"Bir cüt ayaqqabı" hekayəsini oxuyarkən... (RƏY)

Gənc yazıçı Çinarə Ömrayın qələmə aldığı "BİR CÜT AYAQQABI ” hekayəsini oxuduqca elə ilk cümlələrdəncə əsərin təsirinə düşürsən.

Əsərin qəhrəmanı daxilən güclü olduğu qədər, qəribə xüsusiyyətlərə sahib olan həyatdan, daha dəqiq desək yaşamaqdan yorulan Gözəl Yusifzadədir. Müəllifin əsərdə uğuru ondadır ki, Gözəli müxtəlif psixoloji təsvirlərdə, şəkillərdə oxucusuna təqdim edir. O, amansızdı, xeyirxahdı, küskündü, həyata inamlıdı…

Eyni zamanda, təbiətən soyuqdu. Eləcə də, bu obrazın daxili aləminə nüfuz etdikcə görürsən ki, bu soyuqluğunda da bir od, atəş içində qovrulur. Onu bu oddan, atəşdən, ətrafının buz soyuqluğundan xilas etmək istəyirsən…

Özünə gəlirsən. Başa düşürsən ki, BƏDİİ DÜNYAnın içindəsən. Başa düşürsən ki, həyatdan yox, müəllifin bu orijinal hekayəsindən təsirlənmisən. Gözəl öz içində gizlənmiş bir neçə qatlardan ibarətdir. Hər qat onun bir dünyasından xəbər verir. Məktəbdə bir dünyası, Gözəlin özünə acımaq bilməyən dünyaya xas bir baxış bucağı, o cümlədən anasına, qardaşlarına acıyan dünyası. Həqiqətən də Gözəl anasına acımaqda haqlıdır. Çünki anasının bütün həyatı gündəlik ev, oğul-qız qayğısı çəkməklə keçir.

Həqiqətdə də ana məhəbbətinin gücü heç də bunda deyil axı. Müəllifə görə bu hekayədə ana da əbədi qurbandı.Əslində bu əsərdə həm də bütün personajlar qurbandı.Gözəl də qurban olmağa hazırdı. Çünki mübarizə aparmaq istəmir. Çünki daxilən güclü olan bu qız birinci olmaqdan yorulub. Ona görə ki, Gözəlin yaşadığı cəmiyyətdə birinci olmaq bağışlanmır, fərqlənənlər bağışlanmır. Hamı bir boyda, bir rəngdə olmalıdı, görünməlidi. Əsərə görə standartlarla yaşamaq diri ölülükdür. Gözəlin atası bütün kişilərin ümumiləşmiş obrazıdır. Bütün müsbət keyfiyətləri atasında cəmləməsi və bu keyfiyətlərin atası ilə birgə ölməsi burada çox mənalar sezdirir. Bu günki dünyada müəllif Gözəlin atasının timsalında kişiliyin ölümünü göstərir. Doğurdan da dünya kişi görkəmsizliyindən əziyyət çəkir.Hamı özünü düşünür. Müdirə xanım işinin xatirinə özünü, müəllimə özünü, oğlanlar özünü, oğluna ağlayan nənə özünü… Gözəlin ölümü ilə yazıçının cəmiyyətə verdiyi mesaj bundan ibarətdir ki, kişiləri diri ölən cəmiyyətlərin qadını da diri ölür. Müəllif demək istəyir ki, kişiliyi ölməyən cəmiyyətdə Gözəl kimi "yüngül xasiyyət” ( ilk baxışdan belə görünür ) ola bilməzdi. Çünki onu ilk olaraq qucaqlayan etibarlı qollar Gözəlin kürəyindən qopmazdı.

Digər tərəfdən hekayədə bir cüt ayaqqabı maddiyatı-pulu ifadə edir. Axı pul insanı diriltmir. Əksinə insanda nə kimi yaxşı cəhətlər var hamısını tədricən, bir-bir sıradan çıxarır, öldürür.

Əslində Gözəlin faciəvi ölümü fiziki ölüm deyil.Gözəl də pula ehtiyacı olan dünyada ” Ən böyük arzum bir gün öz gücümə öz pulumla o bir cüt ayaqqabını alıb elə həmin gün də rəhmətə getməkdi "-deyir.

Əsərin sonunda Gözəl insani baxımdan təmizliyini, saflığını maddiyata qurban verməklə, duyğularından keçməklə özünü diri öldürür.Gözələ ağlamağa dəyər ! Elə deyilmi… Mən ömrüm boyu SÖZü ipə-sapa yatmayan, dağa-düzə baş alan, çox çətinliklə ram edilən vəhşi atlarla müqaysə etmişəm. Yaradıcı insanlar SÖZü əhliləşdirən, istədiyi istiqamətə yönəldən, SÖZün yalmanına yatan insanlardı. Amerikada vəhşi atları əhliləşdirənə MUSTANGER deyillər.

Bu baxımdan SÖZü yəhərləyə, yüyənləyə bilən, sözün sahibəsinə çevrilən gənc yazıçı Çinarə Ömraya xanım Mustanger deməkdə haqlıyam. SÖZümüzün xanım Mustangerinə yaradıcılığında yeni-yeni uğurlar arzulayıram !

Hikmət Nikbin
Şair-publisist