
"Bir gənc yazarın son kitabı əlimə keçdi və..." - MÜSAHİBƏ
- 20.05.2013
- 0 Şərh
- 1164 Baxış
-
Ədəbiyyat insanı fərdiyyətdən şəxsiyyətə yüksəldə bilərmi? Ümumiyyətlə,
onun belə bir funksiyası varmı? Ədəbiyyatı sosial problemləri həll etmə
vasitələrindən biri kimi saymaq olarmı?
- Mənə
görə, ədəbiyyat nə tərbiyəçidi, nə də məsələ qaldırıb problem həll
eləyən. Ədəbiyyat insanın yaşantılarını, duyğuları, görüşlərini SÖZlə
ifadə eyləmək sənətidi. Əsl ədəbiyyat, əslində, gözəl avantüradı, insanı
həyəcanlandırmaq, sarsıtmaq, necə deyərlər, yerindən oynatmaq,
havalandırmaq cəhdidi. Əlbəttə, ədəbi əsərlərin insanın zənginləşməsinə
təsirini də inkar eləmək olmaz. Orxan Pamukun romanlarından biri
təxminən belə başlayır: "Bir kitab oxudum və bütün həyatım dəyişdi”.
Danmaq olmaz ki, insanın həyatını dəyişdirən əsərlər də var. Xüsusilə
elektron rabitə vasitələri olmayan, kitabın daha çox oxunduğu vaxtlarda
belə təsirlər hiss edilən idi.
- Yazıçı öz
pəncərəsindən ətrafa boylananda ətrafı bəzən niyə bir rəngli, bəzənsə
çox rəngli görür? Siz öz pəncərənizdən bugünkü cəmiyyətimizə boylananda
hansı rəng(lər)i müşahidə edirsiniz?
- Mənə görə
cəmiyyət elə çoxsəsli, çoxrəngli, çoxqatlı orqanizmdi, hər baxan qələm
adamı da həmin orqanizmdə öz səsini, öz rəngini, öz qatını axtarır.
Rənglərin, eləcə də səslərin arasındakı fərq yazıçının həmin məqamdakı
ovqatı, ruhi vəziyyətilə bağlıdı. Yenə Orxan Pamuka müraciət eləyim.
Onun yeganə bir hekayəsi var, "Pəncərədən baxmaq” adlanır. Radio,
televiziya olmayanda adamlar həyata pəncərədən baxırdılar, onda həyat
tamam başqa rəngdə görünürdü. İndi həyata daha çox monitordan baxırlar.
Həyatısa insan gözündən başqa aradakı bütün vasitələr deformasiyaya
uğradır. Təbii ki, mənim də həyatda axtardığım səsim, rəngim, duyğu
qatım, ən azı, bugünümüzlə bağlı hekayə və povestlərimdə, "Yalqız” və
"Yolsuz” romanlarımda oxucuya məlum olur.
- Bu gün bizim modern ədəbiyyat nümayəndələri kimdir - ədəbiyyatı sevən insanlar, ədəbiyyatdan o qədər də xəbəri olmayanlar, nəyinsə xatirinə ədəbiyyata gələn insanlar..?
- Sözün düzü, mən özünü modernist ya
postmodernist adlandıran qələm sahiblərinə başqa cür baxıram. Məndən
ötrü gözəl bədii mətn yazmaqdan başqa heç bir cərəyan - filan mövcud
deyil. Normal cümlə qura bilməyən, hisslərini bədii səviyyədə ifadə
eləməyi bacarmayan adamın özünü nəsə adlandırması ancaq təəssüf doğurur.
Bu yaxınlarda özünü postmodernist sayan, üstəlik, səs-küylü
mükafat-filan da almış bir gənc yazarın son kitabı əlimə keçdi, bircə
abzasını oxudum, ona da, hamilərinin köməyilə at oynatdığı ədəbiyyata da
yazığım gəldi. Ona görə ədəbiyyatı sevmək də, bilməmək də, iddia
ortaya qoymaq da olar, amma somn məqamda hər şeyi ƏLAHƏZRƏT MƏTN
göstərir.
- Dünya ədəbiyyatından çoxsaylı tərcümələr
etmisiniz. Tərcümə etdiyiniz əsərlərdə özünüzü - Nəriman Əbdülrəhmanlını
bir xarakter kimi axtarmısızmı?
- Sifariş olunan
əsərləri nəzərə almasaq, öz istəyimcə o əsərləri çevirməyə çalışmışam
ki, ruhən mənə yaxındılar, həmin əsərlərin altına da məmnuniyyətlə öz
imzamı qoyardım. Hətta elə məqamlar olub ki, tərcümə məqamında oxuyanda
öz yazdıqlarımla həmin əsərlər arasınıda hissi paralellərlə ratlaşmışam.
Təbii ki, hər bir yazıçının əsərində, illah da nəsrdə müəllifin özündən
çox şeylər olur, mənim də hansısa əsərdə öz portret cizgilərimə,
duyumuma, yazı üslubuma rast gəldiyim məqamlar yetərincədi... Ədəbiyyat
elə buna görə cəlbedicidi.
- Gənc yazarların tərcümələrinə münasibətiniz necədir?
-
Tərcümə çox əzablı və naşükür işdi. Mənim başqa yerdən dolanacağım
olsa, bu işlə yalnız aradabir məşğul olardım, həm də ancaq o əsərləri
çevirərdim ki, ədəbi kriteriyalarıma tam cavab versin. Axır vaxtlar
yaşanan "tərcümə bumu” şübhəsiz, gələcəkdə bəzi peşəkarların ortaya
çıxmasına səbəb olacaq, amma mənə elə gəlir, hər bir qələm sahibi
tərcüməyə üz tutmazdan əvvəl öz qələmini püxtələşdirməlidi. Tanış
olduğum kitabların tərcüməçiləri arasında istedadlı cavanlar da var,
amma mənə elə gəlir, nəsrlə də, nəsr tərcüməsilə də 40 yaşından, həyatı
və ədəbiyyatı kifayət qədər əxz eləyəndən sonra məşğul olmaq lazımdı.
- Rast gəldiyiniz uğursuz tərcümələrdən bir-iki nümunə göstərə bilərsinizmi?
-
Onlarla misal çəkərdim, amma ekspert qismində çıxış eləmək istəmirəm,
bu ədəbiyyatşünasların, tənqidçilərin, tərcüməşünasların işidi. Həm də
təcüməçilərin qələm haqqını heç olmasa, postsovet ölkələrində mövcud
olan səviyyəyə qaldırıb ondan sonra səviyyəli tərcümə tələb eləmək
lazımdı. Uğursuz tərcümələrin günahı o tərcümələri eləyənlərdən çox
bizim tərcümə təsərrüfatımızın dağınıq, baxımsız və yiyəsiz olmasındadı.
Heç kəsə deyə bilməzsən ki, tərcümə eləmə, amma heç olmasa, tərcümə
krtiteriyalarını nizama salan bir qurum lazımdı ki, çəkilən zəhmət
səviyyəli və faydalı işə çevrilsin. Xüsusilə də türk ədəbiyyatından
çevirmə bu gün xoşagəlməz vəziyyətdədi, elə bil, bəzi əsərləri Anadolu
və Azərbaycan türkcəsində yox, üçüncü, hibrid bir türkcədə oxuyursan.
- Tərcümələrinizdən hansının daha çox oxunmasını gənclərə məsləhət görürsünüz?
-
Sifarişlə tərcümə elədiklərim öz yerində, elə əsərlər də var ki,
dilimizə çevirmək istəyimə qarşı çıxa bilməmişəm. Belə əsərlər, məsələn,
gürcü nasirləri Qoderzi Çoxeli və Otar Çiladzenin əsərləridi, Orxan
Pamukun "Qara kitab” və "Mənim adım Qırmızı”, İsgəndər Palanın "Şah və
Sultan”, "Od”, Elif Şafakın "Eşq” romanlarıdı, Andrey Platonovun povest
və hekayələridi, Xorxe Luis Borxes, Migel Anxel Asturias, Tomas Bernhard
və Tomas Vulfun nəsridi...
- Hazırda rəsmi dövlət
qurumu olan Azərbaycan Yazıçılar Birliyi və müstəqil Azad Yazarlar Ocağı
var, bu iki qurumdan hansının fəaliyyəti sizi qane edir?
-
Mən hansısa ədəbi quruma bağlı adam deyiləm. Baxmayaraq ki, on beş ildi
AYB-nin üzvü, yeddi ildi AYB İdarə Heyətinin üzvüyəm. Amma son yeddi
ildə nə bir dəfə rəsmən hansısa tədbirə dəvət olunmuşam, nə də bir
umacağım olub. Heç AYB-nin mətbu orqanlarında da çap olunmuram. Ona görə
də AYB-nin işinə heç bir qiymət vermək istəmirəm, İH-nin qərarlarına
görə də heç bir məsuliyyət daşımıram. AYB-nin fəaliyyətinə onun
orqanlarında işləyənlər cavabdehdirlər, necə məsləhət bilirlər, necə
bacarırlarsa, elə də fəaliyyət göstərirlər. Eləcə də AYO-ya münasibətdə
tam neytral mövqedəyəm. Məndən ötrü hər hansı qurum yox, ədəbiyyat
havası olan əsərlər daha maraqlıdı. Ədəbiyyat ədəbi qurumlarda yox,
qələm adamının intim, qapalı aləmində, ancaq özünə məxsus olan yazı
masasının üstündə yaranır.
- İndi nə üzərində işləyirsiniz?
-
"Könül elçisi” romanından sonra yenə tarixə üz tutdum, Azərbaycan
tarixinin çox maraqlı və fırtınlı, həm də ziddiyyətli dövrü olan XVIII
yüzilin birinci yarısında baş verən hadisələr diqqətimi çəkdi. "Yoçu”
romanını artıq bitirmişəm, redaktəsilə məşğulam. Eyni zamanda da "Qanun”
nəşriyyatının sifarişilə Elif Şafakın daha bir əsərini – "Qara süd”
romanını çevirirəm.
Modern.az



