə, nə varıydı dolanmağa kənddə olsaq. Sürüylə keçi saxlayardım, mal saxlayardım.

-  Əşşi indi camaatı meşəyə də qoymurlar. Harda saxlayacaqdın? Bir qotur keçinin meşədə görünməsi 40 manat cərimədi. Getsin dəə, yaşadığın Zoğallının adamları yayda binəyə. Yermi yoxdu, meşəmi yoxdu Zoğallıda? Sadəcə qoymurlar- yaxşı nə var kasıba aid deyil. Amma Sovet hökumətinin vaxtında ən yaxşı dağda kasıb binə salardı, ən yaxşı pioner düşərgəsində kasıbın uşağı 14 manata bir ay istirahət edərdi. Baxıram şəhərdəki həyət evlərinə- bir həyətdə bağ- bağça qalmayıb. Quruyub hamısı ağacların. Camaat heç göy- göyərtini sulaya bilmir. Nə vardı onda şlanqı atırdılar bağa, vəssalam. Şotçik yox, yoxlama yox. Indi suya da pul çatdırmaq olmur. Adını da qoyublar demokratiya.

-  Bu yaxınlarda televizora baxdım, dedilər siyasi məhbusları buraxıblar, demokratiya budurmu?

-  Siyasi məhbusları buraxmaqla demokratiya olsa gərək rəhmətlik Xruşşova heykəl qoyula. Ondan çox siyasi məhbusu azad edənmi vardı? Özü də hamısına bəraət verdi. Indi bəraətdən danışmaq gülməli bir zaddı. Əşşi kommunizmi gördük ee, sadəcə bilmədik bu kommunizmdi. Kənddə ilk televizoru Zorru Səməd almışdı- adi qoruqçu. Ilk maşını kəndə Dəli Məhər gətirmişdi- adi fəhlə. Kəndə ilk maqnitafonu rəhmətlik əmim əsgərlikdən gətirmişdi –adi stroybat saldatı.

Şirin söhbətlərini Mumunun səsi kəsdi.  Yenə bütün itlər susdular- Qaplan, Mumu, Dembl- hər nə isə o itin səsi yüksəlmişdi. Gerasim də mat qaldı- tanış səs idi. Özünü saxlaya bilmədi- Qaplan, Qaplan deyib 13 illik bir hayqırtıyla bağırdı. Bu səs Gerasimin indiki səsi deyildi- 13 il əvvəlki səsi idi. Bir az da bu səsdə Əskidərənin sularının, torpağının, qayasının, canavarının gücü vardı. Yoxsa belə gur səs ola bilməzdi Gerasimdə. Yeməkxanadakılar qorxuya düşdülər.

Və Qaplan zingildəməyə başlamışdı- zəncir çeynəməyə başlamışdı.

Bir azdan isə onun səsi yaxınlaşmağa başladı- zənciri qırmışdı deyəsən.

5-6 dəqiqə sonra qaranlıqdan iki qoşa işiq- ithürəndən işıqgələnə tərəf yaxınlaşmağa başladı. Yeməkxananın yanındakı bağ- bağça ilə arada dəmir arakəsmələr vardı ki, bu arakəsmələr indi Mumu ilə Gerasimin arasını kəsə bilməzdi. Mümu bir təkana hoppanıb özünü yeməkxananın məhəccərindən də içəri atdı. Ayağa qalxan Gerasimlə Mumu da ayaqüstə görüşdü- qucaqlaşmışdılar. Ikisinin də, yox, yox Səmərxan müəllim də ağlayırdı- üçünün də gözündə yaş vardı. Mumu Gerasimi yalam- yalam yalamağa başladı. Səmərxan müəlimi də əvvəl imsiləyib yalamağa başladı. Hamı mat- məttəl qalmışdı. Həm hadisənin özü ağılagələn deyildi, həm də itin əzəməti yeməkxanadakıları dondurmuşdu. Belə də itmi olardı? Caynaqlar sanki ayı pəncəsi, qollar dana ayaqları kimi enli, pəncələr yanlara əyilmiş, boynu kəl boynu kimi, sinəsi at sinəsi, ortası ceyran ortası. Iki ayağı üstə qalxanda Gerasimdən hündür olurdu. Nəfəs aldıqca sinəsi körük kimi qalxıb enirdi. Hər adam gözünə baxa bilməzdi. Gözlərində fosfor vardı- canavar gözü idi bu gözlər.  Bu nəydi belə?
...
Səmərxan müəllim Əskidərənin xiffətini neçə çəkirdisə elə Sovet hökumətinin də xiffətini elə çəkirdi. Hətta deyirdi Əskidərə indiyə qalsa o qədər də gözəlliyi qalmazdı- nə meşəsindən istifadə edə bilərdik, nə Turş bulağından, nə də bərəkətli torpağından. Indi məmurlar o meşəni də hasara almışdı, o torpaqları da tutmuşdu, Turş bulağın da suyunu satırdılar. Camaatın sürüylə mal- heyvanının otlamağa yeri də qalmazdı. Nə vardı Sovetin vaxtına- kopolunu ermənisi iki donuz alıb meşəyə tullayırdı- iki ilə olurdu imkanlı adam. Nə donuzun sayını bilirdi, nə də pulunun sayını. Bizimkilər subay malları yaz ötürürdülər meşəyə, qış mal dama girəndə tökürdülər bazara- nə ot, nə kəpək...

İndi elə eləmək olmazdı- o meşələrin cöyüzü, yemişanı, itburnusu, zoğalı  varkən heç işləməyə də ehtiyac yox idi. Amma indi kim buraxardı bizi meşəyə.
Bax, həmin Səmərxan müəllimin dediyi vaxtlarda bizim Gerasimin atası Vəlyəddin müəllim və onun dostu Çoban Məhəmməd yayda da boş durmazdılar. Kənddə ot mövsümü başa çatan kimi bunlar qalxardı erməninin dağına. Çünki orda ot mövsümü avqust ayında başlayırdı- ot gec yetişirmiş dağda. Təxminən bir aya qədər dağda qalardılar. Yaxşı pul da gətirərdilər, hərəsinə bir maşın ot da, hələ hərəsinə bir kərən də. Indi görək pul, ot və kərən necə bir yerə sığır, sonra hekayətimizə davam edərik. 

Dağa otçalan maşınları qaldıra bilmədiklərinə görə ermənilər dağ otunu kərənti ilə biçməli olurdular. Keçəl dağda da hektarlarla ot yeri vardı. Az qala dəniz səviyyəsindən 4 min metr yüksəkdə, insan səviyyəsindən 40 min metr yüksəkdə yerləşən Keçəl dağın da ağır havasına hər adam dözə bilmirdi. Yoxsa ot biçiminə yaxşı pul verirdilər- sotu bir manata. Vəlyəddin müəllim 12 nömrəli kərənti ilə gündə azı yetmiş sotu həll edə bilirdi. Yeməyi onlardan, içməyi onlardan. Bir oturuma Çoban Məhəmmədlə ikisinə bir 10 kq-lıq toğlunu yeyə bilirdilər. Dəfələrlə erməniləri belə mərclərdə udmuşdular.

Dağda ot mövsümü qurtaranda Vəlyəddin müəllimlə Çoban Məhəmməd hərəsinə 2 min manata qədər pul gətirirdilər. Üstəgəl də bir maşın ot. O da necə- kuzovun qıraq taxtalarını çıxardıb iri tirləri eninə düzürdülər- bir maşın əvəzi iki, üç maşının yükünü yükləyib, maışın arxasına da iri bir kərən bağlayırdılar- enişlərdə maşını uçmaqdan qoruyurdu kərənin ağırlığı. Kənddə də iri tirləri satırdılar. Kərəni də həmçinin- ustalar göydə götürürdü dağ ağacını.  Sifətlərindən yağ damırdı-sanki işləməkdən yox- kurortdan gəlmişdilər.

Vəlyəddin müəllimin ot çalma məharəti Keçəl dağ ətrafinda çox yayılmışdı- adamın yehrələrinin arası 3 metrdən artıq olurdu. Hətta düz yer olduqda günə 80 sotun da öhdəsindən gələ bilirdi. 

Söhbət gedib Qısır dağa da çatmışdı. Orda məhşur bir çoban da yaylağa çıxmışdı- Kürd Məmo. Yezidi kürdlərindən idi. Azərbaycan dilini də bilirdi. Kürd Məmo yaxşı çoban olmaqla yanaşı yaxşı da itbaz idi. Onun itlərinin qabağına çıxan it yox idi. Kimsəyə də itin damazlığından verməzdi- küçükləri diri- diri yerə basdırardı, amma kiməsə birini lap pulla da verməzdi. O itlərin canavarla qohumluğu vardı- canavardan dönmə idilər. Bu sortun yaradıcısı da özü idi...

Canavartutan bir erməni vardı- canavar balalarını tutub zooparka satmaqla qazanc əldə edirdi. Adam ana canavarın səsini elə çıxardırdı, küçüklər yuvadan çıxıb üstünə gəlirdilər. Bu da bir- bir atırdı torbaya. Yalnız canavar yuvasının yerini bilməsi kifayət edirdi.

Canavartutan Kürd Məmoya da yalvarmışdı- bildiyin yuvanı de, hörmətini edəcəm. Deyərdimi Məmo? Öz yatağının yaxınlığında bir canavar ailəsi yaşayırdı- mehriban qonşular idilər. Hətta Məmo o həndəvərə ovçuları da qoymurdu-  canavarı öz qoyunlarından da yaxşı qoruyurdu. Çünki canavar ailəsi də bir növ onun yatağını digər canavarlardan qoruyurdu. Canavar yuvasının yaxınlığında ov etmir- nə də başqa canavar ailəsini öz ərazisinə yaxın qoymur. Belədə canavarın ərazisində qoyunlar da salamat qalır. Yalnız və yalnız gərək balalarına toxunmayasan. Toxundunsa qisas alacaqlar- ölüncə əl çəkməyəcəklər, yatağı boş qoyacaqlar. Əlbəttə ki Kürd Məmoya belə şey lazım deyildi.

Amma iki il idi buralarda bir başqa kürd çoban da peyda olmuşdu- Məmonun örüşünü daraldırdı.  Bir-iki qoyun da gedib onun sürüsünə qarışmışdı ki, onu da danmışdı. Indi Canavartutan erməninin təklifini götür-qoy edən Məmo razılıq verdi- gəl, yerini bilirəm. Yer də həmin o rəqib çobanın yatağının yaxınlığında idi. 
Və getdilər yuvanın yanına. Canavartutan ana canavarın gəlişini gözlədi- canavar gəlib yuvanın ağzında çox astadan uladı- yuvadan 7 küçük çıxdı. Bu 350 manat pul demək idi. Onun da 50-si Məmonun.

Əməliyyat yaxşı baş tutdu. Küçüklərin 7-si də tutulmuşdu. Amma Məmo pul götürmədi. Küçüklərdən bir dişisini götürdü, atdı təzə doğmuş qancığın altına. Özü də hansı küçüyü- pəncələri fərqli küçüyü. Hər pəncəsində dörd əvəzinə altı caynağı olan küçüyü. Əlbəttə, erməni buna fikir də vermədi.

Aradan iki gün keçməmiş o rəqib çobanın yatağında qırğın düşdü- ata canavar bir yandan, ana canavar bir yandan leşi- leşə caladılar. Sanki gözəgörünməz olmuşdular. Yoxsa tüfənglə öldürmək olardı. Məcbur qalmış çoban köçünü sürdü buralardan. Keçəl dağ da Qısır dağ da  Məmoya qaldı, bir də onun qonşusu canavar ailəsinə.

O altıcaynaqlı canavar küçüyü itin balaları ilə birgə böyüdü. Özünü qanandan sonra Məmo onu zəncirdən açmadı. Məmoya lap düşərli olmuşdu- həm yataqdakı bütün itlər canavar iyinə öyrəşmişdilər. Daha canavar dişlərini şaqqıldadanda qaçmazdılar. Həm də altıpəncəli canavardan bala tutacaqdı.

Və belə. Bir il sonra Altıcaynaq 8 küçük doğdu. Bu küçüklərdən dördü canavara daha çox çəkmişdi- hürmürdülər. Bu isə kənddə- kəsəkdə ziyankarlıq demək idi. 2 ay sonra o dörd küçüyü Məmo canavar balası adı ilə zooparka satdı. Altıcaynağı da zooparka satdı. Qalan 4 küçüyü böyütdü. Küçüklərdən ikisi erkək, ikisi dişi idi. Bir yaşları olanda bacı-qardaş küçükləri bir- biri ilə cütləşdirdi Məmo. Deyirdi insan da belə artıb, burda ayıb bir şey yoxdu.

Və altıpəncəli it cinsi, canavardan dönmə it cinsi belə yarandı. Bu itlərin tayı- bərabəri yox idi. Məmo bu damazlıq kimsənin əlinə keçməsin deyə doğulan küçükləri qədim ərəblər kimi diri- diri basdırırdı- yalnız o küçüklərin içindən hansını böyüdəcəkdisə  onu saxlayırdı. Guya bu daha xeyirli imiş- saxlanan küçük basdırılan  küçüklərin də süd payını əmir və daha da sərrast olur.

O ili Məmo gəlib Vəlyəddin müəllimgil ot çalan yerlərə də çıxmışdı. Onun günə yarım hektarıən öhdəsindən gəldiyinin şahidi olmuşdu. Və bu məharətinə görə Vəlyəddin müəllimə altıcaynaqlı küçüklərin birini bağılşadı. Vəlyəddin müəllim heç özü də bilmədi it nəyinə lazım idi. O qədər xəsis idi, itə gündə bir çörək də verməyə əli gəlməzdi. Sadəcə küçüyü görəndə vuruldu. Ilk dəfə idi  bu boyda 3 aylıq küçük görürdü. Küçük sanki Təpəgöz kimi böyümüşdü.

Vəlyəddin müəllimin evi mal fermasına yaxın idi- Qaplan fermada o yana tökülən üzsüz südlə bəslənirdi. Aradan da ölən buzov, dana Qaplanlıq olurdu. Daha sonra Vəlyəddin müəllimin böyük oğlu əsgərlikdən gəldi-Razim. Kəndin dəli- dolusunun çoxu o il Rusiyaya tərəf üz tutmamışdı. Ermənilərin qara günləri başlamışdı. Meşədə donuzunun sayını bilmirdi ermənilər. Əskidərənin cavanları da bunu bildiklərindən gündə bir donuz sürüsündən donuz vurub bulaq üstə kabablayırdılar. Evə ət gətirmək olmazdı- valideynləri bilməməli idi. Bax onda Razimlə bir- iki dəfə yoldaşlıq edən Qaplan donuzun tullanan baş- ayağına dadandı. Sonralar Səmərxan müəllimin Bənək adlı iti də qoşuldu ona- meşələrdən donuz ovlamağa başladılar. Artıq bir yaşına çatmış Qaplan ayı boyda olmuşdu. Vəlyəddin müəllim bir ona şükür edirdi ki it adamcıl deyildi. Yoxsa çox xatalara düşə bilərdi.

  Sonra Bənəyi ermənilər vurdu. Sanki Bənəyin ölümünü görüb qorxdu Qaplan. Qayıtdı evə. Elə bu vaxt Vəlyəddin müəllimin həyətində hörük işi görən usta Ayrım Yoloğlu işin haqqının əvəzində iti istədi. Vəlyəddin müəllim də məmuniyyətlə razı oldu. Nəyinə lazım idi it. Amma Vəlyəddin müəllim bilsə idi it davasında pul var, o iti Yoloğluya verməzdi. Sonralar Rasim Vəlyəddin müəllimə rəhmət oxuyacaqdı. Dembl ona atadan qalmış var- dövlət, çörək ağacı olacaqdı.

Ayrım kəndində çox qalmadı Qaplan. 

Həmin il dava düşdü. Ermənilər hücum edib Ayrım kəndini yandırdılar. Yoloğlu kişinin qonşuluğunda bir ailəni yeddi üzvünü diri- diri yandırmışdılar. O yanıq iyi Qaplanın ətini ürpətmişdi. Hələ o uşaq- beyni dağıdılmış o körpə. Qarnı yarılmış o gəlin... qaplan insandan iyrənmişdi. Az sonra hərbi paltarlı insanlarla dostluq edəcəkdi- yosa mülki paltarda insanlardan qorxmağa da başlamışdı. 

Bunların hamısı Qaplanın gözünün qarşısında olmuşdu.

Sonra da Ayrım kəndi köçdü- kəndə eşşəklər qaldı, bir də itlər.Əlbəttə Qaplan özünü ac qoyan deyildi- özünə dəstə düzəltmişdi. Canavar kimi eşşək ovlayırdı. Demək olar bolluğa düşmüşdü.
Amma tezliklə bu yerlərə rus hərbçiləri gəldi. Çünki Ayrım kəndinin dağıdılmasından sonra Yerevan –Tiflis trasında ermənilər hərəkət edə bilmirdilər. 300- dən çox erməni maşını qarət olunmuşdu. Əvvəl Azərbaycan tərəfi qisas üçün erməniləri bu yolda qırmağa başlamışdılar. Sonra da tamah məqsədi ilə. 

Ayrımda yerləşən rus hərbçiləri o ili ermənilər SSRİ- nin əleyhinə səs verdiklərinə görə Azərbaycanpərəst mövqe tutmuşdular. O qədər Azərbaycanpərəst mövqe ki, hətta erməni kəndlərini atəşə tutmağa bəhanə gəzirdilər. Bax o zaman sahibsiz qalmış Qaplan gəlib hərbi hissəyə çıxdı. Mayor Zayçenko itə xüsusi diqqət yetirirdi. 

Bir qədər sonra artıq it Dembl adlanırdı. Əsgərlərin sevimlisi idi. Hərbi hissədə bütün itlər ona quyruq bulayırdılar.

Və sonra rus ordusu Azərbaycandan çıxarıldı. Hansı ki Azərbaycanpərəst mövqe tutmuşdular. Hətta vertalyotlarla qonşu erməni kəndlərini bombalamışdılar. Yüzlərlə erməni öldürmüşdülər.
Indi isə bu ordu Azərbaycandan çıxarılmış və yol almışdı Ermənistana. Indi də ermənipərəst mövqe. Amma bütün bunların Demblə dəxli yox idi. Artıq hərbi geyimə öyrəşən Dembl üçün fərqi yox idi.

Və sonralar rus zabitlərinin sayəsində formalaşan erməni ordusu yarandı. Bax onda erməni zabit Melikyan iti Zayçenkodan aldı- Zayçenko Rusiyaya gedirdi. Iti apara bilmirdi.
Melikyan hərbi hissənin yanında donuz ferması da tikdirmişdi- Dembl bir- iki donuzunu öldürmüşdü. Buna görə də zəncirdə saxladılar Dembli. Amma kəsilən donuzların başı Demblə çatırdı.

Günlərin bir günü it davası həvəskarları Melikyandan bu iti davaya aparmaq üçün istədilər. Bir it varmış ki, qabağına çıxan yox imiş. Melikyan razı oldu.

Amma dava baş tutmadı- Dembl dişini canavar kimi şaqqıldadan kimi o qıllı ayıya oxşayan it az qaldı sahibinin əlindən çıxıb qaçsın. 

Bundan sonra Melikyan özü bu iti davalara apardı- operator tutub davalarını çəkdirdi. Yüzə qədər qələbəsi vardı Demblin. Bir məğlubiyyəti, bir heç- heçəsi belə yoxdu. Melikyan generaldan da varlı olmuşdu. Bəzən olurdu 10 min dollarlıq yarışlara da qoşula bilirdi.

Yuyubda da həmin çəkilişlər idi.

Və Demblin sorağı gedib erməni milli qəhrəman Qriqoryana çatdı. Qriqoryanın özünün şəxsi zooparki vardı ki, pələngdən tutmuş ağ canavara qədər varı idi.

Amma Melikyan iti vermədi. Melikyanı yoxlayan komissiya xeyli yeyinti tapdı- donuz fermasını aşkar elədi. Melikyan həbs olundu. Dembl isə bu arada qaçıb Azərbaycan tərəfə keçmişdi. Deyəsən qarşı tərəfdəki postda kürsəyə gələn it vardı. Hətta bu arada erməni tərəf ağ bayraq qaldırıb gizlin danışıqlara gəlmişdilər- iti verin bizə,əvəzində istəyinizi bildirin. Amma azərbaycan postu razı olmamışdı- odur ki bu yaxın postlar arasında atəşkəs bəlkə də min birinci dəfə pozulmuşdu- dalınca o biri postlara da atəşkəs pozulmuşdu. Az qalmışdı müharibə yenidən başlansın və elan olunsun. Azərbaycan tərəf də əslində bu dəfəki davanın it üstündə olduğunu gizlətmək üçün iti postdan aralamaq qərarına gəlmiş- İtbaz Elxana satmışdı- 500 manata. Möhkəm- möhkəm də tapşırmışdılar- nabadə itin erməni tərəfdən keçdiyini bir yerdə danışasan. It yerli şəraitə adaptasiya olunmalı idi- Elxan hələ onu davaya aparmamışdı- sadəcə bilirdi qiymətli itdi, yoxsa ermənilər ondan ötrü o boyda güllələrini hayıf eləməzdilər. Bu tərəfdə də itin adı Dembl olmuşdu- əsgərlər onun bu adla çağrıldığını çoxdan bilirdilər.

Və bir gün it qarqaranı qırıb qaçdı. Elxan sonralar itin yerini tapsa da- it ona yaxın gəlmədi. It Qaçqın Rasimin yanından əl çəkmədi. Elxan da səsini kəsdi- desə əsgərlərdən almışam, əsgərlər də erməni itini ələ keçirib, xataya düşə bilərdi. Onsuz da qoyun- quzusunda çox gözlər vardı. Vaz keçdi bu işdən.

It qaldı Gerasimdə. Gerasimin qonşusu Süleyman itbaz adam idi. Iti görən kimi almaq istədi- pul- para xeyri olmadı. Axırda iti davaya aparmağa razılıq aldı. Mərcin pulunu özü qoyurdu- qazanc da yarılığa. Bir neçə döyüşdən sonra Gerasim özü də itbaz oldu. Qonşusunun  qəssab olması lap işinə yaradı. Əl arabasında mal bağarsağını daşıyıb Demblin qabağına tökməyə başlamışdı. Bu yenə deyirəm atadan qalma var- dövlət idi. Artıq döyüş olmuşdu ki Gerasim bir inəyin pulunu götürmüşdü. Elə bir it yaranmamışdı hələ ki Demblin qabağına çıxsın.
Təkcə döyüşdən pul qazanmırdı Rasim- qancıq itlərini cütləşdirməyə gətirənlər də az deyildi- bir əməliyyat 50 manat. Rasim özünü tutmuşdu. Atasına dönə- dönə rəhmət oxuyurdu. 
Elə Səmərxan müəllimə də. Bu yaxınlarda ürəyi yatmışdı Səmərxan müəllimin.

 Rasim bilsə yutub meydana gələcək, burdan da pul qazanmaq mümkündü- bunu da edirdi.

Hə, məsələ belə idi. Hər iki tərəf it uğrunda sonuna qədər mübarizə aparmaq istəyirdi.

Hər iki tərəfdən də ekrana bu itin balalarını çıxartmışdılar- özünə oxşayanı da vardı- oxşamayanı da.  Bir erməni jurnalisti xüsusi araşdırma aparmışdı- ən yeni it cinsi kimi bu "Dembl cinsi”nin analoq olmadığını xüsusi vurğulamışdı. Indi "Dembl insi” dünyaca məhşur olmuşdu. Kürd Məmonun qohumları lap yanıb- yaılırdılar- rəhmətlik gərək bu itirasına patent alaydı. Onu dönəri ixtira edib patent almayan türk ilə müqayisə edirdilər.

Amma dava səngimək bilmirdi. Nəhayət hamını razılaşdığı bir sübut çıxdı ortaya- haqq- hesab gedib Suriyaya da çatmışdı. Hal- hazırda Suriyada xidmət edən general Zayçenki Dembllə köhnə şəklini yaymışdı- bu it Azərbaycanda olub, onu mənim əsgərlərim Dembl adlandırıb. Təəssüf ki indi belə itlər qalmayıb- o çox qəhrəman it idi. Bir hərbi hissəni etibar etmək olardı. Sonra mən aparmışam onu Ermənistana. Sonra da Rusiyaya apara bilmədim- qaldı Melikyanda.

Bu arada isə Cənab Əhmədov  dövlət tərəfindən "mənəvi irsin saxlanmasına görə” mükafatı ilə mükafatlandırılmışdı. Qarşı tərəfdən Vardanyan da buna bənzər bir mükafat almışdı. Melikyan türmədən azad olunmuş, Qriqoryan isə "tuşonka oğrusu” kimi həbs edilmişdi.

Gerasim bütün ölkədə məhşur olmuşdu- tv ekranlarından düşmürdü. Qalxan reytinqindən istifadə edib veteran adı da almışdı. 

Artıq bütün dünya qəbul edirdi ki, "Dembl cinsli” itlər həm Ermənistanda, həm də Azərbaycanda mövcuddur.

Hər iki tərəfdə bu itlərin damazlığının xaricə çıxarılması qadağan olmuşdu. Amma hər iki tərəfin işbazları bu itləri alıb qeyri- qanuni yolla Gürcüstana keçirib burda baha qiymətə xaricilərə satırdılar. Hətta Tiflisdəki it bazarında "Demb cinsi”ndən olan itlərin davası da düşmüşdü.